manera.az
manera.az

Rafiq Hümmət: Ruh Adam - Nəriman Əbdülrəhmanlı yazır..

Rafiq Hümmət: Ruh Adam - Nəriman Əbdülrəhmanlı yazır..
MANERA.AZ Nəriman Əbdülrəhmanlının yazısını təqdim edir.

1.Ruhuma doğma adam

Rafiq Hümmətlə nə vaxt rastlaşdığımı yaxşı xatırlayıram…

Amma hərdən mənə elə gəlir, o tarix yanıltmacdan başqa bir şey deyil, çünki onu, az qala, minillərdi ki, tanıyıram, ruhunun gizlinlərinə tamam-kamal bələdəm…

Rafiqin şeirlərini həmişə “öz səsiylə” oxuyuram, onda ruhundakı təlatümləri daha dərindən duyuram, həm də sözaltı mənalardan agah oluram, telefon xəttində eşitdiyim səsində belə, onun “ağrılarının xəritəsi”ni açıq-aydın görə bilirəm…

Tanrının verdiyi ömür möhlətinin ötən qismində Rafiq Hümmətin yaşantılarını, ağrılarını, itkilərini, İNSANLIQ və SÖZ mərtəbəsində qazandıqlarını yaddaşımdan keçirəndəsə dəyanətinə heyran qalıram: həyatın zərbələri qarşısında sınmamaq, üstəlik, mənəvi və ruhi bütövlüyünü saxlamaq heç də hamıya qismət olmur…

Ruhuma doğma saydığım Rafiq Hümməti mənə tanıdan SÖZü, az qala, qırx ildi ki, yol yoldaşımdı…

2.Sözünün havası vurdu…

Rafiqlə ötən əsrdən, 80-ci illərin ortalarından tanışam...

Ömür yollarımız kəsişəndə mən mətbuatda özümə yer tutmaq ümidilə “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetilə əməkdaşlıq eləyirdim, Rafiqsə A.S.Puşkin adına Tbilisi dövlət Pedaqoji İnstitutunda (indiki S.S. Orbeliani adına Pedaqoji Unuversitetdə) oxuyurdu. O illərdə institutda çalışan tanınmış imza sahibləri Alxan Binnətoğlu və Valeh Hacılar, ünsiyyətdə olduğu bənzərsiz yaradıcı adamlar Lətif Mustafaoğlu, Eyvaz Əlləzoğlu, Allahverdi Təhləli… son dərəcə səmimi, sözə vurğun həmyaşıdları İlyas Məmmədli, Murtuz Fərhadoğlu, Cambul Məmmədli, Zakir İsmayılov..., təbii ki, könlü Sözə sarı dartınan Rafiqin həyatın Tanrı bəxşişi kimi daxil oldular.

Rafiqin – 19-20 yaşlı gənc şairin (elə onda özümüz də gənc yazıçı sayılırdıq, hələ də bu yarlığı ütümüzdən qopara bilməmişik) qələmindən çıxanları oxuyanda məni qədim-qayım SÖZÜN HAVASI və RAFİQİN ÖZ NƏFƏSİ vurdu. Onda əmindim ki, poeziyaya məqsədsiz-filansız gəlməyə çalışan bəzi tay-tuşlarından fərqli olaraq, Rafiq Hümmətdə bu, ötüb-keçəri gənclik həvəsi deyil, qismətinə düşən TALE BƏXŞİŞİdi, artıq bundan qaçmaq iqtidarında deyil.

Qaça da bilmədi, ALIN YAZISIna boyun əydi, həyatın rastına çıxardığı bir çox nemətlərdən SÖZ DEMƏK xətrinə əl çəkdi, SÖZÜN ABRInı saxlamaq üçün ağlagəlməz əzablara, mübaliğəsiz, mənəvi işgəncələrə dözdü. Son məqamda - indi, ömrün yetkin vaxtında bunu daha da əminliklə demək olar – itkilərlə də olsa, TALE DÖYÜŞÜndən qalib çıxdı...

3.Dünyanın yiyəsinə salam

Əlbəttə, ədəbiyyata 80-ci illərdə qədəm qoyan əksər qələm adamları kimi, Rafiq Hümmətin də ömrünün ən çətin illəri 90-cı illərin əvvəllərinə - ağrılı keçid dövrünə - düşdü. Qəzet-jurnallarda, ədəbi toplularda ilk şeirlərini çap etdirən Rafiq həyatla əlbəyaxa çarpışmaya girişdi. Çalışdığı “Gürcüstan” və “Region” qəzetlərinin ağır günlər keçirməsi onun da taleyini dəyişdi. Hətta 1997-ci ildə Gürcüstan Respublikası prezidentinin Fəxri fərmanı ilə təltif olunması belə, onun həyatında yaxşılığa doğru dönüş yaratmadı.

Rafiq 1998-ci ildə bir parça çörək üçün cəlayi-vətən olub Bakıda sığınacaq tapdı, yaşamaq üçün başqa, çoxlarının getdiyi yolları bilmədiyindən, qələmiylə çörəkpulu qazanmaq əzabına qatlaşdı, “Şərq”, “Faktor”, “Yeni Azərbaycan”, “Həyat” qəzetləri ilə əməkdaşlıq elədi, “Milliyət” qəzetinin baş redaktoru oldu…

Bu yolun çətinliyini, illah da qələm adamının məhrəm yaradıcılığına nə qədər ziyan vurduğunu bilənlər bilir. Amma Rafiq həyatla, gündəlik qayğlalarla əlbəyaxada olduğu o illərdə belə, SÖZdən uzaq düşmədi. Yaşam qayğılarından vaxt tapıb görüşəndə əl boyda kağız parçalarına tanış xəttiylə yazdığı duyğulu şeirlərini oxudu. Onda gördum ki, ŞEİR YAZMAQ - Rafiqdən ötrü şair olmağa çalışmaq, çap olinmaq, kitab çıxartdırmaq, AYB-yə girib nəsə ummaq, ya da böyük-böyük adamlarla şəkil çəkdirib qürrələnmək deyil, daha məhrəm bir nəsnədi. Elə bunun nəticəsiydi ki, 2000-ci ildə Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görüldü…
Rafiq Hümmət: Ruh Adam - Nəriman Əbdülrəhmanlı yazır..
Rafiq Hümmətin daha bir xasiyyətinə də onda bələd oldum: mətbuatda tez-tez görünmək, ilbaşı kitab çap etdirmək, ədəbi aləmdə tez-tez görünüb tozanaq qaldırmaq onun xarakterində yoxdu. Bəlkə, elə buna görədi ki, “Salam, dünyanın yiyəsi...” adlı ilk şeirlər kitabını, az qala, 40 yaşında, həm də dostlarının təkidilə (üstəlik də az tirajla) çap etdirdi.

Rafiq Hümmət 50 yaşına növbəti, çoxdan hazırladığı kitabını çap etdirməyə imkan tapmadan çatdı. Söz verənlər sözlərini unutdular, minnətli kəsləri özü yaxına buraxmadı, kreditlə kitab buraxdırmağı şəninə sığışdırmadı.

Amma o, bundan heç darılmırdı, bilirdi ki, YAZMAQ İSTƏDİYİ SÖZü yazıbsa, qalanı taleyin işidi, mütləq bir qapı açılacaq, həmin SÖZü məqamına çatacaq. Bilirdi ki, Tanrıdan minnət götürməyən kəsin bəndələrdən minnət götürməsi ağlabatmaz məsələdi, elə bu səbəbdən də QİSMƏTinə yazılandan başqa bir şey ummur.

4.Doğma mühitə dönüş

Beləcə, 1990-cı illərin çətin dövründə yaşam qayğılarını Rafiq Hümmət həmişə namusunu qoruduğu qələmilə yola verdi. Rastlaşdığı çətinliklər onu QƏLƏMə və SÖZə gəc baxmağa məcbur eləyə bilmədi. Qəzet-jurnallarda çap etdirdiyi silsilə şeirləri və ilk kitabıyla ədəbi aləmdə öz imzasını sevdirməyi, oxucularını qəlbində taxt qurmağı bacardı...

Amma Rafiq Hümmət ruhu, dünyabaxışıyla fərqli mühitin yetirməsi olduğundan, başqa ölçülərə söykənən Bakı mühitinə alışa bilmədi. O illərdəki ünsiyyətimizdə Rafiqin “hamı kimi olmaq” üçün nə qədər əziyyət çəkdiyinin şahidiydim, bunu bacarmadığını da açıq-aydın görürdüm…
Təxminlərim də səhv çıxmadı, Rafiq Hümmət 2004-cü ildə ruhən bağlı olduğu Gürcüstana qayıtdı, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçildi, az müddət ərzində Gürcüstanın Azərbaycandilli ədəbi mühitində, sözün əsl mənasında, dirçəliş yaratdı, öz nüfuzu və təşkilatçılıq qabiliyyəti sayəsində sanballı uğurlara imza atdı. Bir müddət dilimizdə “Ədəbi Gürcüstan” adlı qəzet nəşr etdirdi, 2009-cu ilin yazında Tbilisidə “Varlıq” Mədəniyyət Mərkəzini və “Varlıq” həftəlik qəzetini təsis elədi, mərkəzin sədri, həm də qəzetin baş redaktoru kimi sanballı işər gördü…

Bütün bunlarsa asanlıqla başa gəlmirdi. Rafiq Hümmət Mərkəzi və qəzeti saxlamaq, yaradıcı soydaşlarımıza Gürcüstan ədəbi mühitində layiq olduqları yeri qazandırmaq, Gürcüstan-Azərbaycan ədəbi və mədəni əlaqələrini yeni mərhələyə qaldırmaq üçün ağlagəlməz əziyyətə qatlaşdı. Elə bunu nəticəsidi ki, onun toplayıb nəşrə hazırladığı və 2007-ci ildə Tbilisidə nəşr etdirdiyi sanballı “Ədəbi Gürcüstan” toplusu ədəbi dairələrdə böyük maraqla qarşılandı. 2011-ci ildə isə son 300 ildə Gürcüstanda yaranan Azərbaycandilli ədəbiyyatımızın daha bir sanballı nəşrini gerçəkləşdirməsini mədəniyyətimizə və ədəbiyyatımıza əsl ziyalı xidməti saymaq olar.

Rafiq Hümmətin rəhbərliyi ilə “Koroğlu” eposu, “Min bir Azərbaycan bayatısı” və “Hekayələr və nağıllar” toplusu iki dildə - gürcü və Azərbaycan dillərində - hər biri ayrıca kitab şəklində nəşr olunun oxuculara çatdırıldı. Bununla yanaşı 30-adək qələm sahibinin kitablarını tərtib və redaktə elədi, işıq üzü görməsi üçün əlindən gələni əsirgəmədi.

Təbii ki, bədii tərcümə Rafiq Hümmətin yaradıcılığında da halal yerini tutdu. O, çağdaş gürcü və rus poeziyasından bir çox nümunələri dilimizə çevirib nəşr etdirdi. Ortaq dostumuz Nurafizin fədakarlığı sayəsində Rafiqin şeirlərindən seçmələr də gürcü dilinə çevrildi…
Hələ növbədə nə qədər planlar, neçə-neçə kitablar vardı...

5.Həyatın gözlənilməz dönüşü

Amma təəssüf ki, Rafiq Hümmətin əzmkarlığı, fədakarlığı və nikbinliyi zamanın amansız gerçəklikləriylə üz-üzə qaldı…

Maliyyə çətinlikləri ucbatından “Varlıq” Mədəniyyət Mərkəzi də, “Varlıq” qəzeti də fəaliyyətini dayandırmalı oldu…

Bu qurumu yalnız tədbirlərdə yada salan Azərbaycan Respublikası Diasporlarla iş Komitəsi zəruri mənəvi dayağımızı yaşatmaq üçün heç bir tədbir görmədi…

Üstəlik, Azərbaycan Yazıçılar Birliyi Rafiqin bütün cəhdlərinə baxmayaraq, minbir əziyyət bahasına yaratdığı və yaşatmağa çalışdığı filalın ayaqda qalması üçün tükünü belə tərpətmədi…

Rafiq Hümmətsə yenə sınmadı, iqtidar sahiblərinə yarınmadı, meşin qapılar döymədi, 2019-cu ildə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılmış Gürcüstan Azərbaycanlıların İnteqrasiya Mərkəzinin icraçı direktoru kimi, yarımçıq işlərini tamamlamağa cəhd göstərdi, amma bütün səylərinin keçilməz maneələrlə üzləşdiyini görəndə taleyini pedaqoji fəaliyyətlə bağlamalı oldu…

Rafiq yenə sərhədsiz ruhumuzun Gürcüstandakı dayaqlarından biri kimi qaldı, əminəm ki, bu müqəddəs missiyasını ömrünün sonunacan da şərəflə daşıyacaq…

6.Sözünü rüzgara oxudu…

Rafiq Hümmət 2000-ci ildə Bakıda birgə çapa hazırladığımız, kiril əlifbasıyla, həm də cəmi 200 nüsxə tirajla işıq üzü görən, yarıdan çoxu da müəllifin bəxtindən izsiz-soraqsız yoxa çıxan, indi, yəqin, nadir nüsxələr sırasında olan “Salam, dünyanın yiyəsi” adlı ilk poetik toplusundan sonra 2017-ci ildə Tbilisidə “Rüzgara oxunan söz” kitabını nəşr etdirdi. Neçə illərdən bəri “Bağışla, ay şeir, məni bağışla, // Səni dustaq etdim boz qovluqlarda...” deyib SÖZdən əfv diləyən müəllifin də qələmə aldıqlarının bir hissəsini üzə çıxarması da böyük məhrumiyyətlər bahasına başa gəlmişdi. Özü demiş, hər gün şeirlə nəfəs almış, duyğu və fikirlərimi ifadə eləyə bildiyi qədər sözə sığdırmış, uşaqlıq illərimdən bağlandığı poetik dünyadan, hətta gerçək dünyadan baş götürüb qaçmaq istədiyi anlarda belə, ayrı qala bilməmişdi.

Elə o illərdə də Rafiq Hümmət “iki vətəni”, xoşbəxtliyinin də, bədbəxtliyinin də ikiqat olduğunu bir daha dərk eləmiş, “Əgər xoşbəxtəmsə - iki dəfə çox, // Əgər bədbəxtəmsə - iki dəfə çox” qənaətinə gəlmiş, ən ağır məqamlarda da maddi yaşantılarını bayrağa çevirməmiş, kitabının nəşri üçün qapılar döyməmiş, kimlərəsə ağız açmamış, uzun illər səbirlə gözləmiş, “Bu yığvalı seçmədim ki, ağlayam, // Tanrı özü verdiyinə min şükür...” demiş, üstəlik, qəlbindəki İNSAN və SÖZ sevgisini də öləziməyə qoymadı, Allaha və onun verdiyi qismətə asi olmamış, öz-özünə təskinlik vermişdi: “...Səni sevgi ilə böyüdüb Allah, // Otur, Allahına min şükür eylə...” Məncə, elə bu səbəbdən də “Rüzgara oxunan söz” toplusu istedad və duyumla yanaşı, həm də səbrin nəticəsiydi...

“Rüzgar” türkcəmizdə həm zamanı, həm də küləyi ifadə eləyir. Bəlkə Rafiq SÖZünü KÜLƏYə oxuyub ki, ZAMANın qulağına çatdırsın. Ona görə “Mən sözümü pıçıldadım ruzigara, // Rüzgar bilər, mən bilərəm, Söz bilər...”

Rafiq Hümmət “Rüzgara oxunan söz”ünü oxucuya bəzəksiz-düzəksiz, olduğu kimi təqdim eləyir, hətta öz ibarəsincə desək, bu şirlər on yeddi yaşından indiyəcən yaşadığı çeşidli duyğulardan seçilmiş fraqmentlərdi, yazılma tarixi bəlli olsa da onları qeyd eləməyə və xronoloji ardıcıllığa ehtiyac duymayıb. O, xoşbəxtlikdən, ŞEİRi kef üçün də yazmayıb, hər misrasını, hər bəndini ağrıya-ağrıya qələmə alıb, ŞEİRdən və ŞAİRLİkdən heç nə ummayıb, əksinə ömrünün ən çətin anlarında SÖZə söykənib, SÖZdən güc alıb, əlləri hər yerdən üzüləndə dar otağına qapanın, olan-qalanına qail olub, deyib:

Elə “Şeir ki var – qara günün qazancı” qənaətinə də həmin məqamlarda gəlib. Amma heç vaxt SÖZü ucuzlaşmağa qoymayıb, SÖZÜnü SÖZ SƏRRAFIna çatdırmağı arzulayıb, hər sözə də meyil salmaq istəməyib, özünə və qədrini bilən oxucularına söz verib ki: “...Ay nurunda bir söz çiçək açmasa, // Min il keçə, mən o sözü qoxumam...”

Məncə, Rafiqin SÖZü bu səbəbdən sanballı görünür, inanıram ki, heç vaxt dəyərini itirməyəcək...

7.Sözündən tanınan adam

Rafiq Hümmətin təxminən iyirmi il əvvəl mənə ad elədiyi şeirində SÖZə münasibətini bildirən, həm də onun yaradıcılıq kredosunu ifadə eləyən belə misralar var:

Sözmüş məni yeridən də,
Sözmüş məni yaradan da...


Bu, SÖZü öz taleyi kimi qəbul eləyən bir qələm adamının etirafıdı, Rafiq Hümmət o etirafını poetik missiyasının hədəfilə tamamlayır. O hədəfsə maddi yox, İlahi gözləntilərlə bağlıdı..

Rafiq Hümmət mənim tanıdığım, bələd olduğum ən gözü-könlü tox, dosta-tanışa sədaqətli, ömrünü və imkanını hamıya səxavətlə paylayan adamlardandı. Bir şeirində bunu özü də deyib:

Nəyim varsa – mən payladım dostlara,
O dosta ki, onun yoxdu, mənim çox.
Hərdən-hərdən mən də umdum dostlardan,
O dostdan ki, onun çoxdu, mənim yox...


Könlündə olan adamsansa, istədiyin vaxt Rafiq Hümmətin qəlbinin də, iş otağının da, evinin də qapısını ərklə döyə bilərsən, səni işıqlı təbəssümü, gözlərinin məhrəm parıltısı, ürəyinin yandırıb-yazan hərarətilə qarşılayacaq, ailə və iş qayğılarını bir kənara qoyub sənin dərd-sərinlə məşğul olacaq. Yox, könül dəftərinə yazılmamısansa, yenə nəzakətini göstərəcək, amma iş otağının, evinin qapılarını sənin üzünə açsa da, qəlbinin qapılarını açmayacaq. Bu, onun indiyə gətirib çıxardığı yaşam tərzidir.

Rafiq Hümmətin illərlə formalaşmış, cilalanmış yaradıcılıq kredosu da var: yaşam şərtlərin necə olur-olsun, SÖZə qarşı namuslu davranmaq, könlünün ucalığını, saflığını saxlamaq. Şəxsi münasibətindən asılı olmayaraq, HAQQI olanın HAQQINI tapdamamaq, HAQQI NAHAQQIN YAĞINA VERMƏMƏK də yaşadığı ömrünün qanunlarından biridi.

“...Hər kəs öz sözü qədərdi. Söz özlüyündə hər zaman güclüdü. Ədəbiyyat sağlığında əsasən arsızların və piar bacaranların daha çox uğur qazana biləcəyi bir sahədi. Bizdə yüzillərlə bir fikri formalaşıb, şair uzun yaşamamalıdı, şair zəngin olmamalıdı, şair ehtiyac içində yaşamalıdı, şairin qiyməti öləndən sonra verilir... Axsaq sözdən axsaqlar yapışar. Çağdaş Azərbaycan ədəbiyyatında kifayət qədər dəyərli qələm ustaları vardı, amma axsaqların basabasında ona-buna sürtünmək və bəzi yerlərini zədələyib axsamaq məcburiyyətində qalmasınlar deyə, çox da nəzərə çarpmırlar. Onlar sadəcə sözlə və ehtiyacla qucaqlaşıb yavaş-yavaş ölürlər…”

Bu, Rafiq Hümmətin ağrıyla dilə gətirdiyi sözlərdi...

Bilirəm ki, o, yenə elə bu ağrını yaşaya-yaşaya şeirlərini qələmə alacaq, ömür borcu saydığı işləri görəcək...

May 2017 – noyabr 2023






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31