manera.az
manera.az

Xalq artisti: "Çətin yoldayıq..." - MÜSAHİBƏ | MANERA.AZ

Xalq artisti: "Çətin yoldayıq..." - MÜSAHİBƏ | MANERA.AZ
Teatra tamaşaçı gəlmirsə, günahım nədir?

Manera.az rejissor, xalq artisti Vaqif Şərifovla müsahibəni təqdim edir:

Demək olar ki, onunla hər gün görüşürəm. Hər gün də üzündə çox maraqlı bir sevinc duyuram. O, hər zaman zarafatları sevir. Duzlu, məzəli söhbətlərilə teatrda hər kəsin diqqətini özünə cəlb edə bilir. O, sənətkardır, sözün əsl mənasında sənət fədaisidir. Böyük bir sənət məktəbi keçən və həm də özünün sənət məktəbini yarada bilən istedadlı bir rejissordur - Xalq artisti Vaqif Şərifov.

- Vaqif müəllim xoş gördük. Necəsiz ?

- Babat.

- Uzun illərdir bu sənətdəsiniz, teatr aləmindəsiniz və rejissor kimi çalışırsınız. Teatrda Vaqif Şərifov bir sənətkar rejissor olaraq özünü tapa bildimi ?

- Mən artıq 56 ildir teatrda işləyirəm. Özünü tapmaq deyəndə bu sənət elədir ki, istər-istəməz ömrünün axırına kimi axtarışda olursan. Yəni bu axtarışda bir sonsuzluğa gedir, tamamlanması mümkün deyil. Ona görə də bir az özünü tapmaq söhbəti çətin məsələdir. Əgər sənət yolundasansa, axtarışdasansa özünü tapa bilməzsən. Axtarırsan, maneələrə, çətinliklərə rast gəlirsən, daş-kəsəkli yollar keçirsən, yaxşı işində olur, bərbat işində. Baxmayaraq ki, dövlət teatrlarında 120-yə yaxın tamaşaya quruluş vermişəm. Bu o demək deyil ki, haması yüksək səviyyədə qurulan tamaşalar olub. Əlbəttə yenə də bu tamaşaların hər birində axtarışda olmuşam. Hələ də mən özümü tapmamışam. Deyə bilmərəm ki, özümü tapmışam və yüksək səviyyədə zirvəyə qalxmışam. Mənə belə gəlir ki, bu sözü heç kəs belə deyə bilməz. Bu baxımdan axtarışdayam və ömrümün sonunadək də yəqin ki, axtarışda olacam.

- Vaqif müəllim bir çox teatrlarda tamaşalara quruluşlar vermisiz. Xüsusi olaraq Ağdam, Sumqayıt və Gəncə Dövlət Dram teatrlarının adlarını qeyd etmək istəyirəm. Ümumiyyətlə bir rejissor olaraq tamaşalarımızın bu günki səviyyəsi müasir teatrımızda tamaşaçı auditoriyasını qane edə bilirmi ?

- Bilirsiz, çətin yoldayıq bu saat. İlk sualınızın davamı olaraq demək istəyirəm ki, yaradıcı insanların hamısı bu dəqiqə axtarışdadır. O cümlədən müasir gənclik. Güclü bir rejissor nəsli yetişməkdədir və bizim davamçılarımız var. Çox maraqlı bir rejissor ifa forması meydana çıxır. Deyim ki, 60-cı illərdə bir qrup rejissor nəsli bu sənət aləminə gəldi. Vəli Babayev, Zülfüqar Abbasov, Ziyafət Abbasov, Namiq Quliyev, Lauza Rəsulova, Aişə Dibirova, Rafik Atakişiyev və başqaları. Əlbəttə o zamanlar Azərbaycan səhnəsində Mehdi Məmmədov, Nəsir Sadıqzadə, Tofik Kazımov kimi korifey sənətkarlarımız, novator rejissorlarımız var idi. Ancaq o dövrdə biz gəldik və teatrda müəyyən dəyişikliklər etdik. Nə idi bu dəyişikliklər ? 1965-67-ci illərdə mövcud olan teatrın ön pərdəsini ləğv etdik, tamamilə götürdük. Səhnə tərtibatında isə qapı və pəncərə anlayışını aradan qaldırdıq. Buna görə də hər zaman yaşlı nəslin nümayəndələri olan aktyorlarımız tərəfindən qınanılırdıq. Məsələn, mənim ən sevdiyim aktyor, xalq artisti Ələddin Abbasov bu yeniliklərlə heç vəclə barışa bilmirdi, bunları qəbul etmirdi. Deyirdi ki; “Görmüşük teatrın pərdəsi olar. Pərdə acılanda tərtibata tamaşaçı əl çalar. İndi pərdəni aradan götürmüsünüz, tərtibat verirsiniz evin də nə pəncərəsi var, nə də ki, qapısı. Bu necə olan bir işdir?!” O dövrdə qocaman aktyorlarımız bu baxımdan bir qədər narahat idilər. İndi artıq elə bir dövr gəlib ki, biz yaşlanmışıq. Bu gün davamçılarımız olan gənc rejissorların səhnə traktofkalarına, rəssamlarla birgə işlərinə baxıram, inanın mənə səhnəyə və bütün tərtibata yaxşı mənada paxıllığım tutur. Deyim ki, sizə bu rejissor yozumu məni inandırır. Yəni bu yeni bir axtarışdır. Ancaq bu harada tamamlanacaq bilinmir. Bu günkü müasir rejissor işi sözün əsl mənasında məni özünə cəlb edir, inandırır. Gənc rejissorların işi və tapıntısından da məmnunam. Bu gün sizə deyə bilərəm ki, teatrımızda baş rejissor kimi fəaliyyət göstərən İradə Gözəlova düşündürücü, maraqlı səhnə traktofkaları ilə tamaşalar hazırlayır. Məni qane edir, mən bu tamaşalardan zövq alıram. Onun bu teatrın səhnəsində ilk quruluşu olan İlyas Əfəndiyevin “Qəribə oğlan” pyesinin tamaşasını açığı bəyənməmişdim. Ancaq sonradan digər tamaşalarına baxdıqda gördüm ki, yox İradə qeyri-adi bir rejissordur. Əlbəttə, bu gün rejissor kimi gələnlərin hamısı da belə deyil, ancaq əksəriyyəti istedadlı gənclərdir.

- Vaqif müəllim, bu gün dövrümüz tamamilə başqalaşıbdır. Yəni texnika əsri, internetin geniş bir vüsət aldığı zamanda yaşayırıq. Bəlkə də deyərdim ki, canlı olan bir teatr bu günün tələbləri qarşısında acizdir. Bütün bunlara rəğmən tamaşaçı duyumunu özündə saxlamaqla teatrlarımız repertuarını necə təşkil etməlidir ?

- Bu bir reallıqdır və bilirsiz ki, əvvəlki dövrlərdə olduğu kimi tamaşaçını heç cürə teatra qaytara bilmirik. Sözsüz ki, 20-25 il bundan qabaqkı tamaşaçı axını yoxdur. Bunun da səbəbini hamımız çox yaxşı bilirik. Təəssüf ki, bu gün televiziyalarda bayağı və yüngül formada tamaşalar göstərilir və tamaşaçılar buna baxır. Bu gün Coşqun və Rəfaelin səhnədəki ifasına mən də maraqla baxıram, qardaş. Tamaşaçı təlabatı bu gün nədənsə bu səpgili oyunlaradır. Ancaq vaxt və dövr olub ki, bu teatra axın olub. Təbii ki, burada həm də televiziyaların böyük rolu var. Çünki evimdə artıq 300-400 kanala baxmaq imkanım var və teatr mənim evimə gəlib. Bütün bunların çox böyük təsiri var. Bu gün məcburuq tamaşaçının dalınca qaçmağa. Müxtəlif yollarla tamaşaçını teatrlarımız üçün bərpa etməliyik. Vaxtı ilə Gəncə Dövlət Dram teatrının elə müharibənin qızğın vaxtında belə tamaşaçısı olub. Küsülülər gəlib bu foedə barışıblar. Xatırlayıram ki, hətta atlılar dayanırdı teatrın qabağında tamaşalarımız üçün növbələr saxlayırdı. Bu cür axın vardı. Biz tamaşa hazırlamışdıq, Orxan Kamalın “Yad qızı” pyesini. Hər tamaşaya böyük axın vardı. Hətta evdə tamaşaçı zənglərindən otura bilmirdik. Bu gün teatrlara tamaşaçı axınının olmaması bütün hər yerdə mövcuddur. Xatırlayıram ki, Moskvada hətta mən təkmilləşmə kursuna getməzdən bir ay qabaq orada olan müxtəlif teatrlara bilet sifarişi edirdim. Ancaq bu gün elə getsək çox rahat şəkildə orada da istənilən teatrın tamaşasına bileti tapa biləcik. Yəni bilirsiz dövr və zaman, təlabat dəyişib. Məgər bu gün bizim pis tamaşalarımız var? Çox gözəl tamaşalarımız var. İradə Gözəlova kimi bir rejissorun tamaşalarına baxırsan ləzzət alırsan. Ancaq zala baxırsan tamaşaçı yoxdur. Çox böyük bir dərdimizdir.

- Vaqif müəllim, necə bilirsiz bu gün qapalı teatrlardan daha çox meydan teatrlarına, meydan tamaşalarına ehtiyac varmı ?

- Bu ənənə Gəncədə davam edir. Bilirsiz, şəhər tədbirlərinin quruluşçu rejissoru adətən mən oluram. Bu gün meydan tamaşaları dedikdə belədir ki, yolla bir nəfər keçir və baxır ki, tədbir var, məcburən dayanıb baxır. Ancaq yadınıza gəlirsə, 1988-1990-cı illərdə meydanlarda mitinqlər gedirdi. O zamanlar sanki teatrın bir qismi meydana köçmüşdü. Bir dənə cəsarətli söz o dövr üçün kifayət idi. O dövrlərdə senzura vardı. Məsələn, xatırlayıram, Fəridə Əlyarbəylinin “Qonşular” pyesini oynayırdıq. Bu pyes korrupsiya ilə mübarizəyə yönəlnmişdi. Pyesdə fikir səslənirdi ki, uşaqlıqda oğurluq üstə yatıb indi polis rəisidir və ya rüşvət alan təhsil şöbəsinin müdiridir. Bu kimi fikirlərə görə o dövrlərdə senzura bizə qan uddururdu. Ancaq sonradan artıq bu kimi fikirlər başladı meydan hərakatında açıq-aşkar söylənilməyə. Artıq bu gün müstəqil məmləkətimizdə senzura yox, nə istəyirsənsə yazıb səhnəyə gətirmək mümkündür. Mövzu qıtlığı tamamilə yoxdur. Niyə mövzu qıtlığı olsun ki? Bu boyda Qarabağımız əldən gedib. Bəyəm qıtlıqdır? Mövzudur da. Özü də lazımlı, kifayət qədər orjinal bir mövzu. Bu mövzu bəsit mövzudur bəyəm? Yazın da, qardaş. Sadəcə olaraq nə tutarlı bir formada yazan var, nə də ki, bu barədə düşünən. Bilirsiz ki, Gəncə teatrı hər zaman yerli dramaturqlarla mütəmadi olaraq işləyib. Bu teatrın öz dramaturq yetişdirmələri olub. Altay Məmmədov, Qərib Mehdiyev, Fəridə Əlyarbəyli, Nüşabə Məmmədli, Xəzangül, Sahib İbrahimli, Aydın Murovdağlı və.s. Ancaq təəssüf olsun ki, bu gün yazar da azdır.

- Vaqif müəllim elə meydan tamaşalarından söhbət düşmüşkən istərdim ki, bir az da ötən 80-ci illərdə Gəncə Dövlət Dram teatrının bir parçası olan Nizami Poeziya teatrından danışaq. Gəncəmiz üçün çox böyük önəm daşıyırdı bu teatr. Hətta bu teatrın yaranmasında, formalaşmasında mərhum Altay Məmmədovun çox böyük rolu vardı. Bu gün Nizami Poeziya teatrının Gəncədə fəaliyyətsiz qalması nə dərəcədə doğrudur ?

- Mən qorxmadan, cəsarətlə demək istəyirəm ki, bu bizim səhvimizdir. Nizami Poeziya teatrı bu gün Gəncə Dövlət Dram teatrının nəzdində fəaliyyət göstərir. Sadəcə olaraq biz o teatrı bu gün tam şəkildə işlədə bilmirik. Çox əfsuslar olsun. Bu teatr Gəncədə işləməlidir. Nizami Poeziya teatrı Gəncəyə deyərdim ki, hava-su kimi gərəklidir. Nəyinki Gəncəyə bütün respublikamıza lazımdır. Unikal, əvəzsiz bir teatr formasıdır. Belə bir teatr dünyanın heç bir yerində yoxdur. Bu teatrın repertuarı hətta imkan verir ki, dünyanın istənilən nöqtəsində tamaşa göstərmək imkanından yararlana biləsən. Yəni istənilən bir xarici ölkənin tarixi bir binasının qarşısında, açıq havada tamaşaları nümayiş etdirmək mümkündür. Bu yeni bir tapıntı, yeni bir forma idi. Bilirsiz ki, bu teatrın tamaşaları fonaqramma ilə oynanılırdı. O zamanlar da bu teatra böyük maraq vardı. Hətta gələn qonaqlar belə bu tamaşalara həsədlə baxırdılar. Burada bir maraqlı cəhətdə vardı ki, Poeziya teatrının hər gecə tamaşaçısı vardı. Yenə də açıq hava altında orada tamaşa hazırlasaq tamaşaçı olacaq. Bu gün buna yenə də ehtiyac duyuram. İndi şəhər rəhbərliyinin göstərişi ilə Aydın Murovdağlı Gəncənin tarixini özündə əks etdirən, böyük bir səlnamə, maraqlı bir meydan tamaşası üçün pyes yazır. Bu ilin sentyabr ayına mən yenə də onu hazırlamalıyam. Çox ağır bir işdir. Bildirmək istəyirəm ki, şəhərimizin bütün mədəniyyət ocaqları bu işə cəlb edilməklə müştərək bir maraqlı meydan tamaşası hazırlanacaq. 300-400 nəfərə yaxın iştirakçının olacağı planlaşdırılır. Son tamamlanma işləri gedir və güman edirəm ki, maraqlı bir iş ərsəyə gətirə biləcəyik.

- Adətən rejissorların bir dəsti-xətti olur. Bir qrup rejissorlar dram janrında işləməyi, bir qrupu komediya janrında və bir qrupu da ancaq faciə janrında işləməyə daha çox üstünlük verirlər. Vaqif Şərifov isə bu janrların hər birində rejissor olaraq özünü göstərə bilib və səhnə traktofkası bir-birinin sanki davamı kimi təqdim olunub. Bu quruluşlar bir-birinin təkrarı deyil, əksinə hər zaman yeni bir fikir görünməkdədir. Bu gün hansı səpgidə daha çox tamaşaların hazırlanmasına ehtiyac var ki, tamaşaçını teatra cəlb etmək mümkün olsun ?

- Ümumiyyətlə, mən psixoloji hisslərə təsir edən pyeslərə müraciət etməyi daha çox sevirəm. Daxilimdə də buna daha çox ehtiyac duyuram. Bununla yanaşı pyeslərdə daha çox obrazların sayının daha az olmasını istəyirəm. Səbəbdə budur ki, personajları çox olan psixoloji pyeslərə tamaşaçılar çətin baxır. Ancaq az personajlı pyeslər maraqla izlənilir. Bilirsiz, psixoloji pyeslər, insan taleyi ilə bağlı olan əsərlər hər zaman baxılır. Deyim ki, bu gün Gəncə teatrında bu səpgidə işləmək istəyən həm də aktyorlarımız çoxluq təşkil edir. Bu səpgidə pyeslərin işlənməsinə daha çox üstünlük verirəm.

- Vaqif müəllim, bu gün yox ki, respublikamızda ixtisaslı kadrlar yetişmir, kifayət qədər yetişir. Sadəcə olaraq təəssüflər olsun ki, regionlara kadrların gəlişi böyük bir problemə çevrilib. Demək olar ki, yox səviyyəsindədir. Bu gün region teatrlarında olan teatr studiyalarına gəncləri cəlb etməklə yeni kadr potensialının yetişməsinə çalışılır. Vaxtı ilə qocaman sənətkarlarımız gənclərin əlindən tutub səhnəyə, sənətə gətirirdi. Bu gün gənclərin də teatra gəlişi çox böyük sual altındadır. Min bir əziyyətlə cəlb olunan gənclər isə təəssüf ki, burada bir çox çətinlikləri, əsas da maddi çətinlikləri görüb bir müddətdən sonra səhnədən uzaqlaşmalı olurlar. Bu gün kadr potensialının çatışmazlığı fonunda teatrlarımızın sonu necə görünür ?

- Bilirsiz, necədir? Əvvəllər bizim İncəsənət Universiteti ildə iyirmiyə yaxın aktyor ixtisası üzrə kadr yetişdiridi. Bu kadrlar da məcburi olaraq təyinatla gedirdilər respublikamızda fəaliyyət göstərən bütün teatrlara. Bu təyinatla da bu gənc heyyət bütün təminatlarla təmin olunurdular. Bu gün təəssüf olsun ki, məcburi təyinat məsələsi ləğv olunub. Bu gün İncəsənət Universiteti yenə də həmin kadr potensialını kifayət qədər yetişdirir. Təəssüf olsun ki, universiteti bitirən gənc kadrların biri də regionlara qayıtmır. Bu həm də elə Gəncəyə də aiddir. Mənim bu teatrda yetişdirdiyim neçə-neçə belə gənc aktyorlarımız vardı ki, universitet illərindən sonra Gəncəyə qayıtmadılar. Sadəcə olaraq paytaxt teatrlarına üz tutmağın da bir məqsədi var. Burada təbii ki, daha tez tanınmaq və sözün həqiqi mənasında daha yaxşı pul qazanmaq imkanı əsas amildir. Ancaq bir sual yaranır. Bu ixtisasa yiyələnən hər kəs paytaxt teatrlarında çalışa bilirmi? Əsla yox. Hər kəs də bu paytaxt teatrlarının səhnəsini görə bilmir. Bəs nə edirlər? Sadəcə olaraq el şənliklərində kloun və ya müəyyən əyləncəli proqramlarda iştirak etməklə gündəlik maddi təlabatlarını ödəməklə məşğul olurlar. Bununla da əsl sənət qalır kənarda. İndi bu problemin həllini hər bir region teatrı öz gücü hesabına yaratmış olduğu teatr studiyaları hesabına həll etməyə çalışır. Hər halda bu studiyalara hər mövsümdə 15-20 nəfər gənc yığılır və onların içərisindən 2-3 nəfər yetişə bilir. Bu gün faktiki olaraq region teatrlarında olan gənc aktyor heyyətinin əksəriyyəti məhz bu cür cəlb olunan gənclərdir. Əlbəttə ki, bu hal təqdirə layiqdir. Ancaq deyim ki, bu da bizim üçün bir dəqiq yol deyil ki, bununla kifayətlənə bilək. Sözsüz ki, taetrlarımız üçün hər zaman ali təhsilli kadr potensiyalına böyük ehtiyac var və lazımdır.

- Vaqif müəllim, olubmu ki, istədiyiniz bir pyesi hazırlaya bilməmisiniz ? Obyektiv və ya subyektiv səbəblərdən.

- Bilirsiz, insanda həvəs ölür. Mən bu gün görürəm ki, premyera verirəm, aktyor oynayır, ancaq zalda tamaşaçı yoxdur. Biz dayanıb tamaşaçı gözləyiriksə, aktyor və ya rejissor nə etməlidir? Mənim üçün bu çox ağırdır. Günahım nədir ki? İstəyirəm ki, zal tamaşaçı ilə dolu olsun. Əfsuslar olsun ki, yoxdur. Bu təkcə Gəncə ilə bağlı deyil. Bu bütün regionlarda belədir. Bu halda nə aktyor, nə də ki, rejissor günahkar deyil. Bu gün görürəm ki, zal boşdur, tamaşaçı yoxdur təbii ki, bunların hamısı mənə təsir edir. Tamaşaçı gülüşündən və alqışından məhrum olmuşuq. Ona görə də həvəs ölür. Mən bəyəm bir premyera üçün tamaşa hazırlamalıyam? Ya da ki, bir və ya iki tamaşa üçünmü? Sözsüz ki, bu kimi hal teatr rəhbərliyinin və ya yaradıcı kollektivin günahı üzündən deyil. Bu ümumi bir bəladır. Bu axında hara qədər gedirik bilinmir. Biz bu sənətin fədailəriyik. Tamaşaçısız teatrı təssəvvür belə edə bilmirəm. Buna baxmayaraq yenə də yeni tamaşaların hazırlanmasına maraqlıyam. İndi yeni bir pyes üzərində Əli Əmirlinin “ 20 ildən sonra ” pyesinin məşqlərinə başlamışam.

- Uğur olsun.


Anar Bürcəliyev,
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031