manera.az
manera.az

Bütün xatirələr getdi solmağa - Şeirlər

Bütün xatirələr getdi solmağa - Şeirlər
MANERA.AZ Azad Fərhadoğlunun şeirlərini təqdim edir:

***
Həyat dar cığırdır, keçir dumandan,
bilməzsən axırı haraya çıxır.
Bəzən, bir ucqarda, köhnə daxmaya,
bəzən də, bir qolu saraya çıxır.

Nə sirrdir, çalxanır, silkinir elə..
ya.. dünya atmıdır, dəvəmi yoxsa?
Harada düşürür, xəbərin olmur,
bir də baxırsan ki, üstündə yoxsan.

Bəlkə arzulardır, durna qatarı,
adam darıxanda, belə də sanır.
Yox.. biz bu dünyada yoldan keçənik,
nə bilək qatarlar harda dayanır.

Bir iki təsəlli tutalğacmıdır?
adamı saxlayır bu qaçhaqaçdan.
Hardan bilərik ki, - ağac da bilmir,
son yarpaq hansıdır, düşər ağacdan?

Beləcə, çəkilib səssiz bir yerə,
sildim xəyalımdan keçənləri mən.
Düşünüb, bir qara qayanın üstdə,
boş verdim, ömürümdən, içənləri mən.

Çox sonra bildim ki, dünya fanidir,
çoxdannan deyibmiş, köhnə adamlar.
O vaxtan uçulmuş ucqar bir yerəm,
mənim kimisizmi, siz də a damlar!?
2023


***
Mənim uşaqlığım, kama çatmadı,
kitabnan böyüdü, başı batmamış..
Kərpici qırlmış , daşı partdamış.
şübhəsi olammaz, o damın, mənə.

Mənim uşaqlığım, qocaydı, nədi..?
könlümə ən kövrək notlar yüklədi..
Axşam, göylüyümə at hörüklədin -
biri deyə bilməz, adamın,mənə.

Axx,, mənim quzuçu vaxtlarım vardı..
bir günüm yağışdı, bir günüm qardı.
Yığşırıb qadamı anam apardı,
ta əli çatmayır qadamın mənə

Of. hələ o kəntdə o dam yaşayır,
tək qalan, nə qədər adam yaşayır.
Mənim də bir qoca atam yaşayır
nə qədər sözü var atamın mənə..
2023


***
Nədir bu tələsmək, darıxmaq nədir?
nədir bu payızda, nə tərsinədir?
Yol getmək mənim də həvəsimədir
sənlə o yolların çoxusun, gedək!

Qoy bir yağış yağsın yarpaq tökülsün,
baxım yarpaqlara belim bükülsün.
Qoy görək dağların alı sökülsün,
sarı paltarını toxusun, gedək!

Dünəndir - çıxıblar müharibədən,
yetim uşaqdırlar o təpə, bələn.
Dur, ölən hər şeyə bir hönkürüm, mən,
sinəm də qonursu qoxusun, gedək!

..Ta soldu yaşıllıq, saraldı çayır,
gəl ağlayaq yarpaq aparan çayı.
Nə deyim, səndə də səbir qalmayıb,
gedək, qoy o quş da oxusun, gedək
2022

Payız ovqatı

Düşəcək havadan ayrılıq dəmi
binələr yamacdan aralanacaq.
Əlini üzəcək güldən arılar,
yarpaqlar ağacdan aralanacaq.

Yığışıb gedəcək çöldən mahnılar
səsini özüylə aparacaq quş.
Zəhrimar buludlar komnan gələcək
gələcək üzünü mürdəşir yumuş

Bir qartal qalacaq zirvədə yalqız,
söykənib qayaya o da mat kimi,
yəqin bir qıyını ağı deyəcək,
solan gözəlliyə salavat kimi.

Biri bir sahildə çətir tutacaq,
yağışa qatacaq göz yaşlarını
Bir gölmə üzünə - barmaqlarıyla,
çəkəcək həyatla savaşlarını.

Üzünü həzinlik örtəcək yerin,
gün də dan yerinə solğun gələcək.
Hardasa balaca bir ümid üçün,
həsrət bu payız da yoğun gələcək.

Atamın pambıqdan çuxası ilə
mən də bir sabahda çıxacam dağa.
Gedəcək durnalar arxası ilə
yenə əllərimi axtaracağam.
2021


***
Bir-bir keçidlərin önünə ip çək,
hardan qada gəlir, hardan dərd gəlir.
Eh. bilsən ağrılar hardan üzəcək,
əvvəldən önünü qapayar əlin.

Hardan biləsən ki, səhərlər yola
baxmaqla gələnin gələsi olmur
Elə bilirsən ki, günlə, işıqla,
nura boyanacaq zavallı ömür.

Yazın gəlişi də aldadıcıdır
.. şadsan. - çiçəklərə sevinər ürək.
Hardan bilirsən ki, sabah çiçəklər,
azar olmayacaq-çiçəkləyəcək?

Elə darıxırsan bir dinclik üçün,
bir arzun üzünə gülə - alınmır.
Axı nə görmüsən o dan yerində,
A günün gün vaxtı bəxti çalınmış.

Elə yalvarırsan səhər vaxtına,
.. təki çətinini asana salsın.
Mən ki, dan yerində işıq görmədim.
gedim, darıxmağım axşama qalsın.
2020


***
Yığışıb dostdoğma, köydən çıxdılar.
atalı - analı öydən çıxdılar.
Kimi varıydısa, yaydan çıxdılar,
nə bir qulu qaldı, dağ yollarının.

Uzaq məkanlara getdilər, biyar
həsrət başlarına, qar ələdi, qar.
Yola saldıqları qayıtmadılar.,
gözü sulu qaldı, dağ yollarının.

Bütün xatirələr getdi solmağa,
getdi bütün adlar ağac olmağa.
Döndü yol olmaqdan, yamac olmağa,
nə bir yolu qaldı, dağ yollarının.

Üstünə qayalar aşdı, dağıldı.
qüzeylər başına uçdu, dağıldı.
Dərdini oxşadı, qucdu, dağıldı,
adı ulu qaldı, dağ yollarının.
2019


***
Bütün acılardan keçib gedilər
içinə gömərsən bir ömür yükü
Qorxarsan, bundan da betərlərinə,
sakit gümüldərsən buna da şükür

Arada boşluğa gileylənərsən -
görən, güneylərə, hələ, çoxmu var?
Məni işıqlığa aparacaqmı,
bu çənli- çiçəkli, azarlı yollar?

Bir cavab gözlərsən, suallarından,
... bircə yaramınsa, gəl, gözünü sar!
Yenə bərkinərsən - dərd ağladammaz
yenə tutunarsan - nə olar, olar.

Sərtləşər, beləcə , dözüm- iradə
əlini titrətməz içindəki qar.
Amma, yaşadığı,dağlara qalxıb,
adamı , yollara, baxmaq ağladar!.
2019


***
İndi bu ağacın vaxtı tamamdır
yollara, izlərə baxmağı gedib..
Elə çırpı - çırpı düşür torpağa
daha göy üzünə qalxmağı gedib

Çoxdandan quruyub su çəkən yeri
çopur gövdəsində yara dən - dəndir
Halallıq eyləyir yüksəkliklərə
bir dəli küləyin himinə bənddir

Elə öz altıdır qəbri də onun,
qopub, üst - üstünə , düşüb, qalacaq
Bu ağac da bütün canlılar kimi
düşdüyü yerdəcə torpaq olacaq

.. Yığıb qoltuğuna, budaqlarını
biraz yarıquru, biraz yarışax,
Quşların nəğməsi ölən yerini
hara aparırsan hara, ay uşaq.?
2018

Dünyanın

Yolmu bizi aparır, yoxsa bizmi yolları,
Yolmu izә möhürdü, yoxsa izmi yollara?
Әyrimi yar olacaq, görәn düzmü yollara,
Kimә çәpәr olacaq – daş hasarı dünyanın?

Köklәyib arzuları bir gün sabah çağına,
Ümidimiz darıxır, ümid duracağına.
Döngәmi işarәdi, daşmı yol qırağında,
Hansı ünvana çapır bu qatarı dünyanın?

Gedәnmi doğru yolda, qalanmı doğru yolda?
Nәfәslәri lәhlәdәn, yalan – bu oğru yolda.
İşıqmı düşdü sağda, itmi hürürdü solda,
Ümidlәri uçaraq – hara sarı – dünyanı?

Ha çağıraq – eşitmәz – öpdüyümüz anları,
Arxasıyla sel gedib hәmәn o zamanların.
Çığırtısı dәrindi yolda yol azanların,
Qulaqları eşitmәz, bu sәrsәri dünyanın.

Ha vurnux da yolları, ha ütün vurhavurda,
Çәhlimlәr orda bitәr, lәpirlәr isә burda.
Dönәrik asta-asta – qara, әbәdi yurda,
Qәmli nәğmә çığırdar qәmli tarı dünyanın.


***
Soyuqlarla aram çoxdan pozuqdu ,
soyuq ayda soyumuşdu aramız.
Buludların hər yerindən üstümə ,
qar da elə yağırdı ki , aramsız ..

Günün göydə bir az rəngi ağıydı..
qaranlığa yollanırdı , təpə -dağ.
Əsəblərin qan çıxaran çağıydı ,
səslərimiz öpüşmürdü bir dodaq.

Gedişinlə üşümürdü ayağın,
gözlərinin pəncərəsi donurdu..
Dodağımı dişim yonan sayağı,
agacdələn bir ağacı yonurdu.

Vurnuxurdum bu tarlığın içində,
burda qalan ayağının iziydi.
Görməmişdim soyuğu bu biçimdə,
yel qaldıran toz da, qarın tozuydu.

Əllərimin qızarmışdı "ipləri",
qar kefini hər tərəfdə sürürdü.
Adgözəlin mənə qara itləri ,
bilirsənmi.. nə görənək hürürdü.
2016


***
Nə yaxşı bir daha görüşdük sənlə,
nə yaxşı çoxdankı ilə qayıtdıq.
Hərəmiz bir yanda itib batmışdıq,
nə yaxşı bu doğma elə qayıtdıq.

Çoxmu dəyişmişik bilə bilmirəm,
yorulub əlindən qovdu - qaçların.
Düşüb alnındakı qırışı örtür,
əvvəllər arxaya duran saçların.

Elə fağır fağır duruşun var ki,
elə bil dağların lalası yatır.
Necə asta asta qalxır kipriyin
gözündə bir ahu balası yatıb?

Harda yaraşığın düşüb çuxura?
üstündən nə yaman yağış, su gedib.
Borana düşəndən mənim əllərim,
sənin də əlinin istisi gedib.

Görürəm dolaşıq olub yolların,
çox mələr qalmısan dumanda - çəndə
Yaxın gəl gözünün qadasın alım
dəli omaxşımaq görürəm səndə.

Başqa nələr nələr deyə bilərəm,
küləkdən də aman umur qamətin.
Eh, mənim də məndən xəbərim yoxdu
sən də məndən mənə bir misal gətir

Onu bilirəm ki, eey.. o zamandan
söyürəm arxada qalan yolları.
Gəldik heç olmasa danlaya bildik
bzi burdan yola salan yolları.
2016


***
Biraz yuxarı qalx, küləyə görsən,
azacıq gülümsə, guya xoşbəxtsən.
Bilirəm buludlar göydə qaradır,
yağış da gözünü yuya - xoşbəxtsən.

Unut ağrıların əzən yerini,
uzun saçlarını yellərə burax.
Güllü paltarını dalğalandırsın,
həm də çiçək görsün payız fəsli dağ.

Qaldır qollarını çiyninin üstə,
biraz qamətini dərəyə uzat.
Elə bilsinlər ki, uça bilirsən,
quşlar da hüsnünə qoy baxsın mat - mat.

Mən bir az şairəm bir az da rəssam,
deyimmi vücudun necə görünsün?
Azca dabanını yuxarı qaldır,
bəstəboy boyun da uca görünsün.

Dəmnən gözünə də xeyli sürmə çək
bir qəm görünməsin köhnə ilindən.
Solğun yanağını ayaz rəngləsin,
gözəl şeir çıxsın bu şəkilindən.

Tural Adışirinin təqdimatında..Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031