manera.az
manera.az

Uzun ömrün akordları |MANERA.AZ

Uzun ömrün akordları  |MANERA.AZ
Şirin Rzayev – 75

Deyirlər yaşamaq da bir sənətdir. Taledən hər kəsə bəxş olunan sənət. Əsl insan odur ki, bu ömrü mahir sənətkar kimi yaşayır. Bəli, məhz sənətkar kimi. İnsan sənətkar olandan sonra isə ikiləşir. Sevinci də, kədəri də iki qat artır. Sənətkarın payına sevinc hisləri çox az düşür. Yaradıcılıq nigarançılığı, şübhələr onu sıxır. Ancaq bu nigarançılıq və şübhələr bağbanın becərdiyi ağacın meyvəsini dərənə kimi keçirdiyi nigarançılıq kimidir.

Sənətkar var ki, hər zaman yüksək titullar qazanmağa ömrünü sərf edir. Sözün əsl mənasında yaradıcılıq axtarışlarının deyil titullarının kölgəsində gizlənir. Sənətkar da var ki, qəlbini sənətinin yolunda piltə-piltə əridir, öz yaradıcılıq axtarışlarını sənətin zirvəsində, tamaşaçı rəğbətində görür. Amalı və yaradıcılığı uğrunda daima inkişafda, axtarışda olur.

Ulu Şeyx Nizami yurdu olan qədim Gəncə hər zaman sənətkarlar məskəni olmaqla yanaşı, çağdaş Azərbaycan mədəniyyətinin inkişafı naminə sözün əsl mənasında böyük bir məktəb yarada bilmişdir. Bu məktəb neçə-neçə sənət fədailəri, qocaman səhnə ustaları yetişdirmişdir. Bu gün də bu ənənə davam etməkdədir. Gəncədə hər gün böyük şövqlə yaradıcılıq axtarışlarının ardınca gedən bir sənətkar yaşayır. Ömrünün 75-ci baharına qədəm qoymağa hazırlaşan respublikanın əməkdar mədəniyyət işçisi Şirin Rzayevi Gəncədə tanımayan yoxdur. O, hər zaman yaradıcılıq axtarışlarındadır. Böyük sənət məktəbi keçən qocaman ustad bu gün də Gəncəmdə neçə-neçə gənc nəslin yetişməsində xidmətlərini əsirgəmir.

Şirin Rzayev 1968-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyasının) xor-dirijorluğu fakültəsini əla diplomla bitirmişdir. 1968-69-cu illərdə Konservatoriyada müəllim, 1969-74-cü illərdə isə Gəncə orta ixtisas Musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərmişdir.

1969-cu ildə Şirin Rzayev Gəncədə ilk dəfə Simfonik Orkestr yaratmış və onun baş dirijoru kimi 1980-ci illərin sonlarınadək çalışmışdır. Təsadüfi deyil ki, məhz bu Simfonik Orkestrin Gəncədə olan fəaliyyətinə dövrümüzün görkəmli bəstəkarlarından olan Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov və böyük dirijorumuz Niyazi də yüksək qiymət vermişlər. Gəncədə 1980-92- ci illərdə yaradıcısı olduğu “ Şərəfxanlı ” el nəğmələri teatrının bədii rəhbəri olmaqla, həmçinin “ Mahnı bayramları” nın baş dirijoru və ya musiqi rəhbəri kimi də fəaliyyət göstərmişdir. 1981-ci ildə Moskvada keçirilmiş “Səni tərənnüm edirəm, Vətən ! ” adlı ümumittifaq müsabiqəsində “ Şərəfxanlı ” el nəğmələri teatrı birinci yerə layiq görülmüş və Şirin Rzayev “ Qızıl medalla ” təltif olunmuşdur.

Məhz ümummilli lider Heydər Əliyev hər zaman Gəncəyə gələrkən Gəncə musiqi Evi Simfonik orkestrinin ( 1971-ci il ) və “ Şərəfxanlı ” el nəğmələri teatrı folklor xorunun (1980-ci il) konsertlərində iştirak etmiş və öz tövsiyyələrini bildirmişdir. Şirin Rzayev 1985-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında və xüsusi ilə Gəncənin mədəni həyatındakı səmərəli fəaliyyətinə görə respublikanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Anar Bürcəliyev ,
Teatrşünas

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031