Ədəbiyyat və həyat: Qolsuorsinin essesi - Dilimizdə ilk dəfə
MANERA.AZ Nobel mükafatçısı Con Qolsuorsinin dilimizə ilk dəfə tərcümə edilən "Ədəbiyyat və həyat" essesini təqdim edir:
Ədəbiyyat nədir? Əgər sağlığında müəllifin əsərini ədəbiyyat hesab etmirlərsə, bəlkə də o, ölsə, yaxşıdır; hətta bu halda belə, saysız-hesabsız kitablar və onlar barədə daim fikir dəyişkənliyi meydana gəldiyi vaxtda ədəbiyyatın nə demək olduğunu müəyyən etmək çətindir. Siz iki adam tapa bilməzsiniz ki, bir neçə dəqiqə ərzində ədəbiyyatın nə demək olduğu barədə eyni fikrə gələ bilsin. Yəqin ki, hamımız Şekspiri qəbul edirik. Lakin ondan başqa daha kimlərin adını çəkə bilərik? Axı biz şairlərimizi hansı "təzədir", hansı "köhnədir" deyə, yumurta kimi işarələyə bilmərik! Axı onlar uzun müddətə qalıblar tarixdə. Yox, yazıçılar "istifadə müddəti"ni özləri-özlərinə yazıb qoyurlar.
Mən, şəxsən, heç bir əsas-filan gətirmədən, hesab edirəm ki, Ədəbiyyat yalnız və yalnız oxumağa imkan tapdığım kitablardı; bu mülahizə mənə çoxsaylı, nəhəng müəllifləri ixtisara salmaqda kömək edir. Lakin fərdi zövqdən bir qədər aralansaq, demək lazımdır ki, Ədəbiyyatı yazılan resenziyalara görə təyin etmək çətindi, eynilə quruluşçu rejissorun teatrı üçün tamaşaçının gözlədiyi pyesi seçdiyi kimi. Lakin burada bircə fərq var: rejissor öz seçimini Tamaşaçının istəyindən sonra edir, biz yazıçılar isə bunu oxucudan əvvəl edirik. Necə də böyük bir təsəlli! Digər tərəfdən, çox təəssüf ki, bizim oxucularımız bu günün reallıqlarıyla yaşayan teatr tamaşaçılarından fərqlənir və bu da uzun müddət, nəsildən-nəslə, beləcə ötürülür. 1800-cü ildə səhnəyə qoyulmuş tamaşa 1600-cü ildəkini üstələyir, 1830-cu ildə, hansısa, müəllifi tərifləyirlər, 1930-cu ildə isə onu tənqid edirlər.
Ədəbiyyat torpaq üzərində iz buraxmır, Zamanın ovalanan zərif qumları üstündə iz salır və mən o qumun üzərində qaçan adamın izini axtarmalı olan xəfiyyəni də anlayıram. Beləliklə, bütün hallarda Ədəbiyyatın nə demək olduğunu dəqiq təyin eləmək, məncə, mümkün deyil. Lakin bu yaxınlarda tanış bir yazıçıyla görüşüb, söhbət elədim; o, köhnə pyesləri dərindən öyrənərək bilməyə çalışırdı: görəsən, nədən ədəbi əsərlər öz uzunömürlülüyünü qoruyub saxlayır? O belə bir nəticəyə gəlib ki, məsələ xarakterlərin həyati olmasındadır. Düşünürəm ki, əgər pyes və romanlar barədə danışsaq, onun qənaəti, təxminən, doğru olar. Amma bunu poeziya haqqında tam mənada demək də olmaz, şeir üçün nəsə, başqa bir arqument tapmaq lazımdır. Məncə, belə demək olar: böyük hərfli Ədəbiyyatı müəyyən etmək üçün əsərə əsl fərdi möhür vurmalısan; mahiyyətinə görə yazılmış əsər əvvəlki əsərlərə bənzəməməlidir.
Siz heç ilanın skeletini görmüsüz? Bu çox heyrətli və zərif varlıqdır. Bax, Ədəbiyyatı da ilanın skeletiylə müqayisə etmək olar: hər bir fəqərəsi bir-birindən fərqlənir, lakin sirli şəkildə biri-biriylə bağlanır. Ya da icazə verin, başqa bir misal gətirim, tarixdən. Bir neçə il bundan qabaq Nyu-Yorkda olarkən, nəhəng sümükləri olan bir dinozavr növü gördüm, qəribə quyruğu və xırda ağzı vardı; yox, canlı deyildi, hərçənd bəzən ondan da xırda ağızlı, heyrətamiz heyvanlar görürsən. Bizə muzeyi göstərən professordan soruşdum:
- Ser, bu nəhəng heyvanın ağzı çox xırdadır, görəsən o, doya bilirdimi?
Professor mənə qərəzlə baxdı, sanki demək istəyirdi: "Mən də elə bunu sizə izah eləmək istəyirdim."
Demək istəyirəm ki, Ədəbiyyat hardasa, iri skeleti və quyruğu olan dinozavra bənzəyir, quyruğunun uzunluğunun sonu yoxdu, ağzı da çox xırdadı və daim Həyatdan dadır.
Mən, necə deyərlər, bir qədər qabağa qaçıram, dediklərimə görə də cavabdehəm: bəziləri belə hesab edir ki, Ədəbiyyatın Həyatla çox soyuq münasibətləri olmalıdır, sadəcə, uzaqdan-uzağa Həyata əl etməlidir, mətbəx stoluna da birinci Ədəbiyyat yetişməlidir. Bəziləri isə hesab edir ki, Ədəbiyyat Həyatın özündən də canlı olmalıdır, tələsməlidir, çapmalıdır, boş şeylərə, tutaq ki, seçimə, formaya, gözəlliyə və ya Həyatdan, hansısa, mənəvi-əxlaqi bir şey götürməyə fikir verməməlidir, Ədəbiyyat, əslində, biheviorizmin (behaviorism) qaydalarını qorumalıdır, təxminən, musiqi bəstələməyə hazırlaşanda "İlahi, görəsən, bir şey alınacaqmı?" - deyə dua oxuyan ultra modernist bəstəkar kimi.
Bu cür yanaşmalar məlumdur, lakin mən qatı mühafizəkaram: mənim üçün Ədəbiyyat o zaman başlayır ki, Həyat sənətkarın təbiətindən və ehtirasından qığılcım qoparır; özü də bu həyat, hansısa, polis hesabatından və ya qəzet məqaləsindən qığılcım qoparan həyat deyil. Əsla, yox! Bu həyat bütün nəhəng, qaynayan, səs-küy yaradan hərəkət və hadisələrin müxtəlif çalarları və qoxuları, dərinlikləri və qaranlıqları deməkdi! Bu həyat bizik, bizlərdən hər birimiz hərəkət və hadisələrin görünməz hissəsiyik, Ədəbiyyat bunları saf-çürük edib, bütün başqa hissəciklər və iştirakçılarla qarşılıqlı əlaqədə tutaraq, qidalanmalıdır. Bax, bu qarşılıqlı əlaqə kifayət qədər görünəndə və ya hansısa, bəxtəvərin gözünə görünəndən sonra sözə çevriləndə ədəbi əsər doğulur.
Yeni, zərif və işıldayan bir fəqərədir bu, bəlkə də ilk vaxtlar, hələlik, qəbul edilmir, lakin müəyyən vaxt ötdükdən sonra Ədəbiyyatın ucu-bucağı görünməyən onurğa sümüyündə öz yerini tutur. Ədəbiyyat sapa düzülmüş qiymətli daşlara bənzəyir, onların heç biri digərinə bənzəmir. Yenə deyirəm, Ədəbiyyatın düz fəqərəsi var, mən ona arxalanıram, onun hər hansı formada əyilməsi məni dəhşətli dərəcədə qorxudur. Geriyə, keçmişə boylanıb baxanda Ədəbiyyatın inkişafında onun bel sütununu asanca görmək olar. Lakin o adamlar ki, bu sütunu sındırmağa çalışır və hər şeyi yenidən başlamaq istəyirlər, nahaq yerə vaxt itirirlər; onlar həm özlərinin, həm də əydikləri (və ya sındırdıqları!) sütuna məcburən baxan adamların vaxtını yelə verirlər.
Misal üçün, digər cavan müəlliflərdən ruhlanıb, romanı hadisələr kaleydoskopuna çevirən qəribə eksperimentlər var; Prustdan ruhlanaraq yazılan ailə həyatı ensiklopediyasına bənzəyən romanlar, Edqar Uelsdən ruhlanıb, bir-biriylə bağlı olmayan yaşantılar burulğanından yazan müəlliflər, nə bilim, daha kimdənsə, təsirlənib mikropsixoloji analiz mövzusunda traktat yazan müəlliflərin eksperimentləri. Mən əminəm ki, otuz ildən sonra bu eksperimentləri unudacaqlar, xarakterləri və süjeti olan romanlar yaşayacaq.
Buna da əminəm ki, poeziyada o şeirlər yaşayacaq ki, onların məzmun və ritmi hansısa, anlaşılmaz şəkildə bizim hisslərimizə təsir edir. Təsviri sənət nümunələri barədə danışmağa, ümumiyyətlə cürət etmirəm, çünki rəssamlar, qeyd etdiyim kimi, yazıçılardan daha küsəyəndir. Mən Berlin şəkil qalereyasında bir bilicinin fikriylə razılaşmadım, hələ də unuda bilmirəm; ona bildirdim ki, sizin dediyinizdən belə çıxır ki, poçt markalarının, xətlərin, təbaşirlə çəkilmiş cizgilərin, mıxların və köhnə avtobus biletlərinin, hansısa, nizamsız yığımını müəyyən qaydada kətana köçürən rəssamın şəkli Rafaelin "Sikstin Madonna"sından daha çox həyəcanlandırır, eləmi? Həmin bilici də çox əsəbiləşdi.
Musiqiyə gəlincə, qeyd edim ki, məni belə bir qənaətimdən heç kim çəkindirə bilməz: otuz ildən sonra insanlar yenə melodik musiqilərə can atacaq, çətin həzm edilən kənd təsərrüfatı və sənaye gurultusundan əmələ gələn musiqiləri unudacaqlar. Əlavə olaraq, xəlvətcə, qulağınıza pıçıldayım: inanmıram ki, o vaxta qədər saksafonlar və həmçinin keçmişin caz alətləri arfa, zəbur alətləri, simballar muzeylərdə yer alacaq və orada bu alətləri çalmaq qanuna görə qadağan olunacaq.
Bəlkə də bu qənaətə gələ bilərsiniz ki, mən bütün eksperimentlərə çox ehtiyatla yanaşan qatı mürtəceyəm. Yox, heç də belə deyil! Sənətdə eksperiment vacibdir, elmdə də həmçinin. Eksperiment irəliyə doğru hərəkətə təkandı, bəzən öz bəhrəsini də verir. Lakin bir məlum məsələni unutmaq olmaz: yazıçı yalnız o zaman uzunömürlü sənət əsəri yarada bilər ki, mövzunun özü eksperimenti inadla tələb etsin. Yoxsa, kimsə, nəyin bahasına olur-olsun, orijinallıq xətrinə istədiyi kimi eksperiment aparırsa, bununla da, sadə həmvətənlərinin diqqətini bir müddət cəlb etməyə nail olursa, onun yazdığı tezliklə itib-batacaq; şeh də günəş şüaları altında beləcə quruyub gedir, ya da şairlərin poetik diliylə ifadə etsək, belə eksperimentlər öpüşdən sonra dodaqlardan silinib gedən pamada kimidir.
On beş il bundan öncə Londonda bir heykəltaraşın əsərlərinin sərgisi vardı, çox yaxşı və normal işlər idi. Sərgi zamanı zala iki gənc xanım girdi, könülsüz-könülsüz və tələm-tələsik bir rəngdən o biri rəngə baxırdılar, nəhayət, onlardan birinin gözü oturaq halda, yekə bir fiqura sataşdı; fiqur düzgün olmayan həndəsi ellipsoidlərdən düzəldilmişdi, guya adı da Venera idi, tamaşaçıların diqqətini cəlb edə bilmişdi. Yeni fiqurun qarşısında duran gənc xanım sanki pərvanə kimi hərəkətsiz qalmışdı, rəfiqəsinə səsləndi: "Əzizim, bura gəl, odur bax, Venera!" Sonra başını əyib davam elədi: "Çox gözəldi, eləmi?" Belə pərvanələr indi də var və onlar bu günə kimi əsərlərə yalnız orijinallıq xətrinə tamaşa edirlər, çünki onların qulaqlarını hər cür qışqırtıyla doldurublar ki, guya gördükləri "orijinal" əsərdir.
Ədəbiyyat məsələsinə qayıdaq. Biz eksperimentlərlə dolu bir dövrdə yaşayırıq; yazıçılarımız üçün asan deyil. Bizi bugünkü nəsrin poeziyaya, poeziyanın isə nəsrə dönməsi az maraqlandırır. Bizi, məncə, daha çox belə bir sual qayğılandırır: ümumiyyətlə, mövcud şəraitdə, həm şeir, həm də nəsr yazmağa dəyərmi?
Mənə elə gəlir ki, biz indi peyda olan hər şeyə görə sevinirik, çap olunan kitablar haqqında elə səs-küy qaldırırıq ki, nəşriyyatların reklamlarını da üstələyir. Nadir kitabları "nəhəng" adlandırmazlar. "Şedevrlər" və "istedadlı şeylər" göbələk kimi artır, sonra da onları, elə beləcə, həvəslə horra edib qarışdırırlar. Haçansa, amma bu tezlikdə yox, naşirlər və resenziya müəllifləri anlayacaqlar ki, "dahi" və "istedadlı" kimi epitetləri yaxşı olar ki, nüfuzlu və qərəzsiz hakimin - Zamanın öhdəsinə buraxsınlar; elə bir Zamana ki, rəqəmləri aşağı salmaqla, ondan gəlirin gizlədilməsi mümkün olmayan qeyri-adi vergi yığıcısına bənzəyir.
Doğrusu, bütün bu dınqıltılı səs-küylərdə bir üstünlük də var: kitablar dərhal populyarlaşır. Bu da faydalıdır, hərçənd cavan yazıçılar üçün təhlükə də yaradır. Keçmiş zamanlarda bilicilər yazmağa təzə başlayan müəllifləri - deyək ki, Meredit, Konrad və ya Stiven Kreyn kimi yazıçıları tərifləyəndə, əmin olmaq olardı ki, onların kitabları satılmayacaq. Lakin indi yazıçını tərifləyəndə onun kitabı dərhal on beş nəşriyyat tərəfindən çap olunur, müxbirlər müəllifin başının üstünü alırlar, ona spirtli içkilərin qadağasıyla, dağ adamıyla, doğuşa nəzarətlə, nə bilim, müxtəlif mövzularla bağlı suallar verirlər; bu cür xəbər başlıqları ölkəni başına götürür, müəllifin başı çox da yerində deyilsə, deməli, hər şey onun gözlərinə sürətlə baş-ayaq görünəcək.
Görünür, elə buna görə də əksər həmvətənimiz yazıçıları bir az başdanxarab hesab edir. Adamlar bizim kitabları alırlar, bununla belə donquldanırlar: "Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir. Elədir, əksəriyyətimizə baxanda doğru fikirləşirlər, kədərli faktdır; axı yazıçının vəzifəsi hər şeyi, heç olmasa, başqalarına nisbətən təxminən doğru anlamaqdır; yazıçı iti gözə malik olmalıdır, dərindən hiss etməli, düşünməli və düşündüklərini də başqalarından fərqli olaraq daha aydın ifadə etməlidir. Biz nəyi görürüksə, nəyi hiss ediriksə, nə barədə düşünürüksə, bunu doğru və gözəl etməliyik. Çörəyimizi havayı yeməmək üçün biz səbirli, kifayət qədər təvazökar və müstəqil olmalıyıq, hər zaman yumor hissimizi, ölçü-biçini və ruhi dincliyimizi qoruyub saxlamağı bacarmalıyıq.
İndi bizim istedadlı cavan yazıçılarımız az deyil. Düşünürəm ki, onların bədii təfəkkür səviyyəsi də yüksəkdir. Deməli, məsələ heç də istedadda, texniki ustalıqda deyil; əsas məsələ bundadır ki, ağlının sakitliyini qoruya biləsən, nəql etməyi lazım bildiklərini qəlbindəki istiliklə verə biləsən; məsələ bundadır ki, oxucuya dərhal təsir etmək kimi uşaqlıq istəyinə uymayasan, əllaməliyin bulanıq sularına və mürəkkəb üsluba baş soxmayasan.
Həyat barədə danışmazdan əvvəl, bir fikri də, çatdırmaq istərdim. Hər hansı bir sənətkar, rəssam, musiqiçi və ya yazıçı - zəvvardır. O hansı müqəddəs məbədə sitayiş etmək üçün gedir? O hansı sifətlə, hansı simasıyla susuz səhralarla öz istedadının xaçını daşıya-daşıya gedir? Gözəl simasıyla və həqiqətin üzüylə, yoxsa, satirik və dördayaqlı heyvan sir-sifətiylə? Sənətin məqsəd və təyinatı nədir?
Bəzi dairələrə aşağıdakı daha bir sualı verməyin vaxtı yetişib. Vaxtilə onilliklər boyu cavab aydın görünürdü, lakin bizim günlərdə bu mümkün deyil. Bizi hər tərəfdən ilğımlar əhatə edib. Onlar işıldayır, dalğalanır və əriyib gedirlər. Bu çox səfeh bir işdir. Axı sənətkar - istər musiqiçi olsun, istərsə də rəssam, heykəltaraş və ya yazıçı, - həqiqətən, inanclı, başı dik addımlayan, yolgöstərən ulduzlardan gözlərini çəkməyən nəsillərin övladı idi. İndi isə ulduz gah inamsız-inamsız közərir, gah bir anlıq göydə işıq zolağı cızır, gah da tamamilə sönüb gedir. Bütün hallarda, görəsən, aramızda kimsə tapılacaqmı ki, (tonqal yanıb kül olandan, söz-söhbətlər bitəndən, trubkasındakı tütün qurtarandan sonra!) həmin o ulduzu görməsin və bu sualın cavabını bilməsin? "Biz özümüzü nədən ötrü sənətə qurban veririk?" sualının yalnız bir doğru cavabı var: "İnsanın daha böyük rifaha və əzəmətə sahib olmasından ötrü!"
İndi isə Həyat barədə. Onun tərifini axtarmaq çətin lazım olsun. Yəqin hamı razılaşar ki, Həyat çox böyük və cazibəli macəradır. Biz yalnız bir dəfə Naməlum stansiyaya bilet alırıq, yalnız Həyat adlı ölkəni bir dəfə dolaşıb adlayırıq. Yolda nə ilə məşğul oluruq? Uzun və ya qısa yol zamanı nələr edirik? Bunlar bizim xarakterimizin meyillərindən asılıdır.
Görünür, çoxları belə hesab edir ki, biz vulqar sensasiyalar əsrində yaşayırıq: göyə ucalan mağaza lövhələri və qışqıran qəzet başlıqları, reklamlar və standartlaşdırmalar. Bütün hallarda bizim əsr bəşər tarixində, hələlik, ən maarifçi əsrdir. Misal üçün, praktik olaraq hamı oxumağı bacarır. Mənə etiraz edə bilərlər: "Elədir! Amma nə oxuyurlar? Detektiv romanlar, qalmaqallı xronikalar və idman xəbərləri".
Mən başa düşürəm ki, "Çar Edip", "Hamlet" və "Faust" qəzetlərin bazar günü əlavələri və xəfiyyələr barədə gedən xəbərlərlə müqayisəyə gəlmir. Lakin hər halda, Qərb ölkələrində nəşr olunan illik kitabların sayı getdikcə əhalinin sayına yaxınlaşır. Hər bir hadisə, hər bir problem geniş oxucu kütləsinin ixtiyarına verilir. Teatrlar, kinoteatrlar, radio, hətta mühazirələr belə bu prosesə dəstək olur. Lakin bunlar mütaliəni əvəz edə bilmir və əvəz etməməlidir; çünki mütaliə edərkən biz dayana bilərik və düşünərik; biz axı qulaq asanda və ya baxanda dayanıb fikirləşə bilmirik, kimsə buna mütləq mane olur.
Əsrimizin təhlükəsi bizim cəhalətdə qalacağımız deyil, düşünmək qabiliyyətimizin itirilməsindədir. Qarşımıza tez-tez, hansısa, suallar çıxır, lakin biz bunlara cavab tapmağa çalışırıqmı? Yoxsa, elə başımız krossvordlara və detektiv romanlardakı suallara qarışıb? Biz daha çox bayağı və primitiv şeylərə meyillənirik. Lakin biliyə aparan asan yol, demək olar ki, hər zaman çox uzun olub. Müstəqil surətdə bilik əldə etmək heç nə ilə müqayisəyə gəlməz.
Mütaliə maşın-texnika əsrimizə xas olan standartlaşma və bayağılaşmadan qurtulmağın ən yaxşı vasitəsidir. Mütaliə həyat haqqında təsəvvürlərimizi, əxlaqımızı və başqa insanların ehtiyacları barədə bilgilərimizi genişləndirir; kitab heyrətamiz dərəcədə insana öz "mən"i sərhədlərindən qırağa çıxmaqda kömək edir. Bu yerdə mən fəlsəfənin çox vacib bir məqamına, yaxud daha yaxşı ifadə eləsək, xoşbəxtlik elminə yaxınlaşıram.
İnsanların əksəriyyəti üçün xoşbəxtlik daim öz işiylə məşğul olub, öz hissləri, yaxud düşüncələri ilə yaşamaqdan ibarətdir. Biz özümüzü nəyəsə, fədakarcasına həsr etməsək, həqiqi mənada xoşbəxt olmuruq. Yalnız özümüzlə məşğul olmaq da bir şey deyil, belə hallarda biz, sadəcə, yarımcan kimi yaşayırıq. Tolstoy deyirdi ki, insan güzgüyə baxanda əslində olduğu kimi gözəl görünmür. Yazıçının belə bir gözəl kəşfi necə etdiyini hələ öyrənməliyik; Tolstoyun digər çoxsaylı fəlsəfi mülahizələri də, göründüyü kimi, sadə deyil. Hər halda, xoşbəxtliyin açarı fədakarlıqdadır, özünü unutmaqdadır. Və öz "mən"ini unutmaq da müxtəlif cür olur. Mənim tanıdığım bir məşhur həkim-cərrah var; hələ orta məktəbdə oxuyanda sinif yoldaşlarına on sent verib ki, bəs, icazə verin, dişinizi mən çəkim.
Hamıya məlumdur ki, siyasətçilər də xoşbəxtdir.
Bəli, özünü unutmağın saysız-hesabsız yolları var, biri də gözəlliyi seyr etməkdir. Mən Arizonada Qrand Kanyon (Grand Canyon) milli parkını görəndə, Aysedora Dunkanın qız şagirdləri ilə maraqlananda, Vaşinqtonda Rok Krik qəbiristanlığında Sent Qodensin "Nirvana"sına baxanda, yaxud da Ay işığında xumarlanan Misir səhralarını gəzəndə dünyada hər şeyi unudurdum. Bununla belə, inkar edə bilmərəm ki, özünü unutmağın, bəzən, çox qəribə nəticələri də olur. Bir dəfə rəssam tanışlarımdan biri rus rəqqasəsinin portretini çəkmişdi, o qədər özünə qapılmışdı ki, qadının sifəti və qurşağa qədər hissə özünə baxırdı, qurşaqdan aşağı hissə isə tərsinəydi. Şəkli də beləcə sərgiyə göndərmişdi. Doğrudur, rəssam o dövrün ekspressionistlərinə aid idi.
İcazə verin, Həyat haqqında söhbətə qayıdım.
Heç kimin, hətta alimin belə ağlına gəlmir ki, belə bir sual versin: həyat nədir? Həyatın meydana gəlməsi də Dünya-aləmin yaranması kimi dərkedilməzdir. Biz varlıq barədə uzun-uzadı düşünə bilərik, mücərrəd nəticələrə gələ bilərik, yalnız müəyyən bir həddə qədər: heç bir mülahizə və nəticə Həyatın mükəmməl dərk edilməsinə gətirib çıxarmaz. Bu, yeganə mötəbər bilgidir. Axı kim istəyər, başqa cür olsun? Sirr olmasa, həyat mənasını itirər. Təsəvvür edin ki, bu əbədi tapmacanı tapdıq, o zaman hər şey dayanar; nə Kainat, nə dünya, nə biz, nə siz, nə mən, heç kim və heç nə mövcud olmaz.
Etiqad müəyyən dini dünyagörüşlərin müstəsna mülkü deyil. Ən yaxşı inanc budur ki, hər şeydə - nə olubsa, nə varsa, və nələr olacaqsa - Kamilliyə doğru istəyin mövcudluğuna əmin olasan. Bu əminliyə söykənən hər kəs kamilləşmə prosesində iştirak edir. Gözəlliyi seyr etmək qabiliyyətinə malik adam özü Həyata gözəllik gətirmək ehtiyacı duyur; əndazə hissini bilən adam elə bu hisslərə uyğun hərəkətlər yapmağa ehtiyac duyur. Gözəllik və əndazə hissi bizi hansı yollarla aparır-aparsın, bu hər zaman insan cəmiyyətinə faydalı olacaq, çünki bunlar adamları tamahkarlığa və zorakılığa sürükləyən bataqlıqlardan uzaqlaşdırır. Həyatın hər hansı bir sahəsini götürsək, görərik ki, indi gözəlliyə və harmoniyaya sevgiylə yanaşmaq necə də vacibdir. İcazə verin, sülhlə bağlı suala gəlim. Sual? Artıq belə bir sualın doğması hər kəsin, gözəllik və harmoniyaya sevgi bəsləyən bütün insanların gözünə əcaib-qəraib kimi görünür. Dünya müharibəsi zamanı biz o qədər dağıntılar və ölümlər gördük ki, sözlə də ifadə etmək olmur.
Dünya heç vaxt bu qədər fəlakət görməmişdi. Lakin Dünya müharibəsində aviasiyanın və zəhərli kimyəvi maddələrin ətrafı xarabalıqlara döndərməsi hadisələri gələcəkdə böyük dövlətlər arasında baş verə biləcək müharibə bəlalarıyla müqayisədə uşaq oyuncaqları kimi görünər. Belə bir müharibə baş versə, hər bir iştirakçı ölkənin əhalisi (daha doğrusu, hədəf kim olacaqsa), məcburən, gizlənməyə siçan deşiyi axtaracaq, yerin altına girəcək, ya da çirkab sularının axıdıldığı borularda daldalanacaq, qorxudan dəli olan dovşan kimi dağlara qaçacaq ki, canını qurtarsın. Gələcək müharibələrdə (əgər onlar alovlansa,) böyük şəhərlərə (onlar ölkələrin sinir sistemləridir!) havadan zərbələr endiriləcək, onlar dərhal dağılıb, xarabaya çevriləcək; bunlardan qorunmağın hələ ki yolu tapılmayıb, yəqin ki, heç tapılmayacaq da; şəhərlər fuqas bombalarıyla, ya da kimyəvi silahlarla dağıdılacaq və çox güman ki, həmin sinir mərkəzlərindən daha çox asılı olan quru və dəniz qoşunları da donub hərəkətsiz qalacaq, döyüşə qoşula bilməyəcəklər.
Belə bir müharibədə heç fədakarlığa və qəhrəmanlığa da yer qalmayacaq, şərəf və ləyaqət hissi də yox olacaq, şöhrət hissi də, heç nəyə yer qalmayacaq; hətta müharibədə ölənləri dəfn eləmək belə mümkün olmayacaq. Qocaya, cavana, qadına, uşağa, xəstəyə, sağlama heç bir fərq qoyulmayacaq: adamları nə din xilas edəcək, nə də ən yüksək mədəniyyət. Görünməz uçan predmetlərdən başqa, heç nə olmayacaq; göylərdən ölüm yağacaq, xarabalıqlar, xəstəliklər və ölümlər hər yanı bürüyəcək. Əgər böyük dövlətlər, belə demək caizdirsə, sivil dövlətlər və millətlər arasında sülh olmasa, onda şişirdib-eləmədən güman etmək olar ki, hamını eyni tale, eyni aqibət gözləyir, müharibəyə cəlb olunan hər bir ölkənin axırı pis olacaq, onlar yer üzündən silinəcəklər və onlardan yalnız miskin bir kölgə qalacaq.
Bu panik qışqırtı deyil, bu - sağlam düşüncənin səsidir.
Bəziləri qətiyyətlə bildirir ki, insanın təbiəti dəyişsə, müharibələr də olmaz. Lakin insanın təbiəti dəyişməz olaraq qalır. Daşürəkli, öz xeyrini güdən adamlar hər zaman şəxsi məqsədlərini üstün tutacaqlar; hər zaman kor olacaq, kütbeyin millətçi və fanatik kimi qalacaqlar; onlar hər zaman aciz, cılız və passiv adamlar kimi, yalnız o zaman ayılacaqlar ki, artıq gec olacaq; kütlədə hər zaman sürü psixologiyası hökm sürəcək.
Xoşbəxtlikdən, müharibələrin qarşısını almaq üçün təsirli mexanizm mövcuddur. Bundan başqa, müharibəyə münasibətdə də xilasedici dəyişikliklər var. 1914-cü ildə sağlam və ayıq adamlar güman edirdilər ki, (nəticədə onlar yanıldılar!) müharibə onların ölkələrinə fayda gətirə bilər; indi isə, 1930-cu ildir, dərrakəli və sağlam adamların heç biri belə xəyallarla özünə təsəlli vermir. Böyük əhalisi olan şəhərlərə təyyarələrdən yüzlərlə kimyəvi bomba atılanda sağlam düşüncəsi olan heç bir adam müharibəni dəstəkləməyəcək. 1914-cü ilə qədər sülhün vacib olmasını əcaib şəkildə hesab edirdilər. Lakin 1930-cu ildə sülhün vacib olmasına inanmamaq tam mənasıyla sərsəmlikdir. Yenə deyirəm, bu - sağlam düşüncənin səsidir.
Bəşəriyyət çox qəribə və əzablı bir dövr yaşayır. Bizi daha dəhşətli və amansız təhlükələr təhdid edir; belə təhlükələr keçmiş zamanların heç bir dəhşət saçan dövründə olmayıb. Hər halda, tarixdə elə bir əsr olmayıb ki, onu bizim əsrlə müqayisə edə bilək: insanlığa düşüncəsiz yanaşmayla, adamlara iztirab və məşəqqət gətirən fəlakət və günahların kökünü kəsməyi səmimiyyətlə istəməklə bağlı məsələlərdə. Axı biz indi keçmiş zamanlarla müqayisədə daha çox bilik, bacarıq və humanist səylə xəstəlikləri sağaldırıq; biz cinayətkarlara və heyvanlara (hərçənd yetərli deyil!) daha elmi, daha ədalətlə və daha mərhəmətlə yanaşırıq; biz sosial və iqtisadi şərdən qurtulmaq üçün heç vaxt indiki kimi belə qayğılı olmamışıq. Əgər sülhü təmin edə bilsək, başımızın üstündə dolaşan ölüm kabusunun qarşısını alsaq, o zaman az da olsa, tarixin ən humanist əsrinə - ən ədalətli və firavan əsrinə yaxınlaşa bilərik. Biz əmin olsaq ki, sivil millətlər arasında gedən müharibə elə keçmişin dəhşəti kimi qalacaq, necə də bəxtəvər olarıq! Məncə, bu gün hamımız hər gün bir ağızdan təkrar etməliyik: "Ən müqəddəs saydıqlarımızın xətrinə, müharibə lazım deyil!"
İcazə verin, bir neçə dəqiqəmi də gözəllik haqqında fikirlərə həsr edim. Yəqin ki, gözəlliyi hərə bir cür görür, gözəlliyin nə demək olduğunu hər kəs özü bildiyi kimi anlayır. Bütün hallarda, hər birimiz ona gözəl görünən şeyi görür, eşidir və ya oxuyur; hər kəs özünə uyğun səviyyədə hiss edir, duyur, qiymətli və yüksək duyğularını özünəməxsus şəkildə hiss edirik. Xorda eşitdiyimiz zərif bir səs, yelkənli qayıq, çiçəklərin açılması, şəhərin gecələri, qaratoyuğun nəğməsi, yaxşı şeir, yarpaqların kölgəsi, qəşəng uşaq, ulduzlu səma, məbəd, yaz vaxtı alma ağacının çiçəkləri, cins at, təpələr arasında qoyun sürüsünün zınqırov səsləri, çayların şırıltısı, kəpənək, təzə çıxan Ay, minlərlə predmet və əşyalar, səslər, sözlər bizdə gözəllik haqqında düşüncələr və duyğular oyadır, bütün bunlar narın yağış kimi qəlbimizə çilənir, onu quru olmağa qoymur. Bəlkə də bizə dinclik və təptəzə ruh gətirən axına diqqət vermirik, amma o daim bizimlədir axı. Müharibə özüylə bərabər, incəsənətdə, ədəbiyyatda və təsviri sənətdə gözəlliyə qarşı qiyam gətirdi; indi yavaş-yavaş bu qiyam yatır və inanıram ki, tamam yatacaq. Biz anlasaydıq ki, gözəlliyi dərk etməyə-etməyə onun üstündə necə də əsirik, heyrətə gələrdik; anlasaydıq ki, gözəlliksiz həyatımızın sevinci necə də azalardı, heyrətə gələrdik. Gözəllik yer üzünün təbəssümüdür, hamı üçün təbəssümdür, onu görməyə göz, hiss etməyə əhval-ruhiyyə lazımdır.
Mən Həyat haqqında danışmağa başlayanda dediyim fikirləri təkrarlamaq istəyirəm: biz yalnız bir dəfə Naməlum stansiyaya bilet alırıq, başqa sözlə, həddən ziyadə, maşın texnikası əsrində maşınsız ötüşmək üçün yollarını yağışlar yuyan və günəş şüaları öpən Həyatı yalnız bircə dəfə dolaşıb-gəzirik.
Təsəvvür edin ki, hamımız avarayıq; heç kim bilmir ki, gün ona nələr bəxş edəcək və gecə düşəndə başını hara qoyub yatacaq. Lakin biz öz yaxınlarımıza, qonşularımıza kömək etməyi öyrənsək, cəsarətimizi qorusaq, özümüz barədə düşünmədən bütün qəlbimizlə sevdiyimiz işi yaxşı görsək, Həyata heç olmasa, bir azca gözəllik qatmağı öyrənsək, yaratdığımız gözəllikdən rahatlıq tapsaq, sülhə can atmağı, onu təmin etməyi bacarsaq, qorxusuz-hürküsüz Sirrin üzünə baxmağı öyrənə bilsək, eyni zamanda Ruhun əbədi hərəkətini hiss etsək, o zaman Həyatımız hədər getməyəcək; bəli, o zaman, həqiqətən, ömrümüzü əbəs yerə yaşamarıq. /edebiyyatqazeti.az/
İngiliscədən tərcümə: Kamran NƏZİRLİ