manera.az
manera.az

Qopmuş yarpaq - Çağdaş qazax nəsri

Qopmuş yarpaq - Çağdaş qazax nəsri
Malik Otarbayev - 2000-ci illər ədəbi nəslinə mənsub olan nasir, esseçi və tərcüməçi Malik Otarbayev (1980) Jambıl vilayətində doğulub. 2022-ci ildən Qazaxstan Respulikası Prezidentinin müşaviri, eyni zamanda, Yazıçılar İttifaqının katibi, Avrasiya Yazıçıar birliyi məsləhət şurasının üzvüdür. M.Otarbayev dövri nəşrlərdə nəşr olunmuş hekayə və esselərin, “Oykazan” ədəbi-fəlsəfi esslər kitabının müəllifidir. Ədəbi uğurlarına görə “Serper” dövlət gənclər və “Ak Jayık” jurnalının J.Najimedenov adına mükafatlarına layiq görülüb.

MANERA.AZ yazıçının "Qopmuş yarpaq" hekayəsini təqdim edir:

Bomboz, ağırlaşmış buludlar payız səmasını bürüyüb. O buludları Yer üzündə də cövlan eləyən, sonuncu yarpaqları budaqlardan qoparan şiddətli külək qovur. Ağacların boğuq xışıltısında ötüb-keçən yayın qüssəsi duyulur. Dağların yamacları aşağı axan çeşmələrin gümültüsü də xışıltıya qarışır. Sanki bütün təbiətə parlaq günəşli günlərin daha qayıtmayacağından doğan acı təəssüf hakim olub. Adama elə gəlir, hər bir qopan yarpaq kiminsə yaşanmış, ötüb-keçmiş həyatıdı.

Tölegen qəbirstanlıqdan qayıdırdı.

O, doğma məzarlara baş çəkməyə, dünyalarını dəyişmiş doğmalarının ruhuna dua oxumağa gedirdi. Əlini başdaşılara vuranda rahatlıq və dinclik duyurdu. Sükut onu fani dünyadan ayırır, sirli, anlaşılmaz əbədiyyət aləminə aparırdı. Qəbirstanlıqda zaman belə donurdu. Belə yerdə insan qarşısında nə vaxtsa qapı açılacağını bütün qəlbiylə duyur. Amma o qapının hara – zövq dolu cənnətə, yoxsa dözülməz cəhənnəmə - aparacağını bilmir.

...Tölegen nənəsinin sevimlisiydi. Çəlimsiz qarı çox vaxt onu belinə mindirir, qohum-qonşuya gedirdi. Oğlan bütün cismiylə qarıya sığınıb dünyada ən doğma adamdan yayılan məhrəm hərarəti duyurdu. Bu, hələ naməlum aləmin öz sirlərini ona yenicə açdığı uşaqlıq çağlarının ən işıqlı xatirələriydi. İndi, Tölegen aula gələndə nənəsiylə qonaq getdiyi evləri ən doğma və əziz məkanlar sayır. Qarı onun balaca qəlbinə şəfqət və xeyirxahlıq toxumları səpəmişdi.

Babası ömrü boyu ibtidai sinif müəllimi işləmişdi. Müdrikliyinə və nəcibliyinə görə, camaat ona hörmət bəsləyirdi. Qoca yenicə dünyaya gəlmiş nəvəsinə məşhur alim Tölegenin adını vermişdi: “Qoy balam böyük alim olsun!” O, daim törəməsinin xoşbəxt gələcyinə, elmlərə meylinin bəhrə verəcəyinə inanmışdı. Tölegen böyüyüb ağıllı, abırlı adam olurdu.

“Nənəcan, babacan, - oğlan doğma qocalarla vidalaşanda pıçıldayırdı, - ümidlərinizi doğrultmağa çalışıram...” Onun ürəyi qaçılmaz itki hissindən sıxılır, gözləri qeyri-ixtiyari yaşla dolurdu...

Tölegen cığrla çıxışa doğru gedəndə son vaxtlar yeni başdaşıların artdığını sezdi... Bax, bu qəbir lap təzədi, hələ üstü də götürülməyib.

Çıxışın yaxınlığındakı qəbrin üstündə ağlayan bir qadın gördü: “Əziz qızım!.. – O, hönkürürdü. – Canım-ciyərim! Səni biz məhv elədik!..” O, diz çöküb sinədaşını bərk-bərk qucaqlamışdı. Qadının sısqa görkəmi qəbirstanlığın sükutunda həddən artıq sısqa və kədərli təsir bağışlayırdı.

Tölegen təsirlənib biçarə anaya doğru getdi, başdaşının üstündəki yazını oxumağa cəhd göstərdi. Ayaqları altında qalan yarpaqların xışıltısı sükutda aydın eşidilirdi. Qadın ayaq səslərinin yaxınlaşdığını sezib susdu, kəskin hərəkətlə geri çevrildi. Onun iri gözləri kədər və nifrətlə doluydu. Yaylığı sürüşüb çyinlərinə düşdü, ağ saçlaqrı dağıldı. Dərddən rəngi tutulmuş halda qışqırdı:

-Yaxın gəlmə! Rədd ol, yaramaz! Qızımı sən məhv elədin! Rədd ol!

-Yox-yox... Mən... Mən ancaq təsəlli vermək istəyirdim...

-Siz mənim mələyimi öldürdünüz! Buna görə, hamınız cavab verəcəksiniz!

-Xadişa xala?! Sizsiniz?! Necə oldu ki, tanımadım? Mən... Mən qonşunuz Qulnazın oğluyam ki... Qızınıza Allah rəhmət eləsin!

-Yox-yox, hər şeydə özüm günahkaram, - ağbirçək qadın tələm-tələsik göz yaşlarını silib özünə tənə vurdu.

-Xadişa xala, bu yaxınlarda Türkiyədən qayıtmışam, qərara gəldim ki... – Tölegen izah eləmək istədi.

-Mələyimi öz atası öldürdü... - qadın onun sözünü kəsdi - O da əməlinə görə cavab verəcək, - sonra yenə oğlanın üstünə cumdu. – Dedim ki, rədd ol! Cəhənnəm ol!

-Alah rəhmət eləsin! – Tölegen çıxışa doğru gedə-gedə dilləndi.

Uşaqlıq çağlarında Xadişa xala tez-tez onu təndir çörəyinə qonaq eləyirdi. Oğlan o çörəyin dadını indiyəcən unutmayıb. Qadının yeganə qızının dünyadan köçdüyünü eşitmişdi, amma təffərrüatını bilmirdi. Ana qəlbi bu boyda dərdə necə tab gətirir?! Bir də ki, ata doğma qızını necə öldürə bilər? Nəyə görə öldürüb? “Bəlkə, qız avtomobil qəzasında tələf olub?” – Tölegen mərhum qızın atasına haqq qazandırmaq istəyirdi.

O, düşüncələrə qərq olub, qarşıdan əsən küləyin həmlələrinə fikir vermədən addımlayırdı. Bu cür küləkli sükutda da qəfildən tək qaldığını, yanında bir doğma adamının belə, olmadığını xüsusilə aydın hiss elədi. O doğmalarının nəvazişindən və xeyirxahlığından məhrum olmuşdu. Onların daim tutqun buludları deşib qılbinə hərarət gətirən Günəş şüalarına oxşar hərarətinə həsrət qalmışdı. O sevgiyə çox ehtiyacı vardı...

Gördüyü qorxunc mənzərə - qızının məzarı yanındakı dərddən tanınmaz hala düşmüş qadın - Tölegenin gözləri qabağından çəkilmirdi. Ağır düşüncələr daş kimi qəlbinə çökmüşdü, sanki o məzarda Xadişa xalanın qızını deyil, oğlanın özünü dəfn eləmişdilər. Beynində dolaşan fikirdən eymənib diksindi, bu kədərli məkanı mümkün qədər tez tərk eləmək üçün addımlarını yeyinlətdi. Darvazadan çıxanda dönüb geri boylandı. Qəbirstanlığın hasarı boyu bitmiş qovaq ağacları ona kədərli insan cərgələrini, başdaşılar isə diriləcəkləri günü gözləyən daş mələkləri xatırlatdı...

Tölegen yenə mərhum qızın atası barədə düşündü. O, doğma balasının ölümünə necə səbəb bola bilərdi? Xəyalı oğlanı cəhalətin və qərəzin ataları doğulan qızlardan rəhmsizcəsinə can qurtarmağa məcbur elədiyi keçmiş əsrlərə, barbarlıq dövrünə apardı...

***

O çağlar Roma və Sasani imperiyalarının qanlı hakimiyyt dövrüydü. Hələ Uada* (*Uada (ərəb.) – yüksəklik, dağ, zirvə. Muhamməd (ə) dünyaya gəlməsi ilə bağlı hədisdən) üzərində Ay doğmamışdı.

Ərəbistan səhrasında aramsız külək cövlan eləyir, qumu sovurur, yolçuların göz açmalarına imkan vermirdi. Günəş şüaları bütün canlıları yandırıb kül eləyən atəşi xatırladırdı.

Belə qızmar, bürkülü günlərin birində rifah içində yaşayan bir evdə uşaq dünyaya gəldi. Körpənin səsini eşidən həyəcanlı ata otağa cumdu:

-Qızdı, ya oğlan? – O, mamaçadan və ona yardım eləyənlərdən soruşdu.

Qadınlar qorxunc sualı eşidib özlərini itirdilər, əl-ayağa düşdülər, dinib-danışmadılar. Ana körpəni sinəsinə basıb sevincdən ağladı.

-Qızdı... Gələcək qardaşlarına bacı olacaq, - zahı qadın təbəssümlə diləndi.

-Yenə qız? – Kişi hiddətlə qışqırdı. – Ey ilahilər! Artıq mənə iki qız bəxş eləmisiniz axı! Yenə də qız verdiniz? Bu ki, məni ələ salmaqdı!

Kişi qəzəblənmişdi. Yumruqlarını düyünləyib bayıra cumdu. “İndi camaaatın üzünə necə baxacağam axı? Üç qız atası olmaqdansa, ölüb yerə girmək daha yaqxşıdı!”

Onsuz da qohumları yalnız qızları doğulduğu barədə tənə vururdular. İndi isə qonşuları da oğlu olmadığını, bundan sonra da doğulmayacağını başına qaxacaqdılar! Heç kəs onu əsl kişi saymayacaqdı. Bu rüsvayçılıq ləkəsini də yuya bilməyəcəkdi. Qızın nə faydası var axı? O, atanın soyunu davam etdirə bilməz. Qadın – insan deyil, yalnız oyuncaq, ləyaqətsiz kişi oyunlarında əyləncə vasitəsi ola bilər....

Onda Roma və Sasani imperiyalarında, Ərəbistan səhralarında qızın doğulması rüsvayçılıq sayılırdı.

Ümidsizliyə qapılmış kişi hiddətini kimin üzərinə tökəcəyini bilmədən səhrayla qaçırdı. Qum gözlərinə dolur, o isə nəzərlərini ulduzlara dikib qışqırırdı:

-Ey ilahilər. Mə-nim gü-na-hım nə-di a-xı!

Amma sükuta dalmış səhra onun gecə zülmətinə qərq olan fəryadını udurdu. Düşüncələri dolaşan kişi kin dolu və bəhrəsiz şübhələr içində çırpınırdı...

Geri qayıdanda körpə üçün qəbir qazan adamla rastlaşdı.

-Sənin də qismətinə belə bir bədbəxtlik düşüb? – Təəssüflə dilləndi.

-Taleyin istehzsına bir bax! Belə şey olar? – Həmin adam dilləndi.

-Heç demə... İndi qadınlar dünyaya oğlan gətirmirlər, bəyəm?!

-Ətrafına bax, gör nə qədər qəbir var. Allahlar bizi əfv eləyərlər, çünki başqa yolumuz yoxdu...

Amma arvadı bədbəxt kişiyə yalvardı ki, körpəyə mərhəmət göstərsin, o da qadının göz yaşlarına dözməyib yenicə dünyaya gəlmiş qızına toxunmadı. Bununla da özünü əbədi əzaba düçar elədi...

***

Şiddətli külək, axır ki, torpağa səpələnən yağışla birgə kəsdi. Torpaqdan kəskin rütubət və xəzan qoxusu gəldi. Bu qoxu Tölegeni çaşdırdı, oğlan xəstəhal ölüm havası duydu. O, özünü pis hiss elədi, ana evinin rahatlışına mmkün qədər tez yetişmək istədi.

Yaşadıqları küçədə yağış altında oynaşan balaca qızları gördü. “Deyilənə görə, uşaq yağışın altında dursa, tez böyüyər”, - qızlar gülə-gülə deyirdilər. Tölegen onların şən, qayğısız simalarını görəndə beynindən keçirdi ki, xoşbəxtlik elə o saf, sadəlövh uşaq gülüşündədi. Qızlar yaş sifətlərini silə-silə ora-bura qaçır, dağkeçisi çəpişləri kimi, kölməçələrin üstündən hoppanırdılar. “Bu cür möcüzəli məxluqlar naminə insan neçə ömrü olsa, qurban verə bilər”, - Tölegen beynindən keçirdi. O, qəfildən sərinləşmiş havanı ciyərlərinə çəkə-çəkə çiyinlərini dikəldib gülümsündü.

***

“Uada üzərində Ay doğmasaydı, halımız necə olardı? Bomboş səhrada Çiçək (*Çiçək – Muhəmməd Peyğəmbəri (ə) simvolizə edir.
)
bitməsəydi, bir-birimizi necə başa düşərdik? Müqəddəs Zəmzəm suyundan içmədən qəlbimizdəki iblisanə atəşi söndürə bilərdikmi?..”

***

Vaxt isə qədim Ərəbistan torpağı üzərindən ağır-ağır ötürdü...

Sükuta bürünmüş, ucsuz-bucaqsız səhradan başqa heç nə gözə dəymirdi...

Günəş bütün canlılar üçün ölüm hökmü verirdi...

Aləm can verən bir qurtum suyun həsrətindəydi...

Hüquqsuzluq və zorakılıq çağıydı. Allahın xəlq elədiyi məxluq isə insani simasını itirəndə ən qorxunc vəhşi heyvana çevrilir. Belə məqamlarda güclülər zəiflərə üstün gəlirlər. Onda dəyərsiz varlıq sayılan qadınlar yalnız göz yaşlarını silməli olurlar.

Ataların qəlbi buza dönmüş, kiflənmişdi. Yenicə dünyaya gəlmiş qızına rəhm göstərən kişi adamların üzünə baxa bilməzdi. Üçüncü qızı dünyaya gələndən sonra onun arvadı da hamiləliyin qarşısını aldı. Oğul olmayan evdə xoşbəxtlik də yoxdu, yalnız qızların doğulduğu ocaqda isə şər qüvvələr məskən salar. Qohumları əbəs yerə onun qızlarını şeytan sayımırdılar. O qızlar olmasaydılar, ilahilər biçarəyə, ən azı, bir oğul bəxş eləyərdilər.

Kişinin kiçik qızı qəfəsdəki ətcəbala kimi böyüyürdü. Yalnız anası onu arabir qardaşı uşaqlarının yanına aparırdı ki, bir az oynasın. Qız atasını çox sevirdi. Amma ata qərəzli düşüncələrinin əsiri olub onun nəvazişlərinə cavab vermək fikrində deyildi, üstəlik, kini get-gedə daha da artırdı. “Əbəs yerə demirlər ki, kiçik qız bütün soyum üçün qorxunc lənət kimi yaşayır. Ondan canımı qurtarsam, rüsvayçılqdan da qurtularam...”

O, işə girişdi. Qəbir qazmağa başladı...

Səhər də arvadlna buyurdu:

-Qızı geyindir, dayısıgilə aparacağam.

Ana uşağı geyindirməyə başladı. Qız atasının onu qonaq apardığını eşidən qız sevinib anasını tələsdirməyə başladı:

-Anacan, tez ol! Axı atam nə vaxtdı gözləyir!

Qadın ümidsizliyə qapılmışdı. Ana ürəyi həssas polur. Onun da qəlbi qan ağlayırdı. Çıxılmazlıqdan doğan kədər qadını taqətdən salmışdı. “Allahlar niyə mənim qızımı seçdilər? Əl boyda uşağın nə günahı var. Onu necə xilas eləyim?”

Ana ağappaq donunu geyindirib qızı bərk-bərk sinəsinə sıxdı. Qollarını aralamaq, onu ağuşundan buraxmaq istəmirdi.

-Hə, bəsdi, - ata qızın əlindən yapışdı...

-Ana, uşaqlarla bir az oynayıb qayıdacağam, - qız təbəssümlə pıçıldadı.

Ata və qız evdən çıxdılar. Tək qalan ana hönkürdü.

Onlar artıq evdən aralanmışdılar. Qız bütün uşaqlar kimi, şən halda, atıla-atıla qaçırdı. Ayaqları, demək olar, yerə dəymirdi, sanki iri, ağappaq kəpənək idi. Qəfildən qarşılarına qazılmış çala çıxdı. Ata qızın əlindən bərk-bərk yapışdı. Qız qorxudan tərləmiş əlini çəkməyə çalışa-çalışa soruşdu:

-Atacan, bura niyə gəldik axı?

Ata dillənmədi. Qızı çalaya doğru çəkib itələdi. Ona rəhmi belə gəlmədi. Qız yıxılanda qışqırdı: “A-ta-a-a! A-ta-a-a!” Sanki ildırım çaxdı, yer-göy lərzəyə gəldi. Qız qorxudan əsə-əsə atasının əbasından yapışdı: “Ata, atacan! Mənə yardım elə!” – o, yalvarırdı. Biçarə uşaq atasını onu çalaya itələdiyini dərk eləmir, elə bilirdi ki, özü sürüşüb yıxılıb.

Kişi uşağı yenə itələdi. Qız budaqdan qəddarcasına qoparılmış yarpaq kimi, dərin çalaya yıxıldı.

“Ata. Atacan! Məni burdan çıxar! Qorxuram!” – Çaladan səs gəlirdi.

Cahil, bədbəxt ata qızını, beləcə, diri-diri torpağa gömdü.

***

-Bala, əməlli-başlı islanmısan ki, - Tölegen evə girəndə anası dilləndi.

-Qəbirstanlığa getmişdim. Mərhumlara baş çəkdim, baba-nənəmin ruhuna dua oxudum, - oğlan cavab verdi.

-Allah dualarını qəbul eləsin, bala. İndisə əynini dəyiş, yemək vaxtıdı.

-Çox gözəl qoxu gəlir! Adam qürbətdə ev yeməklərinin həsrətini çəkir! Bəs, atam işdən gəlməyib? Bizim dəcəllər hanı?

-İndi özlərini çatdırarlar, onlara görə narahat olma.

-Ana, bu gün bazara alış-verişə getməmişdin?

-Canım-ciyərim, bu günlərdə ancaq sənin yanında olmaq isəyirəm. Axı qısa müddətə gəlmisən.

-Hə, qəbirstanlıqda Xadişa xalanı gördüm.

-Ah, hə, bala... Sənə necə deyim... Tale işidi də... Xadişa xalan... Allah köməyi olsun!.. Qızını itirəndən sonra lap ağlını itirib, hər gün qəbirstanlıqdadı.

-Məni tanmadı. Nəsə deməyə çalışdı... Deyəsən, qızını öldürüblər...

-Bu, uzun əhvalatdı, oğlum. Qızı özünü asdı. Adam heç yada salmaq istəmir, - anam köks ötürdü.

-Xadişa xalasa iddia eləyir ki, onu öldürüblər...

-Bala, hamının günahı var. Hamı da günahına görə cavab verir... Adamlar insanlıqlarını tamam itirib, lap qəddar olublar...

-Ana, amma bayaq dedin ki, qız özü özünə qıyıb...

-Hə, o cür də olub. O qız qənirsiz gözəl idi. “Gözəllik kraliçəsi” müsabiqəsində iştirak eləmək üçün Almatıya çağırdılar. Bütün bədbəxtliklər də bundan başladı...

-Nə oldu axı?

-Xadişanın qızını ilin gözəli seçdilər. Amerikalı bir nəfər də onu dünya gözəli müsabiqəsinə dəvət elədi, orda oxumağına yardım göstərəcəyinə söz verdi. O da getmək qərarına gəldi...

-Getdi?

-Hə. Burda əməlli-başlı ziyafət oldu. Xadişa qohum-qardaşını, qonşuları yığıb dəbdəbəli qonaqlıq verdi. Bunun vidalaşma olacağını kim bilirdi axı... Altı ay sonra ağlasığmaz xəbər gəldi. Aula onun meyitinicə gətirdilər...

Tölegen dərindən köks ötürüb üzünü pəncərəyə çevirdi. Onu kədərli düşüncələr bürüdü. O, qonşu həyətdə qayğısız kəpənəktək ora-bura qaçan qızları xatırladı... Biçarə sivil insan aləmdə yolunu tamam azıb! Şöhrət naminə qızlarını öz əlləriylə ölümcül uçuruma itələyir!

...Sanki Uada dağı üzərində heç Ay doğmamışdı... Elə bil, bomboş səhrada Çiçək peyda olmamışdı... Guya, müqəddəs Zəmzəm suyundan heç içməmişdik...

Bayırda külək cövlan eləyir, ağacdakı son yarpağı qoparmağa can atırdı. Amma yarpaq hələ də onun həmlələrinə tab gətirirdi. /turkustan.az/

Nəriman Əbdülrəhmanlının tərcüməsində..Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
252627282930