manera.az
manera.az

"GÖYƏRÇİN" - Pünhan Şükürün yeni hekayəsi

 "GÖYƏRÇİN" - Pünhan Şükürün yeni hekayəsi

Manera.az Pünhan Şükürün yeni hekayəsi təqdim edir:

GÖYƏRÇİN
(hekayə)

Digərləri hürküb taxtapuşdan qanadlananda həmin vaxt fikri dağınıq olan Kəkilli Ağ Göyərçin gecikdiyini, artıq işin işdən keçdiyini başa düşdü. Onun qorxudan ani olaraq çırpınan ürəyi qanı qanadlarına ötürə bilmədi. Uçmaq, canını qurtarmaq əvəzinə, əksinə, başını qanadlarının arasında gizlətdi ki, üstünə hücum çəkən qara pişiyi görməsin…

Oyananda gördüyünün dəhşətli yuxu olduğunu başa düşdü. Hannan-hana özünə gəldi. Həyəcanı keçəndən sonra yuxunun axmaqlığına gülməyi tutdu: “Kül ağlımıza! Qəribə göyərçin məntiqidir, mən gözümü yumuram deyə pişik yoxa çıxmalıymış, ay-hay! Təhlükə görəndə başını qumun altına soxan, nəhəng gövdəsi çöldə qalan axmaq dəvəquşundan daha nəyimiz artıq oldu ki?"

Xatırladı ki, əvvəlki həyatında pişikləri çox sevirdi. Özlərini insanlara sevdirməyi bacaran, məsum görünsələr də, əslində vəhşi instinktləri daim oyaq olan bu bığlı heyvanları sığallamağı, onları əzizləməyi xoşlayırdı. Hətta uşaq vaxtı küçədən yiyəsiz, yetim pişik balalarını dartıb evə gətirdiyinə görə ailə üzvlərinin dəfələrlə tənbehini yemişdi. Amma ölçülərinin indiki miqyasında və nisbətində pişiklər onun gözünə şir-pələng kimi böyük və vahiməli görünürdülər.

Heç cür yada sala bilmirdi ki, özü nə vaxt insan kimi ölüb, quş kimi dirilib. Şəhərdəki bütün qəbirstanlıqların üzərində dövrələr vurub başdaşlarına göz gəzdirmiş, lakin öz şəklinə, adına rast gəlməmişdi. Onu görən insanlar təəccüblənmişdilər. Səhv salan, "bu, ev göyərçini deyil, ağ qarğadır" deyənlər də olmuşdu. Aşağı enmək, "mən goreşən qarğa-quzğun deyiləm, düzünü bilmək istəsəniz, heç göyərçin də deyiləm, mən də sizin kimi insanam" demək istəmişdi. Özünü güclə saxlamışdı. Onsuz da qurultusunu başa düşməyəcəkdilər. O anda yadına düşən qədim rəvayət kefini durultmuş, səbrini cilovlamağa qüvvət vermişdi: Göldə yaşayan tısbağa ora tez-tez gələn bir cüt göyərçinlə dostluq edir. Bir il möhkəm quraqlıq olur, gölün suyu tamam buxarlanır. Göyərçinlər tısbağaya təklif edirlər ki, hələlik məkanını dəyişsin, yağışlar başlayanda vətəninə qayıdar. Tısbağa deyir ki, mən bu ləng addımlarla dediyiniz su mənbəyinə gedib çıxanadək sağ qalmaram. Fikirləşib bir çəm tapırlar. Quşlar dimdikləri ilə bir çubuğun iki tərəfindən, tısbağa da dişləriylə tən ortasından yapışır. Havaya qalxırlar. Bir xeyli uçandan sonra mənzil başına çatmağa az qalanda aşağıdan onları təəccüblə seyr edən adamların atmacalarını eşidirlər: "Bir işə bax! Qudurasan qurbağa!" Bu vaxt tısbağa təkkəbbürdən, hikkədən vəziyyətə nəzarəti itirir, qeybətçilərin cavabını verməyə, "mən qurbağa deyiləm, mən tısbağayam, cinlə şeytanı səhv salmayın" deməyə tələsir. Amma elə ağzını açan kimi, çubuq dişləri arasından çıxır, o hündürlükdən kəllə-mayallaq aşağı düşür, həyatını itirir...

“Bəlkə elə yaşaya-yaşaya dönüb quş olmuşam? Elə isə, mənim çevrilməyimə səbəb nə olub?” – Bu kimi fikirlər dəryasına qərq olması gözlərindən sezilirdi və onu başqa göyərçinlərdən ağıllı göstərirdi. Yiyəsi sanki sirrini duyurmuş kimi, onu saxladığı başqa quşlardan çox sevir, xüsusi münasibət bəsləyirdi. Kişi tez-tez məhəllədəki dostlarına, qonşularına quşlarının qabiliyyətini nümayiş etdirəndə Kəkilli Ağ Göyərçin hamıdan yüksəyə qalxır, səmada dalbadal qanad çırparaq mayallaq vurur, helikopter kimi bir nöqtədə dayanır, sahibinin qəlbini fərəh hissi ilə doldururdu. Göydəki bu mənzərəyə tamaşa edən müşahidəçinin gözqamaşdırıcı günəş şüalarından qorunmaq üçün bir əlini qaşlarının üstünə kölgəlik qoyaraq, digər əli ilə başqa quşları deyil, heyranlıqla məhz onu göstərməsi quşun qəlbinə heç nə ilə müqayisəyə gəlməyən bir sevinc bəxş edirdi.

Nədənsə, dişi göyərçinlərin heç biri onu maraqlandırmırdı. Elə bil, yox idilər. Əks cinsə bunca laqeydliyinin səbəbini anlaya bilmirdi. Onlara sanki sahibinin gözüylə baxır, davranışlarını da əyləncə sayırdı. Hərçənd, erkək quşlar paxıllığını çəkirdilər, onu dişilərə deyil, daha çox sahibə qısqanırdılar. Sahibinin həyətdə qapılarını açıq saxlayaraq salonunu yuduğu avtomobilin maqnitofonundan gələn mahnının sözlərini başa düşmədiklərinə görə Kəkillinin onlara yazığı gəlirdi:

Vurğunuyam dağ-dərənin,
Gördüyüm hər mənzərənin.
Qarşısında pəncərənin
Dənlənirdi bir ağ göyərçin.

Əllərini uzatdıqca,
Xoş ünsiyyət yaratdıqca,
Su verdikcə, dən atdıqca,
Sevinirdi bir ağ göyərçin.

Könlüm onu unutmadı,
O, könlümü ovutmadı.
Uçdu getdi, qayıtmadı,
Qayıtmadı ağ göyərçinim.

Uzaqdan atmasaydılar daş,
Gözlərində olardımı yaş?
Bu sevgiyə yavaş-yavaş
Öyrənirdi bir ağ göyərçin...

Göyərçinin həyatının ən maraqlı, xoşbəxt anlarından biri əgər sahibinin saat taxdığı biləyinə qonub dimdiyi ilə kişinin irəli uzatdığı dodaqları arasından su içməkdiysə, digəri də onun çiyninə qonmaq və adamın əlindəki telefonun ekranında bir-birini əvəzləyən görüntülərə birlikdə tamaşa etmək idi. Bir dəfə sahibi barmağını telefonun sensorunun üzərində sürüşdürəndə Kəkilli Ağ Göyərçin ona son dərəcə əsrarəngiz hiss bağışlayan təsirli bir görüntünün şahidi oldu: Gözəl və elə bil, ona haradansa tanış gələn bir qız parkda göyərçinləri buğda ilə yemləyirdi. Həm də onlarla danışır, istəklərini bölüşürdü...

Nədənsə, kişi də bu görüntünün üstündə çox dayanmışdı. Halbuki, əslində hövsələsizdi, həmişə kadrları tez-tez ötürərdi, yarım dəqiqədən uzun çəkən birinə axıradək baxmağa səbri çatmazdı.

Yox, bu işdə Kəkilli Ağ Göyərçinin bilmədiyi, kainatın, zamanın, kütlənin, enerjinin yaranmasına səbəb olan Böyük Partlayışdan əvvəlki məchulluq qədər çözülməsi qeyri-mümkün, mübhəm bir sirr vardı: O, canlı olaraq mövcud deyildi, iradəsi də özündə deyildi. O, nə vaxtsa həmin qızın əlindən yem almaq, dodağından su içmək ümidiylə, söylədiklərini eşitmək niyyəti ilə göyərçinə dönüşməyi xəyal edən vurğun sahibinin qanadlı arzusu idi ki, mələk kimi çiynində gəzirdi. Sahibinin təxəyyülü ilə adi göyərçinlərdən çox-çox fərqli olaraq bir göz qırpımında hansı uzaqlıqda məsafəni desən qət edir, istənilən zamana, ixtiyari məkana ezam olunurdu. Və elə indicə həmin parka yola salınacaqdı...

Pünhan Şükür
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI