Həmişə hadisələrə yaxşı tərəfdən baxmağa çalışıram-Müsahibə
Müsahibim Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin dekanı, fəlsəfə doktoru Vüsalə Ağabəylidir.
- Prust deyirdi: “Hər bir yazıçı öz dilini yaratmağa məcburdur, hər bir skripkaçının öz tonunu tapmağa məcbur olduğu kimi... Özünəməxsus olub da pis yazan yazıçılardan xoşuma gəldiyini demirəm. Mən yaxşı yazanlara üstünlük verirəm-bəlkə də bu mənim zəifliyimdir. İnsanlar ancaq özünəməxsusluq əldə etdiklərində, öz dillərini yaratmağa başladıqları zaman yaxşı yazmağa başlayırlar...” Müasir dövr ədəbi nümunələrində dil və üslub mətndə nə dərəcədə özünü tapır?
- Belə bir deyim var, “Ağac meyvəsi ilə tanınar”, bu baxımdan da düşünürəm ki, hər bir yazıçı öz dəsti-xətti ilə seçilməlidir, özünəməxsusluğu ola bilər amma, ümumi kütlə tərəfindən qəbul edilmirsə, onun yazılarının müəyyən qədər oxucusu yoxdursa, onda kim üçün yazır və kimdən ilham alır? Bu da başqa bir məqamdır. Mən də öz üslubu ilə diqqətimi çəkən yazarlara üstünlük verirəm. Bəzən hansısa əsərdən bir parça oxuyursan, ya hansısa şeiri dinləyirsən və deyirsən ki, “bu filankəsin üslubudur”. Müasir dövrdə maraqlı, diqqət cəlb edən, öz dili və üslubu ilə seçilən yazarlarımız çoxdur. Lakin təəssüflər olsun ki, oxucu kütləmiz azdır. Yazılan əsərlər dərc olunsa da, tanınmır bəziləri. Buna görə də, lazımlı formada təbliğata, reklama ehtiyac var. Dünya ədəbiyyatlarında da o qədər “best seller” romanlar var ki, onlar təkcə yazıçının dili və üslubuna görə “best seller” deyillər.
- Elif Şafak özü “Eşq” romanı haqda bunları deyir: “...Bu romanda oxucuya öz ürəyimi açdım. Təsəvvüf mənim sirrimdir, o sirri oxucuya aşkar etdim. Bu kitabı Şəms Təbrizi və Mövlanə Rumi haqqında bir kitab yazmaq arzusuyla qələmə almadım. Bu kitabda mən eşqi anlatmaq istədim. Əsas məqsədim bu idi. Həm dünyəvi, həm də mənəvi ölçülərlə eşqdən yazdım. Necə düşünürsünüz eşqi anlatmaq mümkündürmü?
- Məncə mümkün deyil, yaşamaq lazımdır, hiss etmək lazımdır. Hər kəs öz baxış bucağından baxır həyata, elə eşqə də. Hər insanın hissləri fərqli-fərqli ola bilər, bir ailədə doğulub-böyüyən iki övladın ata-anasına olan hissləri fəqli olduğu kimi. Elif Şafak həmin əsərdə ilahi eşqdən, onun varlığından və mükəmməlliyindən bəhs edərək oxuyuculara tam fərqli bir eşq təcrübəsi yaşatmağa çalışır. Onun da qeyd etdiyi ki, eşq əslində bir səfərdir. Səfərə çıxan hər bir kəs yolda necə dəyişirsə, eşqi yaşayan insan da o şəkildə dəyişir.
-Filologiya fakültəsində oxuyan tələbələrin tədrislə bağlı ən çox qarşılaşdığı çətinliklər nələrdi?
- Təbii ki, ideal olan heç nə yoxdur, hər bir sahədə çətinliklər, problemlər mövcuddur. Mən ümumilikdə həmişə hadisələrə yaxşı tərəfdən baxmağa çalışıram, yəni nədəsə çətinliyimiz varsa və biz artıq bunu biliriksə, deməli həlli yollarını da axtarırıq, problemlərimizi aradan qaldırırıq.
- Tələbələrin dərsə münasibətindən və bilik göstəricilərindən razısınızmı?
- Çox sevindirici haldır ki, göstəricilərindən razı olduğum tələbələr həm kəmiyyət, həm də keyfiyyət baxımından digərlərindən üstünlük təşkil edir. Ümumi razılıqdan əlavə heyran olduğum, sözün əsl mənasında nailiyyətləriylə fəxr etdiyim, uğurlarına sevindiyim tələbələrimiz var.
- Tələbə öz bilik və bacarığını hansı formada inkişaf etdirməlidir?
- Əgər tələbə bilik, bacarıqlarını inkişaf etdirməyi doğurdan da istəyirsə, bunu istənilən formada edə bilər və edir də. İstər mütaliə, istər müəyyən təlim proqramları, istər konfrans və seminarlar iştirak, istərsə elm xadimləri ilə görüşlər və müzakirələr, istərsə də fərdi inkişaf zəminində hətta onlayn proqramlardan da yararlana bilər.
- Sizcə kitab oxuma vərdişi necə formalaşmalıdır?
- Əslində kitab oxuma vərdişi uşaqlıqdan formalaşmalıdır. Uşaq əgər gözünü açandan ailədə görürsə ata-ana tez-tez əlində kitab oxuyurlar, müzakirələr aparırlar, yəqin ki, uşaqda da həvəs yaranır. Mən birinci növbədə bu vərdişin formalaşmasında ailənin rolunu görürəm, sonra cəmiyyət və düşdüyü mühit. Elə qruplar var ki, bir-iki nəfər hansısa kitabı oxuyurlar, gəlib auditoriyada tərifləyirlər və digərləri də maraq göstərirlər.
- Sevdiyiniz yazıçı və şairlər...
Mən ümumiyyətlə kriminal əsərlər oxumağı xoşladığımçün Aghata Cristi, Çingiz Abdullayev mənim favoritlərimdir, amma ümumiyyətlə Somerset Maughem, Dostoyevski, John Steinbeck, Cəfər Cabbarlı və Bəxtiyar Vahabzadə ən çox sevdiyim yazıçılardır.
- Uğurun hər hansı bir formulu varmı?
- Düşünürəm ki, uğurun birinci formulu məqsəddir, şüurlu, məntiqli məqsəd və məqsədə doğru əzmlə irəliləmək.
- İdarəetmədə və hər hansı bir strukturun qurulmasında vacib olan cəhətlər hansılardı?
- Vacib və önəmli olan məqam ilk növbədə qaydaların müəyyənləşməsi və həmin qaydalara riayət olunması zəminində atılan addımlardır. Düzgün meyarlar müəyyənləşəndə işləmək də rahat olur.
- Sonda dünya ədəbiyyatından kimləri oxumağı məsləhət görürsünüz?
- Dünya ədəbiyyatından Somerset Maugham, Umberto Eco, John Steinbeck, Dostoyevski, Margaret Atwood, Ernest Heminquey, Jojo Moyes və başqalarını məsləhət görərdim. Qeyd etdiyim yazıçılarının hər birinin üslubunda özünəməxsusluq var və oxucuya müəyyən məqamları çatdırmaqla yanaşı, həm də düşündürür.
TURAL CƏFƏRLİ
MANERA.AZ