manera.az
manera.az

"GÜNƏŞ ÖVLADI" - Xanım Aydının YENİ hekayəsi |MANERA.AZ

"GÜNƏŞ  ÖVLADI" - Xanım Aydının YENİ hekayəsi  |MANERA.AZ

MANERA.AZ Xanım Aydının yeni hekayəsini təqdim edir:


Çayını-çörəyini verib işi əskik adamlar kimi ərinə yaxınlaşdı. Səsində kəpənək qanadının titrəyişi, yuvadan düşməyə qorxan yavru quşun ürkəkliyi vardı.
-Ay kişi, yolda daha biri var.
-Mən uşaq zad istəmirəm. Neynirsən elə, rədd elə getsin! Doğsan, aparıb verərsən dədən saxlar.
-Ay kişi, dədəm evimdən gətirməmişəm ki!
-Kəs səsini!
"Qonşu arvad deyirdi ki, şalı isidib qarnını möhkəm sıxıb bağlasan, uşaq düşər. Bəlkə mən də elə eliyim. Haranın daşını töküm başıma? Neyniyim?" –fikriləri beynində burula-burula türkəçarəçi qonşu arvadın dediklərini etdi. Bazardan 3-5 quruşa alınmış qara qul kimi gecə-gündüz işləyirdi yazıq. Nə qarnına bağladığı isitdiyi şal, nə də ki gördüyü ağır işlər onun dadına yetmədi. Kənddə bir həkim vardı, kimin harası ağrıyırdı onun yanına üz tuturdu. Hündür boylu, qarayanız, Bakıda institut oxuyub gəlmiş, ağıllı-kamallı, Zeynəb adlı bir qadın idi. Get-gedə qarnının böyüdüyünü görən Telli, kişi qonşu kəndə arpa-dən dalınca gedəndə elə həmin həkimin yanına məsləhətə qaçdı. Başına gələni qarnına sığal çəkə-çəkə, bir-bir ona danışdı, ağladı. Elə bil yazığın ürəyi doluymuş. Çoxdan torpağın soyutduğu ana-bacısı əvəzinə nə dərdi vardı hamısını dil-dil ötdü. Həkim balaca tütəyə oxşayan taxta aləti onun qarnına diriyərək artıq gec olduğunu söylədi.
-Ay Telli bacı, bu ta əməlli-başlı böyük uşaqdıye. Məhv eləmək olmaz axı. Həm tibbi cəhətdən mümkünsüzdü, həm də vallah günahdı. Allah verən paydı. İnşallah ruzisin də verər, saxlarsız. O biriləri necə, bu da elə. Həyət-bacan mermeyvəylə doludu. Onlardan ye, uşaq sağlam olsun. Ta nəsə eləməkçün gecdi, bacı. Get ərini də razı sal. Uşağın ürəyi tappatap saat kimi döyünür.
Telli bir əli dizində, bir əli başında kələ-kötür yolla evə sarı yönəldi. Yolda onu görənkəntdə kimin harda nə etdiyindən, kimin evlənib, kimin boşanıb, kimin uşaq doğduğundan hamıdan, hətta özlərindən belə tez xəbər tutan Fatma xala - "ay Telli, qarnın dik qabağadır. Oğlan olacaq. Mən billəm də. Kəndin bütün hamilələrinin nə doğacağını həmişə düz demişəm. Toba oğlan olacaq" deyir və ona guya ürək-dirək verib, arxasınca qonşularla pıçıldaşır. Telli dolama-dolama kənd yoluyla ayaqlarını güclə sürüyə-sürüyə evə doğru addımlayır. Xallı yaylığının nə vaxt başından sürüşüb çiyninə düşdüyünü, harda saldığını xatırlamadan, gözü ətrafdakıları görmədən gedir. Birdən yadına düşür ki, kişi birazdan evə dönəcək. Addımlarını itiləşdirir ki, evə tez çatsın, uşaqları yerbəyer eləsin. Əri kür adamdı. Gəlib heç nə üçün bircə deyinib-danışmasın.
Xeyli vaxt kişi Tellini dindirmədi. Onu da qınamaq olmurdu. Neyləsin, dolanışığı çox ağır idi. Onsuz da uşaqları bir qarın ac, bir qarın tox böyüdürdü. Telli həyət-bacada odun yardı, daş daşıdı, tarlada işlədi, evin işin gördü. Qızları da bacardıqları qədər ona kömək edirdilər. Amma onlar da hələ balacaydılar. O, türkəsayaq qadın idi. Düşünürdü ki, bəlkə ağır işlər görsə uşaq düşər, tələf olar. Elə bu cür düşünə-düşünə aylar ötdü, bir də əlində yaba ot tayasını səhmana salarkən sancısı tutdu, qonşular harayına çatdı. Qonşusu Ceyran, bir də kəndin uşaq tutanı məşhur Məsmə xala bu uşağı dünyaya gətirdilər. Uşaq süd kimi ağappaq idi. Amma nədənsə heç ağlamadı. Məsmə xala yanına bir-iki şillə çəkəndən sona körpənin səsi segah kaman üstündə inləyən kimi çıxdı. Ətli-qanlı olsa da, zəif görünürdü nəsə. Göbəyini kəsib, təmizləyib bələdilər. "Allah saxlasın" deyib, verdilər anasının qucağına. Körpə elə zəif idi ki, süd əmməyə belə çənəsində taqət yoxuydu. Artıq bir neçə gün keçmişdi. Ərinin evə kefi kök gəldiyini gördü. Ləyəndə isti su gətirib ayaqlarını yudu, yeməyini-içməyini verdi ki, heç nədən narazılığı olmasın. Gedib körpəni qırağı qırçınlı, xırda güllü əskiyə bələyib, qırmızı lentlə bağladı. Lentin tən ortasından da o uşaqdan bu uşağa, bu uşaqdan o uşağa qalan gözmuncuğunu sancdı, ərinə yaxınlaşdı.
- Başına dönüm, ay kişi. Bax nə göyçək oğlan uşağıdır. Qaşları ayparadı elə bil. Gözləri də badamı. Vallah günəşə oxşayır. Günahdı. Özcə balandı, niyə üzünə baxmırsan? Gözlərinin içi gülür.
Gülnisə körpəni qorxa-qorxa ərinə uzatdı. Dedi bəlkə görüb rəhmi gələr, qucağına alar balasını. Əri üzünü yana tutub qəzəbləndi. Amma bir gözünün ucuyla ani iti baxışla uşağa nəzər yetirdi.
- Sənə demişdim ki, daha uşaq istəmirəm! Öz də bu uşaq heç birimizə oxşamır. Bunu elə bil Özbəkistandan sovqat göndəriblər. Gözü də qıyıqdı. Birtəhər uşaqdı. Arvad, bilmirəm bu nə baladı, bu nə uşaqdı. Amma onu bilirəm ki, bu uşaqla başımız bəla çəkəcək.
- "Sən Allah, balamızdı belə demə. Körpəyə ad da qoymamışıq. Nə ad məsləhət bilirsənsə onu da qoy" - çəkinə-çəkinə, gözü kölgəli adamlar kimi dilləndi.
Kişi borc yiyəsi kimi narazı-narazı uşağı qucağına aldı. Bazarda satdıq mal kimi gözdən keçirəndən sonra zəif, xəstə olduğunu hiss elədi. Dedi ki, adını Əjdər qoyuram. Əjdər quvvə, güc, qüdrət deməkdir. Adını belə çağıraq ki, güclü olsun. Qulağına adını deyib, sağ qulağına azan, sol qulağına iqaməni oxudu.
Günlər ötürdü...Əjdər böyüyürdü...
Amma körpə ətcəbala kimi zəif idi. Telli onu həkimə apardı.
- Ay doxdur, qurban olum, bir bu körpəyə bax. Yaman zəifdi. Ət kimidi. Buna qədər yeddi uşağım olub. Heç biri belə olmuyub. Heç bilmirəm neyniyim.
Həkim ilk baxışdanca uşağın genetik xəstə olduğunu sezdi, ürəyi də çox zəif döyünürdü. Əzab çəkə-çəkə sözünü necə başlayacağını düşündü. Ananın çox narahatçılığını görüb, körpənin xəstəliyi haqqında məlumat verməyə məcbur oldu.
- Telli bacı, heç bilmirəm necə deyim, necə izah edim. Bu irsi xəstəlikdi. Balaca, Daundu. Bu isə o deməkdir ki...o deməkdir ki...
Həkim vurnuxa-vurnuxa qaldı. Ayağa durdu, əllərini ağ xalatının ciblərinə salıb ora-bura vargəl etdi. Tellinin həyəcan içində halqalanıb ona zillənən gözlərindən heç nə anlamadığını görüb dayandı. Tavanın küncünə baxa-baxa bu tibbi terminlə qarşısındakı yazıq qadına heç nə vermədiyini anladı. Və yenidən izah etməyə başladı.
- Telli bacı, uşağınız daundu.
-Booy, taun nədi, ay doxdur? Müharibə vaxtı camaat taundan qırılıbey. Dərdlərinə əlac olmuyub. Anası ölmüşlər qızdırmadan yanıb qırılıblar. Mənim evdə oğul-uşağım var. Onlara da keçər neylərəm? Balalarımı qara torpağa necə verim, ay doxdur? Bu nə dərddir bizi tapdı, mən indi haranın daşını töküm axı başıma?
- Ay Telli bacı, taun ayrı xəstəlikdiree, bu daundur. Daun keçici deyil. O biri körpələrinə zərəri yoxdu. Ancaq, ancaq... Bu cür xəstəliklə doğulan uşaqlar çox istiqanlı, mehriban olsalar da, bir az kəmağıl olurlar. Gec yeriyirlər, gec danışırlar. Yaşıdlarından fərqlənirlər. Hə, bir də qoymayın çox ağlasın. Ürəyi də zəifdi. Onu qorumaq lazımdı... Üzləri günəşə oxşuyure, ona görə "Günəş övladı" deyirlər bunlara. Günəşini qoru, qalanı yaxşı olacaq.
Evdə ərinə danışdı. O da bir söz demədən siqaret yandırıb artırmaya çıxdı. Gecəni səhərə kimi başında butalı kalağayı əlləri göydə Telli Allaha dua elədi ki, balasını salamat eləsin, ona şəfa versin. Birdən səhərin alatoranında, qaratoyuqların təzəcə səs-səsə verdikləri vaxtda ox nişana girən kimi yadına uşağı salmaq üçün qarnına bağladığı isti şal düşdü. Hə elədi fikrindən çıxara bilmədi ki, bilmədi. Allahın ona cəza verdiyini fikirləşib, hönkür-hönkür ağladı. Günahı ozündə gördü. "Yəqin qarnıma istilik verməklə körpəmə ziyan vurmuşam. Onu mən xəstə etmişəm, anan ölsün, ay Əjdər" - deyə ürəyindən qara qanlar keçdi. Bu kənddə böyümüş, cəmi dörd sinif bitirmiş, kəmsavad qadın hardan biləydi ki, o şalın bu uşağın xəstə doğulmasına heç bir aidiyyətı yoxdu. Amma o elə ömür boyu günahı özündə bildi. Bu fikir ürəyində qol-budaq atdı.
Günlər ötürdü...Əjdər böyüyürdü...
Uşaqlar küçədə qaçıb oynayırdılar. Kəndin vurub-yıxan uşaqları Əjdəri lağa qoyurdu. Ona "xəstə" deyib gülürdülər. Əjdərinsə gözləri həyat dolu idi. O, deyilənlərin çoxusunu başa düşmürdü belə, elə hey gülümsəyirdi. Anası çəpərin o tayında hovuzun başında pal-paltarı suya çəkə-çəkə eşidir, xısın-xısın ağlayırdı. Sabunlu əllərinin o biri üzüylə gözünün yaşını silir, sabun köpüyü gözünü acışdırır və bunu bəhanə edib daha da çox ağlayırdı. Qardaşları isə onu incidən uşaqları xəlvətə salıb əzişdirirdilər. Əjdəri bütün ailə çox sevirdi. Elə mehriban gülüşü vardı ki, onu əzizləməmək, ona isnişməmək mümkün deyildi. Zeynəb həkim də tez-tez gəlib ona baş çəkir, inkişafını izləyir, anaya yeni məsləhətlər verirdi. Telli gözünün suyu ovcunda onu dinləyir, dediklərini Əjdər doğulandan bəri tutduğu göy üzlü dama-dama dəftərçəyə özü bildiyi kimi qeyd edirdi ki, unutmasın. Əri isə daha Əjdər haqqında pis heç nə demirdi. Artıq evində bir xəstə, bəlkə də xəstə yox, digər uşaqlardan fərqli bir uşağın böyüməsinə adət etmiş, bununla barışmışdı.
Günlər ötürdü...Əjdər böyüyürdü...
Telli onu aralarında dörd yaş fərq olmasına baxmayaraq, bacısı Solmazla bir sinfə - məktəbə yazdırdı. Tək sinfə ötürməyə ürək eləmirdi. Bacısı isə ona dayaq olur, qoruyurdu. Əjdər özünü müdafiə edə bilmirdi. Heç yaxşı danışa da bilmirdi. Müəllimlər ona "üç" yazaraq sinifdən-sinifə ötürürdülər. Sinif yoldaşları onu əzizləyirdi. Kimi konfet verir, kimi şirniyata qonaq edirdi. Ev tapşırıqlarını isə Solmaz yazırdı. Əjdəri incidən pis uşaqlar da vardı. Amma onlar bir-bir cəzalarını alırdılar. Qardaşları Rəşid və Mustafa "paylarını" verirdi.
Günlər ötürdü...Əjdər böyüyürdü...
Altınci sinifi bitirəndən sonra daha məktəbdə oxuya bilmədi. Yuxarı siniflərdə fiziki və əqli inkişafı buna yol vermədi. Direktor Tellini məktəbdə öz iri, işıqlı, yaraşıqlı, pəncərələrində müxtəlif qəribə dipçək gülləri olan kabinetinə dəvət edib, Əjdərin daha bu məktəbdə təhsilini davam etdirə bilməyəciyini buz kimi soyuqluqla söylədi. Qovluğun arasında sənədlərini ona uzatdı. Telli oğlunun əlindən tutub kənd boyu evinə çatanacan ağladı. Həmin günü ağzı oruclu qadın bilmədi tanrıya insanlardan şikayət etsin, yoxsa tanrıya elə tanrıdan şikayət etsin! Günlər ötürdü...Əjdər böyüyürdü...
Əjdər elə hey anasından yemək istəyirdi. Onda toxluq hissi yoxuydu. Bir boşqab dolu yeməyini yeyib süfrədən duran kimi, "acam" deyirdi, ağlayıb yemək istəyirdi. Çox yeyirdi. Həkimsə ona çox yeməməyi məsləhət görmüşdü. Telli "yemək yoxdu, olmaz yemək, birazdan yeyərsən, indi yemisən, bəsdi yedin, olmaz axı, Əjdər get həyətdə oyna sonra yenə yeyərsən" deyib acıqlanırdı, mətbəxdən qovurdu. Bəzən gecə Əjdər elə yemək istəyə-istəyə, ağlayıb yatırdı. Sərt cavab versə də, ona yemək vermədiyi üçün ürəyi yanırdı.
Qardaşları Bakıda idi. O, evdə qoca ata-anasının və bacılarının ümidində idi. Amma onlara daha çox da böyük ehtiyacı qalmamışdı. Nə qədər də olsa bacıları onu gözündən qırağa qoymurdular. Əjdər sevgi, qayğı və istiliklə əhatə olunmuşdu. Öz də artıq xeyli böymüşdü. Yaşıdlarından geri qalsa da, artıq çox şeyi dərk edir, başa düşür, yaşına uyğun olmasa da inkişafı xeyli irəliləmişdi. Bircə nitqə tam qaydasına düşməmişdi. Son vaxtlar o cür sakit uşaq yaman qıcıqlıydı amma. Hər şeyə əsəbiləşir, nə evdə, nə çöldə qərar tuta bilmirdi. Yerə göyə sığmırdı. Tez-tez halı dəyişir, özünü pis hiss edir, canında ağrıları olurdu, qovrulurdu. Telli "bu gün keçər, sabah keçər" fikirləşirdi. Amma Əjdər get-getə pisləşirdi. Dəli kimi qışqırır, nə istədiyini heç özü də bilmirdi. Telli Universiteti təzəcə bitirib Bakıda işə düzələn oğlu Rəşidə zəng etdi:
- Alo, Rəşid, bala, başımı itirişəm. Əjdərə nəsə olub. Bilmirəm neynim. Uşaq dəli mala dönüb bütün gün böyrür. İpə-sapa yatmır.
Gözünün yaşını axıda-axıda boğuq səslə davam etdi:
- Rəşid, gəlməsən bu uşaq əldən gedəcək. Boyuna qurban olum, tez gəl .
Ömrünü əzab içində, dərd içində keçirən bu qadın, bu ana hönkürtü çəkib daha danışa bilmədi. Dəstəyi atıb həyətdə dilxor vargəl edən Əjdəri sakitləşdirməyə qaçdı.
Rəşid vəziyyətin nə yerdə olduğunu anladı. Şəhərin ən tanınmış mütəxəssisi ilə görüşüb ondan məsləhət aldı. Və müayinə üçün gün təyin edib, bir-iki lazımlı olan şey götürüb ilk avtobusla kəndə yollandı. Alaqaranlıqda kəndə çatan Rəşidi doqqazda ağlaya-ağlaya yolunu gözləyən Solmaz qarşıladı. Əjdərin vəziyyəti doğrudan da yaxşı deyildi. Həddi-buluğa çatmışdı. Ona görə də özü anlamadan bu vəziyyətə düşmüşdü. Rəşid içindəki kədəri boğdu, özünü toparlayıb Əjdəri qucaqlayaraq salamlaşdı.
-Əjdər, qaqaşım, necəsən? Səni Bakıya aparacam. Olarsan sən də bakılı qədeş. Hə, necədi? Darıxırsane sən burda. Gedək səni şəhəri gəzdirəcəm, yaxşı restorana aparacam, nə istəsən yeyərsən. Ah unutmuşdum, dondurma da alacam, nə qədər istəsən. Mustafa da ordadı. Üç qardaş - üç igid gəzib dolanarıq şəhərdə.
Bu sözləri gülə-gülə deyən Rəşidin ruhu can verirdi canında. Uşaq kimi sevinən qardaşına baxıb, elə əzab çəkirdi ki, heç bəlkə də İsanı çarmıxa çəkəndə əzizləri o cür əzab çəkməmişdilər. İçindəki fəryadları, kədərləri susdurmaq zülm idi, zülm. Amma qatlaşmalı idi, əlacı yox idi. Bunu etməli idi. Elə Əjdərə görə etməli idi.
Səhər tezdən Rəşid həyətdəki su kranında əl-üzünü yuyanda Əjdər artıq hazır idi. Dayısı oğlunun toyunda atasının onunçün aldığı kastyumu geyinmiş, saçlarnı yan daramış, ətirlənmişdi. Bakıya gəzməyə gedəcək deyə elə sevinirdi ki. Atası cibinə pul da qoymuşdu. Rəşidin bu mənzərədən içi yanırdı, od tuturdu. Bir təhər özünü toplayıb, gülümsədi. O da tez hazırlaşıb, evdəkilərlə halallaşdılar. Gözləri ağlamaqdan daha düz-əməlli görməyən Telli də arxalarınca bir qab su atıb "yolunuz açıq olsun, xeyir aparın, sağ-salamat gedin-gəlin" dedi. Yola çıxdılar. Hava isti olsa da yol boyu Əjdər kostyumunun pencəyini əynindən çıxartmadı, istəmirdi ki, yaraşığı pozulsun. Uşaq kimi elə hey sevinidi... Bakıya çatan kimi Rəşid onu ən yaxşı restoranda ürəyi istəyən yeməkləri sifariş verdi. Sanki onun könlün almaq istəyirdi.
Səhəri gün elə vədələşdiyi həkimin qəbuluna getdilər. Əjdər heç nə başa düşmədi. Rəşid ona toxtaqlıq verdi. Həkim onu sadəcə müayinə edəcək. Əjdəri kiçik əməliyyat otağındakı koykaya uzatdılar. Tibb bacısı qoluna iynə vurdu. Əjdərin "bu niyə?" sualına həkim "narahat olma, səni sağaldıb kəndə yola salacam. Lap sapsağlam olacaqsan" - deyə cavab verdi. O da həyacanlı gözlərini həkimdən çəkib Rəşidə dikdi. Rəşid cavabında kirpiklərini bir-birinə möhkəm sıxaraq, baxışlarıyla ona "Əjdər, qorxma, mən burdayam, hər şey yaxşı olacaq"- dedi.
Rəşid çölə çıxıb siqareti siqaretə caladı. Ta o vaxta kimi ki, həkim dəhlizə çıxıb "hər şey yaxşıdı, birazdan ayılacaq. Onu evə apara biləcəksiniz. Və hər şey yaxşı olacaq. O, əvvəlki həyatına sakit davam edəcək" söylədi. Rəşid daha özünü saxlaya bilmədi. Dolmuş gözlərini gizlətmək üçün gah xəstəxananın metlax döşənmiş boz döşəməsinə, gah da ki, təzəcə ağardılmış tavanına qaçırırdı. Həkim əlini onun çiyninə qoyub "başqa əlac yox idi, özünü günahkar bilmə, ən düzü elə bu idi" dedi. Birazdan Əjdər özünə gəldi, özünə gələn kimi də tibb bacısından qardaşını xəbər aldı. Rəşid onun qoluna girib koykadan qaldırdı. Paltarını, ayaqqabılarını geyindirdi. Cibindəki narındiş daraqla onun saçlarını yana daradı. Əjdərin başı gicəlləndi. Səntirləyib yenidən koykada oturdu. Tibb bacısı təzyiqini ölçdü, bir balaca ağ həbb verdi. Əjdər birazdan artıq özünü tam yaxşı hiss edirdi. İki qardaş xəstəxanadan çıxıb yolun kənarındakı aptekdən həkimin reseptdə yazdığı ağrıkəsiciləri alaraq, yaxınlıqda dayanmış taksiyə oturdular. Birbaş kəndə sürdürdülər. Gecə doğma ev-eşiklərinə çatdılar. Əjdəri Solmaz evə apardı. Yerini hazırladı ki, yorğundu tez yatsın. Rəşidsə səhərə kimi həyətdəki heyva ağacının altında yenə siqareti siqaretə caladı. Əməliyyatdan qabaq həkimlə etdikləri söhbət yadına düşdü. Onu vaxtında axtalamasalar əsəbləri çox pozulacaq, rahatçılığı olmayacaqdı. Buna razılıq kağızında həm də əməliyyatın kiçik olmasına baxmayaraq, Əjdərin ondan sağ çıxmamaq ehtimalı olduğu da bir maddə kimi qeyd olunmuş və qardaşının bu cür hal olarsa, həkimə və klinikaya heç bir etiraz etməyəcəyi bəndi yer almışdı. Rəşid bir Allah bilir bu kağıza necə qol çəkmişdi. İndi həmin anı heyva ağacının altında təkrar yaşadı. Canına üşütmə doldu ki, heç qışın soyuğunda bu cür titrəməz adam. Bir də ayıldı ki, kəndin təcili yardım həkimləri başının üstündədir. Rəşid keçirdiyi stresdən mikroinfarkt keçirmişdi. Ürəyinin içində elə bil ocaq qalanmışdı. Əjdərin həyacan içində ora-bura vurnuxduğunu gördü. Cibindəki dərmanları Solmaza uzadıb işarə etdi ki, Əjdərindir. Vaxtında versin ki, ağrısı olmasın. Heç ürəyindəki sancı yadına da düşmürdü. Bir neçə günə Əjdər də Rəşid da özünə gəldilər. Əjdər çobanılığına, Rəşidsə Bakıya işinə qayıtdı. Onun nə əməliyyat keçirtdiyininsə Rəşiddən başqa heç kim bilmədi.
Bacılarından dördü ailə qurmuşdu. Bir Solmaz qalmışdı. O da Əjdərə görə ərə getmirdi ki, onu tək qoymasın. Atası da artıq dünyasını dəyişmişdi. Ürəyi dərddən qubar bağlamış ana da yaşlanmışdı. Ayaqları yer tutmurdu. Əjdər onun qoluna girib həyətə çıxardır, nazını çəkir, bəmbəyaz saçlarını darayırdı, hörürdü, nəvaziş göstərirdi. Hər işə Əjdər qaçırdı. Əjdərin dünyaya qədəm qoymasından xeyli illər keçsə də, o kənddəki camaatın çoxu heç də düzəlməmişdi. Yenə də Əjdəri amansızca lağa qoyanlar tapılırdı. Ananın qulağı bunlara artıq uzun illər öyrəşsə də, ürəyi öyrəşə bilmirdi. Hey fikir çəkirdi. Həm də ki, "mən öləndən sonra Əjdərin halı necə olacaq?!" fikri onu əldən salırdı. Az kədər yaşamamışdı arıq balaca canıyla. Hər dəfə televizorda "daun" sözü eşidəndə gözlərinin yaşını saxlaya bilmirdi. Oğul-uşağı kiridib diqqətlə qulaq asırdı. Allahın möcüzəsini - bu xəstəyə dəvanı həkimlərin dilindən eşitmək istəyirdi. Lakin elə hər dəfəsində də ümidləri lotoreya biletləri kimi boş çıxırdı. Bəlkə də elə əvvəldən boşa çıxacağını da bilirdi. Bilə-bilə də olsa ürəyində ümid göyərdirdi, bu ümidi sulayırdı, əzizləyirdi. Dirilərin ölməyindən çox, ümidlərinin ölməyinə üzülürdü. Bu səhər də ürəyi kədərlə dolmuşdu. Heç bilmirdi niyə. Oğlunun boy-buxununa baxıb dalıb gedirdi öz gənclik illərinin xatirələrinə. Qəfildən xatirələrin içində boğulmağa başladı. Xırıltı səsi gəldi boğazından. Əjdər heç nə başadüşmədi. Solmazı çağırdı. Solmaz yüyürüb gəldi ki, anası artıq iki dünya arasındadır. Əjdər bunu onun baxışlarında anladı. Təcili yardım çağırdılar. Lakin gec idi. Telli gözlərini Əjdərə zilləyib ondan nigaran bu dünyadan getdi.
Bir il keçdi... Həmin baxışları Əjdər unuda bilmirdi. Hara getsə, harda olsa o baxışlar aylı gecəyə dikilən pəncərənin mehdən yellənən pərdəsi kimi gözlərindən asılmışdı. Bir gün səhər tezdən, dan yeri təzəcə sökülən vaxtı, kənd məscidindən azan səsi ucalırdı. Əjdər oyandı. Anasının butalı kalağayısını əlinə alıb yarıyuxulu çölə çıxdı. Səmaya baxdı. Üzü günəşə doğru həzin-həzin addımlamağa başladı. Daşa həkk olunmuş anasının şəklinə çatanda yaylığını öpüb qoxlayıb, kəkələyə-kəkələyə "anam" söylədi. Başdaşının arxasında günəşin şəfəqi Əjdərin gözünə düşürdü. Anasının ona "Günəş balam" deməyini xatırladı. Nəfəsi daraldı. Sinəsində edam tonqalına bənzər alovlar yanmağa başladı. "Anam" dedi, günəşin istisi onu sardı. "Mənəm, günəşin, sənə gəlmişəm, ana!" - deyib eynən həminki gün kimi gözlərini şəkildəki gözlərə zillədi. Butalı kalağayı əlində, son dəfə günəşə boylanıb "günəşə" qovuşdu "günəşin övladı". Ulduz soyuqluğu canını sardıqca anasına daha çox yaxınlaşırdı... Get-gedə daha da çox... Daha da çox...çox...


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829