Biz niyə oxuyuruq? _MANERA
MANERA.AZ filologiya üzrə fəlsəfə doktoru Əliş Mirzallının məqaləsini təqdim edir:
Doğrudur, bu narahatçılıq başadüşüləndirdir və özünü gündən-günə daha qabarıq büruzə verir. Amma problemin yalnız görünən tərəflərindən danışaraq, ümumi fikirlərlə hamıya bəlli məlumatları təkrarlamaqla, məsələnin mahiyyətinə nüfuz etmədən, çıxış yolları haqqında elmi əsaslara söykənən fikirlər irəli sürmədən heç bir problem həll olunmur. Sözügedən problemi təkcə ictimai, mənəvi aşınmalarla və ya elmi-texniki nailiyyətlərdən düzgün istifadə olunmaması ilə izah etmək yanlışlıq olardı. Mütaliə səviyyəsinin aşağı düşməsinin əsl səbəblərinə, onu doğuran amillərə sosiologiya və digər aidiyyatı elmlərin əsas elmi müddəaları, elmi əsas, meyil və qanunauyğunluqlarından, nəşriyyat işi və təhsilin səviyyəsi, sosial həyatın xüsusiyyətlərindən çıxış edərək nüfuz etmək olar.
Mütaliə səviyyəsinin aşağı düşməsi bugün bütün dünyada müşahidə olunan tendensiyadır və əksər inkişaf etmiş ölkələrdə bu problem ixtisaslaşmış insistutlar səviyyəsində araşdırılır. Əldə olunan nəticələr təhlil edilir və kitab nəşrində bu nəticələrdən istifadə olunur. Azərbaycanda isə, təəssüf ki, bu istiqamətdə heç bir tədqiqat aparılmır. Bu səbəbdən də mövcud problem haqqında ifadə olunun fikir və mülahizələr heç bir tədqiqata söykənə bilmir, fakt və rəqəmlərə əsaslanmır. Ən yaxşı halda qonşu ölkələrdə aparılan tədqiqatlara söykənilir ki, bu da məqbul hesab edilə bilməz. Çünki hər bir ölkədə kitab nəşri, informasiya yaradıcılığı və mütaliə səviyyəsinə təsir göstərən spesifik amillər vardır və bu amillər ayrı-ayrı ölkələrdə özünü başqa cür göstərir.
Ölkəmizdə mütaliə səviyyəsinin aşağı düşməsindən danışmazdan əvvəl, bu sahəni öyrənən institutlar yaradılmalı, tədqiqatlar aparılmalı, problem, onu doğuran səbəblər elmi, həm nəzəri, həm də praktiki cəhətdən öyrənilməlidir. Yalnız bundan sonra, real fakt və rəqəmlərə əsaslanaraq problem və onun həlli yollarından danışmaq olar.
Onu da qeyd edək ki, biz mütaliədən danışarkən, bəddi ədəbiyyatçı mütaliəsini nəzərdə tuturuq. Çünki, elmi ədəbiyyatın, ixtisas kitablarının mütaliəsi hər bir ölkədə olduğu kimi, Azərbaycanda da, təhsil və elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqədardır. Bu istiqamətdə araşdırmalar tamamilə fərqli istiqamətdə, fərqli arqumentlərlə aparılmalıdır.
Fikrimizcə, bədii ədəbiyyatın mütaliəsi istiqa¬mətində tədqiqatlar aşağıdakı suallardan çıxış edərək qurulmalıdır:
1. Biz, yəni insanlar niyə oxuyuruq və ya niyə oxumalıyıq?
2. Biz nəyi və necə oxumalıyıq?
3. Biz niyə oxumuruq?
4. Mütaliə səviyyəsini necə qaldırmaq olar?
Birinci və ikinci sual sırf elmi-nəzəri xarakter daşıyır və dünyanın bütün ölkələrində eyni mahiyyət kəsb edir. Bu suallara həsr olunmuş kifayət qədər tədqiqat işləri vardır. Dünyaca məşhur sosioloqlar, psixoloqlar və s. öz əsərlərində mütaliənin şəxsiyyətin formalaşmasında, dünyanın dərkində, bəşəriyyətin inkişafında və s. rolunu əsaslandırırlar. Belə tədqiqatlar bugün də davam etdirilir.
İkinci və üçüncü sual isə hər bir ölkədə özünü başqa cür göstərə bilir. Ölkədə sosial həyat səviyyəsindən tutmuş təhsilin səviyyəsinə qədər, sənayeləşmə səviyyəsindən urbanizasiya problemlərinə qədər, mətbuatdan internetləşmə səviyyəsinə qədər bir çox amillər həmin ölkədə bu sualları özünəxas şəkildə izah edə bilər.
Yuxarıda sadaladığımız suallar kifayət qədər geniş və ətraflı tədqiqat işləri tələb edir. Bir məqalədə, təbii ki, bu stfalları izah etmək mümkünsüzdür. Ona görə də biz hər bir sualı ayrıca bir məqalədə, qısa da olsa, öyrənməyə, Azərbaycanda bu sahədə mövcud vəziyyət haqqında ümumi mənzərə yaratmağa cəhd edəcəyik. Bu məqalədə “Biz niyə oxuyuruq?” sualını təhlil etməyi qarşıya məqsəd qoymuşuq.
Fransız filosofu Frensis Bekon deyirdi ki, kitablar - zaman dalğalarında səyahət edərək öz qiymətli yükünü ehtiyatla nəsildən-nəslə daşıyan fikir gəmiləridir. Neçə əsrlərdir insanoğlu öz fikirlərini, təcrübəsini kitab şəklində gələcək nəsillərə ötürür, amma görək bugünkü nəsil o qiymətli xəzinəni qəbul etmək istəyirmi? Biz oxumağı yadırğamışıqmı? Ötən sərin 70-80- ci illərində kitab mağazalarında V.Babanlının, S.Qədirzadənin, İ.Əfəndiyevin və s. əsərlərini oxumaq üçün saatlarla növbədə duran, əldə olan kitabların kitabxanaya qaytarılmasının həsrətlə gözləyən Azərbaycan oxucusu bugün niyə belə az kitab oxuyur? Xüsusilə uşaqlar, yeniyetmələr niyə kitaba can aunıriar. niy ə kitabı həyati zərurət hesab etmirlər?
Bəs kitab oxumadan yaşamaq olarmı? Əl¬bəttə, olar. Kitabı “informasiya” ilə də əvəz etmək olar. Amma onda ağrı, acını, hissi-həyəcanı yaşayan, ümid verən, xəyal qurmağı bacaran insan yetişməz. İnsanı digər canlılardan üstün edən cəhət məhz bu deyilmi? Bəşər sivilizasiyasının təcrübəsi göstərir ki, kitab oxumadan şəxsiyyət yetişə bilməz. Kitab mənəvi və mədəni dəyərləri formalaşdırır, fikirləşməyi, təhlil etməyi, özümüzü və başqalarını qiymətləndirməyi öyrədir. Məhz kitab bizi başqa dünyalara, başqa zamanlara apara bilir, başqalarının hiss və həyacanmı yaşamağa, duyğularını bölüşməyə imkan yaradır. Kitab oxuyarkən bizim imkanlarımız tamamilə sərhədsizdir: başqalarının həyatını yaşayır, onların rolunu oynayırıq, ölkələri, dövrləri dəyişirik. Bu estetik zövqü digər heç bir vasitə bizə yaşada bilmir.
Fikirləşmək olar ki, yüksək informasiya texnologiyaları əsrində hekayə, roman, şeir oxumaq köhnə məşğuliyyət deyilmi? Televiziya, xüsusilə də internet onları artıq öldürüb. Xeyr, bu gün hələ də əhalinin əhəmiyyətli bir hissəsi bu “köhnə adəti” davam etdirir.
Kitabın insanın formalaşmasında rolu, həm fiziki, həm də mənəvi cəhətdən təkmilləşdirməsi barədə kifayət qədər özünü təsdiq etmiş məlumatlar var. Kitab insanın lüğət tərkibini zənginləşdirir, ünsiyyət qurmağa kömək edir, özünəinam hissini gücləndirir, yaradıcılıq xüsusiyyətləri formalaşdırır. Mütaliə etməklə biz fikirlərimizi səlis ifadə etmək bacarığına yiyələnirik, natiqləşirik, daha yaxşı həmsöhbət oluruq, başqalarına qulaq asmağı bacarırıq. Söhbət zamanı özümüzü daha erudisiyalı, daha bilikli göstəririk, özümüzə inamımız artır. Obyektivlik və qərarqəbuletmə vərdişlərimiz formalaşır. Mütaliə sosial münasibət vərdişlərinin yaranmasına kömək edən simulyator kimi özünü göstərir.
Tibb alimlərinin qənaətinə görə, bədii ədəbiyyatın mütaliəsi insanın sağlamlığına da bilavasitə təsir göstərir. Məsələn, nəsr əsərlərinin oxunmasının tibbi cəhətdən xeyirli olduğunu elmi təcrübələrlə təsdiq edirlər: təsvirlər, metaforalar, emosional dialoqlar insan beyninin ayn-ayrı hissələrini stimullaşdırır.
Mütaliə stressi azaldır, yaddaş və düşüncəni, konsentrasiyanı gücləndirir, yuxunu, beyin hüceyrələrinin fəaliyyətini tənzimləyir, insanı Alsqeymerxəstəliyindən qoruyur, insanı cavanlaşdırır. Mətnin zənginliyi, ritmi psixikanı sakitləşdirməklə orqanizmi stresdən azad edir. Hadisə və süjetlərin zənginliyi insanı hər bir detalı yadda saxlamağa vadar edir ki, beynin, yaddaşın məşqinə cilalanmasına yardım edir.
Amma çətin ki, kim isə məhz yuxarıda sadaladığımız səbəblərə görə kitab oxumaq həvəsinə düşür. Bizi kitab oxumağa vadar edən səbəblər tamamilə başqadır. Bəs niyə biz kitab oxumaq istəyirik?
5. Kitab oxuyarkən biz güclü emosiyalar yaşayırıq.
Əgər kitabda emosiya yoxdursa, ondan heç bir zövq almırıq. Bizə bu əlavə uydurma emosiyalar nə üçün lazımdır. Gəlin baxaq, biz kitab qəhrəmanı ilə özümüzü nə qədər güclü, haqlı, nəzakətli hiss edirik, özümüzə inanırıq, mübarizə aparırıq, daha güclü sevirik. Və ya onunla ağlayır, əzilir, əzab çəkirik. Kitabı oxumağa başlarkən, şüuraltı olaraq əvvəlcədən qəhrəmanlarla birlikdə həyacanlanmağa, qorxmağa, narahat olmağa, darıxmağa, nifrət etməyə, sevməyə və s. razılaşırıq. Real həyatda özümüzə rəva görə bilmədiyimiz və ya yaşaya bilmədiyimiz, çəkindiyimiz, amma çox istədiyimiz o emosiyaları mütaliə edərkən yaşayırıq (Televiziya serialları da eyni xarakterə malikdir. Məhz bu xüsusiyyətinə görə seriallar kifayət qədər geniş audioriyanı öz arxasınca apara bilir). Biz əvvəlcədən o hissləri yaşayacağımızla razılaşırıq, amma nəzarət öz əlimizdədir. Mütaliə edərkən heç nədən, heç bir şeydən çəkinmədən istənilən fantaziyanı qura bilirik, çünki “heç nə olmayacağını” da bilirik. Burda biz tamamilə təhlükəsiz bir məkandayıq, özümüzə real həyatda rəva görmədiyimiz, kənar fikirlər, eqomuz səbəbindən özümüzə yaraşdırmadığımız, yaşamaq istədiyimiz, amma yaşaya bilmədiyimiz hər şeyi burda edə bilərik. Bu zaman özümüzü daha həqiqi, daha canlı hiss edirik. Burada biz özümüzü daha cavan, enerjili, çılğın hiss edirik, təbiətin və sosial həyatın yaratdığı çərçivələr aradan qalxır.
7. Biz özümüzü dərk edirik.
İnsanın həyatı emosiyalar axınıdır. Bəzən emosiyalara o qədər qapanırıq ki, ayrı-ayrı emosiyaları dərk etməyə, anlamağa belə zaman ayıra bilmirik. Mütaliə zamanı biz hadisələrin həm iştirakçısı, həm də müşahidəçisi kimi mətnə kilidlənsək də, həm də bu hadisələrin təxəyyül olduğunu bilirik. Hadisələri saxlayıb geri dönərək, hansısa səhifədəki məsələyə yenidən baxa bilmək, məsələni yenidən dərk etmək imkanımız var. Obrazın emosional gücü nə qədər güclüdürsə, biz onu bir o qədər çox dərk etməyə çalışırıq. Həm mətndəki, həm də həyatda baş verən real hadisələrə öz baxış bucağımızdan baxırıq. Sən demə mənim də belə hisslərim, fikrlərim, çətinliklərim var imiş deyə düşünürük. Bir növ,mütaliə insanın eyni vaxtda həm bir başqası, həm də özü ilə söhbətidir. Bax bu söhbət, bu görüş insan psixikasının inkişafında başlıca şərtlərdən biridir. Elə bil, mütaliə bizdə malik olduğumuz, amma özümüzün bilmədiyimiz tamamilə yeni hisslərimizi canlandırır. Əslində isə belə deyil. Sadəcə mütaliə edərkən biz hadisələrə daha spontan yanaşır, bəlkə də tamamilə başqa hisslər yaşayır və öz emosiyalarımızı dərk edirik. Bu yenilik, bu hisslər dalğası aram-aram insan psixologiyasına, insanın dünya dərkinə öz təsirini göstərir. Və təbii olaraq bu dəyişmə insanın real həyatında da öz sözünü deyir.
8. Biz həmsöhbət tapırıq.
Mütaliə həm də müəlliflə söhbət etməkdir. Yüksək intellektli, savadlı, nəhəng şəxsiyyətlə həmsöhbət oluruq və sanki özümüz də “böyüyürük”. Sanki müəllif bizi eşidir, anlayır, fikirlərimizə şərik olur, bizi dinləməkdən yorulmur. Amma real həyatda heç də həmişə belə olmur. Həmsöhbəti çox vaxt məkan və zamandan asılı olaraq biz seçmirik. Mütaliə zamanı həmsöhbəti biz özümüz seçirik, əsər bitəndə isə elə hiss edirik ki, ən yaxın dostumuzdan ayrılırıq. Amma bu dostumuza istənilən vaxt dönmək imkanımız var. İnsan üçün öz həyatını özünün idarə edə bilməsi hissini yaşamaq çox vacibdir. Bu mənada yeniyetmələrin kitab oxuması, mütaliə etməsi daha çox əhəmiyyətlidir. Əgər kimsə ətrafdakılarla ünsiyyət qurmaqda çətinlik çəkirsə, daha çox özünə qapanaraq münasibətlərdə özünü ifadə etməkdən çəkinirsə, özünə dostlar qazana bilmirsə, o bunu kitab məkanında qazana bilir. Bu məkanda ünsiyyət problemləri yoxdur. Qazanılan təcrübə isə yavaş-yavaş həyatda da özünü göstərəcəkdir.
9. Biz yaxşıya doğru dəyişirik.
Mütaliə insanı dəyişir - bu ifadə hamıya məlumdur. Şopenhauer deyirdi ki, kitab oxumaq başqasının başı ilə düşünməkdir. Kitab oxuyarkən sanki bütün bəşəriyyətin təcrübəsini özümüzünküləşdirmək imkanı əldə edirik. Mütaliə edən insanm şəxsi keyfiyyətlərindən asılı olaraq, bu təcrübədən yararlanmaq özünü fərqli cəhətdən göstərə bilər. Kim isə kitab qəhrəmanlarının hərəkətlərini eynilə təkrarlamağa cəhd edə bilər. Bu xüsusilə də yeniyetmələrdə özünü daha qabarıq göstərir. Belə mütaliə insanı təkrarçılığa, sxematikliyə apara bilər. Yalnız informasiya toplamaq insanı mənəvi cəhətdən zənginləşdirə bilməz. Çox təəsüf ki, bugünümüzdə belə insanlara, düşünmək istəməyən, məsələləri eynilə təkrarlamağa üstünlük verən oxuculara da rast gəlirik.
Bir qisim oxucular isə mütaliə edərək bu təcrübədən daha yaradıcı yararlanır, hadisələri, ideyaları təhlil edir, öz hisslərini qatır, daha dəqiq desək, düşünərək mütaliə edir. Bu qisim insanlar üçün kitab sanki psixoloqla söhbəti xatırladır. Tamamilə təhlükəsiz, idarə olunan bir məkanda öz nifrət və sevgini, qorxu və sevincini, təəssüf və həsədini ifadə edə bilirsən. Qəhrəmanın düşüncələrini özününküləşdirərək inkişaf etdirirsən. Və yaxşıya doğru dəyişirsən. Təsadüfi deyil ki, elə psixoloqlar da öz pasientlərinə çox vaxt mütaliə etməyi, məhz yaxşılaşmaq üşün kitab oxumağı tövsiyə edirlər. Kitab öz hisslərini, hələ dərk etmədiyin, yaşamadığın hisslərini kənardan görmək imkanı yaradır. Nəticədə gözlənilməz qərarlar, müşahidə etmədiyin imkanlar açılır və həyat yaxşıya doğru dəyişir.
5. Biz yaradıcı oluruq.
İnsanın öz yaradıcılıq xüsusiyyətini dərk etməsi çox güclü hissdir. Hər bir insan özünün yaradıcı olmağını arzulayır. Bəzi insanlarda bu özünü güclü göstərir və yazıçı, rəssam, heykəltaraş və s. yetişir. Bəzi insanlarda isə bu xüsusiyyət özünü büruzə verə bilmir. Mütaliə insanda məhz bu xüsusiyyətlərinin ikinci həyatını yaşadır. Mətnə daxil olmuş oxucu müəlliflə razılaşmadıqda əsərin süjet xəttini öz düşüncəsində özü istədiyi kimi inkişaf etdirir və öz süjet xəttinin daha uğurlu olduğunu düşünür. Bəzən fərqli süjet xəttinə görə müəllifi hətta qınayır da. Müəlliflə yaradıcı mübahisəyə belə gedir. Bəzən özünü müəllifdən daha böyük görür. Əsərin sonu, final fərqli sonluqla bitirsə, oxucu bununla razılaşmır, özü yeni süjetlər quraraq ədaləti bərpa etməyə çalışır, müəllif məhz onun kimi düşünmədiyinə görə qınanır (Bu qınaq bəzən o qədər güclü olur ki, hadisələr, süjetin təxəyyül olduğu bilinsə belə, real həyatda yazıçının özünə iradlar bildirilir. Belə faktlar məlumdur).
İnsan öz həyatının böyük hissəsini məhz öz- özü ilə söhbətlə keçirir. Günümüzün yalnız bir neçə saatı həmsöhbətlə keçir, qalan vaxt daxili söhbət, dialoq, daha doğrusu daxili monoloq, nəqletməyə həsr həsr olunur, xəyallar qurulur. Bu Xəyallar da vahid süjet xəttinə malik olur. Mütaliə insanın bu yaradıcılıq keyfiyyətlərini daha da yüksəldir, özümüzün də sezmədiyimiz yeni yaradıcılıq xüsusiyyətlərimizi büruzə verdirir. Nəticədə insanın təxəyyülü, daxili yaradıcılıq xüsusiyyətləri daha da zənginləşir. Və bu yaradıcılıq xüsusiyyətləri real həyatda da asta-asta özünü büruzə verir.
İnsanlar məhz yuxarıda sadaladığımız bu səbəblərə görə mütaliəyə can atırlar. Öz növbəsində bədii ədəbiyyat da insanlara bu təsirləri göstərmək gücündə olmalıdır. Azərbaycanda müasir dövrdə belə ədəbi əsərlər yaranırmı və yaranırsa, insanlar istədiklərini bu əsərlərdən ala bilirlərmi, bu əsərlər hamı üçün əlçatandırmı, oxucular bədii ədəbiyyatı necə əldə edə bilirlər, ümumiyyətlə yeni yaradılan bədii əsərlər haqqında məlumat ala bilirlərmi - bütün bunlar hər biri ayrı-ayrılıqda ciddi araşdırmalar tələb edən məsələlərdir. Biz gələcək araşdırmalarımızda bu məsələlərə qayıdacağıq.
Bədii ədəbiyyatın mütaliəsi insanın həyatında ən vacib zövq, həzz mənbələrindən biridir. Bədii ədəbiyyatın iki əsas məqsədi, vəzifəsi var: birincisi, o, insanlarda mütaliə vərdişləri, asılılığı yaradır. Biz hadisələrin necə inkişaf edəcəyi, sonra nə baş verəcəyini bilmək üçün səbirsizlənirik, səhifələri tez-tez vərəqləyərək hadisələrin sonunun necə bitəcəyini bilmək üçün həyəcanlanırıq - bütün bunlar əsl hərəkət, adrenalin, dinamikadır. Bu bizə yeni sözlər, ifadələr öyrənməyə, başqa cür düşünməyə, irəli can atmağa stimul verir. Biz mətndən həm həzz alır, həm də inkişaf edirik. Və bu həzzi yenidən yaşamaq üçün yenidən kitaba müraciət edirik.
İkincisi, bədii ədəbiyyat empatiya yaradır. Biz televizora və ya filmə baxarkən digər insanlarla baş verənlərə baxırıq, mütaliə zamanı isə biz öz təsəvvürlərimizdən istifadə edərək yeni dünya yaradırıq, ətrafa başqalarının gözü ilə baxırıq. Ətraf mühitin elə bizim özümüz olduğunu dərk edirik. Başqalaşırıq, öz dünyamızda dəyişirik. Bədii ədəbiyyat bizi başqa dünyalara apara bilir. Bizim heç vaxt olmadığımız yerlərə, dövrlərə apara bilir. Bu isə bizi öz dünyamızdan narazı salır. Biz öz dünyamızı, öz təsəvvür və düşüncələrimizi dəyişmək istəyirik.
MANERA.AZ