manera.az
manera.az

Film kimi roman

Film kimi roman
Son dövrlər ədəbiyyatda diqqət çəkən imzalar az olsa da arada hansısa bir şeir, hekayə bir anlıq səni məcbur edir ki, imzaya bir də baxasan və bu adı yadında saxlayasan. Boz-bulanıq mənzərənin fonunda istedad işartısı görəndə sevinirsən.

Pərviz Seyidlini rejissor və ssenarist olaraq tanıyırdım, heç bir yazısıyla tanış deyildim. Bu yaxınlarda onun “Pişik qız” romanını oxudum və mütaliədən sonra yadıma fransız nəsrinin ustadlarından olan Floberin məşhur bir fikri düşdü. Flober yazırdı ki, “Allah yaratdığı təbiətdə özünü nə qədər hiss etdirirsə, sənətkar da yaratdığı əsərdə özünü o qədər hiss etdirməlidir”. Pərviz bu romanda müəllif olaraq özünü çox qabarıq şəkildə hiss etdirir. Əlbəttə, söhbət primitiv əhvalatçılıqdan yox, yaradıcı şəxsin gücünü göstərən, yaratdığı əsərdə onun imkanlarının genişliyini bütöv şəkildə sərgiləyən özünü hiss etdirmədən gedir.

Mən romanı sanki oxumadım, film kimi izlədim. Yüyrək dillə yazılmış bu əsərdə ən çox realist müstəvidən metafizik müstəviyə keçidlər diqqətimi çəkdi. Bu keçidlər haqda geniş danışmağa lüzum görmürəm. Əsəri oxuyanlar bu keçidləri özləri görəcəklər.

Birinci şəxsin dilində yazılmış roman İncəsənət Univeristetinin tələbələrinin maraqlı həyat tərzindən bəhs edir. Talehlə Vəfa bir-birlərini sevirlər, amma Vəfanın qəribə xüsusiyyətləri, içindəki hüdudsuz azadlıq istəyi Talehi və onun tələbə dostlarını da çətin sınaqlarla üz-üzə qoyur. Müəllif süjeti gözlənilməz situasiyalarla davam etdirir, növbəti süjetdə hansı hadisənin baş verəcəyini oxucu təxmin etməkdə çətinlik çəkir. Bu, daha çox kinoya xas olan xüsusiyyətdir ki, burda da Pərvizin rejissorluğu, ssenaristə xas olan fəndgirliyi özünü göstərir. Müəllif uzun-uzadı təsvirçilikdən qaçaraq situasiya yaradır, insan psixologiyasının dərinliyinə enməyə çalışır. Vəfa son dərəcə maraqlı və xarakter olaraq ziddiyyətli bir obrazdır. O, Talehi sevsə də ona başqasıyla xəyanət edir, daha sonra Talehin dostunu da bu xəyanətə bulaşdırır. Ortaq dostları olan Ceyhunun da həyatını məhv edir.
Film kimi roman
Zaman keçdikcə müasir romanın tələbləri haqqında müxtəlif fikirlər səslənir. Baxtinin bu fikirləri hələ də qüvvədən düşməyib: “Roman inkişaf edən və hələ ki, tam hazır olmayan yeganə janrdır”. Çox güman ki, bu janrın taleyi bundan sonra da beləcə davam edəcək. Ənənəyə sadiq qalanlar və eksperimentlərə can atanlar, mühafizəkarlar və süjetsiz roman yazanlar, bu janrın tələblərini hər dəfə pozan anarxist yazıçılar həmişə ayrı-ayrı cəbhələrdə “döyüşəcəklər”.

“Pişik qız”ı müəllif psixoloji triller adlandırır. Əsəri kino-roman da adlandırmaq olar. Süjet xəttinin dinamizmi, kinematoqrafik detallar bunu deməyə daha çox əsas verir.

Pərviz romanı redaktəsiz çap etdirməyini belə izah edir: “Bir neçə il öncə yazdığım romanı yenidən redaktə etmək istəyəndə müəllimim qoymadı. “Əsərin səmimiyyətini itirərsən. Peşəkarlıq səmimiyyəti öldürür” dedi. Ona görə də romanı demək olar ki, redaktəsiz çapa göndərdim…”

Maraqlı yanaşmadır. Yazıçıların əksəriyyətində belə bir kompleks var. Məsələn, mən “Rəqqasə”ni yazıb bitirəndən sonra uzun müddət əsərə əlavələr, dəyişikliklər etməyə ehtiyat edirdim. Dəyişikliklər nəticəsində əsərin səmimiyyətini itirəcəyiylə bağlı məndə bir əminlik yaranmışdı və romanı eləcə də çapa verdim. Amma əsər çap olunandan sonra zövqünə inandığım dostlar tərəfindən iradlarla qarşılaşdım. Kitabı kənar gözlə yenidən oxudum və çox tələsdiyimin fərqinə vardım. Bir müddət keçdikdən sonra bu əsərə yenidən qayıtdım və əsas süjet xəttinə, struktura toxunmadan bəzi əlavələr elədim. Roman yenidən çap olundu. Yaradıcılıqda belə hallar da baş verir. Amma xoşbəxtlikdən Pərvizin romanında səliqəsizlik hiss olunmur. Müəllif xırda dil qüsurlarını nəzərə almasaq, fərqli bir roman modeli yaratmağa nail olub.

Onun obrazları yeni əsrin gəncləridir və onların zövqləri də, dünyaya baxışı da, yaşam tərzi də tamamilə fərqlidir. Əsərdə bu fərq qabarıq şəkildə obrazların xarakterində üzə çıxır. Vəfanın sevgisi dəyişkən xarakterlidir, Ceyhun isə dəfələrlə xəyanətlə üzləşsə də onu bağışlamağı bacarır. Vəfa özünü hisslər burulğanının ixtiyarına buraxır, sevdiyi insanın həyatıyla oynamaqdan belə çəkinmir. Bu pişik qız aktrisalıq peşəsini təsadüfi seçməyib, o, həyatda da rol oynamaqdan zövq alır, doğmalarını da bu zövqə qurban verə bilir. Vəfa yazıçı İlqar Fəhminin “Aktrisa”sından çıxmış bir obrazdır. Əsərin sonunda onun Talehin hazırladığı “Aktrisa” tamaşasında baş rolda görünməsi uğurlu seçimdir. O, əslində özünü oynayırdı.

Pərvizin “Pişik qız” romanının geniş oxucu auditoriyası qazanacağına inanıram. Ona da əminəm ki, Pərviz nə vaxtsa bu əsəri ekranlaşdıracaq.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30