manera.az
manera.az

Sabah sazı - Yeni hekayə / Manera.az

Sabah sazı - Yeni hekayə / Manera.az
MANERA.AZ Nəriman Əbdülrəhmanlının "Sabah sazı" adlı yeni hekayəsini təqdim edir.

…Həmişə belədi: səhərin gözü açılmamış qalxır, şalvarını əyninə çəkir, çəkələklərini sürüyə-sürüyə zaldan keçib ayaqyoluna gedir, rahatlanır, geri qayıdır, az sonra da “əh-öh”nü, tappıltılarını, şappıltılarını eşidirəm: kişinin oğlu, guya, idman eləyir - əl-qolunu beş on dəfə oynadır, əyilib-qalxır, çöküb-durur, bununla da idmanını başa vurur; sonra bir də zaldan keçib gedir, yuyunur, qayıdıb corabını, köynəyini geyinir, qəhvə fincanını götürüb bu dəfə mətbəxə üz tutur, amma artıq dəf-daraq olmur – Allah verib, xırdaca paketlərdə üçdəbir qəhvə tozu var, qaynanmış su da həmişə hazırdı, paketin ağzını cırıb içindəkini fincana əndirir, üstünə su tökür, qarışdıra-qarışdıra otağına qayıdıb qapını çəkir, azı iki saat səs-səmiri eşidilmir - nəsə oxuyur, yazır-pozur, xəfif tappıltılardan qalxıb gəzindiyini, yenə oturub yazdığını anışdırıram; iki saatdan sonra da əlində çay fincanı çıxır, mətbəxə gedib çay süzür, şirinçay eləyib bir tikə pendir, əl boyda çörəklə səhər yeməyini başa vurur, fincanının bir də doldurub otağına qayıdır, qapını çəkib yenə yazı-pozusunun üstünə qayıdır, hər saatbaşı da artırmaya çıxıb şəhərin mənzərəsinə baxa-baxa siqaret çəkir; bilirəm ki, həmin vaxtda da oxuyub-yazdıqlarının yanında olur, çünki bir neçə dəfə təsadüfən sezmişəm, geri dönəndə sifətinin halından öz aləmindən ayrılmadığı açıq-aşkar görünür; bəzən də hətta hərəkətlərini belə, qarışdırır, qapının dəstəyindən yapışıb dayanır, sanki neyləyəcəyini kəsdirməkdə çətinlik çəkir, ya da mətbəxə girib soyuducunun qapısını gözgörəti məqsədsiz-filansız açır, içinə boylanır, bir şey götürmədən də örtür, ya da krantı açır, baxır-baxır, sonra da bağlayır, başını bulaya-bulaya otağına qayıdır, azı bir saat yenə səs-səmiri eşidilmir…

İşə getdiyi günlərdə bütün bunların idmanacan olan hissəsini eynilə yerinə yetirir, sonra iş paltarını geyinir, eyni cür – bir tikə pendir, əl boyda çörəklə - səhər yeməyini başa vurub çıxır, qapıları da astaca çəkir ki oyanmayaq; bir də axşamüstü qayıdır, onda da bir-iki kəlmə kəsib otağına girir, əynini dəyişir, fincanını götürüb mətbəxə gedir, çay süzür, qayıdıb kresloya yayxanır, nə barədəsə düşüncələrə dalır, ta axşam yeməyinə çağıranacan yerindən qımıldanmır. Yemək üstündə də danışmağı sevmir, qabağına nə qoyuramsa (mən evdə olmayanda da soyuduca nə tapırsa), onu yeyir, beş-üç kəlmə ordan-burdan danışır, fincanına çay süzüb yenə otağına çəkilir. Axşamlar, ya da gecələr oxuyub-yazmaq adəti yoxdu, neçə illərdi bir damın altında yaşayırıq, belə bir şey görməmişəm, uzaqbaşı, kompyuterdə beş-on dəqiqə qurdalanır, sonra filmlərə, seriallara, heyvanlar haqqında verilişlərə, ya da futbola baxır, arabir də artırmaya çıxıb şəhərin mənzərəsinə baxa-baxa siqaret çəkir.

Hə, neçə illərdi bir damın altında yaşayırıq, iki qız, bir oğul böyüdüb yerbəyer eləmişik; düzdü, bu illər ərzində çox çətinliklərimiz olub, amma ac-susuz qalmamışıq, Allah həmişə ruzimizi yetirib, bununla belə, yazı-pozusundan da bir xeyir görməmişik – başqaları kimi, ev almayıb, bağ almayıb, maşın almayıb, vəzifə almayıb, fəxri ad almayıb, məclislərin başında oturmayıb, həftə səkkiz, mən doqquz televizora çıxmayıb, xarici ölkələr gəzməyib, güzəranımızı quruca maaşıyla, bir də hərdən bəxtinə düşən təsadüfi qazanclarıyla yola verib, buna görə də Allahımıza şükür eləmişik. Bir dəfə nəyəsə acığım tutmuşdu, tənə vurdum ki, xeyri-bəhri yoxdusa, niyə canına cəfa basıb yazırsan, özünə zülm eləyirsən, dönüb üzümə uzun-uzadı baxdı, qüssəylə gülümsəyib başını buladı, sonra dedi, can sıxıntısından yazıram, bu gen dünyada darıxdığıma görə, başımı yazı-pozuyla qatıram. Əlim üzümdə qaldı, sözün düzü, əvvəl elə bildim, zarafat eləyir, sonra ciddi söylədiyini sezib, bir qədər də üşürgələndim ki, deyəsən, kişinin başına hava gəlir axı: darıxan adam çıxıb gəzər, səfərlərə gedər, dost-tanışlarıyla söhbətləşər, məclis qurar, qohum-qardaşa, qonum-qonşuya baş çəkər, nəvələriylə başını qatar, daha cin vurmuş kimi dolaşıb, sonra da özünü yazı-pozunun üstünə salmaz.

Nə bilim, vallah, televizorda gördüyüm, onun da yaxşı tanıdığı adamlar heç darıxana oxşamırlar, sir-sifətlərindən də əməlli-başlı rahatlıq yağır, gördükləri sevgilərdən, aldıqları mükafatlardan, fəxri adlardan, olduqları məclislərdən, gəzdikləri ölkələrdən ağızdolusu danışırlar, baxırsan ki, həyatda öz yollarını tapıblar, həm ad-sanları, şan-şöhrətləri, vəzifələri, yuxarılarda hörmətləri, həm də imkanları, yeni tikililərdə mənzilləri, bağ evləri, bahalı maşınları var, hər yay xarici kurortlarda dincəlir, yəqin ki, darıxanda da ya qohum-qardaşı, dost-tanışı yığıb məclis qurur, ya da maşınlara doluşub istirahət evlərindən birinə üz tutur, ya da ən azı, ailəvi restoranlarda vaxt keçirirlər. Bu yola düşübsə, o da onlar kimi ola, can sıxıntısını-filanı bir qırağa qoya bilərdi, biz də o tanışlarının ailəsi kimi gün görərdik, amma yox, bunun alnına can sıxıntısından əziyyət çəkmək, çarəsini də yazı-pozuda tapmaq yazılıbmış. Neyləyək, bu da Allahın bir işidi, yəqin, belə məsləhətmiş.

Düzü, onu yeni tanıyanda yazı-pozusundan az-çox xəbərdar olsam da, bir o qədər fikir verməmişdim, nə gizlədim, hətta az-çox tanınmasından qürur da duymuşdum, elə bilirdim, ötüb-keçəri həvəsdi, vəzifədə irəliləməsinə, pul qazanmasına, ailəsi üçün şərait yaratmasına, yaxınlarına kölgə salmasına mane olmayacaq, o da hamı kimi çalışıb-çabalayıb irəli gedəcək, çox qazanmaq üçün əlini ora-bura atacaq, yuxarılarla dil tapacaq, amma sən demə, başqa cür adammış, heç vəzifədə, pulda, yuxarılarda gözü yoxmuş, belə şeyləri ağlına belə gətirmir, ömrü boyu onun-bunun əlinin altında işləməyi özünə ar bilmirmiş. Düzü, bununla bağlı aramızda bir-iki dəfə də atışma oldu, dedim, a kişinin oğlu, sənin darıxmağının-filanının vəzifə tutmağa, pul qazanmağa, firavan yaşamağa nə dəxli var axı, həm irəli get, ucal, qazan, həm də nə qədər istəyirsən, darıx özünçün, üzümə elə baxmışdı, elə bil, göydə Günəşin tutulduğunu görmüşdü, sonra da dinib-danışmadan, başını bulaya-bulaya otağına çəkilmiş, az sonra da hər şey əvvəlki havasına qayıtmış, mən də bu cür tənələrin faydasız olduğunu duyub, qismətimə qail olub bu məsələni bir daha qurdalamamışdım.

Başdan-binadan ev işlərimi gecələr görməyə vərdiş eləmişəm: belə rahatdı, gedən-gələn, məni işimdən ayıran, əl-ayağıma dolaşan olmur, evə səssizlik çökəndən sonra silir, süpürür, yuyur, bişirirəm, səhərə də elə bir işim qalmır, səhər də hamı iş gücünün dalınca gedəndən sonra günortayacan, ya da qohum-qonşudan kimsə qapını döyənəcən yatıram. O da bu xasiyyətimə alışıb, səhərlər, şənbə-bazar, bayram günləri, üstəlik də məcuniyyətdə olanda yuxuma haram qatmamağa, evdə səssiz-səmirsiz dolaşmağa çalışır, bu da, nə gizlədim, özünə deməsəm belə, xoşuma gəlir, həm də ona yaşatdıqlarımdan müəyyən qədər xəcalət çəkirəm. O vaxt, bu evi tikəndə uzun illər kirayə mənzillərdə olmazın əziyyət çəkdiyinə görə, tez köçmək istəyi üzündən yarı-yarımçıq daşındıq: hələ bir otaq, bir də mərbəx, ayaqyolu-hamam hazır olmuşdu, bizi otaqda yerləşdirdi, özü köçünü mətbəxdə saldı, o biri otaqlar hazır olanacan orda yatıb-durdu, orda da yazı-pozusuyla məşğul oldu. Çətin də olsa, gecələr yuyub-bişirmək vərdişimdən bir neçə ay əl çəkmək məcburiyyətində qaldım, üstəlik də gözüm daim uşaqların üstündə olurdu ki, ataları işləyəndə, ya da yatanda mətbəxə ayaq basmasınlar. O da xasiyyətindən qalmadı, səhər obaşdan oyandı, hazırlaşıb işə getdi, evdə olduğu günlərdə də biz oyananacan yazıb-pozdu, gündüzlər də mətbəxin bir küncünə sığışdırdığımız kiçik masasının arxasında oturdu, qonşu otaqlarda işləyən ustaların taqqa-tuquna fikir vermədən öz aləminə daldı.

Amma o taqqa-tuq imkansızlığımız ucbatından aylarla uzandı, hövsələsini əməlli-başlı daraltdı. Bir tərəfdən də başa gələn otaqları artıq uşaqlar öz aralarında bölüşdürmüşdülər, birini qızlar, o birini də oğlan yiyələnmişdi, elə bilirdilər, adət üzrə, ata-anaları da bir otaqda yerləşərlər. Amma onun ayrıca iş otağına nə qədər ehtiyacı olduğunu, bunun həsrətini nə qədər çəkdiyini gözgörəti duyurdum: neçə dəfə küncdəki kiçik otağa girib kölgətək dolaşdığını görmüşdüm, yəqin ki, günlərin bir günü ora köçəcəyini, kirayə mənzillərin birindən o birinə daşıdığı, nə vaxtdı ki, karton yeşiklərə yığıb pilləkənin altına qoyduğu, yağış yağanda ürəyi əsə-əsə enib yoxladığı kitablarını rəflərə (ustalarla artıq qalan taxtalardan rəf düzətmək barədə söhbət elədiyini də eşitmişdim) düzəcəyini, səhər obaşdan qalxıb yazı-pozusiyla məşğul olacağını gözləyirdi. Bəxti gətirdi, mənim gecələr, onunsa səhərlər işləmək vərdişimiz başqa çıxış yolu qoymurdu, buna görə də qızları dilə tutdum ki, ana-bala bir otaqda yerləşməyimiz məsləhətdi, daha çox görüb-götürərsiniz, onlar da deyəsən, inanıb inad eləmədilər.

Axır ki, o otaqlar başa gələndə, kitablarını karton yeşiklərdən çıxarıb ustalara düzəltdirdiyi rəflərə düzəndə nə qədər sevindiyini duyub əməlli-başlı kövrəldim. Bizi əlimizi vurmağa da qoymadı, özü əsgi götürüb künc bucağı, sonra da rəfləri sildi, kitabları bir-bir düzdü, kağız-kuğazını əldən ucuz qiymətə aldığı yazı masasının üstünə yığdı. Deyəsən, ayrıca otaqda yerləşmək ehtiyacının mənim də, qızlarımızın da xətrinə dəyəcəyindən əməlli-başlı ehtiyat eləyirdi, buna görə də açıqca dilinə gətirməsə belə, hər vasitəylə o zərurətin səbəbini düzgün başa düşməyimiz üçün çalışırdı: o günlərdə hardansa əlinə bir az pul düşmüşdü, hamısını bizə verdi ki, ürəyiniz nə istəyir, alın. Həmin vaxtdan da həyatımız axarına düşmüş, yəni, indiki şəklini almışdı: o, səhər obaşdan oyanmağa, çayını içib işə getməyə, şənbə-bazar, bayram, məzuniyyət günlərində də qəhvə dəmləyəndən sonra yazı masasının arxasında otururdu, mən də gecələr hamı yatandan sonra ev işlərini görür, səhərə yaxın yatağıma uzanırdım.

Başdan-binadan heç günortadan sonra yazı-pozusuyla məşğul olduğunu görmədim: adətən, nəsə oxuyur, ara-sıra qeydlər eləyir, ya da dost-tanışı zəng vuranda şəhərə çıxır, gün əyiləndə də həyətdə öz əliylə əkdiyi beş-üç qızıgülə, yasəmənə, üzüm tənəyinə, əncirə, nara qulluq eləyir, sonra axşam yeməyini yeyir, uşaqların dərsi-filanıyla maraqlanır, özünə çay süzüb otağına çəkilirdi. Ali təhsil almasam da, texnikum bitirmişəm, amma elə əvvəldən məni işləməyə qoymadı ki, uşaqlara baxsan, bəs elər, gözüm arxada qalmaz, sənin iki-üç yüz manat dalınca evdən çıxmağınının ziyanını sonralar çəkərik. Bir də ki, uşaqları kimin ümidinə qoyaydım axı, anamgilə aparsam, məktəbdən qalardılar, hələ o yaşda deyildilər ki, özlərinə qulluq eləsinlər. Düzdü, mən də işləmək, camaat arasına çıxmaq istəyirdim, amma düşündüm-daşındım, ölçdüm-biçdim, gördüm yox, olmur ki, olmur, iş ucbatından tifilləri baxımsız qoya bilmərəm, dedim, eybi yoxdu, bir az da qənaətlə yaşayarıq, təki böyüdüb bir yana çıxara bilək. O da daha ev sarıdan narahatlıq keçirmədi, aylığının-donluğunun, demək olar, hamısını mənə verdi, özünə ancaq xırda-para cibxərci saxladı, üstəlik də arabir aldığı qonorarı-filanı da bəzi kişilər kimi, gizlədib orda-burda xərcləmədi. Mən də qəpik-qəpik, manat-manat yığdım, evin içini, qapı-bacanı az-çox abıra saldıq, artanı da qızlarımız üçün cehiz tədarükünə xərclədim. Qızları köçürəndə bir qəpik də borca girmədi, hər şeyi vaxtında yerbəyer eləmişdim axı. Bütün bunlara özü də heyrət elədi, hətta bir qədər kövrəldi də…

Neyləyək, onu da Allah belə yaradıb, bu dünyanın bəzi-bəzi işdəklərindən uzaq eləyib, öz dünyasını verib, o dünyaya da kimsəni yaxın buraxmır ki, buraxmır. Evdi, ailədi, hər şey olur, qapının dəstəyi sınır, ya hamamın krantı axıdır, ya da, nə bilim, işıq sönür; belə vaxtlarda da kişi olan gərək sınanı dəyişə, xarab olanı düzəldə, amma bu özünü əməlli-başlı itirir, üstəlik də hövsələdən çıxır, elə bil, dünyanın axırıdı. Yəqin, əlindən belə şeylər gəlmədiyinə görə, əzab çəkir, usta-filan tapmağı dünyanın ən çətin işlərindən biri sayır, tanışa-bilişə ağız açmağısa, özünə sığışdırmır. Belə məqamlarda aciz-aciz, həm də günahkar-günahkar üzümə baxır, xəcalət içində gülümsəyir, mənim də yazığım gəlir, çox qısnamıram, qohum-qardaşdan, qonum-qonşudan usta tapıram, bəzi işləri də özüm görürəm – neçə illər ərzində bu cür şeylərə öyrəşmişəm. Belə vaxtlarda otağından çıxmır, başını qaldırıb üzümə baxmağa çətinlik çəkir, sonra da günahını bir-iki şirin sözlə yumağa çalışır. Mən də xasiyyətinə bələd olduğuma görə, onu necə deyərlər, “hadisə yerinə” buraxmıram, hətta bozarıram ki, sənlik deyil, bacarmazsan, öz işinlə məşğul ol.

Bəzən lap məəttəl qalıram, adam nə qədər tək dolaşar - öz içində öz-özüylə danışmaqdan bezməz, başqalarının səsini də eşitməyə ehtiyac duymazmı? Bu, yox, camaatın arasında, tünlükdə elə darıxır, özünü elə itirir ki, adamın lap yazığı gəlir. Bu qədər ömür sürmüşük, deynən bircə dəfə birgə alış-verişə, bazara-dükana gedibsinizmi; cəmi bir neçə dəfə təsadüf üzündən baş çəkməli olmuşuq, onda da qapının ağzında gözləyib ki, özün get gəz, nə istəyirsən al, onsuz da belə şeylərdə əlim yoxdu. Çıxanda da sifətindəki əzab dolu ifadəni görüb peşman olmuşam, ona görə də təsadüf düşəndə belə, deyirəm, sən get, işinlə məşğul ol, özüm gələrəm, belə vaxtlarda da, elə bil, çiynindən yük götürülür, arxayınlaşır, az qala, sevinə-sevinə çıxıb gedir. Məclisdə-toyda da belədi, beyni səs-küyü, gurultunu götürmür, məcbur qalıb gedəndə də bircə saat güclə dözür, bizi qonum-qonşuya, qohum-qardaşa tapşırıb aradan çıxır, tək gedəndəsə, uzaqbaşı, ikicə saatdan sonra qayıdıb gəlir. Yas yerlərində də, yəqin ki, mərhumlara hörməti üzündən bir-iki saat duruş gətirir. Amma xudmani məclisləri sevir: ayda bir-iki dəfə tay-tuşları, yazı-pozu adamlarıyla yığışırlar, onda da evə kefikök, məsti-xumar, əlində də mütləq şirniyyat, ya da meyvə gəlir, artıq pulu olanda səxavətlə paylayır, ayaqüstü deyib-gülür, sonra da otağına çəkilir.

Onu qəzet-jurnalda yazısı çıxanda, ya da kitabı çap olunanda görəsən, sir-sifətinə elə rahatlıq çökür ki, elə bil, dünyaya yenicə uşaq gətirmiş zahı arvaddı. Bir dəfə yarızarafat-yarıciddi bunu özünə də dedim, xətrinə dəymədi, əksinə, mənə haqq verdi, dedi, bunu siz qadınlar daha yaxşı bilərsiniz, məncə, dünyada doğumdan sonrakı rahatlıq qədər gözəl şey yoxdu, hiss eləyirsən ki, artıq canından bir parça qopub, səndən ayrı yaşayır, o dünyaya gələnin də məhz sənin canından-ruhundan doğulduğunu bütün qəlbinlə hiss eləyir, özünü Allaha oxşatmaqdan, yaradıcı saymaqdan zövq alırsan. Sonra da yanbızına iynə batmış kimi, qəfildən diksinib ayıldı, deyəsən, çox uzağa getdiyini hiss eləyib utandı; utanmağının da iki səbəbi ola bilərdi: birincisi, evdə yazı-pozu söhbətləri salmağı düzgün saymırdı, fikrincə, ailənin öz qayğıları, öz mövzuları vardı; ikincisi, başqasının yanında özünü Allaha tay tutub (əstəğfürullah!) yaradıcı hesab eləməsindən eymənmişdi, məhrəmi olsam belə, bunu mənə açmağı küfr sayırdı. Bir dəfə də ad günü məclisində dostuyla söhbət eləyəndə eşitmişdim, deyirdi, xəlq eləməyin, yaratmağın sirri - Xaliqlə məxluq, Yaradanla bəndə arasındakı ilahi sirrdi, o sirri üçüncü bir adam bilsə, sehrinə cələl gələr, yaradılan cazibəsini itirər, adiləşər. Beynimi bu cür fərziyyələrlə yormasam da, dediklərində həqiqət olduğunu duydum: övladın dünyaya gəlməsindəki məhrəmlik də belədi, aşkara çıxdımı, sirrini-sehrini itirir.

Yazdıqlarını oxumamağa çalışıram, - bunu da ona qarşı hörmətsizliyim, laqeydliyim saymaq, səhv olar, - çünki, əvvəla, yazı-pozu tayfasına etibar yoxdu, bilirəm ki, çox vaxt yaxından tanıdıqları adamlar, görüb-eşitdikləri hadisələr barədə yazırlar, mən də oxuduqlarımda özümü, ya da qohum-əqrəbamı tanıya, xoşuma gəlməyən bir şey tapa bilərəm, ürəyimə xal düşər, o xal da get-gedə böyüyüb aramızda uçuruma çevrilər; ikincisi, belə adamlar həm də özləri haqqında yazırlar, buna görə də onu daha yaxından tanıyar, daha çox çatışmazlıqlarına bələd olaram, nəticədə istər-istəməz ürəyimdə çat yaranar, o çatın da get-gedə böyüməsinə kimsə zəmanət verə bilməz, bu da ki, nə ona lazımdı, nə də mənə, elə bildiyim, bir dam altında yaşamağımıza mane olmayan qüsurları yetər. Bir dəfə otağında yır-yığış eləyəndə kitablarından hansınısa götürüb vərəqlədim, bir-iki abzas oxudum; kitab tək yaşayan psixoloq haqqındaydı, o psixoloq da elə qəliz, dolaşıq fikirlər söyləyirdi ki, lap başım fırlandı. Yadıma düşdü ki, oxşar fikirlərin bəzilərini məclislərdə dostlarıyla elədiyi söhbətlərindən eşitmişəm. Deməli, yazı-pozu belə şeymiş: ya ondan-bundan eşitdiklərini, ya da ona-buna söylədiklərini bir yerə yığıb, ağzını-burnunu düzəldib, adını da əsər qoyurlarmış. Ondan sonra yazdıqlarını oxumamaqla düzgün hərəkət elədiyimə bird aha əmin oldum: az aşım, ağrımaz başım, mənə pis üz göstərmir, oğru deyil, əyri deyil, başqa kişilər kimi, burdan batıb, ordan çıxmır, adı pisliyə çəkilmir, qaz vurub, qazan doldurmasa da, Allaha şükür, evimiz-eşiyimiz var, borcumuz-filanımız yoxdu, öz tükümüzün üstündə dolanırıq, ailəmizin adı da indiyəcən şərə-şür işlərdə çıxmayıb.

Bir xasiyyəti də var ki, qadın xeylağına baş qoşan deyil, hələ desən, qadın tayfasından bir az çəkinir də. Tanıdığım müddətdə bacısıyla belə, üz-üzə, diz-dizə oturub şirin-şirin söhbət elədiyini görməmişəm; ən dogma adamları gələndə görüşür, beş-on kəlmə kəsir, hal-əhval tutur, vəziyyətlərindən halı olandan sonra da çıxıb işinin dalınca gedir. Qohum-qonşular bizə yığışanda “xoşgəldin” eləyir, sonra da otağına çəkilir, acıbağırsaq kimi uzanan arvad yığnaqları dağılanacan da bayıra çıxmır, bəzən çay-çörəyini də qapının arasından verirəm. Qadınla kişinin uzun-uzadı söhbətləri ona qəribə gəlir, zənənlərlə bağrıbadaş olan, aralarında özünü çox rahat sayan qardaşımla da elə bu səbəbdən arası yoxdu, görən kimi, mənalı-mənalı qımışıb başını bulayır. Arada beş-üç il işlədiyi idarənin müdiri qadınıydı, onda nə qədər əziyyət çəkdiyi yadımdadı, az qala, işdən çıxacaqdı, güc-bəlayla dilə tutdum ki, çörəyinə bais olma, hamı necə, sən də elə, dil tap, yola get, döz, səbir elə, həm də günahın hamısını başqalarında axtarma. Şükür, onda ötüşdü, deyəsən, dediklərimdə həqiqət payının çox olduğunu dərk eləyib duruş gətirdi, pensiyaya çıxanacan başını aşağı salıb işləməyi qəbul elədi.

Hə, beləcə ömür sürdük, yaxşı günlərimiz də oldu, pis günlərimiz də, rahat da yaşadıq, çətinliklərlə də boğuşduq, kasıblıq da çəkdik, az-çox bolluq da gördük, amma abrını saxlaması, gözü-könlü toxluğu onu sınmağa qoymadı. Özümdən nə gizlədim, qadın xeylağının tinəti məlumdu, həmişə istəyir ki, yağ-bal içində üzsün, bir ayağı dükan-bazarda, gəzməkdə olsun, gördüyündən alsın, geyinib-kecinsin. Bütün bunları mən də istəyirdim, amma istədiklərimə çatmaq üçün onu at kimi minib çapmağı heç ağlımdan da keçirmədim, xasiyyətinə alışmağa, əlindən gələnlərə qail olmağa çalışdım. Haqq üçünə, bunu da hiss elədi, gördü, qiymətləndirdi, qazandığını gizlətmədi, orda-burda xərcləmədi, iki-üç ildən bir artırıb kitab çıxartdırmaq üçün xərcləyəndə də nə qədər xəcalət çəkdiyini duyub üzünə vurmadım, başına qaxmadım, başa düşdüm ki, hərənin bir cür xasiyyəti var, Allah da onu bu cür yaradıb – yazıb-pozur, kitab buraxdırır, vəzifə-filan dalınca düşmür, belə şeyləri bacarmır, bundan ötrü də adamın gününü göy əsgiyə düymək günahdı, qismətimə qail olub yaşamalıyam.

…Hə, iş otağının qapısı açılıb-örtüldü, asta addımları zaldan keçib kandara doğru getdi, orda bir qədər ləngidi (ayaqqabısını geyinir), sonra giriş qapısı açılıb-örtüldü, o addımlar pilləkənlə enib uzaqlaşdı. İndi bir qədər yatmaq lazımdı – oğlumuzun səhər yeməyi hazırdı, yeyib işinin dalınca gedəcək. Elə bir ciddi qayğım da yoxdu. Amma arada vaxt tapıb iş otağına əl gəzdirməliyəm, yay günlərində pəncərə ağıq olduğuna görə, yəqin, əməlli-başlı toz basıb…

Qismətimdən narazı-olub-olmadığım barədə çox götür-qoy eləyib bu nəticəyə gəlmişəm ki, narazı deyiləm, çünki başqa cür də ola bilərdi, qismətimə vəzifəli, imkanlı, ailəsini yağ içində böyrək kimi saxlayan bir Allah bəndəsi çıxa, günlərin birində də o var-dövlət səbəbindən başına bir iş gələ bilərdi - ya yolunu azar, ya dörd divar arasına düşər, ya da öldürülərdi, onda neyləyərdim, o yarımçıq ömrü necə yaşayardım? Kor deyil, keçəl deyil, ailəsini ac-susuz qoymayıb, beşindən əskik olsa da, beşindən artıq dolanmışıq. Düzdü, yazı-pozusuna o qədər də maraq göstərməmişəm, amma yenə deyirəm, həmişə mənə elə gəlib ki, ora qadağa yerdi, baş soxmağım yaxşı olmaz, həm də bunu özü istəməyib. Bir dəfə yarızarafat-yarıciddi dedi, həyatda mənə ən böyük köməyin bu işimə qarışmamaqdı, qarışsaydın, məhrəmiyyətinə xələl gələrdi, istədiyimi, üstəlik də istədiyim kimi yaza bilməzdim. Nəyi nəzərdə tutduğunu aydın başa düşmədim, amma dumanlı da olsa, hiss elədim ki, ev işlərinə qarışmaması bunun əvəzidi. Görünür, elə “filanləslərin torpağı bir yerdən götürülüb” deyəndə bunu nəzərdə tuturlarmış…

…Hə, bu, rəhmətlik anam demiş, sabah sazına oxşadı: kənd-kəsəkdə çalğıçılar obaşdan toy evinə gəlir, bir-iki ağız çalıb camaatı xəbərdar eləyirlərmiş. Mənim günüm də belə başlayır: nə qədər gec yatsam da, bu vədələr oyanır, onun hazırlaşıb işə getməsini, ya da yazıpozuya başlamasını dəqiqəbədəqiqə izləyir, sonra təzədən yuxuya gedirəm…

Sentyabr 2024Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031