Vəlinin bıçağı - Yusif Şükürlünün hekayəsi
O zamanlar qəribə zamanlar idi, e! – yaşamayan təsəvvür edə bilməz: bir tərəfdən Stalinin şəxsiyyətinə pərəstiş tənqid edilir, bir tərəfdən kosmosa süni peyklər göndərilir, bir tərəfdən də beşillik planı yeddiillik planla əvəz edib, radiolarda bar-bar bağırırdılar ki, 1965-ci ildə, yəni yeddiillik planın sonuncu ilində, SSRİ-də “Kommunizm” qurulacaq...
Biz də, vallah, o vaxtkı təbliğata inanır; bir qarın ac, bir qarın tox, yaxşı günləri – “Kommunizmin” gələcəyini səbirsizliklə gözləyirdik.
Hamı işləyirdi. İşləməli idi də! Kim dövlətin lazım bildiyi sahələrdə çalışmayıb, özü istədiyi kimi hərəkət etsəydi, o adam ya “tüfeyli” idi, ya “möhtəkir”, ya da ki, “xalturaçı!” idi və mühakimə olunmalıydılar. SSRİ dövlətinin qanunlarına görə, hər bir ailə ən çoxu iki baş qara mal, altı baş davar, iki pətək arı, daha nə bilim nə miqdarda nə saxlaya bilərdi!.. Artığın varsa, vay halına! – kənd sovetinin məmurları gəlib, öz atalarının malı kimi müsadirə eləyib – ya fermaya, ya da ət kombinatına “yazacaq”, səhəri gün də İcraçılar gəlib aparacaqdılar. Hələ məhkəmə yollarına düşməsən, sevincindən, papağını göyə atardın!
O vaxtki şəhəri deyə bilmərəm, kəndlərdə əhalini “torpaq sahəsi oğrusu” kimi şantaj edirdilər: kim ki yerli idarə üsuluna qarşı cınqırını çıxardı – səhəri gün yerölçənlər onun həyətində hazır olurdular. Şura hökumətinən torpaq almış “bəxtəvər kəndlinin” həyətyanı sahəsi ölçülür; bir-iki sot artıq gəlir;- vəssalam! – məhkəməyə! Elə bilməyin ki, kolxoz və sovxozlar onların öhdəsində olan torpaq sahələrini təsərrüfatcıllıqla əkib-becərirdi, əsla yox, buna heç onların gücü də çatmırdı, və kəndətrafı torpaq sahələrinin əksəriyyəti kol-kosluq idi.
Kənd əhalisi - tarix kitablarında yazılan təhkimçilik vəziyyətindən də ağır təhkimçilik həyatı yaşayırdı. Məsələn, tələbə adını qazanıb oxumağa gedəndən başqa, hec kimə şəxsiyyətini təsdiqləyən sənəd verilmirdi. Abituriyentə də müvəqqəti pasport verirdi ki, ali və ya orta ixtisas məktəblərinə daxil ola bilməyən gənclər SSRİ-nin başqa yerlərinə gedib, ürəkləri istəyən sahələrdə çalışa bilməsinlər, - qayıdıb gəlsinlər öz kolxozlarına: - “Şən həyat quruculuğunda iştirak etsinlər!”.
O dövrün qayda-qanunlarından: - siyasi cəhətdən “kommunist” və “bitərəf” kimi “partiya” ayrıseçkilijindən, hələ ilin sonunda hər vahidinə nə qədər pul və ya nə qədər natural ödəmə alacaqlarını bilməyən kolxozçunun qul əməyi “əməkgünü” ilə qeydə alınırdı. Haqqını tələb edənin necə “demaqoq” adlandırılaraq, həbsxanalara atıldığı barədə çox danışmaq olar. Amma əsas söyləmək istədiyim onlar deyil, - “Çəhrayı gödəkcə” haqqındadır.
Həmin dövrün qayda-qanunlarına tabe olmayanlardan biri də mənim atam idi. O, öz “möhtəkir dostlarına" qoşulub, özümüzün və qohum-qardaşın həyətyanı sahələrimizdən toplanmış fındığı “Qaçaqmalçılıq yolu” ilə Urusiyətə keçirirdi. Düzdür, onda respublikalar arasında sərhəd-zad yox idi. Fındıq da aparmaq olardı, hələ üstəlik, alma da - amma çamadanda, - tonla yox! Bunlar isə sovet qanunlarına məhəl qoymur, tonlarla fındığı müxtəlif yollarla - əsasən erməni və gürcü millətindən olan sürücülərin idarə etdikləri yük avtomobilləri ilə aparıb çıxardırdılar Qorkiyə (indiki Novqoroda)! Yox, azərbaycalı sürücülər bunu edə bilməzdilər, “niyəsi”ni tapmağı oxucunun özünün qənaətinə buraxıram...
Bir dəfə də belə bir səfərdən qayıdanda, atam mənə çəhrayı rəngdə, - üstündə də qırmızı cibləri olan gödəkcə gətirdi. Elə o gödəkcə ilə də mənim “xöşbəxt” və “bədbəxt” günlərim başladı. Xöşbəxt idim ona görə ki, hec kəsin gödəkcəsi mənimki kimi “bahalı” və qəşəng deyildi. Bədbəxtliyim də onda olurdu ki, yol-irizdə olan it-pişik, mal-qara, qoyun-quzu hamısı məndən, daha doğrusu, mənim gödəkcəmdən hürkürdü. Bu da mənim başıma cürbəcür hadisələrin gəlməsinə səbəb olurdu. İndi o hadisələrdən birini sizə danışmaq istəyirəm. Qulaq asmaq istəyən oxucu buyursun!
- Noyabr ayının axırları idi. Artıq ağaclar yarpaqlarını tökməyə başlamışdı. Yağışlı, çiskinli bir gün – həftənin altıncı günü sinif rəhbərimiz Abdulla müəllimdən icazə almışdıq ki, biz – beş nəfər, dörq-beş kilometr aralıda olan kənddən gələn şagirdlər, axırıncı dərsə - əmək məşğələsinə dayanmayaq. Bir az tez gedək ki, qaranlıq düşənə kimi evimizə çata bilək. Dördüncü dərsimiz isə botanika idi və bu dərsi bizə həmin il ali məktəbi bitirib gəlmiş, gənc və öz ixtisasını yaxşı bilən Mina müəllim keçirdi.
Sinifdə partalar iki sıra düzülmüşdü və mən Fikrətlə qabaqda, müəllimin masasının önündəki partada otururdum. İkinci sıra bizdən solda, divarın dibində idi. O sırada - bizim partamızın yanında olan partada da Sabirlə Vəli otururdu: Sabir divarın dibində, Vəli isə sağda - mənim tərəfdə. Bizim parta ilə onlarınkının arasında bir metrdən də az məsafə var idi.
Dərs başlamışdır və müəllim bizi bir-bir yazı taxtasının önünə çağırıb, keçdiyimiz “paxlalılar” mövzusunu soruşurdu. Mina müəllim dərs soruşanda öz masasına dirsəklənib oturar və bizə qulaq asardı.
Vəli Mina müəllimin arxasının onlar tərəfə olmasından istifadə edərək, cibindən iri bir bıçaq çıxarıb, onu Sabirə göstərdi. Sabir də əlini uzatdı ki, Vəli bıçağı ona versin, yəqin ki, baxmağa. Amma Vəli bıçağı ona vermədi. Sonra o, bıçağın tiyəsini açıb sol biləyinin üstündəki tükləri tüpürcəyi ilə islatdı və qırxmağa başladı.
Burada elə bir qeyri-adi iş yox idi. Vəlidir də... Ondan nə desən gözləmək olardı, təkcə dərs oxumaqdan savayı! Bir də çevriləndə gördüm ki, Vəli Sabirin qolunu tutub özünə tərəf dartır. Çox güman ki, bıçağının “nəyə qadir olduğunu” göstərmək üçün Sabirin də əlinin üstünü qırxmaq istəyirdi. Sabir də dartınaraq onun əlindən çıxmağa çalışırdı.
Nəhayət, onların bu dartışması Mina müəllimin də diqqətini cəlb etdi və o, oturduğu yerdən qalxıb, partaların arası ilə gəzişməyə başladı. Mən düşündüm ki, daha bıçaq oyunu bitər. Lakin bitmədi. Necə oldusa, Mina müəllim bıçağı gördü. O, öz yerinə qayıtdı və dərsi saxlayıb, Vəlidən tələb etdi ki, gətirib bıçağı masanın üstünə qoysun.
Hamının, o cümlədən müəllimin də gözləri qarşısında Vəli əllərini partanın altına soxdu. Oradan bıçağın şaqqıltı ilə bağlama səsi gıldi. Biz gözlədik ki, Vəli bıçağı gətirib qoyacaq masanın üstünə. Amma Vəli deyil, onun kölgəsidir ki, bıçağı qoya masanın üstünə!
Müəllim bir də təkrar etdi:
- Dur, bıçağı bura gətir!
- Hansı bıçağı? – deyə Vəli həyasız-həyasız özünü bilməməzliyə vurdu.
Mina müəllim bu dəfə daha yüksək tonla tələb etdi ki, bıçağı onun masasının üstünə qoysun. Fikrətə də tapşırdı ki, gedib direktoru sinfə çağırsın.
- Müəllim, vallah, məndə bıçaq yoxdur!.. İnanmırsınız, gəlin, baxın! – deyə Vəli and-aman eləməyə başladı. Amma mən gördüm ki, o, bıçağı pencəyinin sağ qoluna soxdu və iki barmağı ilə onu orada tutub saxladı.
Fikrət direktoru çağırmağa getdi. Daha dərs pozulmuşdu və mən də düşündüm ki, beşinci saatdan azad olmağımız batdı, qaranlığa düşəcəyik!...
- Dur, qabağa çıx! – deyə müəllim Vəlidən tələb etdi ki, durub yazı taxtasının önünə gəlsin. Vəli də tənbəl-tənbəl ayağa qalxdı və partadan çıxıb qabağa keçən anda qolunda gizlətdiyi bıçağı mənim gödəkçəmin sol, yan cibinə saldı. Bunu, mənə sürtünməklə, elə ustalıqla elədi ki, heç kimin nəzərinə çarpmadı. Sonra keçib, yazı taxtasının önündə, heç nə olmamış kimi, sakitcə dayandı.
- Bıçağı masanın üstünə qoy! – deyə Mina müəllim yenə tələbinin üstündə təkidlə durdu.
- Müəllim, məndə bıçaq olmayıb, Siz bu darağı görmüsüz! – deyə Vəli cibindən bir paslı daraq çıxardı və masanın üstünə qoydu. Mina müəllim hirsindən pörtmüşdü və artıq mən də cibimə atılmış bıçaq üçün narahat olmağa başlamışdım.
Aradan heç beç dəqiqə keçməmiş, Fikrət sinif rəhbərimiz Abdulla müəllimi də gətirib gəldi. O, Mina müəllimə:
- Müəllim, Ələddin müəllim məktəbdə yoxdur!.. Ona görə sinif rəhbərimiz gəldi. Sonra keçib öz yerində oturdu.
Yəqin ki, nə üçün çağrıldığını Abdulla müəllim Fikrətdən öyrənmişdi. O, heç kimə heç nə demədən Vəlinin üstünə qışqırdı:
- Ə, Totu oğlu, bıçağı bura ver!
- Vallah, Qazı oğlu müəllim, məndə bıçaq olmayıb! – deyə Vəli də Abdulla müəllimi öz ləqəbi ilə çağıraraq, ondan qorxmadığını sinfə nümayiş etdirdi. Sonra, masanın üstünə qoyduğu darağı Abdulla müəllimə göstərib dedi: - Bunu görüb, Mina müəllim bıçaq zənn edib... İndi deyirəm, məndə bıçaq olmayıb, inanmır...
- Gözünün içinə kimi yalan deyir! – deyə Mina müəllim dilləndi. – Öz gözlərimlə gördüm ki, dərsdə bıçaq oynadır... Gözü çıxmış!.. – indi necə də, utanmaz-utanmaz, deyir ki, daraq idi!..
Mina müəllim hirsindən ağlayırdı. Abdulla müəllim də yavaş-yavaş özündən çıxmağa başlamışdı.
- Vallah, ordunu deşərəm, ver bıçağı!
- Müəllim, məndə bıçaq olmayıb...
- Müəllimin də ölsün, sən də!.. Bıçağı ver!
- Dedim ki, məndə bıçaq-zad yoxdur! İnanmırsız, axtarın...
Abdulla müəllim başladı Vəlinin ciblərini eşələməyə. Eşələyə-eşələyə deyinirdi:
-Ədə! Vallah, səni məktəbdən qovduracağam!
Vəli də dilini dinc qoymurdu:
- Dədəmi yeyim, qovdur!.. Qovdurmayan da?!. Nooldu?.. İki gün dərsə gəlməyən kimi kəsdirirsən qapımızın ağzını ki, Vəli hanı?.. Niyə dərsə gəlməmişəm?!. Gələndə də belə olur, bax, üstümə şər atırlar...
- Bu nə danışır?!. - deyə Mina müəllim hirsindən bu dəfə ağappaq ağardı. – Ayə! – dedi. - Abdulla müəllim bağışlasın məni!.. Ayə, sən haranın nəyisən ki, mən sənə şər də atım?!
Vəli bu dəfə dinmədi. Yalnız çiyinlərini çəkdi. Yəqin ki, vəziyyətin ciddi şəkil aldığını artıq hiss eləmişdi. Vəlidən bıçağı tapmayan Abdulla müəllim də Sabiri yanına çağırıb onun da ciblərini axtardı. Bıçaq yox idi!..
O anlarda mən düşündüm ki, bıçağı çıxarıb Abdulla müəllimə verim. Amma fikrimdən daşındım. Çünki əgər mən bıçağı göstərsəydim və desəydim ki, onu Vəli salıb mənim cibimə, onsuz da Vəli bunu boynundan atacaqdı! Hələ bəlkə də deyəcəkdi ki, bıçaq mənim özümünküdür, Vəliyə vermişəm ki, baxıb qaytarsın. O, bıçağı mənə qaytarıb. Bu boyda həngaməyə baxmayaraq, qəsdən, bəlkə də qorxudan bıçağı gizlədirəm, qoymuram masanın üstünə. Vəli də, guya “kişilik edir!”, mənim adımı çəkmirmiş!. Ona görə susdum, gözlədim ki, görüm bu işin axırı nə olacaq?!
Axırı belə oldu ki, Abdulla müəllim Vəlini sinifdən çıxarıb, harasa apardı. Dərsin axırına da az qalmışdı. Mina müəllim yeni dərs keçmədən və heç zəngin çalınmasını gözləmədən sinif jurnalını götürüb getdi.
Sinifdə hamı mat qalmışdı ki, görəsən, Vəli bıçağı hara gizlətdi? Uşaqların hamısı tökülüşüb bütün sinfi, partaların altından tutmuş, çantaların içinə kimi hər yeri ələk-vələk elədilər. Bıçağı tapa bilmədilər ki, bilmədilər...
Mən də onlara qoşulub “Vəlinin bıçağını axtardım” ki, məndən şübhələnməsinlər. Çünki onlar bilsələr ki, bıçaq məndədir, mütləq onu Mina müəllimə deyəcəkdilər. Onda da mən, “Vəlini müdafiə etdiyim üçün” Mina müəllimin gözündən düşə bilərdim...
Axır ki, zəng vuruldu və biz beş nəfər axırıncı dərsə dayanmadan evə yollandıq. Mən bilirdim ki, Vəli öz yollarında dayanıb məni gözləyəcək ki, bıçağı geri alsın. Ona görə qəsdən bir az geri dayandım ki, bizimkilər bu “oyundan” xəbərdar olmasınlar.
Biz - o biri kənddən olan və ikinci növbədə oxuyan beş şagird, dərsdən sonra evə doğru bütün yolu qaçırdıq. Həmişə də ən öndə Qurban, ən axırda da mən olurdum. Qurbanın öndə qaçmasının səbəbi o idi ki, uşaqlar, ələlxüsus da Əzəddin, onu incidir, ora-bura itələyir, ya paltarı kola ilişir, ya da ayaqqabısı, eləcə də paltarı palçığa bulanırdı. Mənim isə ən axırda getməyimin səbəbi də o idi ki, yaşda və boyda obiri dörd nəfərin hamısından kiçik idim. Həm də fənlərin əksəriyyəti üçün ümumi dəftərdən istifadə etdiyimə görə çantam da ağır olurdu.
Biz Mustafa müəllimgilin doqqazını burulub, kənd mağazasına doğru yönələndə gördük ki, qarşıda iki camış var. Onlar bizə tərəf gəlirdilər. Qurban yenə həmişəki kimi nataraz hərəkət etdi. O, astarı ağ-qara damalı plaşını başına çevirdi və:
- Vuuuvvvv... – deyə qışqıra-qışqıra camışların üstünə yeridi. Camışlardan biri bu gözlənilməz hücuma hazır vəziyyətdə dayandı - başını aşağı salıb, buynuzlarını irəli verdi.
Qurbarn daha camışlara yaxınlaşmadan, yolun sağ tərəfindəki daşquranın dibi ilə qaçıb getdi. Qurbanın ardınca o biri uşaqlar da camışları hürkütdülər. Amma camışların qəzəbinə bircə mən düçar oldum. Deyəsən, bu dəfə də mənim çəhrayı gödəkçəm camışların xoşuna gəlməmişdi.
Onlardan biri – Qurbana buynuz göstərən camış məni hədəf aldı və gözləri çevrilmiş, belinin tükləri qabarmış halda, dördayaqla qaça-qaça, üstümə cumdu. Mən camışdan qorxub:
- Dədəə... – deyə qışqıra-qışqıra yolun sol kənarına – yalnız yuxarısında daşqura olan boş sahəyə qaçırdım. Daşquranın dibi ilə qaçırdım ki, “camış məni görməsin”. Amma camış məndən əl çəkmədi. Elə bil məni qabaqlamaq istəyirdi. Heyvan sürətini artıra-artıra mənə tərəf gəlirdi. Heç on, on beş addım uzaqlaşmamışdım ki, camış məni haqladı. Özümü daşqura ilə onun bir addımlığında olan tut ağacı – gərənin arasına saldım. Gərə - diametri on beş iyirmi santimetr olan və hər il tut ipəkqurduna yem üçün budanan, yarı quru, yarı yaş ağac idi.
Camış bir hücumda mənim dalımca – daşqura ilə Gərənin arasına girmək istədi. Mənim bəxtim orada gətirdi ki, camışın kəlləsi araya sığmadı. Mən bir az ürəkləndim və çiynimdəm çantamı çıxarıb onunla camışı qovmaq istədim.
-Oha!.. Oha!..- deyə var gücümlə qışqırdım. Amma nə fayda, elə bil bu heyvan qarşısına məqsəd qoyub ki, mütləq məni əzməlidir... Bəlkə də o istəyirdi ki, mən ağacdan aralanım, sonra məni rahatca daşquraya sıxıb öldürsün...
Daha mən də səsimi kəsmiş, bir çıxış yolu axtarmağa başlamışdım. Bir ara camış da bir az geri çəkildi və başını yuxarı qaldırıb, bərəlmiş gözlərini mənə dikdi. Gördüm ki, onun burnunun dəliklərindən köpük axır. Mən yenə çanta ilə onu qovmağa çalışdım:
- Hooo! Hoo! – deyə ona acıqlandım. Camış fınxırdı və onun burun dəliklərindən çıxan köpük mənim sifətimə dəydi. Heyvan bu dəfə Gərə qarışıq məni daşquraya sıxmaq istədi. Mən aradan çıxdım, amma ağacdan uzaqlaşmadım. Camış gərəni buynuzlarının arasına alıb, mənə tərəf itələməyə başladı. Bu dəfə bərk qorxdum. Çünki ağac az qalırdı kökündən qopsun! Həm də bayaqdan kənarda dayanıb, bizə tamaşa edən o biri, nisbətən balaca camış da bizə yaxınlaşırdı. Yoldan da bir adam keçmirdi ki, köməyə çağıram.
Birdən əlimə cibimdəki bıcaq dəydi. Əlimi cibimə saldım, Vəlinin soyüq bıçağı cibimdə idi! Çantanı daşquranın dibinə atdım və, bıçağı çıxardım tiyəsini açdım. Elə bil canıma güc gəldi. Camışa baxdım. O, öz işində idi, - çalışırdı ki, Gərəni kökündən qoparsın. Ağacın başı daşquraya söykənəndə mən nisbətən az qorxurdum.
Bilirdim ki, o arada qoruna biləcəyəm. Amma camış gövdəsinin sol tərəfini daşquraya dirəyib, ağacı yana doğru itələyəndə ürəyim yerindən oynadı! – birdən Gərə yıxılsa, mən neyləyə bilərdim?!. Əvvəl istədim ki, əyilib, bıçaqla camışın bir gözünü çıxardım. Kor gözü ilə mənə nə edə bilərdi axı!?. Gərəyə yaxınlaşıb əyildim. Amma heç nə edə bilmədim. Çünki camışın buynuz və qulaqlarının arxasında gözün harada olduğu bilinmirdi. Çox yaxınlaşmağa da qorxdum ki, qolum buynuzla gərənin arasında qalar. Geri çəkildim.
Camış bir də ağaca dirəşdi. Gərə əyildi və o biri tərəfdən torpaq qalxıb, aralandı. Ağacın sarı kökləri göründü. Bu dəfə camışa qorxu ilə yox, nifrətlə baxdım. Nə olur-olsun, ona bir xəsarət yetirməli idim.
Boynunun şah damarı qolayıma gəldi və ağaca yaxınlaşıb, başımı və hazır bıçaq tutduğum sağ qolumu camış tərəfə keçirdim. Daha fürsəti əldən verməmək üçün sağ dizimi camışın buynuzuna söykəyib, cəld hərəkətlə bıçağı camışın boynunun şah damarına çəkdim. Doğrudan da, bıçaq çox iti imiş, elə bil, dartılmış kəndiri kəsdin! Mənə elə gəldi ki, damar şaqqıltı ilə qırıldı. Geri çəkildim. Camışın başı qabaq ayaqlarının arasına sallandı.
Sonra camış da kəskin hərəkətlə geri çəkildi və dal ayaqlarının üstünə şöngüdü. Mən yenə Gərədən uzaqlaşmadım və camışın yeni hücumunu və mənim ona yeni xəsatət yetirə biləçəyimi düşünürdüm...
Bir azdan camış tarazlığını düzəltdi “oturduğu yerdən” özünü irəli verərək ayağa qalxdı. Onun boynundan qan fışqırdı. Üstümə qan dəyməsin deyə bir-iki addım kənara çəkildim. Yaralı heyvan da məndən “qorxmüşdu” deyəsən, o dönüb yol tərəfə getmək istdiyini gördüm. Gördüm ki, bu yara ilə könlündən qatillik keçən camış, mən heç nə edə bilməz!
Bıçağı qatlayıb, cibimə qoydum. Daşquranın dibindən çantamı götürüb çiynimə keçirdim və oradan - əvvəlcə yavaş-yavaş, sonra isə qaçaraq, kənd mağazasına tərəf uzaqlaşdım. Mən yola çatanda camışı “kəsdiyim” yerdən böyürtü səsləri gəldi. Daha bilmədim, böyürən hansı camış idi?..
Elə mənim düşündüyüm kimi də oldu. Vəli öz doqqazlarının ağzında məni gözləyirmiş! Mən ona heç nə demədən, bıçağı cibimdən çıxarıb onun qabağına - yerə atdım və qaça-qaça yoluma davam etdim.
Həftənin birinci günü, hələ dərs başlamamış, Vəli mənə yaxınlaşdı və dedi:
- Kar Əhmədin dəli camışını sən kəsmişdin?
- Ə! – dedim, mənim camış kəsəməyə gücüm çatar?!.
- Mənə yox, dəə! Bıçağın ağzında camışın tükü və qan var idi...
- Deməli, sən kəsmisən, Vəli!.. Müəllimlərdən gizlətdiyin bıçaq ilə... Məndə camış kəsməyə bıçaq nə gəzir? - deyə səsimi qaldırdım.
- Ssss!.. - deyə Vəli şəhadət barmağını dodaqlarına toxundurdu. – Onsuz da məndən şübhələnirlər... Bıçaq barədə bir adama bir söz desən, vay halına!.. Eşitdin?
- Əşşi, əl çək yaxamdan, mən bıcaq-zad görməmişəm!
- Yaxşı, əla! – deyə Vəli mənə “arxayın” olduğunu bildirdi və əlavə etdi: – Bu kitabı bağladıq!
Bakı, 06.07.2003