manera.az
manera.az

Görkəmli ədib haqqında dəyərli kitab - MANERA.AZ

Görkəmli ədib haqqında dəyərli kitab - MANERA.AZ

Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun bu yaxınlarda çapdan çıxmış “Mirzə İbrahimov” monoqrafik albomu ədəbi ictimaiyyətin böyük marağına səbəb olub.

MANERA.AZ yazıçı-publisist Elmira Axundovanın kitab haqqında qeydlərini təqdim edir.

Böyük ədiblər həyatdan getdikdən sonra onların yaradıcılıq irsinin taleyi çox vaxt bu görkəmli şəxsiyyətlərin ədəbi arxivlərinin kimin öhdəsinə keçməsindən, qələm ustalarının qiymətli mənəvi təcrübəsini qorumaq, gələcək nəsillərə çatdırmaq kimi ağır zəhməti kimin öz üzərinə götürməsindən asılı olur. Bu mənada, yəqin daha çox o yazıçıların bəxti gətirib ki, ömür yolunda yanlarında təhsilli və öz ərlərinə sadiq həyat yoldaşları və ya onu yaxından tanıyan əqidə, məslək adamları olur.

Görkəmli rus yazıçıları Aleksandr Soljenitsın və Mixail Bulqakovun həyat yoldaşlarını - Natalya Soljenitsına və Yelena Bulqakovanı xatırlamaq kifayətdir. Onlar bu yazıçıların ilham pəriləri, ədəbi katibləri və bioqrafları olmuşlar. Yelena Sergeyevna yazıçının qardaşı Nikolay Afanasyeviç Bulqakova məktubunda yazırdı: “Onun yazdıqlarının bircə sətrinin belə itib-batmaması, qeyri-adi şəxsiyyətinin naməlum qalmaması üçün əlimdən gələni edirəm. Bu, həyatımın məqsədi, mənasıdır...”.

Başqa böyük sənətkarların bu sarıdan bəxti az gətirib və buna görə onların yaradıcılıq irsi ilə kənar adamlar məşğul olur. Kənar, amma laqeyd yox! Onların bir çoxu bu və ya digər görkəmli sənətkarın irsinin populyarlaşdırılmasına ömürlərini sərf edirlər.

Azərbaycan Yazıçılar İttifaqının nəzdində ədəbi irs komissiyası sovet dövründə də olub, bu gün də var. Bundan əlavə, Prezident Administrasiyasının humanitar şöbəsi Fatma Abdullazadənin başçılığı altında Azərbaycan yazıçılarının xatirəsinin əbədiləşdirilməsi ilə kifayət qədər effektiv məşğul olur. Bu və ya digər klassikin yubileyinin qeyd olunması haqda Azərbaycan Prezidentinin fərmanları sayəsində onların əsərləri həyata ikinci vəsiqə alır, latın əlifbasında təkrar nəşr edilir və yeni nəsil oxucuların sərvətinə çevrilir. Bununla belə, şəxsiyyət faktorunu da hesabdan silmək mümkün deyil. Bir var artıq məşhur olan əsərləri təkrar nəşr etmək, bir də var, həyatdan getmiş sənətkarın böyük ədəbi arxivini illərlə araşdırıb, saralmış əlyazmaları, köhnə fotoşəkilləri və şəxsi yazışmaları yerbəyer etmək. Təəssüf ki, bir çox görkəmli yazıçıların arxivləri hələ də tədqiq olunmamış qalır, öz vaxtlarını gözləyir.

Bu baxımdan böyük müəllimim Mirzə Əjdər oğlu İbrahimovun yaradıcılığının təbliği və xatirəsinin əbədiləşdirilməsi işinə illər həsr etmiş filologiya elmləri doktoru, professor Teymur Əhmədovun fəaliyyəti ən yüksək qiymətə layiqdir.

...Mən 1988-ci ildə Elmlər Akademiyasının Cənubi Azərbaycan şöbəsində işləməyə başladım. Teymur Əhmədov o vaxt şöbənin aparıcı elmi işçisi idi və Mirzə İbrahimovla birgə “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” fundamental dördcildliyi üzərində çalışırdı. Cildləri bir-birinin ardınca nəşr edilən bu unikal nəşr sayəsində oxucular və Azərbaycan ədəbiyyatının tədqiqatçıları Arazın o tayında cərəyan edən ədəbi proseslər barədə kifayət qədər təsəvvürə malik ola bilərdilər. Mən o zaman hələ cavan elmlər doktoru ilə Azərbaycan ədəbiyyatının canlı klassiki, qocaman akademik, eyni zamanda çox sadə və səmimi insan Mirzə İbrahimov arasında etibarlı münasibətlərin şahidi olmuşam.

Mirzə Əjdər oğlu həyatdan getdikdən sonra Teymur Əhmədov öz müəlliminin işini davam etdirməyə başladı. Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə başçılıq edərək Mirzə İbrahimova tamamlamaq müyəssər olmayan bir çox layihələri sona çatdırdı. Başlıcası isə, yazıçının zəngin ədəbi irsinin ciddi tədqiqatçısı oldu, onun yaradıcılıq və həyat yolu haqqında bir neçə kitab, monoqrafiya nəşr etdirdi. XX əsrin dövr təşkil edən əsərlər müəllifinin yaradıcılığı və şəxsiyyəti ilə bu və ya digər şəkildə əlaqəsi olmuş müasirlərinin xatirələri toplusunu nəşr etdirmək ideyası da məhz Teymur müəllimə məxsusdur.

Budur, 700 səhifəyə yaxın irihəcmli “Mirzə İbrahimov” adlı yeni albom-monoqrafiya. Onu vərəqlədikcə müəllifi və tərtibçisi Teymur Əhmədov olan kitabın janrının çox dəqiq müəyyən edildiyinə əminlik yaranır. Bu, ilk növbədə Mirzə İbrahimovun şəxsi arxivindən müharibədən əvvəlki dövrdən tutmuş, ömrünün ən son ilinədək çoxsaylı fotoşəkillərin çözələnib seçildiyi zəngin albomdur. Gənclik dostları və ədəbi həmkarları ilə, iş yerində və ailəsiylə istirahətdə, çoxsaylı xarici səfərlərdə, simpozium və konfranslarda çəkilmiş fotoşəkillər... Bir çox illər Azərbaycan Yazıçılar İttifaqına başçılıq etmiş, sonradan isə Asiya və Afrika ölkələri ilə həmrəylik komitəsinin sədri, SSRİ Ali Sovetinin deputatı olmuş Mirzə İbrahimovun həyatı özündə respublikamızın və bütün dünyanın ən məşhur insanları ilə böyük sayda görüşləri, tanışlıqları, dostluqları cəmləşdirir. Klassikin faktlar, hadisələr, əlamətdar görüşlər və nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı ilə dolğun həyatı onun şəxsi arxivində qorunan yüzlərlə, bəlkə də minlərlə fotoşəkildə əksini tapır. İndi Teymur Əhmədovun böyük zəhməti sayəsində bu fotoşəkillərin bir çoxu ictimai sərvətə çevrilib.

Eyni zamanda bu, həqiqətən, əsl monoqrafiyadır, çünki hər foto bir halda yığcam, digər halda daha müfəssəl, çox maraqlı şərhlərlə müşayiət olunur. Bu, Mirzə İbrahimovun bu, yaxud digər ədəbi fakt barədə özünün söylədikləri, onun bu və ya başqa Azərbaycan mədəniyyəti korifeyinə verdiyi qiymət, şəxsi düşüncələri və ən müxtəlif mövzuda çıxışlarıdır. Digər halda fotoşəkillər Mirzə İbrahimovun özünün yaradıcılığı və şəxsiyyəti barədə həmkarlarının və ədəbi silahdaşlarının fikirləriylə “səsləndirilir”. Bu həcmli, çoxjanrlı materialdan böyük yazıçının mənəvi mübarizələrinin və axtarışlarının bütöv və kifayət qədər təsirli mənzərəsi yaranır, XX əsrin görkəmli söz ustasının, əfsanəvi insanının, ötən əsrdə Azərbaycanın ən nüfuzlu və hörmətli ictimai xadimlərindən birinin canlı, çoxrakurslu portreti canlanır. Bundan əlavə, albom-monoqrafiya bütöv bir dövrün təsirli salnaməsi, Mirzə İbrahimova yaşamaq və yaratmaq nəsib olan zamanın əksidir. Buna görə kitab birnəfəsə oxunur və yalnız yaşlı nəsil üçün deyil, XX əsr Azərbaycan mədəniyyəti tarixinə bələd olmaq istəyən hər kəs üçün maraqlı olacaq.

Teymur Əhmədov ədibin şəxsi arxivini, necə deyərlər, ələk-vələk edərək, toplanmış materialı sistemləşdirərək, həmçinin Mirzə İbrahimovun həyat və yaradıcılığının öz, yazıçı versiyasını təqdim edərək həqiqətən nəhəng bir işi sona çatdırıb. Bu, doğrudan da, alim monoqrafiyasıdır, halbuki onun kitabda yaradıcı ön sözünü nəzərə almasaq, məcmuədə Teymur müəllimin şəxsi qiymətləndirməsi yoxdur. Bununla belə, hər səhifədə, təqdim edilən hər materialda, hətta fotoşəkillərin seçilib düzülməsində belə alimin pərəstiş etdiyi insana münasibəti hiss olunur.

Bir çox halda Teymur müəllim kimi alimlərin ortaya qoyduğu qeyrət sayəsində mənəvi varislik zənciri qırılmır, unudulmuş adlar ortaya çıxarılır, onların əsərləri isə artıq XXI əsrdə, bir anın konyukturasından təmizlənmiş əsl qiymətini alır.

Mən Mirzə İbrahimovla birlikdə işlədiyim illər haqqında hələ 2001-ci ildə çap olunmuş xatirə-məqaləmdə yazmışam: “İndi gənclərin bəziləri inqilabi çılğınlıq dəmində sovet dövrünün görkəmli milli mədəniyyət nümayəndələrini “tarixin gəmisindən atmağa” çalışır. Yalnız o səbəbdən ki, nə var-nə var, onlar kommunist olublar və sovet imperiyasının xoşbəxtliyi üçün çalışıblar. Ağılsızlıqdı!

Mirzə İbrahimov kimi şəxsiyyətlər öz fədakar əməlləriylə gələcək müstəqil Azərbaycanın bünövrəsini qoymuşlar. Onlar xalqa ayaqda durmaq, sağ qalmaq və millət kimi mövcud olmağa kömək edən mənəvi, əxlaqi dayaqlar idi. Mirzə İbrahimovun epoxal romanı təsadüfən “Gələcək gün” adlanmır. Bu insan bütün düşüncələriylə gələcəyə istiqamətlənmişdi, o, gələcək üçün çalışır, onu yaxınlaşdırırdı. Buna görə Mirzə İbrahimov və onun sovet dövrünün görkəmli müasirləri öz sələflərinin minnətdar xatirələrində yaşamaq haqqını qazanmışlar”.

2011-ci ildə Azərbaycan Prezidentinin Fərmanına əsasən respublikada və onun hüdudlarından kənarda Mirzə İbrahimovun anadan olmasının 100 illiyi geniş qeyd olundu, Bakıda və Moskvada konfranslar, elmi sessiyalar, xatirə gecələri keçirildi, bir sıra kitabların nəşri barədə qərar qəbul edildi. Teymur Əhmədovun son bir neçə il ərzində üzərində işlədiyi Mirzə İbrahimov haqqında albom-monoqrafiyası bu yubiley tədbirlərini yekunlaşdıran təsirli akkorddur.

Teymur müəllim təkcə akademik alim, ensiklopedik kitablar və elmi monoqrafiyalar müəllifi deyil. Sanballı yaşına baxmayaraq, bu tükənməz enerjili insan “Respublika” qəzetində uzun illərdir ki, böyük jurnalist kollektivinə rəhbərlik edir. Əksər halda məhz təcrübəsinə, hörmətinə, böyük zəhmət hesabına yaratdığına məsuliyyəti sayəsində Teymur müəllimə abunəçiləri də, tirajı da və başlıcası, qəzetin simasını qorumaq müyəssər olub. Təsadüfi deyil ki, milli mətbuatın 140-cı yubiley ilində Teymur Əhmədov kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Teymur müəllimi bu mükafat münasibətilə təbrik edir, ona cansağlığı, elə bu cür tükənməz enerji, ədəbiyyatşünaslıq və jurnalistika sahəsində yeni yüksək zirvələr arzulayıram.

Ölümünə az qalmış, son müsahibələrinin birində Mirzə İbrahimov jurnalistə demişdi: “O ki qaldı uzun müddət sovet yazıçısı kimi təqdim olunmağıma, unutmayın ki, mən hər şeydən əvvəl Azərbaycan torpağının oğluyam. Xalqımın varlığı, dili, tarixi, həyatı, mübarizəsi və taleyi məni hər zaman düşündürüb”.

Böyük olan uzaq məsafədən daha yaxşı görünür. Bu gün biz artıq Mirzə İbrahimovun və onun sovet dövründəki görkəmli müasirlərinin millətin mədəni və siyasi özünüdərkinə verdiyi töhfəni layiqincə qiymətləndirə bilərik. Elə Teymur Əhmədovun gözəl albom-monoqrafiyası bizə bunu əsaslı surətdə xatırladır.

My Webpage
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829