"Ordu-adam və qadın" - Hekayə
Manera.az yazıçı,jurnalist Günel Natiqin "Ordu-adam və qadın" hekayəsini təqdim edir:
Allah bilir sahilə neçənci gəlişi idi. Hər gəlişində nəsə işıqucu tapacağına uşaq kimi inanırdı. Elə bir şey ki, onu geri qayıtmağa vadar eləsin. O da uşaq başı qatırmış kimi özünü nəyləsə məşğul edirdi. Elə bil kiməsə üzünü tutub- “o gəmiyə bax”, deyirdi. “Necə də böyükdür”. “Hamımız sığa bilərik?”- özünə sual verirdi. “Hə hamımız. Ailəmiz. Hətta... o da.” (Ordu-adamı deyirdi).
Sonra gözləri bir az yol çəkirdi. Bu zaman ayrıcında da nəsə yeni bir şey tapıb özünü ovudurdu. “O cücə yadındadı? O vaxt Çindən Bakıya gələn? Necə də nəhəng idi. Hətta o da (Ordu-adamı deyirdi yenə), “oyuncaq sevdiyini bilsəydim, indiyə kimi sənə necələrini alardım”, demişdi. Yenə gözləri yol çəkdi. O gələn səmtə zilləndi. Adətən o səmtdən gəlirdi. Ləpələrə baxdı. “Görəsən bugün su istidir, ya soyuq. Əgər soyuqdursa...”
Hər dəfə özünə bu sualı da verirdi, hər ehtimala qarşı. Soyuq sudan yaman qorxurdu. Elə bilirdi, saçlarından tutub suya salırlar, çıxarırlar, yenə salırlar. Qəribə hallar keçirirdi onda. Özünü o cür təsvir elədi. Soyuq suların altında, saçları dağınıq... Filmlərdə izləmişdi o mənzərəni. Yuxulu adamlara bənzəyirdi batan adamlar. Əslində elə həyatlarının son yuxusunu görürdülər.
Yenə hissləri hay-küy saldı. Qulaqları uğuldadı.
-Anla artıq. Hər şey bitdi. Evlənməyəcəkdik ki? Sən onsuz da ərli qadınsan. Elə mən də evliyəm. Deməli itirəcək bir şey yoxdur. Məni təqib eləmə. Onsuz da problemlərim başımdan aşır.
Var idi, bitdi. Nə var idi, nə yox idi? Artıq anlaya bilmirdi. Sulara baxdı. Görəsən...
Yenə bacarmayacaqdı. Dənizə son dəfə baxıb suyu süzülə-süzülə evə gedəcəkdi. Yenə qızı qapını açıb söz demədən içəri keçəcəkdi. Yeniyetmə də olsa anlayırdı bəzi şeyləri. Sonra 5 yaşlı oğlu qaça-qaça gələcəkdi, ona sığınıb darıxdığını deyəcəkdi, qızı bu dəfə nifrətlə baxacaqdı, o isə bu oğula, bu qıza, bu evə, bu evin kişisinə layiq olmadığını düşünəcəkdi.
Əri elə bil düşüncələrini anlayıb gəlib saymazyana yanından ötəcəkdi, dolabı açıb təzə köynək, təzə şalvar geyinib harayasa gedəcəkdi. Evdən çıxarkən dediyi “bugün gözləməyin” sözlərindən dənizin nöyütlü qoxusu gələcəkdi, oboylar nəm çəkəcəkdi.
Bugün belə keçəcəkdi. Elə kreslodaca mürgüləyəcəkdi, arada diksinib yuxudan oyanacaqdı; bir neçə ay idi ki, belə oyanırdı yuxudan. Əvvəllər, yaxşı əyyamlarda oyanan kimi telefona əl atırdı. Ordu- adam kompliment deməyi bacarmasa da yüngülvari bir şeylər yazırdı. Ya da zarafatla qarğış edirdi. “Bu vaxta qədər də yatarlar? Səni görüm...” İndi gəmiləri, sahili, dalğaları, yosunları, Çindən üzə-üzə gələn cücəni necə görürdüsə, bax, o vaxt o yazıları da elə görürdü. Onu həyata qaytaran cücə kimi, gəmi kimi...
Kənddə doğulub böyümüşdü, elə orda da ailə qurmuşdu. Sonra Bakıya köçmüşdülər. Arada-sırada cızma-qaralar edirdi. Əri yazı-pozu əhli deyildi, yazan adamdan da zəhləsi gedirdi. Amma arvadına qadağan eləyə bilmirdi, bəlkə də göy gözlərindən keçə bilmirdi. Bir vaxtlar bu göy gözlərin dəlisiydi. Sonra göy gözlərin parlaqlığı kimi o hisslərin dolğunluğu da itdi. Əri ona baxanda artıq dəniz göylüyünü deyil, qırışların içində itib-batmış bir cüt kədərli bozumtul göz görürdü.
O da elə qadının ətrafını dolduran duyğular seyrəldiyi vaxt gəlib çıxmışdı. Elə bil bir adam yox, bir ordu gəlmişdi. Basmışdı hər yeri. Elə onun həyatını, vücudunu, evini-eşiyini də.
Ordu-adam güclü, qaba, ehtiraslı idi. Hər yeri işğal edirdi. “Bu yer də mənimdi, mənimdi”, deyirdi elə bil. Ordu-adamın tutduğu hər yer ona məxsus idi, yalnız ona...
Özünü Ordu-adama təslim edəndən sonra hər şeydən vaz keçmişdi. Həyatının və vücudunun ağası o idi. Hər yerdə onu hiss edirdi, onun qoxusunu duyurdu. Bir insanın qoxusunu hiss etmək necə olur? Ona tabe olandan sonra bilmişdi.
“Qoxunu özlədim”-deyirdi ona.
Ordu-adamın işğal etməkdən başqa məqsədi yox idi. İndi başqa yerlər, yurdlar axtarırdı.
Qadının məhəbbəti gün-gündən alovlanır, sevgilisindən başqa hər şeyi kül edirdi. Ordu-adam isə gün-gündən uzaqlaşır, görüşməmək üçün bəhanələr uydururdu. O bu çılğın qadının məhəbbətindən qorxurdu.
Onda adam qərar qəbul etmişdi.
-Qurtar bu məhəbbət söhbətlərini. Bilirsən, səni sevmirəm. Sadəcə bir-birimizin xoşuna gəldik, bir müddət münasibətimiz oldu, vəssalam. Hər şey əbədi deyil ki?
Kişinin son sözünü eşitməkdən qorxurdu. Qorxurdu, desin ki, qayıt ərinin yanına. Heç yerə qayıtmağa taqəti yox idi. Əslində bu müddət ərzində ailəsindən heç yerə ayrılmamışdı, amma evdə hamı, hətta qəfəsdəki tutuquşu da bilirdi ki, o ruhən çox uzaqlardadır.
Adamın telefonuna aramsız mesajlar yazırdı:
“Bəlkə bir daha cəhd edək? Bilirəm, sənə çox təzyiq etdim, qısqandım. Səni bölüşməkdən, itirməkdən qorxdum. Bir də olmayacaq. Mən məzar kimi səssiz olacam. Sənə qarşı iddialarım olmayacaq. Daha bir cəhd, xahiş edirəm!..”
Daha bir cəhd olmamışdı. Ordu-adam onu öz içinin xarabalığında qoyub getmişdi. Qadın anlamışdı ki, bu son həmlə idi. Savaşın son həmləsi.
Dənizin dalğaları bugün gözünə daha mavi göründü. “Mavi gözlü qızım”- müəlliməsinin sözlərini xatırladı. “Dəniz gözlüm”. Bunu da kimsə demirdi, yadında deyil. Hardasa oxumuşdu ki, göy rəngi sevənlər- qapalı adamlardı. O da razılaşmışdı. İndi onun göy rəng sevgisində bir mübhəmlik vardı. Elə bir məhrəmlik ki, səbəbini özü də bilmirdi. Bilirdi ki, özünü yenə ovudacaq, yenə uşaq kimi başını qatacaq, yenə yorğun-yorğun evə qayıdıb kreslosunda mürgüləyəcək. Aradabir dik atılıb ətrafdakı səssizliyi dinləyib yenə yuxuya dalacaq. Yenə saçları sularda üzəcək. Suya batıb, batıb, çıxacaq. Son nəfəsdə həyata qayıtmaq istəsə də, içindəki qatil onu sulara dartacaq, mavi rəngin bugünkü məhrəmliyinin sirrini son anda anlayaraq sulara qarışacaq...
-Yenə bir nəfər intihar etdi, cənab rəis. Bu həftə üçüncüdür.
-Bu dəfə kimdi?
-Sarı saçlı bir qadındı. Görənlər deyir, hər gün gəlirmiş. Dənizə baxıb, baxıb gedirmiş. Görəsən nə dərdi varmış biçarənin...
-Yaxşı, falçılıq eləmə, lazımi yerlərə xəbər ver, qeydə alsınlar... Özün də aşbaza xəbər elə, naharı iki nəfərlik eləsin. Suzannaya da de, otağıma gəlsin... Di cəhənnəm ol.
-Baş üstə cənab rəis.
Qapı açılıb örtüldü, rəis kreslosunda yerini rahlayaraq ləzzətlə qarşıdakı görüşün təəssüratına daldı.