manera.az
manera.az

Başlanğıc üçün dopinq

Başlanğıc üçün dopinq

Yazı sənəti üzərinə qeydlər

Nəsr yazmaq böyük əziyyət və səbr tələb edir, bu işin əyləncə tərəfi isə cəlbedicidir; yazı prosesində əziyyət və əyləncə iç-içədir.

Elə yazıçılar var ki, yazmaq onlar üçün sadəcə, istirahətdir. Bu tipli yazıçılar artıq prozanın, yazmağın bütün çətinliklərini adlamış, yazı tərzi formalaşmış püxtə qələm sahibləridir. Buna qədər hələ saatlarla, bəzənsə günlərlə ağ kağızla və ya hələ bir söz belə yazılmamış Word səhifəsi ilə üzbəüz qalmaq lazım gəlir.

Duyduğunuz, gördüyünüz, öyrəndiyiniz hər şey dəyirmanda üyüdülən taxıl kimidir. Bəzən fikrinizdəki süjeti yazmaq üçün masa arxasına keçərsiniz, di gəl, düşüncənizin axarı sizi tamamilə başqa səmtə çəkib aparar, sonda nəzərdə tutduğunuz mətn deyil, tamamilə gözlənilməz bir hekayə ortaya çıxar. Yaradıcılığın belə izaholunmaz gedişləri var.

“İki qadını ayıran pəncərə” hekayəsini yazmağa başlayanda tamamilə başqa şeylər düşünmüşdüm. Yayın şaqqama istisində Qaxa – yaxın dostumgilə ailəvi qonaq getmişdik ki, Bakının bürküsündən azacıq canımız dincəlsin. Gecə bizim üçün ayrılmış otaqda yata bilmədim, qalxıb bloknotumu və qələmi götürdüm, pəncərənin qarşısına keçdim və sürahiyə dirsəklənib yazmağa başladım. Qaranlıqda kəndin pəncərədən görünən siluteti, həyətdəki itin vahiməli görkəmi və pəncərənin şüşəsinə yansıyan qadın rəsmi düşüncələrimi qarışıq saldı. İki-üç abzasdan sonra hiss etdim ki, yazmaq istədiyim bu deyil, mənim yazdığım tamamilə başqa hekayədir, yazı prosesində ayrı hekayənin rüşeymləri yarandı və mən o hekayənin ardını Bakıya qayıdandan sonra yazıb bitirdim. Mövzu, ideya yazı prosesində ağlıma gəldi.

“Özgə planetdən gələn səs” adlı bir hekayəm var, bu hekayəni ikimininci illərin ortalarında yazmışdım. Fantasmaqorik bir hekayə yazmaq istəyirdim, hekayənin süjet xəttini müəyyənləşdirə bilmirdim. Kənddə bağ yerində tək – tənha yaşadığım vaxtlar idi. Gecə yuxuda gördüm ki, məni qəbirə qoyublar, üstümü də torpaqlayırlar, hövlnak yuxudan ayıldım. Yuxum qaçmışdı və mən oturub yarıyuxulu vəziyyətdə o hekayəni yazmağa başladım. Mən heç vaxt bina evində yaşamamışdım, amma hekayənin qəhrəmanı bina evində qalırdı və onun sevdiyi qızı maşın vurub öldürmüşdü. Halbuki hekayənin süjeti haqda düşünəndə planda qızın qəzaya düşməsi məsələsi yox idi. İndi adətən serial ssenarisi yazılanda tez-tez süjet və dialoqlar dəyişdirilir. Amma bu hekayənin süjet xəttində qəza elementi qətiyyən nəzərdə tutulmamışdı. Deməli, mövzu plandan kənara çıxmışdı. Sadəcə, gecə yuxuda görmüşdüm ki, üstümü torpaqlayırlar, vəssalam. Yuxu hekayənin öz yolunu tapmasına yardımçı oldu.

Sonralar bu haqda çox düşündüm, axı niyə qızı maşın vurdu? Müxtəlif izahlar meydana çıxdı, amma bu izahların heç biri məni qane etmədi. Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə baş vurduqca ipucu görünməyə başladı. Görünür, altşüurda yığılan nəsnələr qəribə ideyaların yaranmasına səbəb olur. Deyilənə görə, altşüur məntiqsiz görünən şeyləri heç də kənara atmır, əksinə, özündə saxlayır. Yaradıcı insanlar üçün altşüura yığılanlar əvəzsiz xəzinədir və həm də xammaldır. Yeri gəlmişkən, Freydin “Yuxuların yozumu” əsərini oxumadan yazıçılıq sevdasına düşməyin. Bu əsər obrazların, xarakterlərin daxili dünyasının açılması üçün, insan düşüncəsinin alt qatlarına enmək, atmosfer yaratmaq üçün yazıçıya olduqca böyük kömək edir.

***

Bir maşının dörd təkəri olduğu kimi mətnin də (süjetin) irəliləməsi üçün struktural elementlər mövcuddur, sadəcə, bu elementləri tapıb mətnin içinə yerləşdirmək lazımdır. Hekayəsi olmayan bir xarakter, dili olmayan bir hekayə yaxud üslubsuz, formasız bir dil bədii mətnin bütövlüyünə xələl gətirir. Bədii mətn bu ünsürlərin hamısını özündə ehtiva etməlidir. Qalır nə? İdeya. Mətni yazmazdan öncə ideya səninçün aydın olmalıdır, çünki ideyadan məhrum əsər içi boş qazan kimidir. Bəzən təcrübəsizlik ideyadan istifadəni çətinləşdirir, oxucu üçün ideya aydın olmur. Mətnin strukturu, təhkiyəsi, dili gözəldir, amma ideya yoxdur. Bu, mükəmməl quruluşlu bir evin içində heç kəsin yaşamamasına bənzəyir. Bina gözəldir, içində yaşamaq üçün ideal şərait var, amma bu binada heç kim yaşamır. İdeyasız əsər də boş binaya bənzəyir.

***

Biz gündəlik yaşamımızda ətrafımızda saysız-hesabsız detallarla rastlaşırıq, amma bu detallara diqqət kəsilmə şansımızı tanımırıq. Ətrafımız hadisələrlə dolub-daşır, sadəcə, əlimizi uzadıb o hadisələri mətnə gətirmək lazımdır. Bu detalları tuta bilmək üçün əvvəlcə özümüzdə müşahidə qabiliyyətini inkişaf etdirməliyik. Güclü müşahidə bacarığı o detalları görməyinizi təmin edəcək, görəcəksiniz ki, xırda bir detal əslində böyük bir hekayənin rüşeymidir, onu inkişaf etdirib bədii mətnə çevirsən, ortaya gözəl bir əsər çıxacaq. Özünüz də buna heyrətlənəcəksiniz. Yaradıcılığın möcüzəvi tərəfi budur.
Gəlin, sizə “Çəhrayı qan” povestinin necə yaranmasının tarixçəsini danışım.

***

Bu əsəri yazmağa başlayanda (2006-cı ildə) hekayə kimi nəzərdə tutmuşdum, amma sonra gördüm ki, hadisələr hekayə çərçivəsinə sığmır.
İstənilən hekayəmin sonluğu mənim özüm üçün gözlənilməz olur. Mən yazmağa başlayanda heç vaxt bilmirəm ki, o nəylə bitəcək. “Çəhrayı qan”ı da yazmağa başlayanda əvvəlcədən heç bir süjet qurmamışdım, qeydlər aparmamışdım. Sadəcə, ideya dumanlı şəkildə beynimdə fırlanırdı, bir gün oturub yazmağa başladım və düşündüm ki, bir-iki günə bitirəcəyəm. Amma bilmirdim ki, bu həngamə nə ilə bitəcək.

Bu əsəri yazarkən həyatımın düzəni pozulmuşdu, valideynlərimi itirmişdim və dəniz kənarındakı bağ evində tək-tənha yaşayırdım. Həyatla mənim aramdakı bütün bağlar qırılmışdı. Hər gün yaza, mütaliə edə bilmirdim, bunun üçün adicə şərait belə yox idi. Bəzən işıq günlərlə olmurdu, sobanı odunla qızdırırdım və belə dözülməz şəraitdə, xüsusən də qış aylarında yazmaq qeyri-mümkün idi. Hətta bir-iki dəfə möhkəm xəstələnmişdim, ciyərlərim sətəlcəm olmuşdu. Canımda daşıdığım xəstəlik də mənə həmin günlərdən yadigar qalıb. Evin içində gödəkçədə oturub yazmağın, oxumağın nə demək olduğunu yəqin ki, təsəvvür edirsiniz. İstədiyim, mənə lazım olan kitabları da oxumaq imkanım yox idi. Bu, mənim yalnızlıq və əsəb gərginliyi dövrüm idi. Amma bütün bu çətinliklərə rəğmən yazırdım. (Yeri gəlmişkən, yazı prosesində ruh halınızın qaydasında olmazı olduqca önəmlidir.)

Bir müddət yazdıqdan sonra qüvvəm tükəndi, əsər yarımçıq qaldı. Qəzetlərə köşə yazıları yazmaqla kifayətləndim. Hər dəfə portfelimdə yarımçıq qalmış əlyazmasına gözüm sataşanda beynimdə müxtəlif süjetlər qururdum, ancaq bir cümlə də yaza bilmirdim. Təsvir olunan hadisələrin hamısı gerçəkliyə tam uyğun idi, roman gerçək olmayan nöqtədə ilişib qalmışdı. Əsərdə bəzi erotik təsvirlər vardı və bu, qaçılmaz idi. Çünki əsər fahişəliyə yuvarlanmış bir qızın taleyindən bəhs edir və bunun ört-basdır edilməsi riyakarlıq olardı. Amma sona qədər epatajdan, söyüşdan istifadə etmədim.
Aradan üç il keçdi. 2009-ci ilin ilk günlərində mən saralmış vərəqləri yenidən gözdən keçirdim və yarımçıq qalmış əsərin davamını yazmağa qərar verdim. Bu zaman artıq şəhərə köçmüşdüm və yazmaq üçün babat şərait vardı. İki ay işlədim və əsər heç gözləmədiyim bir sonluqla bitdi. “Çəhrayı qan” mənim ilk iri həcmli yazım oldu.

Təbii, indi əsəri oxuyanda nöqsanları da görürəm, indi yazsaydım, tamam fərqli bir şey yazardım. Amma bu əsər ona görə mənə doğmadır ki, onu yazmaq sevdası məni hər an udmağa hazır olan uçurumdan xilas etdi. Yaşamaq üçün mənə stimul verdi bu əsər. Onu yazmaq üçün çox şeylərdən əl çəkdim, özümü tam buraxmadım, büdrəyə-büdrəyə də olsa, çatmaq istədiyim yerə gəlib çıxa bildim. Bu əsər müəyyən mənada mənə itirilmiş həyatımı qaytardı. Məhz bu nüansa görə bütün qüsurlarına rəğmən “Çəhrayı qan” mənə doğmadır.

Heç bir yazımı bu qədər vasvasılıqla yazmamışam, bu əsərin hər cümləsinin üstündə əsirdim, bütün enerjimi süjet qurma texnikasından daha çox cümlələrə sərf edirdim və indi bu qüsur daha aydın görünür. Dili yaxşı mənada istismar etsəm də qəhrəmanların taleyindən çaparaq keçib getmişdim. Bir neçə dəfə bu əsəri genişləndirmək haqda düşündüm. Amma sonra fikrimdən vaz keçdim. Amma mövzu mənim üçün bitməmiş qalırdı.

Yenə bir gün... Düşündüm ki, oturub əsərə düzəlişlər edim. Nəticədə “Rəqqasə” yazıldı. “Rəqqasə” romanı “Çəhrayı qan”dan tamamilə fərqli bir əsərə çevrildi. Belə ki, əvvəlki mətndə rəqqasə xətti yox idi. Yazar dostlardan biri bir dəfə mənə dedi ki, əslində “Çəhrayı qan” və “Rəqqasə” ayrı-ayrı mətnlərdir. Bu əsərlər əkiz qardaş kimidirlər; bir-birlərinə çox bənzəyirlər, amma bir-birinin eyni deyillər.

***

Mən əvvəllər yazının dilinə aşırı dərəcədə fokuslanırdım, mətnin struktru, forma-məzmun elementləri diqqətdən kənarda qalırdı. Halbuki struktur mətnin onurğa sütunudur. Plan qurmadan yazanların mətnə nəzarəti itirməsi qaçılmazdır. Plan qurmaq və qeydlər aparmaqla ortaya bitkin bədii mətn qoymaq mümkündür. Mətn yazılıb bitəndən sonra müəllif redaktəsi zamanı dil cilalanır. “Yeraltı külək” povestini yazarkən ilk cümlədən son cümləyə qədər nə yazacağımı artıq bilirdim və sonda nəticə məni qane etdi.

Yaradıcı əzablardan sonra xoşbəxtcəsinə masa arxasından qalxıb qalib bir tövrlə gülümsəmək var. Bu ləzzəti yaşamaqdan ötrü yazmağa dəyər.

Kənan HACI

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30