manera.az
manera.az

Ömrünə yük etmə xatirələri - Yeni şeirlər

Ömrünə yük etmə xatirələri - Yeni şeirlər
Elman Tovuzun yeni şeirləri...

***
Bulud örpəyini tulla başından,
Yağışlar üstünə axar, geyinmə.
Biçsələr donunu Gün işığından,
Səni dirigözlü yaxar, geyinmə.

Düzmə ətəyinə bər-bəzəkləri,
Arılar "seyr edər" tər çiçəkləri.
Çaşdıra bilərsən kəpənəkləri, –
Xallı köynəyini çıxar, geyinmə.

Elman özü gələr bil, ayağına,
Geydirər ovcunu gül ayağına.
Bilirəm, gen olar yol ayağına,
Cığır ayağını sıxar, – geyinmə.
07.04.2024

Bilib-eləmə

Nə bilirsən əzab nədi...
Neynirsən, bilib-eləmə.
Günah nədi, savab nədi?
Heç cavab bulub-eləmə.

Söyləməyə sözün varmı,
Olsa da... o, söz olarmı...
Ağzı yırtıq qab dolarmı,
Boşuna dolub-eləmə.

Quşağılsan, çəkin yoxsa,
İçin yoxdu, yükün yoxsa.
Başında öz tükün yoxsa,
Yalandan yolub-eləmə.

Tükənəndə verilən yal,
Başlanacaq sorğu-sual.
Haramına "halallıq" al,
Bir kəslə bölüb-eləmə.

Hələ başın qoltuqdadı –
Əyilməyin çıxart dadın.
Adam kimi yaşamadın,
Adamtək ölüb-eləmə...
03.04.2024

Azadlıq küçəsində

Azadlıq küçəsində qəzaya düşən adam,
Ən ağır anlarıyla bir də görüşən adam,
Qıçları əsa adam… gözləri şüşə adam…
Əzaların mübarək!

Arzuların kim bilir hansı qatda küllənir…
Günəş öz işindədir, yağışlardır – dillənir…
Yerdən ümid kəsilib, gözlər Göyə zillənir,
Fəzaların mübarək!

Hanı əziz bildiyin yaxının, doğman sənin?
Dizin üstə dağılıb yavanca loxman sənin...
İsti nəfəs gözləyir buz kimi daxman sənin,
Güzəranın mübarək!

Baxıram, əzminlə sən hamıdan bir az üstə,
Sanki Xudafərindir – dağılan, Araz üstə...
Nə yaxşı, anan səni doğmayıb namaz üstə,
Qəzaların mübarək!

Yəqin bilirdin deyə bu küçənin adını,
Boğdun içində yenə “ay haray” fəryadını.
Daddınmı heç olmasa Azadlığın dadını...
Cəzaların mübarək!

De, "Vətən qəhrəmanı” deyirsə yetən sənə,
Niyə özünə gəlmək bu qədər çətin, sənə?..
...Deyiləsi sözüm var, vətən, ay vətən, sənə:
Qazilərin mübarək...
Qaziliyin mübarək…
30.03.2024


***
Coşub-çağlayacam sanki indicə,
Elə kökləmişəm özümü, elə...
Könül ovsunlayan bir sarı, incə
Telə kökləmişəm özümü, telə

Bu həyat sıxsa da nə qədər məni,
Sındıra bilmədi qəm-qübar məni.
Daha tuta bilməz dörd divar məni,
Çölə kökləmişəm özümü, çölə.

Kim deyir, yatmışın bəxti oyanmaz,
Oyanar... di gəl ki kimsə inanmaz.
İndi qabağımda dağ da dayanmaz,
Selə kökləmişəm özümü, selə.

Mənəm səsə dönüb hər yana varan,
Bir gül oxşamağa nə dağ, nə aran?!
Bu taydan o taya ətir aparan
Yelə kökləmişəm özümü, yelə...

Elmanam, nə olsun saçı bəyazam?!
Çölü qış olsam da, ürəyi – yazam.
Güllənən qələməm,
dillənən sazam –
Belə kökləmişəm özümü, belə!
Elə kökləmişəm özümü, elə...
20.03.2024


***
Söyüd oldum bulaq üstə,
şehimi gilə bildilər.
Çətirlərim dəstə-dəstə,
salxımdı elə bildilər.

Tamarzı qaldım bəhərə,
eh, nə türlü ad yaşadım.
Könül verdim gözəllərə,
gözəl də həyat yaşadım.

Vərəqlədim kitab ömrü,
olana şükür! – oxudum.
Elə oğru gözlər gördüm,
“yalana” şükür oxudum.

Qanadım altına yenə
yığıldı gözəl-göyçəklər.
Qalxdılar Göyün təkinə
xəyal adlı kəpənəklər...

Gendən ötən atlılar da
gəlib bulaqdan keçdilər.
İsti baxışlar altında
sərin-sərin su içdilər.

Yanağından yaş axınca
gözləri güldü qızların.
Ürəkləri boşalınca
səhəngi doldu qızların.

Bir ünvana vardı hərə,
sanmayın əzab yaşadım.
Səpildim yanan qəlblərə,
bir aləm savab yaşadım.

... Siz də gözyaşı yerinə,
bulaq çəkin mən öləndə.
Mərmər başdaşı yerinə
söyüd əkin mən öləndə…
13.03.2024

Tənhalığın son gecəsi

Bir gecə qapın döyülə,
Əl atıb açan olmaya.
Qonşuda bir səsi gələn,
Küçədən keçən olmaya.

Aynadan baxan tapıla –
Gözünə yad görünəsən.
Öz əlin, öz yaxan ola,
Yarıb qoynuna girəsən.

Üstünə çökə qorxular,
Kilidlənə dil-dodağın...
Canın, içində qovrula,
"Dadı çıxa" tənhalığın.

Xəyalından gəlib keçə
Bir-bir şirinlər, acılar...
Yatıb qalasan beləcə,
Sabahın gözü açıla.

Ruhun havalana göyə,
Ardınca ağca tüstüsü.
Son dəfə qapını döyə
Ürəyinin döyüntüsü...

Uçub hər yana dağıla
Minarədən azan səsi.
Bir ömür dönə nağıla,
Tənhalığın son gecəsi.
04.03.2024

Qoşma

Bu dünya fanidir, deyirlər, ancaq,
Hər kəsi dünyaya aşiq görürsən.
Həyat bir oyundur,
ömür – oyuncaq,
Vaxt gəlir, qocanı uşaq görürsən.

Titrək dodaqlarda kilid oynayır,
Ürəkdə təzyiqtək, ümid oynayır...
Adam var, üzündə bulud oynayır,
Di gəl ki, içində işıq görürsən.

Ay Elman, yazırsan can bahasına,
Çıxanda özünlə söz davasına.
Elə vurulmusan saz havasına –
Gecə yuxunda da aşıq görürsən.
29.02.2024


***
Bu sevda – yol ayrıcıdır...
Dönüş yox yolun başına.
Daha ömrün son ucudur,
Gəlmişik ölüm başına...

Yazan özü duydumu ki...
Bəxt dediyi buydumu ki?
Zalım fələk qoydumu ki,
Dolanam, gülüm, başına.

İndən belə ha qovrulam,
Nağıla dönməz doğrular.
Yanıb havaya sovrulam –
Demərəm, külüm başına.
23.02.2024

Təcnis

Ay ellər, içimdə nə dağlar yatır...
Göynədir sinəmi odu dağların.
Nə duman çəkilir, nə dağlar yatır,
Dolanır başına... odu, dağların.

Hanı bir zamanlar tonqal çatanı,
Şölətək yanardı tonqal, çat anı.
Çəkərdi qoynuna tonqal, çatanı,
Hamıya yetərdi odu dağların.

...Üz tutub gedəli Elman, ay ellər,
Nələr eyləmədi Elmana yellər?!
Göydəki, əlini Elmana "yellər", –
Yenə də həyanı Odu dağların!
20.02.2024


***
Kim deyir ki, sürünməyə
Hərə bir palaz götürün...
Çöl-bayırda bürünməyə,
Nə olar, olmaz... götürün.

Dərdi giley edən dostlar,
Üzər sizi bu qəm-qübar...
Çölüm qışdı, içim bahar,
Gəlin güllü yaz götürün.

Kirpik üstə şehə baxın,
Gözümdə təsbehə baxın.
Tel sanayan mehə baxın,
Necə var, bəyaz götürün.

Olsa da gün gündən ağır,
Hər qarışda bir çal-çağır.
Görsəniz, ağca qar yağır,
Siz də qara saz götürün.

Nə özümdən qopasıyam,
Nə də sizdən tapasıyam...
Mən bir əzm topasıyam,
Hərəniz bir az götürün.
16.02.2024


***
Qış yağışı az-az düşər,
Balaca fevral islanar...
Saça ulduz-ulduz düşər,
Yanaqlar xal-xal islanar.

Olmaz tale yağışından,
"Gül" açılar naxışından.
İsti-isti göz yaşından,
Soyuq aynalar islanar.

...Nə ola, allahın altda,
Çətir olam ahın altda...
Hərəsi bir damın altda –
Könlü tənhalar islanar.
14.02.2024


***
Vida deyib dost-tanışa,
Nəyin var, atıb çıxasan.
Düşəndə qara-yağışa,
Özündən tutub çıxasan.

Susasan –
sözün olmaya,..
Arxanca izin olmaya,..
Üz-üzə üzün olmaya,
Yanından ötüb çıxasan.

Bir, həyatın dibi ola,
Bir də bir sevdiyin ola, –
Qoynu "cəza evi"n ola,
Ömürlük yatıb çıxasan.
11.02.2024


***
Deyirlər, yaşa-yarat,
Vallah yaşamaq olmur.
Eşidilmir nə fəryad,
Nə ah, yaşamaq olmur.

Kim salıb bu düyünü –
Allah yıxsın "öy"ünü...
Axşam düşündüyünü
Sabah yaşamaq olmur.

Ölüm də olub bazar, –
Candan bahadır məzar.
Bağlanıb haqqa güzar,
Nahaq yaşamaq olmur.

Başın ayılmır sərdən,
Xeyir umursan şərdən...
Kara gəlməsə hərdən
Günah, yaşamaq olmur.

Hər tərəfdən harınlar
Basıb yeyir, haran var.
Çalmaqla ac qarınlar,
Segah, yaşamaq olmur .

Artır "hər yanın" haqqı,
Ödənmir qanın haqqı...
Mən ölüm, canın haqqı,
Allah, yaşamaq olmur.
08.02.24

Bu tale məni ovutmur

Bu tale məni ovutmur, –
Yüz cür naxış hörür, allah.
Əl-ayağım sükan tutmur,
Bu ömrü kim sürür, allah..

Ruhum var e,
bədənim yox,
Bədənimi "güdənim" yox.
Daha gəlib-gedənim yox,
Bu it kimə hürür, allah...

Nədir gözümün qançırı?
Yoxsa yollarmı sancılıb...
Yaramın gözü açılıb, –
Məndən yaxşı görür, allah...
01.02.2024


***
Dərdim,
səni dərdə düşmə, yazıqsan,
Gəlmisən ki, qızınasan tüstümə?
Hər nəfəsdə burnumdasan elə bil,
Ətir kimi nə çökmüsən üstümə?

Tale, qədər...
Kim kəsibdi bu yolu?
Onsuz bizə bəs eləyir dörd divar...
Ürəyimdən saldığın yol – su yolu,
Sevincimə bağlanıbdı qapılar...

Gah od almış
samovara dönürsən,
Öz içindən alışırsan sən elə.
Gah da sönük canavara dönürsən,
Xəstələrdən yapışırsan sən elə.

Gözləmə ki,
məndən sənə yem olar,
Heç boşuna itiləmə nəfsini...
Dərdlə dərman bir arada tam olar,
Ya yaxın dur, ya uzaq ol – kef sənin.

Əzəlindən
ruhu acam, gözü – tox,
Amma sağlam birisiyəm, unutma.
Ayaqüstə ölənlərlə işim yox,
Mən dirilər dirisiyəm, unutma!
28.01.2024


***
Doğulmaqla ölməyin arası nə qədərdi...
Od ilə oynamadan... kül ömrü yaşayırıq.
Qara yel əsən yerdə sipər olmaq hədərdi,
Sanki quma cızılmış gül ömrü yaşayırıq.

Hansı səmtə əl atsaq, orda əsir-yesirik,
Zülmə tabımızmı var... bəxti asıb-kəsirik.
Gündüzlər, axşamadək qayğılara əsirik,
Gecələr sübhə qədər çul ömrü yaşayırıq.

Hələ ağlamaqdadır bu millətin anası,
Dilbilməz körpələrin buz kimidir yuvası.
Dua kitablarından çörək olmur, qadası,
Yatırıq, yuxumuzda pul ömrü yaşayırıq.

Nə bu qara sevdanın ağ günə ipucu var,
Nə də yanan ürəyin qınanası suçu var.
Aşiqimiz qəmdisə, – hərənin beş-üçü var,
Di gəl, sevinc sarıdan dul ömrü yaşayırıq.

Bir gözlük işıq belə salan deyil kölgələr,
Yeyib tükətməkdədir içimizi "bəlkə"lər...
Hər gün bir körpü atır Aya, Günə ölkələr,
Biz hələ körpü altda qul ömrü yaşayırıq.
23.01.24


***
...Deyirdim, yaxa da, əl də mənimdir,
Özüm öz əlimdə qalmışam, – olsun.
Sanırdım, azadlıq şahlıq evimdir,
Demə əsarətə qulmuşam, – olsun.

O qədər dağ görür, düyün görürəm,
Özümü gündə bir öyün görürəm.
Nə yağış duyuram, nə Gün görürəm,
Payız yarpağı tək solmuşam, – olsun.

Bilən yox, yalandı, düzdü bu dünya,
Kimin dərdlərini çözdü bu dünya?
Başdan-ayağacan sözdü bu dünya,
Beş-üç kəlməsini çalmışam, – olsun.

Çöldə at oynadır ruhsuz bədənlər,
Haqqı yeyə-yeyə nahaqq edənlər.
Çoxalıb gözümdən düşüb gedənlər,
İçimdən çölümə yolmuşam, – olsun.

Tavanım Göy deyil – durnalar süzə,
Döşəməm göl deyil – sonalar üzə.
Barmaqlıq köhnədir, aynalar təzə...
Zindan havasıyla dolmuşam, – olsun.

Bu "cəza" ömrümü çox da sürürəm,
Edam kötüyünə baxıb gülürəm...
Hər gündə nə qədər vaxt öldürürəm,
Daha cinayətkar olmuşam, – olsun!
18.01.24


***
İçindən keçəni saf-cürük eylə,
Gör safı hansıdır, çürüyü hansı.
Nə yoxla şansını, nə də yük eylə,
Bəxt üzə güləndi, tale – amansız...

Dərdə baş əyincə, başını saxla,
Təntisən döyməyə dizin var hələ.
Atmağa tələsmə - daşını saxla,
Daşa basılası yüzün var hələ...

Əsəbin yerini-yatağını bil,
Gözünü örtsə də qan, işində ol.
Ruzigar dolansın qoy veyil-veyil,
Başının üstündə... sən işində ol.

Yeri, yıxıldığın yollarda yeri,
Özün ol qolundan yapışanın da.
Ömrünə yük etmə xatirələri,
Bir səhər arzula hər axşamında.

Silmə buz tərini cəllad əliylə,
Aç qara yaxanın ağ düyməsini.
İndi ölənmi var öz əcəliylə,
Bağında asırlar bağ yiyəsini.

İçindən keçəni saf-cürük eylə,
Gör safı hansıdır, çürüyü hansı.
Nə yoxla şansını, nə də yük eylə,
Bəxt üzə güləndi, tale – amansız...
09.01.24

Tural Adışirinin təqdimatında..Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031