Seyran Quliyevİkinci yazı(Əvvəli burada:
http://manera.az/tribuna/3691-multikulturalizm-ve-azerbaycan-realligi-seyran-quliyev-yazir-maneraaz.html) Dövlətçilik tariximizə baxsaq görərik ki, istər Qızılbaş dövləti, istərsə də Azərbaycan Xalq Cumhuriyyəti digər millətlərin nümayəndələrinə loyal münasibət bəsləmiş, onlara müəyyən vəzifələr vermişlər. Məsələn, Səfəvi hökmdarı Şah Abbas ordu islahatı çərçivəsində gürcü, erməni və çərkəzlərdən ibarət qulamlar adlandırılan qoşun növü yaratmışdı və onlara başçı kimi əslən gürcü əsilli Allahverdi (Undiladze) xanı təyin etmişdi. AXC dövründə isə III kabinə ( 24.12.1918-14.03.1919 ) nazirləri içərisində Maliyyə naziri İ.Protasov və Xalq Səhiyyəsi naziri Y.Gindes Slavyan-Rus cəmiyyətinin üzvləri olmuşlar. Həmçinin Cumhuriyyət Parlamenti tərkibində azsaylı millətlərin nümayəndələri yer almış və onun fəaliyyətində aktiv rol oynamışlar. Misal üçün parlamentin üzvü Lorens Kun ( alman icması ), Moisey Quxman ( yəhudi icması ) , Vasim Kujim milli azlıqlar fraksiyasını təmsil etmişlər. Bunlardan L.Kun parlamentin həm də aqrar komissiyasının üzvü olmuş, qanunlar hazırlamışdı. Arşak Paronyan, Stepan Toqionosov və b. isə erməni fraksiyasını təmsil edirdilər. Ümumiyyətlə, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyəti Parlamentində Alman milli təşkilatından bir, Yəhudi Milli Şurasından bir, Gürcü Milli Şurasından bir və Polyak Milli Komitəsindən də bir deputat fəaliyyət göstərmişdir. Digər millətlər-ruslar və ermənilər isə nisbətən bir qədər çox nümayəndə ilə təmsil olunmuşlar.
Bunlardan başqa 1918-ci ilin 7 sentyabrında "Milli azlıqlardan olan xalqların öz ana dilində təhsil alması haqqında" Qanun imzalanmışdı. Qanunda göstərildiyinə görə, hər hansı muxtar vilayətdə yerli əhali əksəriyyət təşkil etdiyindən orta təhsil də o dildə aparılmalı idi. Həmçinin, xüsusi olaraq qeyd edilirdi ki, əgər, bir məktəbdə azlıqda qalan xalqlardan olan tələbələr 40-a qədər olsa, təhsil onların dilində aparılmalıdır [7]. Göründüyü kimi AXC höküməti zamanında indinin təbirincə desək multikultural mühit yüksək səviyyədə olmuşdur. Buna digər bir nümunə 1919-cu ilin iyunun 9-da Demokratik Cumhuriyyət tərəfindən Yelendorf koloniyasında ( indiki Göygöl ərazisi ) alman məskənlərinin salınmasının 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ola bilər. Həmin bu tarixi siyasi ənənənin davamıdır ki, bu gün də respublikanın müəyyən bölgələrində kompakt halda yaşayan azlıqlar tədris aldıqları məktəblərdə öz ana dillərində təhsil ala bilirlər.
Bundan başqa, yenə də həmin bu siyasi ənənin davamıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 avqust 2016- cı il tarixli “Cənubi-Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb.
Sərəncamın mətnində deyilir :
“Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində buraya köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratmışdır. Məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irsi Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək lazımınca qoruyub saxlamışdır. Bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Alman şərqşünasları Azərbaycan xalqının möhtəşəm söz sənəti yadigarlarının dünya elm aləminə tanıdılmasında mühüm xidmətlər göstərmiş, alman memarları isə Azərbaycanda şəhərsalma mədəniyyətinə dəyərli töhfələr vermişlər...”
Məlumat üçün bildirim ki, XIX əsrin əvvəllərində Azərbaycana köçürülən almanlar, 1941-ci ildə II Dünya müharibəsi ilə əlaqədar bu ərazilərdən sürgün edilmişlər. Onlar, Rusiya imperiyasına çar I Aleksandrın dəvəti ilə köçmüşdülər. Cənubi-Qafqazda isə ilk alman yaşayış məskəni 1818-ci ildə Gürcüstan ərazisində ( Merienbaunm ) meydana gəlmişdi. 1819-cu ilin yayında Tiflisdən 200-ə qədər alman ailəsi gələrək Şamxor ( Şəmkir ) yaxınlığında Helendorf ( sovet vaxtı Xanlar, indiki Göygöl) və Annenfeld ( sonradan Şəmkirə birləşdirilib ) adlı iki koloniya salmışlar. XX əsrin əvvəlində isə onların sayı səkkizə ( Georqsfeld-1888, indiki Şəmkir ray, Çinarlı qəs ; Alekseyevka-1902 ; Qrünfeld-1906, indiki Ağstafa ray, Həsənsu kəndi ; Traubenfeld-1912, indiki Tovuz şəh ; Yelizavetinka-1914, indiki Ağstafa şəh və s. ) çatıb. Almaniyadan köçüb burada məskunlaşan almanlar Azərbaycanda bır sıra sahələrin inkişafınfda böyük rol oynamışlar. Hələ, XIX əsrdə ölkəmizdə arxeoloji qazıntılar aparan almanlar Azərbaycanda arxeologiya elminin ilk əsasını qoyanlardan hesab olunurlar. Üzümçülük və şərabçılığın inkişafı ( Forer qardaşlarının timsalında ) və eyni zamanda kənd təsərrüfatının digər sahələrində ( əkinçilik, maldarlıq ) həmin illərdə müşahidə olunan irəliləyişdə onların da mühüm payı olmuşdur. Yeri gəlşmişkən onu da qeyd edək ki, köçüb gələnlərlə yanaşı, buraya iş üçün gələn almanların da Azərbaycan elm və mədəniyyətinə müsbət qatqıları olmuşdur. Nikolay Avqustoviç fon der Nonne onlardan biridir. O, 1883-85-ci illərdə Bakı şəhərinin mühəndisi, 1889-1902-ci illərdə Bakı şəhər Bələdiyyə başçısı ( Bürqermayster ) vəzifələrində çalışaraq bir sıra binaların memarlıq həlli ilə məşğul olmuşdur. Bakının baş planı (1898-1900-cü illər), Qarşılıqlı kredit Cəmiyyətinin binası (1887-ci il), Xəstəxana binaları kompleksi (1888-1913-cü illər), Deburanın yaşayış evi (1891-ci il) və s. onun töhfələridir. Azərbaycanda alman izlərinə aid digər bir nümünə lüteran kilsələridir. Burada ilk protestant kilsə və protestantlıq almanların adı ilə bağlıdır. Bu gün alman lüteran kilsələrinə Azərbaycanın müxtəlif regionlarında - Göygöl, Gədəbəy, Şamaxı, Şəmkir, Bakıda rast gəlmək mümkündür. Bu abidələr dövlət tərəfindən qorunur və hər cür qayğı ilə təmin olunur.
Ümumiyyətlə, XIX əsrin Çar Rusiyasına baxdıqda hökümətin köçürmə siyasəti yürütdüyü görülməkdədir. Beləki, ölkəmizdə rusların və digər xristian dini mənsublu olan ermənilərin kompakt şəkildə köçürülüb yerləşdirilməsi də XIX əsrin hadisəsidir. Rusların köçürülməsi xristianlığın provaslıq qolu ilə yanaşı, bidətçi adlandırılan molokan kimi qollarının da ərazilərimizə qədəm qoymasına səbəb olmuşdu. Molokanlar hərəkatının davamçıları orucluq vaxtı süd (rus dilində moloko) içdiklərinə görə belə adlanırdılar. Onlar dini ayinlər haqqında pravoslav təlimini, heç bir dini hekayəti, kilsə qərarlarını, kilsəni, ikona və xaç suyuna salınmanı qəbul etmir, yalnız Bibliyanın göstərişlərinə əməl edirlər. Bununla da özlərinin əsl dindarlar olduğunu bildirirlər. Vaxtikən bu iddiaları onların 1820-ci ildən başlayaraq yaşadıqları ərazilərdən Cənubi-Qafqaza , Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə köçürülmələrinə səbəb olmuşdur. Hal-hazırda, Azərbaycanda malakanlar, əsasən Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy və Qubada yaşayırlar. Gədəbəy rayonunun Slavyanka kəndi haqqında çoxlarımız məlumatlıyıq. Burada Rusiyadan köçüb gəlmiş malakanların davamçıları yaşayır. Digər milli azlıqlar kimi onlar da Azərbaycanı öz vətənləri hesab edirlər. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə molokanlar da vuruşub qəhrəmanlıq göstəriblər. Onlardan biri də Masallının Kalinovka kəndində anadan olmuş Belim Yevgeniy Nikolayeviçdir (1970-1993). O, 1993- cü il martın 30-da Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur [ 4,s 121].
Yaşadıqları illərdə ruslar da digər köçkünlər kimi çox rahat formada öz həyatlarını sürdürmüşlər. Onlara dini, siyasi, mədəni bütün hüquqlar tanınmışdır. AXC dövründə həm hökümət üzvləri arasında, həm də parlamentdə slavyan-rus cəmiyyətindən də nümayəndələrin olması dövlət səviyyəsində qeyri-millətlərə bəslənən münasibətin təzahürü idi. Sovetlər dönəmində də ruslarla azərbaycanlılar arasında münasibət isti olmuşdur. Onlar bura köçürüləndən bəri bu münasibəti görmüşlər. Dini ibadətlərini yerinə yetirmək üçün ayrı-ayrı regionlarda rus-provaslav kilsələrin tikilməsi və hətta bəzən yerli camaatın da da bu işə dəstək olması ölkəmizdə bütün zamanlarda multikultural və tolerantlıq mühitinin yüksək olmasını göstərir. Məsələn, Bakıda “Aleksandr Nevski” kafedral kilsəsinin tikilməsinə yerli müsəlmanlarla yanaşı yəhudilər də maliyyə yardımı göstərmişlər. Haqqında danışılan kilsənin maraqlı tikinti tarixçəsi var. Onun, köhnə müsəlman qəbirstanlığının yerində tikilməsi haqqında qərar verilməsi, ilk başda müsəlmanların kəskin etirazı ilə qarşılansa da, sonralar bu barədə razılıq əldə olunmuşdu. 1898-ci ildə tikilən və 1936-cı ildə bolşeviklər tərəfindən məhv edilən sözügedən Nevski kilsəsi vaxtilə Cənubi Qafqazın ən böyük xristian məbədi olmuşdur. Kilsənin tikintisi üçün təməlqoyma mərasimi 8 oktyabr 1888-ci ildə imperator III Aleksandrın da ailəsi ilə birlikdə iştirakı ilə baş tutmuşdu. İnşaatın gedişində büdcə tükənmiş və bu zaman Bakı sakinləri tikintinin davam edə bilməsi üçün 200 min manat ianə vermişdilər ki, bunun 10 min manatını yəhudi icması, qalanını da müsəlmanlar ( 10 min manat H.Z.Tağıyev ) ödəmişdi. El arasında “Qızıllı kilsə” kimi tanınan Aleksandr Nevski kilsəsinin memarı alman Robert-Marfeld, onun köməkçisi isə İosif Qaslovski olmuşdur. Göründüyü kimi bir kilsənin tikilib ərsəyə gəlməsində müxtəlif millətlərin nümayəndələri öz imkanlarını səfərbər etmişdir.
Yeri gəlmişkən qeyd edək ki, milliyətcə polyak olan Yuzef ( Iosif ) Vikentyeviç Qaslovski 1891-ci ildə A.Nevski baş kilsəsinin inşa olunması ilə əlaqədar Bakıya ezam olunmuş və 1892-ci ildən Bakı şəhər memarı, 1902-1904-cü illərdə isə baş memar vəzifələrini yerinə yetirmişdir.Vaxtikən yaşadığı binanın ( Bakı şəh, M.İbrahimov küç 11 ünvandakı ) önünə xatirə lövhəsinin vurulması ona verilən dəyərin ifadəsidir. XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən digər bir polşalı memar İosif Ploşko idi. O, burada fəaliyyət göstərdiyi 30 ilə yaxın müddətdə çoxlu yaşayış evləri, ictimai və dini təyinatlı tikililərin müəllifi olmuşdur. Təkcə bu iki memarın Bakıda ərsəyə gətirdiyi binalar bu gün paytaxtımızın gözəlliyinə gözəllik qatmaqdadır. Əslində multikultural mühit özünü göstərdiyi hər sahədə gözəllik ilə yadda qalmışdır. Müxtəliflik, rəngarənglik olan yerdə gözəlliyin olması zəruridir. Bədii dil ilə ifadə edəsi olsam multikulturalizmi belə ifadə edərdim : səslərin simfoniyası, rənglərin harmoniyası.
Bəli, bu gün Azərbaycan beynəlxalq aləm tərəfindən multikultural dəyərlərin yüksək qorunduğu qəbul edilən dünyanın nadir ölkələrindəndir. Bizim keçmiş nəsillərin miras qoyduqları bu dəyərlər, bu gün layiqincə yaşadılmaqdadır. Əsrlər boyu milli-etnik azlıqlar burada yerli əhali ilə qarşılıqlı anlaşma və dostluq içində yaşamışlar. Azərbaycan xalqının qonaqpərvər imici birdən-birə yaranmamışdır. Bu, ən birinci insana olan yüksək dəyərin mövcudluğundan irəli gəlmişdir, babalarımızın həyata, dünyaya baxışından irəli gəlmişdir. Təsadüfi deyildir ki, insanı ən ali mərtəbəyə qaldıran orta əsrlərin məşhur hürufizm dini-təlimi Azərbaycanda meydana gəlmiş və buradan qonşu ölkələrə yayılmışdır. Ondan əvvəl isə Azərbaycanda sufizm özünü göstərmiş və bir çox ardıcıllar özünə toplaya bilmişdi. Elə hürufizmin müsəlman ölkələrində yayılmasında müstəsna xidmədləri olan İmadəddin Nəsimi ilk öncə sufi olmuş, şeirlərini də məşhur sufi Hüseyn Həlllac Mənsurun şərəfinə “hüseyni” təsəllüsü ilə yazmışdır.
(ardı var)MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.