Zədə almış ömür - Zakir Məmməd yazır
(Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında)
Lev Tolstoy insan qəlbinin və şüurunun dərin qatlarına enməyi, yaratdığı obrazı hərtərəfli öyrənməyi, onu son qətrə nəfəsinə qədər təqib etməyi ilə daha çox yadda qalır. Sosial mühiti, şüura təsir edən cəmiyyət proseslərinin əsas məqamlarını təhlil edib ciddi problemləri üzə çıxarmaqda Tolstoyun güclü və iti fəhmi, zehni adamı hər zaman heyrətləndirir. Maksim Qorki yazıb ki, “Tolstoyu bilmədən heç kəs özünü öz ölkəsinə bələd adam saya bilməz, mədəni adam saya bilməz”. Bu ibarədəki fikri belə şərh etmək olar ki, Tolstoyun yaradıcılığı öz ölkəsindən savayı, başqa bir məkanda da insanların həyat və siyasətinə işıq sala bilir, həm də onun əsərlərinin məzmun və estetikasından çıxış edərək hər kəs öz taleyinə və güzəranına vaqif ola bilir. Onun çoxşaxəli olmayan süjetli, mahiyyət və məzmunca geniş tutumlu “İvan İliçin ölümü” povestində ədliyyə işçisi İvan İliç Qolovinin öldüyü barədə bilgi verən girişdən sonra həmin ölümün tarixçəsindən söz açılır. Əsas hissə də sadə bir əhvalatın üzərində qurulubdur. Əmək fəaliyyətində əvvəlki məqamını tərk etdikdən sonra irəli çəkilərək yuxarı vəzifəyə təyin olunan İvan İliç yeni işdə alacağı beş min donluğa uyğun daha rahat təzə mənzil tapır və orada səliqə-sahman yaratmaq üçün əlləşir-vuruşur və bir dəfə stoldan yıxılıb böyrü azca zədələnir. Həmin zədədən xəstəliyə düçar olan bu adam get-gedə zəifləyir və həyatdan gedir. Povestin dilinin və əhvalatının qalan təfərrüatları bu kiçik fabula üzərində qurulubdur.
Əvvəlcə məni bu əsər üzərində düşüncələrə sövq edən səbəbi qeyd edim. Orda belə bir epizod var. Xəstəlikdən ruhi və fiziki əzablara urcah olan İvan İliçin ayaqlarını nökər Gerasim qucağına alıb yuxarıda saxladıqda onun ağrıları azalır, bir qədər rahatlıq tapır. Burada situasiyanın diqqət çəkən cəhəti həyatını ərkan və rəsmiyyət içində keçirən, korrektəli ömür yaşayan bir adamın bu şəkildə “qeyri-normal” hərəkət etməyə vadar olması və az da olsa rahatlığı toplumun ikinci dərəcəli adamının sayəsində duymasıdır. Əsərin bütün məna və mahiyyəti dadlı-duzlu bir təhkiyənin və psixoloji mükalimənin təfsilatları fonunda üzə çıxır. Əsərin mərkəzində yer tutsa da, hər hansı qeyri-adi keyfiyyətləri ilə nəzəri cəlb etməyən bir insanın ölümqabağı xəyalında, öz-özünə düşünüb-daşındıqları, həyat-ölüm və adamlar barədə mülahizələri diqqət mərkəzinə keçir və bütün bu daxili təhlillər həm yazıçı, həm oxucu üçün maraq kəsb edir. Deməli, orta səviyyəli məmur, sıradan bir obraz olaraq bir ədliyyə işçisinin yüzlərlə, minlərlə başqaları kimi yaşadığı süni həyatı tərk etmək ərəfəsində ayrı cür bir ömür sürə biləcəyinin fərqində olması və özünü mühakimə etməsi böyük təhlilçi Lev Tolstoyun ustalıqla tərtib etdiyi ədəbi-sosioloji test sayıla bilər. Ömrünün əvvəlki illərində insanın (İvan İliçin) rəsmiyyətdən, trafaret əlaqələrdən təşkil olunmuş həyatı və fəaliyyəti sonda saf-çürük edilir. Özü və ətrafındakılarla bu “sorğu-sual” o zaman baş tutur ki, adam artıq bu dünyada qalıb yaşamaq şansının olmadığını anlayır. Yazıçı kiçik ailənin cəmi-cümlətanı bir neçə üzvünün prosesə qatılmağı ilə və onları hər hansı fövqəladə şəraitlə üzləşdirmədən insanlıq tarixi üçün hər zaman aktual ola biləcək mətləblərə baş vurur. Bir adamın göz görə-görə əriyib qurtardığını və öləcəyini bildiyi halda, bunu ətrafdakılardan heç kəsin dilə gətirməməsi və bu həqiqətin, məlum faktın təsdiqi əvəzinə, onun sayəsində cürbəcür saxta mülahizələrin, davranışların nümayişi psixoloji təhkiyənin konfliktini yaradır. Şübhəsiz, İvan İliçin öləcəyi barədə hər hansı fikri onun yanındakıların xəstə ilə bölüşməsi arzuolunan deyil. Amma bu cür məlumatların deyilə, ya deyilə bilməyəcəyi xüsusunda bir-birinə əks mülahizələr yazıçı qayəsinin reallaşmasını şərtləndirir.
Əsər elə kompozisiya olunub ki, ideya və mənanın hər hansı konkret bir baş surətin vasitəçiliyilə bəyan edilməsinə lüzum yoxdur. Lev Tolstoy yaradıcılığında tək-tək hər fərdin daxili əlamətlərinin qabardılması çağın ümumi sosial-psixoloji mənzərəsini açıb göstərmək üçündür və ya əksinə, ümumi sosial-psixoloji mühitin təsviri fərdin tale və müsibətini, ya xoş gününü ifadə edir. O demək istəyir ki, ey insan, sən bax bundan ibarətsən. Yazıçının istinad etmək istədiyi fakt, həyat materialı sosial həyatın mahiyyətini və səviyyəsini müəyyən etməyə kifayət edir. Beləliklə, bədii materialın əsas qatını təşkil edən, ölüm ayağındakı bir xəstə kimi yadda qalan keçmiş məhkəmə görəvlisinin düşdüyü müdhiş durumu dəyərləndirmək və bu kontekstdə təhlil aparmaq zərurəti yaranır. Maraqlıdır ki, bu dünyada ömür sürüb hakimə və həkimə hər saat, hər dəqiqə ehtiyac duyulduğu halda, insanın psixoloji və fiziki taqətini, halətini analiz edən yeganə həkim və hakim kimi bəzən bu cür əsərlərdə yazıçının “əlindəki cərrah bıçağına”, bir də ədalət tərəzisinə ümid etməyə, güvənməyə məhkum və məcbur görünürük. Lev Tolstoy yaradıcılığında bu analoji situasiyalar hər zaman özünü doğruldur.
İvan İliçi müayinə və müalicə etmək məqsədi ilə bir neçə həkimə müraciət olunur. Amma onlar xəstəliyi və xəstənin sağalıb-sağalmayacağını söyləməyə qadir deyillər. Əvəzində ağır azardan dərin qəm-kədərə düçar olmuş insanın gözü qarşısında üzücü söhbətlər, yalan və riya meydan sulayır. Yazıçının həqiqəti ölüm faktı kimi assosiasiya etmək istədiyini aydın duymaq olur. Bundan o yana yalanın irəliləməsinə şans qalmır. Qaçılması mümkün olmayan həqiqətin adı ölümdür. Ölümün onun başının üstünü aldığını hamı duysa da, mükalimə və davranışlarda yalan və sünilik inadla irəli keçir və öz varlığını dürlü-dürlü görkəmdə nümayiş etdirir. İvan İliçin öləcəyini zəif şəkildə olsa da, etiraf etməyə heç kəs səy etmir. Xəstənin əhatəsində dolanan yaxın və uzaq insanların gözlənilən ölüm hadisəsinə münasibətdə süni, saxta davranışları həyatın keçib gedən günləri kimi davam edir. Onları daha çox gündəlik şəxsi arzu və maraqları məşğul edir. İvan İliçə ən çox bu, əzab verir. Bir ağrı cismani olaraq onu sıxır, canını üzür, digər ondan da dəhşətli ağrı indi ölüm ayağında olarkən onu yalan sözlərlə dolayıb ələ salan söhbətlərdən və bu cür münasibətlərin fonunda özünün xatırladığı keçmiş fəaliyyətindəki buna bərabər yalanlarla çulğaşdığı ömründən, həyatından gəlir. Cürbəcür adda və görkəmdə, müxtəlif ünvanda gəzib-dolaşan yalanın ərazisi genişdir. Bəlkə də, insanın ömrü boyu onu müşayiət edən yeganə “sadiq dostudur”. Amma ölümün ünvanı dəqiqdir. Yazıçı məharətlə quraşdırdığı ən unikal şəraitdə yalanın zahiri əlamətlərini və mənasını, iç üzünü faş edib izahını, tərifini verməyə nail olur. Ölüm kimi ən konkret, əlbəttə, acı həqiqətin müqabilində yalan cürbəcür libasda nazlanaraq əl-qol açır, insan həyatına, ağlına-şüuruna sarılaraq mövcudluğunu və son nöqtədə, yəni gec qəbul edəcəyimiz o həqiqətdən daha xeyirli, lazımlı olduğunu guya parlaq şəkildə nümayiş etdirir. Çünki İvan İliç ölümü ilə baş-başa tək-tənha qalıbdır. Burada onu adam balası kimi müşaiyət edən, onunla yoldaşlıq, ortaqlıq edən yoxdur. Onun ölə biləcəyini və ya təxminən ona yaxın bir ifadəni heç kəs dilinə gətirmir və bu yöndə təsəlli vermək fikrində olan da yoxdur. Həqiqətin müdafiəsində İvan İliç yalqızdır.
Yalan gözəl üzdə, qəşəng geyimdə, cəlbedici situasiyalardadır. “Ətlidir”, “doludur”, gözəgəlimlidir. Həqiqət arıq, solğun, heysiz-taqətsiz, ağrılıdır. Yalan onun – İvan İliçin təravətini, gözəgəlimliyini hələ qoruyub saxlamış arvadının və gələcək planları uğrunda səylərində, cari əyləncələrində, digər hərəkətlərində özlərini rahat və bəxtiyar hiss edən oğlunun və qızının daxil olduqları cəmiyyətlə bağlıdır. Yalnız sonda, ölüm nöqtəsində həqiqətin təsdiqi, qəbul edilməsi mümkündür. Bir həqiqət təsdiqini tapıb qəbul edildikdən sonra yeni həqiqətlərin axtarışına doğru yeni yalanlar “işgüzar fəaliyyətə” başlamalıdır. Fəqət acı dadan həqiqət gec-tez etiraf olunur, necə deyərlər, haqq yerini tutur. İvan İliçin ölümü bunun əyani sübutu kimi yazıçının əlində dəlil-sübuta çevrilir. Bu həm də povestin məzmununun ana xəttini təşkil edən bədii özəyin özüdür.
İvan İliç ta xəstələnən gündən ağzında acı tam hiss edir və bu, onu üzür, iyrəndirir. Həqiqəti görməyə doğru meyil edən və bunun hamı tərəfindən etiraf olunmasını istəyən təkcə İvan İliçdir. Ancaq bəzən o da bu fikri yaxına buraxmaq istəmir, tərəddüdlər içində çapalayır. Bilsə də ölüm haqdır, hələlik bu fikirdən uzaq qalmağı xoşlayır. Ölümün anatomiyasını müxtəlif əsərlərində məharətlə qələmə almış yazıçının bu mətndəki möhtəşəm təsvirləri əvəzedilməz tablo kimi yadda qalır. Ölüm olayının təfərrüatlarını sözə çevirib insan qəlbini riqqətə gətirməkdə Lev Tolstoyun qələminə söz ola bilməz. İnsanın ürəyində tutduqlarını, həyatı və maraqları uğrunda nələrə yol verə biləcəyini ən dəqiq bilən və onun üstünü açan ən qüdrətli sənətkarlardan biri Lev Nikolayeviç Tolstoydur.
Povestin ikinci bir dramatik məqamı xəstənin fiziki və mənəvi iztirablarının yanaşı müstəvidə nəqşi ilə bağlıdır. Bu əzab-əziyyətlərin sonsuzluğundan yaxa qurtarmaq mümkünsüzdür. Belə böhran anında təkcə xatirələrə təmas etmək yeganə məşğuliyyətə çevrilir və xatirəyə qoşulub keçmişə getdikcə həyat şirinləşir, ağızdakı acı təm bir anlıq unudulur, bu tərəfə gəlmək ona əzab verir, usandırır. Həyat bu üzə, ömrün sonuna tərəf acı və arzuolunmazdır. Bu tərəf onu əzir, keçmişdə olanlar az da olsa ona təsəlli gətirir. Xəstəliyinə səbəb olan böyründəki zədə də bu tərəfdə olmuş hadisələrin nəticəsidir. Bu tərəfdə yalan, üzgörənlik, amma ömrün uşaqlıq çağlarında saflıq və səmimiyyət var. Bütün bunlar: yaxşı və pis, yalan və doğru, insanlıq və nadürüstlük ölüm ayağında xatırlanır və adamı dinc qoymur. Həyatın İvan İliçin ömrünə vurduğu zədə ilə hündürdən yıxılaraq aldığı zədə tutuşdurulur, örnək olsun deyə simvolik məna çıxarılır.
Bu qədər yalan və riyanın, bozluğun arasında bir təmiz nöqtə var. “Mənəvi iztirabları bundan ibarətdi ki, bu gecə Gerasimin yuxulu, xeyirxah, enli sifətinə baxanda İvan İliçin ağlına birdən-birə belə bir fikir gəldi: bəlkə, Elə doğrudan da, mənim həyatım, şüurlu həyatım “o cür” keçməyib?” Bütün ömrünü lazım olduğu kimi yaşamadığı fikri nökəri Gerasimin üzündəki ifadəni fəhm edəndən sonra İvanın ağlına gəlir və ömrünü “o cür” yaşamamağından təəssüflənir. O boyda mətnin bütün təsvirlərindən bir aydın mənzərə gün kimi şəfəq saçır. Bu, İvan İliçin evində qulluq edən nökər Gerasimin nurlu sifəti, riyadan uzaq baxışlarıdır. Bu üzə baxanda ağa dincəlməyə başlayır. Əsərdə bircə müsbət obraz epizodik planda çıxış edən Gerasimdir. Gerasim təmənnasız qulluq edən adamdır. Bərk ağrıların məngənəsində girinc olan İvan İliç Gerasim onun ayaqlarını qucağına alıb yuxarıda saxladığı zaman rahatlıq tapır. Beləliklə, yeganə şəxsin, Gerasimin sayəsində az da olsa həm mənəvi, həm fiziki dinclik tapan İvan İliçin nəzərincə Gerasim kimi insanların həyatı qibtəyə layiqdir.
Lev Tolstoy yalanın boy göstərdiyi bütün həlqələri izah və təhlil etməyə üstünlük verir. Xəstəliyi gün-gündən ağırlaşan İvan İliçi yoluxan adi həkimə və məşhur həkimə sonsuz nifrət etməsinin səbəblərini xəyalən oxucu ilə bölüşməyə fürsəti əldən vermir. Məsələn, İvan İliçə görə, həkimin onunla bütün saxta, qabaqcadan planlaşdırılmış, üzündə, dilində, hərəkətlərində qəlibləşmiş ikrah doğuran jest və davranışları əvvəllər məhkəmədə hakimlik edən dövrlərdə eynən onun özünün məhkəmə pristavları, müttəhim və ittihamçılarla rəftarındakı süni, şablon çıxışlara bənzəyir. Yazıçının təhtəlşüurda qoyub getdiyi duyğu və idrak bu ilginc məqam ilə bağlıdır və indi ölməyə məhkum şəxs özü ilə daxili dialoqda bunları etiraf edir. Şöhrəti aşıb-daşan o həkim əslində yaramazın biridir. Çünki onun iynə-dərmanının xəstəyə heç bir xeyri yoxdur. İvan İliçin ailə üzvləri də miskin və rəzil məxluqdurlar. Məsələ burasındadır ki, bu arada heç kəs İvan İliçin qıçlarını qucağına alıb yuxarıda saxlamağa müvafiq görünmür. Arvadı, oğlu, qızı, o cümlədən cənab həkim və ya həkimlər. Onların heç birinin bu vacib əməli yerinə yetirməyə adamlıqları çatmaz. Bu işi bircə nökər Gerasim yerinə yetirir və ağasına sonsuz rahatlıq bəxş edir. Müsbət şeyi burda axtarmaq lazımdır. Kiməsə xeyri, köməyi dəyməyənlər müsbət obraz kimi qəbul oluna bilməz. Zadəgan nəslindən olan Lev Tolstoyun damağının altında olan söz budur. Təkcə Gerasim yaxşı adam, böyük adam sayılmağa layiqdir. İvan İliç də, ətrafındakılar da bir qəpiklik adam deyillər. Gerasimin müsbət obrazı onun xeyirxah aurasından, sağlam vücudundan, konkret olaraq kiminsə işinə yaramağından mayalanır.
Deməli, elə bir təsəvvür yaranır ki, İvan İliçin ölümü xəstəliyin yox, yalanın, düzgün yaşanmayan həyatın nəticəsidir. İvan İliçin həqiqi ölümünün təsviri onun ömrünün yalan içərisində puç olub getməsinin “rəsmən” təsdiqi üçündür. İvan İliçin, əslində, zədə almış yeri təkcə böyrü, bədəninin hansısa nahiyəsi deyildir. Onun ömrünün ciddi zədə alması haqqında müəllifin eyhamını anlamaq çətin deyildir. İnsanı öldürən əsil səbəb budur.
Zakir Məmməd