manera.az
manera.az

Qurban bayramının mahiyyətini açan hekayə - Pakizə Əliyeva yazır

Qurban bayramının mahiyyətini açan hekayə - Pakizə Əliyeva yazır
MANERA.AZ Pakizə Əliyevanın “Qurban bayramı və yaxud on gün riyazət” yazısını təqdim edir.

Azərbaycan yazılı uşaq ədəbiyyatının meydana gəlməsi və formalaşması XIX əsrdə reallaşan məktəb islahatı, yeni tipli məktəblərin açılması və onların tələblərinə cavab verəcək proqram, dərslik, dərs vəsaitlərinə daxil ediləcək uşaq ədəbiyyatı nümunələrinə yaranan ehtiyacla bağlı idi.

Maarifpərvər ədiblərin bir çoxu həm də məktəbdarlıq fəaliyyəti ilə məşğul olduqlarından prosesdə yaxından iştirak edirdilər. Onların arasında xüsusi xidmətləri ilə seçilən tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, bir sıra dərslik və lüğətlərin müəlliifi Sultan Məcid Qənizadə də (1866-1942) önəmli yeri tutur.

Sultanməcid Qənizadənin bədii irsinin əhəmiyyətli bir qismini uşaqlar üçün yazdığı nümunələr təşkil edir. Bunlardan “Qurban bayramı və yaxud on gün riyazət” adlı hekayəsi istər yaradılan uşaq obrazının təqdimatı, istər dövrün sosial problemlərinə münasibət, istərsə də tərbiyəvi-təbliğati xarakteri baxımından diqqətəlayiqdir. Hekayə ilk dəfə 1907-ci ildə «Dəbistаn» jurnаlındа «Şеydа» imzаsı ilə nəşr еtdirmişdir. Ayrıca kitabça şəklində 1916-cı ildə “Məktəb”, 1919-cu ildə isə “Novruz” elektrik mətbəələrində çap olunmuşdur. Həm yazıldığı və ilk nəşri zamanı, həm də sonrakı dövrlərdə hekayə yetərincə diqqət çəkmiş, təhlili və şərhinə dair fikirlər qələmə alınmışdır.

Hekayənin yazıldığı vaxtda Azərbaycanın vətənpərvər ziyalılarını düşündürən bütün məsələlər küll halında bu əsərdə əksini tapmışdır. İslami dəyərlərin təhrif olunması, xalqın maddi durumunun ağırlığı, milli birlik ideyası, müharibələrin doğurduğu fəlakətlər və s. əsərdə hər biri ayrılıqda dilə gətirilir. Hekayənin adında bütün müsəlman dünyası üçün müqəddəs sayılan Qurban bayramından bəhs olunsa da, mahiyyətinə vardıqca sadəcə kiçik yaşlı uşaqlara dini dəyərlərin təbliğini yox, fərqli mətləblərin əks olunduğu görünür.

1905-1907-ci illər rus inqilabından sonra Qənizadənin dünyagörüşündə islamçılıq və islam birliyi meylləri güclənmiş, “Müsəlman ziyalılarının özəyi” adı altında qeyri-rəsmi cəmiyyət yaratmış, 1917-ci ildə bütün müsəlmanların birliyini təbliğ edən “İttihad” partiyasının yaranmasında iştirak etmişdir. Haqqında bəhs olunan hekayədə müəllifin islam birliyi, xalqın, millətin rifahının, azadlığının birlikdən keçməsi ilə bağlı əsas ideyası önə çəkilmişdir. Həmin məqamlara toxunmaqda fayda olduğunu düşünürük.

İlk öncə, hekayənin adına nəzər salaq: “Qurban bayramı və ya on gün riyazət”. “Riyazət” ərəb sözü olub, iki cür şərhi var:

“1) zahidlik, nəfsini öldürmə, dünyanın hər cür nemətlərindən əl çəkib məhrumiyyətlə yaşama;

2) məc. çətinlik, işgəncə, əzab”.

Bəs, hekayənin adında bu mənalardan hansı nəzərdə tutulmuşdur? Bunu anlamaq üçün məzmuna nəzər salmalıyıq.

Əsərdə yoxsul bir müsəlman ailəsinin təsvirini görürük. Ata – dəllək usta Salman əlində-ovucunda bir malı-mülkü olmayan, naxoşlayıb yatağa düşən, lakin daim ibadətindən qalmayan, məsciddə olan nitqlərə qulaq verən mömin bir adamdır. Onun arvadı Gülsüm sakit təbiətli, qayğıkeş, təhsil görməsə də maarifə, təhsilə önəm verən bir qadındır. Hekayədə qurbanlıq qoç ala bilməyən ailənin yeddi yaşlı ən kiçik üzvü - İsmayıl və valideynlərinin maddi yoxluq – yoxsulluğu mənəvi zənginliyi ilə qarşılaşdırılır. Qəlbən, ruhən mömin olan atanın övladının məsum suallarına verdiyi cavablardan xalqın azadlığı, islami dəyərlərin mahiyyəti, müharibələrə nifrət kimi dərin mətləblər açıqlanır.

Hadisələr Qurban ayında – muəllifin qeyd etdiyi kimi, zilhiccə ayının on günündə cərəyan edir. Bu günlər ərzində uşaq eşitdikləri, qarşılaşdığı bir çox məsələlərə aktiv münasibət bildirir, sual verir, öyrənməyə çalışır, hətta bəzi məqamlarda sadəcə seyirçi mövqeyi ilə kifayətlənmir , fəal iştirakçı qismində çıxış edir.

Hekayənin ilk cümlələri məktəbdən evə tələsən balaca İsmayılın küçədə, məscidin önündə insanların yaxınlaşan Qurban bayramı ilə bağlı təlaşından, bayram hazırlıqıarından həyəcanla bəhs etməsi və uşaq sadəlövhlüyü ilə qurbanlıq qoç almaqla bağlı planlar qurmasının təsvirindən ibarətdir. Təbii ki, yoxsul ailənin buna imkanı yoxdur. Lakin ata və ana bunu balacaya hiss etdirməməyə çalışır və onun məsum planlarına zorla düzəliş etmir. İkinci xətdə müəllif tərəfindən məhəllə məscidi önündə yığışan bir dəstə yaşlı-başlı kişinin Qurban ayının çıxmasını gözləməsi verilmişdir. Hamıdan öncə ayın çıxdığını görən İsmayıl sanki özü insanlara bayram əhval-ruhiyyəsi bəxş edibmiş kimi məsumca sevinir, qəlbi fərəhlə dolur, lakin ətrafdakılar ona ata və anası kimi uşağın hər fikrinə rövnəq verməyə qadir deyil. Uşağa elə gəlir ki, ayı ilk o gördüyünə görə hamıya da ayı o göstərməlidir və bir kişi onun “ayı göstərmək haqqını qəsb etmişdir”.

Məsciddə Molla Mahmudun Qurban bayramının tarixçəsi ilə bağlı İbrahim peyğəmbərin rəvayətini danışması (“Allah taala İbrahim peyğəmbərin ürəyinə saldı ki, insan qanı tökmək günahdır, ona görə də həzrət öz oğlu İsmayıl əvəzinə qoyun kəsib, qoyundan qurban kəsməyi qayda qoydu”.) balacanın xəyalında sirli bir aləmi canlandırır. Hekayədə İsmayılın simasında hər şeylə maraqlanan, çoxlu sual verən real uşaq obrazı yaradılmışdır. Usta Salman isə övladının bütün suallarına həvəs və səbrlə cavab verən atadır. Ata ilə (bəzən isə ana ilə) oğlunun dialoqları vasitəsilə yazıçı özünün gənc nəslə ötürmək istədiyi vətənpərvərlik, insansevərlik və həqiqi islamçılıq ideyalarını qələmə almışdır. Belə dialoqların birində oxuyuruq:

“ - Ata, millət adamdır?
- Yox, balam, millət adam deyil, amma adamlar millətdən bir parçadır”.

İsmayıl millət “nədir?, kimdir?” deyə sual etdikcə bizim gözümüz önündə təhsil görməsə də, qəlbi xalq üçün döyünən, əlindən gələrsə xalq yolunda çox şeylər etməyə hazır olan və bunu öz övladına böyük həvəs və şövqlə ötürməyə çalışan ata obrazı canlanır:

“Millət çox əziz şeydir. Millət hayla (elə) şeydir ki, irzü namusdan başqa, yəni arvad-uşağımızın namusundan başqa dünyada hər nə varsa, hamısın millətə qurban etmək olur, amma milləti heç bir şeyə qurban etmək olmaz. Xudanəkərdə əgər millət pozğun olarsa, onda ayaq altında gedərik, başımız qapazlı olur, heç kəs bizi adam hesabına qoymaz. Biz müsəlmanlara vacibdir ki, can-başla millətimizin xeyrinə çalışaq. Çünki millətimiz yaxşı olanda biz də yaxşı oluruq, hörmətimiz çox olur, qeyri millətlər nəzərində əziz oluruq”.
Qurban bayramının mahiyyətini açan hekayə - Pakizə Əliyeva yazır
Sultan Məcid Qənizadə müəllim, maarif xadimi kimi yaxşı anlayır ki, ailə uşaq tərbiyəsində çox önəmlidir və milli ruh da ailədən başlanmalıdır. Bu səbəbdən də hekayədə uşağın qəlbində vətən, millət təəssübkeşliyi toxumlarını məhz ata və ananın dili ilə əkir. Atasının vətən və millət məfhumlarının izahı ilə bağlı fikirləri ona tam aydın olmasa da, körpə İsmayıl cuşə gələrək “Ata, mən milləti çox istəyirəm. Vallah, böyüyüb böyük kişi olanda hər nə qədər pul qazansam millət üçün xərcləyəcəm. Millətə qurban olum. Millət çox yaxşı şeydir”, deyir.

Uşağı maraqlandıran məsələlələrdən biri də hacıların ziyarətə getməsidir. Məktəbdə uşaqlardan eşitdiyi şeytana daş atmaq məsələsi də onun körpə xəyallarını məşğul edir. “Şeytanın kimliyi” ilə bağlı suala usta Salman belə cavab verir:

“ - Oğul, şeytan ki, var, insanın düşmənidir. Düşmən ona deyirlər ki, adamın canına, malına, dininə, millətinə qəsd edə. Hacılar Məkkədə şeytana daş atırlar ki, ay məlun, sən ki, bizim düşmənimizsən, biz də səni vururuq ki, sənin başın, gözün əzilsin, daha bizə güc eyləyə bilməyəsən”.

Bu izahatda bir qədər səthilik nəzərə çarpsa da, ümumilikdə bəzi hallarda Sultan Məcid usta Salmanın dili ilə məsələlərə elə izahatlar verir ki, burada savadsız bir dəlləyin imkanlarının aşıldığı hiss olunur. Yəni müəllif bəzi hallarda öz maarifpərvər görüşlərini atanın dili ilə elə şəkildə verir ki, bu zaman obrazın xarakterinə uyuşmayan cizgilərlə qarşılaşırıq (savadsız dəllək milli-mənəvi dəyərlərə ziyalı mövqeyindən şərh verir). İsmayıl obrazına gəlincə, ömrünü məktəbə həsr etmiş, dərin müşahidə qabiliyyətinə malik pedaqoq Sultanməcid Qənizadə yeddi yaşlı uşağın məsumluğunu dəqiq işləmişdir. Hətta İsmayılın şeytana daş atmaq yerinə tapança ilə vuracağını dilə gətirməsi də son dərəcə ianadırıcı səslənir:“Yeddi yaşında bu səbi (uşaq) indi on gün idi ki, gecə-gündüz millət və məzhəb söhbətlərinə aludə olub riyazətdə idi. Bu on günün içində uşaqlara müxtəs (məxsus) o qədər müləkə (bilgi) hasil etmişdi ki, “millət” və “himmət” nə olduğun aydınca başa düşürdü” .

Bayramın mahiyyətindəki yardımlaşma, insanların kəsdikləri qurbanlardan pay olaraq ehtiyacı olanlara paylaması məsələsi təbii olaraq humanist dəyər kimi hekayədə önə çıxarılsa da, müəllif hekayədə yalnız dini bayramın mahiyyətini açmağa çalışmamışdır. Belə ki, İsmayılın körpə ürəyini riqqətə gətirən, onun məsum düşünclərini məşğul edən məsələlərdən biri müharibənin başlaması, insanların çöllərdə ac-yalavac qalması ilə bağlı yayılan xəbərlərdir. Burada təsvir olunan müharibənin, davanın harda baş verdiyi aydın qeyd olunmur. Lakin hekayənin ilk çap tarixini (1907) və orada qoca arvadların, gül üzlü körpələrin yurdlarından qovulub çöllərdə qalmasının 1905-ci ildə baş vermiş erməni-müsəlman savaşına əks-səda olaraq yazıldığını iddia edə bilərik. Əsərdə bütün milləti ayağa qalxmağa, səfərbər olmağa bir çağırış diqqətimizi çəkir. Əhali kim əlinə nə düşürsə ianə etməyə yollanır, İsmayıl da körpə qəlbi ilə bu yardımlaşmağa can atır. Usta Salman İsmayılın “Himmət nədir? sualını belə cavablandırır:

“...bayram, qurban, həcc və qeyri icmai işlər millət eşqinə olduğuna görə fəqir, dövlətli, arvad, kişi, böyük, kiçik – hamısı onlara ortaqdır.

Qurban kəsməkdən murad qoyun qanı tökmək deyil, bəlkə fədakarlıqdır. Fədakarlıq və himmət ikisi bir söz mənasındadır.

Himmət işində az, çox nəzərə alınmaz. Millət eşqinə hər kəs öz bacardığı qədər himmət etmək borcudur.

Himmət təkcə pul ilə deyil. Dövlətlilərin himməti pul ilə olur, igidlərin himməti can ilə olur. Alimin və müəllimin himməti təlim və tərbiyə ilə olur, millət yolunda yazıçıların himməti qələm ilə olur. Axır ki, hər kəs öz varından millət yolunda fədakarlıq etmək borcludur”.

Və yaxud da başqa bir hissədə oxuyuruq:

“Himmət, kömək mənasında bir sözdür. Məsəla, belə ittifaq olur ki, bir şəhərdə aclıq olur, zəlzələ olur, yanğın olur, azar olur...Adamlar ac qalırlar, evsiz qalırlar, darda qalırlar. Onda o birisi şəhərlərin adamları onlar üçün pul göndəririlər, pal-paltar göndərirlər, həkim, dava-dərman göndərirlər, fəqir-füqəra üçün azarxana, uşaqlar üçün məktəb açırlar...Əgər adamlar bir-birinə himmət etməsələr, onda millət pərpuç olar”.

Belə sözlərlə tərbiyə olunan, qulağı daim millət, xalq, himmət kəlmələrini eşidən İsmayıl müharibə zərərədidələrinə yardım üçün yeganə varı-mülkü olan üzərinə adının həkk olunduğu mis camını aparır və fəxrlə deyir ki, qoy bu camdan çöllərdə susuz qalanlar su içməkçün istifadə etsinlər. Yazıçı uşağın bu fədakarlığının qarşılığının verildiyini anlatmaq üçün yuxu priyomundan istifadə edir. Yuxuda peyğəmbərin hüzuruna çıxan İsmayıl verdiyi cam və yeddi qəpik qara puluna görə öyülür. Beləliklə, S.M.Qənizadə öz oxucusuna, xüsusilə gənc yaşlı oxucularına mənəvi sağlamlıq və ruhi sakitliyin Yaradan qatında yüksək dəyərləndirildiyini çatdırmağa çalışır. Burdan çıxış edərək söyləmək mümkündür ki, hekayənin adında yer alan “riyazət” kəlməsi balaca qəhrəmanın mənən sakitləşməsi, daxilində baş qaldıran çoxsaylı suallara cavab tapması və yeganə malından (maddi nemətlərdən imtina) himmət naminə keçməsinə görə seçilmişdir.

Sultan Məcid Qənizadənin “Qurban bayramı və yaxud on günlük riyazət” hekayəsi müəllifin pedaqoji baxışlarının əks-sədasıdır. Bir yandan müəllif sanki izahlı lüğət yaradaraq bəzi məfhumların izahını verir, digər yandan isə bir hekayə daxilində milli-mənəvi, dini, eləcə də ümumbəşəri dəyərlərin gənc oxuculara çatdırılmasına nail olur. Təbii ki, müəllif bütün bəlalardan qurtulmanın tək yolunu bir müəllim kimi təhsil və tərbiyənin kamilliyində görür, yeddi yaşlı uşağın simasında xalqına, millətinə qəlbən bağlı arzuolunan uşaq obrazını yaradır. Uzun illərin pedaqoji təcrübəsinə baxmayaraq, müəllif əsərdə uşağı düz yola çağıran ziyalı, müəllim, alim və ya ruhani obrazı yaratmır. Çünki yaxşı başa düşür ki, ömür boyu müəllimlər ancaq valideynlərdir və uşağın düzgün tərbiyə olunması və formalaşması ailədə yaradılan sağlam mühitin sayəsində mümkündür.

Sultan Məcid Qənizadənin “Qurban bayramı və yaxud on gün riyazət” hekayəsində yer alan milli və dini təəssübkeşlik, fədakarlıq və yardımlaşma, müharibələrə nifrət, tərbiyədə valideynlərin rolu və s. kimi məsələlər günümüzdə də aktual səslənir. Fikrimizcə, hekayənin dili yazıldığı zamanın ədəbi dil normalarına uyğun olduğundan qismən müasir dilimizdə anlaşılmazdır, mətnin üzəridə sadələşdirmə aparmaqla müasir dərsliklərə salınaraq tədris prosesində istifadəsi müsbət nəticə verər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031