manera.az
manera.az

“Üç damcı qan” - Tərcümə |MANERA.AZ

 “Üç damcı qan”  - Tərcümə  |MANERA.AZ
Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı tərcümə” nominasiyası üzrə ilk 10-luğa düşən Cahangir Atakişiyevin tərcüməsində İran yazıçısı Sadiq Hidayətin “Üç damcı qan” hekayəsini təqdim edirik:


Dünən otağımı ayırdılar. Görəsən, baş həkimin dediyi kimi mən artıq tam müalicə olunmuşam, gələn həftə evə buraxılacağam?

Ümumiyyətlə mən xəstə idim? Bir il idi nə qədər yalvarıb-yaxarsam da mənə kağız, qələm vermirdilər. Həmişə mənə elə gəlirdi ki, əlimə kağız, qələm düşən kimi çox şeylər yazacağam. Ancaq dünən istəməsəm də gətirdilər. Hədsiz dərəcədə arzuladığım, intizarında olduğum şeyi... Amma nə faydası! Dünəndən nə qədər fikirləşirəm yazmağa bir şey tapa bilmirəm. Elə bil kimsə əlimi tutub saxlayır ya da qolum keyləşir. İndi diqqət eləyirəm, kağızın üzərində qatmaqarışıq çəkdiyim xətlərin arasında yalnız bir şey oxunur: “Üç damcı qan”.

Artıq səma açılıb, bağça yaşıllaşıb, təpənin üzərində açmış çiçəklər görünür. Həzin meh çiçəklərin rayihəsini bura qədər gətirir. Amma çi fayda? Mən ki bu gözəlliklərdən zövq ala bilmirəm. Bütün bunlar şairlər, uşaqlar, eləcə də ömrünün sonuna kimi uşaq kimi qalanlar üçün yaxşıdır. Artıq bir ildir ki, burdayam. Gecələr səhərə kimi pişiyin səsindən yata bilmirəm. Bu vahiməli iniltilər, bu qulaqları dələn səslər canımı boğazıma yığıb. Səhər də gözümüzü açmamış murdar iynə... İlahi, burda necə uzun günlər, qorxu dolu saatlar keçirmişəm! Sarı şalvar, köynək geyinir, yayda zirzəmidə toplaşırıq, qışda da bağçada günün altında otururuq. Bir ildir ki, bu əcaib-qəraib insanların arasında yaşayıram. Bizim aramızda heç bir oxşarlıq yoxdur. Mən onlardan yerdən göyə qədər fərqliyəm. Onu da bilirəm ki, bu adamların ah-nalələri, sükutları, söyüşləri, göz yaşları və gülüşləri həmişə yuxularımın kabusu olacaq.

***

Şam yeməyimizi yeməyə hələ bir saat qalıb. Hər gün təkrarlanan yeməklər: dovğa, sıyıq, düyü, çörək və pendir. O da ki, yarım qarınlıq. Həsənin ən böyük arzusu bir qazan şorbanı 4 ədəd təndir çörəyi ilə yeməkdir. O, burdan çıxanda gərək kağız və qələmin yerinə bir qazan şorba gətirsinlər. Həsən bu məkanın ən xoşbəxt sakinlərindən biridir. Qısa boyu, səfeh gülüşü, yoğun boynu, daz başı və qabarlı əlləri onun hamballıq üçün yaradıldığını göstərir. Görünüşü bunu təsdiqləyir, mənasız gülüşü də bir daha car çəkir. Əgər Məhəmməd Əli nahar və şam yeməklərinə nəzarət etməsəydi, o, bizi acından öldürərdi. Əslində, Məhəmməd Əli də bu dünyanın adamları kimidir. Nə deyirlər desinlər, bəli, bura həqiqətən də adi insanların yaşadığı dünyadan kənar fərqli bir dünyadır. Bir həkimimiz var, Allahın lütfündəndir ki, bir şey var ağlına gəlmir. Mən onun yerində olsaydım, bir gecə şam yeməyinin hamısına zəhər tökərdim, verərdim yesinlər. Səhər də əlimi belimə qoyub bağda dayanardım, aparılan meyitlərə baxardım. Məni təzə bura gətirəndə zəhərləməklərindən qorxurdum, əlimi yeməyə vurmurdum. Məhəmməd Əli xörəkdən dadandan sonra yeyirdim. Gecələr qorxaraq yuxudan dik atılırdım, ürəyimə gəlirdi ki, məni öldürərlər. Artıq bütün bunlar keçmişdə qalıb. Həmişə eyni adamlar, eyni xörəklər, divarları ortasına qədər göy rənglənmiş eyni mavi otaq.

İki ay əvvəl bir dəlini həyətin aşağısındakı kiçik bir otağa atmışdılar. Qırıq saxsı parçası ilə qarnını kəsdi. Bağırsağlarını bayıra çıxararaq onlarla oynayırdı. Deyirdilər ki, qəssab olub, qarın kəsməyi adət edib.

Bir xəstə də var idi, dırnağı ilə gözünü çıxararkən qolunu arxadan bağlamışdılar. Fəryad qoparırdı, gözündən axan qan qurumuşdu. Mən bütün bunların baş həkimin işi olduğunu bilirdim.

Bu məkanın sakinlərinin hamısı heç də belə deyil. Onlardan çoxu müalicə olunub burdan çıxsa, özlərini bədbəxt hiss edəcəklər. Məsələn, qadınların arasındakı Suğra Sultan iki-üç dəfə qaçmağa cəhd göstərib, tutublar onu. Yaşlı qadın olsa da üzünə gips tozu çəkir, boyası da ətirşah gülüdür. Özünü 14 yaşlı qız uşağı sayır. O, müalicə olunub güzgüdə özünə baxsa, iflic olar. Hamıdan pis bizim Tağıdır. Dünyanı alt-üst etmək istəyir. Onun fikrinə görə, bəşəriyyətin bütün bədbəxtliklərinin səbəbkarı qadınlardır. Dünyanı düzəltmək üçün qadınları öldürmək lazımdır. Maraqlıdır ki, həmin Suğra Sultana aşiq olmuşdu.

Bütün bunlar bizim baş həkimin işləridir. O, dəlilərin hamısının əlini arxadan bağlayır, böyük burnu, narkoman gözlərinə bənzəyən kiçik gözləri olan bu insan həmişə bağın axırındakı şam ağacının altında gəzişir. Bəzən əyilərək ağacın dibinə baxır. Onu görən deyər ki, gör necə yazıq adamdır, bir dəstə dəlinin əlində qalıb. Amma mən onu yaxşı tanıyıram. Ağacın altına üç damcı qanın damcıladığını da bilirəm. Onun pəncərəsinin qarşısında bir qəfəs asılıb. Boş qəfəs... Pişik onun içindəki sarı bülbülü tutub. O, boş qəfəsi qoyub qalsın ki, pişiklər qəfəsi görərək gəlsin, o da onları öldürsün.

Dünən bir ala-bula pişiyi izlədi, pişik şam ağacı ilə onun pəncərəsinin qarşısına dırmaşırdı, qaravula onu vurmaq göstərişi verdi. Bu üç damcı qan pişiyin qanıdır. Amma özündən soruşsan, alaca bayquşun qanı olduğunu deyəcək.

Bunlardan daha qəribəsi dostum və qonşum Abbasdır. İki həftə olmaz onu gətiriblər, mənimlə yaxın dost olub. Özünü peyğəmbər və şair hesab edir. Hər bir işin, xüsusilə peyğəmbərliyin bəxt və tale işi olduğu fikrindədir. Deyir ki, kimin yaxşı bəxti var, ağlı olmasa da işləri rəvan gedir, amma adamın bəxt olmayanda dünyanın ən dahi insanı olsa da onun gününə düşür. Abbas özünü həm də mahir tarzən sayır. Bir taxtanın üzərinə sim çəkib, öz aləmində tar düzəldib. Bir şeir də qoşub, hər gün səkkiz dəfə mənim üçün oxuyur. Eşitmişəm ki, elə həmin şeirə görə bura gətirilib. O, qəribə şeir və ya kompozisiyasını belə oxuyur:

Heyif, yenə gecə oldu
Dünya tamam qara oldu
Bütün məxluq rahat oldu
Təkcə mənim qəmim oldu artan

Dünya olmadı heç xoş meydan
Yalnız ölümdür qəmimə dərman
Amma şam ağacının altına baxsan
Torpağa damcılayıb 3 damcı qan

Dünən bağda gəzirdik. Abbas həmin şeiri yenə də oxuyurdu. Bir kişi, bir qadın və bir cavan qız onu görməyə gəldilər. Artıq beşinci dəfə idi gəlirdilər. Mən onları əvvəl də gördüyümə görə tanıyırdım. Cavan qız bir dəstə gül gətirmişdi. Qız mənə baxıb gülürdü. Məni sevdiyi bəlli idi, əslində elə mənə görə gəlib. Abbasın çopur sifəti heç də qəşəng deyil. Amma qadın həkimlə söhbət edəndə Abbasın cavan qızı kənara çəkib öpdüyünü gördüm.

***

Bir ildir məni görməyə nə bir adam gəlib, nə də çiçək gətirib. Axırıncı dəfə yanıma Siyavuş gəlmişdi. Siyavuş mənim ən yaxın dostum idi. Biz həm də qonşuyduq. Hər gün universitetə bir yerdə gedib-gəlir, dərslərimizi birlikdə hazırlayırdıq. Boş vaxtlarımızda mən Siyavuşa tar çalmağı öyrədirdim. Nişanlım olan Siyavuşun əmisi qızı Rüxsarə də çox vaxt bizə qoşulurdu. Siyavuş Rüxsarənin bacısı ilə ailə qurmağı düşünürdü. Toylarına bir ay qalmış Siyavuş qəfildən xəstələndi. Mən iki-üç dəfə onun əhvalını soruşmaq üçün getsəm də, həkimin onunla danışmağı qadağan etdiyini dedilər. İsrar etməyimə baxmayaraq hər dəfə eyni cavabı eşidirdim. Mən də daha getmədim.

Yaxşı yadımdadır, imtahana yaxın idi, bir gün axşamüstü evə gəldim, kitablarımı və dəftərlərimi stolun üstünə atdım. Paltarımı dəyişəndə atəş səsi eşitdim. Səs çox yaxından gəldiyindən məni təşvişə saldı. Bizim evimiz xəndəyin arxasında yerləşirdi, bu ətrafda oğru olduğunu eşitmişdim. Tapançanı stolun siyirməsindən götürüb həyətə çıxdım, qulaq asdım. Sonra pilləkanlarla qalxıb dama çıxdım, amma gözümə heç nə dəymədi. Qayıdanda yuxarıdan Siyavuşgilin evinə baxdım, Siyavuşun pijamada həyətin ortasında dayandığını gördüm.

Təəccüblə dedim:

-Siyavuş, sənsən?

O, məni tanıdı və dedi:

- İçəri gəl, evdə heç kim yoxdur.

- Güllə səsini eşitdin?

Əlini dodağının üstünə qoydu və başı ilə “gəl” deyə işarə etdi.

Mən tələsik aşağı düşüb qapını döydüm. Qapını üzümə açdı. Başı aşağı halda yerə diqqətlə baxaraq dedi:

-Məni görməyə niyə gəlmirdin?

-Mən iki-üç dəfə sənə baş çəkməyə gəlmişdim, amma kimsənin sənin yanına girməyinə həkimin icazə vermədiyini dedilər.
-Elə bilirlər mən xəstəyəm, səhv edirlər.

Təkrar soruşdum:

-Güllə səsini eşitdin?

Cavab vermədən əlimdən tutaraq məni şam ağacının altına apardı və nəyisə göstərdi. Mən yaxından baxdım, üç damcı təzə qan yerə damcılamışdı.

Sonra məni öz otağına apararaq bütün qapıları bağladı. Mən stulda oturdum. O, çırağı yandıraraq stulun kənarında, qarşımdakı stulda əyləşdi. Otağı sadə, mavi və divarları ortasına kimi göy rəngdə idi. Otağın kənarına bir tar qoyulmuşdu. Bir neçə cild kitab və dəftərlər stolun üstünə atılmışdı. Siyavuş əlini ataraq stulun siyirməsindən bir tapança çıxararaq mənə göstərdi. Tapança dəstəyi sədəfdən olan qədimi bir silah idi. Onu cibinə qoyaraq dedi:

Mənim Nazi adlı bir dişi pişiyim var idi. Sən onu görmüş olardın, adi ala-bula pişiklərdən idi. Sanki sürmə çəkilmiş iri gözləri vardı. Üstündəki naxışlar səliqəliydi, elə bil polad rəngli basma kağızın üzərinə mürəkkəb töküb, sonra onu ortadan qatlayıblar. Hər gün mən məktəbdən gələndə Nazi qabağıma qaçırdı, miyoldayaraq özünü mənə sürtürdü. Oturanda kürəyimə, başıma çıxırdı. Ağzını üzümə vururdu, diyir-diyir dili ilə alnımı yalayırdı, təkid edirdi ki, onu öpüm. Çox güman, dişi pişiklər erkəklərdən daha hiyləgər, mehriban və həssas olur. Mən bir yana, Nazinin hamıdan çox aşpazla arası yaxşı idi. Çünki ona yemək verirdi. Təkcə evin böyüyü olan, namaz qıldığına görə pişik tükündən uzaq duran ağsaqqala yaxın getmirdi.

Şübhəsiz Nazi özü-özlüyündə insanların pişiklərdən daha zirək olduğunu, dadlı yeməkləri, isti və rahat yerləri özləri üçün icad etdiklərini, buna görə də onların yanında olmaq üçün yaltaqlığın lazım olduğunu düşünürdü.

Sadəcə qanlı xoruz başı əlinə düşəndə Nazinin təbii hisləri oyanırdı, yırtıcı bir heyvana çevrilirdi. Gözləri böyüyərək parıldayırdı, caynaqlarını açırdı, ona yaxınlaşan hər kəsi mırıldayaraq təhdid edirdi. Sonra da özü-özünü aldadırmış kimi oyun çıxarırdı. O, təxəyyülünü işə salaraq xoruz başını canlı heyvan kimi görürdü, ona əl vururdu, qəzəblənirdi. Gizlənib pusquda dayandıqdan sonra yenidən hücum edir, cinsinin bacarıqları və çevikliklərini atılıb-düşməsi, qovğası və qaçışı ilə dalbadal nümayiş etdirirdi. Bundan sonra yorulurdu, qanlı başı nəyi var iştaha ilə yeyirdi. Sonra başın qalığının ətrafında bir neçə dəqiqə fırlanırdı. Bir-iki saat yalançı xoş davranışını unudurdu, nə bir adama yaxın gedirdi, nə naz edirdi, nə də yaltaqlıq.

Nazi dostluğunu göstərəndə də yad və sirr saxlayan idi, öz həyat sirlərini açmırdı. Bizim evi özününkü hesab edirdi. Əgər yad pişik, xüsusilə də dişi pişik ordan keçsə, bir xeyli əsəbi səslər və nalələr eşidilirdi.

Nazinin yemək istəmək səsi əsəbi vaxtlarının səsindən fərqlənirdi. Aclıqdan çıxardığı səslər, qovğalarda etdiyi fəryadlar, məst olan vaxtdakı miyoltusu fərqliydi. Birinci səs ürək parçalayan, ikinci qisas dolu, üçüncüsü isə təbii ehtiyacı üzündən, öz cütünü tapmaq üçün etdiyi ah-zar idi. Lakin hər şeydən daha mənalı baxışlarıydı. Bəzən insan hislərini göstərirdi. Adam bəzən qeyri-ixtiyari olaraq özündən soruşur: Görəsən, bu tüklü başda, sirli yaşıl gözlərdə hansı fikirlər, hansı hislər dolanır.

Ötən ilin yazında pis bir hadisə baş verdi. Bilirsən ki, bu fəsildə bütün heyvanlar məst olurlar, vurnuxurlar. Sanki baharın havası bütün canlılara dəli bir həvəs gətirir. Bizim Nazinin də ilk dəfə eşq başına vurdu. Bütün vücudunu əhatə edən titrəyişlə qəmli nalələr çəkirdi.

Erkək pişiklər onun səsini eşidib başına toplaşdılar. Qovğalardan, didişmələrdən sonra Nazi erkəyi olaraq onlardan ən güclü və uca səsli olanını seçdi. Eşqbazlıq edən vaxtı heyvanlar üçün spesifik qoxu əhəmiyyətə malikdir. Bu səbəbdən də evdə böyüyən şıltaq və təmiz erkək pişiklər dişilərin diqqətini cəlb etmir. Əksinə dişilər küçə pişikləri olan, dərisindən əsil pişik iyi gələn oğru, arıq, ac, avara erkəklərə meyil göstərirlər. Nazi və və cütü gündüzlər, xüsusilə də bütün gecəni uca səslə öz eşqlərini izhar edirdilər. Nazinin yumşaq və incə bədəni gərilir, digərinin bədəni kaman kimi əyilirdi, sevinc iniltiləri ucalırdı. Bu səhər açılana qədər davam edirdi. Onda Nazi tükləri pırtlaşıq şəkildə, yorğun və əzilmiş, amma xoşbəxt görkəmdə otağa daxil olurdu.

Gecələr Nazinin eşqbazlığı üzündən yata bilmirdim. Axırda əsəbləşdim. Bir gün pəncərənin qarşısında işləyəndə, bağçada dolanan aşiq və məşuqu gördüm. Həmin gördüyün tapança ilə üç addımlıqdan nişan aldım. Güllələri boşaltdım, güllənin biri Nazinin cütünü tutdu. Elə bil beli qırıldı, yerindən tullanaraq səs çıxarmadan dalandan qaçdı, bağın divarının dibinə düşüb öldü.

Onun getdiyi yolda qan damcıları tökülmüşdü. Nazi bir müddət axtardı, axırı onun ayaq izlərini tapdı. Qanı iyləyib birbaşa cəsədin üzərinə getdi. İki gün, iki gecə ölüsünün keşiyini çəkdi. Bəzən əlini ona toxundururdu, sanki ona deyirdi: “Ayıl. Yazın əvvəlidir. Niyə eşqbazlıq vaxtı yatmısan, niyə tərpənmirsən? Qalx ayağa, qalx ayağa. Nazi aşiqinin öldüyünü anlamırdı”.

Səhəri gün Nazi cütünün cəsədi ilə birlikdə itdi. Hər yeri axtardım, hamıdan soruşdum, amma tapa bilmədim. Görəsən, Nazi məndən incidi ya öldü, ya da öz eşqbazlığının dalınca getdi? Bəs o cəsəd necə oldu?

Bir gecə həmin erkək pişiyin səsini eşitdim. Səhərə qədər miyoldadı. Sonrakı gecə də belə oldu. Səhər səsi kəsilirdi. Üçüncü gecə yenə də tapançanı götürüb pəncərəmin qarşısındakı həmin şam ağacına boşaltdım. Gözlərinin parıltısı qaranlıqda görünürdü. Uzun bir nalə çəkdi, sonra səsi kəsildi. Səhər ağacın altına üç damcı qanın damcıladığını gördüm. Həmin gecədən bu günə kimi gələrək elə ah-zar edir. Yuxusu ağır olanlar eşitmirlər. Deyirəm mənə gülürlər. Lakin mən əminəm ki, bu, mənim öldürdüyüm pişiyin səsidir. Həmin gecədən sonra gözümə yuxu getmir, hara gedirəm, hansı otaqda yatıram, bu insafsız pişik qorxunc səslə nalə çəkir, öz cütünü səsləyir.

Bu gün evdə heç kəs yox idi. Pişiyin hər gecə oturduğu və fəryad çəkdiyi həmin yeri nişan aldım. Qaranlıqda gözlərinin parıltısından harda oturduğunu bilirdim. Atəş açdım, pişiyin naləsini eşitdim, üç damcı qan yuxarıdan damcıladı. Sən ki öz gözünlə gördün, özün şahidsən?
Bu heyndə otağın qapısı açıldı, Rüxsarə və anası içəri girdilər. Rüxsarənin əlində bir dəstə gül vardı. Mən ayağa qalxaraq salam verdim. Siyavuş isə gülümsəyərək dedi:

-Əlbəttə, siz Ağa Mirzə Əhməd Xanı məndən yaxşı tanıyırsız, təqdim eləməyə ehtiyac yoxdu. O da üç damcı qanı şam ağacının altında öz gözü ilə görüb.

-Bəli, görmüşəm.

-Siyavuş irəli gələrək qəhqəhə çəkdi, əlini ataraq cibimdən tapançamı çıxararaq stolun üstünə qoydu və dedi:

-Mirzə Əhməd Xan təkcə yaxşı tar çalmır, şeir demir, həmçinin mahir ovçuluğu da var, yaxşı nişan alır.

Sonra mənə işarə elədi, mən də yerimdən qalxaraq dedim:

-Bəli, bu gün axşamüstü Siyavuşdan dəftər götürməyə gəlmişdim, əylənmək üçün şam ağacına atdıq. O üç damcı qan pişiyin yox, alaca bayquşun qanıdır. Bilirsiniz də alaca bayquş yetkinlik yaşına çatmayanın malından üç dənə buğda yeyib, hər gecə o qədər nalə çəkir ki, boğazından üç damcı qan damcılasın. Ya da pişik qonşunun sarı bülbülünü tutub, güllə ilə vurublar, burdan keçib.

Gözləyin, yazdığım yeni kompozisiyanı sizin üçün oxuyum. Tarı götürərək lirik səslə bu şeiri oxudum.

Heyif, yenə gecə oldu
Dünya tamam qara oldu
Bütün məxluq rahat oldu
Təkcə mənim qəmim oldu artan

Dünya olmadı heç xoş meydan
Yalnız ölümdür qəmimə dərman
Amma şam ağacının altına baxsan
Torpağa damcılayıb 3 damcı qan

Bu məqama çatanda Rüxsarə və anası əsəbi halda otaqdan çıxdılar, Rüxsarə qaşlarını yuxarı qaldıraraq dedi:

-Bu dəlidir.

Sonra Siyavuşun əlindən tutdu, hər ikisi qəhqəhə çəkdilər, bayıra çıxaraq qapını üzümə bağladılar.

Mən pəncərənin şüşəsindən onları görürdüm, həyətdə fənərin altında qucaqlaşıb öpüşürdülər.

Fars dilindən tərcümə: Cahangir Atakişiyev
MANERA.AZ








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI