manera.az
manera.az

Mikrobioloq-genetik:“ GMO məhsulların zəhərli olması iddiası absurddur” - MÜSAHİBƏ

Mikrobioloq-genetik:“ GMO məhsulların zəhərli olması iddiası absurddur” - MÜSAHİBƏ


Modern.az saytı elmi mövzudakı silsilə müsahibələrinə davam edir. Budəfəki həmsöhbətimiz mikrobioloq-genetik Araz Zeyniyevdir.
Araz Zeyniyev Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTÜ) molekulyar biologiya və genetika üzrə bakalavr təhsili alandan sonra 6 il Hollandiya və Almaniyada bakteriyalarda genetik tənzimləmə mövzusunda işləyib.


-Araz bəy, genetika gənc elm sahəsidir. Özü də elə bir elm sahəsidir ki, buradakı kəşflər insanı bir çox ağır xəstəliklərdən qoruya və sığortalaya bilər. Əgər belə inqilabi kəşflər olarsa... Bu mövzuya giriş etməklə söhbətə başlayaq.

-Gen, genetika, irsiyyət ifadələri insanlar arasında sirli və qaranlıq məfhum kimi səslənir. Əslində isə, son onilliklərdə əsl gözə çarpan sadəcə genetika deyil, ümumi olaraq biologiyanın və onun tətbiqi sahəsi olan tibbin sürətli inkişafıdır. Bu gün misal üçün, elektron mikroskoplar var. Bunların elə növləri var ki, onun vasitəsi ilə hətta ayrı-ayrı bəzi molekulları da görmək mümkündür. Bu və bunun kimi texnologiyalar hüceyrəaltı strukturları, onların funksiyasını çox dəqiqliklə təyin etmək imkanı verir.

Bu, əslində genetika deyil. Bu, struktural biologiyadır. Hətta deyərdim ki, genetikanın vaxtı artıq yavaş-yavaş keçir və struktural biologiyanın, sistem biologiyasının dövrü başlayır. Hüceyrəni bir mexaniki sistemə bənzətmək olar. Orada da çarxlar var, orada da hərəkət var. Biz bunların kompüter simulyasiyanı dəqiq cıza bilsək, bu artıq nəinki xərçəng, bir çox xəstəliyə çarə tapmağa kömək edəcək. Ümumilikdə bütün bu sahələrə molekulyar biologiya deyilir və son 50-70 ildə çox böyük inkişaf dövrü keçirib. Və sürətlə davam edir.

-İndi insanlar çox xəstələnir, onlar arasında yayılan xəstəliklərin sayı çoxalıb. El arasında, məişət dili ilə belə əsas gətirirlər ki, zəmanə dəyişib, ətraf mühit korlanıb, yediyimiz qidalar sünidir və buna görə də, insanlar xəstələnir. Bu təsirləri təbii ki, danmaq olmaz. Amma çoxları insanda, onun daxilindəki bakteriyalarda gedən mutasiyalardan xəbərsizdir. Yəni bədənimizdəki bakteriyalar mutasiya keçirir və onların dərmanlara qarşı da müqaviməti güclənir.

-Əslində, siz dediyiniz kimi deyil. İndi insanlar daha çox xəstələnmir. Ümumiyyətlə, tibbin böyük inkişafı ilə bir çox qədim xəstəliyə çarə tapılıb. Qərbdə insanın yaşı 50-dən 70-ə, 80-ə qalxıb.

Demək ki, ölümlə nəticələnən xəstəliklər daha azdır. Bəs bizə niyə elə gəlir ki, insanlar daha çox xəstələnir? Məncə bu, sosioloji sualdır. Digər tərəfdən, bəli, süni qidanın, ətraf mühitin korlanması, ümumilikdə sivilizasiyanın nəticəsi olaraq xərçəng kimi xəstəliklərin çoxaldığını deyə bilərik.

-Hər halda, canlılarda mutasiya gedir. Mutasiya anlayışı insanlarda qorxunc bir təəssürat yaradır. Buna görə də, xahiş edirəm ki, sadə dildə mutasiyaların nə olduğunu izah edəsiniz.

-Mutasiya hər zaman pis şey demək deyil. Mutasiya nədir? Mutasiya irsi maddəmizin kodunda hər hansı bir dəyişiklikdir. Mutasiya təkamülün yanacağı, hərəkətverici qüvvəsidir. Mutasiya olmasa, heç bir canlı olmazdı. Sizin məndən fərqli olmağınızın səbəbi mutasiyadır. Mutasiyalar eyni zamanda bir insanda immunitet sisteminin yaranmasında rol oynayır.
Bakteriyalarda mutasiyadan bəhs ediriksə, bunun da bir fərqi yoxdur. İnsan üçün mutasiya nə mənaya gəlirsə, bakteriya üçün də bu, eyni şeydir. Sadəcə bakteriyalar insana nəzərən daha sürətli bir şəkildə çoxalırlar. İnsanın döl əmələ gəlmə müddəti aylarla ölçülürsə, bu bakteriyalarda dəqiqələrlə ölçülür.

Nəticədə, bakteriyalar mutasiya nəticəsində daha sürətlə dəyişir, yəni daha sürətli təkamül keçirərək, antibiotiklərə qarşı müqavimət kimi yeni uyğunlaşma mexanizmləri yaratmış olurlar. İnsanın belə şeyləri etməsi üçün yüzilliklərə ehtiyacı var.
Xərçəngin əsas səbəblərindən biri də mutasiyalardır. Bunlar xarici, yəni qida, günəş şüaları kimi faktorların, yaxud iç, yaşlanma kimi orqanizmin öz təbii mexanizmləri nəticəsində əmələ gələ bilər.

-Bakteriyaların mutasiyası və müqavimətinin güclənməsi təkamülə sübutdurmu?


-Təkamül bir elmdir. Onu mutasiya ilə çürütmək yaxud sübut etmək olmur. Elmi nəzəriyyələri ancaq ən az onun qədər geniş və ondan daha güclü - yəni təbiəti daha yaxşı izah edən- alternativ nəzəriyyələrlə çürütmək olar. Ən geniş mənada dəqiq elmlərdə sübut yoxdur, yalnız iddiaları, nəzəriyyələri çürütmək var.
Mutasiyalar hər zaman olub, bu, yeni bir şey deyil. Antibiotiklə bağlı bir məsələni qeyd etmək istəyirəm. Antibiotiklərin gərəksiz şəkildə çox istifadəsi mənfi nəticələrə səbəb olur.
Düzdür, antibiotiklər bakteriya üçün hələ də zəhərdir. Amma nəzərə almaq lazımdır ki, bakteriyalarda çoxalmanın çox sürətli getməsi onlarda antibiotiklərə qarşı yeni silahlar yaradır. Bu, əsasən, insanın səhvidir, ticari səhvdir. Çünki şirkətlərin marağındadır ki, insanlar daha çox antibiotikdən istifadə etsin.

Antibiotikdən gərəksiz istifadə olmaz. Geniş yayılmış bir vərdiş var. Kimsə qrip olursa, antibiotik qəbul edir. Bu, Avropada da, Türkiyədə də belədir. Halbuki antibiotik bakteriyalara qarşıdır. Antibiotik virusa heç bir şey etmir. Antibiotiklərdən yersiz istifadə bakteriyaları bu silaha öyrəşdirir. Bakteriyalar çox-çox güclü canlılardır.

Bu mənada ki, çox əsnək və dinamikdirlər. Buna görə də, onlara qarşı qoyacağınız silah qısa müddət sonra effektivliyini itirir.

-Deyək ki, yediyimiz qidalar da təbiidir, udduğumuz hava da tərtəmizdir. Bu halda mutasiyalar hansı formada olacaqdı?


-Mutasiyanın yaxşı və ya pis olması onun nəticəsindən asılıdır. İstəyir ən ideal bir yerdə yaşayaq, yenə də mutasiyalar gedəcək. DNT çox uzundur. Bu, insanda 3-4 milyardlıq hərfdir. Bunlar kopyalananda istər-istəməz orada səhvlər olur. Bu səhvlər mutasiyadır. Bu səhvlər bir çox zaman önəmsizdir. Sadə müqayisə ilə izah edək. Deyək ki, qalın bir kitabdır, orada hansısa sözdə hərf səhvi var. Bu kitabın mənasına o qədər də təsir etməyəcək. Ancaq elə söz var ki -deyək ki, əsərin adı - orada bir hərfin dəyişməsi mənanı dəyişdirir. Mutasiyalar da belədir. Mutasiyanın harada olmasından çox şey asılıdır. İnsan bir kitabı ya əllə, ya da kompüterlə yazanda, istər-istəməz orada səhvlər olacaq. Amma bu, əsl mənaya nə qədər təsir edəcək?! Əsas məsələ budur.

-Bildiyimə görə mutasiyalar zərərli, xeyirli və neytral olaraq 3 qrupa bölünür. Çox eşidirik ki, mutasiyadan yeni canlı növü yarana bilməz. Bu, kreatsionitlərin ən çox səsləndirdiyi iddiadır. İstəməzdim, fikrimi sırf onların üzərində cəmləşdirək. Dediniz ki, mutasiyalar gedir. Bəs bu, bakteriya səviyyəsindən də böyük yeni canlı növünün yaranmasına gətirib çıxara bilərmi?

-Yarana bilər və yaranır da.

-Məsələn?

-Öncə növ anlayışından bəhs edək. Məsələn, insan və meymunun fərqli növ olduğunu başa düşmək çətin deyil. Növ anlayışı bakteriyalara gələndə isə tamam fərqli olur. Burada morfoloji fərqlər kifayət qədər məlumat vermir. Burada genetik səviyyədəki məsafədən söhbət gedir. Genetik olaraq məsafəyə görə yeni bakteriya növü təyin olunur.
Bakteriya insan ilə müqayisədə sürətli təkamül keçirir. Elm bir çox növün yaranmasını görür və izləyir. Bunlar artıq biologiya üçün yeni suallar deyil.
ABŞ-lı alim Lenski öz laboratoriyasında “Escherichia coli” bakteriyasını uzun müddətdir çoxaldır və izləyir. Bakteriyanın zamanla yeni xassələr əldə etdiyi müşahidə olunub. Təkamül nəinki ola bilər ya da sübut olunub, bu proses artıq göz qabağında gedir.

-Deyirik ki, bakteriyalar sürətlə təkamül keçirir. Bayaqkı sualımı bir az fərqli formada verim, çünki istədiyimi ala bilmədim. Düzü, qulağa bir fantastik səslənə bilər. Bu bakteriyalar təkamül keçirə-keçirə, dinozavr boyda bir canlı növünə çevrilə bilərmi?

-Birincisi, bakteriya heç də bioloji mənada geri qalmış bir canlı deyil. Hətta əksinədir. Biologiyada müvəffəqiyyət anlayışı bir qədər fərqlidir: nə qədər çox çoxala bilirsənsə, bu, müvəffəqiyyətdir. Bu mənada bakteriyalar insanlardan qat-qat müvəffəqiyyətlidirlər. Çünki bakteriyalar insanın heç bir şəkildə yaşaya bilməyəcəyi şəraitdə qala bilir. Oksigensiz də yaşayırlar, oksigenli də. Vulkanın ətrafında, qızğın temperaturlarda da yaşayırlar, daşın üzərində, zibilin içində də. Hər bir insanda trilyonlarca hüceyrə var. Hətta belə bir şey var. Sayca, insanın vücudundaki öz hüceyrələrindən çox bakteriya var vücudunda. Bu mənada bir insan əslində, insan olmaqdan çox bakteriyadır. Bakteriyalar bu mənada geri qalmış deyil.
Bəli, bir zamanlar bakteriyalar təkamül keçirib dinozavr olublar. Ancaq təkrar olmayacaqlar, çünki təkamülün eyni yolu iki dəfə keçməsi çox kiçik ehtimaldır.

-Yəni, deyildiyi kimi, insan canlı içərisində üstün bir varlıq deyil?

-Xeyr. İnsan üstün bir varlıq deyil. İnsanın heyvanlardan və bakteriyalardan fərqi odur ki, o, şüurludur. Biz bakteriya haqqında danışa bilirik, amma bakteriyalar bizim haqqımızda danışa bilmir. Bakteriya şüurlu şəkildə bizi dəyişdirə bilmir. Amma biz onları dəyişdiririk.
Təkamül qabağa edən inkişaf prosesi deyil. Təkamüldə mövcud şəraitə uyğunlaşmaqdan söhbət gedir. Deyək ki, bir neçə min ya da milyon il sonra Yerdə dəhşətli istilər olacaq. Bəs insan bu şəraitə adaptasiya ola biləcəkmi? Əsas sual budur. Bakteriyalar belə şəraitlərə insandan daha asan adaptasiya olacaqlar.
Dinozavrlar isə uduzan növdür, bəli. Onlar yeni şəraitə uyğunlaşa bilmədilər. Bu mənada onlar müvəffəqiyyətsiz oldular.

-Belə bir sual: bəs mikrob nədir? Özünüzdə də laboratoriyada olduğunuza görə, bu suala bioloji aspektdən cavab verin.

-Belə bir anlayış da var ki, mikroblar zərərlidir. Halbuki, mikrobların 90 faizi insan üçün yararlıdır yaxud neytraldır. Mikrobların çox az hissəsi zərər verir. Məsələn, bir mikrob vərəm xəstəliyi yarada bilir. Amma insana yararlı olan bəzi mikroblar olmasa, biz ölərik.

-Almaniyada genetik tənzimlənmə mövzusunda işləmisiniz. Bir az da bu haqda danışardınız.

-Mənim Almaniyada işlədiyim proyekt sistem biologiyası ilə bağlı idi. Bu, genetikanın, struktural biologiyanın informasiyalarını birləşdirib kompüterdə canlının simulyasiyasını yaratmaq məqsədi daşıyır. Bu informasiyaları bir yerə gətirmək asan deyil. Mənim işim boğazda iltihab, xəstəlik əmələ gətirən, əslində pendir bakteriyasına oxşayan, amma təhlükəli “streptokoks” bakteriyasını araşdırmaq idi. Pendir bakteriyası ilə yaxın olsa da, təhlükəlidir və boğazda iltihab əmələ gətirir.
Məqsəd bu və buna bənzər canlıların kompüterdə rəqəmsal modellərini yaratmaq idi. Mən genetik olaraq bunları araşdırırdım.

-Məişət dilində alın yazısı, tale ifadələrini tez-tez eşidirik. İnsanda isə genetik kod deyilən bir şey var. Bu genetik kod insanın gələcəyini müəyyənləşdirir? Yoxsa gələcəyimiz davranışlardan, təhsilimizdən asılıdır?

-Alın yazısı, talenin biologiyada, dəqiq elmlərdə heç bir yeri yoxdur. Bu gündən baxanda insanın gələcəyinin konkret şəkildə təyin olunması mümkün deyil. Biologiyada bir canlının gələcəyinin haradasa yazılmış, əvvəlcədən onun gələcəyinin təyin olunmuş halı deyilən bir şey yoxdur. Teoloji mənadakı talenin elmdə heç bir yeri yoxdur. Genetik determinizmdən danışa bilərik sadəcə. İnsan genetikası haqqında biliklərimiz dərinləşdikcə, hansı gen formalarının xərçəngə qarşı daha zəif olduğunu başa düşəcəyik. Və biz deyə biləcəyik ki, bu kimi şəxslər ehtiyatlı olsun, çünki onun xərçəng olmaq ehtimalı daha çoxdur. Ola bilər ki, mən gündə 1 qutu siqaret çəkim. Amma məndə o genlər olmadığına görə, xərçəngə tutulmaram. İnsan da var ki, siqaret çəkməsə də xərçəngə tutula bilər. Çünki o, genetik olaraq zəifdir. Genetik olaraq təyin olunma isə fərqli bir şeydir. Məsələn, “insanda ağıl geni var, o, ağıllı olacaq” deyirlər. Ya da filan yaşda öləcək deyirlər. Belə bir şey yoxdur. Bu qədər öncədən təyin olunma absurddur.

-Eqoist gen deyilən bir anlayış var. Məşhur alim Riçard Doukinz “Gen eqoistdir” kitabında bu haqda yazıb. Eqoist gen deyərkən sizin ağlınıza nə gəlir?

-Kitabın adı belədir: “Gen eqoistdir”. Ancaq çox zaman belə deyirlər: “Eqoist gen”. Bu, elmi-populyar kitabdır. Bu cür kitablardan ciddi elmi nəzəriyyə gözləmək olmaz. Bu kitabda genetika, təkamül nəzəriyyəsi haqqında mühakimələr var. Birincisi onu deyim ki, Doukinzin nəzəriyyəsinin çox da tərəfdarı yoxdur. Modern biologiyada çox da ciddiyə alınan bir nəzəriyyə deyil.
Məsələni belə izah edim. Binanın vahidi kərpicdir. Təkamülün vahidi isə populyasiyadır. Yəni, bir yerdə yaşayan eyn növə aid canlılar.
Məsəl üçün, Qalapaqos adalarında iki ada bir-birindən ayrılır. Eyni növə aid quşların biri bir adada, digəri isə başqa adada qalır. Min il, 100 min il, milyon ilə keçəndən sonra isə o quşlar bir-birindən fərqlənməyə başlayırlar. Çünki, yaşadıqları şərait fərqlidir. Fərqli şeylər yeyirlər. Artıq mutasiyalar nəticəsində təkamül keçirib bir-birilə cütləşə bilmirlər və ayrı növ sayılırlar. Bu, Darvindən bu yana təkamülün ən çox bilinən və qəbul olunan mexanizmidir. Yəni, təkamül qüvvəsi populyasiya üzərində işləyir. Doukinz isə deyir ki, təkamül populyasiya üzərində yox, genlər üzərində işləyir. Doukinz iddia edir ki, genlər bir-birilə mübarizə aparırlar. Düzü bu nəzəriyyə mənə də elə bir dərin nəzəriyyə kimi gəlmir.

-İnsanda artıq ya da yararsız genlər varmı?

-Kim necə qərar verir ki, bu, artıqdır? Bəlkə biz o genin hansı rol oynadığını bilmirik və ona görə artıq deyirik? Bir genin lazım olmadığını bilmək çox çətindir. Təkamüldə funksiyasını itirmiş genlər var. Məsələn, meymunda hansısa gen işləyir, insanda isə eyni funksiyanı yerinə yetirmir. Lakin mübahisələr var. Bəziləri deyir ki, bütün genlər işləyir, sadəcə onların harada nə etdiyini dəqiq bilmirik. Çox mürəkkəbdir.
Qrip kimi virus infeksiyası milyon illərdir var. Təkamül boyu bu viruslar insan DNT-sinin içinə özlərini inteqrasiya etdirib orada qala biliblər. İnsan DNT-nin hardasa bir ya da iki faizi virusdur. Bunlara artıq deyə bilərsiniz. Lakin dediyim kimi, alimlərin bir qrupu deyir ki, bunların da funksiyası var.
İndi başqa bir izah verim. Uzun DNT-miz var. Məlumdur ki, bunun 90 faizi boşdur. Ancaq 10 faizi həqiqi iş görür. Amma bəlkə də o 90 faiz də iş görür biz bilmirik?! Bu, hələ də sualdır. 20 il əvvəl o 90 faizə zibil DNT deyirdilər. İndi isə iddia edirlər ki, onlar dolayı yolla nəyəsə təsir göstərir. Bildirirlər ki, onlar bəlkə də o 10 faizi qoruyur. Milyard illik təkamüldə bu qədər boş yer DNT-də saxlanmazdı. Ona görə də, hər şeyin az da olsa bir funksiyası olmalıdır.

-Bəzən xalq təbabətinin faydalarından çox danışırlar. “Limon xərçəngi sağaldır”, “kəklikotu vərəmə xeyirdir” kimi ifadələr eşidirik. Həqiqətənmi belədir?

-Bu problem inkişaf etmiş cəmiyyətlərdə də var. Bəs tibb bu qədər inkişaf etmişkən insanlar niyə belə şeyə inanırlar?
Bizdə xalq təbabəti çox şişirdilir. Spesifik adlar çəkmək istəmirəm, amma ümumi olaraq bizdə hansısa təbii məhsulun faydaları çox qabardılır. Onları möcüzəvi dərmanlar kimi təqdim edirlər. Belə bir şey demək lazımdır. 99 faiz təbii olan bir şey insana zərər verməz. Burası bəllidir. Bunu bioloji nöqteyi-nəzərdən belə izah edirik: Canlılar 3 milyard ildir ki, bu təbii şeylərin içərisində olub və onlara uyğunlaşıb. Süni şeylərin isə tarixi çox qədim deyil. Süni qidalar bu baxımdan ziyanlı sayıla bilər. Amma təbii şeylərin də mənfi təsiri var. Məsələn, ilan zəhəri təbiidir. Amma hamı bilir ki, insanı öldürür.
Kəklikotu təbii ki, xeyirli bir bitkidir. Ancaq kəklikotu vərəmə, xərçəngə, qripə dərman deyil. Dərman deyilən şey bioloqların üzərində təcrübələr aparıb, nəticəsini sübut etdiyi preparatlardır. Kəklikotunun zərəri olmaz, amma onunla xəstəlik müalicə etmək ehtimalı azdır.

Limondan istifadə etmək, meyvə yemək insana kömək edir. Amma xərçəng kimi ağır xəstəlikləri müalicə etməz. Bizdə xalq təbabəti çox qabardılıb, şişirdilib. Bu yanaşmanın zərərsiz görünsə də, çox zərəri də ola bilər. Deyək ki, bir insan xəstədir və inad edir ki, bunu kəklikotu ilə sağaldacağam. Vəziyyəti isə get-gedə daha da ağırlaşır.

-Bayaq xərçəng xəstəliyindən danışdıq. Düzdür, dəqiq səbəblər bilinmir. Lakin genetik kimi fikriləriniz maraqlıdır. Xərçəng niyə əmələ gəlir?


-Vaxtaşırı xəbər çıxır ki, xərçəngin müalicəsi tapılıb. Birincisi, xərçəng tək xəstəlik deyil. O, çox çeşidli və fərqlidir. Avropada ya da Amerikada bir həkim, alim xərçəng üzərində araşdırma apararkən, bu xəstəliyin spesifik növünə köklənir. Orada elm adamı “mən xərçəngi işləyəcəyəm” demir. Çünki xərçəng xəstəlikləri orqanlara, mexanizminə görə çox fərqlilik göstərir. Məsələn, ağciyər xərçəngi ilə beyin xərçəngi tamamən fərqlidir. Sadəcə əsas mexanizmi eynidir. Hüceyrə qarşısıalınmaz, şəkildə çoxalır. Ortaq bioloji mexanizm budur. Xərçəng əslində yüzlərlə fərqli xəstəlikdir. Bu gün bir neçə növünə elə ya da belə müalicə tapılıb. Lakin bir çoxuna tapılmayıb və hələ də bu xəstəliklər insanları öldürür. Hər gün “xərçəngə müalicə tapıldı” kimi tirajlanan xəbərlər mənasızdır. Sual olunur: Hansı xərçəngə?

-Mikrobioloqsunuz. Bitkilərdə də xərçəng olması mümkündürmü? Ya da xərçəngin ekvivalentində olan bir xəstəlik.

- Bəli, bütün çoxhüceyrəli canlılarda - bitkilərdə də, heyvanlarda da – nəzəri olaraq xərçəng xəstəliyi mümkündür.
Bitkilərdə də xərçəng olur. “Aqrobakterium” deyilən bir bakteriya bitkilərdə xərçəng əmələ gətirir. Öz DNT-ni zorla bitkiyə ötürür və orada xərçəng əmələ gətirir. Bəzən biz ağaclarda şişlər görürük. Bunların bəziləri xərçəngdir. Ancaq məsələ budur ki, bitkilərdə xərçəng heç də qorxulu deyil.
Demək olar ki, bu, bitkiyə heç nə etmir. İnsanlarda xərçəng ona görə təhlükəlidir ki, o, sürətlə vücudda yayılır (metastaz). Elə başa düşürəm ki, bu yayılmanın əsas səbəbi qan dövranıdır.

Bitkilərdə isə belə bir dinamiklik yoxdur deyə onların xərçəngi lokal olur. Biz xərçəng xəstəsi olan şaftalı ağacının meyvəsini yesək bunun heç bir zərəri olmaz. Lap xərçəngi olan heyvan da olsa. Xərçəng xəstəliyi yoluxucu xəstəlik deyil.

-Sizin çıxışlarınıza və məqalələrinizə diqqət yetirmişəm. GMO məhsulların heç də zərərli olmadığını israrla deyirsiniz. İndi biz narahatlıq keçirmədən GMO məhsullar yeyə bilərik?


-Bəli. Şəxsən mən ekvivalentlə müqayisəd öz şəxsi sağlamlığım üçün GMO məhsullardan istifadə edərəm. GMO insan sağlamlığına nəinki zərərli deyil, hətta faydalıdır.
Lakin burada bir məsələyə etiraz edirəm. Kütləvi istehsal həmişə sünidir. Bir çox yerdə problemlərə gətirib çıxarır. Problem istehsalçı şirkətlərin korporativ maraqlarıdır.

“GMO zəhərdir” deyə sağlamlıq arqumenti irəli sürmək çox mənalı deyil. GMO zəhər deyil. GMO-ya ona görə etiraz etmək lazımdır ki, onun iqtisadi zərərləri var, monopoliya yaradır, bioçeşidlilik, ətraf mühit, ekologiyaya potensial zərərləri var. GMO-nun zəhər, zərərli olması iddiası absurrddur. Bu arqumentin uduzma ehtimalı çoxdur.

-Bir meyvəyə siçan geni vururlarsa, bu, bizim sağlamlıq üçün təhlükəli deyil?

-İstəyirsiniz gündə 10 kilo pomidor yeyin, yenə də pomidora oxşamazsınız. Pomidorun içində gen yoxdurmu?! Var. Bəs o gen bizə niyə təsir etmir?! Ya da Çində böcək, əqrəb yeyirlər. Nə olur, nəsə dəyişir?! Biz toyuq əti yeyirik. İndi beli çıxır ki, biz toyuğa oxşamalıyıq?! Halbuki, toyuqda da, dənlərdə də genlər var. Siçan geni də sadəcə deyək ki, şaftalıya köçürülür. Bu isə insana zərərli deyil. Çünki insan onsuz da yediyi şeyləri həzm edir. Qida mədəmizdən keçəndən sonra orada gen qalmır.

-Məsələn, mən GMO pomidor alıram və yeyirəm. Ancaq ondan pomidor tamı gəlmir. Bu məsələdə var axı.

-Bir məhsula uzaqdan baxmaqla onun GMO olub-olmadığını bilmək mümkün deyil. Məsələ burasındadır ki, insanlar bir az böyük, parlaq pomidor ya da alma görən kimi onların GMO olduğunu düşünür. Mən genetikəm, amma bir şeyə baxmaqla onun GMO olub-olmadığını deyə bilmirəm.

Çünki bir şeyin GMO olub-olmadığını bilmək üçün o laboratoriyaya getməlidir, incələnməlidir, analizdən keçməlidir. İkincisi isə, ümumiyyətlə GMO pomidor yoxdur.

Belə bir şey bu gün bazarda yoxdur. Bu məhsul bazardan çəkilib. GMO olan məhsulların konkret siyahısı var. Bu siyahıda pomidor yoxdur.

Üçüncüsü isə, bir şeyin dadının olmaması başqa şeydir. Mən Hollandiyada yaşamışam və orada aldığım pomidorlardan heç bir dad almamışam. Çünki kütləvi istehsal olunur. Sintetik gübrə verilir.

Ancaq gübrə vermək o məhsulun GMO olması anlamına gəlmir. Əksinə GMO-da isə sintetik maddədən daha az istifadə olunur.


Aqşin KərimovБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031