manera.az
manera.az

Han Kang və onun "Vegetarian"ı - Bədirxan Əhmədli yazır

Han Kang və onun "Vegetarian"ı - Bədirxan Əhmədli yazır
MANERA.AZ professor Bədirxan Əhmədlinin 2024-cü ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Han Kangın məşhur "Vegetarian" romanı haqqında yazısını təqdim edir.

Bu əsər son zamanlarda Koreya ədəbiyyatından oxuduğum ikinci romandır. Bundan əvvəl Şin Qyonq Suqun "Anam sənə əmanət" romanını oxumuşdum. Hər iki əsəri "Qanun" nəşriyyatının çap etməsi Asiya ədəbiyyatına marağı artırır. Nəşriyyatlarımız Asiyanın digər xalqlarının əsərlərinin tərcüməsini intensivləşdirsələr, bu xalqların ədəbi düşüncəsinə maraq daha da artmış olar. Bu və bu əsərlərin tərcüməsi barədə ayrıca söhbət açmaq da olar. Yeri gəlmişkən, "Vegetarian" romanını Könül Kamilzadə çevirib. Adekvatlığı haqda bir söz deyə bilməsəm də, semantik ekvivalentliyi, dilinin səlisliyi, fikrin çatdırılması, alt qatın izahı baxımından yaxşı təsir bağışlayır, oxunaqlıdır. Lakin bu məqalədə tərcümə ilə bağlı yox, Koreya yazıçısı Han Kanğın özü və romanı ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Nədən ki, bu yazıçının əsərlərini artıq dünyanın iyirmidən çox ölkəsində oxuyurlar. Koreyanın və dünyanın bir çox ədəbi mükafatlarına layiq görülüb. Dünyanın ən nüfuzlu üç ədəbi mükafatından biri - Beynəlxalq Man Booker mükafatının laureatıdır.

Han Kanğ 1970-ci ildə Koreyanın Qvanqçu şəhərində anadan olub. 1993-cü ildə Yonse Universitetinin Koreya ədəbiyyatı fakültəsini bitirib. Elə həmin il ədəbi fəaliyyətə başlayıb; "Ədəbiyyat və ictimaiyyat" rüblük jurnalında şeirləri dərc olunub. Bir il sonra Seul qəzetinin illik Yaz Ədəbi müsabiqəsində "Qırmızı lövbər" adlı qısa romanı ilə qalib olub. Haqqında danışacağımız əsər "Vegetarian" romanı bu gün dünyanın bir çox ölkələrində oxunur. Buna səbəb Han Kanğın hadisələrə tamamilə fərqli bir müstəvidən baxması və son dərəcə orijinallıqla təsvir etməsidir. Romanda insanın bitki mənşəli olduğu və yaxud insanın cəmiyyətdən qoparaq özünü təbiətin bir parçası kimi görmək istəyi əsrarəngiz, detallı və inandırıcı şəkildə təsvir edilir. Yazıçı romanın yazılması səbəbini belə izah edirdi: "Mənasız və qaranlıq bir gündə avtobus gözləyərkən özümdən asılı olmadan küçədəki ağacların gövdəsinə toxunmuşdum. Ağacın nəm qabığı soyuq bir alov kimi ovuclarımı yandırmışdı. Sinəm sanki buz kimi saysız-hesabsız çatlara bölünərək ayrılmışdı. İki canlı şeyin görüşməsini, artıq əlimi çəkib daha da irəliləməli olduğumu həmin an heç cür inkar edə bilməzdim".

Bu əsərdən on il əvvəl yazıçının "Qadının meyvəsi" adlı kiçik bir romanı çap olunmuşdu. Burada bir qadının mənzillərinin eyvanında bitkiyə çevrilməsi və birlikdə yaşadığı kişinin onu dibçəyə basdırmasından danışılırdı. Sonralar bu ideya yazıçının "Vegetarian" romanının süjet xəttini təşkil etdi və bir qədər də dərinləşdi.
Han Kang və onun "Vegetarian"ı - Bədirxan Əhmədli yazır
Roman üç hissədən ibarətdir; "Vegetarian", "Monqol ləkəsi", "Alov ağacı" həm ayrı-ayrı fəsil olmaqla yanaşı, həm də süjet baxımından bir-birilə bağlıdır. Elə yazıçının da yazdığına görə, ayrı-ayrılıqda üç hekayə təsiri bağışlasa da, birləşdirdikdə, tamamilə fərqli, həqiqətən də çatdırmaq istədiyi hadisənin mahiyyətini özündə birləşdirən bir roman alınır.

Han Kanğ indiyədək cəmiyyətdə heç bir qəribəliyi ilə tanınmayan Yonqhenin birdən-birə vegetarian olması prosesini təsvir edir. Yonqhe əri ilə sakit həyat tərzi keçirir, həyat yoldaşı kimi üzərinə düşən vəzifələri yerinə yetirirdi. Əvvəlcə yaşadıqları evi aldıqlarından hələlik övlad sahibi olmağı təxirə salmışdılar. Lakin bir gün hər şey dəyişir, hadisələr başqa məcrada davam edir. Əri yuxudan oyanıb arvadını soyuducunun ağzını açaraq ora baxan görəndə heç nə anlamır, ancaq Yonqhenin soyuducudakı ət, balıq, konserv və s. hamısını çölə atdığını gördükdə bunun səbəbini soruşur. Ərinin arvadından eşitdiyi yeganə söz "Yuxu görmüşəm..." olur. Lakin bu yuxunun nədən ibarət olduğu sonrakı günlər üzə çıxacaq. Bundan sonra o, ət məhsulları, yumurta, süd və ümumiyyətlə, canlı ilə bağlı olan heç nə yeməməyi qərara alır. Əvvəlcə əri bunun keçici olduğunu düşünür, lakin günlər, həftələr keçdikcə məsələnin ciddiliyini anlayır. Əlbəttə, Yonqhenin vegetarian olması təkcə ailə məsələsi deyildi, getdikcə cəmiyyət məsələsinə çevrilir və bütün ətrafı narahat edirdi. Ərinin iş yoldaşları ilə qonaqlıqda cəmiyyətdə vegetarianlığın ətraf aləmdə nə qədər təpki ilə qarşılaşdığını görürük.

Onun ət yeməməsi getdikcə bədəndə müqavimətini azaldır, daim yorğun və üzgün olur, yuxu yata bilmir. Tezliklə yuxusuzluq onu əldən salır. Ərinin bədənindən ət iyi gəldiyini iddia edir. Vegetarianlığın ilkin simptomları yavaş-yavaş öz təsirini göstərirdi. Yonqhenin xəstə insanlar kimi çiyin sümükləri çıxırdı. Özünə fikir vermir, makiyaj belə etmirdi. Getdikcə onun yuxuları daha qorxunc şəkil alırdı: parıldayan heyvan gözləri, qan görüntüsü, parçalanmış kəllə, vəhşi heyvan gözləri sanki qarın boşluğundan yuxarı qalxaraq içindən çıxırdı. Baş verən hadisələri seyr edən əri əvvəlcə onun xəstələndiyini güman etsə də, evdəki davranışı, hərəkətləri belə bir xəstəlikdən xəbər vermirdi. Buna görə də məsələni Yonqhenin valideynlərinə və bacısına demək qərarına gəlir. Onlar telefonda Yonqheni qərarından döndərmək üçün nə qədər dilə tutsalar da, mümkün olmur. Nəhayət, valideynləri qızı və kürəkənini evə çağırıb ailə məclisi təşkil etməyi qərara alırlar. Ailə məclisinin də Yonqheyə köməyi dəymir, bacısının, anasının və atasının bütün yalvarışlarına məhəl qoymur. Edilən xahişləri "Mən ət yemirəm", - deyə imtina edir. Belə olduqda Vyetnam müharibəsi veteranı atası onu zorla yedirtməyə çalışır, kürəkənlərə onun əllərini tutmağı əmr edir.

Atanı fikrindən daşındırmaq mümkün olmur. Zorla yeməklərdən onun ağzına basır, sillə ilə vurur, lakin bu hərəkət çox pis nəticə verir. Yonqhe ağzındakıları geri qaytarır və atasının əlindən çıxaraq bıçağı ələ keçirir və biləyini doğrayır. Sonra onun xəstəxana həyatı başlayır. Xəstəxanada da vəziyyət eyni cür davam edir. Bu an qırılma anı olur; heç kim onu başa düşmür, əksinə, bu yoldan çəkindirməyə çalışırlar. Lakin o, özü başa düşürdü ki, heç kim ona kömək edə bilməz, heç kim onu xilas edə bilməz və onun dərdinə dərman yoxdur. Xəstəxanada fikirləşirdi: "Biləyim yaxşıdır. Heç bir şey olmayıb. Ağrıyan ürəyimdi. Nə isə mədəmdə ilişib qalıb. Ancaq nə olduğunu bilmirəm. O nədirsə, orada ilişib qalır... Orada hansısa nərilti və fəğan səsləri bir-birinə qarışıb. Yediyim ətə görədir. Çox ət yemişəm. Yediyim canlıların hamısı olduğu kimi orada ilişib qalıb. Buna əminəm".

Yonqhe əvvəlcə xəstəxanada, bir neçə ay psixiatriya şöbəsində yatdıqdan sonra əri ilə boşanma haqqında ərizə verib ayrılırlar. Yonqhe ayrıca birotaqlı mənzildə yaşayır, ona bacısı baxır, var gücü ilə onu həyata qaytarmaq istəyirdi. Bacısının video çəkməklə məşğul olan əri çoxdandı güllə bəzənmiş qadınla kişinin videosunu çəkmək fikrinə düşmüşdü. Lakin bunu necə reallaşdıracağını bilmirdi. Nədənsə qadın obrazında baldızını görürdü. Baldızı bu təklifi həvəslə qəbul edir. Onlar bir neçə saat bu filmi çəkməklə məşğul olurlar. Bu yaxınlıqdan, səmimi münasibətdən istifadə edərək baldızından niyə ət yemədiyini soruşur. Baldızı "- Yuxu gördüyümə görə... Ona görə ət yemirəm", - cavabını verir. "Nə yuxu görmüsən?" sualına isə "Üzlər", - deyə cavab verir. Lakin bu üzlər hər dəfə fərqli olurdu, bəzən tanış, bəzən isə yad simalar görürdü. Bəzən isə bu simalar qanlar içində olurdu. Hətta çürüyüb parçalanmağa başlayan cəsəd belə görürdü.

Lakin burada bir məsələ aydın olur; Yonqhe filmə çəkilərkən bədənindəki gülləri bir neçə gün saxlayır. O, əvvəl elə bilirdi ki, yuxunu ət yediyinə görə görür, lakin sonradan dərk edir ki, ət yeməyəndə də yuxu və üzlər görür. Bundan sonra düşünür ki, üzlər onun qarnının içindədir və yuxarıya doğru qalxır. İkinci gün baldızını kişi obrazı ilə yenə filmə çəkdikdə baldızının güllərdən xoşu gəldiyini görüb bu dəfə rəssam dostuna özünün bədəninə fırça ilə gül rəsmləri çəkdirir və gecəni onunla qalır. Səhəri gün günorta Yonqhenin evinə gələn bacısı sağlam düşüncə və anlayışın sərhədini aşacaq mənzərə ilə qarşılaşır. Bacısı ilə bir kişinin yatdığını görür. Düşünür ki, Yonqhenin həyatında biri var. Lakin çəkilmiş kasetə baxdıqda yatan kişinin əri olduğunu görür. Nəticədə arvadı polisə zəng edir. Hər ikisini psixiatriya şöbəsinə aparırlar. Bu hadisə ikinci ailənin dağılmasına səbəb olur; onlar boşanır, ərini bir daha görmür. Onun yeganə məqsədi indi altı yaşlı oğlunu saxlamaq və "xəstə" bacısını həyata qaytarmaq olur. Bacısı vegetarian olduqdan sonra ailə bütünlüklə ondan imtina etdiyindən hər şey onun boynunda qalmışdı.

Yonqhe yenidən psixi xəstəxanada müalicə alarkən yemək yeməkdən tamamilə imtina edir. Bir dəfə meşədə itkin düşür, daha doğrusu, geri qayıtmır. Sonralar meşəyə getməsinin səbəbini oradan bir səs eşitməsi ilə bağlayır. Meşədən geri qayıtmamasına isə belə cavab verir: "- Yağışda əriyib... Tamamilə əriyib... Torpağın içinə girmək üzrə idim. Yenidən tərsinə cücərməyim üçün bundan başqa çarəm yoxdur". Bundan sonra o, özünü ağac hesab edərək daim başı üstündə durur. Bacısına deyir ki, bitkilər başı üstündə dayanaraq torpaqdan su içirlər. O, dünyadakı ağacların hamısını özünə bacı-qardaş hesab edirdi. Həkimlərin və bacısının onu həyata qaytarmaq üçün göstərdikləri bütün səyləri boşa çıxır. O, indi heç nə yemir, sistemlə verilən qidanı belə qəbul etmirdi. Burnundan boru ilə verilən yeməyi belə geri qaytarır. Bacısına "...mən artıq heyvan deyiləm", - deyə yemək yeməməsinə bəraət qazandırır. O, yemək yemədən, təkcə günəş şüası ilə yaşamağın da mümkün olduğunu deyir. Bacısı buna etiraz edərək "Bu nə deməkdir? Sən doğrudanmı ağac olduğunu düşünürsən? Bir bitki necə danışa bilər? Necə düşünə bilər axı?", - deyə sual etdikdə "- Sən düz deyirsən... Artıq tezliklə nə danışa, nə də düşünə biləcəyəm. Tezliklə" cavabını verir. Onun çəkisi azalmışdı, heç otuz kilo olmazdı, getdikcə körpəni xatırladırdı. Yoxsa o, "körpəliyinəmi dönürdü?" Bacısı onu uşaq çimdirirmiş kimi qucağına alıb vanna otağına aparırdı. Yonqhe şüurlu şəkildə ölümə gedirdi. Bacısı ona "Sən ölmək istəyirsən", - dedikdə "...Niyə? Məgər ölmək olmaz?", - deyə cavab verir. Bununla yazıçı son cümləsinə qədər Yonqhenin şüurlu şəkildə ölümə getməsini göstərmək istəmişdir. Son anında belə şüuru üstündə olur, düşünür və geri qayıda bilməyəcəyi faciəvi sonluğa doğru gedir...

Yazıçının romanın alt qatında toxunduğu mətləblər gizlidir; iki ailənin dağılması məhz bu mətləblərdən baş verir. Hər iki ailədə ər-arvad arasında münasibətlər, demək olar ki, yoxdur. Onların hər birinin başı öz işlərinə qarışıb. Bir-birinin dünyası ilə tanış ola bilməmiş və buna cəhd də etməmişdilər. Məlum olur ki, hər iki ailədə evliliklərdə sevgi olmamışdır. Bir-birinə sevgisindən əmin deyildilər. Əri evə daim gec gəlir, çox zaman isə gecələri iş otağında keçirirdi. Altı yaşlı oğlunun "Bizim evdə ata var?", - sualı bu ailədəki münasibətləri daha yaxşı ifadə edir. Bacısı Yonqhenin bu hərəkətlərinin mənbəyini axtararkən keçmişə, uşaqlıq dövrünə qayıdır. Yonqhenin atası tərəfindən daim döyüldüyünü xatırlayır. Özü ailənin böyük qızı olduğundan bu döyülmələrə məruz qalmamışdı. Hətta uşaqlıqda bir dəfə bacısı ilə dağa gəzməyə gedəndə bacısının dağda qalmaq, evə qayıtmaq istmədiyinin səbəbini də bunda görürdü. O zaman bacısını çox çətinliklə geri qayıtmağa razı sala bilmişdi. O düşünür ki, o gün biləyini kəsməzdən əvvəl atasının ona sillə vurmasının qarşısını alsa, bəlkə də belə olmazdı. Yonqhenin evlənəcəyi adamı ilk dəfə onunla tanış edəndə onun "soyuqluğunu görüb bu evliliyin qarşısını ala bilərdimi?, - kimi suallar onu düşündürür.

Yazıçı Yonqhenin vegetarianlığını adi hesab etmirdi. Yəni bu gün həyatda minlərlə vegetarian vardır. Yonqhenin isə vegetarianlığı fərqlidir. O, ət yeməkdən imtinanı beynində olan qarabasmalardan qurtulmaq üçün etmişdi. Əri, ailəsi, cəmiyyət isə bunu çox pis qarşılamış, onu qərarından döndərmək istəmişdilər. Yonqhe getdikcə bitki mənşəli olduğunu iddia edib bütünlüklə yeməkdən imtina etmişdir. O, cəmiyyətdə ciddi əxlaqi qaydaları və təsəvvürlər formalaşdığından bunu qəbul edə bilmir. Yazıçı iki bacının həyat və tale oxşarlığını vermək istəmişdir. Bacı Yonqhe haqqında fikirləşərkən həm də özünü düşünürdü. O. düşünürdü ki, Yonqhenin yerində özü də ola bilərdi. Yazıçı bununla demək istəmişdir ki, Yonqheni gündəlik həyata bağlayan iplər qırılmışdır. Onun həyatda istinad nöqtəsi olmadığından buna getmişdir. Bacı düşünür ki, ola bilsin altı yaşlı oğlu Çiu və onun məsuliyyəti olmasaydı, özü də çoxdan Yonqhe kimi bu həyatdan qopmuşdu. Çiu onu həyata bağlayan istinad nöqtəsi idi. Hər bir insanın bu həyatda yaşaması üçün səbəblər olur, onlar olmadıqda isə bu həyatdan qopur. Romanın əsas ideyası da burada gizlənir. Xəstəlik, vegetarianlıq və s. nəticədir, onu doğuran səbəblər vardır. Yazıçı Yonqhenin bu hərəkətlərini cəmiyyətə qarşı üsyan olaraq verir.

525-ci qəzet, 2019.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031