Şahmat və sufizm - Yunis Xəlilovun araşdırması
Şahmat oyunu ilə sufizm arasında bir sıra ortaq cəhətlər vardır. Lakin təəssüf ki, bu məsələ elmi ədəbiyyatda demək olar ki, ciddi şəkildə araşdırılmamışdır.
Təqdirəlayiq haldır ki, müəlliflərdən Dimes Hak Alerli “Satranç psikolojisi” adlı kitabında (İstanbul, Scala yayıncılık, səh. 54-55) şahmatla sufizm arasında əlaqələrə dair maraqlı fikirlər səsləndirmişdir. Müəllif haqlı olaraq yazır ki, “şahmat təbiəti etibarilə vəhdəti-vücud (“varlığın birliyi”) oyunudur.
Çünki 64 xanalıq ərazidə “bir daş pisdirsə, bütün mövqe pisdir”, “zəif piyadalar digər daşları da zəiflədir” kimi mürəkkəb strateji qaydalar mövcuddur. Lakin bu vəhdəti-vücud sadəcə taxta deyil, idmançı bədəni üçün də keçərlidir. Əgər baş, göz, bədən, əl və ayaq taxtada birləşməmişdirsə, mütləq bir yerdə ölümcül xətaya yol vermisən...”.
Göründüyü kimi sufizmdə son dərəcə böyük önəm daşıyan vəhdəti-vücud ideyası şahmat oyununun da ana prinsipi hesab edilə bilər.
Başqa bir müqayisə. Məlumdur ki, şahmatda daşların gücü onların nominal dəyəri ilə ölçülür. Bu baxımdan piyadanın bir, at və filin hər birinin üç, topun beş, vəzirin doqquz nominal dəyəri vardır. Həqiqətən də şahmatda daşların batini (daxili, iç) gücünü oyunçu-nun ustalıq səviyyəsi müəyyən edir. Bu baxımdan şahmat taxtasına diqqəti o qədər güclü cəmləşdirmək lazımdır ki, bir qədər obrazlı desək, daşların zahirini dəlib onların içinə nüfuz etmək mümkün olsun.
Fikrimizcə, şahmatla sufizmin ortaq cəhətlərdən biri də hər ikisində mərəhələlərin mövcud olmasıdır. Şahmatda bu, debüt, mittelşpil və endşpil formasındadır və bu üç mərhələnin hər birinin spesifik xüsusiyyətləri vardır. Sufizmdə isə mərhələlər təsəvvüfə gedən dörd yol – Şəriət, Təriqət, Mərifət, Həqiqət – şəklində təzahür edir. Maraqlıdır ki, şahmatın Hindistandakı qədim forması olan “Çaturanqa”nın qədim sanskrit dilindən tərcümədə mənası da “dörd yol” (“çatu” – dörd “ranqa” – yol) deməkdir.
Qeyd edək ki, sufizmdə mərhələnin özü də yeddi pillədən ibarətdir: Tələb, Eşq, Mərifət, İstiğna, Tövhid, Heyrət, Fəna. Zaman və məkan çevrəsində isə hərəkət beş inkişaf xəttinə əsaslanır: Kəsrəti-Vücud, Kəsrəti-Mövcud, Vəhdəti-Vücud, Vəhdəti-Mövcud və Suhud. Şahmatda pillələrə gəlincə, bu, hər mərhələnin (debüt, mittelşpil və endşpil) daxilində müxtəlif variantlar formasında özünü göstərir.
Mərhələlər nöqteyi-nəzərdən şahmatla sufizm arasında digər bir bənzərlik: Şahmata yeni başlayanlar bu oyuna həvəslə maraq göstərirlər və öyrənirlər, oyunçu olduqda onlar diqqətlərini cəmləşdirir və oyunu anlamağa başlayırlar, yalnız usta səviyyəsinə çatdıqda hər kəs bu oyunu daha yüksək formada idrak edə bilir. Eyni ilə sufizmdə “şəriət”, “təriqət”, “mərifət”, “həqiqət” adlı mərhələlərdə getdikcə kamilləşməyə doğru irəliləmə kimi...
İslam düşüncəsinin batini yönünü fəlsəfi baxımdan izah edən sufi alim Mühyiddin İbn əl-Ərəbi təsəvvüf yolunu şagirdlərinə öyrətmək məqsədilə vəhdəti-vücud, yəni “varlığın birliyi” ideyasını əsas götürərək “şətrənc-i ürəfa” (“Ariflərin şahmatı”) adlı oyun yaratmışdır. Oxların irəlilətdiyi, ilanların isə aşağı saldığı qaydaları olan bu oyun “taxtası” 101 pillədən ibarət olub altı atan bir zərlə oynanılır. Oyunun məqsədi təsəvvüf yolunda irəliləyən salikin qarşısına çıxa biləcək vəziyyətləri öyrənmək və yolun gözəl və təhlükəli yönlərini qavramağa xidmət edir.
Sözü gedən bu oyun qaydaları baxımından şahmatla heç bir əlaqəsi olmasa da, kvadrat xanalarda mərhələli şəkildə irəliləmə, geri dönüşlü gedişlərlə zaman israfına yol vermə, obyektiv və düzgün addım axtarma və s. kimi məsələlərdə həmin oyunun şahmata bənzərliyi vardır.
Tarixdən məlumdur ki, böyük Azərbaycan şairəsi, sufizmin əxi təriqətinin üzvü Məhsəti Gəncəvi çox güclü bir şahmatçı olmuşdur. XIII əsrə aid “Məhsəti və Əmir Əhməd” dastanından göründüyü kimi şahmat M.Gəncəvinin həyatının bütün mərhələ-lərində onu müşayiət etmişdir. Dastanda deyilir ki, Bəlx şəhərində yaşayan bir ilahiyyat aliminin qızı olur. Münəccimlər qızın böyük gələcəyindən xəbər versələr də, bildirirlər ki, qızın taleyi xərabət-meyxana ilə bağlı olacaq. Beləliklə, Məhsəti atasının xüsusi səyi ilə mükəmməl təhsil alır, eləcə də, musiqini dərindən mənimsəyir. Atasının vəfatından sonra Məhsəti Gəncəyə, Xərabət məhəlləsinə köçür. Burada o, savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə hamının rəğbətini qazanır.
Gələcək sevgilisi və həyat yoldaşı - Gəncə xətibinin oğlu Əmir Əhmədlə də elə burada tanış olur. Məhsəti tezliklə Gəncədə ən güclü şahmat ustası kimi də ad çıxarır. Gəncə şahı onu tez-tez saraya dəvət edirdi. Belə görüşlərin birində şah Məhsəti ilə şahmatda gücünü sınayır. Məhsətinin ilk şahmatçı qadın kimi tanınmasında da məhz bu oyunun müstəsna rolu olur. Çılğın şahmat azarkeşi və oyunçusu olan Mahmud şahı dəfələrlə məğlub etdikdən sonra, Məshətinin şahmatçı kimi sorağı İraqa, Misirə, Orta Asiyaya qədər gedib çıxır. Amma oyunların birində şah qəzəblənib Məhsətini zindana atdırır. Altıgünlük həbdsən sonra şairə Bəlx şəhərinə qaçır və burada da çılğın oyunu ilə saraydakı şahmat ustalarını, yaradıcılığı ilə saray şairlərini aciz qoyur.
Əslində M.Gəncəvi üçün şahmat fəlsəfə sayılırdı. Sufizmin “Əxi” qolunda ruhi rahatlıq tapan ilk azərbaycanlı şahmatçı qadınımız hesab edirdi ki, şahmat onu Allaha qovuşduran vasitələrdən biridir. Sufizm düşüncəsinə görə insanda azarkeş duyğusu, müsbət mənada asılılıq yaradan, onu bu dünyadan alıb-aparan digər hislər, əslində, ruhun göyə uçması, başqa aləmə, Tanrının dərgahına gedən yola qovuşması deməkdir. Bu yolda sufilər üçün şahmat və musiqi məclisləri əvəzsiz vasitə idi.
Rəvayətlərdə qeyd edilir ki, M.Gəncəvi musiqiyə qulaq asanda, özü udda ifa edəndə və nəhayət, şahmat oynayıb gedişlərinə aludə olanda sanki bu dünya ilə əlaqəsini itirirdi. Maraqlıdır ki, çox-çox sonralar Məhəmməd Füzuli, Mövlanə Cəlalədin Rumi kimi sufilərlə yanaşı, Höte, Mendeleyev kimi sufizmə aidiyyəti olmayan dahilərdə da oxşar düşüncə tərzinə rast gəlinmişdir. Onlar da təqribən, eyni fikirləri paylaşaraq bildirmişlər ki, “şahmat insanı başqa dünyalara aparan qeyri-adi qüvvədir və ya bu qüvvənin himayə etdiyi sehrli aləmə aparan yoldur”.
Yunis Xəlilov,
Naxçıvan Dövlət Universitetinin “Hüquq fənləri” kafedrasının baş müəllimi