manera.az
manera.az

Rəşid Bərgüşadlı: “Bəşəriyyətin ədalətə ehtiyacı var” |MANERA.AZ

Rəşid Bərgüşadlı: “Bəşəriyyətin ədalətə ehtiyacı var” |MANERA.AZ


Müsahibim yazıçı Rəşid Bərgüşadlıdır.
___________________________________________

- Rəşid bəy, Sizin “Sevginin dadı” kitabınızı, Manera.az-da dərc olunan “Kor düyün” romanı və hekayələrinizi oxumuşam. Bildiyim qədər, inşaat mühəndisisiniz. Bəs hardan gəldi bu yazmaq həvəsi?

- Mütaliədən. Nəsə bir şey oxumadan yuxuya gedə bilmirəm. Oxuya-oxuya müəlliflərdən hansının hansından yaxşı yazdığını ayırd edəcək fəhmi duydum. İkinci də, sonbeşiyim hər gün bir yeni nağıl dinləmədən məndən əl çəkməzdi. Özü də nağılı sifariş verirdi, – “Mutlu sonla bitən nağıl olsun!”, “Bu dəfə də Şəngülüm canavarı yesin!” – di gəl, təzə və mutlu sonla bitən nağıl düz-qoş, həm də gündə birini. Beləcə, mətn düzüb-qoşmağın “ustası” oldum, oxuduqlarımdan aldığım fəhmi də üstünə qoyanda nəsə alınmağa başladı. Qalanı isə sonradan təcrübədə qazanılan şeylərdir.

- Bəs özünüzü necə, oxuyursuzmu?

- Azadlığımı çalışıram heç nəyə dəyişməyim. Azad düşünməyin və yazmağın tərəfdarıyam. Nə düşünürəmsə, onu da yazıram – amma etika və azadlığın imkan verdiyi çərçivədə. Dünən yazdığım yazı üçün bu gün xəcalət çəkməmişəm hələ. Həm də ona görə ki, dünən məhz bu cür düşünmüşdüm. Fitnə yayacaq, əsassız yerə kimisə incidəcək puç şeyləri yazmaram. Ədəbiyyatın mədəniyyətə xidmət etdiyini unutmuram. Öz yazdığını kənar oxucu kimi oxumağı bacarmaq müəllif üçün çox çətindir şeydir. Bu baxımdan öz mətnlərimi kənar oxucu kimi dəyərləndirməyi bacarmıram.

- Yazı diliniz rəvandır, xəlqidir, amma hərdən bu səlistlik vulqarlıq həddinə gəlib çıxır...

- Sözü “ənlik-kirşanla” bəzəməyi sevmirəm, şeylər necədirsə, elə də görməyi bacarmalıyıq. Əgər əsərin təbiiliyinə və müəllifin səmimiliyinə ədva kimi dad qatırsa, gündə qonum-qonşuda, doşt-tanış yanında eşitdiyimiz şirin vulqarizmdən xüsusi məhdudiyyətlər daxilində istifadə yolveriləndir. Bir sözlə, hərcayılıqla kobud xalq dili arasındakı incə fərqi sezmək lazımdır. Fikrimcə, bunsuz bəzi mətnlər alınmaz. Həm də, ədəbiyyat xalqa məxsusdursa, qoy elə sadə xalqın dilində də yazılsın.

- Daha çox nədən yazırsınız?

-Ümumiyyətlə, küçədəki adamlardan yazıram – çörək dalınca o yana-bu yana qaçan zavallı aclardan, dilənçilərdən, zibil qutularını eşən insanlardan, kimsəsiz uşaqlardan, tumsatandan, bir də bunlardan haqq-hesab yığan, qansoran “zəlilərdən”. Hansı ki, kitab alıb oxumağa halı və pulu yoxdur... Maşında işə gedib gələn, işdən sonra evində qapanıb pul dəsətləyən adamlarla nə işimiz olacaq ki? Zatən onlarınkı yaşamaq deyil. Ancaq küçədəkilərin həyatlarına dəxli olanda onları yada salırıq. Yaxşı onsuz da yaxşıdır, əsas, qara ləkələri “ağartmaq”dır. Yazmaq insaf-mürvət, ədalət deyilən toxumları yaymaqdır – meyvə ağaclarını, gül-çiçəyi tozlandıran arı kimi. Yoxsa, kiminsə ətəyindən yapışıb məddahlıq və ikiüzlülük etmək, bir-birinin arxasınca danışıb sonra üz-üzə gələndə yaltaqlanmaq qələm halallığından uzaq şeydir.

- Belə çıxır ki, varlıların ürəyində ədalət toxumu əkmək üçün küçədəkilərdən yazırsınız?

- Kasıbın pulu hardadır ki, kitaba verib oxuya? Amma imkanlı adam ən azından evindəki dekorasiyanı tamamlamaq üçün üstü bəzəki kitab alıb kitabxanasını doldurmalıdır.

- Varlı bu kitabı oxuyacaq ki?

- Eybi yoxdur, oxumasın. Ancaq evində kasıbın dərdini anladan bir bəzəkli səda yatır. İşdən qovulanda, işləri düz gətirməyəndə yəqin ki, bu kitabın bir səhifəsini oxuyacaq. Kim bilir, bəlkə elə arvadından xəlvəti yığdığı pulları bu kitabın arasında gizlədir. Bu kitabın necə yazıldığının şahidi olan qadir Allah da bir səbəb salıb ona bircə səhifəni oxutdura bilsə, demək məqsədimizə çatmış sayılırıq. Yox, əgər insan şeytanın özüdürsə, demək oxun daşa dəyib.

- “Şeytanla rəqs edənlər” adlı bir hekayənizi oxumuşdum. Məzhəb məsələsinə dair çox maraqlı mətn idi. Şeytanla aranız necədir?

- Babatdır. Hərdən vəsvəsəsinə uymaqdan özüm zövq alıram. O mənimlə oynadığı kimi, mən də onu dolamaqdan ləzzət alıram. Şeytanı bir o qədər də naqis və qəddar saymıram. Şeytan duyula bilən və ram ediləndir. Ona uyub-uymamaq insanın öz əlindədir. Ondan xeyirli bir gözləmək axmaqlıqdır, ancaq hərdən verdiyi zövqlər adamın nəfsinə xoş gəlir. Bir sözlə avam, sözəbaxan məxluqdur, amma sevimli deyil. Şeytan ruhumuzu incidəcək məxluq deyil.

- Tez-tezmi inciyir ruhunuz? Ruhunuzu necə təsəvvür edirsiniz?

- Mən incitdiyim qədər o da məni incidir. O mənə yaddır, bədənim ona bəs eləmir elə bil. Dəqiq desəm, ruhum yaşlı və nuranidir, amma hələ də canısulu və qıvraqdır. Bircə evindən narazıdır. Qadağaları çoxdur. Mən azad olmağı sevirəm, o isə məni cəhənnəm əzabıyla qorxudur, cənnət zövqüylə şirnikdirir. Bəzən mən də bir çoxu kimi zalım, qaba olmaq istəyirəm, imkan vermir. Qadağan olunmuş bir işi etmək istəyirəm, ruhum qoymur, bir şeyi isə o istəyəndə, mən imkan vermirəm. Müdrik bir qoca ilə əhlikef cavanınkı çətin ki tuta... Onun müstəqil olmağını istəyirəm, yetər ki, o da məni azad buraxsın. Beləcə bir-birimizlə boğuşa-boğuşa ömrü yola veririk...

- Ruhunuzla dost ola bilməzsiz?

- O məni bəyənməz. Məni, tez çatmaq istədiyi əbədiyyətin gözəllikləri xatirinə bu dünyanın maddiyətindən, şirinliklərindən, gözəlliklərindən göz çəkməyi, tərkidünyalığı, uşaqkən müdrik olmağı, çox şeyin adına “haram” deyib ondan uzaqlaşmağı, tanrı qorxusuyla hədələməyi... Əslində pis bir şey istəmir. Amma bu dünyaya təkcə bu moizələri eşitmək üçün gəldiyimə inanmağım gəlmir. Dünyanı, təbiətin gözəlliklərini, zərrələrin möcüzələrini sevməyə bilmirəm, bunlara bağlanmamağı bacarmıram, o biri dünya qorxusu ilə, bu dünyadakı sevgilərdən özümü məhrum etmək istəmirəm... Bəlkə yaradılarkən özümdən soruşulsaydı, başqa məxluq kimi yaradılmağımı istəyərdim. Bu imtahan nə üçün lazımdır, həqiqətənmi adi bir insan, kitablarda deyilən qədər ali bir varlıqdır ki, onunçün bu qədər naz, səbr, dərd, qulluq, xidmət, cəza, mükafata ehtiyac var?

- Allahın varlığına inanırsınızmı?

- Ən böyük qorxum kafir olmaqdır, Allah uzaq eləsin! Allaha da, Qurana da, İsaya da, Məhəmmədə də, cəza və mükafata da, ədalət məhkəməsinin qurulacağına və sorğu-suala da inanıram. Ancaq, insanları parçalayan digər inanclara, qayda və qadağalara nifrət edirəm. Tanrıdan qorxmasaydım deyərdim, - “İnsandan başqa tanrı yoxdur, ədalət və sevgi isə onun rəsuludur”

- “Tanrının gözü” adlı hekayəniz də var. Tanrını necə təsvir edirsiniz, onun şəklini çəkə bilərsinizmi?

- Tanrının verdiyi şüurla düşünsəm, dörd ünsürdən ibarət bədən, okean sonsuzlüğü qədər mərhəmətli gözlər, kainat nəhayətsizliyi qədər sevgi və səbr dolu bir qəlbin sahibi kimi... Bu varlıqda nifrət və kinə yer yoxdur. Tanrı bir günəşdir, yaxınlaşsan səni yandırar. Pərvanəni şəm, Məcnunu Leylinın sevgisi yandıran kimi. Onun sevgi şəfəqləriylə isinmək insana yetər. O qadirdir və verdiyini səxavətlə verir, istədiyi isə şükr, zikr və fikrdir. Ən böyük şah da ən mömin quldan yüksək ola bilməz Tanrı qarşısında...

- Qul olduğunuzu etiraf edirsinizmi?

- Qul olmağı sevmirəm. Tanrıya sevgi daşıyan, tanrı sevgisini, ədalətini insanlara paylayan bir qarışqa olmağı daha üstün tuturam. Qul olmaq tanrı bəndəsini təhqir etmək, alçaltmaqdır. İnsan tanrısına sevgiylə qovuşa bilər. Bir ata öz övladını tərbiyə adıyla nə qədər çox döyərsə, ya, axırda övlad ata qatili olacaq, ya da, belə itaətkar övlad sevgidən məhrum bir zombiyə dönəcək. İnsanların qəlbindəki tanrı qorxusunu çıxarıb, yerini tanrı sevgisiylə doldurmaq lazımdır. Tanrı yalnız sevgi və şəfqətə yönləndirir. Qorxu insana yad, sonradan qazanılan bir xüsusiyyətdir.

- Bəs şeytan, nəfs, iradə...?

- Şeytan, elə insanın özüdür. Qara nəfs şeytana tabe olan insanın xislətidir. Belə insanlar xəbis, paxıl, küdurət dolu, müştəbeh olur. Şeytana düşmən isə iradədir. Sevgi və ədalət dolu insanın iradəsi qarşısında heç bir şeytan dayana bilməz. İnsan anadan cani və canavar kimi doğulmur, onu canavar edən cəmiyyət və qadağalarla dolu qanun toplularıdır. Hər yerdə ağzından vurulub geri atılan insan, əlbəttə, axırda vampir də olmasa, manyak olacaqdır. Sevgi dolu insanın ruhu da sakit olur, bir qarışqanı, gülü ayaqlamır ki, bu gözəlliyi başqası da görsün, duysun -“Gülü dərərsən təkcə sənin, dərməsən mininin olar”-düşüncəsiylə yaşayan insanlar maddiyyət dərdi çəkməzlər. Yaradılmışların gözəlliyinə aşiq olub, Uca Yaradanın izinə düşərlər, sevginin mənbəyinə, bulağın gözünə yönələrlər, hər yerdə sevgi və haqqı yayarlar.

Sevənlərin qibləsi olmaz, çünki tanrı hər yerdə və hər şeydədir. Gözəl bir güldə tanrı işarəsinə valeh olan insan, on il namaz qılmaqdan dizləri qabar olmuş içi şübhəylə dolu mömindən minqat fəzilətlidir, xeyirlidir. Şüurun pəncərəsi gözlərimizdir. İnsan gözüylə gördüklərini sevir, kəramət və bəsirət gözüylə sevmək başqa, öz gözlərinlə görmək bir başqadır. Gözün gördüyünü, bəsirət gözüylə görəndə isə insan, onu sevənə vurulur, ondan ayrılmır. Mən də Tanrımı bax belə sevmək istəyirəm, belə də sevirəm. Bu sevginin qarşısında bir aylıq oruc, ömürboyu namaz və digərləri çox az gələr. Sevginin həddi yoxdur, qorxununsa hakimiyyəti az olar. Tanrı sevilməlidir. Sevgiyə layiq birinin cəhənnəm əzabı olmaz. Olsa da eşq yanğısı qədər ləzzətli olar.

- Qorxusuz insan təsəvvür etmirəm...

- İnsan, Yaradanın nə qədər möhtəşəm bir qüvvə olduğuna valeh olmalıdır. İnsan dənizin dərinliyindən və sonsuzluğundan qorxduğu kimi, bu möhtəşəmliyin qüdrətindən vəcdə gəlməlidir, qorxmamalıdır. Ancaq, sözsüz ki, bu ümmana baş vurub üzmək iddiasından qorxmaq lazımdır. İnsan gücü, səhrada qızmar günəşlə mübarizə aparan yaşıl yarpaqdan milyonqat zəifdir, bir gözə görünməz qrip virusuna məğlub olacaq qədər acizdir. Bu aciz və zəif gücün sahibi heç bir qüdrət sahibi olmaq iddiasına düşməməlidir. İnsan bacarsa-bacarsa, atom silahı yaradıb özünü məhv edə bilər. Bax onda, tanrının qəzəbini görəcəkdir. “Qüdrət” əldə etdiyi üçün deyil, təbiətin digər naxışlarını pozmaq iddiasına düşdüyü üçün qəzəbə uğrayacaqdır. Yaradanın çəkdiyini heç bir məxluqun pozmağa ixtiyarı yoxdur və buna gücü çatmaz.

- Sizcə insan nə üçün silah yaradır?

- Öz soyunu kəsmək üçün!

- Bəs şüuru olan bunu rəva bilərmi?

- Əl-ayağımıza dolaşan elə şüurumuz deyilmi? Həm də, insanda vurub dağıtmaq instinkti heyvanlardakından güclüdür.

- Bəs müharibələr nə üçündür?

- Anbarlarda paslanmış silahlara çəkilən xərclər zay olmasın deyə.

- Siyasətlə aranız necədir?

- Allah bəşəri şeytanın və siyasətin şərindən qorusun. Siyasətdə bir əxlaq olmalıdır. Əxlaqsız siyasət, yalnız əxlaqsız dünya yarada bilər. Əxlaqsız dünya isə, qiyamət cəzasının onqatına layiqdir! Sevgi və ədalətdə əxlaq mütləq qorunmalıdır. “Siyasətin tək limanı əxlaqdır” – bunu Rəcəb Tayyib Ərdoğan deyir. Sevgi yalnız tanrı xatirinə, insanpərvərliyə xərclənməlidir, ədalət isə insanlıq xatirinə olmalıdır. Başa qaxılan sevgi və ədalət rəhmdən uzaqdır. Tanrı isə rəhmsizləri heç sevməz. Rəhmsizlər tanrıdan qorxarlar. Qorxaqlardır qorxudan silah yaradanlar. Dünyanı tək tanrıya etibar etməkdən qorxurlar. Qorxaqların sevgisi heç kimə lazım deyil. Bəşəriyyətin sevgi və ədalətə ehtiyacı var. Bunu insanlara qaytarmaq, bunu sadəcə istəmək lazımdır. Qalanını insanlar özləri yoluna qoyacaqlar. Şeytanı sıxışdırmağın vaxtıdır. Vicdanlı insanlar birləşsə, dünya xilas olacaq, vicdan, haqq-ədalət və sevgi qalib gələcək. Şeytanı böyüdən dindarlardır. Hər kəs Tanrısını da, şeytanı da öz içində axtarmalıdır.

- Şeytan ölməzdir...

- Vicdan da susan deyil, o da əbədidir.

- İnsan da fanidir...

- İnsansız şeytan tanrıya gərək deyil! Dünyada hər şey fanidir!

- İnsan durduqca nəfsi də qalacaq. Nəfsiylə şeytan tərəfindən idarə olunan insan kainatı xilas edə bilməz axı...

- Ən böyük silahımız da şüur və iradədir. Nəfs iradənin altındadır və idarəolunandır. Sevənlər iradəli olurlar. Qadın ən zərif, ana isə ən güclü məxluqdur. Çünki, ana qəlbi sevgiylə doludur. Ana övladına olan sevgisini heç vaxt şeytanın nəfsinə qurban verməz. Yetər ki, sevgini təbliğ edək. Şərəf və ləyaqəti təhqir edənlərə ən ağır cəza nəzərdə tutulmalıdır, cümlə cinayətlərin ən çoxu təhqirdən qaynaqlanır. Özündə tanrı nuru gəzdirən insan, digərini təhqir etməz. Vicdanlı insanlar hakim olmalıdırlar. Həbsdə qatillərin arasında yatan canini düşünün. Onu sevdiklərindən, zərər vurduğu insanın tənəli baxışlarından uzaq tutmaq, əslində canini qorumaqdan başqa bir şey deyil. Cəmiyyətin tənbehini o həmişə boynunun ardında hiss etməlidir. Biz isə onu cəmiyyətdən təcrid edirik. Nəticədə, tanrının ona verdiyi ömrün bir qismini onun əlindən alıb mənasızlığa atırıq. Sevənlərin tənbehi ən güclü cəzadır.

- Onda ətrafımız günahkar canilərlə dolmazdımı?

- Vicdanın cəzası qədər ağır cəzanı heç kim düşünə bilməz. Amma birinci, vicdanlı insan yetişdirmək lazımdır. Gelyatinlə baş kəsməyə vərdiş etmiş bir cəlladdan vicdan gözləmək də ağılsızlıqdır. Siftə, cəlladları və başkəsən eşafot maşınlarını ləğv etməliyik. Bununçünsə, azad insan, azad cəmiyyət və azad bəşəriyyət olmalıdır. “İnsan cinayətə meyillidir”- deyənlərlə heç razı deyiləm, əksinə, insan sevgiyə meyillidir. Onu sevməsən, onun səni sevməsinə imkan yaratmasan, onu itələdikcə bataqlığa yuvarlanmağa meyillənəcək. Sonra isə özümüzə sual verəcəyik, - “Görəsən bunu cinayətə sürükləyən nədir?”. Deməli laqeydlik və biganəlik insanı heyvanlaşdıran xüsusiyyətdir. Odur ki, dünyanın harasındasa haqqı tapdananların səsinə səs verməməklə, sabah bu fəlakətin bizim başımıza gəlməsinə razılığımızı vermiş oluruq. Ülvi dəyərləri bəşəriyyət bütövlüklə qorumağı bacarmalıdır.

- Həyatınızdan razısınızmı?

- İnsan olaraq yaradıldığım üçün məmnunam. Ətrafımdakı hər bir kəsi insan olaraq, tanrı işarəsi kimi görmək istəyirəm. Bu yaşımda heç kimlə əlbəyaxa olub dalaşmamışam, düşmənim yoxdur, olmasını da arzulamıram. Çirkinlikləri görməməyi bacarmıram. Əxlaqsız, oğru, cani, dilənçi, sələmçi, dəllal, alçaq və nadan insan görəndə də onları bu yola sürükləyən bir acı və şeytani səbəb görürəm. Bu səbəblərin səbəbkarı, çox təəssüf ki, hər dəfə bir başqa insanın özü, cəmiyyət, qadağa və qanunlar olur. Dünyanın girdiyi və ölümə məhkum olduğu bataqlıqdan xilası üçün, kiminlə desən tərəfdaş olaram. “Ya Rəbbim, hamını xoşbəxt elə, məni və mənimkiləri də onların içində...”- deyənlərdənəm. Arzuladığım, asudə gəzə biləcəyim bir dünyalı, dünya sakini olmaqdır.

- Bəs arzunuz nədir?

- Tanrımın yanına üzüağ qayıtmaq, sevdiklərimin yanında xəcil olmamaq, onları xəcil etməmək...

- Nəyi daha çox sevirsiniz?

-Tanrının verdiyi hər şeyi!

- Bəs nəyi sevmirsiniz?

- İnsanlarda nadanlığı, genidəyişdirilmiş varlıqları, süni oxşatmaları...

- Hansı heyvana daha çox rəhminiz gəlir?

- Tülküyə, bir də, adına idman və əyləncə qoyub əzabla öldürülən korrodo öküzlərinə...

- Yəni..?

- Ona görə tülküyə ki, hamı elə bilir, tülkü hiyləgərdir. Lakin, öz ovunu əldə etmək üçün kim hiyləyə əl atmır ki... Toyuq insana qida yaradıldığı kimi, o zavallıya da ruzi verilib. Onun nə günahı var ki, insan bütün çölün toyuqlarını hinə yığıb əhliləşdirib? Tülküdəki gözəllik az heyvanda var, məncə o “adı çıxmış” zavallı bir yazıqdır. Korrododonun əsl mənası, öküzlərinin məğrur qürurunu qırmaqdır. Tülkü bicliyi, insan bicliyinin qarşısında nədir ki... Bir öküzün qüruru və inadlı vüqarıyla bu qədər alçaqcasına oynamaq yalnız insanın əlindən gələr. Bu, əlləri bağlı və dirəyə sarılı vəziyyətdə olan bir igidin, nadan və rəzil bir alçaq tərəfindən kötəklənməsinə bənzəyir. Bu yarışlara baxmaq üçün İspaniyayadək xərc töküb gedənlərin sayı qədərdir şeytan həvəskarları... İnsanlar arasındakı qaydasız döyüş yarışları da bu cərgədədir. Tanrıların bir-birinin qanını tökməsi niyə şeytan balalarını şənləndirir görəsən, bir anlasanıza?! Bu dünyanın digər məxluqatı üçün planeti insanla bölüşmək məncə çox darıxdırıcıdır. İnsan, ya bu kainatdan rədd olub getməli, ya da pozduğu nizamı düzəldib, layiq olduğu alt mərtəbəni seçməlidir. Meksika körfəzinin neftli sularında inildəyən yavru bir quşun haqqı, neftlə milyardlar qazanan şirkət rəhbərindən həşamətlidir. O can verən quş, insandan daha şərəfli və yaşamağa daha çox haqqı olan məxluqdur.

- Bu dediklərinizin əsərlərinizdə qabarıq şəkildə görünür. Elə yazıçını oxucuya sevdirən də tamam fərqli ideyalar ötürə bilməyi, yazıda səmimiliyi, güclü fantaziya və təfəkkürüyülə mətnin dərinliyinə işlə bilməyi, özünəməxsus manerasının olmasıdır.
Manera demişkən, bizim Manera.az saytının bir yaşı tamam olur. Fəaliyyətimizə dair hansısa bir iradınız varmı?


- Yazarın hədəfi oxucudur. Ölkəmizdə mətni oxucuya çatdıran ən kəsə Yol isə bu günkü ədəbiyyat saytlarıdır. Manera.az öz mehriban, səmimi kollektivi ilə imzamın tanıdılmasında misilsiz işlər görüb, bunu danmaq nadanlıq olar. Bir il çox vaxt deyil, bu il ərzində siz ətrafınıza kifayət qədər oxucu, ziyalı və qələm adamlarını toplamağı bacarmısınız. Əməkdaşlıq etdiyim üç ən yaxşı ədəbiyyat saytından birisiniz və uğurlu gələcəyinizi görməsəydim saytınızda çıxan hər yazını oxumazdım. Sizə sidq-ürəkdən işıqlı zirvələr arzulayıram və bayramınızı təbrik edirəm. Ümidvaram ki, elə bir gün gələcəkdir ki, ədəbiyyat saytları öz yetişdirdikləri yazıçılarının uğurlarıyla öyünəcək və qələm adamlarının yetişməsində daha effektli rol oynayacaqdır.

- Təşəkkür edirəm.

Şəhla Aslan,
MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI