Sizə nə lazımdır, uşaqlar?! - Əfsanə Laçın MANERA
MANERA.AZ "Deməyin uşaq yazarı yoxdur!” layihəsində sizə Əfsanə Laçını təqdim edir:
Əliyeva Əfsanə Teyyub qızı (Əfsanə Laçın) 1987-ci ildə Laçın rayonunda anadan olub. 1992-ci ildə məlum səbəblərdən ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşıb. Nizami rayonundakı 210 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Müəllimlər İnistitutunun İbtidai sinfin pedaqogika və metodikası fakultəsini bitirib.
2011-2013-cü illərdə Bakı Slavyan Universitetində Yaradıcılıq fakültəsində təhsil alıb.
2005-ci ildən “Əfsanə Laçın” imzası ilə nağıllar, hekayələr, şeirlər yazır.
“Gənc ədiblər məktəbinin görüşlərində fəal iştirak edib.
2011-ci ildə “Bir damcı ürək” adlı şeirlər, 2015-ci ildə isə “Əlifba şəhərciyi” kitabı çap olunub.
2012-ci ildə “Balaca qaya”, “Çəmən və bulud” hekayələri Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin onluğuna düşüb.
MKM-2013 ( Milli Kitab Mükafatı) “Ən yaxşı uşaq nağılı” naminasiyasının qalibi olub.
2015-ci ildə isə “Prezidentin Yanında Bilik Fondu” un təşkil etdiyi “Vətənin pərvəri ol” müsabiqəsində II yerə layiq görülüb. ( Azadlıq pərisi hekayəsi ilə)
Yazıçılar Birliyinin üzvü (2013), prezident təqaüdçüsüdür (2014).
Ssenariləri əsasında “Mənəvi sərvətimiz” ( Milli Kitabxananın 90 illik yubleyinə həsr olunmuşdur) adlı sənədli, “Piknik” (Günel Bağıyeva ilə birgə) adlı qısametrajlı filimlər çəkilib.
Əfsanə Laçınnın nağıllarını təqdim edirik:
QIŞ NAĞILI
Aylar keçər, il dolanar, yeni sözlər yaranar. Bu sözlərin ən gözəlin seçərəm
sizə nağıl biçərəm.
Biri var imiş, biri yox imiş. Bir ayı balası var imiş. Qış gəlmişdi. Ayı balası qış yuxusuna getməyə hazırlaşırdı. Yorğan-döşəyini rahatladı, doyunca armud və bal yedi. Yuvasının ağzını daşlarla hördü. Elə təzəcə yorğanı qaldırıb altına girmək istəyirdi ki, səs eşitdi.
Fil:
- Ay ayı qardaş, Ay ayı qardaş,
Ayı məcbur olub daşları bir-bir yerindən götürdü.
Ayı: (qəzəblə)
- Ay fil bacı, nə istəyirsən? Qoy da yatım!
Fil: (ürkə-ürkə)
- Ay ayı qardaş niyə qəzəblənirsən? Bir az balından, armudundan ver bayram süfrəmizə düzək.
Ayı cəld armud, bir az da bal gətirdi ki, fil tez getsin.
Fil: (sevinə-sevinə)
- Çox saqol şirin yuxular
Ayı daşları yenidən yerinə hördü. Təzəcə işini bitirmişdi ki, yenə səs gəldi.
Dələ:
- Ay ayı qardaş, Ay ayı qardaş,
Ayı:
- Ay dələ, nə istəyirsən? Qoymursan yatım!
Dələ: (dili dolaşa-dolaşa)
- Gəl kömək elə bir şam ağacını yerindən dartıb çıxaraq
Ayı tələsik gedib böyük bir şam ağacını yerindən qopardı
Dələ: (sevinclə)
- Çox saqol ayı qardaş! Şirin yuxular!
Ayı yuvasına qayıdıb divarı yenidən hördü. Çarpayısına sarı gedirdi ki, yenə səs gəldi.
Kirpi:
- Ay ayı qardaş, Ay ayı qardaş
Ayı:
- Sən nə istəyirsən! Axı yatmaq istəyirəm!
Kirpi (kəkələyə-kəkələyə)
- Gəl oyuncaqları tikanlarıma batır. Aparım dostlarıma, şam ağacını bəzəsinlər.
Ayı qəzəblənsə də oyuncaqları kirpinin belinə düzüb yuvasına qayıtdı. Heç divarı yenidən hörməyə macal tapmadı.
Tülkü:
- Ay ayı qardaş, Ay ayı qardaş,
Ayı:
- Tez ol de görüm nə sitəyirsən! Vaxtım yoxdu! yatmalıyam!
- Kömək et qar adamı düzəldək.
Ayı tənbəllik etsə də köməyə getdi. Meşənin heyvanları ilə bir yerdə deyə-gülə qar adamı düzəltdi. Yuvasına geri qayıdırdı ki, qarşısına meymun çıxdı.
Meymun:
- Ay ayı qardaş, ay ayı qardaş,
Ayı:
- Nə istəyirsən! Tez de! Yuxum gəlir yatmağa tələsirəm!
Meymun: (banan yeyə-yeyə bir əli ilə başını qaşıyaraq)
- Kömək et qar dənəciyi kəsim.
Ayı əlacsız qalıb meymuna da kömək etdi. Təzəcə işini bitirmişdi ki, ağacdələn uça-uça gəldi.
Ağacdələn:
- Dayan, dayan, getmə ay ayı qardaş.
Ayı:
- Nədi, nə var?!
Ağacdələn: (asta səslə qorxaraq)
- Tort bişirirəm xəmir yoğurmağa gücüm çatmır. Tələs köməyə.
Ayı xəmirdə yoğurdu. Hələ tortu bəzəməyə də kömək etdi. Evə qayıdırdı ki, səs eşitdi.
Maral:
- Ay aman, ay aman kömək edin, kömək edin!
Ayı səs gələn tərəfə qaçdı.
Ayı:
- Ay maral bacı, niyə qışqırırsan?!
Maral: (bşını ayıya tərəf əyir)
- Ay ayı qardaş, nə yaxşı gəlib çıxdın. Şənlikdə tütəkdə ifa edəcəm. Məşq etmək istəyirdim tütək buynuzuma ilişdi. Dart çıxart.
Ayı tütəyi maralın buynuzundan çıxartdı. O, məşq etməyə başladı.
Ayı tütək havasına oynaya-oynaya evə qayıdırdı. Qəfildən qarşısını 3 pələng balası kəsdi.
Pələng balaları:
- Ay ayı dayı, ay ayı dayı,
Ayı:
- Sizə nə lazımdır, uşaqlar?!
Pələng balaları:
- Şənlikdə rəqs edəcəyik. Bax gör necə rəqs edirik.
Ayı balacaların xətrinə dəymək istəmədi. Əsnəyə-əsnəyə onlara tamaşa edib yoluna davam etdi.
- Lap əladı! İndi mən gedim
Bu dəfə isə qarşısına 3 dovşan balası çıxdı.
Dovşan balaları:
- Ay ayı dayı, ay ayı dayı, gəl kömək et bizə
Ayı:
- Sizə nə kömək lazımdır?!
Dovşan balaları:
- Kömək elə meşəni çör-çöpdən təmizləyək. Axı şənlik olacaq. Meşə səliqəli olmalıdı.
Ayı dovşan balaları ilə birgə meşəni təmizlədi. Yorulub bir daşın üstündə oturmuşdu ki, Şir özünü yetirdi.
Şir:
- Getmə ay ayı qardaş, gəl bu şam ağacını meşənin ortasına qoyaq.
Ayı şirlə birgə şam ağacını meşənin ortasına qoydu.
Bütün heyvanlar gəlib çıxdılar. Birlikdə şam ağacını bəzədilər, bayram süfrəsi açdılar.
Ayı düşündü ki, nəhayət yuvasına qayıda bilər:
- Artıq evə gedib yatım. Hər şey hazırdır.
- Dostlar, bayramınız mübarək! İndi icazə verin gedib yatım. Bir də məni yuxudan oyatsanız bərk qəzəblənəcəm!
Fil:
- Ayı, sən bizə çox kömək edin. Heç yana gedə bilməzsən. Bizimlə birgə “Yeni il”i qeyd edəcəksən. Sonra yuvana qayıdıb doyunca yatarsan.
Beləcə bütün heyvanlar qışın gəlişini birlikdə qeyd etdilər. Ayı da çox şənləndi. Özünə yaxşı dostlar qazandı. Şənlikdən sonra yuvasına qayıdıb dərin qış yuxusuna getdi...
Nağıl burada bitdi, nağılçı evə getdi. Getdi sözlər əkməyə, yeni nağıl biçməyə.
BALACA QAYA
Aylar keçir, il dolanır, yeni sözlər yaranır. Bu sözlərin içindən ən gözəlin seçmişəm, sizə nağıl biçmişəm.
Biri var imiş, biri yox imiş. Üç qaya var imiş. Böyük, Ortancıl və Sonbeşik. Qayalar dostluq edirdi. Gündüzlər Günəş şüaları altında qol-qanad açır, gecələr isə soyuqdan büzüşürdülər. Bir gün “Böyük qaya”nın sinəsi çatladı. Xırda daşlar ovulub, yerə töküldü. Sən demə bulud göydən hər şeyi görürmüş. O, qayanın çatlamış sinəsini görüb yamanca qorxmuşdu, ona görə də ağlayırdı. Buludun göz yaşları qayanın çatlamış sinəsinə doldu. Yeraltı sular yağışın şırıltısını eşidirdi. Onlar buludun niyə ağladığını bilmək üçün qayanın çatlamış sinəsindən ətrafa süzüldülər. Geri qayıtmaq istəsələr də, bacarmadılar. Səhərə kimi qayanın sinəsində böyük şəlalə əmələ gəldi. Qayalar yuxudan oyananda gördülər ki, Böyük qayanın sinəsindən şəlalə axır.
Sonbeşik qaya dedi:
- Vay, vay, sən necə də gözəl olmusan. Əcəb qəşəngsən.
Böyük qaya isə çox məyus idi. Çünki bilirdi ki, artıq həyatının sonuna az vaxt qalır. O, hər gün məhv olurdu. Şəlalə onu yavaş-yavaş sinəsindən oyurdu. Onun şır-şır səsi bu yerlərin səssizliyini pozmuşdu. Günlər keçir, qaya gündən-günə kiçilirdi. Bir gün Böyük qaya daşlara parçalanıb, torpağa qarışdı. Artıq qayanın yerində çay axırdı.
Bulud yenə də ağlamağa başladı. Sonbeşik qaya da ağlayırdı.
Günlər beləcə keçdi. Artıq Ortancıl qayanın da sinəsi çatlamışdı. Quşlar qayanın başına elə hey fırlanırdılar. Onlardan birinin dimdiyindən qayanın sinəsinə toxum düşdü. Vaxt keçdikcə qayanın sinəsində bir ting böyüyürdü. O böyüdükcə, qayanın çatları da böyüyürdü. Hər gün qayanın parçaları ovulub, yerə tökülürdü. Ting isə günü-gündən qol-budaq açırdı. O, artıq böyük ağac olmuşdu.
Sonbeşik qaya qorxurdu. Bilirdi ki, çox keçməyəcək tək qalacaq, amma əlindən heç nə gəlmirdi.
O, gecədən bərk yuxulamışdı. Hiss etdi ki, nə isə titrəyir. Yuxudan ayılıb, nə görsə yaxşıdı?! Ağacın gövdəsi o qədər böyümuşdü ki, qaya artıq onun ağırlığına dözə bilmirdi. Qaya titrədi, titrədi, birdən böyük daş parçalarına bölündü. Bulud yenə də ağlayırdı. O qədər ağladı ki, tezliklə daşlardan heç bir əsər-əlamət qalmadı, onlar da əriyib torpağa qarışdılar.
Balaca qaya tək qaldı. Bir yanından çay axırdı, o bir yanında isə nəhəng ağac var idi. Ağac meylini qayaya salmışdı. Budaqları qayaya sarı sallanırdı. Qayanı gündüzlər Günəşdən, gecələr soyuqdan qoruyurdu. Çay isə ayağının altından axırdı. Amma o nə ağacı, nə də çayı sevmirdi. O qayalar üçün darıxırdı. O qədər xiffət çəkirdi ki, içindən oyulurdu.
Sonbeşiyin sinəsində böyük oyuq yaranmışdı. Hardansa bir ayı balası gəlib, özünü oyuğa salmışdı. Qaya onu çox sevirdi. Balaca qaya artıq qaya deyildi o, balaca mağaraya çevrilmişdi…
Bu nağılı oxumuram ki, mışıl-mışıl yatasan, oxuyuram ki, fikirləşib ağıllı yol tapasan.