Yuxudan gələn adam - Kənan Hacının hekayəsi
Kifayət qədər uzağa üzmüşdü, geriyə baxanda sahildəki adamlar nöqtə boyda görünürdü. İrəlilədikcə hiss edirdi ki, su soyuyur, bu soyuqluq bədəninə inanılmaz rahatlıq gətirirdi, başını qaldırıb göyə baxanda səmanın sonsuzluğu onu vəcdə gətirirdi.
Özünü ümmanlar qoynunda çəkisizlikdə hiss edirdi. Dünya başdan-başa mas-mavi rəngə boyanmışdı, məşhur mahnının sözlərini xatırladı:
Bu gün heç bilmirəm, nə üçün, nədən,
səma da mavidir, torpaq da mavi…
Geriyə qayıtmaq istəyəndə qəfildən sular ləpələndi və qızılı saçlı, mavi gözlü, incəbel bir qız düz onun qarşısında suyun üzünə çıxdı. Kamran özünü itirdi, bilmədi neyləsin. Bu ilahi gözəllik qarşısında bütün vücudu titrədi. Ömründə bu gözəllikdə qız görməmişdi. Göylərdə sanki ildırım çaxdı, başına göylərdən sevgi yağışı yağmağa başladı. İkisi də bu yağışın altında mat-mat bir-birinə baxırdı, qurşağacan suyun içindəydilər, göylər də öz yağışını onların başına səpələyirdi. Sular səltənətində iki canlı vardı – Su pərisiylə Kamran.
Əlini uzatsaydı, ona çatardı, amma nə qədər cəhd edirdisə, bu ilahi gözəlliyə toxuna bilmirdi. O yaxınlaşdıqca qız ondan uzaqlaşırdı, aradakı məsafə isə elə həminkiydi. “Qaçma, məndən qaçma!” demək istəyirdi, amma nə qədər cəhd edirdisə, dili açılmırdı, hirsindən yumruqlarını suya çırpırdı. Su pərisi heç nə olmamış kimi yağışın altında cilvələnir, işvəkar təbəssümü ilə qarşısındakını cuşa gətirirdi.
Məstedici perspektiv beynini dumanlandırırdı. O, mübarizəsini davam etdirirdi, ancaq irəli can atırdı. Su pərisi qəflətən qızılı tellərini geriyə ataraq aralandı. Kamran qollarını gərib ona doğru üzməyə başladı. Su pərisi üzmürdü, əl-qol atmırdı, üzü ona sarı dayanmışdı, Kamrana isə elə gəlirdi ki, qız getdikcə uzaqlaşır.
Qolları heydən düşdü, nəfəsi təngidi, ayaqları keyiməyə başladı. Su pərisi üfüqdə nöqtə boyda görünürdü...
***
Səhər yuxudan oyananda hələ də harda olduğunu kəsdirə bilmədi, gözlərini xeyli ovuşdurduqdan sonra anladı ki, gördüyü yuxu imiş. Qolları ağrıyırdı, gərnəşib yerindən qalxdı. Pərdəni aralayıb pəncərədən çölə baxdı. Yağış çisələyirdi. Jurnal masasının üstündəki siqaret qutusundan bir gilə götürüb alışdırdı, tüstünü ciyərlərinə çəkdi. Qızın xəyalı gözləri önündən çəkilmirdi; o, heyrətamiz dərəcədə gözəl idi.
Yuyunub üzünü təraş etdi. Mətbəxə keçdi, arvadı səhər yeməyini hazırlayırdı.
-Sabahın xeyir!
-Sabahın xeyir! Nolub, gözümə birtəhər dəyirsən, - ərinin əndişəli halı qadının gözündən yayınmadı.
-Uşaqlar hələ oyanmayıb? – deyə soruşdu.
-Yox, sən axı sualıma cavab vermədin...
-Həə... Nəsə gecəni narahat yatmışam, - candərdi cavab verdi.
Qadın dinmədi. Əri tez-tez belə dağınıq əhvalda olurdu. Bank sahəsində çalışdığından çox vaxt işdən evə yorğun, əsəbi qayıdırdı. Bu dəfəki kefsizliyini də onun yorğunluğuyla bağlayıb söhbətin üstündən keçdi.
Kamranı dağ rayonlarından birinə iki günlük ezamiyyətə yollayırdılar. Səfər çantasını hazırlayandan sonra yemək masasının arxasına keçdi. Uzun müddətli yeknəsəklikdən bezmişdi, neçə il idi ki, həyatında heç bir yenilik yox idi, iş-ev, iş-ev, eyni marşrutla gedib gəlmək, eyni adamların üzünü görmək, eyni yollardan keçmək – monotonluqdan cana doymuşdu. O, sadəcə, bir müddətlik yerini dəyişmək istəyirdi; elə bil bir tərəfində çox yatmaqdan bezib çevrilirsən başqa tərəfə, özü də bilmirsən başqa tərəfdə rahat olacaq ya yox. Bunu indi də bilmirdi, amma çox istəyirdi bilsin, hislərin hörümçək torundan çıxsın, yeni duyğularla təzələnsin. İşdən deyəndə ki, iki günlük ezamiyyətə gedirsən, elə sevinmişdi ki, sonuncu dəfə nə vaxt belə ürəkdən sevindiyini xatırlamırdı. O, həyatında nəyinsə dəyişəcəyinə inanırdı və hər ötən gün onun inamından gedirdi, inamsızlıq itirilmiş anın qüssəsini gətirirdi, qüssə gün-gündən qana hopurdu, hətta bu qüssə ilə oynamaq, bu qüssə ilə əylənmək bəzən ona xoş gəlirdi.
Evdən çıxanda yatmış qızının üzündən öpdü. Qızın kiprikləri titrədi, gözlərini açmadı, yerinin içində şirin-şirin büzüşdü. Səfər çantasını çiyninə atıb arvadıyla sağollaşdı. Arvadı sakitcə “çatanda zəng vur” dedi. Kamran dilucu “yaxşı” dedi.
Qadın nədənsə adəti xilafına pəncərədən baxışlarıyla ərini ötürmədi. Maşının işə düşməyinı və az sonra uzaqlaşmağını eşitdi, bu səs onda qəribə bir qıcıq doğurdu. Son vaxtlar əri ona qarşı laqeyd olmuşdu, bəlkə də belə deyildi, ona elə gəlirdi. İş-güc başını qatırdı, yorulurdu, evinə, uşaqlara vaxt ayıra bilmirdi. Qadın ərinin etinasızlığına heç cür don geydirə bilmirdi, bu etinasızlıq üçün müxtəlif əsaslar tapsa da qəlbinin dərinliyində intuisiyası ona başqa şeylər deyirdi. Kişinin evdən soyumasında qadın günahkardır, vəziyyətdən asılı olaraq bu, evdəki qadın da ola bilər, çöldəki qadın da. İlahə tək qalanda qəlbinin hislərini kağıza köçürürdü, gizlincə şeirlər yazırdı. Bir gün ağlına belə bir fikir gəldi: oturub öz həyatından hekayələr yazsın. Və yazmağa başladı. İndi ərini yola salandan sonra ümumi dəftəri döşəkçəsinin altından götürüb mətbəxə keçdi. Yazdıqlarını yenidən gözdən keçirdi. Onun Kamranla qəribə tanışlığı olmuşdu...
***
O günü İlahə yuxudan gec qalxdı. Yuxudan qalxdığı zaman qız elə bildi ki, çox, lap çox uzaqlarda yaralı, köməksiz bir ceyran balası onu köməyə
çağırır. Hələ də sübh tezdən gördüyü yuxunun təsiri altında idi.
Gecə Ay və ulduzlar sanki İlahəni sehrləmişdi. Qız həyatı boyu duymadığı ən gözəl, şirin hisslərin ağuşunda yuxuya getdi. Yuxusunda gecə vaxtı qəfildən Ayın Günəş kimi parladığını və gecənin bir an içində nurlu gündüzə çevrildiyini, özünün də yerdə günəş kimi işıq saçdığını, bir neçə dəqiqədən sonra qalxıb aya sarıldığını gördü. İlahə Aya sarılmış vəziyyətdə dəniz sularında öz əksini görürdü. Ay öz Günəşinə qovuşmuşdu. Dünya yaranandan Ayına qovuşa bilməyən Günəş bu gecə çox xoşbəxt idi. O qədər xoşbəxt idi ki, bu xoşbəxtlikdən göydə öz yarı ilə rəqs eləyirdi, dəniz isə onlar üçün həzin bir musiqi çalırdı. Bir azdan dəniz coşmağa başladı. Günəşlə Ay dənizə düşdülər. Ay dənizə düşən zaman birdən dönüb ceyran balasına çevrildi. Dalğalar ceyran balasını şapalağının altına salmışdı, onu məhv eləməyə çalışirdı. Sərt qayalara çırpılan ceyranın bədənindən qan axırdı. Bunu görən İlahə özünü dalğaların üzərinə atır və bala ceyranı ordan çıxarır. Yaralı heyvanın qanı axıb qızın əlinə və paltarının üstünə tökülür. Ceyran dənizin ağuşundan qurtulan kimi İlahənin əlindən sıyrılıb-çıxır və üzü meşəyə doğru qaçır. İlahə ona yardım etmək, yaralarını sarımaq üçün ardınca nə qədər qaçsa da ona çata bilmir. Birdən ceyran qaçdığı yerdə yoxa çıxır. Elə bu vaxt qarşısına gözləri dəniz mavisi və qızıl qumun qarışığı rəngdə, ceyran gözü kim cazibədar olan bir yaraşıqlı oğlan çıxır. Oğlan İlahənin üzünə baxır, qız çaşıb-qalır. “Ceyran balası necə oldu, bu oğlan hardan çıxdı, kimdi bu oğlan?” - deyə özünə sual verdi.
Ətrafda ins-cins yox idi. Göy çəmənlik, dəniz, bir də uzaqda görünən meşə. Elə bu vaxt əks-sədası ətrafa yayılan yüksək tonlu bir kişi səsi eşidilir. Səs hecalara bölünərək yayılırdı. Bu səs qıza müraciət edirdi: “ İ – la- hə, sən bu oğ-la-nın ü-zü-nə diq-qət-lə bax! Sə- nin ge-də-cə-yin oğ-lan bax bu-dur. Bun-dan baş-qa kim-sə sə-nin hə-ya-tın-da ol-ma-ya-caq. Ə-gər kim-sə də ol-maq is-tər-sə, o a-dam sağ qal-ma-ya-caq. Bu ü-zü ya-dın-dan çı-xar-ma. O-nu göz-lə!” İlahə oğlanın üzünə diqqətlə baxır. Oğlanın üzünün işığı və dəniz mavisi ilə qızıl qum qarışığı rəngdə olan ceyran gözlərinin atəşi İlahənin qəlbinə və gözlərinə tərəf yönəlir. Qəlbində bir atəş alovlanmağa başlayır. Üzünün işığı gözlərini qamaşdırır və həmin işıqdan da Ay yaranıb göyə qalxır. Hecalara bölünən səs də kəsilir. İlahə Aya baxır və Ay buludların arxasında gizlənir.
O gündən qızın ürəyinə nisgil, həsrət toxumu düşür. Görəsən yuxuda gördüyü ceyran balasının doğrudanmı ona ehtiyacı var idi, bir də yuxuda gördüyü o yaraşıqlı oğlan həqiqətənmi onun qisməti idi, o həyatda varmı, yoxmu? Yoxsa bütün bunlar sadəcə, bir yuxudur? Ancaq mən o oğlanı nə vaxt görsəm, tanıyaram. Onun üçün çox darıxıram. Onu həyatda görə bilməsəm də, heç olmasa, yuxuda bir dəfə görmək, onun kim olduğunu bilmək istəyirəm.
İlahə bunları yazıb xeyli düşündü, yazdıqları onu qane etmədi, istədi yazdıqlarını cırıb atsın. Amma əli gəlmədi, dəftəri büküb əvvəlki yerinə qoydu. “Bu da bizim sevgimizin qəribə tarixçəsidir, gələcəkdə övladlarımız oxuyar” – deyə pıçıldadı.
****
Evləri dənizə yaxın olduğundan yayda günü dəniz kənarında keçirdi. Məhəllə uşaqlarıyla yığışıb futbol oynamağa gedirdilər, axşam yorulanda isə qonşusu Firdovsinin qayaların altında yerləşən kababxanasında pivə içib nərd oynayırdılar. Elə vaxt olurdu ki, Günəşi də burda qarşılayırdılar. Günəş üfüqlərdən baş qaldırıb göyün üzündə yerini tutandan sonra evlərinə qayıdırdılar. Anası dəfələrlə onu danlamışdı: - Ay bala, sənin evin-eşiyin yoxdur? Axşam oldu, çıx gəl evinə də. Səhərəcən ürəyimin içini yeyirəm ki, bu uşaq harda qaldı. Atovu uzaqda görmüsən deyəsən.
Kamranın atası yük maşınında işləyirdi, bəzən uzaq səfərlərə çıxır, günlərlə evdə olmurdu. Atası da neçə dəfə onu gecə evə gəlməməyin üstündə əməlli-başlı tənbeh etmişdi: “Mən evdə olmayanda sən evdə olmalısan. Evdə kişi xeylağı olmalıdır. Niyə ananı tək qoyursan? Sən evin kişisisən axı”.
Bu danlaqlardan sonra Kamran iki-üç gün evə vaxtında qayıdırdı, sonra yenə öz bildiyini edirdi. Böyüklər onu danlamaqdan yorulmuşdular.
Bir gün futbol oynamaqdan yorulub qumun üzərində uzanmışdı. Bu vaxt sudan çıxan iki qız diqqətini cəlb etdi. Onların şən gülüşləri sahili başına götürmüşdü. Ağbəniz, uzun saçlı qızdan uzun müddət gözünü çəkə bilmədi. Qızın bədəni gün işığında bərq vururdu. Yanındakı qarabuğdayı, orta boylu, hörüklü qız sanki rəfiqəsinin kölgəsiydi. Oğlandan cəmi beş addım aralıda qumun üzərində oturdular. Oğlan onlara tərəf baxmamağa çalışdı. Təzəcə mürgüləmişdi ki, kiminsə onu çağırdığını eşitdi.
-Ay oğlan, bir dəqiqə olar...
Yerindən dikəldi. Bayaqkı uzunsaç qız idi. Əlindəki “Badamlı” butulkasını ona uzadıb: - zəhmət olmasa, bunu aça bilərsiniz? – dedi. Şəstlə: - əlbəttə, - dedi və qızın əlindən butulkanı alıb qapağını burdu. Butulkanın qapağını çətinliklə açdı. Qız gülümsədi. – Necə bağlayıblarsa, açmaq da olmur...
Oğlan qızların arasında baş verən sonrakı dialoqu eşitmədi.
-Ay qız, gör nə deyirəm eee – uzunsaç qız rəfiqəsinin qulağına pıçıldadı. – Mən bu oğlanı yuxumda görmüşəm.
Ətrafda heç kəs yox idi. Göy çəmənlik, dəniz, bir də uzaqda görünən meşə. Elə bu vaxt əks-səda verən yüksəktonlu bir kişi səsi eşidilir. Səs hecalara bölünərək yayılırdı. Bu səs qıza müraciət edirdi: “ İ – la- hə, sən bu oğ-la-nın ü-zü-nə diq-qət-lə bax! Sə- nin ge-də-cə-yin oğ-lan bax bu-dur. Bun-dan baş-qa kim-sə sə-nin hə-ya-tın-da ol-ma-ya-caq. Ə-gər kim-sə də ol-maq is-tər-sə, o a-dam sağ qal-ma-ya-caq. Bu ü-zü ya-dın-dan çı-xar-ma. Bu-nu göz-lə!”
Qız yuxusunu rəfiqəsinə danışdı. – Odur! Vallah, odur! – dedi.
Kamran həyəcanlanmışdı. “Vallah, bu elə rəsmini çəkdiyim qızdır. Özüdür ki, var!” deyə düşünürdü. Birinci Kamran danışdı, sonra İlahə... İlahə yxusunda gördüyü, Kamransa rəsmini çəkdiyi qızı dalğalı dənizin sahilində tapdı.
***
Kamran yerləşdiyi otelin bağlı-bağçalı həyətində gəzişirdi, beynində dolaşan qayğılar onun ətraf aləmdən, təbiət gözəlliklərindən zövq almağına mane olurdu. Qarşıdakı dağın ətəyi füsunkar yaşıllığa bürünmüşdü, yaxınlıqdakı göldə qu quşları üzür, nazlanırdılar. Kamran boş skamyalardan birində oturub bir siqaret yandırdı. Təmiz dağ havasını siqaret tüstüsüylə korladığı üçün özünü qınasa da siqareti atmadı. Çox yorğun idi, siqaretini çəkib otağına qalxmaq istəyirdi. Qəfildən gözü yaxınlıqdakı skamyada əyləşmiş qadına sataşdı. Qadının maili çiyin cigziləri axşam alatoranında ağarırdı, bu çiyinlər sanki fil sümüyündən idi, qızılı tellərini dağdan əsən meh oxşayırdı. Kamranın bədənindən sanki elektrik cərəyanı keçdi, o, yeni qüvvəylə, ayaqlarının elastiki hərəkətindən tutmuş nəfəs aldıqca tərpənən ciyərlərinə qədər bütün varlığını hiss etdi və nəsə onun dodaqlarını qıdıqladı. O, daxilində nəsə dəyişiklik baş verdiyini anladı. Hiss etdi ki, qadın da ona laqeyd deyil. Baxışları toqquşdu. Kamranın ağlından bu fikir keçdi: “bu ki, yuxuda gördüyüm həmin qızdır!” Həyəcanlandı, qadın ondakı bu dəyişikliyi hiss edibmiş kimi gülümsünən kimi oldu. Bəlkə də ona elə gəldi, amma hər halda qadın onun halını duymuşdu və bu, onun üzündəki ifadədən də bəlli idi.
****
Kamran ayağa qalxıb parkda gəzişməyə başladı, qadının böyründən keçəndə ona salam verdi. Qadın bunu gözləyirmiş kimi sevincək onun salamını aldı və “siz də burda dincəlirsiniz?” deyə soruşdu. Kamran istirahətə yox, işlə əlaqədar gəldiyini, səhər şəhərə qayıdacağını dedi. Qadın böyründə oturmaq üçün ona yer göstərdi. Yanaşı əyləşdilər. Kamran qeyri-ixtiyarı ikinci siqareti yandırdı və yadına düşdü ki, qadının yanında siqaret yandırmaq nəzakətsizlikdir. Üzr istədi.
-Narahat olmayın, arada mən də çəkirəm, - qadın dedi.
Kamran siqaret qutusunu ona uzatdı. Qadın uzun, şirmayı barmaqlarını siqaret qutusuna uzadıb bir gilə götürdü. Kamran onun siqaretini alışdırdı. Qadın siqareti hərisliklə çəkirdi və siqaret onun üz cizgilərinə bir füsunkarlıq qatırdı. Uzun müddət dinmədilər. Qadının sıx kirpiklərinin arasında qara görünən işıqlı və qonur gözləri diqqət və ehtirasla Kamranın üzünə baxırdı. Qadının üzündə rəqs edən xəfif təbəssüm Kamranın ürəyini yerindən oynadırdı. Qadın qəsdən gözlərindəki işığı söndürüb üzünü çevirdi və siqaretini sümürməyə davam etdi.
Kamran titrək səslə: - Yəqin siz də istirahətə gəlmisiniz, - dedi.
Qadın: - Hə, amma istirahət etmək mümkün deyil. Təklik məni darıxdırır. Burda bir-iki qadın var, onlarla da söhbətimiz heç tutmur, mənim dünyamın adamı deyillər.
Kamran ürəyində qadının tək olmağına sevindi, amma bu sevinci biruzə verməməyə çalışdı. Lakin qadın hiyləgərliklə bu sevinci duydu.
-Sizin dünyanızın adamı ola bilsəydim, çox şad olardım, - Kamran dedi.
Qadın gülümsədi, dillənmədi.
-Bəlkə də düşünəcəksiniz ki, bunun ağlı yerində deyil. İnanın, mən sizi dünən gecə yuxuda görmüşəm.
Qadın təəccüblə çiyinlərini çəkdi, gözləri heyrət və maraqdan böyüdü.
-Məni?
-Bəli, sizi. Sizi necə başa salım? Yuxuda gördüyüm qadının eynisiniz. Dünən gecə saçları, əlləri, gözləri, bədən quruluşu eynən sizin kimi bir qadın mənim yuxuma gəlmişdi. İndi sizi burda görəndə matım-qutum qurudu. Siz həmin qadınsınız.
Qadın əvvəlcə gülmək istədi, Kamranın ciddi danışdığını görüb: - çoox, çoox qəribədir, - dedi.
Beləcə, aralarında səmimi ortam yarandı, xeyli söhbətləşdilər. Ayrılanda Kamran onu otağına dəvət elədi:
-Gəlin, birlikdə şam edək.
Qadın dərhal razılıq vermədi, “çox yorğunam, dincəlməyə ehtiyacım var” dedi, amma sonra nə düşündüsə, “bəlkə gəldim, baxaram” deyib gülümsədi.
Kamran otağına qalxıb duş qəbul elədi, üzünü qırxdı, özünü səliqəyə saldı. Qonaq üçün süfrə hazırlamağa başladı. Bu vaxt şəhərdən birlikdə gəldiyi iş yoldaşları Namiqlə Sərxan hay-küylə içəri daxil oldular. Özləriylə bir litrlik araq da gətirmişdilər. Kamranın ovqatı bir anda təlx oldu, qadınla görüşünün bu gün alınmayacağını düşünəndə hirsindən dişi bağırsağını kəsirdi. Dostlara bu barədə heç nə deyə bilməzdi, əlacsızlıqdan özünü şən göstərməyə çalışdı. Qəşəng bir süfrə açıldı, badələr toqquşdu, zarafat zarafata calandı, otağı gülüş səsləri bürüdü. Kamran artıq qadının gəlməyəcəyini yəqinləşdirib təzəcə rahatlıq tapmışdı ki, otağın qapısı astaca tıqqıldadı. Ürəyinin döyüntüsü artdı, tikəsi boğazında qaldı, güclə eşidilən səslə “buyurun” dedi. Qadın qapını azca aralayıb içəri boylandı və...
-Üzr istəyirəm, siqaretim qurtarıb... Siqaret üçün gəldim...
-Hə, hə, buyurun, buyurun, - Kamran kəkələyə-kəkələyə siqaret qutusunu qadına uzatdı. Qadın qutudan bir gilə götürüb bir daha üzr istədi,otaqdan çıxmaq istəyəndə Kamran ondan onlarla əyləşməyi xahiş etdi. Qadın quru və soyuq səslə təşəkkür edib geriyə baxmadan otaqdan çıxdı. Çıxanda qapını bir az möhkəm çırpdı və əsəbini biruzə verdi.
Kamran ürəyində dostlarını söyürdü. “Zalım uşaqları, vaxt tapdılar gəlməyə!.. Bütün ovqatım korlandı”. Dostları Kamranın birdən-birə kefsizlədiyini görüb ona sataşdılar: - Hə, ovu əldən buraxdın deyəsən. Sən canın, ürəyində bizi söyüb eləmə. Əşi, qız qaçmır ki. Nömrəsini götürərsən, şəhərdə görüşərsiniz də...
Səhər tez-tələsik yır-yığış edib dəhlizə çıxdı, qadının hansı otaqda qaldığını bilmirdi, o qədər həyəcanlanmışdı ki, adını da öyrənməyi unutmuşdu. “Mən nə əfəl adamam, heç olmasa, adını soruşmadım eee”. Aşağı düşüb resepsiondakı oğlandan dünən görüşdüyü qadın haqqında məlumat almaq istədi, qadının nişanələrini dedi. Oğlan uzun-uzadı fikirləşəndən sonra “hə, bildim, o qadın bu gün sübh tezdən çıxıb getdi” dedi. Elə bil başına bir qazan qaynar su tökdülər. Necə yəni getdi? Bu tezliklə?.. Yenə də özünü söyüb-lənətlədi.
Telefonuna gələn zəngdən diksindi. Displeydə arvadının nömrəsini görüb “yes” düyməsini basdı. İlahə ərinin kefini-əhvalını soruşandan sonra “bu gün qayıdırsan?” deyə soruşdu.
-Hə, bu gün... Sənə demişdim axı.
-Hə, tez gəl. Uşağı məktəbdə tapşırmaq lazımdır.
Sübhün ayazı sümüklərinəcən işlədi, yeyin addımlarla otelin həyətində saxladığı maşınına doğru getdi...
21-28 avqust, 2018-ci il
Qeyd: Hekayə ilk dəfə Manera.az-da dərc olunur