manera.az
manera.az

Ölüm incəsənətin bir janrıdır - Mehman Qaraxanoğlu

Ölüm incəsənətin bir janrıdır - Mehman Qaraxanoğlu
Doğum günümdən bir-iki gün sonra istedadlı gənc dostum Tural bəy Adışirin “Manera.az” üçün şeirlərimdən istədi. Açığı, bir neçəsini seçdim də, amma bəzi görüləsi vacib olan işlər araya girdiyindən yollamağı unutdum, çəkdiyim zəhmətə rəğmən göndərməməyi də düşünmürəm və nəhayət, belə bir cəhddə bulundum.

Bütün gözəl günlərdə, yaddaqalan bayramlarda daha çox ölüm haqda fikirləşmişəm. Ölümün bəşəriyyətə, insanlığa ötürdüyü mesaj və informasiyaları heç bir xəbər kanalı, sosial şəbəkə bazası və platformaları ötürə bilməz. Ölüm yalanı, feyki sevmir. Kənddə kimin ki, ölüm xəbəri çıxardı, anam deyərdi ki, yalan olmaz! Belə də olardı. İndilikdə də çox istərdim belə xəbərlər yalan olsun, amma nə edək ki, olmur.

Şeirlərimdə adları keçən doğma kənd adamlarının heç birisi mənimçün ölməyib. Necə ki, ata-anam, bacı-qardaşlarım mənimçün ölməyib. Bəzən özüm də ölmüş adamların arasında oluram, onların məni görüb görmədiklərindən xəbərim yoxdur.

Dünyanın ən qədim filosoflarından tutmuş Dostoyevskiyəcən və sonuncudan da tutmuş çağımızacan bütün düşünər adamlar dünyanın xilası haqda düşünüb fikir söyləyiblər. Əslində, ən sadə iksir çoxunun gözündən qaçıb; bu, ölüm iksiridir. Sadəcə, sən hər gün ölüm haqda düşün, çiyinlərə qaldırılmış tabutun içərisində özünü gör və sonda böyür-başındakı adamlara bax və onları nə qədər çox sevdiyini görərsən, görərsən ki, tabut arxasınca gedən yoxdur, əslində, hamımız bir tabutdayıq...

Gələcəkdə ölümlə bağlı şeirlərimi bir yerə toplayıb kitab çap eləsəm, adını da düşünmüşəm: Ölüm incəsənətin bir yanrıdır. Bilərəkdən janr deyirəm, çünki incəsənətin bütün sahə və növlərində janr vardır, qalır absurd element və əcayib perfomanslarla onun könlünü ələ alıb yaşamaq...

Sonda sizə bir xoş xəbər vermək istəyirəm: Hər kəsin ölümü onunla ölür...

Hörmətlə: Mehman Qaraxanoğlu



ÖLÜM İNCƏSƏNƏTİN BİR JANRIDIR...

Doğum günümə salam

- Salam,
Doğum günüm, salam!
- Əleyküməsalam!

- Bəri başdan deyirəm:
Xarabdı həkimlərin başı!
Yüz qram olar?
- Gillət!
- Bax, buna varam!

- Sənə andım yoxdu, doğum günüm,
And olsun əlimdəki qədəhə!
Atam, anam, bacılarım getdi,
Dostlarım getdi,
Sevdiklərim getdi,
Getdik e...

Demə, sərxoşam,
Verdiklərin bu zəhrimar kimi acı oldu, doğum günüm,
Burnumuza tutmağa bir şirin xatirə də yoxdu!
Naşükür deyiləm,
Var e...
Deyəsən, zəifdilər, faizləri azdı,
Tünd olsaydılar,
Bu zəhrimar onları qovub çıxarmazdı huşumdan.

Bax, bunu içirəm,
Gedənlərin sağlığına!
Məni tutub əllərini əməlli-başlı yumamış
Bir May paradına gedən
Kənd mamaçası Nəcibə xalanın sağlığına!

Bunu da içirəm
Gələnlərin sağlığına!!!
Ad çəkmirəm,
Onlar çoxdu, lap çoxdu!!!
Var ol, doğum günüm!!!
Var ol!

Yaşasın 1 may

“Yaşasın 1 May – Mehmanın 1 Mayı!”
Hacı Hərimanoğlu


Ey məni doqquz ay Ana adlı Dirəyə bağlayan Atam
Doğuldum, vallah, doğuldum!!!

Ey ana ağrısını –
Yəni məni tutan mamaça əlləri,
Sənin bu qədər geniş açıldığını kim bilirdi? Kim?

Ağzına qurban olum,
Ey kəndirimi kəsən qayçı,
O nə söz idi dedin?

Ey bayırda qalıb
Xəstəxana divarlarının rəngsiz yalqızlığnı
İçinə sümürə-sümürə
Sonuncu siqaretinə dil töküb yalvaran atam:
Nə olar, bitmə, qurtarma, nə olar?
Siz nə eylədiniz?

Ey mənə döşlərinin giləsini –
İpucu verən anam,
Yaşamaq buymuş?!

Rza əminin qırxı

Bu gün Rza əminin qırxı oldu.
Kişinin qırxını verib dedik:
Al,
Bu qırx,
Bu da sən...

Düşündüyümüzdən də rahat oldu
Qırxın başını üzmək!
Qan izi qalmasın – deyə,
Əllərimizi gülabla ətirlədilər!
Gülə-gülə çıxdıq həyətdən...

Yeddi labirinti

Bu gün yeddimdi...
Vurma cədvəlində ən sevdiyim
rəqəmdi yeddi.

Yeddi gündü
yeddimi başıaşağı qoyub
pul dartır "cənnətdəkilər"

Yeddi gündü
yeddimdən qurtulmaq istəyir
qohum-əqraba.

Onlar haradan bilsin
ən sevdiyim
rəqəmdi yeddi.

Bilsəydilər,
daha tez qurtulmağa can atardılar yəqin.

Sadəcə,
yeddimi üçə,
dördə çəkə bilmədilər

Sağ ol, yeddim,
infarktım,
şəkərim, sağ ol,
vaxt lehməsinə batıb qalan təkərim, sağ ol.

Oğlum da,
qızım da qurtuldu,
əyinlərindən çıxarıb atdılar atalarını,
cəmi yeddi günə...

Gözlərinə inanmırlar,
sevinə də bilmirlər-
gəlib gedənlər göz qoyur axı.

Mən sizə demişdim:
yeddi xətrinə
məşq edin balalarım,
məşq edin!

Gör-götür dünyasıdı -
bir baxın ananıza,
hüzr məclislərində götürdüklərindən
əri ölmüş
mükəmməl bir qadın obrazı yapa bildi.

Özü də sevimli əri,
üstəlik şair əri.
Gülməlidi,
fəqət gülməyə vaxtım yoxdu,
yeddimə qoşulub getdim,
sağ ol, yeddim...

ÖLÜM FRAQMENTLƏRİ

Proloq

Yaşadım,
Ya yaşamadım
Gəldim,
Ya gəlmədim
Bax, indi kimin yanına qayıdım, kimin?!
Onlar məni tanıyacaqlarmı?
Barı nida qoyun, nida!
Qoy həyəcanlanım bir az...

Birinci fraqment:

At ilində öldü Rza əmi
Yanvarın 3-də...
Sevdim atları –
Tərklərində ölüləri də aparırlarmış...

Yaxşı səsi vardı
Hərdənbir
Zeynəbin mahnısını zümzümə edərdi:
“Aylı gecə, sərin külək, göy çəmən...
Sən... sən... sən...”

Qabaq dişləri töküldüyündən
“Şən”, “şən”, “şən” çıxardı.

Ayın 5-də dostum Səxavətin də doğum günü idi.
Rza əminin üçünü verib yığışdıq.
Tutma araqdan içib dedim:
Xoşbəxtsən ki,
Rza əminin üçü sənin beşinə düşdü.

Bir qədəh də içib
Tamada-zadı vecimə almadan ayağa durdum:
Dostlar,
Üç gündü
Rza əmini torpağa tapşırmışıq,
Açığı, bilmək olmaz kimi kimə tapşırmışıq.
Bu, bəlli məsələ,
Özü bilər torpaqnan!

Ölərkən yanında olmadım,
Mənə dedilər:
Oğlanlarından biri
Son nəfəsində soruşub:
Kimi istəyirsən,
Nə istəyirsən, ata?

Başlayıblar ad çəkməyə
Kişi başını əvvəl sağa,
Sonra isə sola verib.
Yəni: Yox, istəmirəm!

Nəhayət,
Sonbeşiyinin adı gələndə
Başını yuxarı.
Sonra isə aşağı verib
Yəni, hə.

Öləcəyini bilsəydi,
Fərq qoymazdı...

Göz qapaqlarını qaldırmağı xeyli çəkib
Tezcə qapayıb.
Adama yer eyləyir ki,
Bu qədər zəhməti hədər gedib.

Sonra gözlərinin küncündən yaş gilələnib.
Salam olsun göz küncünə!
Kişi bu qədər göz yaşını burada necə saxlayıb?

Bax, oğlanları hələ də düşünür...

Bəlkə də əlimdə araq belə şeylərdən danışmaq doğru deyil.
Özünüz deyin: Doğru nədir?

Rza əmi ömrü boyu işıq dirəklərinə qalxdı –
Evlərə telefon çəkirdi.
Sənətiydi bu...

İndi orada
İşıq dirəklərsiz nə edər?

Hə, Eldar,
Hə, Şərif,
Hə, Gəray,
Siz deyin, nə edər?

Amma sən xoşbəxtsən,
Səxavət müəllim,
Rza əminin üçü sənin beşinə düşdü!
Onsuz da...
Zəhrimar araq çox tünddü...

İkinci fraqment:

Evimizdəki kilimin
Əvvəl saçaqları töküldü -
Bəmbəyaz dişlər!
Sonra
üzündəki xovu
küt bir ülgüclə yoldu zaman.

Qanatdığı yerləri
çəngə-çəngə pambıqla
qapadı,
örtdü...

Canamazına
həmişə pambıq yapışardı anamın...

Uşaq idim
Elə bilirdim
Anamın bəmbəyaz duaları
ağ-ağ pambıqla müstəcab olur!

Pambığını yığıb,
Yükünü tutan anam,
Günlərin bir günü evdən çıxanda:
- Ağı torpağa təhvil verib.
İndicə qayıdaram, balalarım, - dedi.

Üçüncü fraqment:

Şərqarışanda öldü Rahib müəllim,

Sabah dəfn edəcəklər.

Bir gecə də evdə qalmasını özünə qənimət bildi…

Ürəktutmadan öldü.
Haman gün təqaüdünü almışdı,

Çayxanada oturub çay içmişdi,
Şahmat oynamışdı…
Və heç kəsə bir söz demədən
Evinə tələsmişdi.

Sanki ölümlə
Uşaqlıq illərində olduğu kimi
“Kim evə tez çatar?” oyununu oynamışdı.

Pillələri tez qalxdı,
Ölüm bir pillə geri qaldı.
Özünü çarpayıya yetirib:
Uddum – dedi!

67 illik bir yol gəlmişdi,
67 il bu qələbəni gözləmişdi.
Qadını donub qalmışdı.

Oğlu həkim arxasınca qaçmaq istədi,
Qızı su…
İşarə verdi ki, qayıdın
Çünki qələbəni
Ailə üzvləriylə bir yerdə qeyd etmək istəyirdi…

Dördüncü fraqment:

Bacım sarılıq xəstəliyinə tutulub,
uşağımın dərdindən – dedi

bu gün həm də Günelin iliydi
rusiyada -
parkların birində
buz üstündə sürüşərkən
aldığı beyin zədəsindən öldü.

cəmi on yaşı vardı
kənd qəbristanlığında dəfn olunub

başdaşının arxa tərəfində
şahmat xanalı döşəmə üzərində ayaq üstəki şəkli

zərif ayaqları
şahmat taxtasındakı bir cüt füqur

deyəsən ona şah elan edirlər
o isə sol əliylə güllü donunu bir azca qaldırıb
rəqs edir

bu gün qasım kişinin də üçü idi
qolunun birini ikinci cahan müharibəsində itirmişdi
təkqol qasım deyirdilər

Günelin atası da üçdə idi.
başını qaldırıb qara baxmırdı
sanki günahkar idi

düz-dünyanı basan ağappaq qarın önündə
insan günahkarlığı necə də miskin görünür, ilahi

bacımın gözlərində sarılığın izləri.

Beşinci fraqment:

Natəvan öldü -
bəyaz gəlin
anası qışqırırdı:

bəyaz gəlinliyin yalan oldu, ay bala!
həkim xəbərdarlıq eləmişdi:
dərmanlar çevirər səni

fəqət o:
ana olmaq istəyirəm – demişdi

tabutun üzünə çəkilən qırmızı parçanı da
ayaq tərəfinə qoydular.
görqazan İsmayıl
qəbri o qədər gözəl qazmışdı ki,
onu torpaqla doldurmağa adamın əli gəlmirdi.

cib telefonuna zəng gəldi İsmayılın
açıq qəbrə tərəf tutdu telefonu.
xəttin o başında
qəbrə tökülən torpağın ən qədim səsi

ağ və qərmızı rəngin yeni versiyasını pıçıldayırdı.

Altıncı fraqment:

Əl çalın,
Əl çalın!!!

Bu, oğlumun toyudu...
Mənə elə baxırsınız ki,
Sanki ilk dəfədi görürsünüz!
Öləcəyimi bilsəniz də,
Tanrıdan sağlıq istəyirsiniz...
Siz Tanrını,
Mən də sizi aldadıram...
Əl çalın,
Əl çalın...

Mənə eşitdirirsiniz:
Dünya bir pəncərədi...
Nə gözəl təsəlli!
Siz allah, başınızı çıxarın pəncərədən,
Baxın, hər yan ağappaq çiçəklərlə -
İnsan sümükləri ilə dopduludu...

Bircə kərə qoxuladınızmı?!

Qarşımızdan şərtlər gedir:
Ağacların, otların, ölülərin, dirilərin şərtləri...
Hamı yaşamağında olsun!
Bilirəm, məni bu halətdə götürməz torpaq!
Başqasının əvəzinə verin!
Yanlış ola bilər əvvəlinci xoruz banı...

Biri vardı, biri yoxdu...
Birlər düşdü!
Vardı...
Yoxdu...

Bizə aid nə qədər sözlər varsa apararıq gedərkən,
Məsələn:
Otur, indi gələr...
Bir az su gətir, içək...
Mənim vaxtım tamamdı!
Gedirəm,
Sizə nə alım gətirim?

Yeddinci fraqment:

Səni niyə sətirdən-sətrə keçirmək olmur, “ölüm”?
Gedək! Bir yerdə bölünək,
Gedək! Düş qabağıma!

De, de, sular niyə axır?
Otaqların işıqları niyə öz özlərini söndürə bilmir?
“Ölüm” sözü səcdədi!

Çiynimizdə əkdiyimiz təkotaqlı evləri
Küçə-küçə gəzdirib deyək ki:
Mən də bir vaxtlar yaşadım burda!
Ömrün boyu gözlədim ki, uşaqlar daş atıb pəncərəmi
sındırarlar,
Qapımı açıb qurşaq atan da olmadı!
Mən ki aylıq maaşımdan yığıb saxlamışdım.

Buyur, karvanbaşı,
Deyirlər, gözlərimizin dərmanı
Atın dırnaqları dəymədiyi yerdədi!
Salam olsun sənə, ey at dırnaqları!

Bax, bax, əvvəllər heca vəznində döyünürdü nəbzim,
İndi sərbəstədir.
Mən əruzu sevmədim,
Saitlərə zülüm verib uzatmaq istəmədim...
Cəmi üçcə vəzn!
Az deyilmi?

Gülabla yuyun saçlarımı,
Qoy saçlarıma əl uzatsın ağaclar, otlar.
Bağdan kim qaçacaq, kim?

Nə div var, nə də pəri,
Ağacların dalında qısılanları çağırın gəlsin!
Deyin ki, ürəyim gedib...

Gör kimlər keçdi böyrümdən:
Dostlarım
Mənim ən müqəddəs yerim böyrümdü, böyrüm...

Ağ yalanmış, ağ yalan, bədənnüma güzgülər
Torpaqdan özgə nə bədənimizi bütöv göstərər, nə?
Fərş kimi döşəyin bədənimi...

Hər şey qayıdır, qayıdır,
Niyə barmaqlarımın sızıltısı qayıtmadı?
Ədəbnən xörək yeyə bilmirəm.
Mən ki min dəfə ölüb dirilmədim,
Bircə kərəm öldüm və dirildim...
Yığışdırın sürfəni!

Özümü elə aparıram ki, ölməyəcəyəm,
Özümü elə aparıram ki, yorğunam, yatacağam.
Gözlərimi yumuram ki, dostlarım gedib yatsın!
Heç xırıldamadım.
Nəvəmdən qorxdum –
Ölümdən qorxmadığım qədər.

Şükür! Hər şey bitdi belə,
Nə edim, gözlərim dolur.
Eynəyimi də çıxarsam, yaza bilmərəm...
Məni bağışlayın....

Epiloq

Məni siz öldürdünüz! Qışqırıb eləməyin,
Qoy kirpiklərim rahatca öpüşsünlər...

Sizdən əvvəl də bu dünyada var idim,
Onlar da öldürdülər... Öyrəncəliyəm...

Gedirəm mən... Heç olmasa, dost olun,
Ey köhnə qatillərlə təzə qatillər!

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31