manera.az
manera.az

Göyçə elimin qələm ustadı – Qədir Aslan

Göyçə elimin qələm ustadı – Qədir Aslan
Qədir Aslan - 80

Yazıçı-jurnalist Qədir Aslan bütün yazdıqlarına hər zaman redaktəsiz-filansız sahib çıxıb. Yəni sözünün ölçü-biçisini bilən qələm sahibidir. Ustad dərəcəsinə ucalmış, kamillik məktəbinə çatmış qələm əhlidir.

Amma deyir sən saydığını say, gör fələk nə deyir. Ali Baş Komandanımızın sərkərdəliyi ilə Qarabağ dastanını yazan igidlərimizin qəhrəmanlıqlarını görəndən sonra inanıram ki, Qədir Aslan ilk dəfə bir fikrini redaktə etməyə ehtiyac duyacaq. Bu, söhbətlərinin birində dediyi bir fikirdir: “Köç karvanları əvvəl-axır o yurd yerlərinə dönəcəklər. Biz bunu görməsək də, övladlarımız mütləq buna şahid olacaq”. Biz artıq yola düzəlmişik, lap Koroğlu qayasının, Şiştəpənin, Bala Göyçə gölünün söykəndiyi dağların başındayıq, Göyçəmizin bir addımlığındayıq. Qarabağ qələbəsi qazanmış bir sərkərdənin nitqindən “İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Biz hökmən oz torpaqlarımıza qayıdacağıq” – kimi fikirləri eşidiriksə, deməli karvan yola düzəlmək üzrədir. Hörmətli ustad, o günü siz də, mən də, biz hamımız görəcəyik, həm də yaxın zamanlarda.

Qədir Aslan imzasını uşaq vaxtlarımdan bilirəm, tanıyıram. Basarkeçər rayon “Bolluq uğrunda” (sonralar adını dəyişərək “Vardenis” qoydular) qəzetinin nüfuzlu imza sahiblərindən biri idi. Bizim zamanlarda müxbirlik ən uca peşə sayılırdı. Çünki jurnalist sözünün qədir-qiyməti, dəyəri vardı. Sözün urvatı vardı. Qədir Aslan qələminin sözü kimi.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndən sonra 20 il Basarkeçər rayon qəzetində məsul vəzifələrdə çalışıb. O qəzet bizim evə gəlirdi. Ziyalı ailə olduğumuzdan əksər mətbuat orqanlarına abunə idik. Bir bu səbəbdən, ikincisi də böyük qardaşım Yusif Bünyadov Zod Qızıl Mədənindən işdən ayrılandan sonra bir müddət həmin qəzetdə müxbir kimi çalışmağa başlamışdı. O vaxtacan respublika mətbuatında imzası tanındığından həmin qəzetdə işə qəbul olunmaq qardaşım üçün çətin olmamışdı. Yusifin söhbətlərindən qəzetin bütün müxbirlərinin adlarını eşitməklə yanaşı, onlar haqqında da yaxşı, səmimi tanışlığımız vardı. Qədir Aslan imzasını o illərdən tanıdığımı yuxarıda qeyd etmişdim. Rayonda xüsusi nüfuz sahibi olan – sözü keçən, qələmi sayılan müxbir kimi hörmətli şəxsiyyətlərdən biri idi.

Zalım fələk 1988-ci ildə Göyçənin külünü göyə sovurdu. Hamının varı-yoxu talandı, ev-eşiyi tar-mar oldu. Sağlamlıqları əsəblərə qurban verildi. Hər kəs simsarı olan tərəfə üz tutdu. Belə ağır günlərdə Qədir Aslan uzun narahatçılıqlardan sonra Bakıda qərarlaşdı. Balalarına burada – mərkəzdə ev qurub, binə saldı. Amma qələmini əlindən yerə qoymadı. Çünki, qələm sahibləri daha yaxşı bilirlər ki, qələmə könül verən şəxs ondan heç zaman qopa bilmir. Qələm onun sirdaşı, dərd ortağı, könlünün həmdəmi olur.
Göyçə elimin qələm ustadı – Qədir Aslan
Göyçə dərdini ovudası yeganə söykəyi qələm idi. Bu səbəbdən Qədir Aslan yenə mətbuat orqanına yön çevirdi, çünki məsləyi, işi də ora aid idi. Bir müddət “İşıq” nəşriyyatında redaktor işləsə də, yenə də dövrü mətbuatda çalışmağı qərarlaşdırdı və artıq 25-ci ilin astanasındadır ki, “Respublika” qəzetində fəaliyyət göstərir. Bu illər ərzində müxtəlif mövzularda məqalələr, oçerklər yazıb dərc etdirsə də, əsasən vətən, yurd, dərdə-qəmə bükülmüş torpaq mövzusu yazılarının əsas qayəsi olub. “Respublika” qəzetinin diaspor şöbəsinin müdiri kimi, diasporla bağlı aktual mövzuları işıqlandırmaqdan yorulmur. Ayrı-ayrı xarici ölkələrdə yaradılmış diaspor qurumları ilə əlaqə yaradaraq, etibarlı mənbələrə söykənərək hazırladığı yazılar yüksək mükafatlarla dəyərləndirilib. Məsələn, Ukrayna, Moldova, Özbəkistan respublikalarında fəaliyyət göstərən diaspor qurumlarının diplomlarına layiq görülüb.

Bu qədər ziddiyyətli, qarmaqarışıq dünyada Qədir Aslan qələmi təkcə qəzet səhifələrinə sığışmadı. O, yazdıqlarını kitablara topladı. Vətən naminə həyatlarını qurban verən oğullarımızdan kitablar bağladı. “Goranboy qartalları”, “Göyçə şəhidləri”, “Borçalının qəhrəman oğlu”, “XX əsrin Koroğlusu”, “Səbailin şahin oğulları”, “Oğuz yurdunun milli qəhrəmanları”, “Sınıq körpüdən cəbhə bölgələrinə”, “Dünya azərbaycanlıları” və sair adda kitabların müəllifidir. Və adlarından da bəlli olur ki, bu kitabların mövzusu, qayəsi nədir. Bu kitablar gələcək nəslin qəhrəmanlıq məktəbi, milli kimliyimizin pasportu qədər qiymətli və zəruri mənbələrdir.

Qədir Aslanı Basarkeçərdə çalışdığı vaxtlar 2-3 dəfə uzaqdan görmüşdüm. Amma Bakıda tez-tez rastlaşmalı olurduq. Mətbuat işçisi olaraq həmkar idik. Amma həmişə də ustad peşə sahibi kimi hörmət və ehtiramla görüşmüşük. 20 yanvar ağrımız – Ülvimiz haqqında “Respublika” qəzetində irili-xırdalı dəfələrlə yazılar dərc etdirib. Bunlar elə Vətənə xidmətdir, həm də əsgəri xidmət.

Qədir müəllimin doğulub yaşadığı Nərimanlı kəndi bizim kəndlə üzbəüz idi, belə deyək simmetrikdi. Amma onların kəndi Kəlbəcərin söykəndiyi dağların ətəyində, bizim kənd isə Gədəbəyin söykəndiyi dağların ətəyində idi. Uzaqdan dağların ətəyindəki qaraltılardan bilərdik ki, o Nərimanlı, yanındakı Qaraqoyun, Qayabaşı kəndləridir, sağ tərəfdəki yollar isə Zoda, Zərzibilə, Ağkilsəyə gedib çatırdı. Amma hamının bir adı vardı: Dədə Qorqud kitabında adı keçən, qədim Oğuz yurdu Göyçə mahalı. Bir yurdun övladlarıyıq.

Bu gün yarım əsrdən çox adı hər zaman evimizdə, ailəmizdə hörmətlə səslənən, eşidilən Qədir Aslanın 80 illik yubileyidir.

Hörmətli Qədir müəllimin bu yubiley yaşını səmimi-qəlbdən təbrik edir, cansağlığı, ürəyi istədiyi qədər ömür yaşamağı Allahdan arzu edirik.

Qədir müəllim, qələminizə hələ çox ehtiyacımız var. Göyçə nəfəsli, Göyçə ətirli yazılarınızı elə Göyçədə oxumaq ümidi ilə həmişə var olun.

Almaz Ülvi
Filologiya elmləri doktoru, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930