İki Vidadi, bir Şahmar - Nəriman Əbdülrəhmanlı yazır..
MANERA.AZ Nəriman Əbdülrəhmanlının "İki Vidadi, bir Şahmar" yazısını təqdim edir.
Nədənsə yaddaşımda üçü də birgə qalıb: iki Vidadi – Vidadi Məmmədov, Vidadi Paşayev və Şahmar Hüseynov...
Öz-özlüyümdə onlara ad da vermişdim: “Gəncə üçlüyü”. Əslində, üçünün də Gəncədə doğulmadığını sonralar bilmişəm...
Aralarındakı məhrəmliyin hansı məqamda olduğunu dəqiq bilmirəm, amma eləcə “Vidadi” çağrılan Vidadi Məmmədovun, “Paşa” adlandırılan Vidadi Paşayevin, “Şahmar” kimi tanınan Şahmar Hüseynovun məhrəm ünsiyyətindən dost-tanışları çox danışırdılar.
İndi, ötən illərin bu başından baxanda görürəm ki, yanılmamışam: üçü də öz-özlüyündə bənzərsiz, yaradılıcılıq və mənəviyyat ölçüləri cəhətdənsə oxşardılar: Vidadi Məmmədov cəmi-cümlətanı iki hekayəsi və ədəbi zəhmi, Vidadi Paşayev bir neçə tərcüməsi, publisistik yazısı və sənədli filmi, Şahmarsa Kukla Teatrındakı işləri və ikicə kitabıyla sənətdə qaldı...
Üçü də dünyasını vaxtsız dəyişdi: Şahmar yaşca böyük kimi irəli düşdü, ardınca Vidadini qəza apardı, sonra da Paşa içindəki yükün ağırlığına dözmədi...
Üçü də bu gün belə, sənət mühitindəki məhrəm söhbətlərin əfsanəvi qəhrəmanlarındandı...
Şahmar sözün köynəyindən çıxmışdı...
Şahmarla elə bir yaxınlığım olmayıb, yəni, onunla Azər Abdulla, Tofiq Abdin, Natiq Səfərov, Elman Mustafaoğlu, Xaləddin Sofuyev, Saday Budaqlı... qədər ünsiyyətdə olmamışam. Beş-altı dəfə məşhur Azneft çayxanasında ortaq məclislərdə qarşılaşmışam, sonralar küçədə, bulvarda, dayanacaqda rastlaşmışıq. Təbii ki, aramızdakı, təxminən, iyirmi illik yaş fərqi, üstəlik, Şahmarın ovaxtkı qeyri-rəsmi ədəbi mühitdəki nüfuzu ünsiyyətimizə mane olub: tələbəlik dövrümə düşən 70-ci illərin ikinci yarısı – 80-ci illərin əvvəllərində onun adı Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzdə, Afaq Məsud, Saday Budaqlının... imzaları kimi, dilimizdən düşmürdü.
Gec çap olunan, amma ilk hekayələrindəncə diqqətimi çəkən Şahmar bizdən - ədəbiyyata yenicə qədəm qoyan cavanlardan - ötrü xeyli müəmmalı fiqur sayılırdı: o birilərinin peşəkar söz adamları olduqlarını bilir, qəbul eləyirdik; amma qəfildən həmin imzaların sırasına ədəbiyyata “qıraqdan” gələn, çap olunmağa barmaqarası baxan və... yazı-pozu haqqında danışmağı sevməyən, üstəlik də, ədəbiyyata xeyli gec, az qala, 35 yaşında qədəm qoyan Şahmarın imzası da qoşulmuşdu...
Şahmarı, səhv eləmirəmsə, “Ulduz” jurnalında oxuduğum “Köynək” hekayəsindən tanımışdım. İllah da o hekayənin sonu yaddaşıma möhkəmcə həkk olunmuşdu: “Dostu Ələkbər (indi bilmir һeç һardadı o), evləri, һəyətlərindəki ərik, iydə, tut ağaclarının seyrək dumanda “ağlaması”, kəndi bürüyən torpağın ətri və onun isti bir gündə çəpərdəki böyürtkən koluna girib, qonşuları İmranın yay armudlarına tamarzı-tamarzı baxması yadına düşdu. Bir dəfə beləcə tamaşa elədiyi yerdə atasının böyürdən çıxması, sərt və qəzəblə “Bir də səni burda görsəm, gözlərini çıxardacağam!” - qışqırması da yadına düşdü və anladı ki, atası nə üçün pul yox, məktub yox, məһz bu köynəyi göndərib. Ancaq bir şeyə mat qalmışdı. Necə olub ki, bu köynək indiyə kimi salamat qalıb?..” Söhbətlərimizdə Şahmarın bu qışqırtı-bağırtısız, bəzəksiz-düzəksiz, həm də sonsuz səmimiyyətlə dolu yazı manerası, xırdaca detallarla ədəbi situasiya, obraz yaratmaq qabiliyyəti dilimizdən düşmürdü.
Şahmar az yazırdı, özünü gücə salmır, məşhurlaşmağa, “yazıçı” statusu qazanmağa çalışmır, çap olunmağa can atmırdı – bundan sonralar xəbər tutdum. Amma o illərdə işıq üzü görən hər hekayəsi yaxşı qarşılanır, ədəbi məclislərdə müzakirə olunurdu – bununsa şahidiyəm...
Həmin məqamlarda mənə elə gəlirdi ki, Şahmar Sözün köynəyindən çıxıb...
İkinci kitabını görmədi...
Şahmarın Dövlət Kukla Teatrının aktyoru olduğunu bilirdim, Xanlar (indiki Göygöl) rayonunun Nərimanov kəndində doğulduğunu, ailəsi Gəncə şəhərinə köçdüyündən, orta təhsilini də Gəncədə aldığını, əsgərliyini çəkəndən sonra o vaxtın “ən bahalı” ali məktəblərindən olan Tibb İnstitutuna daxil olduğunu, amma elə birinci kursdanca oranı atıb İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) həmyerlisi, böyük sənətkarımız Adil İsgəndərovun kursunda oxuduğunusa cismani yoxluğundan sonra öyrəndim.
Düzü, Kukla Teatrında “Sehrli güzgü” adlı pyesinin səhnələşdirildiyini, özünü rejissor kimi də sınadığını öyrənəndə çaşıb qalmış, uzun müddət inana bilməmişdim; ovaxtacan mənə elə gəlirdi ki, Şahmar ancaq qəzetlərin, ya da nəşriyyatların birində çalışa bilər: sakitliyi, həlimliyi, üzüyolalığı sərt görkəmiylə qəribə həmahəng təşkil eləyirdi. Yadımdadı, həmişə “Avrora” siqaretini yandırıb kibrit qutusunun üstünə qoyurdu. Sonralar dostları danışırdılar ki, ömrü boyu elə “Avrora” çəkdi, neçə dəfə əlimizə düşən bahalı siqaretlərdən təklif elədik, yaxın durmadı, “Pis öyrənərəm”, - dedi. Bu, həm də onun gözü-könlü toxluğunun nişanəsiydi.
Şahmarın 1986-cı ildə yaxın dostlarının təhriki, yardımıyla “Gənc yazıçının ilk kitabı” seriyasından çap olunan əl boyda “Elçilik” kitabının yaratdığı ab-hava yaxşı yadımdadı. Ədəbi məclislərdə o bapbalaca kitabdakı hekayələrin sanbalından söhbət gedirdi: Şahmar ilk dəfə yazıçı kimi bütöv (o kitabın imkan verdiyi qədər) görünmüşdü. Deyilənə görə, başqa hekayələri də vardı, amma hələ çap etdirmək istəmirdi.
Amma kitabının çapından sonra Şahmarla ilk dəfə rastlaşanda, sözarası təbrikimi çatdıranda hiss elədim ki, utanıb-sıxılır: 47 yaşında “gənc yazıçı” kimi tanınmaq, əl boyda kitab müəllifi olmaq, yəqin ki, daxilən ona əzab verirdi.
Sonralar Şahmarın dostlarından biri, mərhum yazıçı Azər Abdulla onu “Uşaq arabasına qoşulmuş fil” adlandıranda tapıntısının dəqiqliyinə heyrət elədim. Kukla Teatrının səhnəsində onlarla obraz yaratsa da, şəxsən mən Şahmarı təsəvvürümdə heç vaxt oyunçu kimi canlandıra bilmədim. O, cüsəsi, koloriti, təmkiniylə tamam başqa bir aləmin adamıydı...
Yazmaya bilmədiklərini yazırdı...
Şahmarı heç vaxt qızışan, kükrəyən, əsib-coşan, ona-buna sataşan görmədim. Yəqin, bu barədə yaxın ünsiyyətdə olanlar daha dəqiq deyərlər, amma əminəm ki, qənaətimdə yanılmıram. Elman Mustafaoğlu danışırdı ki, arada Vidadi Məmmədov sataşanda sakitcə qulaq asar, sonra gülümsəyib başını bulaya-bulaya deyərdi: “Ay səni, Vidadi!”
Bəlkə, şəxsi həyatında da elə bu cür – bir qədər qapalı, adamayovuşmaz, öz içinin havasıyla yaşayan idi. Ola bilsin, xasiyyəti hekayələrində də özünü bildirib: qələmindən sakit, duyumlu, bir qədər də həyat məsələlərində əli olmayan obrazlar çıxıb...
Ömrünün son illərində dəfələrlə özünü yığışdırmağa, həyatını nizamlamağa can atdığını sonralar Tofiq Abdinin söhbətlərindən, Azər Abdullanın 2000-ci ildə hazırladığı xüsusi buraxılışda çap olunmuş gündəliklərindən öyrəndim. Yazırdı ki, “Heç vaxt, heç vədə özümdən razılıq, xoşhallıq hissini özümə yaxın qoymayacağam. Ölümə məhkum olunmuşlartək hər saniyəm, hər dəqiqəm mənə əziz olacaq, onların hər birindən qənaətlə istifadə eləyəcəyəm...” Amma artıq geckdiyindən, olacağa çarə tapa bilməyəcəyindən xəbəri yox idi.
“Heç nə, heç nə... Günlərin uzun qatarı. Qocalmağa doğru necə də sürətlə gedirik. Bircə hər anı, hər saatı dərrakəylə yaşaya bilsəydim! Başladım. 48 səkkiz yaşım yarım ay sonra tamam olur. 48 yaş. Uzun bir ömrü yelə vermişəm... Məcburam ki, bir 40 il də yaşayım. Sabahdan möhkəm rejimlə yaşayacağam. Hər gün yatmazdan qabaq özümə hesabat verəcəyəm”, yazır, - son məqamacan hər şeyi dəyişə biləcəyinə ümid bəsləyirdi...
Saday Budaqlı da danışır ki, Şahmar öz qəhrəmanlarına oxşayırdı: həssas, diqqətliydi, dost-tanışları üçün özünü əziyyətə salan idi, bir yerdə durmur, həmişə tələsir, çalışırdı ki, həyatını qaydaya salsın, özünə babat şərait yaratsın ki, oturub ürəyindən keçənləri yazsın; gündəlik tuturdu, bir səhifə yazmamış yarımçıq qoyurdu, deyirdi, səhərlər idman eləyəcəyəm, siqareti tərgidəcəyəm (deyəsən, tərgitdi də), içkini atacağam (deyəsən atmadı), ev alanda sevincək təmirə hazırlıq gördü, deyirdi, özümə ayrıca otaq düzəldib, başlayıram düzəməlli işləməyə.
Amma baş tutmadı, həyatında heç nəyi dəyişə bilmədi, ona heç aldığı mənzildə yaşamaq da qismət olmadı, ürəyi Şahmarın ümidini puça çıxardı...
Hələ ki, demək olar, bütün hekayələrinin toplandığı “İtki” adlı kitabı 1989-cu ildə Şahmarsız işıq üzü gördü...
O kitabdakı 29 hekayədən belə qənaətə gəldim ki, Şahmar heç vaxt nasir olmağa can atmayıb, sadəcə, yaza bilmədiklərini qələmə alıb, həm də forma, üslub, təhkyə barədə zərrə qədər də düşünüb-daşınmayıb, ağlına necə gəlibsə, eləcə də yazıb, bu səbəbdən də qələmindən çıxan mətnlər son dərəcə səmimi, oxunaqlıdı...
O kitab Azərbaycan Yazıçılar İttifaqının M.F.Axundov mükafatına – Şahmarın yeganə, həm də ölümündən sonra qismətinə düşən yeganə ədəbi mükafata – layiq görüldü...
Bir neçə hekayəsini Tamara Kalyakina rus dilinə çevirdi, o hekayələrdəki böyük yazıçı nəfəsi olduğunu qeyd elədi...
Təmizliyini ömrü boyu qorudu...
Şahmarın “Qoyungöz” hekayəsində belə bir yer var: “Rəhmətlik nənən nə deyərdi? Deyərdi: “Odumuz yoxdur, qaç, Xanım xalangildən yanılı kösöv gətir, ocağımızı gətir, ocağımızı qalayaq”. Kösöv gətirməzdin, yox, iri par-par yanan bir közü ovcuna qoyub qaçardın, üfürə-üfürə bu ovcundan o ovcuna, o ovcundan bu ovcuna ata-ata qaçardın, evinizə çatanda nənən əllərini dizinə çırpardı, sənsə gülərdin (o anın xoşbəxtliyini indi yaşaya bilərsənmi?). On beş ildir o təmizliyi əllərində köz kimi üfürə-üfürə qaçırsan. Ancaq bəzən sənə elə gəlir ki, o təmizlik əllərində sönüb (ələlxüsus axşamlar), külə dönüb. Bir də axı o təmizlik göydən düşməyib, sən o təmizliyi burdan, evinizin odundan-ocağından götürmüsən. Yaxşı, bəs hanı o odun-ocağın, o təmizliyin dadı-tamı?”
Həmin obraz, şəkk-şübhəsiz, Şahmarın özüdü, evlərinin od-ocağından götürdüyü təmizliyi böyük məhrumiyyətlər bahasına ömrünün axırınacan qoruyub saxladı, ad-san, şan-şöhrət, rahat həyat naminə tükətmədi. Bəlkə, bu səbəbdən onun hekayələrini oxuyanda duyduğum qəribə yaxınlıq və doğmalıq hissi hələ də içimdə yaşayır...
Qələm dostu Əli Həsənlinin təbirincə desək, “üslubu, hadisələrə özünəxas, görünməz bucaqlar altından bütün incəlikləriylə varmağı, ziddiyyətli olduğu qədər də tam yetkinliyi, bütövlüyü, qəribəliyiylə yaşıdlarının əksəriyyətindən kəskin şəkildə seçilən Şahmarın könlündə əbədiyyət obrazı gəzib-dolaşırdı. O obraza layiq olmaq üçün yalnız əbədiyyətə qovuşmaq lazımıydı, elə qovuşdu da. İncik getdiyi miskin, etibarsız dünyanın, dünyadakıların üzünə bir də dönmədi...”
...Billmirəm, 80-ci illərin hansı vaxtı, hansı günüydü. Bakı-Gəncə qatarında təsadüfi yol yoldaşım olan cavan bir qadınla söhbətimiz ədəbiyyatdan, sənətdən düşdü. Sözarası Şahmarın hekayələrindən də ağızdousu danışdım, heyranlığımı bildirdim. Nədənsə qadın susdu, münasibətini bildirmədi, yalnız qatar Gəncə vağzalında dayanıb vidalaşmaq məqamı çatanda susqunluğunun səbəbini dilə gətirdi, “Şahmar mənim həyat yoldaşımdı”, - dedi.
Bəlkə, bu təsadüf Elmira xanımın yadında qalmayıb...
Mənimsə yaddaşımda Şahmar beləcə, dünyanın ən böyük uşağı kimi qalıb...
kulis.az