manera.az
manera.az

Senyorita İriarte - Yeni tərcümə

Senyorita İriarte - Yeni tərcümə
Görkəmli Uruqvay yazıçısı Mario Benedetti (1920-2009) 1920-ci ildə Montevideoda, mühacir italyan ailəsində doğulub. İlk təhsilini Montevideodakı alman məktəbində, daha sonra «Miranda» liseyində alıb. 1973-cü ildə Uruqvayda baş verən hərbi çevrilişə qədər həftəlik «Marça» qəzetində işləyib. Hərbi çevrilişdən sonra ölkəni tərk edərək Argentinada, Kubada, İspaniyada mühacir həyatı yaşayıb. Əsərləri 1945-ci ildən çap olunmağa başlasa da, yazıçıya ilk uğuru 1959-cu ildə nəşr olunmuş «Montevideolular» adlı hekayələr toplusu gətirib, 1960-cı ildə nəşr edilən ilk irihəcmli əsəri – «Nəfəsdərmə» romanı isə yazıçını bütün dünyada tanıdıb. Səksən doqquz il ömür sürən sənətkar 60-dan çox romanın, həmçinin yüzlərlə şeir, hekayə və pyeslərin müəllifidir. Mario Benedetti bir sıra ədəbi mükafatlara, o cümlədən Kubanın “Feliks Varela”, Venesuelanın “Fransisko Miranda” ordenlərinə layiq görülüb.

MANERA.AZ Mario Benedettinin "Senyorita İriarte" hekayəsini təqdim edir:

***
Bizim şefə beş qadın zəng vururdu. Səhər növbətçiliyi zamanı mən həmişə telefonun böyründə olurdum və zəng vuran beş qadının beşini də səsindən tanıyırdım.

Başa düşürdük ki, onların hər birinin arxasında şefin əyləncəsi gizlənir; hərdən səs yiyələrinin necəliyi barədə öz aramızda müzakirə də aparırdıq.

Misal üçün, mən özlüyümdə senyorita Kalvonu dodaqlarına qalın boya çəkən kök və abırsız bir qadın kimi təsəvvür edirdim; senyorita Rusi buruq telləri gözünün üstünə düşən naz-qəmzəli bir qadın olmalıydı, senyorita Duran isə, yorğun ziyalı təsiri bağışlasa da, yəqin ki, arıq, cılız və düşüncəsiz qadın idi. O ki qaldı Salqadoya – mənim aləmimdə bu arvad qalın dodaqlı yekəpər və sırtıq dişidən başqa bir şey deyildi.

Telefonda özünü İriarte kimi təqdim edən beşinci qadın isə tam başqaydı; yalnız onun səsi ideal qadın səsi idi. Mən bu şən, mehriban, ürəyəyatımlı səsi yüz səsin içindən seçə bilərdim. Mənim təsəvvürümdə senyorita İriarte nə çox kök idi, nə çox inadkar, nə çox itaətkar – onda hər şey əndazəsində olmalıydı (ölçü hissi təbiətin hərdən insana bəxş etdiyi ən yaxşı nemətdir). Bir sözlə, senyorita İriarte mənim düşüncəmə əsl qadın, əsl şəxsiyyət kimi həkk olunmuşdu.

Onu məhz bu cür təsəvvür edirdim. Ürəkdən gələn səmimi və sirayətedici gülüşü də mənə yaxşı tanış idi. Artıq onun bütün jestlərini, hətta susmağını da təsəvvürümə gətirə bilir, bu incə və gözəl qadının qara, düşüncəli gözləri xəyalımda çox aydın canlanırdı.

Səsindən tanıdığımız bu beş qadın barədə hərəmizin öz təsəvvürü vardı.

Məsələn, Elisalde senyorita Salqadonu heç bir iddiası olmayan bəstəboy qadın kimi təsəvvür edirdi. Rossi belə düşünürdü ki, senyorita Kalvo turp kimi yumru və toppuşdur, senyorita Ruis isə hətta Korreanın özüylə də hər hansı macəradan, hoqqa çıxartmaqdan çəkinməzdi.

Təkcə senyorita İriartenin barəsində hamı eyni mehribanlıqla danışır, onun heyranedici, füsunkar bir qadın olduğunu bildirirdilər. Ən qəribəsi bu idi ki, senyorita İriartenin səsinə əsasən, demək olar, hamımız eyni obrazı yaratmışdıq. Yüz faiz əmin idik ki, günlərin bir günü bu qadın dodağındakı xoş təbəssümlə kontorun qapısında görünsə, heç ağzını açmağa da ehtiyac qalmaz – həmin dəqiqə onu tanıyardıq, çünki senyorita İriarte üçün uydurduğumuz təbəssümü başqa heç bir qadının təbəssümüylə qarışıq sala bilməzdik.

Tabeçiliyindəki adamlara münasibətdə ağına-bozuna baxmayan, heç nəyi vecinə almayan şef söhbət o beş qadından gedəndə dərhal özünü yığışdırır, ciddi və təmkinli görkəm alırdı. Bu barədə uzun danışmağı xoşlamır, söhbətin davamına bəhanə vermirdi. Bizim rolumuz ondan ibarət olurdu ki, dəstəyi qaldırıb düyməni basaq və kabinetdən zəngin səsini eşidəndə şefə qısaca məruzə edək: dəstəkdə senyorita Salqadodur, yaxud senyorita Kalvo sizinlə danışmaq istəyir. Şef də qısa cavab verirdi: “Birləşdirin”, yaxud “Mən yoxam, qoy bir saatdan sonra zəng vursun”. Əlavə heç bir söz demirdi, heç zarafat da eləmirdi. Hərçənd yaxşı bilirdi ki, bizə etibar etmək olar.

Bircə onu başa düşmürdüm ki, niyə senyorita İriarte o birilərdən az, bəzən yarım ayda cəmi bir dəfə zəng edir. Aydındır ki, senyorita İriarte zəng vuranda “məşğul” göstərən qırmızı işıq azından on beş dəqiqə sönmürdü. Mənimçünsə bu o demək idi ki, heyran olduğum bu incə və məlahətli səsi düz on beş dəqiqə eşidə bilərəm!

Bir dəfə ürəyimdən keçdi ki, bu gözəl, bu inamlı səsin sahibinə nəsə deyim. Dedim də. Nə dediyim və senyorita İriartenin mənə nə cavab verdiyi indi yadımda deyil, amma o gün mənimçün unudulmaz bir gün oldu! O vaxtdan ürəyim gedirdi ki, kaş bu xanımla bir az danışa biləydim, hələ ona da ümid eləyirdim ki, mən onun səsini tanıdığım kimi, o da mənim səsimi tanıyar.

Bir səhər ağlıma gəldi ki, xanıma belə deyim: “Dəstəkdə bir dəqiqə gözləyə bilərsinizmi sizi şeflə calaşdırım?” Senyorita İriartenin cavabı belə oldu: “Əlbəttə, gözləyərəm, axı siz o bir dəqiqəlik gözləntini adama xoş etməyə çalışırsınız”.

Etiraf edim ki, günümün yarısı korlandı, çünki söz tapa bilmədim, yalnız havadan və yaxın günlərdə iş saatının dəyişə¬cə¬yindən danışdım. Amma növbəti dəfə özümü toparladım və biz ümumi mövzularda xeyli söhbətləşdik. O vaxtdan senyorita İriarte səsimi tanıyır və mənimlə həmişə salamlaşırdı: “İşlər necə gedir, katib?” Bu sözlərin təsirindən, az qala, başım hərlənirdi.

Bir neçə aydan sonra dincəlmək üçün dəniz kənarına getdim.

Artıq neçə ildi ki, ən böyük ümidim dəniz kənarında keçən məzuniyyətlə bağlı idi. Mənə həmişə elə gəlirdi ki, öz idealıma – bütün varlığımla sevəcəyim, ürəyimin bütün hərarətini verəcyim qıza günlərin bir xoş günü məhz dəniz kənarında rast gələcəm. Axı mahiyyətcə çox sentimental adamam. Hərdən buna görə özümü qınayıram da. Bilirəm ki, indi belə hisslərə tüpürən yoxdur, hamı xudbinləri xoşlayır, hər şeyin hesabını aparan işgüzarlara üstünlük verir – amma nə xeyri, heç nə mənə dərs olmur. Hərdən kinoya gedəndə, qanundankənar uşaqlardan, yaxud bədbəxt qocalardan bəhs edən hansısa ucuz meksikan həbini udanda, bilirəm ki, bunların hamısı boş, mənasız şeylərdir, di gəl, özümü saxlaya bilmirəm, istər-istəməz, boğazım qəhərlənir.

Hə, deməli dəniz kənarında rastlaşacağım ürəyəyatan qadın və o qədər də sentimental görünməyən başqa şeylər barəsində çox fikirləşmişdim. Axı dünyada hər şeydən həzz almaq istəyən, deyib-gülməyə, sevinməyə, şənlənməyə hazır olan yaxşıca dincəlmiş təravətli qadınları yalnız dəniz kənarında görmək olar. Əlbəttə, Montevideoda da təmiz qadınlar yox deyil. Amma o yazıqlar həmişə yorğun və qəmgin görünürlər. Neyləsinlər axı, bütün gün ayaqlarını sıxan dikdaban tuflilər, pilləkənlər, avtobuslar bizim qadınları bu kökə salır.

Qadın sevincinin nə olduğunu şəhərdə görə bilməzsən. Bu isə, əslində, cox vacib məsələdir. Məsələn, mənə elə gəlir ki, dişimi dişimə sıxıb, qadınların istənilən pis ovqatına – onların hönkürtüsünə, çığırtısına, isterikasına dözməyi bacararam. O ki qaldı üzlərindəki sevinc ifadəsinə, bax burda mən çox həssas, çox tələbkaram. Düzünü desəm, bir çox qadınların gülüşünü heç cür həzm edə bilmi¬rəm. Elə ona görə də kurortda olarkən onların səhər erkəndən çimərlikdə eşidilən gülüşlərinin kazinodan büdrəyə-büdrəyə çıxdıqları axşamadək uzandığını görəndə, hər birinin kimliyi, hansı gülüşün pis, hansının ədəbli olduğu aydınca bilinir.

Sinyorita İriartenin səsini yenidən məhz kurortda eşitdim.

Heç kəsə maneçilik törətmədən verandadakı masaların arasında, ay işığının altında bir qadınla rəqs edirdim, heç kəsin də mənimlə işi yox idi. Sağ əlimlə qadının günorta istisinin hələ tam çəkilmədiyi gündən qaralmış belindən yapışmışdım. Etiraf edim ki, qadının gülüşü ürəyimə yatırdı. İmkan düşəndə qulağının qırağındakı narın, şəffaf tüklərə baxır, nə gizlədim, bir qədər həyəcanlanırdım. Az danışırdı, amma ağzını açanda mütləq səfehləyirdi; elə bil qəsdən belə eləyirdi ki, susmağını daha çox qiymətləndirim.

Belə xoş məqamların birində çox aydın söylənmiş, sanki xüsusən mənim üçün nəzərdə tutulan bir ifadə eşitdim: “Bəs sizin xoşladığınız limonad hansıdır?” Heç bir əhəmiyyət kəsb etməyən bu ifadəni sözbəsöz yadda saxladım. Tanqonun ağır səsi aramla ətrafa yayılırdı. Həmin ifadə lap yaxınlığımda səslənmişdi, amma heç cür müəyyən edə bilmirdim ki, məhz kimin ağzından çıxıb.

İki gündən sonra kazinoda doxsan peso uduzdum, birdən-birə qərara gəldim ki, axırıncı əlli pesomu da ortaya qoyum: uduzsam təcili şəkildə Monyevideoya qayıtmaq lazım gələcək. Bəxtimdən 32 çıxdı, həmin nömrəyə qoyduğum səkkiz çəhrayı fişkanı qabağıma çəkəndə özümü tamamilə xoşbəxt hiss edirdim. Bu vaxt kimsə, lap elə bil telefondakı kimi, qulağıma pıçıldadı: “Yalnız belə oynamaq, risk etmək lazımdır”.

Sakitcə geri qanrılanda kimi görəcəyimi artıq bilirdim – yanımda oturmuş senyorita İriarte həmkarlarımla birgə səsinə əsasən təsəvvürümüzdə yaratdığım xəyali surəti qədər gözəl idi. Ardı isə çətin olmadı – öz sözündəncə yapışıb, risk nəzəriyyəsini genişləndir¬mək, yəni senyorita İriarteni risk edərək əvvəlcə mənimlə danışması, sonra rəqs etməsi üçün dilə tutmaq, axırda da ertəsi gün onunla çimərlikdə görüşmək çox asan başa gəldi.

Həmin vaxtdan həmişə, hər yerdə birgə olurduq. Demişdi ki, adı Dorisdir. Doris Freyre.

Bu, dəqiq beləydi (heç bilmirəm niyə mənə öz vəsiqəsini göstərdi) və tamamilə anlaşılan idi; çoxdan bilirdim ki, həmin o şərti soyadlar telefon danışıqları üçündür. İlk gündən bu səssiz razılığı qəbul elədim: onun şeflə hansısa münasibətlərinin olduğu gizli deyildi, orası da aydındı ki, bu mənim heysiyyətimə toxunurdu; amma (xahiş edirəm, bu “amma”ya fikir verəsiniz) Doris indiyəcən tanıdığım qadınların ən cazibədarı idi və indi xoş təsadüf bu qadını rastıma çıxartdığı bir məqamda həddən ziyadə xırdaçılığa getsəydim, onu həmişəlik itirməklə risk etmiş olardım.

Bir məsələ də vardı: bir halda ki, mən onun səsini tanımışdım, bəs o mənim səsimi niyə tanımırdı? Əlbəttə, senyorita İriarte mənimçün həmişə qeyri-adi, əlçatmaz varlıq olmuşdu, mənsə onun dünyasına indi-indi daxil olurdum. Odur ki, bir səhər ona zarafatla “İşlər necə gedir, katib?” deyəndə, zərbəni həmin dəqiqə qəbul eləsə də, özünü o yerə qoymadı, hətta gülə-gülə mənə əl uzadıb zarafatı zarafatla qarşıladı. Amma narahatlığı nəzərimdən yayınmadı, sanki ürəyinə xal düşmüşdü.

Düzdür, sonradan mənə elə göründü ki, şefə zəng edərkən dəstəyi məhz mənim götürməyimə anlaşıqlı yanaşır. Və indi mənimlə danışarkən səsində hiss etdiyim əminlik, hər şeyi doğru anladığından xəbər verən düşüncəli baxışları qəlbimə ümid toxumları səpirdi. Çox güman ki, onun yanında şefdən bir kəlmə də danışmadığımı, üstəlik, bu barədə özündən heç nə soruşmadığımı qiymətləndirir və yəqin, bu incə yestimi şefdən tezliklə ayrilması ilə mükafatlandırmağa hazırlaşırdı. Belə fikirləşirdim, hərçənd buna tam əminliyim yox idi. Adamın necə adam olduğunu mən həmişə baxışlarından oxumuşam; Dorisin baxışları isə səmimi idi.

İşə qayıtdım. Yenə bir gündən bir səhərlər telefonda növbətçilik edirdim. Senyorita İriartedən, əlbəttə ki, bir daha zəng gəlmədi.

Demək olar, hər gün işdən sonra Dorislə görüşürdüm. Qız prokurorluqda işləyirdi, yaxşı məvacib alırdı, işlədiyi şöbənin böyüyü idi, işdə hamı ona hörmət edirdi.

Doris məndən heç nəyi gizlətmirdi. Onun hazırkı həyatı tamamilə şəffaf və təmiz idi. Bəs keçmiş həyatı? Ürəyimin dərinliyində başa düşürdüm və qəbul edirdim ki, məni aldatmırsa, elə bu özü də kifayətdir. Onun şeflə məhəbbət macərası (ya adına başqa necə deyirlər?), əlbəttə ki, xoşbəxtliyimə ləkə salmalı deyil. Bir halda ki, senyorita İriarte daha zəng vurmurdu, onda Dorisdən başqa nə tələb edə bilərdim? Deməli, məni ondan üstün bilmişdi və hər bir cavan qızın həyatında olduğu kimi, tezliklə şef də Doris üçün uzaq, xoşagəlməz bir xatirəyə çevriləcəkdi.

İndi yadımda olmayan nəsə bir bəhanə uydurub, Dorisə tapşırmışdım ki, mənə iş yerimə zəng vurmasın. Düzünü desəm, risk eləmək istəmirdim, qorxurdum birdən telefonu Elisalde, Rossi, yaxud Korrea götürər, səsini tanıyıb nəsə xoruz buraxarlar. Çox həlim, qərəzsiz, üzüyola bir qız olan Doris etiraz etməmişdi. Yasaq mövzulara aid hər şeyə münasibətdə belə anlaşıqlı davranması xoşuma gəlirdi və ona minnətdar idim ki, məni son nəticədə hər şeyi korlamağa, bütün xoş niyyətləri puça çıxarmağa qabil olan kədərli və uzun izahatlara məcbur etmirdi.

Anasıyla tanış olmağım üçün Doris bir gün məni öz evlərinə dəvət elədi. Yaşlı, yorğun anası mənə nəcib bir qadın təsiri bağışladı. Ərini on iki il qabaq itirsə də, indiyəcən özünə gələ bilmirdi. Bizə göz dolusu sakit məmnunluqla baxırdı. Amma hərdən gözləri yaşla dolur, yəqin, senyor Freyre ilə nişanlı olduğu zamanlar yadına düşürdü.

Həftədə üç dəfə saat on birə qədər onlarda qalırdım. Hər şeyin yerini bilən Dorisin anası saat onda “gecəniz xeyrə qalsın” deyib, sakitcə çıxıb gedirdi. Doyunca öpüşmək, gələcək həyatımız barədə danışmaq, işlədəcəyimiz mələfələrin sayını və qiymətini hesab¬la¬maq üçün Dorislə bir saat vaxtımız qalırdı. Biz də, bütün ölkəyə səpələnmiş minlərlə başqa cütlüklər kimi eyni planlar qurur, eyni nəvazişlərə rəvac verirdik. Dorisin anası nə şefin, nə də bir başqasının adını heç vaxt xatırlatmırdı. Mənə hər bir nəcib ailədə qızın ilk adaxlısına göstərilən ləyaqətli münasibət vardı və mən bu münasibəti qəbul edirdim.

Hərdən idbar məmnuniyyət hissindən qopa bilmirdim ki, bəs mənim (özü də tək mənim!) bəxtimə yalnız nazirlərin, ictimai xadimlərin, nüfuzlu məmurların malik ola biləcəyi əlçatmaz qadınlardan biri düşüb; fikirləşirdim ki, bu cür qeyri-adi qadının məhz mənim kimi sadə bir qulluqçuya qismət olması xalis möcüzədir.

Ədalət naminə demək lazımdır ki, Doris gündən-günə lap gözəlləşirdi. Bu gözəllik sözlə təsvirə gəlməz. Boynumu nəvazişlə qıdıqlayır, boğazımdan öpür, qulağıma elə şirin sözlər pıçıldayırdı ki, onun yanından xoşbəxtcəsinə ayrılanda, nəyini gizlədim, ehtirasdan başım fırlanırdı. Subaylıq həyatı keçirdiyim evimdə tək qalanda gözümə yuxu getmir, bir qədər ağrıyla fikirləşirdim ki, bu dərəcədə zərif qılığı Doris yalnız kiminsə köməyi ilə əxz edə bilərdi. Bütün bu şeylərdən sonra (yaxşımı, pismi?) mütləq şefi yada salırdım. Lakin şef o dərəcədə sakit və mülayim, abırlı və ləyaqətli bir adam idi ki, onu idbar müəllim rolunda heç cür təsəvvür edə bilmirdim. Bəlkə Dorisin həyatında başqaları da olub? Neçə nəfər? Qıza bu cür öpüşməyi, görəsən, hansı öyrədib? Onda yadıma salırdım ki, biz orta əsrlərdə yox, 1946-cı ildə yaşayırıq və Dorisdən ötrü yalnız mən varam. Bundan sonra balışı hər iki əlimlə qucaqlayıb, öz planlarıma uyğun şəkildə təsəvvür etdiyim ağuşda birtəhər yuxuya gedirdim.

Noyabrın 23-nə qədər hər şey öz axarıyla, həm də birbaşa toya doğru gedirdi. Toy labüd idi, heç bir maneə-filan yoxdu. Yalnız mənim istədiyim mənzili tapmaq qalırdı: gözəl havası, bol işığı olan geniş pəncərəli otaq arzulayırdım. Bir neçə bazar gününü mənzil axtarışına sərf elədik, amma istəyimizə nisbətən uyğun gələn münasib ev tapanda ya qiyməti çox baha olurdu, ya mərkəzlə əlaqələri bizə əl vermirdi, ya da həmin rayon çox aralıda yerləşdiyindən, Doris deyirdi buranın sakitliyindən adamın ürəyi sıxılar.

Noyabrın 23-də səhər tezdən növbətçi idim. Şef dörd gündü işə çıxmırdı, harasa getmişdi, ona görə arxayınca oturub qəzet oxuya-oxuya siqaret çəkirdim. Birdən qapının açıldığını hiss elədim, tələsmədən arxaya çevriləndə Dorisin sualedici nəzərlə kürəyimə zillənmiş gözlərini, qəşəng üzünü gördüm. O, bir az günahkar görkəmlə, sıxıla-sıxıla içəri girib dedi ki, məni hirsləndirəcəyindən qorxduğu üçün xəbərsiz gəlib; gəlişinin səbəbi isə o idi ki, bizim istəyimizə uyğun mənzil, nəhayət ki, tapılmışdı. Sonra kağızın üzərində geniş, ətraflı plan cızıb, onu məmnum görkəmlə mənə göstərdi. Belinin incəliyini büruzə verən enli qurşaqlı nazik, yüngül paltarda bu gün o lap məlahətli görünürdü. İkimiz idik, ona görə mənim yerimdə oturub ayağını ayağının üstünə aşırmışdı, özü də Rossinin, Korreanın, Elisaldenin harda oturduqları ilə maraqlanırdı. Doris onların heç biri ilə tanış deyildi, amma mənim məzəli təsvirlərimə əsasən hamısını yaxşı təsəvvür edirdi.

Qızın əlini əlimə almışdım, o da mənim siqaretimi çəkirdi. Birdən telefon zəng çaldı, mən tez dəstəyi qaldırıb “Alo!” dedim. Cavabında nə eşitsəm yaxşıdır: “İşlər necə gedir, katib?..”

Zahirən hər şey əvvəlki kimi idi. Amma söhbətin davam etdiyi müddətdə birtəhər özümə gəlib qeyri-iradi soruşdum: “Bəs nə baş vermişdi, niyə neçə vaxtdı zəng vurmurdunuz?” Senyorita İriarte cavab verəndə ki: “Çiliyə getmişdim...” – mənimçün hər şey bir andaca dəyişdi, gözümün qarşısında hər şey baş-ayaq oldu.

Batan adamın həyatının son anlarındakı kimi, başımda dağınıq fikirlər yanıb-sönürdü. “Deməli, şeflə Dorisin arasında heç nə olmayıb” – ağlıma gələn bu birinci fikir, əlbəttə ki, heysiyyətimin təntənəsi idi. Amma elə həmin andaca ikinci fikir peyda oldu. Təxminən bu cür: “Ancaq elədə Doris...” Sonra tamamilə aydın görünən üçüncü fikir özünü yetirdi: “Mən bu səsi necə səhv sala bilərdim?”

Zəng vuran qadına izah elədim ki, şef yerində yoxdur və “xudahafiz” deyib dəstəyi yerinə qoydum. Dorisin əli hələ də əlimdə idi. Başımı qaldırıb qızın üzünə baxanda nə görəcəyimi qabaqcadan bilirdim. Siqareti damağına qoyub şəstlə mənim yerimdə əyləşən Doris, istənilən işvəkar qız kimi, bu anda öz səfeh planlarına qərq olub gülümsəyirdi.

Əlbəttə ki, onun təbəssümü yüzlərlə təbəssümə bənzəyən mənasız, ifadəsiz təbəssüm idi və bu andan başlayaraq məni ömrüm boyu bezdirməklə təhdid edirdi. Sonradan çalışıb bir izah tapacaqdım, amma indi şüurumun ən uzaq küncündə artıq bu anlaşılmazlığa nöqtə qoymuşdum. Axı mən, əslində, senyorita İriarteyə vurulmuşdum.

Çevirəni: Mahir N.Qarayev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31