manera.az
manera.az

Kredit borcuna görə evini itirdi - Vüsal Oğuzun hekayəsi

Kredit borcuna görə evini itirdi - Vüsal Oğuzun hekayəsi
MANERA.AZ Vüsal Oğuzun "Kredit" hekayəsini təqdim edir.

Məhkəmə binasından çıxanda başı qazan kimi qaynayırdı.Hakimin sonuncu sözləri beynində dolaşırdı hələ də. Küçəni keçəndə ayaqları bir - birini dolaşırdı az qala. Qorxduğu iş başına gəlmişdi. Bu gün məhkəmə sonuncu qərarını vermişdi. Əslində bilirdi belə olacağını. Amma səhər evdən çıxanda içində nəsə bir ümüd vardı başqa cür olacağına, möcüzə baş verəcəyinə. Ammagözlədiyi möcüzə baş vermədi.Məhkəmə qanunla hərəkət etmişdi. Hakimin vurduğu çəkic sonuncu ümüdünə dəyib çilik-çilik elədi. Bəli, verilmiş qərar görə evi müsadirə olunacaqdı. Bir ay ərzində evi tərk etməli idi. Illərdir qurub yaratdığı evini indi ağılsızlığı ucbatından itirəcəkdi. Əslində ağılsızlığı yox, sadəlövhlüyü ucbatından. Düzünə qalsa buna sadəlövlük də demək olmazdı. Evə getməyə üzü yox idi. Uşaqlarını, yoldaşını gözünün önünə gətirdi. Axı payızın bu soyuğunda hara gedəcəkdi.

Dörd uşaqla kimin qapısına üz tutacaqdı axı. Yadına kənddəki evləri düşdü. O vaxt kənddə dolana bilməyib evi satıb rayon mərkəzinə gəlmişdi. Əlində olan pulla torpaq alıb indiki evini tikmişdi. Fikirləşəndə gözləri doldu. Əlinin arxası ilə gözlərini sildikcə bir az da kövrəlirdi. Bəlkə də həyatında ilk dəfə idi ki, ağlayırdı.Yetimliklə böyüdüyü illərdə ağladığı yadına gəlmirdi. Heç kim onun gözünün yaşını görməmişdi. Amma indi... İndi təkliyə çəkilib doyunca ağlamaq, içini boşaltmaq istəyirdi. Özünü kiçik parkdakı taxtaları cadar-cadar olmuş oturacaqlardan birinə çatdırdı. Nahar vaxtına yaxın idi deyə buralar tam sakitlik idi. Başını əllərinin arsına aldı. Fikirlər dəstə-dəstə üstünə hücum çəkirdi. Ürəyində yağlı bir söyüşü söydü. Amma bilmədi kimə söyür: hakiməmi, özünəmi, yoxsa onu vəziyyətə qoyan dostunamı...

***

Onunla tanışlığı təsadüfən olmuşdu. Yəni nə uşaqlıqdan, nə də əsgərlikdən tanımırdılar bir –birlərini.Hardasa dörd il əvvəlin söhbətiydi. Həyat yoldaşını müayinə üçün Bakıya aparmışdı. Həmişəki kimi onda da pulu az, problemləri xirdəkdən idi. Üstə gəl də şəhəri də düz əməlli tanımırdı. Elə bir yaxın qohum əqraba, dost-tanışı da yox idi şəhərdə. Yetimin kimi olacaqdıki. Avtovağzalda düşən kimi gələn müştərilərin üstünə yüyürən taksi şoferlərinin əlindən canlarını güc-bəla ilə qurtarıb bir tərəfə çəkilmişdilər ki, orta boylu, arıq çəlimsiz, başında dairəvi kepka, əlində təsbeh oynadan bir oğlan yaxınlaşdı. Gözləri qayır-qayır qaynayan oğlanın üz-gözündən qəribə bir şirinlik yağırdı. “Qədeş taksi lazımdır” - deməsinə yox deyə bilmədi. Yaxın biri kimi ərklə əlini yol çantasına uzatması ilə götürüb köhnə juqilinin yük yerinə qoyması bir oldu. Maşına oturan kimi “adım Baləlidir, qedeş” söyləməsi ilə başlamışdı tanışlıqları.

Beş on dəqiqədən sonra ona elə gəlmişdi ki, bu şəhərin ən yaxşı adamına rast gəlib. Allah Baləlini onun bilirəkdən və bilməyərəkdən etdiyi yaxşılıqlara görə qarşısına çıxarıb. Bu şəhərdə Baləlidən başqa heç kimi yox idi. Baləlinin təkrar “hara sürəcəm, qədeş” deməsi ilə dərdi açılmışdı. Beş dəqiqəyə arvadının xəstəliyindən tutmuş, rayon həkimlərinin qoyduğu diqnoz qarışıq hər şeyi danışmışdı ömründə ilk dəfə gördüyü bu adama.
Gözü yolda olan Baləli də axırda “ bah atonnan” deyərək “ indi neynəməmək fikrindəsən, atam balası” deyə soruşanda cavab olaraq sadəcə çiyinlərini çəkmişdi. Yəni ki “ özüm də bilmirəm”. Bundan sonra Baləli özü bildiyi kimi hərəkət etmişdi. Böyük, par-par yanan binanın qabağında saxamışdı maşını. “Şəhərin ən yaxşı həkimləri, ən yaxşı aparatları burdadır” deyib başı ilə binanı işarə vermişdi. Yəni ki“ düşün, çatmışıq”. O anda yazıq-yazıq baxmışdı Baləlinin üzünə. Baxışları ilə “mən burda kimi tanıyıram axı” demişdi. Baləli də bu baxışla hər şeyi anlamışdı. Baləlinin arxasınca binaya daxil olub neçəncisə mərtəbədəki həkimin qəbuluna girmək üçün növbəyə yazılanda fəxrlə bir Baləliyə, bir də arvadına baxmışdı.

Baxışları ilə arvadına “görürsən necə yaxşı adama rast gəlmişik” demək istəmişdi. Amma arvadı o dəqiqələrdə öz hayında idi. Gözü heç nəyi görmürdü. Baləli isə öz işində idi. Gah o həkimlə danışır, gah tibb bacısından nəsə soruşurdu. Ər-arvad hər ikisi məəttəl qalmışdılar yeni tanıdıqları adamın bu hərəkətlərinə. Hiss olunurdu ki, Baləli buraları yaxşı bələddir, elə burdakıların da çoxu onu yaxşı tanıyır. Onunla zarafatlaşmaları, gülə-gülə danışmaqları, həkimlərin onunla etdikləri söhbətlərdən məlum olurdu ki, Baləlinin yolu bura tez-tez düşür. Baləli tapşırmışdı ki, nəbadə həkimin qəbulunda pul söhbəti edəsiniz. Sizi nabələd görüb aldadacaqlar. Mən özüm ikilikdə danışıb qiyməti salacam aşağı. Yalnız çöldə Baləlinin dediyi məbləğı çıxardıb ona verir, Baləli də içəri təkrar qayıdaraq həkimin pulunu verib çıxırdı. Baləlinin dediyindən belə məlum olurdu ki, həkimlər onlardan çox istəyə bilərdilər. Amma hər dəfə Baləliyə görə onlara hörmət edirdilər. Yüz istədikləri yerə səksən,yetmiş istəyəndə əlli verir. “mənə görə xeyli güzəşt etdilər “, “danışdım aşağı saldım, bunlara qalsa çox istəyirdilər” deməsinə hər ikisi inanmışdı . Daha bir- iki həkim qəbulu və analizlərdən sonra cibindəki pulların azaldığını hiss etdikcə həyacanı artırdı. Axşama doğru birtəhər həkimlərdən qurtara bildilər. Gətirdiyi pulun axırına çıxsalarda həkimlərin dediyinə görə qorxulu heçnə olmadığına görə ər-arvad kefləri kök idi. Amma alınacaq dərman reseptlərini görəndə icinə bir vəsvəsə düşsə də, özünü Baləlinin yanında tox tutmağa çalışırdı. Binadan çıxanda hava əməlli qaralmışdı. İçindən keçirdiyi “harda qalacağıq” fikrini Baləli sanki oxuyurmuş kimi qoluna toxunaraq “getdik” deyə maşına tərəf addımladı. Biixtiyar olaraq özlərini köhnə juqilinin içinə saldılar.

Baləlinin şəhərin sıx, darıqsqal küçələri ilə maşını məharətlə sürməyinə baxaraq özünü necə unutmuşdusa bir də hiss etdi ki, arvadı dirsəyi ilə böyrünü deşir. Yani ki, “ indi hara gedirik”. Fikirdən ayılıb əlini Baləlinin çiyninə toxunmaq istəyirdi ki, Baləlinin “qədeş, bu gecə qonağımsız” deməsinə heçnə deyə bilmədi. Əslində etiraz etmək kimi fikri də yox idi. Nə şəhəri tanıyırdı, nə də cibində düz-əməlli pul qalmışdı. Odur ki, susmaqdan başqa əlacı qalmamışdı.Üstündən ağır yük götürülmüşdü o anda. İndi onun gözündə Baləli bu böyük şəhərin ən yaxşı insanı, mindikləri bu köhnə, sınıq-salxaq maşın isə dünyanın ən yaxşı maşını idi . Başını necə qatışmışdısa şəhərin işıqlarının arxada nə vaxt qaldığını, kiçik bir qəsəbəyə nə vaxt girdiklərini hiss etməməşdi. Baləlinin taxta darvazalı, alçaq hasarlı bir həyətin qarşısında maşını saxlaması ilə xəyallardan ayıldı. Baləlinin həyətdəki yarımçıq tikilinin işığını yandırmasından sonra birinci mərtəbədəki hazır olan otaqlardan birinə keçdilər. Baləlinin “qədeş buranı öz eviniz bilin, hələki tam hazır edə bilməmişəm, inşallah hazır edən kimi yığışacam bura” deməsinə ər-arvad eyni vaxtda “inşallah” demişdilər. O gecə bu kiçik otaqda yatağına girəndə fikirləşmişdi ki, nə yaxşı dünyada hələ də Baləli kimi insanlar var.

Səhər avtovağzalda onları yola salanda yol pulundan artıq qalan nəyi vardısa Baləlinin cibinə qoymaq istəyəndə əli havada qalmışdı. “ Biz çörək
kəsdik axı, qədeş inciyirəm, ayib söhbətdi” deməsindən sonra ona and verdi ki, tezliklə səni rayonda gözləyirəm. Gəlməsən inciyərəm. Baləli də ünvanı, nömrəni götürdükdən sonra söz vermişdi ki, tezliklə yolunu onlar tərəfdən salacaq..

***

Rayona qədər yol boyu maşında Baləlinin bu hörmətinin altından necə çıxaçağını düşündü. Bircə ürəyində “kaş tezliklə gəlməyə” deyə düşünürdü. Əlində olan qalanı şəhərdə xərcləmişdi. Hələ gedərkən dost-tanışdan aldıqlarını necə qaytaracağını bilmirdi. İçində “ yaxşı ki, benzin dolduranda pulunu mən verdim” deyə təskinlik tapırdı. Di gəl ki, xəstəxənadakı qiymətlər ona yaman baha oturmuşdu. Baləlinin guya qiymətləri danışıb salması, həkimlərin onu tanıdığına görə az pul almasını fikirləşəndə nəsə baş açmırdı bu məsələdən.İçinə min cür fikir dolurdusa da di gəl ki, özünü inandırmağa çalışırdı ki, bu işdə Baləlinin heç bir günahı yoxdur.Yetimliklə böyüdüyü bu dünyada anası rəhmətə gedəndən sonra heç kim Baləli qədər ona yaxşılıq etməmişdir. İstədi başını çiyninə qoyub yatmış arvadını yuxudan durquzub fikirlərini onunla bölüşə, qıymadı.

***

O yay başı çox qarışıq oldu. Borclarını qaytarmaq, arvadının dərmanlarını almaq üçün gecəsini gündüzünə qatdı. Ağır-yüngül demədən hər bir işə getdi. Bütün yayı durmadan işlədi. Şükür üzü payıza doğru bütün borclarını verib qurtardı. Amma bütün yay boyu onu narahat edən Baləlidən səs səmirin çıxmaması oldu. Tez-tez nömrəsinə zəng etdi. Hər dəfə də zəng çatmadığını görüb narahatlığı bir az da artdı. Həyat yoldaşının “bəlkə başında bir iş” var deməsi ilə narahatlığı bir az da artmışdı. Bir – iki dəfə içindən Bakıya getmək, dostunu tapmaq fikri keçsədə, sonra daşınmışdı. Axı Bakıda haranı tanıyırdı, kimi tanıyırdı ki..Bir nömrəsi vardı , ona da zəng çatmırdı. Hər çatmayan zəngdən sonra özünə inandırmağa çalışırdı ki, hər şey qaydasındadır, sadəcə Baləlinin ya vaxtı yoxdur, ya da necə olubsa onun nömrəsi telefonundan silinib. Axı olur belə şeylər.

***

Sərin payız axşamlarının birində həyət darvazasının döyülməsinə oturduğu kötüyün üstündə hay verdisə də səs kəsilmədi. Özünü darvazaya yetirənə qədər balacalar yüyürərək ala qapını açmışdılar. Arvadının eyvandan “xeyir ola bu axşamçağı” ifadə edən baxışları altında özünü darvazaya yetirənə kimi gələn hər kim idisə özünü alaqapıdan içəri salmışdı. Gözlərinə inanmadı. Baləli idi. Bir anda sevindiyindən az qaldı bağırsın. Sanki dünyanı vermişdilər ona.

Baləlini ardınca darvazadan çıxanda gözlərinə inanmadı. Qapıda hündür, par-par yanan qara rəngli maşın vardı. Belələrini bu qəsəbədə tək-tək görmək olardı. O da yayda rayon yerinə qonaq gələn varlı adamlarda. Gözlərinə inana bilmirdi ki, onun dostunun belə bir maşını var. Baləli isə həyətə saldığı maşının yük yerindən gətirdiyi ayın-oyunu uşaqların qucağına doldururdu. Arvadının eyvandan “xoş gəlmisiniz Baləli qardaş” deməsindən sonra özünə gəlib darvazanı bağladı.

***

Səhər Baləli yerindən duranda o artıq ağacdan asdığı quzunu soyub qurtarmaq üzrəydi. Manqalın qızarmış közləri üstünə atdığı quzu ətinin iyi ətrafı bürüyəndə özünü dünyanın ən xoşbəxt adamı hiss edirdi. Bəs necə? Dostu onun qapısını açmışdı. Baləli dörd gün qaldı bu gəlişində. Hər gün şərəfinə dəmdəsgah açıldı həyətdə. Stolun ətrafına münasib bildiyi dost tanışları yığdı. İstəyirdi bu qəsəbədə hamı bilsin ki, onun necə dostu var, o da tək deyil. Həm də dostu necə bir adamdı, maşını da bu rayonda bəlkə də ən yaxşı maşınların sırasında birincidir. Baləli də özünü bu məclislərdə çox ağır, sanballı aparır, verilən suallara xüsusi təmkinlə cavab verir, sağlığına qaldırılan badələrə əlini sinəsinə qoyub başını tərpətməklə - xüsusi bir əda ilə qarşılıq verirdi. Dostunun bu cür təmkinli, sanballı davranışları onu məəttəl qoyurdu. Öz-özlüyündə “ adi bir taksi şoferi olanda nə olar, adam dünya görmüş insandır” deyə düşünürdü.

Baləli gedəcəyini bildirəndə əvvəlcə qalmağı israr elədi, sonra isə “ tezliklə gəlməsən inciyərəm” deyərək razılaşdı. Həyətdən çıxan maşının dalınca sürünən toz dumanı seyrəlməmiş evin ortancıl uşağı əlində bir dəstə pula ona yaxınlaşanda matı qurudu. Ağlından əlli fikir keçirirdi ki, uşağın “ata bunu bayaq əmi verdi. Mən gedəndən sonra atana verərsən demişdi” deməsi ilə içi rahatladı. Baləli yenə də edəcəyini etmişdi .

***

O gecə ilan vuran yatdı, o yox. Dağı-arana, aranı-dağa daşıdı səhərə qədər. İçinə dolan fikirləri neynədisə də bir tərəfə çıxara bilmədi.Baləlinin qısa bir vaxtda varlanması, geyim-keçiminin dəyişməsi, köhnə maşının əvəzinə bahalı maşına necə sahib olmasını heç cür anlaya bilmədi. Dostunun varlanmasına paxıllıq etmirdi. Amma az müddətdə bu qədər pul-para hardan idi, bax bunu anlaya bilmirdi. Bu müddətdə özünün gecə-gündüz çabalamasına baxmayaraq ancaq borclarının verib qurtardını yadına salanda düşünürdü ki, bu taksi sürməklə alınan işə oxşamır. Heç ticarətdə də az vaxtda bunu qazanmaq mümkün deyildi. Ha ölçüb biçdi, yenə bir qərara gələ bilmədi ki, bilmədi. Heç bir ayın tamamı olmamış Baləli yenidən qapıda göründü. Bu dəfə ağ rəngli, tamam başqa bir maşında. Keçən dəfəkindən də gözəl və böyük. Maşını həyətdəki ağacın altına sürüb yük yerini açmağı ilə uşaqların qucaqlarını doldurmağı bir oldu. Uşaqların da, arvadında üzü-gözü gülsə də o utandığından az qalırdı yerə girsin. Baləli isə heç kimə məhəl qoymadan yük yerinə həyətin ortasına boşaldaraq maşını bir kənara çəkdi. Ərklə öz evi kimi eyvana qalxıb stolun arxasına keçərək “ bacı mənə bir çay, çiyərim yandı” deməsi xoşuna gəlmişdi. Baləli bu gəlişində də çox qalmadı. Elə səhər yeməyini yeyən kimi gedəcəyini bildirdi. İrana səfərinin olduğunu bildirərək inşallah tezliklə gələcəyini deyib maşına oturdu. Bu dəfədə heç nə soruşa bilmədi dostunndan. İçini didib-dağıdan suallarla baş -başa qalmalı oldu.

***

Növbəti gəlişində fürsət yaranan kimi aylarla içini yeyib dağıdan suallarını dolu kimi yağdırdı. Baləli dostunun bu suallarına qımışaraq “danışaram” deyə onu yola vermək istədisə də, gecə yatağa girər-girməz sualını təkrarlayanda Baləli iki cümlə ilə cavabını vermişdi: “qədeş tikintiyə keçmişəm, torpaq, ev alıb satıram. Sağlığıva qaz vurub qazan doldururam”
Bu cavabdan sonra heç nə soruşmasa da Baləli onu tam inandırmaq üçün ətraflı izah eləmişdi. Dediyinə görə Baləli atasından qalma həyəti babat qiymətə sataraq maklerliyə başlayıb, indi hamı onu makler Baləli kimi tanıyır. Yaxşı pulu, maşınlar, bir-iki yerdə evi, villası var.

***

Baləli vaxtaşırı gəlib gedirdi onlara. Hər dəfə də təzə maşın, əyin baş çiçək kimi. Yük yeri də ömründə onların soyuducusu görmədiyi ərzaqlarla dolu. Hərdən hiss edirdi ki, nəinki uşaqlar, özü də, hətta arvadı da Baləlinin gəlişini səbirsizliklə gözləyir. Dostunun hər gəlişində ağızlarının dadı dəyişir, uşaqların əyin başı təzələnirdi. Elə özü də Baləlinin verdiyi pullar sayəsində əməlli başı dirçəlmiş, son bir ildə dükana, aptekə borcu olmurdu. Hətta puldan artırıb qapıya bir - iki baş heyvan da almışdı. Baləlinin hər gəlişi bu evdə toy bayrama çevrilirdi. Kiçik qəsəbə kafesi Baləlinin hər gəlişində əməlli - başlı alver edirdi. Onun şərəfinə Baləlinin verdiyi qonaqlıqda hamı onunla Baləlinin sağlığına içirdi. İş o yerə gəlmişdi ki, Baləlinin kəndə səfərləri ara verəndə dost-tanış elə onun qədər narahat olurdu. O, dostu ilə hər mənada fəxr edirdi. Sonuncu gəlişindəki məsələ olmasaydı elə belə də davam edəcəkdi.

Sonuncu dəfə qarlı bir qış günündə gecədən xeyli keçmiş dostunun gəlişinə məətəl qalmışdı. Dostu bir qədər narahat görünürdü. Elə qapıdaca hal-əhval tutdular. Baləlinin fikili olmasını ha yozdusa bir şey anlaya bilmədi. Sağollaşarkən Baləli balaca bağlamanı ona verərək “ bunu bir yerdə gizlət. Uşaq əlinə keçməsin, evdəkilərdə heç kim bilməsin, puldu. Uzağı bir-iki günə gəlib götürəcəm, istəmirəm özümlə aparım dedi. Səsindəki həyacan, titrəmə onu əməlli başlı çaşdırmışdı. Baləlini heç vaxt belə görməmişdi. Baləli o gedən getdi. Bir də iki ay yarımdan sonra – Novruz bayramı ərəfəsində göründü qapıda. Salamdan sonra ilk sözü verdiyi əmanəti soruşmaq olmuşdu. Ondan cavab alan kimi əməlli başlı rahatlanmışdı elə bil. Elə bağlamanı alan kimi yarım saat keçməmiş getməli olduğunu bildirib maşına oturması şübhələri doldurdu onun içinə.

Bu dəfəki gedişi uzun çəkdi. Hardasa doqquz aya yaxın səs-səmir çıxmadı Baləlidən. Bu müddətdə yenə it -bata düşdü. Nə telefonuna zəng çatdı, nə özü zəng elədi. Evdəkilər, elə özünün də qulağı səsdə, gözləri yolda qaldı. Hamı darıxırdı Baləli üçün. Bəlkə də onun gətirdiyi pay-pürüş üçün. Dost tanışın sorğu-suallarına cavab verməkdən yorulmuşdu. Hərəyə bir cavab verirdi. Ağlına min cür fikir gəlirdi. Bəlkə qəzaya düşüb, ya da puluna görə öldürüblər. Axı olur belə şeylər. Ağlına bu cür fikirlər gələndə özünü qınayırdı. Ürəyində “gedib itirib axtarmaqdansa burda gör nələr fikirləşirəm. İraq olsun” deyə düşünürdü.

***

Baləli bu dəfə də qəfildən peyda oldu. Oktyabırın əvvələrində gecənin bir aləmi həyətin ortasında peyda oldu dostu. Gözü qapıda maşını axtarsa da heç nə görə bilmədi. Dostunu sınıxmış hiss elədi. Elə üst-başı da əvvəlki kimi deyildi. Səsi əvvəlki kimi gur çıxmırdı, gözləri də qaynamırdı yerində. Onun sual dolu baxışlarına “ evə keçək, sonra danışaram” deməklə cavab verdi. Dostuna nəsə olduğunu hiss etmişdi. Gecə hamı yatandan sonra Baləlinin dili açıldı. Başına gələnləri bir – bir anlatdı. Deməyindən məlum oldu ki, böyük ziyanlıq edib. İrandan yükünü gətirən maşın yolda dərəyə yuvarlanıb. Ona görədə böyük ziyan dəyib ona. Maşınını satıb, evini satıb. Amma tezliklə hər şey yoluna düşəcək, əvvəlki kimi olacaq. Yenidən başlayıb işinə. Əli də pis gətirmir. Sadəcə bir az maya lazımdır. Elə gəlişinin də səbəbi budur ki, ondan kömək istəyir. Kredit götürmək istəyir. Bunun üçün də girov olaraq dostunun evini, torpağını girov qoymaq istəyir. Qısa müddətdə krediti bağlayacaq. Bu işdə babat pul var. İnşallah hər şey əvvəlki kimi olacaq.

Baləlinin danışığından başa düşdü ki, dostu onun evini, torpağını girov qoyub, kredit götürmək istəyir. Təbii ki, hər ay özü ödəyəcək. Həyatında ilk dəfə idi ki, belə müşkül işə düşmüşdü. Nə dostuna yox deyə bilirdi, nədəki hə. Yox deməyi özünə sığışdırmırdı. Dostunun başına gələnlərə təəsüf edir, onun yenidən əvvəlki kimi qaz vurub qazan dolduracağına inanırdı. Ürəyində “kişinin başına iş gələr. Adam gör neçə dəfə mənə yaxşılıq edib, qardaş olmuşuq, çörək kəsmişik. İndi mən Baləliyə yox desəm göydə Allah, yerdə də qonşular qınayar məni. Qəsəbədə olan hörmətimi itirrəm.” deyə düşündü. “mən hazır“ deməsi ilə Baləlinin gözlərinə işıq gəldi. Belə qərara gəldilər ki, səhər evin və torpağın sənədlərini götürərək Bakıya gedib krediti alsınlar ki, Baləli də qısa vaxtda işinə başlaya bilsin.

Səhər tezdən fikrini bildirəndə gözlədiyinin əksinə olaraq arvadı ikiəlli razılaşdı. “A kişi, adama nə deyərlər. Bu neçə ildə onun ilk dəfə sənə işi düşüb, yox deməyəcəksən ki? “

***

Baləli iki gün ərzində hər işi həll elədi. Evi, böyük torpaq sahəsini, girov qoyaraq istədiyi məbləği bankdan götürdü. Ona yalnız qarşısına qoyulan bir yığın sənəddə göstərilən yerlərə qol çəkmək qaldı. Baləli onu rayona salarkən nədənsə narahat görsənirdi. Sanki tələsik sağollaşmaq, ondan ayrılmağa can atırdı. İlk dəfə idi onu belə görürdü. Dostunu bu halını anlamaq üçün çox vaxt lazım gəlmədi. Bu onların sonuncu görüşü oldu.

***

Rayona qayıtdıqdan sonra içində qəribə bir rahatlıq yarandı. Sanki çiynindən dağ götrülmüşdü. Ürəyində dostuna kömək edə bildiyi üçün mənən rahat idi. Bu rahatlıq onu əməlli başlı xoşbəxt etmişdi. Amma bu rahat günlərin ömrü cəmi iki ay davam etdi. Bankdan kreditin gecikdirməylə bağlı gələn bildiriş onun əməlli başlı narahat etdi, qorxuzdu. Aylıq ödənişə baxanda dəli oldu. Bu qədər pul heç vaxtı onun evində olmamışdı. Baləliylə danışmağa çalışdı. Dostuna zəng çatmırdı. Ertəsi gün, o biri gün də eyni hal təkrarlandı. Növbəti bildiriş gələndə artıq hiss etdi ki, məsələ qəlizdir. Bu işdən başı çıxan, evində arabir fəhlə kimi işlədiyi icra nümayəndəsi ilə məsləhətləşdi. Hər şeyi olduğu kimi danışdı ona. Aldığı cavab olan qalan ümüdlərini də qırdı. Evin girov qoyulması məslənin ən ağır tərəfi idi. İcra nümayəndəsinin dediyindən belə məlum oldu ki, hər an evini əlindən alıb, ailəsini çölə ata bilərlər.

Bir səhər Bakıya gedən maşınılardan birinə minib özünü şəhərə yetirdi. Güc - bəla ilə dostunun evini tapa bildi.( kredit almağa gələndə bu evdə qaldığından ünvanı tanıyırdı). Hasarından tanıdı həyəti. Amma dostunun evindən əsər əlamət yox idi. İndi onun yerində üç mərtəbəli, böyük bir ev tikilirdi. Həyətdə qızğın iş gedirdi. Başa düşdü ki, dostu buranı başqasına satıb. Ümüdünü tam da üzəcəkdi ki, üzbəüz həyətin qapısından ortayaşlı bir kişinin çıxdığını gördü. Yaxınlaşıb Baləlini soruşduqda kişinin “sən onun nəyisən? “ sualına
-dostu deyə cavab verdi.
Həmin kişi:
- yoxsa sənə də atıb? deyərək qımışdı ( bu suala nə hə deyə bildi, nə də yox)
- axtarıram, lazımdı.
- bilmirəm nəyinə lazımdı, amma Baləlini basdılar içəri. Keçən dəfə nəşə üstündə doqquz ay yatandan sonra puldan paradan verib çanını qurtardı.

Çıxandan sonra da dinc dayanmadı zalımın balası. Onun bunun adına kredit götürüb neçəsini saldı oyuna. Bu dəfə canını qurtara bilmədi. Onsuzda borc yiyələri axtarırdılar. İrandan nəşə keçirəndə sərhəddə tutub basıblar içəri. Səkkiz il veriblər. Burdan bura xəbərim olmayıb ki, qonşum əməlli başlı narkobaron imiş. Xatası məndən uzaq.
- ola bilməz. Siz nə danışırsınız? Yox. Baləli elə iş tutmaz.
-bacığolu deyəsən sənə də atıb, hə? Düzünü de, çəkinmə.

Geri çevrilərək az qala küçənin başına kimi qaçdı. Hər şey başa düşmüşdü. Baləlinin qəfil yoxa çıxmaqları, hər dəfə bir maşınla gəlməyi, cibindən pulların dəstə ilə çıxartmağının sirrini anladı. Qəfil yadına Baləlinin ona verdiyi bükülnü xatırlayanda necə sadəlöv olduğunu başa düşdü. Bəli dostu ticarətlə məşğul olurmuş. Amma narkotik ticarəti ilə. Artıq gec idi. Dostu onu dərin quyuya sallayıb kəndirini kəsmişdi. Rayona qayıtmağa ayaqları getmirdi. Arvadına nə deyəcəyini, necə deyəcəyini bilmirdi. Bu günə qədər içində hər şey qaydasına düşəcəyinə ümüd vardı. İndi bu qonşu kişi o ümüdü əbədi öldürdü içində.

***

Aydan artıq davam edən məsələyə bu gün yekun vurmuş, məhkəmə son qərarını vermişdi. Evi , torpağı müsadirə olunurdu. Bir ay ərzində evi boşaltmalı idi. Hara gedəcəkdi, özü də bilmirdi. Bu dünyada olan qalan, illərdir özünü öldürüb əldə etdiyi hər şeyini dostluğa qurban vermişdi. Tezliklə ailəsinin küçəyə atılacağını fikirləşəndə dəli olmaq həddinə gəlirdi.

Bayaqdan necə fikirə getmişdisə indi hiss elədi yağışın yağdığını. Əməlli başlı islanmışdı. Ağır addımlarla küçəyə doğru addımladı. Evə getməyə üzü yox idi.

Rayon mərkəzinin yaxınlığındakı meşəyə doğru addımladı. Bu vəziyyətdən başqa çıxış yolu bilmirdi. Fikri qəti idi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031