manera.az
manera.az

Gözəlliyi qəlbimi əsdirirdi... - Kamran Kiryakovun hekayəsi

Gözəlliyi qəlbimi əsdirirdi... - Kamran Kiryakovun hekayəsi
Manera.az Kamran Kiryakovun "Alov saçlı qız" hekayəsini təqdim edir:

I

Bir çift göz pəncərədən aşağı-yuxarı gedənləri, səs-küy salan uşaqları, hərəkətdə olan avtomobilləri izləyirdi, lakin onu gah hirsləndirən, gah güldürən, gah mübhəm hisslər yaşadan və gah da düşündürən sadəcə hafizəsinin oyunları idi.

O, aşiq olduğunda gözləri parıldamağa, yanaqları alışıb-yanmağa başlamışdı. Eşq gözləmədən gəlirmiş,-vurulduğu zaman ürəyində demişdi, - və həqiqi gözəllik duyğulara azadlıq verirmiş; yaxınlaşanda sevinc, uzaqlaşanda hiddət ehtiva edən duyğulara.

“Gözəlliyi qəlbimi əsdirirdi” – Əflatun kiçik qardaşı Hafizə demişdi. “Gözlərində alışmağa hazır işartı, çöhrəsində adamı çılğına çevirən məsumluq vardı. Hələ gülüşünü demirəm! Ah, Ayan, mənim yavru sərçəm! Ah, gözəllik necə də insanı dəbərdirmiş, necə də rahatlıq vermirmiş, necə də əzab verici imiş! Yanımda olanda onun üçün darıxıram, anlayırsan, Hafiz? Elə qusursuz çöhrəsi vardı, elə məlahətli davranırdı, elə qəşəng, elə gözü oxşayan, elə göyçək cüssəsi vardı ki! Ah, necə məharətli rəks edirdi! Mülayim və həssas əli əlimin içində adəta yoxa çıxdı, zərif beli sol ovucumda sanki hər an qəlpələnəcəkmiş kimi dururdu... rəksə başladığımızda özümü elə yekə, elə nəhəng, elə heybətli və azman hiss etdim ki, bir anlıq bizi “Gözəl və Bədheybət” sandım. Ah Ayan, Ayan... Rəksdən sonra sinəsi elə şövqlə qalxıb enirdi ki! “Təşəkkürlər!”-deyə səsi titrəyərək mənə təzim etdi və sağollaşdığımızda xırda əlini bir daha üsulca tutaraq sıcaq bir busə qondurdum. Sağollaşmamızdan sonrasını xatırlamıram, ağlım xülyalarda dolaşır... onu yenə görməliyəm!”. Əflatun Ayanı uzun sürən qüssəli ayrılıqdan sonra bir maskaradda gördü. Gördü, çünki, belə məharətli, belə çiçəkaçan cüssəni maska qapaya bilməzdi. Ayan havada süzülərcəsinə rəks edirdi, narın, zərif əllərini məharətlə havada gəzdirirdi. Əflatun ona yaxınlaşıb, astaca arxadan əyilərək “Ah, Ayan, sanki hər an daha da göyçəkləşirsiniz!”-deyə pıçıldadı, sıcaq nəfəsi Ayanın qulağına toxunduqda Ayanın içi ürpərdi. Bu səsə vaqif olduğu dönüb gülümsəyərək baxmasından o qədər bəlli olurdu ki! Dümağ dərisi az qala üzünə keçirdiyi ağ maskadan seçilmirdi. Bir-birlərinə təzim etdilər və Əflatun nazik şəkildə əlini irəli uzatdaraq onu rəksə dəvət etdi. Rəks bu səfər sanki rayihəli mehlə dolmuşdu, sanki küləyi yaran iki quş idilər. Əflatun o gözlərdən başqa bir yerə baxmaq istəmirdi, az qala ağ rəngə çalan mavi, gipnozedici gözlərə baxırdı və zatən baxılası başqa şey yox idi, hər şey yoxa çıxmışdı, ərşə çəkilmişdi...
“Getməliyəm...”

Ayan lətafətli addımlarla geriyə çəkildi. Təzim etməmiş getməsi Əflatunu açmadı, tərpənərək onu həyətə çıxanadək izlədi. Dənizi yaran kimi qələbəliyin içindən keçirdi, təlaşlıydı, çünki, narın şeylərin qeyb olması asandır-deyirdi.

- Ayan! – Qapının astanasından səsləndi. – Gözlə məni, getmə!

- Ah, - köksünü ötürərək dedi, alov saçları Əflatun tərəfə küləkdə asılı qalmışdı, əsim-əsim əsirdi, sanki getməyə izin vermə deyirdi, - getməliyəm!

Əflatun yüyürərək əlindən tutdu. Saçları adəta Əflatuna dolanırdı, tutunurdu, onu yandırır, canına istilik gətirirdi.

- Mən eşqdən naşıyam, bir şey anlamaram, lakin, getsən böyük xəta olar, qəlbim qırılar, - Əflatun səssiz dinləyən Ayana içindən keçənləri pıçıldayanda heç özləri də bilmədən ağaclıqların altına uzanmış, göz-gözə, nəfəs-nəfəsə qərar tapmışdılar. Əflatuna Ayanın əli elə sıcaq, vücudu elə asudə gəldi ki, mübhəm xülyalara daldı...

Rabitəsizcə uzun sayıqlamalardan sonra Əflatun əlinin boş olduğunu gördü və artıq Ayanın alovrayihəli saçlarının qoxusu gəlmirdi.

II


Məlahət gözü yaşlı hıçqıra-hıçqıra içəri girdi, Əflatunun qucağına şütüyərək gileylənirdi. Əflatun xəyallardan qopdu və çönüb qollarını yanlara açaraq onu qucağına götürdü. Əflatun Məlahət təki dodaqlarını uzadaraq burnunda danışmağa başladı:
- Məlahət, qızım, niyə gözlərin şəlalələnib?

- Şəlalələnib... çünki burnum yekədir, - xırda barmaqları titrək səsinin həmahəngiylə gözlərini eşirdi.

- Sənə kim dedi bunu?

- Anacgil sabahdan burnumla məzələnir, - lap hönkürməyə başladı.

- O aynanı görürsən? Səncə burnun fındıq qədər kiçik deyilmi?

Məttəəl nəzərlərlə, - Yəni, burnum yekə deyilmi? Bəs niyə hər şeydən yekə görünür? – soruşdu.

- Bax, - işarət barmağını Məlahətin burnuna yaxınlaşdıraraq dedi, - indi barmağım hər şeydən yekədir. Hop, - geri çəkdi, - indi balacadı. Gördünmü, şirinim? Yaxın olan hər şey iri görünür.

- Hə, belə de, - Məlahət dikəlib saçını qurdalayaraq anası Zenfiranı yamsıladı, - deməli yanılmışam.
İkisi də bu yamsılamağa gülməkdən uğunub getdilər.

- Bu nə məzhəkəbazlıqdır? – Zenfira tak-tak ayaqqabılarıyla içəri girdi. – Məlahət, əmiylə sağollaş, müəllimin nə vaxtdır səni gözləyir, - qucaqdan enib ona tərəf gedən Məlahətin qızarmış gözlərini görüb, ciddi görkəmini pozmadan, - get əl-üzünü yu, - amiranə şəkildə dedi. Başını qaldırıb baxdığında Əflatunu artıq ayağını-ayağına aşırmış, stola yayxanmış və damağında siqar duran gördü. – Otaqda çəkməyin, təvəqqe edirəm! – qaşlarını çatıb gözlərini Əflatuna zillədi, gözlərində soyuq atəş yanırdı.

- Nəzərə alaram, - dodaqaltı mırıldanaraq siqarını alışdırdı.

- Belə de! – dikələrək dedi.

Zenfira çıyinlərini çəkərək qeyzlə dönüb getdikdə dəbli ayaqqabısının altlığının qırmızı olduğu nəzərinə çarpdı və qapının arxasında getsikcə daha da uzaqlaşan “tık-tık” səslərini dinlədi. Saada baxdı və hələ 3-saadı olduğunu gördü. Hafizin gecikməsinə daha çox dözə bilməyib, gödəkcəsini asqıdan götürdü. Evdən uzaqlaşanda Hafizin səsini eşitdi, arxasıyla şütüyürdü.

- Hara gedirsən?

- Gedək bir şeylər içək, rahatlayarıq, - ayağını saxlamadan dəvam etdi.

- Axı mən içmirəm, bilirsən.

- Şirə də içmirsən? – qımışaraq soruşdu.

- Yaxşı. Amma avtomobillə gedərdik, – addımlarını Əflatuna uyduraraq dedi.
- Xeyr, mən piyada gəzməyi sevirəm.

- Məncə avtomobilin olmadığı üçün belə deyirsən, - gerçəkqarışıq zarafatı bərbad səsləndi və Əflatunun gözucu onu kəsdirdiyini gördükdə ağaran dişlərini gizlətdi.


Bara çatanadək heç biri dinmədi. Barda piştaxtaya dirsəklənən Əflatun, - Bir pivə, bir də meyvə suyu, - deyə barmenə səsləndi, lakin, yaxınlıqdakı qızların gülüşdüyünü eşidəndə Hafiz araya qarışaraq, - şey... iki pivə, meyvə suyunu unud, - deyə cəld deyərək sifarişi düzəltdi.

- Əfi, - Hafiz pivə bakalını qımıldada-qımıldada sözə başladı, - milyonlarla pul qazanırsan, əlinə dəfələrlə nə şanslar keçir, lakin, bir çırpıda hamsını yeyirsən, əyninə-başına baxan səni nəyin ki, opera sənətkarı, heç düdük çalan da sanmaz. Qardaş, özünə çəki-düzən verməyin zamanı gəlmədimi?

- Mmm, - siqarı qullablayaraq piştaxtanın uzaq küncündəki alov saçlı qızı süzürdü, - boşla getsin.

- Məni dinləmirsən, - çiynindən tutdu. – Allah eşqinə, nədir sənin bu qızılsaç vəsvəsəliyin?

- İstədiyin pul qonaq otağının kitab rəfindədi, - saymazyana qıza baxa-baxa dedi.

- Oldu, mən gedim, - Hafiz dikələrək dedi, - bu səfər hansı kitabın arasındadır?

- Yadımda deyil.

- İfanı seyr etməyə gələcəyəm.

Hafiz qımışaraq barı tərk etdi.

Əflatun divardakı saada baxdı, “hələ 2-saadım var” deyə götür-qoy edərək ürəyində dedi. Əflatun qıza yaxınlaşaraq, - sizə içki sifariş edə bilərəm? – deyə soruşdu. Qız gülümsəyərək başını buladı.

III


Solo ifasından yenicə çıxmışdı. İfası bəlkə də heç bu qədər inanılmaz, heç bu qədər möhtəşəm olmamışdı. İfa edərkən sanki gözlərinin önündən o qələbəlik, o səhnə yoxalmışdı, sanki real bir hadisənin ortasında idi və ifasında hər zilə çıxanda, hər əllərini irəli uzadanda sanki kimisə çağırırdı, sanki “getmə!” deyirdi və gedən kəsin arxasınca sanki hirsindən avazı çıxanadək bağırırdı.
Yolda gedərkən Ayan ağlına gəlmişdi, alov saçlarını, Əflatuna baxanda məsum ehtiras ildırımları çaxan ağ çalarlı mavi gözlərini düşünürdü.

- Ah, Ayan, qənədsiz mələyim! – deyə hayqırdı, eynilə ifasında hay saldığı kimi.

O an bir xeyli uzaqda, ağacın dibində alovsaçlı və narın bir qızın oturduğunu gördü.

- Ayan! – yüyürməyə başladı. – Gözlə məni, getmə!

Sevincindən gözləri yaşardı, kövrəldi, mutluluqdan şır-şır göz yaşları tökməyə başladı. Qızın yanına çatanda qollarını onun boynuna sarıdı, qucdu və hıçqırıqlara boğularaq, - Ayanım! – deyə təkrarən hayqırdı. Qollarını boşaldıb çiyinlərindən tutduğunda, qızın da hönkürdüyünü gördü.

- Necə də gəncsən, təravətlisən! Mən qocalıram, yaşlanıram, sən isə əvvəlkindən də gəncsən!

- Nə? – gözləri geniş açılmış qız mətəəl qalmış və qorxmuşdu.

- Gəl, evə gedək, sakinləş, hər şey düzələcək.

Onsuz keçən illərin sərgüzəştlərini nağıl edə-edə, bəzən məramsız qucaqlayaraq, bəzən də atəşin saçlarından öpüb yanıb-alışan dodaqlarından ləzzət alaraq onu evinə gətirdi. Yedilər, içdilər, əyləndilər... Qız yeməyi elə gözünə təpmişdi ki, sanardınız bir həftədir ağzına bir şey almayıb. Əflatun ona baxdıqca gözlərinin necə də eyni cür parladığını, eyni baxdığını, rəftarının yenə məlahətli, cüssəsinin eynən zərif və qüsursuz olduğunu düşünürdü. “Heç dəyişməmisən!” – vaxtaşırı təkrarlayırdı. Qız isə ona baxaraq heç nə demirdi, dinmirdi. “Eyni o vaxt da belə az danışırdın!” – Əflatun qımışaraq dedi.

IV


Beləcə aradan aylar keçdi, Əflatun lö-lö gəzməkləri, işrətpərəstliyi buraxdı və bütün ömrünü alov saçlı qıza sərf etməyə başladı. Qız “Ayan” adına alışdı, dinmədi.

Əflatun onun saçlarının atəş rayihəsini qoxlamasa yata bilmirdi, narın əllərini tutmasa rahatlayıb yuxuya getmirdi. Qızın saçları Əflatuna od kimi isti gəlirdi, yorğanəvəzi bu saçlara bürünərək istidən qan-tər içində yuxuya gedirdi. O yuxuya gedən kimi qız durub öz yatağına qayıdırdı, Əflatunsa illər sonra rahat, qarabasmasız şirin yuxulara dalırdı. Əflatun, adəti üzrə, hər səhər oyanıb Ayanını görməyəndə, getdiyini düşünərək bərkdən çığırırdı, ah-zar eləyirdi. Ayanısa o saat gələr, əllərini yanaqlarında qərar tapdıraraq heç yana getmədiyini, ona sakin olmasını təlqin edərdi.

Daha bir neçə il ötdü, ahıllaşmağa başlayan Əflatun solistliyi buraxdı, ağlından keçmişini ataraq yalnızca Ayanını yaşamağa başladı. Saçlarına dən düşdü, gözləri bulanıqlaşdı, donuqlaşdı, beli donqarlaşdı, cəldliyi itdi və buna nisbətən siqarı tərgidi, bir daha barlara getmədi, alovsaç dalınca düşmədi, orda-burda dərbədər könlü soraq çəkmədi. Qız isə getdikcə xoştəbiətli, gözləri daha ürəkaçan olmağa, bədəni şuxlaşmağa, çöhrəsi göyçəkləşməyə, vücudu xoşədalı olduqca beli eyni Ayanın beli kimi incə və hərarətli görünməyə başladı. Qız Əflatunun illərdir qoruyub-saxladığı sevgisiylə, şəfqətinin himayəsi altında böyüdü, mutluluq və bolluq içərisində yaşadı. Əflatun onu qocaman, içində bir qızın istəyəcəyi hər şeylə təmin edilmiş bir villada böyütdü.

Bir gün qız yuxudan oyandığı zaman asılqanda eyni gözləri rəng əlbisə olduğunu gördü və o qədər xoşuna gəldi ki, şirin zümzüməsiylə və etdiyi zümzümənin ritminə uyğun bədahətən vücudunu oynada-oynada bədənnüma aynanın qarşısında geyinməyə başladı. Geyinmiş halda saçlarını düzəldirdi ki, qulağına musiqi səsi gəldi. Qapını açıb astanadan baxdığı zaman Əflatunun salonda sağ qolu sinəsinin üstə qatdaxlı, qəddi dümdüz, ağ kastyum içində gülümsəyərək durduğunu gördü. Əflatun qızı görən kimi, “Ah, Ayan, qanadsız mələyim!” deyə mızıldadı. Qızın eyni Ayanla ilk rəks etdikləri gün olduğu kimi göz rənginə çalan donu, parlaq alovlu saçları və zərif durna tərzi duruşu Əflatunun güzgü kimi parlayan gözlərində lətafətliliyin canlı mücəssəməsi kimi əks olunurdu. Əlini uzadanda donub qalmış qız da ürkəkcə əlini uzatdı və əli Əflatunun əlində su kimi yoxa çıxanda Əflatunun ürəyi sancıdı, o biri əli zərif belinə toxunduğunda az qala ürəyi yatacaqdı, lakin, özünü sıxdı, cəmi bircə dəqiqə ayaqda qala bilmək üçün bütün gücüylə dik durdu və dərindən nəfəs alaraq musiqi ritminin həmahəngiylə süzülməyə başladılar, eyni iki qu quşunun suda süzüldüyü kimi və ikisi də keçmiş illərin sehrinə elə düşdülər, elə özlərini qapdırdılar ki, qız həqiqətən də Ayan ola bilmək üçün, belə eşqin dadına vara bilmək üçün ağlını itirərək bütün varlığını Əflatunun qollarına buraxdı, lakin, Əflatun çoxdan divanə olmuşdu, o, ağlını illər əvvəl itirmişdi. Əflatun “bu gün sən həqiqətən osan” deyə pıçıldadı və getdikcə dizləri boşalmağa, nəfəsi daralmağa başladı. Əflatun üsulca beli üstə yerə döşəndiyində qız da üzərinə sərilib ağlayırdı. Əflatun ürəyini tuta-tuta, “duyğular insanı böyüməyə qoymur, quzum, bağışla məni” dodaqlatı dedi.

Qızın yaşdan gözləri bir müddətliyinə korlaşdı, əti biz-biz oldu, sanki qəlbi sinə qəfəsinə sığmırdı, çıxmaq, getmək istəyirdi. Əflatun son nəfəsini qırıq-qırıq aldı və əliylə stolun üstəki futlayarı işarə edərək nəsə demək istədi, lakin, gözləri döndü, nəfəsi kəsildi və sözü ağzında qaldı.

Qız hıçqıra-hıçqıra durub futlyarı açdıqda içində ağzına qədər dolu sənəd və yazılı kağız-kuğuz olduğunu gördü.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930