Sözün Bəxtiyar zirvəsi və folklorun qüdrəti - Nizami Adışirin yazır
MANERA.AZ filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovun Xalq şairi Bəxtiyar Vahabzadə haqqında məqaləsini təqdim edir.
Bəxtiyar Vahabzadə XX əsrdə Azərbaycanın türk dünyasına bəxş etdiyi ən dəyərli söz ustadlarından biridir. Bəxtiyar Vahabzadə bütün ömrünü, yaradıcılığını xalqının azadlığı uğrunda mübarizəyə həsr etmiş, xalqımız min bir əziyyətlə azadlığını qazandıqdan sonra da onu qorumağın olduqca vacib məsələ olduğunu öz əsərlərində dönə-dönə dilə gətirmişdir. Hələ sovet dönəmində milli azadlıq duyğularının hər vəchlə sıxışdırıldığı bir dövrdə şair hər zaman milli əqidəsinə sadiq qalmış və həqiqəti söyləməkdən çəkinməmişdir.
Bunu şairin “Sandıqdan səslər” şeirlər silsiləsi də açıq şəkildə göstərməkdədir. Həmin dövrdə B.Vahabzadə sovet siyasi dairələri üçün dissident sayılsa da, milli ruh üçün, əlbəttə ki, istiqlal mücahidi idi. Şair bütün yaradıcılığı boyu Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparmış, vətəninin müstəmləkə əsarətindən xilasına çalışmışdır. Bəxtiyar Vahabzadə Azərbaycanın istiqlal şairidir. 1995-ci ildə Ümumilli lider tərəfindən “İstiqlal” ordeni ilə təltif edilməsi də təsadüf deyildi. Bəxtiyar Vahabzadə Azərbaycanın istiqlal şairidir.
Sənətkar bütün yaradıcılığı boyu hər zaman ana dilinin saflığı uğrunda çalışmış, ana dilinin qorunması, yaşaması uğrunda bütün varlığı ilə mübarizə aparmışdır. “Latın dili” şeiri buna misal ola bilər. Şairə görə, var olmağın ən mühüm şərtlərindən biri də dili qoruyub saxlamaqdır. Dünya dönüb fırlansa da, dünənki doğrular bu gün əyri yozulsa da, şair öz əqidəsinə son anacan sadiq qalmağı bacarmış, öz əqidəsindən dönməmişdir. Otaylı, butaylı vətən həsrəti, Azərbaycanın iki yerə parçalanması, qardaşın qardaşa həsrət qalması şairin qələmindən qopan fəryad misralarına dönmüş və “Gülüstan” poemasını ərsəyə gətirmişdir. Hələ sovet dönəmində əsər çap olunandan sonra şair haqsız təqiblərə məruz qalmış, milli düşüncənin daşıyıcısı olduğu üçün dissident elan olunaraq təqiblərlə üzləşmiş, çalışdığı ali təhsil ocağından belə kənarlaşdırılmışdır. Lakin qüdrətli qələm sahibi bütün bu qorxulara, hədələrə sinə gərib tab gətirmişdir. Çünki ustad sənətkarın sığındığı, arxalandığı, daim güc-qüvvət aldığı gizli hikmət xəzinəsi – xalqın tükənməz folklor yaradıcılığı var idi.
Zəngin şifahi xalq yaradıcılığı nümunələri sənətkar üçün hər zaman ilham qaynağı olmuşdur. Şair ən çətin zamanlarda folklora müraciət edərək xalqın qəhrəmanlıq tarixini xatırlayır, Koroğludan, Qazan xandan, Dədə Qorquddan ibrət götürməyə səsləyirdi. Bu mənada xalqın hikmət xəzinəsinin ən zəngin nümunələri hesab olunan atalar sözləri şairin yaradıcılığında geniş şəkildə əks olunmuşdur. Atalar sözlərinə müraciət həm “Kitabi-Dədə Qorqud”un müqəddiməsində və boyların məzmununda, həm Mahmud Kaşğarinin “Divani-lüğat it türk” əsərində, həm də digər yazılı nümunələrimizdə də kifayət qədərdir.
Bəxtiyar Vahabzadə də hər hansı mətləbi izah edərkən mütləq tərənnüm etdiyi fikri əsaslandırmaq üçün atalar sözlərindən nümunələr çəkir. Xalqın hikmət xəzinəsi sayılan atalar sözlərinin işığında şairin gəldiyi qənaətlərinin, fikirlərinin doğruluğuna şübhə yeri qalmır. Bu atalar sözlərinə misal olaraq “Nə əkərsən, onu da biçərsən”, “Ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi”, “Qızıldan təxtim olunca, qızıldan bəxtim ola idi”, “Kəndə səs düşməsə, itlər hürüşməz”, “Ot kökü üstündə bitər”, “İgid bir dəfə ölər, namərd min dəfə”, “Tək əldən səs çıxmaz”, “Azca aşım, ağrımaz başım”, “Əvvəl evin içi” və s. göstərə bilərik.
Şairin “Təklik” şeirində “Tək əldən səs çıxmaz” atalar sözünün poetik açımını görürük:
Od vurmasa, qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.
Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa,
Nə ildırım çaxar, nə yağış yağar.
Şairin “Dağda şəlalə kimi” şeirində “az aşım, ağrımaz başım” atalar sözünün poetik yozumunu görürük:
Həyat ‒ bir cıdır düzü, bir döyüş meydanıdır.
Hər kəsi öz cürəti, öz qüdrəti tanıdır.
İnci üzə çıxarmı çalxalanmasa ümman?
Bu meydanda, heyif ki, daim eniş axtaran,
"Azca aşım, ağrımaz başım" ‒ deyənlər də var.
Kədərdəki nəşəni, zövqü anlamayanlar
Həyatın nəşəsindən, fərəhindən nə anlar?
Yenə eyni şeirində şair “igid bir dəfə ölər, qorxaq min dəfə” atalar sözünü işlətməsə də, şeirin ümumi məzmunu həmin atalar sözünün yozumudur:
“Səslərdən səs aldılar, öz səsləri olmadı.
Yaşadılar ölü tək, nəfəsləri olmadı...
Getdilər iş dalınca, ürəkləri getmədi...
Gəzdilər... Hey gəzdilər.
Ayaq səslərinisə tək özləri eşitdi,
bir kimsə eşitmədi...
Atlarını daşlığa salıb səyirtmədilər,
Adları kişi oldu, ömürdə bircə kərə
kişilik etmədilər.
Onlar öləndə belə kimsə xəbər tutmadı.
Bu səssiz, küysüz ölüm kimsəni ağlatmadı.
Çoxdan ölmüş zənn edir, axı, hamı onları.
Diri ikən, sağ ikən,
Öz səsi olmayanın ölümü səssiz keçər.
Min-min dəfə ölənin matəmi yassız keçər.
Şairin “Nəsənsə, özün ol” şeirində “ot kökü üstə bitər” atalar sözünün poetik yozumunu görürük:
Gülmə öz kökünə, ayıbdır sənə!
Ot kökü üstündə bitər, unutma,
Köhnə damğasını vurub atana,
Özgədən özünə sən ata tutma!
“Riyakar” şeirində şair “əvvəl evin içi..” atalar sözünün mənasından istifadə edərək öz məramının izahını ustalıqla verə bilir. Şair bir daha vurğulayır ki, hər bir vətəndaş ilk olaraq öz ana dilini mükəmməl bilməlidir.
“Əvvəl evin içi” ‒ demişlər nədən?
Sən çölü bilməzsən, içi bilmədən.
Yaxşı bilmək üçün özgə bir dili
Əvvəl öz dilini yaxşı bilməli.
Niyə özümüzü ögey sayaq biz?
Niyə atamızı tanımayaq biz?
Şairin “Səhənd qardaşımıza” şeirində “kəndə səs düşməsə, itlər hürüşməz” atalar sözündən istifadə olunur:
Kəndə səs düşməsə, itlər hürüşməz,
Könül istəməsə, əllər görüşməz.
Bir addım qabağa işığı düşməz,
İçindən yanmasa, can aşkar-aşkar.
“Qızım Gülzara” şeirində şair poetik dillə, obrazlı şəkildə “qızıldan təxtim olunca, qızıldan bəxtim olsun” ata sözündən məharətlə istifadə etmişdir:
Qınama, bələdəm mən bu həyata,
Kim cərxi geriyə dondərə bilmiş?
Övlada qızıldan taxt verər ata,
Qızıldan bəxtini kim verə bilmiş?
Şairin “Qeyrətmi, ağılmı?” şeirində “ağıllı fikirləşincə dəli vurdu çayı keçdi” atalar sözündən məharətlə istifadə etmişdir:
El deyib: “Ağıllı fikirləşincə,
Dəli vurub keçdi çayı bir anda”.
De görək, neylədi ağıllı Həmzə
Dəlilər “huy” ‒ deyib cəbhə yaranda?
Ağıl”, “ağıl” ‒ deyən boş nağılların
Dalında həmişə qorxu gizlənər.
Dünyada açılan bütün yolların
Əvvəli qeyrətdir, axırı zəfər.
“Əgər qorunmazsa, istiqlalımız” şeirində “Nə əkərsən, onu da biçərsən” atalar sözü məntiqi hökm kimi əsaslandırılır:
Hələ torpağa da yalan əkdilər,
Yalan əkilmişdi, yalan dərildi.
Dünyaya dəmirdən pərdə cəkdilər
Millət əsarəti səadət bildi.
Şair bəzən şeirlərində min illik atalar sözünü öz məqsədinə, əqidəsinə uyğun olaraq dəyişir.
Məsələn, “Layiqəmmi mən?” şeirində “Yaxşılığı elə at dənizə. Balıq bilməsə də, xaliq biləcəkdir” atalar sözünü dəyişərək öz əqidəsinin məramına uyğunlaşdıraraq “xaliq” əvəzinə “xalq” sözünü işlədir.
Atalar sozləri öyüddür bizə
Yüz illər, min illər deyiləcəkdir.
“Elə yaxşılığı, sən at dənizə,
Balıq bilməsə də, xalq biləcəkdir”.
Mən xaliq demədim,
Xalq dedim...
Nədən?
Xalqımdır, elimdir xaliqim mənim.
Onun dostlarına dost demişəm mən,
Onun düşmənidir, mənim düşmənim.
B.Vahabzadənin lirikasında tez-tez müraciət etdiyi xalq hikmətlərindən biri də məsəllərdir. Şair öz şeirlərində xalq arasında geniş yayılan məsəllərdən, deyimlərdən, inanclardan da sıx-sıx istifadə etmişdir. Məsələn, “ortada yeyib, qıraqda gəzmək”, “mıxı mismara çevirən var”, “yeməkdən ümid yaxşıdır” və s. Bu məsəllər şairin çatdırmaq istədiyi fikrin daha dolğun izahı baxımından olduqca əhəmiyyətlidir.
Şair “Dağda şəlalə kimi” şeirində “ortada yeyib qıraqda gəzmək” məsəlindən özünəməxsus tərzdə istifadə edir:
Bu dünyada birtəhər qoy yaşayaq”, ‒ deyənə,
Ah, birtəhər!.. Lüğətə bu söz hardan gəlmədir?
Yaşamaq yaşamaqdır! Bəs bu birtəhər nədir?
Mən düşmənəm, düşmənəm belə “ölü canlara”.
Gündən qaçıb həmişə kölgə axtaranlara...
Onlar ortada yeyib, qıraqdasa gəzdilər,
Namusu xərcləməkdən onlar çəkinməzdilər.
“Ümid” şeirində şair “yeməkdən ümid yaxşıdır” el deyimindən məsəl kimi istifadə edərək fikirlərin kontrastı əsasında olduqca maraqlı poetik lövhə yaradır:
Ümid istəyirəm, mən ümid ancaq,
Ümidlə qoyaram dağı-dağ üstə.
Nə şöhrət, nə mənsəb, nə dövlət, nə var.
Ey könül, dünyadan sən ümid istə!..
Ümid arzularm qızıl naxşıdır.
Deyərlər, yeməkdən ümid yaxşıdır.
Deyək dənizdəyəm, sahil görünmür.
Ümid mənimlədir,
o, məndən dönmür.
Sahilə can atıb çırpınır ürək.
De, neyləyəcək
Üstümə şığıyan ləpələr mənə?
Ümid ver mənə!
“Yaman sıxır gecə məni” şeirində şair yenə “mıxı mismar eləyən var” xalq məsəlinə müraciət edərək çətin gündə, dar ayaqda səbirli olmağa, mətin olmağa çağırır:
Ax, bu gecə sübhə qədər
Nələr, nələr
Ola bilər?
Bir diləyim günəş kimi
Pəncərəmdə gülə bilər.
İtkin düşən tək qardaşım gələ bilər.
Qəfil bomba bir şəhəri
Yer üzündən silə bilər.
O bombanın bir neçəsi atılarsa,
Yer kürəsi başdan-başa ölə bilər.
Hər şey, hər şey ola bilər,
Mıxı mismar eləyən var.
Geyinmişəm mən gecəni,
Yaman sıxır gecə məni.
Darıxıram... Hara qovum
bu həsrəti, kədəri mən?
İntizarın bir günündə qocalmışam
İki göz də borc almışam.
Gözləyirəm səhəri mən.
Ümid güldü pəncərədə
Gün yerinə,
Dan yerinə.
Ürəyimdən işıq düşdü
Ümidimin gözlərinə.
Dedim: ‒ Vaxtın axarında
Gecə, gündüz silsilədi.
Bu gecələr lap nə qədər uzun olsa,
Səhərlərə hamilədi.
Mıxı mismar eləyən var.
Hələ XVIII əsrdə Molla Pənah Vaqif də “Bax” rədifli qəzəlində Ağaməhəmməd şah Qacarın zülmündən xilas olmasını oxşar məsəllə ‒ “mıxı mismar eləyən var” məsəli ilə ifadə edirdi:
Qurtaran əndişədən ahəngəri-biçarəni,
Şah üçün ol midnəri təbdil olan mismara bax!
“Cavab” şeirində şair “özgə dəyirmanına su tökmək” xalq deyimindən məharətlə istifadə edir:
Bu halda sən kimsən, nəçisən, düşün,
Xalqının başında özgə yumruğu!
Ömrünü-gününü qoltuqda sürdün,
Səni isitdimi özgə qoltuğu?
Su töküb özgənin dəyirmanına,
Özün inandınmı öz yalanına?
“Min fikir bir borcu ödəmir” xalq deyimini şair “Xatalı yuxu” şeirində “min şöhrət bir borcu ödəyə bilməz” şəklində dəyişir.
Şöhrətin yükünü düşündünmü bəs?!
Min şöhrət bir borcu ödəyə bilməz.
Qorxum ondandır ki,
ömrün qışında
Bahar çiçəkləri üzə gülməsin.
“Cavab” şeirində xalq dilində çox işlənən “özgənin şoruna qaymaq demək”, “yediyi boşqaba tüpürmək”, “özgənin önündə quyruq bulamaq”, “boyuna qamış ölçmək” kimi deyimlər də şairin yaradıcılığında xüsusi poetik çalarlarla təzahür edərək emosionallığı daha da artırır:
Özgənin şoruna sən qaymaq deyib,
Demə öz südünə bulama, Yəhya,
Sən bu gün tüpürüb öz boşqabına,
Özgə boşqabını yalama, Yəhya!
De, hardan öyrəndin sən bu oyunu?
Qamış tapılmadı ölçəm boyunu.
Sən öz bostanının kəsib suyunu,
Özgə bostanını sulama, Yəhya!
Ağan hökm elədi... haqq bildin onu,
Yerinə yetirdin hər buyruğunu.
Söyüb öz dədəni, sən quyruğunu
Özgənin önündə bulama, Yəhya!
Şairin yaradıcılığında inanclara, sınamalara münasibət də olduqca güclüdür. “Beşik” şeirində biz xalq inamlarının maraqlı poetik ifadə formaları ilə qarşılaşırıq:
Qara gözmuncuğu sol biləyimdə,
Beşiyin üstündə üzərrik, Quran.
Anam qoruyardı məni bunlarla
Dünyanın hər cürə bəlalarından.
“Təlatüm” şeirində də şair xalq arasında geniş yayılmış “gözdəymənin qarşısını almaq üçün üzərlik yandırmaq” inamından poetik formada istifadə edir:
Ömür burulğanımdan
Saxlamasın qoy məni
Anamın
qapımızda
yandırdığı üzərlik.
Mənim xoşbəxtliyimçin
Mənə gərək deyildir
Dəryaca bəxtəvərlik.
Şairin əsərlərində şifahi xalq yaradıcılığının lirik növünə daxil olan layla və bayatı janrının da xüsusi əhəmiyyəti vardır. Buna görə də beşik obrazı B.Vahabzadənin lirik yaradıcılığında fikirlərinin mənbəyi rolunda çıxış edir. Bu mənada şairin “Beşik” şeiri poeziyamızda beşiyi obraz səviyyəsinə qaldıran maraqlı poetik tapıntı kimi dəyərləndirilməlidir:
Beşik... nişanədir uşaqlığımdan,
Könlümdə ah nələr, nələr oyatdı.
Bu taxta beşikdə axı, bir zaman
Anam da, atam da, babam da yatdı!..
Beşik ilk mənzilim, ilk yuvam mənim,
Laylalar dünyası ilk dünyam mənim.
Babamtək, atamtək dünyaya mən də
Açdım gözlərimi taxta beşikdə.
Anam beşiyimi tərpətməyəndə
Bilərdim, keşikçim yatıb keşikdə.
Qoymazdım anamı ala dincini,
Doymazdım anamm gül nəfəsindən.
Dadardım dünyanın ilk sevincini
Beşikdən asılan “şax-şax”larla mən.
İnsanın insana məhəbbətini, ey beşik,
İlk dəfə biz səndə duyduq.
Bizim anaların laylalarından
Axdı ruhumuza Vətənin özü.
Beşik kökümüzdür... ucalıb ordan
Tanıdaq dünyaya öz kökümüzü!
Şairə görə, beşik hər insanın ilk evidir. Başlanğıcın mənbəyidir. Anasından dinlədiyi və ruhuna süzülən laylaların ilk yuvasıdır. Hər xalq laylanı, bayatını mütləq öz dilində çağırır. Çünki xalq öz arzusunu, diləyini, sevincini, kədərini heç vaxt başqa dildə ifadə etmir. Şair də “Сavab” şeirində məhz bu gerçəyi dilləndirir:
Sənin şanın hanı, şərəfin hanı?
Əyilmə özgəyə öz mənzilində.
Nənən bayatını, anan laylanı
Niyə çağırmadı bəs fars dilində?
Yenə “Beşik” şeirində şairin ana südü, ana laylası ilə bağlı fikirləri maraqlı ifadələrlə verilir. Şair vətəni Azərbaycana olan sevgisinin təməlində anasının laylasının dayandığını vurğulayır. Laylanın hər xalının gələcək üçün bir ümid, bir güman olduğunu, şairə güc, qüvvət verdiyini söyləyir:
Dünyanın zövqünü, səadətini
Ananın o ilıq südündə duyduq:
Laylay dedim yatasan,
Qızılgülə batasan.
Qızılgüllər içində
Şirin yuxu tapasan.
Laylanın hər xalı bir ümid, güman,
Onun ahənginə qaynadı qanım.
Anamın yanıqlı laylalarından
Süzüldü ruhuma Azərbaycanım.
“Qisas böyütsün səni” şeiri isə öz yurdundan ayrı düşən, ürəyi yurd həsrəti ilə qovrulan bir ananın beşik başında körpəsinə ötürdüyü intiqam hissinin layla dilindəki sədasıdır.
Əsən çovğun bu gecə
Qar üstünə qar qalar.
Düzəngahda qurulmuş
Çadırımı yırğalar.
Görən, bizə nə deyir
Qarıldaşan qarğalar?
Layla, balam, a layla.
Qulağımız hamıdan
Bir xoş xəbər soraqlar.
Sızıldayan külək də
Dərdimizə qan ağlar.
Layla, balam, a layla.
Tanrı rəva bildimi
Bizə bu işgəncəni?
Mən böyüdə bilmədim,
Qisas böyütsün səni.
Layla, balam, a layla.
Göy bizə qənim olsun,
Bu zülmü yerdə qoysaq.
Qoy bizə qənim olsun
Qaçdığımız o torpaq!
Layla, balam, a layla.
Xalq dilində məşhur olan aşağıdakı bayatı hər kəsə məlumdur:
Əzizinəm sal yana,
Dara zülfün, sal yana.
Necəsən bir ah çəkim,
Kür quruya, sal yana.
Şair yuxarıdakı bayatının misralarından özünəməxsus şəkildə qəzəldə istifadə edir. Bu xalq bayatısının Bəxtiyar lirikasında poetikləşməsinin ən bariz nümunəsi sayıla bilər:
Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
Haqqa duşmən olanı haqqa tapındırdı muğam.
Nə güman eyləmisən ondakı tilsimləri sən,
“Kürü ahıyla qurutdu”, “salı yandırdı” muğam.
Şifahi xalq yaradıcılığının epik növünə daxil olan nağıl janrı da B.Vahabzadə yaradıcılığında xüsusi önəmi var. Şair “Sandıqdan səslər” silsiləsindən 1965-ci ildə qələmə aldığı “Nağıl həyat” şeirində uşaq ikən anasının danışdığı nağılların sehrinə düşdüyünü, nağılların təsiri ilə böyüdüyünü dilə gətirərək qeyd edir ki, böyüdükcə həyatda nağıllarda dinlədiyindən daha dəhşətli “divlər”in olduğunu görmüşdür:
...Bəlalı başımı qoyum dizinə.
Mənə nağıl danış, dayansın anlar,
Görüm, nağıldakı o qəhrəmanlar
Cütbaşlı divləri nə təhər yıxır,
Nə təhər gizlənib, tilsimdən çıxır.
Bir danış, hardadır, görüm, səadət?
Bizim yurdumuza o niyə gəlməz?
Danış, danış görüm, Məlik Məhəmməd
Zulmətdən işığa necə çıxdı bəs?
Danışma ay anam, danışma, kiri,
Beynimə batmayır bu əfsanələr.
Divlər gormuşəm ki, nağıl divləri
Onların yanında toyuğa bənzər.
Şair “Haqqı yox” şeirində “divlərin əlində əsir Pərimiz” misrası ilə yenə nağıllarda divlərin əlində əsir olan qızların obrazını xatırlayaraq ermənilərin əlində əsir olan qız-gəlinlərimizin halına acıyır:
Sındırıldı dəyirmanda pərimiz,
Əsir oldu divə bizim Pərimiz.
Dağılırkən ocağımız, pirimiz
Türkün türklə ədavətə haqqı yox.
Şair “Qorxuram” şeirində də div-milçək müqayisəsi əsasında maraqlı poetik təzad yaradır:
İki yolun ayrıcında dayanıb,
Gah o yandan, gah bu yandan qorxuram.
Divdən deyil, milçək qədər gücüylə
Mən özünü div sayandan qorxuram.
“Cavab” şeirində də şair divlərin önündə əyilməyən Cırtdanın cəsarətini bəzi qorxaqlara nümunə kimi göstərir:
Cırtdan nağılını danışdı nənən,
Bu nağıl qanana ibrətdir bu gün.
Divə əyilmədi Cırtdan...
Amma sən
Qarğa qabağında sərçəyə döndün.
Şair “Babamın koması” şeirində uşaq ikən babasının kasıb komasını özünün ilk nağılları hesab edirdi.
Epik növün nağıl janrına şifahi xalq yaradıcılığının ən çox yayılmış janrı kimi yazılı ədəbiyyat nümunələrində də tez-tez müraciət olunur. Şair öz dövrünün siyasətçilərinə siyasi oyunlardan uzaqlaşaraq uşaq saflığı ilə nağıl dinləməyi tövsiyə edirdi. Çünki nağıl qəlbə nur çiləyir. Nağıl dinləyənin fikri ucalır. Nağıl xəyaldan həqiqətə yol açır. Nağılda hər zaman həqiqət yalana, işıq zülmətə qalib gəlir. “Xeyir-şər” şeirində də şair bu gerçəyi poetik tərzdə dilə gətirir, təfəkkürün inkişafında nağılların önəmindən danışırdı:
Qoy nağıl oxusun siyasətçilər,
Onların qəlbinə nağıl nur çilər.
Nağıl dinləyənin fikri ucalır,
Xəyaldan yol açır o, həqiqətə.
Həmişə nağılda qələbə çalır,
Həqiqət yalana, işıq zülmətə.
Hətta “Nağıl həyat” şeirində şair nağıllarda rast gəlinən köpək qarıların prototiplərinə həyatda da rast gəldiyini dilə gətirərək yazırdı:
Atasını söyən, yada baş əyən
Rəhbərlər görmüşəm, qəddar, amansız.
Tikana gül deyən, gülə kol deyən
Qarılar görmüşəm dinsiz, imansız.
Şairin lirik yaradıcılığında əfsanə janrından da tez-tez bəhrələndiyini görə bilərik. “Fikir axtarışı” şeirində xalq yaradıcılığında məşhur olan “İsa-Musa” əfsanəsi xatırlanır:
‒ İsa!
‒ Musa!
‒ Tapdın?
‒ Yox!
İsaq-Musaq quşları
Nəyi isə axtarır
Subhə qədər
Gecələr.
Gecələrin özündən sirr gizlədər gecələr.
Ömrü boyu axtarır İsaq-Musaq quşları.
Bahar gecələrini
Suallara döndərir
Gizli axtarışları.
Axtarır, tapa bilmir,
hey axtarır,
hey gəzir.
Əbədi axtarışdan
Nə yorulur,
Nə bezir.
Bu əfsanə əsasında Əli Vəliyev eyniadlı “İsa-Musa quşu” hekayəsini, İlyas Əfəndiyev “Sarıköynəklə Valehin nağılı” əsərini yazmışdır. Şair insanın da ömrü boyu axtarışda olduğunu qeyd edir. Bu əbədi axtarışdan insan nə yorulur, nə də bezir. Lakin heç vaxt axtardığını tam tapa bilmir. Məsəl eyni zamanda səbirli olmağa çağırır. Ədalətin gec-tez mütləq qalib gələcəyinə inamın ifadəsidir.
“Qaliley” şeirində şair “dünyanın öküzün buynuzları üzərində durması” ilə bağlı mifdən söhbət açır:
"Fırlanır" ‒ sözüylə o müdrik insan
Qırdı mövhumatın sərt buzlarını.
Əqlin baltasıyla vurdu başından,
Sındırdı öküzün buynuzlarını.
Milyon il dedilər: ‒ Qaşqa öküzlə
Çatıbdır şöhrətə, şərəfə dünya.
Dedi: ‒ Yer fırlanır... ancaq bu sözlə
Tanıdı özünü ilk dəfə dünya!
“Dayan insan!” şeirində isə tanrılardan odu oğurlayıb insanlara verən Promotey haqqında olan əsatiri xatırladır:
İnsana od bağışladı
Prometey!
Ehey!
Ehey!
Dayan, insan!
Türklərin törəyişi, yayılması haqqında olan əfsanələr, həmçinin şifahi xalq yara¬dıcılığının ən geniş janrı olan dastan janrına müraciət də B.Vahabzadə yaradıcılığı üçün olduqca aktuallıq kəsb edir. Şair şeirlərində tez-tez xalq dastanlarına – “Dədə Qorqud”, “Koroğlu”, “Ərgənəkon” “Əsli və Kərəm” kimi türk dastanlarına aid motivlərdən də istifadə edirdi. B.Vahabzadə xalqını imperiya zülmündən xilas etmək üçün öz şeirlərində xalqın qəhrəmanlıqla dolu tarixini, keçmişini yada salaraq yenidən mübarizə əzmini alovlandırmağa çalışmışdır. “Körpü çaydan uzaq düşüb” şeirində ustad sənətkar “Koroğlu” dastanına müraciət edərək qəhrəmanlıqla dolu keçmişini xatırlayır:
Xəyallarım ‒ qanad-qanad,
Ətəyimdən dartdı həyat.
Dünənimə Dürat, Qırat,
Bu günümə ulaq düşüb.
“Qeyrətmi, ağılmı?” şeirində şair yenə fikirlərini “Koroğlu” dastanının motivləri əsasında izah edir, keçmişlə bu günü ustalıqla müqayisə edir, üstünlüyü qəhrəmanlıqla dolu keçmişə verir:
Hanı dəlilərin, a nənəm Nigar,
Namərdlər doğuldu bu zəmanədə.
Dədəsi kor olan qoç Koroğlular
Özləri kor oldu bu zəmanədə.
Alı dədəmizin gözü kor oldu,
Çağdaş gədələrin özü kor oldu.
Şairin əsas məqsədi, əlbəttə ki, xalqın qəhrəmanlıqla dolu keçmişini xatırlatmaqla onun mübarizə əzmini daha yüksəltmək və qələbə ruhuna kökləməkdən ibarət idi.
“Cavab” şeirində türklərin Altay dağlarını aşaraq dünyaya yayılması haqqında olan yaranış dastanlarını xatırlayır, Dədə Qorqudun öz dilində qoşduğu nəğmələrlə fəxr edir:
Altay dağlarını baban aşanda,
Ağan bu cürəti heç danmamışdı.
Qorqud öz dilində nəğmə qoşanda
Sədinin qəzəli yaranmamışdı.
Tarixlər yaradıb tarixdən qədim
Bu xalqın qılıncı, bu xalqın sözü.
Bəs necə oldu ki, ey dönük alim,
Biz olduq özgənin tör-töküntüsü?
B.Vahabzadə poeziyasında ulu kitabımız olan “Dədə Qorqud”un təbliğ etdiyi igidlik, qəhrəmanlıq kimi ülvi, pak duyğulara da tez-tez müraciət olunduğunu görürük. Şair “Vətən marşı” şeirində “Dədə Qorqud” oğuznamələrinin bizi biz edən ən əsas mənəvi dəyərlər toplusu olduğunu dönə-dönə vurğulayır, Azərbaycanı oğuzlar vətəni adlandırır:
Sənin öz bayrağının kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi qızlar Vətəni.
“Fikir axtarışı” şeirində insanın əbədi axtarış içərisində olduğunu vurğulayan şair eyni zamanda qədim türk dastanı olan “Ərgənəkon” dastanının motivlərini xatırlayır. Əcdadımızın dəmir dağı əritmək həvəsinin məhz həmin axtarış arzusundan doğduğunu yazır:
Dolaylarda əridib
dəmir çanaqlarını,
Aşıb sirr dağlarını,
Nəyi isə axtarıb ulu babalarımız,
Ürəyi acılarla dolu babalarımız.
Mən də axtarışdayam,
Obaları, elləri dolanıb qarış-qarış.
Bəlkə, mayamızdadır bu əbədi axtarış!
Şairin “Habil segahı” şeirində “Əsli və Kərəm” dastanının motivlərinin işləndiyini görürük. Şair, Kərəmin Əslinin ardınca öz yurdundan ayrılmasını durnanın öz qatarından ayrı düşməsi kimi mənalandırır:
Durnamı ayrıldı öz qatarından?
Obamı dağıldı, elmi talandı?
Zamanmı ayrıldı öz axarından?
Əslimi hıçqırdı, Kərəmmi yandı?
“Azərbaycan oğluyam” şeirində isə ulu kitabımız olan “Dədə Qorqud”un izləri aşkar sezilməkdədir.
Hünər göstərməyincə
Adsız yaşamışam mən.
Dədəm Qorqud ad verdi
Mənə öz hünərimdən.
“Dədə Qorqud” oğuznamələrində də oğuz igidləri göstərmiş olduqları qəhrəmanlığın, igidliyin müqabilində ad qazanardılar. İgidlik, qəhrəmanlıq göstərməyən oğuz igidi kimliyindən asılı olmayaraq, hakimiyyət iyerarxiyasında təmsil oluna bilmirdi. Buğac da, Beyrək də, Basat da öz adlarını göstərdikləri igidliyin müqabilində qazanmışlar. Şair “hünər göstərməyincə adsız yaşamışam mən” misraları ilə məhz həmin qədim oğuz adətini bir daha yada salır. Eyni şeirdə şairin işlətdiyi aşağıdakı misralar yenə “Dədə Qorqud” oğuznamələrini xatırladır:
Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam.
“Dədə Qorqud” eposunun qəhrəmanı Basat da öz anasının qaba ağac, atasının qağan aslan olduğunu deyirsə, B.Vahabzadənin lirik qəhrəmanı da anasının torpaq, atasının od olduğunu qeyd edir və xeyirin daim şərlə mübarizə apardığı “Avesta”ya müraciət edir və bu mübarizədə gec-tez xeyirin qələbə çalacağını xatırladır, həmçinin odla bağlı müqəddəs fikirlərin ifadə olunduğu qədim inanc sistemini yada salmaqla xalqın qədimliyini, ululuğunu bir daha dilə gətirir.
“Nəsənsə, özün ol” şeirində sanki şairin özü də Dədə Qorqud kimi müdrikləşir və oxucularına öyüd-nəsihət verir:
Atamız deyərdi bunu bir zaman,
İndi biz deyirik övladımıza.
Oğul o kəsdir ki, köhnə kitabdan
Bu köhnə yazını, bu fərqi poza!
Ata o kəsdir ki, dayanıb öndə
Övladın hissilə yaşaya bilsin,
Övlad o kəsdir ki, çiyinlərində
Atanın dərdini daşıya bilsin.
Şairin yaradıcılığında tez-tez aşıq yaradıcılığına müraciətə də rast gəlirik. Məsələn, “Nəsənsə, özün ol” şeiri Aşıq Abbas Tufarqanlıdan belə bir epiqrafla başlayır:
Ay həzarat, bir zəmanə gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.
“Piyada-sərnişin” şeirində şair yol semantik vahidinə bir neçə kontekstdə yanaşır. Şairə görə, yol var, mənzil başına aparır, yol var, zirvəyə aparır, yol var, ömür yoludur, yol da var ömrün sonuna aparır. Əsl şair isə hər zaman haqq yolunun yolçusu olmalıdır:
Sərnişin yol getdi, yoldan xəbərsiz,
Bilmədi bu yolda kələ-kötür var.
Ancaq piyadanın, xəbər-ətərsiz
Alnında iz açdı getdiyi yollar.
Ömür yollarında “rahat” gedənlər
Zirvələr başına ucala bilməz.
Təkərlər üstündə diyirlənənlər
Çatdığı mənzildə bənd ala bilməz.
Bəxtiyar Vahabzadə şeirlərində yuxuya psixoloji olaraq yanaşır və şairin yaradıcılığında yuxu məfhumu da obraz səviyyəsində işlənir. Şair “O nədir?” şeirində yuxunu müxtəlif yönlərdən açmağa cəhd edərək “dünyanın özü də ulu Tanrının yuxusudur” ideyasını irəli sürür. Tanrının yuxusu gəlir, dünya yatır, ona görə də şər xeyirə qalib gəlir. Şeirdə də bu fəlsəfəni görmək olar. Bu fikrin antitezasını irəli sürmək də olar: Tanrı xeyirin tərəfindədir. Şair poetik lövhələrlə Tanrı haqqında bədii düşüncələrini də oxucuya çatdırır…
“Dünya ulu tanrının yuxusudur”
‒ dedilər.
Onu bu xoş yuxudan ayıltmayın, ‒
dedilər.
Onun oyanmasını
Niyə istəmədilər?
O, nə qədər yatacaq
Dərin, şirin yuxuda?
İntəhasız olarmı,
Vaqiə də, yuxu da?
Milyon-milyon ildir ki,
Fırlanır Yer kurəsi...
Nə benzini qurtarır,
Nə odu, nə qüvvəsi,
Hara gedir o belə?
Yerindədir yer elə...
Yer kürəsi Tanrının
Uydurduğu yuxudur,
Nağıldır, əfsanədir...
Bəs boylanıb yuxudan
çıxan insan?..
O nədir?
“Bir ömür yuxu” adlı şeirində şair yenə yuxuda öz ölümü ilə üz-üzə dayanır. Ölümündən sonra dünyada heç nəyin dəyişmədiyini, hər şeyin öz axarında davam etdiyini, sadəcə onun yerinin boş qaldığını, yazı masasının onun üçün qəribsədiyini ürək yanğısı ilə dilə gətirir:
Bu gecə yuxuda gördüm, ölmüşəm.
Nəfəsim təngiyib...
Amma bu aləm
Yüz illik, min illik vərdişindədir,
Hər kəs öz yolunda, öz işindədir.
Gəlir qulağıma qəhqəhə səsi,
Hardasa uzaqdan bir quş nəğməsi.
Odur, bax, mələyir çöldə bir quzu,
Axır bulaqdan da şırhaşırla su.
Heç nə dəyişməyib evdə yerini,
Dolabda kitablar, güldanda çiçək.
Açıq pəncərənin pərdələrini
Gah-sağa, gah sola oynadır külək.
Gördüm, mənə baxır şəklim divardan,
Dedim, nağıl imiş arzu da, kam da.
Dedim, bir fərq varmı, görəsən, bu an
İndi o şəkillə mənim aramda?
Mən ölü, o cansız... kənar otaqdan
Gəldi nəvələrin şən-şatır səsi.
Gördüm, mənə baxır masam bucaqdan,
Neyləyim? Üstümdə ölüm kölgəsi...
Bir səs qulağıma gəlmişdi haqdan.
“Xatalı yuxu” şeirində isə şair şöhrət yuxusunu ən qorxulu yuxu hesab edir:
Xatalı yuxudur şöhrət yuxusu,
Canıma od saldı onun qorxusu.
Amandır, qorxuram, şöhrət zirvəsi
Razılıq təxtinə qaldıra məni.
Zirvə saymamışam, mən bir zirvəni.
“Gör necə güclüsən” şeirində şair artıq yuxudan obraz kimi bəhs edir. Gözündən qaçaq düşən yuxusunun küçələrdə sərgərdan gəzdiyini yazır. Şair sevdiyinin həsrətinin əlindən qaçaraq öz yuxusuna sığınmaq istəyir:
Yatmaq istəyirəm...sənsizliyimi
Yuxu dənizində batırım deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb, məndən yan gəzir,
Yuxum kuçələrdə sərgərdan gəzir.
Həsrətin asılıb kirpiklərimdən,
Yuxum da gəlmir ki, heç olmasa mən,
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən...
Şair “Qısqanıram mən” şeirində güzgüyə də obraz kimi yanaşır. Güzgü dünya xalqlarının mifik təfəkküründə hər zaman sehrli gücə malik olması ilə seçilib. Nağıllarımızda da sehrli güzgüdən sıx-sıx istifadə olunmuşdur:
Dayanıb güzgünün qabağında sən,
Pərişan saçına daraq çəkirsən.
Arzular, diləklər təmənnasıdır
Bu qoca dünyada hər kəsin, gülüm.
“Pərişanlıq zülfün öz qaydasıdır”,
Halı pərişanlar neyləsin, gülüm?
Güzgü də zövq alır gozəlliyindən,
Səni güzgüyə də qısqanıram mən.
Başqa bir şeirində şair güzgü ilə bağlı belə yazırdı:
Səni hər an, hər saat
Görmək üçün, sevgilim,
Gecələr ay olaydım,
Gündüzlər gün olaydım.
Sənin gözəlliyindən
Səhər-axşam həzz alan
Dilsiz güzgün olaydım.
Güzgün olsaydım əgər,
Qəm yeməzdim yenə mən;
Səni, öz diləyimcə
Göstərərdim sənə mən.
Pəncərə mifik təfəkkürdə iki dünya arasındakı keçidi simvolizə edən arxetip kimi səciyyələnir. B.Vahabzadənin “Örtmə pəncərəni” adlı şeirində bu mifik inamın bədii ifadəsinin izləri aydın hiss olunur:
Örtmə pəncərəni!..
Necə? Sətəlcəm?
Qorxmuram, qoy külək içəri dolsun.
Açıq qəlbim kimi qapım, pəncərəm
Dünyanın üzünə qoy açıq olsun.
Örtmə pəncərəni... Gəlir ilk bahar,
Gör, çölün havası necə təmizdir.
Açıq pəncərələr, açıq qapılar
Dünyaya açılan gözlərimizdir.
Təzə bir havaya həsrət qalıb söz,
Söz də təzələnmək istəyir, dayan!
Dolsun otağıma, gəlsin izinsiz
Yellər pəncərəmi taqqıldatmadan.
Tufan istəyirəm, yandıra bilsin
Könlümün qaralan ocaqlarını.
Gəlsin, qarışdırsın, alt-üst eyləsin
Yazdığım, pozduğum varaqlarımı.
Masa arxasında gecəbəgündüz
Bir ömür əritdim təzə söz üçün.
Gəlsin təzə fikir, gəlsin təzə söz.
Dünən yazdıqlarım köhnəlir bu gün.
İstərəm sabahı bugündən bilim,
Könlumə nur qonsun, işıq çilənsin
Örtmə pəncərəni, örtmə, sevgilim,
Hava təzələnsin, söz təzələnsin.
Şair özü qeyd edir ki, “açıq pəncərələr dünyaya açılan gözlərimizdir”. Açıq pəncərədən gələn təmiz hava şairin əhvalını təzələyir, ruhunu təzələyir, sözünü təzələyir. Göründüyü kimi, pəncərə şairin süstləşən əhvalı ilə çöldəki təmiz hava, təzə söz həvəsi, ilk baharın təravəti arasında keçidi simvolizə edir.
Yuxarıda qeyd etdiyimiz nümunələr şairin lirik, epik və dramatik yaradıcılığının başdan-başa xalqın hikmət xəzinəsindən – folklorundan qaynaqlandığını, qidalandığını, güc aldığını bariz şəkildə göstərir. Şairin fikirləri hər zaman onu ilham göylərində pərvazlandıran qanadları idi. B.Vahabzadənin sözünün sehri də, şəhdi də, gücü də məhz xalqın zəngin folklor yaradıcılığından gəlir. Çünki ustad sənətkar bütün varlığı ilə öz kökünə, milli kimliyinə bağlı sənətkar olmuşdur. Həmin zəngin qaynaqdan aldığı gücün nəticəsi idi ki, istər sovet dövründə, istərsə də milli azadlıq hərəkatının başladığı dövrdə B.Vahabzadə həm qələmi, həm də fiziki olaraq xalqın önündə gedərək əsl istiqlal şairinə çevrilə bildi.
Nizami ADIŞİRİNOV
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Yazıçılar Birliyinin üzvü
AMEA Folklor İnstitutunun böyük elmi işçisi