Qara atlı oğlan - Yeni hekayə
MANERA.AZ Əfşan Yusifqızının "Qara atlı oğlan" hekayəsini təqdim edir:
Bayaqdan bəri həyətdə həyəcan içərisində var-gəl edən Cəlil kişi eşitdiyi səsin sehrinə düşübmiş kimi yerindəcə donub qaldı. Ağır-ağır nəfəs aldı.
Kipriklərindən qopan sevinc göz yaşları kürə kimi qızarmış yanaqlarında buxarlandı.
Əllərini bilaixtiyar havada oynatdı. Üzünü qibləyə tutub yerə çökdü:
-Pərvərdigara-ilahi, Sənin böyüklüyünə min şükürlər olsun, məni qohum, qardaş arasında rüsva eləmədin...
Cəlil həyat yoldaşından yaşca çox böyük idi.
Ailə qurduqlarının on üçüncü ili tamam olurdu.
Cəlil bu on üç ildə nələr çəkdi bir özü, bir də allahı bildi. Uşaqlarının olmamasının səbəbini o yaşının çox olmasında görürdü. Hər gün namaz üstə dualar edər, əl açıb Allahdan züryətlırinin olmasını istəyərdi. Ömür-gün yoldaşı Güllünü tay-tuşları yanında sıxıldığını gördükcə qəhr olurdu...
Budur, illərcə həsrətin çəkdikləri körpə səsi onların tirinin altından gəlirdi.
Cəlil qız atası olmuşdu. Qızlarının adını Xədicə qoydular...
İllər sapand daşından çıxmış daş kimi şütüyürdü...
Xədicə hər gün bir buğda boyu böyüyür, gözəlləşir, şirinləşirdi. Qız artıq ev işlərində həm anasına, həyət-baca işlərində də yaşlanmış atasına köməklik edirdi...
Son vaxtlar anasının xəstələnib yatağa düşməsi ev qayğılarında qızcığazın məsuliyyətini daha da artırmışdı. Get-gedə atası da iş qabiliyyətini itirirdi...
Xədicə hər gün anasını yatağında öz əli ilə yedirdib, onun qayğısına qalırdı. Atasını da həyət-bacada işləməyə qoymurdu.
Qız səhər erkən yuxudan oyanır, odun doğrayıb, samovara od salırdı. Samovar qaynayanacan həyəti süpürürdü. Sonra atasına süfrə açıb, ona yemək hazırlayırdı. Özü yeməzdən qabaq xəstə anasını yedirirdi. Başını ev qayğıları ilə qatan qızcığaz nə vaxt böyüdüyünü özü də hiss etmədi...
Xədicə nağıllarda olduğu kimi, qara qaşlı, qonur gözlü, alma yanaqlı, hörükləri topuqlarını mehləyən bir qız olmuşdu. O məktəb üzü görməsə də gözüaçıq böyüdü. Nə həyət, nə də həyat qayğıları onun gözünü qorxuda bilməzdi. Tək başına hər işin öhdəsindən gəlirdi.
Heyvanlara yem vermək, toyuqlara dən səpmək, ağacların dibini belləmək və başqa bu kimi işlərdən yorulub, usanmazdı...
Qapısına gələn ilk elçilərdən Cəlil qızının artıq böyüdüyünü anladı. Elçilərə "yox" deyildi...
Qış qılıncını sıyırıb qapının ağzını kəsmişdi. Kənd su sarıdan əziyyət çəkirdi. Türyənçay lilli suyunu kənd camaatından əsirgəməsə də kömək edəcək bir halı da qalmamışdı. Çay özü şaxtadan qorxub, buz qatının altı ilə gizlicə baş götürüb gedirdi.
Kənd uşaqları buz bağlamış çayın üstündə sürüşür, səslərini başlarına atıb oynaşırdılar.
Hərə əlində bir balta, ling, su götürməkçün buz qatını sındırmağa çalışırdı. Qız-gəlinlər sahildə dayanıb buzun qırılmasını gözləyirdilər. Xədicə isə oğlanlara qoşulub buz qatını baltalayırdı. Bunu görən kənd cavanlarından Məhəmməd adlı biri qıza yaxınlaşdı:
- Xədicə, ver o baltanı mənə, çəkil kənara. Sən onu qıra bilməzsən..
Xədicə Məhəmmədə məhəl qoymayıb buzu baltalamağa davam elədi. Məhəmməd bir də israr edirdi ki, atəş açıldı. Buz üstündə kim vardısa, qorxudan hərə bir tərəfə sürüşüb yıxıldı.
Xədicə də dizləri üstə düşdü. Acıqlı-acıqlı arxaya döndü. Hamı atəş açana tərəf baxdı. Ağ qaşqalı qara atın üstündə cəngavər cüssəli, silahlı bu adamı tanıyan olmadı. Kəmərinə taxılmış gümüşü xəncəri soyuq günəş şüaları altında bərq vururdu.
Qamçını xrom cizməsinə taxıb. Atın yüyənini sol əlinə dolamışdı. Sağ əlində qundağı par-par parıldayan heç vaxt görmədikləri bir silah tutmuşdu. Atlı silahın lüləsini Məhəmmədlə Xədicəyə tərəf tuşlayıb onlara kənara çəkilmələrini işarə etdi. Xədicə ayağa qalxıb tərs-tərs atlıya baxdı. Silahlı adamın nə demək istədiyini başa düşməsə də səhəngini götürüb hirsli halda kənara çəkildi. Məhəmməd də gəlib Xədicənin yanında dayandı.
Bütün nəzərlər bu atlıya dikilmişdi. Birdən, heç kimin gözləmədiyi bir hərəkətlə silahından ard-arda daha iki atəş açdı.Türyançay elə bil sinəsindən yaralandı. Buz qatı ovum-ovum, ovuldu.
Atlı baş örtüyünün altından boyu uzunu uzanan hörüklü qıza baxıb, gülümsündü:
- Sənin kimi gözəl qızın əlinə gül yaraşar, balta yox, - deyib atını çaparaq ordan uzaqlaşdı. Hamı bu naməlum atlının ardınca baxa-baxa qaldı...
Yaz əllərində gül-çiçəklə gəlmişdi kəndə. Bu füsünkar gözəlliyi seyr eləməyə ilk gələn qaranquşlar idi.
Bal arılarının iş mövsümü başlamışdı. Havadan bal damırdı. İki-bir, üç-bir dəstələnib həyətlərə vızıltı ilə hücum çəkən arılar gül-çiçəklərdən şirə oğurladıqlarına görə sanki ev sahiblərindən halallıq istəyirdilər.
Baharın gəlişinə ən çox sevinən bülbüllər ezaçkar səsiylə ürəkləri oxşayırdı...
Kənddə hələ də o naməlum atlıdan danışılırdı. Ağ qaşqalı qara atı olan oğlan qızların xəyalındakı ağ atlı oğlana dönmüşdü.
Məhəmmədlə nişanlı olmasına baxmayaraq Xədicə də qızlar kimi hər at kişnərtisi eşidəndə qara atlı oğlanı gözləri önünə gətirirdi...
Kəndə sürətlə xəbər yayıldı ki, bəs, qara atlı oğlanı Türyənçay kənarında görüblər. Xədicə bir onda ayıldı ki, çayın kənarındadır. O, bura nəyə gəldiyini özü də bilmədi. Səhəngi də götürməmişdi ki, suya gəldiyini düşünsünlər.
Ətrafına göz gəzdirdi. Kimsəni görməyincə yulğun kollarının arasıyla evə tərəf üz tutdu. Yolda öz-özünü danladı:
" Xədicə, sən hara getmişdin? Sən nişanlı bir qız, tanımadığın adamın sorağını almağa necə gedə bilərsən? Birdən səni tək-tənha çay qırağında götən olaydı. Ya gözü qızmış kənd oğlanlarına rast gələydin.
Tutaq ki, lap, qara atlı o igidlə qarşılaşdın. Onda nolacaqdı? "Tək başına nədən bu çayın kənarındasan",- deyə soruşsaydı, ona nə cavab verəcıkdin? Xədicə, sən ağlını itirmisən", - pıçıldadı, iti addımlarla evinə tərəf getdi...
Qara atlı oğlan artıq kəndin dilində bir əfsanəyə dönmüşdü. Bəziləri onun xəyalət olduğunu deyirdi. Kənd qızlarının mövzusuna çevrilən bu igid haqqında hələ heç kim heç nə bilmirdi...
Kənd sakinləri səhər- səhər silah səslərindən vahiməyə düşdü. Atışma içərisində qara atlı oğlanın silahının səsini Xədicə tanıdı. Rus imperatorluğundan göndərilən otuza yaxın çinovnik gəlib, kəndi dövrəyə almışdı.
Hər yerdə qara atlı oğlanı axtarırdılar. Gecələr yuxularına haram qatan bu qaçaq oğlanın başına böyük bir məbləğdə pul qoyulmuşdu. Bəzi kənd sakinləri də onlara qoşulub qara atlı oğlanın axtarışına çıxmışdı.
Atışmada kürəyindən yaralanmış qaçaq atdan yıxılıb yulğun kollarının arası ilə səndələyə-səndələyə gəlib Cəlilgilin mal tövləsinin arxasına çökmüşdü...
Kənd çalxalanırdı. Qapılara gəlib, hər evin damlarından tutmuş, quyularına kimi yoxlayırdılar.
Xədicə samovara yenicə od salmışdı ki, nişanlısı Məhəmmədlə iki silahlının qapıdan girdiyini gördü. Gedib atasına xəbər verdi. Cəlil kişi qonaqların qarşısına çıxdı:
-Xoş gəlmisiz, - ədəblə əl uzadıb onlarla salamlaşdı.
Gələnlərdən biri:
- Əmi, çox təhlükəli bir adamı axtarırıq. Yuxarıdan bizə buyuruq var. Hər kəsin evinə kimi axtarış aparmaq əmrini almışıq. Evinizi, qapı, bacanızı axtarmalıyıq.
Cəlil kişi çiyinlərini çəkib:
- Evdə ağır xəstımiz var, onu narahat etməyin.
Qalan yerləri necə istəyirsiz, yoxlaya bilərsiz.
Silahlı:
-Narahat olmayın, biz xəstəni başa salarıq. Hər yerə baxmalıyıq, əmr belədir.
Cəlil bu dəfə susdu. Çinovniklərin önünə düşüb evə tərəf getdi. Xədicə nişanlısı Məhəmməddən soruşdu:
- O nə güllə səsləri idi?
Məhəmməd eşitdiklərini nişanlısına nağıl elədi:
- O qara atlı oğlan qaçaqmış. Ruslar axtarır onu.
Adı Dəli Abdulladır. Deyirlər, qırxa yaxın rus cinovniki öldürüb. Hər yerdə onu axtarırlar. Səhər-səhər Türyançay sahilində onunla atışıblar. Ağır yaralanıb. Atını ələ keçiriblər, özü qaçıb, tuta bilməyiblər.
Elə bu vaxt atası ilə çinovniklər söhbət edə-edə yaxınlaşdılar. Cəlil kişiyə əl uzadıb:
- Əmi, o adamdan bir xəbər bilsəniz, dediyimiz kimi, Ağdaş qəzasına xəbər verin.
Cəlil kişi başını salladı:
- Yaxşı, - deyib qonaqları yola saldı.
Məhəmməd də onlara qoşulub getdi. Xədicə narahat halda atasına:
- Ata, o adam neyniyib? Niyə onu axtarırlar?
Cəlil qonaqların getdiyini görüb, sakit bir şəkildə:
-Qızım, o biz kasıbların dostudur. Bizim haqqımızı tələb edir. Bu qaniçənlərə əl-qol atmağa imkan vermir. Belə igidləri ləkələyib camaatın gözündən salmağa çalışırlar. Əslində o cani yox, haqq adamıdır.
Atasının söhbətindən sonra Xədicə özündə bir yüngüllük hiss elədi. Daxilən rahat olub, samovara odun atdı. Cəlil kişi qızına:
- Xədicə, qızım, sən çay hazırlayana kimi mən kəndə baş çəkim, gəlim. Görüm nə danışırlar? - deyib, həyət qapısına doğru getdi...
Toyuqların qaqqıltısına Xədicə dik atıldı. Tövlənin arxasında alabaş birdən-birə necə hürdüsə:
-Allah alsın səni, yəqin cücələri yedi bu başı batmış, - qız öz-özünə deyinə-deyinə tövlənin arxasına keçdi. Gördüyü mənzərə qanını dondurdu. Qara atlı oğlan yaralı halda əlindəki ağacla iti özünə yaxın buraxmırdı.
Xədicə əyilib yerdən daş götürdü:
- Rədd ol!- daşı itin dalınca tulladı. Qaça-qaça yaralıya yaxınlaşdı.
Oğlan çox qan itirsə də uzun hörüklü qızı tanıdı:
- Bu sənsən, baltalı qız?-heysiz vəziyyətdə gülümsündü.
Xədicə əyilib yaralının qoluna girdi. Oğlanı çətinliklə də olsa ayağa qaldıra bildi. Onu ağır-ağır addımlarla evə gətirdi. Otağına salıb qapını arxadan bağladı. Həyətə düşüb tövlənin arxasına keçdi. Toyuqlar yaralıdan axan qanı dimdikləyirdi:
- Kiş, kişşş, dırnaqlarınız çürüsün- toyuqları qovdu. Ayaqqabısının altı ilə qanın üstünü torpaqladı.
Gözü həyət darvazasında qaldı. Atasının yolunu gözlədi. Yaralıya nə edəcəyini bilmirdi. Nişanlısı Məhəmməd baytar idi. Onun bu işlərdən anlayışı vardı.
Amma özbaşına hərəkət edə bilməzdi. Odur ki atasını gözləməli oldu...
Nəhayət, Cəlil kişi gəlib çıxdı. Xədicə atasının üstünə yüyürdü. Ətrafa boylanıb həyəcan içərisində pıçıldadı:
- Dədə, o qaçaq bizdədi. Yaralıdı, gətirdum evə.
Cəlil kişini elə bil ilan çaldı:
- Ay qızım, sən nə danışırsan? Evə gətirdim nə deməkdi? Xəbər tutan olsa bilirsən nələr olar?
Xədicə atasının qoluna girdi:
- Dədə, tövlənin arxasındaydı, neyniyəydim? Çoxlu qan itirib.
Cəlil arxasına baxa-baxa evə yollandı...
Yaralı üzü üstə döşəməyə uzanmışdı. Cəlil onun paltarlarını əynindən çıxardı. Üzünü qızına tutdu:
- Qızım, təmiz bir qabda isti su gətir.
Qız dərhal çölə çıxdı. Samovarda qaynatdığı sudan qaba alıb atasına gətirdi. Cəlil yaralının yarasını yuyub təmizlədi. Güllə uzaq məsafədən atıldığından iki ədəd qırma xoşbəxtlikdən kürəyindəcə ilişib qalmışdır.
Qolundan aldığı yara isə damarlarını zədələmişdir. Qan itkisi də bu yaradan idi.
Cəlil qırmaları çıxarmaq üçün sobanın üstünə bıçağı qoyub, onu qızaranacan odun üstündə saxladı. Bunu atası ilə əmisinin söhbət etdiyi vaxt təsadüfən eşitmişdi.
Xədicə tez- tez otaqdan çıxıb, həyət-bacaya fikir verirdi. Cəlil yaralının bədənindəki qırmaları artıq çıxarmışdı. Üzünü qızına tutub:
- Qızım, al bu qırmaları, apar bağçada kolluğa at, görən olmasın.
Xədicə qanlı qırmaları götürüb həyətə düşdü. Əl-üz yuyana yaxınlaşıb qırmaların qanını yudu. Onlara baxıb, pıçıltı ilə
- Sizin nə canınız var ki, o boyda igidin canını alasız? - deyib, gülümsündü. Nə fikirləşdisə qırmaları cibinə atdı...
Xədicə adəti üzrə səhər erkəndən oyanıb həyətə düşdü. Toyuqlara dən verib, heyvanlara ələf qoydu. Samovara od salıb anasının yanına gəldi.
Güllünün vəziyyəti yaxşı deyildi. Cəlil qızını qorxutmaq istəmirdi. O arvadını bir an belə tək qoymurdu.
Cəlil qapıdan içəri boylanıb qlzını çölə çağırdı. Sakit bir şıkildə:
- Qızım, sən yaralıya bir şeylər hazırla yesin. Dünəndən dilinə heç nə dəyməyib. Mən ananın yanında oturaram.
Qızı atasından bu sözü gözləyirmiş kimi cəld aşağı düşdü. Hindən bir neçə yumurta götürüb geri döndü. Yaralıya səhər yeməyi hazırlayıb, qapını döydü. İçəridən yaralının səsi gəldi:
- Gəl.
Xədicə hazırladığı səhər yeməyini məcməyə qoyub içəri girdi.
Yaralı gülümsündü:
- Xədicə, mənim burda olduğumdan duyuq düşsələr, səni hansı cəza gözlədiyini bilirsənmi?
Xədicə çiyinlətini çəkib, gülümsündü:
- Adımı hardan öyrəndin?
Atan dünəndən bəri mənim yanımda bəlkə yüz dəfədən artıq adını çəkib, - güldü.
Xədicə dinmədi. Məcməyini yaralının önünə qoydu:
- Ye, Dəli Abdulla, -deyib, gülə- gülə çölə çıxdı.
Qızın dilindən adını eşitmək Abdullaya çox xoş gəldi. Xədicənin hazırladığı səhər yeməyini ləzzətlə yeməyə başladı...
Üç gün idi ki, Abdulla Cəlil kişinin evində qalırdı. Xədicə üç gün idi ki, yaralıya qulluq edirdi. Üç gün idi ki, qızı kənddə görən yox idi. Nişanlısı Məhəmməd üç gün idi ki, kənd yollarında, Türyənçay sahillərində qalmışdı. O Xədicənin başında bir iş olduğunu düşünüb onlara gəldi. Həyətə yenicə girmişdi, yerindəcə mıxlandı.
Gözlərinə inanmadı. Xədicə dolçadan qara atlı oğlanın əlinə su tökürdü. Məhəmməd onu görməsinlər deyə özünü ağacın arxasına verdi. Elə bil dünya uçub, altında qalmışdı.
Dəli Abdulla onu görsə də, görməzdən gəldi. Üzünü qıza tutdu:
- Xədicə, çayın üstündə, buz qırdığın vaxt yanındakı oğlan kim idi?
Xədicə utanıb başını aşağı dikdi, sakitcə pıçıldadı:
- Nişanlım.
Dəli Abdulla qızın utandığını görüb, ona nişanlısını başqa məqsədlə soruşduğunu dedi:
- O necə bir adamdır?
Xədicə Dəli Abdullaya baxdı:
- Nə bilim necə məyər?
Abdulla susdu. Xədicə bir də maraqlandı:
- Abdulla, o hardan yadına düşdü?
- Deyirəm o səni nə qədər sevir?
Xədicə yenə başını aşağı salıb susdu. Dəli Abdulla qızla apardığı bu sorğu sualı vaxt itgisi ola biləcıyini düşünüb birbaşa mətləbə keçdi:
- Xədicə, bütün kənd-kəsək bilir ki, mənə kim sığınacaq verib, məni gizlətsə o ailəni batırar, onları sürgün edərlər. Əgər nişanlın bilsə mən sizin evinizdəyəm, gedib xəbər verərmi? Mənə maraqlı gəldi deyə soruşdum.
Xədicə bir qədər düşünüb:
- Məncə yox. Əvvəlcə mənə deyər.
Abdulla bir söz deməyib, fikrə getdi. Xədicə mehribanlıqla əlini xəfifcə oğlanın yarasının üstə qoydu:
- Abdulla, yaran necədir? Özünü yaxşı hiss eləyirsən?
Oğlan qıza baxıb, istehza ilə güldü:
- Narahat olma Xədicə, qaş qaralsın, yola düşəcəm.
Xədicə dediyinə peşman oldu:
- Yox yox, yox, unu demək istəmədim. Yaraların tam sağalmayanacan səni bir yerə buraxan deyiləm.
Dəli Abdulla qızın bu səmimiyyətinə biganə qala bilmədi. Əlinin arxasıyla Xədicənin üzünə tökülmüş tellərini yana çəkdi.
Qız qeyri-ixtiyarı oğlanın sinəsinə sıxıldı. Abdulla Xədicəni qolları arasına aldı. Sakit eşidiləvək bir şəkildə:
- Xədicə...
- Hə, - pıçıldadı, nəfəsini içinə çəkdi.
- Nişanlın bayaq bizi gördü.
Xədicə cəld bir hərəkətlə oğlanın qolları arasından çıxdı:
- Harda? Nə vaxt?
Dəli Abdulla gördüklərini qıza söylədi. Xədicəni fikir götürdü. Məhəmmədə "hə" desə də, ona o qədər də inamı yox idi. Ata-anasının o ailəyə meyli olduğunu görüb, Məhəmmədə razılıq vermişdir. Amma bu heç bir işlə müqayisə olunacaq bir şey deyildi.
Dəli Abdullanın başqa bir məkanda gizləndiyini deyə bilər, nişanlısının evində olduğunu deyəcək qədər axmaq olduğunu Xədicə ağlından belə keçirmək istəmirdi...
Sabah yenicə açılmışdı. Xədicə gecəni səhərə kimi narahat yatmışdı. Dəli Abdullanın da gözünə yuxu getməmişdi.
Cəlil kişi heyvanları qabağına qatıb örüşə götürdü. Xədicə samovara od salıb səhər yeməyi hazırlayırdı.
Dəli Abdulla pəncərənin altında ayaq səsləri eşidib yerindən qalxdı. Barmaqlarının ucunda yeriyib, qanlı paltarlarını geyindi. Silahını götürüb ara qapıdan yan otağa keçdi. Güllü arvad şirin yuxudaydı. Dəli Abdulla xəstə arvadın ystağının yanından ötüb, pəncərəyə yaxınlaşdı. Ehmalca pəncərəni açıb çölə baxdı.
Kimsıni görməyincə pəncərədən sallanıb evin arxasına düşdü. Kolluqların arasıyla tövləyə tərəf getdi. Ot tayasının arasına girib, həyət - bacanı yaxşı görə biləcək bir yerdə özünə yer elədi. O yanılmamışdı. İki silahlı çinovnik pəncərədən onun otağına girmişdi. Xədicənin heç bir şeydən xəbəri yox idi.
Ocaq üstə hazırladığı səhər yeməyini məcməyə qoyub evə tərəf getdi. Dəli Abdulla gizləndiyi yerdın çıxıb gəldiyi yolla evə tərəf qaçdı. Elə bu zaman qızın qışqırıq səsini eşitdi. Dəli Abdulla çıxdığı pəncərədən içəri girib asta addımlarla Xədicənin otağına tərəf irəlilədi. Onlar silahlarını qıza tuşlayıb qaçaq Abdullanın yerini soruşurdular Abdulla artıq onların yaxınlığında idi:
- Sizə mənmi lazımam, mən arxanızdayam!
Arxaya dönməyə macal tapmayan silahlılar boğazlarını Dəli Abdullanın qolları arasında gördülər. Başı kəsilmiş toyuqlar kimi nə qədər çapaladılarsa, Dəli Abdullanın "məngənəsindən" qurtula bilmədilər. Xədicə qorxudan titrəyə-titrəyə çökdüyü yerdən qalxıb bu cəngavər qaçağın qolları arasına qısıldı.
Dəli Abdulla Xədicənin saçlarını oxşadı. Sakit səslə:
- Qorxdunmu?
- Hmm.
Qız əsirdi. Oğlan onu sinəsinə sıxıb sakitləşdirdi:
- Mənim yanımda qorxma, bildin?
Xədicə altdan yuxarı cəmi 3-4 gündür tanıdığı bu igidin qisas hissiylə alışıb, yanan gözlərinin içinə baxdı. Yenidən üzünü oğlanın sinəsinə dayayıb, qolunu xəfifcə onun belinə doladı. Təbəssüm dolu səslə pıçıldadı:
- Dəli Abdulla...
Oğlan çənəsini qızın saçlarına sürtdü:
- Xədicə, sizi bunlar rahat buraxmazlar. Deyərsiz bizi silahla qorxutmuşdu. De, xəstə anamı, yaşlı atamı öldürəcəyini deyirdi. Onları inandırarsan. Nişanlın olan o adam hər şeyi xəbər verib.
Birazdan bura bir ordu silahlı gələcək. Vaxt azdır, mən Türyənçayı keçib, özümü meşəliyə verməliyəm. Piyada getmək çətin olsa da...
Söz Dəli Abdullanın ağzında qaldı. Çöldən at kişnərtisi eşidib pəncərədən boylandı.
Qapıya 8-10 silahlı atlının girdiyini gördü. Xədicəyə:
- Qapnı bağla, arxa pəncərəyə gəl,- deyib, yan otağa keçdi.
Xədicə onun dediyi kimi etdi. Qapını bağlayıb oğlanın ardınca yan otağa keçdi.
Dəli Abdulla pəncərədən sallanıb aşağı düşdü. Xədicənin ayaqlarlndan tutub onu da pəncərədən aldı. Tövlənin arxasına keçdilər. Atlıların içərisində Xədicə nişanlısı Məhəmmədi tanıdı. Qıza artıq bu qəribə görünmürdü. Məhəmməd kimi bir insanla ailə həyatı qura bilmədiyini o çoxdan anlamışdı. Dönüb Dəli Abdullaya baxdı. Abdulla qızın ona nədən baxdığını başa düşmüşdü.
Atlılar iki-bir, üç-bir ayrılıb evi mühasirəyə almışdılar. Dəli Abdulla qıza pıçıltı ilə tapşırıqlar verdi:
- Məni burda gözlə, heç yana getmə, - dedi, özü kolluğu sinə-sinə söyüd ağacının altında tək dayanan silahlı çinovnikə arxa tərəfdən yaxınlaşdı. Xədicə uzaqdan oğlanı izlədikcə həyəcan keçirir, qışqırmaqdan özünü güclə tuturdu.
Dəli Abdulla ağacın altında dayanan çinovniki səsi çıxmadan atından salıb, ayağının altına sərdi. Atın üstünə qalxıb tövləyə tərəf gəldi. Xədicənin qolundan tutub atın tərkinə qaldırdı:
- Bərk yapış, deyib ata təpindi.
Xədicə qollarını cəngavərin belinə doladı. At qapıdan çıxmışdı ki, həyətə girən silahlılar duyuq düşdülər. Dəli Abdullanın ardınca atlarını çapdılar.
Abdullanın bu vaxta qədər bir gülləsi yan keçməmişdi. Silah səslərini eşidən kənd sakinləri film izləyirlərmiş kimi bu hadisəni canlı-canlı izləyirdilər. Dəli Abdulla hər arxaya çevrilib atəş açanda arxası ilə düşən atlıların sayı azalırdı.
Silahlar yağış kimi onların üstünə yağırdı. Abdulla Xədicəyə görə arxaya arxayın şəkildə çevrilə bilmədiyindən qıza:
- Xədicə, qorxmadan məndən bərk yapış, səni önə keçirirəm.
Qolunu Xədicənin belinə keçirib qızı önünə oturtdu. Arxaya dönüb atlıları toyuq buğda dənləyən kimi bir- bir dənlədi. Atı çapıb Türyənçayın sahilinə gəldi. Kürəyindən qan axdığını hiss elədi. Xədicə atdan endirəndə silahı da yerə düşdü. Yaralandığını qızdan gizlətsin deyə atı çayın sahilinə sürdü. Ağır hərəkətlərlə ayaqıarını üzəngidən çıxarıb, atın belindən aşağı sürüşdü. Yıxılmaqdan özünü güclə saxladı.
Xədicə kürəyindən bir neçə güllə yarası almışdı. Yaralı olduqlarını hər ikisi də bir- birindən gizlədirdi. Dəli Abdulla Türyənçayın buzunu güllə ilə qırdığı həmin yerə gəlmişdi. Xədicə kənardan durub həmin günü xatırlayıb göz yaşlarını saxlaya bilmədi...
Birdən Məhəmmədin Dəli Abdullanı nişan aldığını gördü. Özünü güclə toplayıb Abdullanın yerə düşüb qalmış silahını götürdü. Ağır addımlarla yulğun kolluqlarının arası ilə onlara yaxınlaşdı.
Məhəmmədin tam tətiyi çəkdiyi vaxta Xədicə onun kürəyinə atəş açdı. Məhəmməd yumalanıb çaya düşdü. Qız əlindən silahı yerə atıb ayaqları dolaşa-dolaşa Abdullaya doğru gəldi.
Abdulla oturduğu yerdəcə ölmüşdü. Xədicə arxadan onu qucaqlayıb, ağır, qırıq-qırıq səslə, son nəfəslə pıçıldadı:
-Dəəlii Abdullaa!!