Manera.az və Birifinq.az birgə “Bir qadın, bir kişi soruşur” layihəsində ölkə ədəbiyyatının və ictimai mühitinin tanınan simalarını fərqli suallarla tanımağa çalışacaq. Nərgiz Nənə və Tural İsmayılovun suallarına şair Bəxtiyar Əlirzayev cavab verir.
Nərgiz soruşur: -Əlirzayev, yaxşı həmsöhbət olduğunuz aşikardır. Bəs susqunluğunuz nələr deyir, nə danışır? - Daşıya bilməməkdəndi ikisi də. Çox danışmaq da, lazım olandan artıq susmaq da. Təsəvvür elə ki, doğulandan bəri çəkinin on qatı yük var çiynində. Sənə demədən yükləyirlər. Əvvəl fərqinə varmır insan, sonralar qayğısız, xoşbəxt sayacağı günlərini yaşayır. Fərqinə vardımı, belinə ilk dəfə yəhər qoyulan köhlən kimi göylərlə əlləşir. Razılaşmır, ömrünün ən üsyankar günlərini yaşayır. Amma sonra razılaşır. İçində bir ümid yaranır. Bəlkə də insanın heç vaxt doğrulmayacaq ilk ümidi olur bu: böyüdükcə gücüm artacaq və ağırlıq verməyəcək. Amma sən böyüdükcə o da böyüyür, gücləndikcə ağırlaşır. Danışmaq bir yana qalsın, ağzını açıb ciyər dolusu nəfəs almağa heyin qalmır. Belədi yəni... Əksər insanlarda belədi. Bir az da köçməklə bağlıdı. Niyə ən yaxşı iş görsən belə daim əzab çəkirsən? Çünki köçmək anlayışı fikrimcə, mənə qədərki mərhələdə qırılıb. Bildiyimiz üç cür köç var. Fiziki – necəsə gücün var, hər yerdəsən, anlaşılmaz – beynin var, hər yerdə ola bilərsən, mənəvi – mahiyyətin var, seçim eləmək imkanın tanınır. Təbii, olsun ki, bu üç cəhəti birləşdirən insanlar var, amma özümdən danışıram deyə, qırılan nöqtəni deyirəm. Susmağım bununla bağlı olur çox vaxt.
- Heç kimdən şikayət etmirsiniz. Di gəl ki, sizə vurulan zərbələr saysız-hesabsızdır. Çox güzəştə gedirsiniz? "İkinci şans vermək olar" deyənlərdənsiniz? Yoxsa, bütün yollar sizi vecsizliyə aparır? - Zərbə hamıya vurulur. Bizim kimi vurmağa həvəsli, əli-qolu beynindən güclü, gözünü bağlayıb sağa-sola ox atmağı xoşlayan, naxoş cəmiyyətlərdə gözünün altı qaralmayan adam çətin ki, olsun. Bunu anlayanda şikayətlənməyə bir şey qalmır. Ürəyin büzüşüb qocaldıqca sənə bir şey pıçıldayır: Mənə yazığın gəlsin, rahat olmağımı istəyirsənsə, heç kimdən nəsə gözləmə. Bu məqamı əsas yol kimi götürəndə, rahatlaşırsan. Kimdənsə gözləntin qalmır. Sadəcə bir həqiqətin olur: mənə nə lazımdırsa, özüm əldə eləməliyəm. Həm də bu insanın özünü sahiblənməsinə səbəb olur. Özünə sahib olan biri olmaq... Vacibliyini izah eləmək çətindi bunun. Vecsiz ölülər ola bilər ancaq. Tamam fərqli şeylərdi yəni. İkinci şans məsələsinə gəldikdə, bir insanı gec çox istəyirəm. Amma istədimmi, bu hiss heç vaxt dəyişmir. Uzaqlaşsam da, ya da uzaqlaşsa da, çox istəyirəm. Bu bir az adamı incidən xüsusiyyətdi. Həmişə əziyyət verir adama. Amma bu günə qədər çox istədiyim bütün adamlara görə bu əziyyətə qatlaşmağa dəyərdi. Sevindiricidi.
- Şeirlərinizi özünüz oxuyanda çox kədərli səslənir. Yəqin ürəyinizə söz keçirə bilmirsiniz... - Açığı, bunun fərqində olmamışam heç. Təbii, bəzən insan hisslərinə qalib gələ bilmir. Amma bir şeyə tam əminəm. Hissin səni aparıb çıxardığı ünvan sonradan “zibillik” deyəcəyin yer olacaq. Buna görə də ürəyin nə istədiyi mənim üçün heç vaxt önəmli olmayıb.
- Sizcə, unutmaq proses olaraq nədən yaranır? - Ehtiyacdan. Yeni gələn informasiya bizə lazım olmayan köhnəlmiş informasiyanın yerini tutur. Bu sözü ocaqda qaynayan suyun buxarına baxıb dahiyanə görkəm alan boşboğazlar şişirdiblər bu qədər. Acmaq qədər adi və təbii prosesdi. Buna görə də heç vaxt məni unudanlardan inciməmişəm. Unudulmuşamsa, demək ki, onun həyatının bir parçasına çevrilməyən biri olmuşam. Hər gün güzgünün önündə durub unutmamaq üçün adımı təkrarlasa da, daha önəmli informasiya gələndə, mən bir yana qalım, güzgünü də unudacaq. Bu baxımdan səni unudan adamdan incimək acanda yemək istəyən birindən incimək qədər axmaqlıdır.
- İllərdir dayanmadan gedən bu "karvan"dan ən çox nəyi istəmisiniz? - Hələ ki, dayanmasın.
Bonus sual: Bəxtiyar Elcan oxucuları ilə nə vaxt görüşəcək? - Bu barədə fikirlərim qarışıqdı. Ehtiyac varmı ki? Roman yazsaydım, nəşr etdirərdim. İnternetdən oxumaq çətindi deyə. Kitab daha rahatdı. Amma şeir bir az başqadı. Bir şeir kitabını oturub səhərdən-axşama oxumursan. Yəni, əksəriyyət oxumur. Bəlkə də əhvala daha çox bağlıdı deyə, belədi. Şeir yazdın, bölüşmək istədin, internetdə bölüş. Məncə, kitabdan daha urvatlı və əlçatandı. Bu tip fikirlər qoymur kitab məsələsi alınsın. Açığı, hələ bilmirəm. Ehtiyac hiss eləsəm, olacaq yəqin ki.
Tural soruşur: - Bütün əsərlərdə dünyanın sonu ilə bağlı pessimistik, yaxud pozitiv mesajlar verilir. Siz də dünyanın sonunu düşünənlərdənsinizmi? Hara gedir sonumuz? - Hansısa bir ulduz milyon illər sıxıldı, balacalaşdı və bu balacalığın ən son nöqtəsində partladı. Biz yarandıq. Amma bu partlayışdan əvvəl kiminsə olmadığını elm deyə bilmir. Buna görə də belə deyək: getdilər, gedəcəyik, gedəcəklər... Sevincək də, yas quracaq da bir şey qalmır əlimizdə. Sonumuza gəldikdə isə... Böyük bir nöqtəyə doğru gedirik. Bunu düşünəndə həmişə nədənsə gözüm önündə bir mənzərə canlanır: Bir maşın işıq sürətilə hərəkət edir. İşıqları da yanır. O işıq sürətilə gedən maşının işıq nəyinə lazım olacaq? “Fara”sından süzülən şüa həmişə geridə qalacaq axı. Bax, indi oturub sonumuzu düşünmək belə bir şeydi təxminən.
- Kişinin boynundakı ailə məsuliyyəti və mənəvi öhdəliklər, həm də onun yaradıcılığının düşməni deyilmi? - Məişət bütün zamanlarda məcburiyyətlərlə dolu olub. Belə də davam edəcək deyəsən. Yaradıcılıqla məcburiyyəti paralel daşımaq mümkün deyil. Necəsə, haçansa biri digərini yeyəcək. Ailəli olduqda isə əksər vaxtlarda məcburiyyət yaradıcılığı yeyir. Məsuliyyət azadlığın qandalıdı, yüyənidi. Sizcə, Aristotelin yüyəni olsa, dahi olardımı? Heç ağlım kəsmir. Yüyənli adam çox savadlı, istedadlı ola bilər, ancaq heç vaxt olduğu cəmiyyətin təfəkkürünü itiləyə bilməz.
- Şeir yazanda hansı əhvalda olursuz? Şeiri yazmaq üçün mənəvi ağrılar mütləqdirmi? - Açığı elə də fərqində olmuram. İçimdə hər gün misralar doğulur, ölür. Sanki insanın yaradılışı kimi bir şeydi. Hansı misra, fikir daha güclüdürsə, dünyaya da o gəlir. Belə bir şey...
- Klassik bir sualdır, bir az dəyişək. Tənha adada yanınıza alacağınız ilk 3 nə, yaxud kim olar? Əşya yoxsa insan? - Müvəqqətidirsə, fikirləşərdim. Bu dəqiqdi ki, informasiya verə biləcək heç nə götürməzdim. Bezmişəm bu qaynar qazanda poqquldamaqdan. İnsanlara qaldıqda isə... O qədər əzizlərim, çox istədiklərim var... ən yaxşısı mən o adaya getməyim.
- Qadınlar biz kişilər üçün nələri ifadə edir? Qadın və kişi münasibətlərindəki günahları uyduranlar kimlərdir və niyə sərhədlər var?
- Günahları uydurmurlar, yaradırlar. Bütün dünyada kişilər həmişə qadınlardan əxlaqsız olublar. Bu günah yaratmaq deyilmi? Vicdanlı bir kişinin özünə bağışlamadığı günah əksər vaxt hansısa qadınla bağlı olur. Amma onlar bizi həmişə seviblər.
- Cəhənnəm qəlbimizdədir, yoxsa beynimizdə? - Onu biz istədiyimiz yerdə yarada bilərik. Evdə də, işdə də, beynimizdə də, hisslərimizin aid olduğu yerdə də. Konkret deyil. Məsələn, indi biz bu gözəlim məmləkətdə cəhənnəm yaratmaqla məşğuluq.
MANERA.AZ,
BRİFİNQ.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.