manera.az
manera.az

Bir şəhidin hekayəsi - Reyhan Miqdadqızı yazır..

Bir şəhidin hekayəsi - Reyhan Miqdadqızı yazır..
Mənim bugünkü yazım gənc qəhrəmanımız 2001-ci ildə Lənkəran rayonunun Osaküçə kəndində dünyaya göz açan və ömrünün19-cu baharında şəhadətə yüksələn Mehdi Sübhi oğlu Qənbərlinin əziz xatirəsinə həsr olunub.

Yazı Mehdi Qənbərli haqqında xatirələr əsasında qələmə alınıb.

“Gəlin, dinləyin, sizə balamdan danışım. Məni dinləyin! Səsimə hay verin!

Mehdi bizim böyük övladımız, ocağımızın ilki idi. Mən ilk dəfə onunla sevinməyi, gülməyi öyrənmişdim. Balam Allahın mənə bəxş etdiyi ən gözəl hədiyyə, həyatda yaşama gücüm, varlığıma hopmuş xoş rayihəsilə ruhumu təzələyən bir çiçək idi. Mənim balam səhər şehi kimi dumduru, pak, təmiz, arıların topladığı bal kimi şipşirin idi. Balamın yumyumşaq əlləri zəhmətdən qabarlamışdı. Qeyrətli balam əllərinin qabarıyla yaşından tez böyümüşdü. Əlləri buram-buram zəhmət qoxuyurdu.

Təbiəti, gül-çiçəyi, heyvanları, böcəkləri çox sevirdi. Bu sevgisi onda arılara baxmaq, onların qayğısına qalmaq həvəsi yaratmışdı. Mehdi arılara qulluq etməkdən həzz alırdı. Zəhmətinin bəhrəsini görmək isə onu xoşbəxt edirdi. Bir də ağaclara qulluq etməkdən, onlara öz övladları kimi nəvaziş göstərməkdən zövq alırdı Mehdi. O, ağacların da canlı olması fikrini əsas tutaraq onları diqqətdən kənarda saxlamağın günah olduğuna inanırdı.

Öyrənməyi sevirdi balam. Hər gün yeni bir həyat dərsi alır, öyrəndiklərini paylaşırdı. Doğmalarının qeydinə qalmağı sanki özünə borc bilirdi və həmişə bir qəhrəman kimi əzizlərinin imdadına yetişirdi. Onu belə gördükcə anlayırdım ki, oğlum qəhrəman, vətənpərvər, qeyrətli kişi kimi yetişir. Bu məni sevindirirdi. Həm də çox böyük müdrik idi balam, onun ağıllı fikirlərindən heyrətə gəlirdi hamı. Kimsənin qəlbini qırmaz, heç kimə acı söz deməzdi. Yaşının üstündə bir idraka sahib idi.

Hər şeyi və hər kəsi düşünür, hamı ilə asanlıqla dil tapırdı. Hər sözü, hər söhbəti, hər hərəkəti, bütün davranışlarıyla ağsaqqalca düşüncəsini nümayiş etdirir, hamını təəccübləndirirdi. Yaşının az olmağına baxmayaraq, uzaqgörənliyi, dəyərli məsləhətləri ilə hər zaman seçilirdi. Bu, balama Allah vergisi idi sanki. Belə ağıllı düşüncələrilə qazanmışdı insanların sevgisini, rəğbətini. Balam qohum-qonşu, dost, yoldaş, qardaş, ata, ana, millət, dövlət, ən əsası da Vətən canlı bir oğul idi.

Bu səbəbdən də hamı tərəfindən sevilirdi. Evə qonaq gələndə sevincinin həddi-hüdudu olmurdu, böyük-kiçik yeri bilən Mehdi qonağa qulluq etməyi özünə borc bilirdi. Heç kim ondan narazı getmirdi. O özü də qonaq getməyi xoşlayırdı. Həmişə qohum-qardaşı, dost-tanışı ziyarət edən, hər birinin problemi haqqında maraqlanan, əlindən gəldiyi qədər kömək etməyə çalışan balam kənddə hər kəsin sevimlisinə çevrilmişdi.

Hələ uşaqlıqdan onun hansı amal uğrunda mübarizə aparacağı bəlli idi. Çünki o Vətən aşiqi, torpaq vurğunu kimi böyüyüb yetişmişdi. Vətəni çox sevirdi. Hər daşını, hər qarışını özünə doğma ana bilirdi mənim balam. Yurdun havası, suyu bir başqa idi onun üçün. Yorulmaq bilmirdi, heç yorulmazdı.

Uşaqlıqdan tapançayla, avtomatla oynamağı xoşlayırdı, amma ağlımıza belə gəlməzdi ki, bir vaxt gələcək bu dəhşət saçan silahların barıt qoxusu onun əllərinə hopacaq, özü isə odlu silahların qurbanı olaraq şəhidlik zirvəsinə ucalacaq.

Bəlkə də o özü bu dünyaya hansı missiya üçün gəldiyinin çoxdan fərqinə varmışdı, bunu hiss etmişdi. Bu səbəbdən də müharibə başlayan zaman Vətən uğrunda döyüşlərə qatılmaqdan fəxarət hissi duymuşdu balam. Döyüşlər davam edib ordumuz ard-arda qələbələrilə xalqımızı sevindirərkən balamın da gözlərinin içi gülürdü. Bu gülüşün altında məmnunluq, özgüvən olduğu o qədər bəlli idi ki! O, öz gülüşü ilə düşmənə meydan oxuyurdu. Sanki “bu da sizin sonunuz, biz bətni cırılıb körpəsi çıxarılan Azərbaycan qadınının, hələ bələkdə ikən şəhadətə yüksələn azərbaycanlı körpələrin qisasını alırıq”. deyirdi. “Biz uzun illərdir düşmən nəfəsindən və tapdağından bezən müqəddəs torpaqlarımızı yadlardan təmizləyirik.

Bizim olanı almağa gəlmişik. Biz bunun üçün savaşırıq, ölməyə yox, öldürməyə gəlmişik. Ancaq qismətimizdə ölüm varsa, öləcəyik. Çünki biz Vətənimiz üçün canımızı verməyə gəlmişik”, deyirdi, Mehdinin məğrur duruşu, gözlərindəki qürur. Daha bir çox mətləblər danışırdı o gözlər. Amma təəssüf ki, müharibə çox ömürlərə son qoydu, çox ailələri ərsiz, ataları övladsız, anaları gözü yaşlı qoydu. Elə mənim balam da əsl vətənpərvər, xeyirli övlad olaraq şəhadətə yüksələrkən ürəklərdə və yaddaşlarda silinməz izlər buraxdı, balamın qoxusu canımız, qanımız olan Vətən torpağına hopdu. İndi o qoxunu torpaqdan alırıq.

Mehdi üçün Vətən sərhəddən başlayırdı. Buna görə də sərhəd tanımayan, torpaqlarımızı zəbt edən ermənilərə qarşı böyük nifrəti vardı. Azərbaycanın hər bucağı, hər qarışı ona əziz Vətən idi. Ancaq kəndimizi bir başqa sevirdi, onun arzusu doğulduğu kəndin sərhədləri çərçivəsində xoşbəxt yaşamaq idi. İndi təkcə kəndimizin, Azərbaycanın deyil, sərhədsiz və hüdudsuz kainatın ənginliklərində xoşbəxtliyin zirvəsini yaşayır balam.

Mənim mələk balam mələklərə qarışdı. Yoxluğu qor etdi ürəyimi, ağrıdım, acıdım, bugünə qədər hər acını daddım, hər dərdi gördüm. Ancaq övlad dərdi, övlad acısı heç birinə bənzəmir. Qanından, canından bir parçanı, qəlbinin düz ortasını kəsib çıxarıb, onun yerinə ömürlük duz basıblarmış kimi için-için göynəyirsən. Nə unuda bilirsən, nə unutdura... Hər xatirəsi qəlbində bir kitaba dönüşən balanın həsrətli qoxusu burnunun ucunu göynədir. Hər yer balan qoxuyur sanki, bala qoxusu alırsan havadan. Beynin onun yoxluğunu dərk edir, amma qəbul etmir. Ürəyinsə, hər daim ayaq səslərini çırpıntı ilə gözləyir. Haradansa bir bucaqdan balanın çıxıb sənə tərəf gələcəyi günə ümid edir.

Bumbuz otaqların daş divarlarında isti nəfəs axtarırsan. Yanaqların ona toxunacaq körpə dodaqlarının həsrətindən solur. Saçlarının hər telində onları oxşayan balaca əllərin həsrəti gizlənir. Ocağının işığı gözlərindəki son ümidlə birgə sönür. Sənə qalan isə qulaqlarında çınlayan səsi, ətrini qoruyub saxlayan taxta çarpayısı, illərin özləm dolu xatirələrini gizlədən şəkillər, bir də pilləkanın üstündə cütlənmiş ayaqqabıları olur. Beləcə, ömür keçir və sən saçlarından dırnaqlarınacan yanıb külə dönürsən. Yaran qabıq bağlamaq istədikcə sən onu təzədən qanadırsan, sağalmağa imkan vermirsən.

Əziz balam, sən bizə Allahın əmanəti idin, biz bu əmanəti pak bir şəkildə Ona qaytardıq. Sən cəsarət və dürüstlük abidəsi idin. Sən elə bu dürüstlüyün və cəsarətinlə tarix yazanlar sırasında şəhadətə yüksəldin”.


İndi Mehdinin və bütün şəhidlərimizin harada olması hamımıza məlumdur. Bəs onun səsini eşitmək istəsəydik, bizlərə nə deyərdi?

“Mən buradayam, ucsuz-bucaqsız səmanın dibsiz göylərindən azad olunmuş Vətən torpağına, göz yaşları içində yanıb-qovrulan anama, saçları vaxtsız ağarmış atama, yoxluğumla barışmaq istəməyən əziz nənəmə və mənim üçün hər gün göz yaşı tökən doğmalarıma baxıram. Bilirsiniz yanımda kimlər var? Peyğəmbərlər və mənimlə çiyin-çiyinə mübarizə aparıb şəhidlik mərtəbəsinə yüksələn qəhrəman qardaşlarım. Biz burada çox xoşbəxtik, insanlar yalnız ölür, biz isə şəhadətə yüksəldik.

Gül ətirli, çiçək qoxulu anam! Mən səni görürəm, sənin yaşadıqlarını duyuram, anlayıram. Heyf ki, səni təsəlli edəcək gücüm yoxdur. Sənə bircə sözüm var, məndən nigaran qalma. Oğlun Allahın əmanətindədir”.


Cəmi 19 yaşı vardı şəhadətə yüksələrkən, ömrünün 19-cu baharında doğma torpaqlarımızın azad olunması uğrunda müharibənin qəhrəmanlarından oldu Mehdi.

Bu gün şəhidlik zirvəsinə ucalan balaları üçün məzar başında layla deyən, bala ətrini duya bilmək üçün oğul əvəzinə başdaşını qoxlayıb-öpən neçə gözü yaşlı ananın iztirab dolu həyatı müharibələrin bitməsi üçün ən yaxşı çağırışdır.

Bu gün şəhadətə yüksəlməyindən üç il ötür. Ömrünün baharında payız olmağı seçən, yaşıl yarpaqları vaxtsız xəzan olaraq torpağın qoynunda əbədiyyətə qovuşan Mehdinin gözlərində parlayan ümid qığılcımları neçə sönən ocağın yenidən közərərək alovlanmasına səbəb verdi.

Şəhidlərimiz Azərbaycan səmasını sarmış qapqara buludları öz əllərilə yox edib əvəzində açıq, tərtəmiz, gömgöy səmanı bizlərə miras qoyub getdilər. Onu qoruyub saxlamaq, övladlarımıza aydın və işıqlı gələcək bəxş etmək isə bizim mənəvi borcumuza çevrildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vətən sağ olsun!

Reyhan MiqdadqızıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031