Səssiz adam - Əyyub Qiyasın hekayəsi
O, xoşbəxt idi – çünki dünyaya göz açdığı gündən qulaqlarında sükutdan başqa səs olmamışdı...
O, ikiqat xoşbəxt idi – çünki harayı içində boğulurdu... Ruhundakı sükutun içində, gözlərindəki marağın içində, ağzında donan, quruyan, qaxac olan səssiz harayların içində... O həm də lal idi. Lal və kar... O mənim dayım idi. Mənim uşaq yaddaşımın yoldaşı.
Mən onu çox istəyirdim. O da bizi çox sevirdi. Məni də, üç övladını da.
Övladları dünyaya gələndə çoxu onların da lal olacağını düşünmüşdü, amma onlar danışdı. Onların danışmağına dayımdan başqa hamı sevinirdi.
Dayım danışmaq nədir bilmirdi, ona görə bizim dnışmağımıza sadəcə gülümsünürdü. Biz onunla barmaqlarımızın, əlimizin hərəkəti, üzümüzün mimikası ilə danışırdıq. O bizə içindəki səslə cavab verirdi. O sevinə də bilirdi, kədərlənirdi də. Hətta dəfələrlə qəzəbləndiyinin də şahidi olmuşdum. Amma o bizi çox istəyirdi – məni də, övladlarını da...
Böyük qızı mənimlə yaşıd idi, ortancılı oğlan, kiçiyi yenə qız idi. Onun uşaqları ilə necə danışdığını, onları necə dinlədiyini, necə təəccübləndiyini dəfələrlə görmüşdüm. Bütün təzə doğulan, hələ dil açmayan körpələr onu başa düşürdü, o da onları. İki hərfdən ibarət səsi bütün körpələrin üzünün təbəssümü idi.
– Eı...
Hamını elə çağırardı... Amma hamını öz adı ilə çağırardı. Onun səsi gələndə, o iki hərfdən ibarət çağırışı eşidiləndə hər kəs öz adını təyin edirdi.
Dayım o iki səsdən ibarət adları o qədər qüsursuz deyirdi ki, heç kəs öz adını qarışıq salmırdı... Amma o bizim heç birimizi səsimizdən tanımazdı. Onun üçün səs yox idi. Onun üçün dünya ancaq sükutdan ibarət idi. Sükut onun dostuydu, sükut onun sirdaşıydı...
Bir dəfə xətrinə dəymişdim onun. O əhvalatı hər dəfə xatırlayanda özümə nifrət edirəm. Cavan idim, təzə maşın almışdım, onu maşınıma oturdub rayon mərkəzinə aparırdım. Hiss edirdim ki, çox sevinir, qürurlanırdı mənimlə. İş-güclə bağlı neçə illər idi kəndə baş çəkə bilmirdim, uşaqlığımı xatırladacaq çox şeyi unutmuşdum, elə dayımın səsini də... Sevincini üzündən oxuya bilsəm də, hərəkətlərini, demək istədiklərini daha başa düşmürdüm. Oğlu Vüqar – uşaqlıq yoldaşım – dediklərimi ona, onun dedikərini mənə başa salırdı.
Hiss edirdim, danışdıqca sarsılırdı. Uşaq olanda onun hər hərəkətini anlayırdım... Həyətdə uşaqlar var idi – onu anlayırdılar, mən isə yox... Axı mən onu anlayanda, səsini ayrıd edəndə o uşaqlar hələ dünyaya gəlməmişdi. Nə olmuşdu mənə? Niyə? Uşaqlar onunla sox sərbəst danışırdılar. Hiss edirdim ki, onu anlaya bilmədiyimə sarsılır.
Dayımın yeganə oğlu Vüqar Qarabağ müharibəsi əlili idi, kantuziya alıb qayıtmışdı müharibədən. Vüqar məndən iki yaş balaca olsa da, ağıllı idi.
Bəzən böyüklərə yaşına yaraşmayan suallar verirdi, hamı onun ağlına heyran qalırdı. Elə mən də... Mən uşaq olanda Vüqarın ağıllı suallar verməyinə qısqanardım, paxıllıq edirdim ona. Bəzən onun suallarını yaddaşıma yazıb şəhərə qaydanda müəllimlərimə verirdim və onların tərifini qazanırdım. Vüqar müharibədən kantuziya alıb qayıtdanda da ona qısqanmışdım. Çünki hamı ona qəhrəman kimi baxırdı, mən isə elə ana uşağı idim...
Nə isə... Dayımı təzə maşınıma oturdub rayon mərkəzinə aparırdım. Yola çıxdıq. Bir az sonra maşının maqnitofonunu işə saldım; o vaxt hələ müasir SD ilə işləyən maqnitolalar çıxmamışdı, kompakt kasetli maqnitofonar olurdu maşınlarda. Barmağımın hərəkəti ilə kaseti itələdim, kasetin əvvəlində təxminən 10-15 saniyəlik sükut olurdu, boşluq olurdu, o isə bunu bilmirdi, çünki onun üçün bütün dünya sükutdan ibarət idi. Mən kaseti itələyən kimi o mənə baxıb gülümsəyərək, barmağı ilə çırtma vurmağa başladı.
Güldüm... Onun sükuta çırtma vurmağına güldüm. Onun pərtliyini hiss edəndə özümü lənətləməkdən başqa əlimdən heç nə gəlmədi. Yol boyu nə qədər çırtma vursam da, artistlik etsəm də mənə əhmiyyət vermədi, üzünü yana çevirib yola baxdı. Hiss edirdim ki, könlünə dəymişəm, hiss ediridm ki, qulaqlarında mürgü döyən əbədi sükutuna güldüyüm üçün könlünü qırmışam. Rayona çatanda maşından enməzdən əvvəl çevrildi, dayımın qocaldığını gördüm, harayını içində boğa-boğa, demək istədiklərini dilində dəfn edə-edə, hirsini öldürə-öldürə, sevincini əzə-əzə qocalmışdı dayım.
– Eı, – deyib, gülümsündü, – adımı eşitdim. Əlini astaca çiynimə toxundurub maşından endi. Amma səsini maşının salonunda qoyub endi.
– Nəyə gülrüsən ay, əclaf?!
– Nəyə dişlərivi ağardırsan?!
– Çox gülməli idim?!
– Qocalmışam, bacıoğlu, daha sənin kimi gülənlərim çoxalıb...
İlahi! Salonda üstümə şığıyan yüzlərlə səsin içində az qalırdım havalanam. Bu səslərin hamısı onun səsi idi, amma hamısı bir-birindən fərqli, bir-birindən seçilən səslər idi. O səslər mənə hücum edirdi.
Dayımı qocaldan başqa səbəb də var idi...
Vüqar Müharibəyə gedəndə nişanlanmışdı, onun kantuziya aldığını eşidən nişanlısı əvvəlcə nişanı qaytardı, sonra da başqasına qoşulub qaçdı. Bu da bir tərəfdən Vüqarın ürəyini ağrıdırdı. Ağrıları ona əzab verməsin, hirsini, əsəbini boğsun deyə müharibədən qayıdandan az sonra arağa qurşandı.
Hər gün içirdi, hər gün evə sərxoş qayıdırdı. Evdə dava-dalaş salırdı, bircə dayıma heç nə deyə bilmirdi, onu görən kimi sakitləşirdi, gülümsəyirdi, lap uşaqlıqdakı kimi gülürdü. Vüqar hər dəfə lap çox içəndə, hər dəfə mitilini sürüyüb evə gətirəndə dayım oturduğu eyvandan azacıq dikəlir, darvaza qarşısında sürünən kölgələrə baxır, sonra üzünü yana tutub gözlərini yumurdu. Vüqarın aşa-aşa, səntirləyə-səntirləyə evə qayıtmağına baxa bilmirdi. Hər dəfə elə olanda dayım bir az ölürdü, hər dəfə evə elə qayıdanda Vüqar da bir az ölürdü.
İçki Vüqarın xəstə ruhuna güc gəldi. Ciyərləri xərçəng oldu. Kantuziyalı Vüqar, beynində müharibənin səsini, ürəyində nişanlısının xəyanətini gəzdirən Vüqar indi də içində xərçəng gəzdirməyə başaldı. Daha kantuziya ağrıları onu narahat etmirdi, daha xərçəng onun içini yeyirdi, hər gün bir az da çox yeyirdi. Beləcə, xərçəng dayımın yeganə oğlunu içdən yeyib bitirdi.
Vüqar hər dəfə ağrılardan qıvrılanda, dayım onun içkidən belə etdiyini fikirləşir, başını bulayıb acıqlı-acıqlı baxırdı. Dayım Vüqarın “alkaş” olmağını qəbul edə bilmirdi, dayım qəhrəman oğlunun belə yaşamağını içinə çəkə bilmirdi və əllərini göyə qaldırıb, üzünü göydəki Allaha tutub duamı edirdi, qarğıyırdımı, blmirəm, amma dayım Allahla danışırdı və dəqiq biliridm ki, o anlarda heç kəs dayımın səsini eşitməsə də, Allah onu eşdirdi.
İçkidən müalicə etmək adı ilə Vüqarı xəstəxanaya apardıq, dayım oğlunun içki düşkünlüyündən qurtulacağını düşünüb sevindi. Həkimlər dəfələrlə evdə müalicə etdilər. Nə xeyri vardı ki? Sadəcə amansız ağrıları bir az yüngüləşdirə bilirdik, vəssalam. Amma Vüqar xərçəng ağrıları ilə çarpışır, dayım isə onu içki ağrılarından əzab çəkən kimi anlayıb elə hey öz Allahı ilə danışırdı. Amma Vüqar güclü idi, dözürdü ağrılara!
Əslində Vüqarın nədən belə əzab çəkdiyini dayıma demək istəyirdik, amma nənəm imkan vermirdi, deyirdi ki, qoy uşağın xəstəliyini bilməsin. Dilsiz-ağızsız adamdır, qoy övladı üçün əzab çəkməsin.
Ağırılar Vüqarı tanınmaz hala salmışdı, xəstəlik onu içdən yeyib qurtarmışdı. Dayımın hirsi hər gün bir az da artırdı. Artıq həkimlər Vüqardan əlini üzmüşdü. Elə biz də üzmüşdük, bircə dayımdan başqa... Həkimlər dedi ki, daha ürəyi istəyəni edin, yemək istədiyini verin yesin, sayılı günləri qalır. Elə də etdik.
...Günorta idi, gecə yuxusuz qaldığımdan təzəcə mürgüləmişdim, məni çağırdığını dedilər. Yüyürb yanına getdim.
– Qaqaş, araq içmək istəyirəm...
Çoxdan idi ki, onun belə gümrah, ağrısız səsini eşitməmişdim. Sevindim, tez başının üstünü alıb soruşdum:
– Başqa nə istəyirsən?
– Kabab da istiyrəm... Lülə, balıq... tikə də pis olmaz...
– Baş üstə... Baş üstə... Təki sən məndən yemək istə...
Maşına oturub birbaşa dəniz kənarındakı restorana yollandım. Onun istədiyi hər şeyi sifariş verib qayıtdım. Qayıdanda Vüqar məni daha da təəccübləndirdi. Ancaq sümükləri qalan arıq bədəninə idman kostyumu geyinmiş, seyrələn saçlarını səliqə ilə daramışdı. Eyvanda oturub yolumu gözləyirdi. Daym da yanında idi. Nə barədəsə danışırdılar, məni görəndə ikisi də üzümə baxdı, dayım əlimdəki araq şüşəsini görəndə yerindən dik atıldı, mənə tərs-tərs baxıb başını buladı.
Məni başa saldı ki “olmaz”. “Bilirəm” – dedim. “Müalicə olunur, iynə vurdurur” – dedi. “Bilirəm” – dedim. Elə bu vaxt Vüqar baş barmağı ilə işarət barmağnı boğazına yaxınlaşdırdıb dərisini azacıq dartdı, yalvarıcı tərzdə dayıma baxdı, “axırıncı dəfə” – dedi. Dayım başını bulayıb hirslə eyvandan çəkilib öz otağına getdi.
Qadınlar canfəşanlıqla süfrə açır, mən Vqarla üz-üzə oturub bir-birimizə baxırdıq.
O gecə saat ikini keçəndən sonra süfrəni yığışdırdılar. Çox içə bilməmişdik, adama yüz-yüz əlli qram ola-olmaya. Vüqar üzürxahlıq edib məndən ayrıldı, mən isə oturub gecənin sakitliyini dinlədim. Gecə də dayım kimi səssiz idi...
Çığırtıya xəyaldan ayrıldım, içəri cumdum. Hamı onun başının üstünü kəsdirmişdi. Vüqar ağır-ağır nəfəs alır, ağrılardan ilan kimi qıvrılırdı. Xırıltısı ürək parçalayırdı. Hamımız sarsılmışdıq, bu onun həyatla son mücadiləsi idi. Zaman geriyə işləyirdi və bir qədər sonra ona aid olan ömür qapanacaqdı.
Qapı kandarında yuxulu gözləri ilə bizə baxan dayımı görəndə hamı bir anlıq susdu. Hamı bir qədər geri çəkildi. Bircə nənəm Vüqarın əlindən tutumuşdu, bir ömürdə ərini, oğlunu, qızını, neçə-neçə doğmasını, əzizini itirən nənəm bu dəfə də nəvəsini yola salmağa hazırlaşırdı. Dayımı görəndə hamı için-için ağladı.
Mən göz yaşımı boğurdum, amma hiss edirdim ki, yanaqlarım islanır. Dayım acıqla nənəmə yaxınlaşıb Vüqarın əlini ondan aldə, qeyzlə kənara atdı. Sonra hamını otaqdan çıxartdı. Əvvəlcə elə bildik ki, hər şeyi başa düşüb, oğlunun ağır xəstə olduğunu, bu anlarda can verdiyini anlayıb, ona görə də sakitcə yan otağa keçdik. Bu an onun qəzəbli səsi hamını çaşdırdı:
– Eı, eııı...
O Vüqarı silkələyir, əlini qaldırıb onu vuracağı ilə hədələyir, öz sükut dilində nəsə deyir, onu danlayır, ata nəsihəti veriridi. Hamımız qapıdan onun hərəkətlərinə baxırdıq. Vüqar hərəkətiz qalmışdı. Onlara yaxınlaşmağa ürək etmirdik. Dayım onu buraxıb dikəldi, nənəmin baxışları ilə qarşılaşanda əllərini göyə qaldırıb Allahdan Vüqar üçün ölüm istədi, öz dilində, öz səsində, öz sükutunun harayında onu bezdirdiyini, içki düşkünü olduğunu, bütün nəsli biabır etdiyini deyib Allahdan oğlunun canını almağını istədi. İlahi, o bu qarğışlarını öz sükutunun səsində deyirdi, amma biz onu eşidirdik.
Və Allah da onu eşitdi! Onun duasını qəbul etdi. Bu dəfə Allah onun duasını o dəqiqə qəbul etdi. Vüqar canını tapşırdı. Biz onun hərəkətsiz bədənini görüb yanına cumduq, hamı ağlaşırdı. Nənəm göz yaşları içində onun yarıaçıq gözlərini qapatdı, sonra mələfəni üzünə çəkdi. Bax onda, o anda dayımın bərələn gözləri ilə qarşılaşdım. O gözlərdə sözlə demək mümkün olmayan bir yazıqlıq vardı.
O, hər kəsi itələyib bircə oğluna yaxınlaşdı, onun cansız bədənini qucaqayıb bağrına basdı və başını qaldırdı, gözləri ilə göydəki Allahı axtardı və öz süktunun səsi ilə Ona yalvardı, səhv etdiyini, ölüm qarğışını qəzəbləndiyi üçün etdiyini dedi, oğlu qucağında Allahın önündə diz çökdü... və onun qarğışı ilə duasının arası cəmi üç-dörd dəqiqə çəkdi. Amma möcüzə olmadı və mən o gün bəlkə də ilk dəfə Vüqara qibtə edə bilmədim...
...O gecə Allah üzünü mələklərdən yayındırıb susdu. O gecə Allanın sükutu dayımın sukutuna çox oxşayırdı.
O səhər yağış yağdı... İsti, həzin yağış... O səhər oğlunu dəfn etməyə aparan dayım gözlərini göy üzündən çəkmədi. O gündən sonra dayım da hər gün bir az öldü və bir gün tamamilə yoxa çıxıb itdi... Ondan bizə xatirə kimi iki səsdən ibarət haray qaldı:
– Eııııı...
fevral, 2016