Qaytar - Burla Xatun yazır..
...Pəncərədən hələ yuxulu şəhərimə baxırdım, onu belə də çox sevirdim. Belə gözəl bir səhərin açılması, tam yeni bir günün başlaması məni o qədər sevindirirdi.
Qarşıda məni uzun bir istirahət günü gözləyirdi, artıq onu necə keçirəcəyimi düşünmüşdüm. Yenə yaxınlığımızdakı xəstəxanaya gedib xəstələrə xidmət etmək istəyirdim. Onlar ruhi xəstələriydi.
Düzü insanın ruhunun xəstələnməsi məni düşündürür, görəsən, doğrudanmı bütün xəstəliklər elə ruhun xəstələnməsindən doğur?!
Axı, ruhun sağlam olsa, bədənin, düşüncən, həyat tərzin, arzuların da sağlam olmazmı?! Nə isə mən xəyallarımla, düşüncələrimlə təkbətək qalanda saatların necə keçdiyini bilmirəm. Artıq hazırlaşıb getmək zamanı gəlmişdi.
Xəstəxanaya çatıb paltarlarımı dəyişdim. Tibb bacılarıyla görüşüb tapşırıqlarımı aldım. Bura tez-tez gəldiyim üçün onlar da mənə alışmışdılar.
Günümü burada keçirib axşam evimə qayıdanda, sanki üstümdən dağ götürülür, özümü çox yüngül və yaxşı hiss edirəm. İlk tapşırığım xəstələrin palatlarındakı dibçək güllərini qaydaya salmağa kömək etməkiydi. Hər əlimə bir dibçək gülü götürüb həyətə aparırdım.
Orada güllərin yarpaqlarındakı tozu silib diblərini boşaldırdım, suladıqdan sonra yerlərinə qaytarırdım. Belə bir neçə dəfə gedib-gəldikdən sonra, gözüm mənə baxıb gülümsəyən qadına sataşdı. Görünür, yeni xəstələrdəniydi, onu burada heç görməmişdim. Elə mehriban baxırdı, ona yaxınlaşmaya bilmədim. Düzü, necə oldu məni özünə bu qədər yaxın bilib ürəyini açdı, ümumiyyətlə, söhbətə necə və hansı sözlərlə başladıq, bunları tam xatırlaya bilmirəm, çünki hələ danışdıqlarının təsiri altındayam...”...ünsiyyət çatışmazlığından əziyyət çəkirdim.
Düzü, mən də halımdan baş çıxara bilmirdim, sonradan bir dərgidən oxudum bunu və düşündüm ki elə məndəki halın adı da belədir...elə bir ailəyə getmişdim ki, çox qapalı, nə gələni varıydı, nə gedəni...Evdəkilərlə də yaxşı anlaşa bilmirdim, ya aramızdaıkı yaş fərqindəniydi, ya nəsə...Çox əksildirdilər məni, qulağım çox təhqirlər eşidirdi...Mən arzularımı belə qurmamışıdm axı, axı mənim istədiyim bu deyildi...Gün işığına can atan dibçək gülü kimi, mən də istilik istəyirdim, işıq, mehribanlıq istəyirdim...
Bir dəfə bizi qonaq çağırmışdılar, elə sevinirdim ki...Bilirsən, mənim sevinməyimçün o qədər az şey lazımdır ki...Amma onlar buna da qənaət edirdilər. Ev sahibəsini çox bəyəndim, düzü. Mənə olduqca səmimi, sadə bir insan təsiri bağışladı.
Bilmirdi mənə necə qulluq etsin, hazırladıqlarının hamısından qabıma qoyurdu, diqqət, qayğı göstərirdi. Onda da, elə hər zaman buna çox ehtiyacım vardı. Söhbətimiz də oldu, indi insanlar arasında səmimiyyətin itdiyi haqda, çox şeyin süniliyindən də danışdıq, hətta...Nömrələrimizi verdik bir-birimizə və səhərisi gündən zənglər başladı.
Bu məni sevindirirdi, çox darıxdığım, ünsiyyətə ehtiyac duyduğum bir vaxtda bu lap yerinə düşmüşdü mənimçün...Elə bil özümə yeni bir dünya kəşf etmişdim, uçurdum qanadsız...Danışıqlarımızda özünə də demişdim “ siz nursuz, işıqsız bilmirəm”.
Mənə deyirdi ki, məni lap çox istəyir. Heç nəyə görə yox, sadəcə özümü çox istəyir. Sonradan evimizə ayaq açmağa başladı. Deyirdi “elə bilirəm bacımın evindəyəm”. Deyirdi”yoldaşın başqa yerdə yemək yesə, inciyərdim, nə yaxşı ki bizimlə oturdu.”
Onu dünyama buraxmışdım, qəlbimi, qollarımı açmışdım ona. Münasibətimizə çox dəyər verirdim. Görüşəndə onu möhkəm qucaqlayıb iki üzündən öpürdüm. O yenə bizi dəvət etdi, özü də gəldi yenə bizə...Hələ planları lap çoxuydu bizimlə əlaqədar, ad günümü səbirsizliklə gözləyirdi...
Bir dəfə tort bişirib gəlmişdi bizə yenə, Müqəddəs Qurban bayramı günündə özü də. Allahıma qurban olum, bunu götürmədi. Düşünürəm, bəlkə də başqa gündə gəlsəydi, heç hər şey belə açılmayacaqdı...Gəlib-getdi həmişəki qaydayla, bir təsadüf nəticəsində öyrəndim...Məni dəhşətə gətirən bir həqiqəti öyrəndim. Öyrəndim ki, bu qadın həyat yoldaşımın gizli görüşdüyü həmin o qadındır, öyrəndim ki, onlar məşuqdurlar.
Həmin o qadın ki, ona görə aramızda nə qədər söz-söhbət, narazılıq olmuşdu, nə qədər soyuq yellər əsmişdi...O qadınkı, ona görə ürəyim nə qədər yanmışdı, gözlərim nə qədər yaş tökmüşdü...
Keyləşmişdim, donmuşdum, dilim-ağzım qurumuşdu...Heç nə deyə bilmirdim qışqırıb bağırmaq istərkən, ağlaya da bilmirdim hönkürüb hayqırmaq istərkən, sadəcə qorxurdum, çox qorxurdum, insanlardan, insanlıqdan...hər şeydən, hamıdan.
Axı mənə qarşı necə belə edərlər, demək mənim sadəlövhlüyümdən istifadə edib öz çirkin əməllərini pərdələyirlərmiş, mənim təmiz əxlaqımla öz əxlaqsızlıqlarını gizləyirlərmiş...nə isə düşündükcə elə bir uçuruma düşürəm ki, daha oradan çıxa bilmirəm...
Tutaq ki, o qadın yadıydı, bəs mənim həyat yoldaşım, hər şeyimi qurban verməyə hazır olduğum, həyatımı paylaşdığım insan mənim bu halıma necə razı ola bilərdi axı?! Axı o məni çəkindirə bilərdi bir yolla bu qadınla münasibət qurmaqdan, o qadının mənə, evimə, ailəmə bu qədər yaxınlaşmasına imkan verməyə bilərdi. Mən onunçün bu qədərmi dəyərsiz bir varlığam?!”
Birdən qadın hönkürüb qışqırmağa başladı.
Özümü itirdim, bilmədim ki, onu necə sakitləşdirim. Və ağlayaraq dediyi bu sözləri də gözəl xatırlayıram, “...indi onu görsəm, tək bircə şey deyərəm ona: Qaytar! Qaytar! Qaytar mənim inamımı, qaytar! Axı belə yaşamaq çox çətindir, inamı olmadan yaşamaq zülmdür axı...İndi bildin niyə dəli oldum mən?!”
Tibb bacıları qaçaraq gəldilər, xəstəni sakitləşdirməyə çalışaraq apardılar. Mən kənarda donub qalmışdım, sonradan qaydaları pozaraq xəstəni bu hala gəlməsinə imkan verdiyimçün məni çox danladılar və belə edərsəm, bir daha xəstəxanaya gəlməməyimi söylədilər. Çox şey dedilər, amma mən elə bil ki, havada uçurdum.
Tez paltarlarımı dəyişdim, bilmədim özümü necə çölə atdım. Mən nə etdim, yüngülləşmək istərkən, üstümə altından qalxa bilməyəcəyim dağ boyda bir yükmü götürdüm?!
Artıq evimə çatmışdım, yuxarı qalxmadan əvvəl xeyli divara söykənib qaldım. Niyə bu hadisə mənə bu qədər təsir etmişdi, qadının halınamı çox acıyırdım, ya bəlkə qəlbimin dərinliklərində gömdüyüm köhnə yaralarımmı göynəyirdi?! İllər öncə mən özüm də buna bənzər bir hal keçirməmişdimmi, sanki o zamanlara qayıtdım, hər şeyi yenidən yaşadım. Bunu heç kimə arzulamazdım...
Divanımda oturub qadının maraqlı və olduqca təsirli nitqi haqda düşünürdüm. Qəribədir, nitqindəki bədii duyum o dəqiqə özünü büruzə verirdi, bəlkə də o sahənin adamlarındanıydı. Belə getsə hələ bu haqda çox düşünəcəkdim, birdən gözüm masamdakı ağ kağızlara sataşdı və çıxış yolu tapdım. Düşündüm ki, yazım. Məndə belə hal çox olur. Görürəm ürəyim çox doludur, heç kimə deyiləsi və məni incidən şeylərlə çox doludur, boşaldıram onu kağızlara...
Düzdü, bu yazılar hamısı məhvə məhkumdur, cırıram, əzirəm, atıram. Amma, bu dəfə belə etməyəcəkdim. Onu qoyacaqdım elə masada qalsın. Onu oxuyacaq başqa gözlərə də daralmayacaqdım.
Düşünəcəkdim, qoy o xanımın hekayəsini oxusunlar, oxuyan xanımdırsa, bəlkə də daha ehtiyatlı olar, oxuyan bəydirsə heç bir xanımı belə bir addımıyla incitməz, yəqin ki. Ümid edirəm buna...
Burla Xatun