manera.az
manera.az

Nəriman Əbdülrəhmanlı nəsrinin folklor qaynaqları - Könül Əmrahova

Nəriman Əbdülrəhmanlı nəsrinin folklor qaynaqları - Könül Əmrahova
Könül Əmrahova - Bakı Slavyan Universitetinin ədəbiyyat fakültəsini və magistraturasını bitirib, “Nəriman Əbdülrəhmanlının nəsrində özünüdərk problemi” mövzsunda monoqrafiya (2022) müəllifidir. Hazırda AMEA Folklor İnstitutununun doktoranturasına imtahanlarda iştirak edir.


MANERA.AZ Könül Əmrahovanın "Nəriman Əbdülrəhmanlı nəsrinin folklor qaynaqları" yazısını təqdim edir:

80-ci illər nəslinə mənsub olan yazıçı Nəriman Əbdülrəhmanlının yaradıcılığı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının sanballı səhifələrindən birini təşkil edir. O, bugünkü ədəbi prosesdə nasir, publisist, ssenariçi kino tarixçisi, tərcüməçi və tədqiqatçı kimi tanınsa da, fikrimizcə, nasir qismində daha sanballı uğur qazanıb, onlarla hekayəsi, iki povesti, yeddi romanı ilə Azərbaycan bədii nəsrinə orijinal obrazlar, xarakterər, təkrarolunmaz süjet xətləri, təhkiyə, dili və modern nəsr texnikası gətirib. Yazıçının “Göy adamı” və “Dönəlgə” povestləri, “Yalqız” və “Yolsuz” romanları çağdaş nəsrimizin ən yaxşı nümunələrindəndir, eyni zamanda da “Könül elçisi...”, “Qurban...”, “Yolçu”, “Taclı” və “Şəms” əsərləri ilə tarixi romançılığımız özünün yeni mərhələsinə daxil olub.
Nəriman Əbdülrəhmanlı nəsrinin folklor qaynaqları - Könül Əmrahova
Nəriman Əndülrəhmanlının nəsr yaradığcılığı tarixi yaddaşımızdan, zəngin folklorumuzdan, adət-ənənəmizdən və xalq dilindən qaynaqlanır. Görkəmli ədəbiyyatşünas-alim, professor B.Əhmədli yazır: “Nəriman Əbdülrəhmanlının tarixi səlnamə romanları sanki keçmişin arxeoloji qazıntılarıdır, o mətnlərdə hər zaman sürprizlərlə qarşılaşmaq mümkündür. Onun qələmə aldığı əsərlər bizə yalnız keçmişin mövcudluğunu xatırlatmır, həm də vaxtilə yaşanmış ömrə bədii təxəyyül yolu ilə işıq salır, onu yenidən bərpa edib özümüzə qaytarır və gələcək nəsillərə ötürür. Bu, həm də tarixi Yaddaşdır. Danılmaz həqiqətdir ki, yaddaş nə qədər möhkəm olsa, xalqın yaşam ömrü də o qədər uzun olur. Deməli, yazıçı həmin mətnlərlə bizə tarixi Yaddaşımızı qaytarır” (Nəriman Əbdülrəhmanlı. Sözlə keçilən yol. Bakı, “Qanun”, 2018, səh. 19).

Müsahibələrindən birində qeyd etdiyi kimi, Nəriman Əbdültəhmanlının folklor yaddaşı uşaqlıq çağlarından etibarlı qaynaq qazanmış, nənəsindən eşitdiyi nağıllar, oxşamalar, bayatılar, şəbədələr, rəvayətlər yaddaşında dərin iz salmışdır. O, tələbəlik illərində və ali məktəbi bitirəndən sonra doğulub-böyüdüyü doğma Qraçöp mahalının yaddaşlarda yaşayan folklor örnəklərini toplamağı həyatının ən böyük məqsədlərindən biri hesab etmişdir. Bu yönümdə yol yoldaşı olan tanınmış ədəbiyyatşünas-araşdırıcı, pedaqogika üzrə fəlsəfə doktotu F.Xubanlı yazır: “Onunla el-obanı qarış-qarış gəzdik, döymədiyimiz qapı, soraqlamadığımız söz saxlancı qalmadı. Məqsədimiz xalqın yaddaşında yatan, saralıb-solmuş vərəqlərdə itib-batmaq təhlükəsi ilə üzləşən mənəvi sərvətlərimizi tarixin yaddaşına həkk etmək idi. Təəssüf ki, ilk cəhdimiz uğursuz oldu. ”Yazıçı” nəşriyyatına təqdim etdiyimiz “Qraçöpün el şairləri” adlı qovluq SSRİ-nin son nəfəsində itib-batdı. Bu uğursuzluq bizi sarsitmadı, əksinə, indi qarşımızdakı hədəf daha böyük, daha möhtəşəm idi. Qaraçöpün adət-ənənəsini, incəsənət və etnoqrafiyasını, bütövlükdə mədəniyyətini özündə əks etdirən toplu hazırlamaq istəyirdik. Şükürlər olsun ki, bu mohtəşəm abidə 15 ildən sonra inşa olundu” (Yenə orada, səh. 32-33).

Beləliklə, Nəriman Əbdülrəhmanlı Qaraçöp mahalının əksər aşıq və şairlərinin, eləcə də xalq ədəbiyyatımızın bir sıra unudulmuş simalarının yaradıcılığını toplamış, kitab şəklində nəşr etdirmiş, onlarla kitabın tərtibçısi və redaktoru olmuşdur. Kiçik “Şəbədələr” kitabçası ilə başlayan Yaddaş yolu onun təəsübkeşliyi və tanınmış ziyalı, pedaqogika üzrə fəlsəfə doktoru Fərhad Xubanlı ilə əməkdaşlığı nəticəsində “Qaraçöp” tarixi-etnoqrafik toplusuna (1996) çevrilmişdir. Bütöv bir mahalın ədəbi-etnoqrafik yaddaşı olan kitabda bəlkə də bundan sonra heç kəsin yazıya ala bilməyəcəyi son dərəcə gərəkli etnoqrafik cizgilər var.

Sonra isə Nəriman Əbdülrəhmanlı araşdırmalarını daha da dərinləşdirərək Qaraçöpün tarixi, etnoqrafik, folklor, ədəbi-mədəni mühitini bütünlüklə əsk etdirən fundamental “Qaraçöp” ensiklopedik toplusunu (2019) araya-ərsəyə gətirmiş, Qaraçöpün bir çox tanınmış el şairinin yaradıcılığını əhatə edən kitablar nəşrə hazırlamışdır. Klassik söz ustaları Aşıq Teymur Qurbanovun “Məndən bir nişanə qala-qalmaya” (1998), Qaraçöplü Aşıq Musanın “Musa eldən aralanmaz” (2006), Əslioğlu Məhəmmədin “Adım Məhəmmədddir, elim Qaraçöp” (2009), poetik topluları, eləcə də çağdaşı olan bir çox el şairlərinin yaradıcılığı məhz onun F.Xubanlı ilə əlbir və səmərəli işi nəticəsində araya-ərsəyə gəlmişdir. Sonralar Nəriman Əbdülrəhmanlı fəaliyyət dairəsini daha da genişləndirmiş, zəngin folklor materiallarını əhatə edən “Təhlədənəm özüm, dağlar...” (Təhlə çökəyi ədəbi antologiyası, 2012), “Ulu Qoşqarın nəğmələri” (Daşkəsən ədəbi antologiyası, 2014) toplularını araya-ərsəyə gətirmiş, oxuculara təqdim etmişdir. Əlbəttə, bütün bunlar böyük zəhmətin, yuxusuz gecələrin nəticəsi və ədəbiyyatımıza əvəzsiz xidmətin bariz nümunəsidir.

Nəriman Əbdülrəhmanlı bədii nəsrinin dayaq sütunlarından birinin də məhz folklor olduğu onun mətnlərindən aydın görünür. Bu fikrimizi tanınmış ədəbiyyatşünas-alim R.Kamalın bir dəqiq müşahidəsi də təsdiq edir: “...Nəriman yaradıcılığının mahiyyətinə görə nasir olsa da, yaddaşı dastançı yaddaşı deyil, şair-şaman yaddaşıdır. Hekayəsini, hətta romanını belə, içində misra-misra, obraz-obraz oxuyur. Oz personajlarini ruh kimi tutub “saxlayır” ondan sonra kağıza çağirir” (Yenə orada, səh. 81). Onun “şair-şaman” yaddaşı xalqımıza xas olan adət-ənənələrimizi, etnoqrafik xüsusiyyətlərimizi, şifahi xalq yaradıcılığı incilərimizi Yaddaşımızın alt qatlarından çıxarıb oxuculara təqdim edir.

Yazıçının “Kişi qırığı” hekayəsində folklor yaddaşı özünü mifik Şərxata obrazının yaradılmasında büruzə verirsə, məşhur “Lələ” hekayəsinin bədii özülü tamamilə folklor motivi üzərində qurulmuşdur. Hekayə qəhrəmanının “Lələ” ləqəbi “Əsli və Kərəm” dastanı ilə bağlıdır: “Güman ki, qoyduqları ad əkib-doğanının, qardaş-bacısının da yadına düşmürdü, ən azı on il qabaq çaldırdıqları sünnət toyuyla birgə unutmuşdular: onda əkəni əhd elədiyi kimi, kiçik toya aşıq gətirmişdi, əməlli-başlı dəsgah düzəltmişdi. Aşıq da çalıb-çağırmışdı, köyrək-köyrək oxumuşdu: “Dedim, lələ, gələ, bu yoldan qayıdaq…” Ağlayıb yorulmuş kiçik bəy göz yaşı içində qonşu qızın verdiyi konfeti sora-sora paçasının arasındakı qırmızı lentə uzun-uzadı baxmış, qəfildən də aşığın ağzını əymişdi: “Ay lələ, e-e-ey-y-y!”” (N.Əbdülrəhmanlı. Yelçəkən. Bakı, “Qanun”, 2019).

Onun “Yelçəkən” hekayəsi xalqımızın yaddaşındakı Yel motivi ilə bağlıdır. Türk mifologiyasında Yel Baba və Yel Baba mərasimi, bu mötivlə bağlı atalar sözləri, zərb-məsəllər, inanclar, alxış və qarğışlar vardır (Ə.Vəliyev. Yel çərşənbəsi. “Kulis.az”, 2017, 7 mart). Hekayə qəhrəmanının psixoloji vəziyyəti də məhz bu mötivlə bağlıdır, uşaqlıqdan canına yerikləyən Yel onu qabağına qatıb aparır, durub-dincəlməyinə imkan vermir: Bir dəfə də o qəhrəman “...yolunu “mağar” adlandırdığı folklor otağından salıb. Elə bil, otaqdakılar bütün gecəni yatmayıb, intizarla yolunu gözləyirlərmiş; qapıdan girən kimi başına yığışıblar, ordan-burdan sual verib danışdırıblar. ...O da dünyadan, dünyanın bəzi-bəzi işdəklərindən xəbərsiz, açıb söz boğçasının ağzını, bir qaravəlli danışıb, bir-iki şəbədə söyləyib, yanşaqla aşığın fərqini izah eləyib, söhbətinin axırını da hansısa klassik aşığın duvaqqapmasıyla yekunlaşdırıb” (Yenə orada, səh. 47).

Nəriman Əbdülrəhmanlı “Göy adamı”“Dönəlgə” povestlərində sanki dastançı yaddaşını işə salır. Xüsusilə “Dönəlgə” povestində folklor motivləri çox bariz nəzərə çarpır, hətta qəhrəmanlardan biri də Aşıqdır. Hacı Aşığı məclislərinin başında oturdur, ona ərklə, hörmətlə yanaşır ki, bu da xalqımıəzın sənətkara sevgisinin əlamətidir: “Aşıq qalın kürkü, qulaqlı papağı, çiynində sazıyla gəlib çıxanda da zarafatından qalmadı: “Sənin təki aşığı gərək bağlayıb sazını əlindən alasan, özünü də biyara göndərəsən. Dalınca adam yollamamış gəlmək bilmirsən”. Aşıq sazını çiynindən endirib söz altında qalmadı: “Nədi, ərgən oğlan kimi nə oyur-oyur oynayırsan?!” Hacı məclisi kəllə zalda qurdurmuşdu; tapşırdı ki, əvvəl yaralıları yedirtsinlər, sonra camaata çörək versinlər, ortaya çay gələndə də Aşığı dümsüklədi: “Dur görək, ürəyim bir “Urfanı” istiyir…” (Yenə orada, səh. 205).

Məlumdur ki, mifik yaddaşımızda hamzat (yaxud həmzət, həmzad), yəni cinin insana toxunması motivi mğvcuddur. Dini xurafatla bağlayanlar taplsa da, bu motivdən şifahi xalq yaradıcılığında geniş istifadə olunur. “Dönəlgə” povestində də qəhrəmanların həyatından pis nəfsin nəticəsi olan hamzat keçir: “Sonrakı payız arvadının qarnı burnuna dəyəndə içində qəribə çırpıntı duymuşdu. Elə onda da çəpər qonşuları sonsuz Laz Qızının pis-pis onlara sarı boylandığını sezmiş, arvadına: “Sərvaxt ol, - demişdi, - al dillə bura gələr, sənə bir sədəmə toxundurar” (Yenə orada, səh. 172).

Yazıçının “Yelçəkən” hekayəsindəki Yel motivindən “Yalqız” romanında da istifadə olunmuşdur. Mərhum araşdırıcı, filologiya üzrə fəlsəfə doktoru S.Bəşirovun təbirincə desək, romandakı obrazın tale cəhətdən uğursuzluğu onu uşaqlıqdan izləyən qara yelin təsviri ilə müşaiyət olunur, qırx yaşına çatmış qəhrəmanın hələ uşaq vaxtlarında iki dərənin arasında yerləşmiş kəndlərində əsən o qara yelə münasibətində isə nağılvari elementlər də vardır: “Biri varıdı, biri yoxudu, bir ananın gözünün ağı-qarası tək oğlu varıdı, deyəcək, bu oğlan güclü qara yelə əsən ili, qara damda doğulmuşdu, qanadı qırılmış damın dəlmə-deşiyindən girib uşağın canına yerikləmişdi, oydu-buydu, oğlan yekələnə-yekələnə qara yeldən qorxurdu, andıra qalmışın nəriltisini, qurultusunu eşidəndə, elə bil, havalanır, ağlamaqdan gömgöy kəsilirdi” (Yenə orada, səh. 228).

Müəlifin “Yolsuz” romanındakı Dərviş və El Şairi obrazları da yazıçının folklor yaddaşından süzülüb gəlir, bədii obraz şəklində ortaya çıxır. Xüsusilə Psixoloqun Tanışı ilə Dərviş arasında baş verən söhbət mifik-poetik siqləti ilə romanın ən yaddaqalan səhnələrindən biridir. El Şairi isə əsərdə xalq yaddaşının ifadəçisidir, şifahi söz sənətinə sonsuz vurğunluğu ilə diqqəti çəkir. Hətta qarşısına çıxan gözlənilmə çətinliklər belə, onu yolundan döndərə bilmir.

Akademik M.Kazımoğlu tarix və folklorun münasibətlərinə aydınlıq gətirərək yazır: “Tarixilik məsələsində folklor janrlarının özünəməxsusluğunu nəzərə almamaq folklorşünaslıqda tarixi məktəbin nöqsanı kimi qiymətləndirilir, belə hesab edilir ki, tarixilik rəvayət, epos, nağıl və s. kimi janrlarda özünü daha qabarıq şəkildə göstərir, amma bu qabarıqlıq həmin janrların poetik sistemini dəyişdirə bilmir, əksinə, tarixi hadisələrin və tarixi şəxsiyyətlərin təsviri janrın poetikasına tabe olur” (AMEA Folklor İnstitutu və AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutunun “Folklor və tariximiz” mövzusunda elmi konfransının materialları. Bakı, “Elm və təhsil”, 2012, səh.146). Nəriman Əbdülrəhmanlı da tarixi romanlarında təsvir etdiyi dövrün mənzərəsini, koloritini, ab-havasını daha dolğun çatdırmaq üçün əsərlərində folklor nümunələrindən ustalıqla yararlanır, xalq sənətkarlarının obrazlarını yaradır. Bu cəhətdən onun XVIII əsrin birinci yarısını mənzərəsini yaradan “Yolçu” romanında Tufarqanlı Abbas və Tikmədaşlı Xəstə Qasım obrazları diqqəti çəkir.

Mülazimlər Nadir Şahın Muğan çölündəki qurultaydan sonra Təbrizə qayıdan qardaşı, Azərbaycan valisi İbrahim xanın hüzuruna yolda rast gəldikləri Tikmədaşlı Xəstə Qasımı gətirirlər, o da özündən çox Tufarqanlı Abbasdan danışır, deyir, məndən ötrü ustad məqamındadı, nə öyrənmişəmsə, ondan öyrənmişəm, Şirvana, Dərbəndə, Borçalıya, Rəvana gedirəm, məclislər keçirirəm. İbrahim xan “məclisi şənləndirməyi” buyuranda “...Tikmədaşlı Qasım bağır basıb yerindən dikəldi, əlini atıb çadırın divarına söykədiyi sazı götürdü, köynəyindən çıxarıb təzanəni simlərin üstündə gəzdirdi, sonra ortalığa çıxıb nisgilli, pəs səslə oxudu. Ardınca İbrahim xan dedi, bir əhvalat danış, aşıq da bir neçə il qabaqkı Dərbənd səfərini söylədi. O oxuduqca ordan-burdan təqdir səsləri eşidilirdi. Mənisə Tikmədaşlı Qasımın səsindəki nisgil alıb aparmış, yenə yurdum-ocağım yadıma düşmüşdü. Ona qulaq asa-asa uşaq çağlarımda Şeytanbazarda gördüyüm, Borçalıdan, Göyçədən, Çıldırdan, Qarsdan, Təbrizdən gələn, atamın huş-guşla qulaq asdığı aşıqları xatırlayırdım. Elə adım da aşıqlardan yadigar qalmışdı, bunu rəhmətlik anamın demişdi... (N.Əbdülrəhmanlı. Yolçu. Bakı, “Qanun”, 2013, səh. 300). Sonra İbahim xan aşığa xələt kimi Şahın adına kəsilmiş on sikkə, bir dəst paltar verilməsini əmr edir…

Yazıçının Səfəvi imperiyasının qurucusu Şah İsmayıl Xətayinin və onun xanımı Taclı Bəyimin həyatından bəhs edən “Taclı” romanında da şifahi xalq ədəbiyyatımızdan yerli-yerində bəhrələnmə aydın sezilir. Oxucu əsər boyu Xətayinin nəfəsləri, məclislərində aşıqlara xüsusi yer verməsi, döyüşqabağı saz çaldırması ilə tanış olur. Şah Marağada olanda da Xudafərinin o tayından bir aşığı qolubağlı hüzuruna gətirirlər, Dirili kəndindən, adının Qurban olduğunu, məzhəbində inad göstərdiyini deyirlər. Hökmdar isə Dirili Qurbaniyə böyük iltifatla yanaşır: “Aşıqdan məzhəb soruşmaq harda görünüb, lələ? Aşığın məzhəbi ilahi eşqdi, o da Şahi-Mərdana sevgi deməkdi. Buraxın getsin, sazını da qaytarın, üstəlik, bir dəst paltar, bir də cibxərcliyi verin, Xudafərindən keçirib yola salın”.

Şah Sultan Muradla döyüşmək üçün Həmədana yollananda isə ali dərgahda olan Miskin Abdal onu Şahın hüzuruna çox pərişan halda gətirir, səbəbini soruşanda da aşıq saza əl atır, bədahətən deyir: “Mürşidi-Kamilim, Şeyx oğlu Şahım, /Bir ərzim var qulluğuna, Şah, mənim.” Dirili Qurbani sonra da dərdini söyləyir: “Həmədanda Gülsənəm adlı bir qıza aşiq olubmuş, amma qızı ona verməyiblər, aşıq da Şahın sorağını yaxında alıb, gəlib şikayət eləsin. Şah məsələni Miskin Abdala həvalə eləyib demişdi, Həmədana adam göndər, mənim adımdan desinlər, aşığı incitmək günahdı. Aşıq da razılığını ilahi nəfəslə bildirmişdi. Şah “Bu cür nəfəsi söyləyənə Allahın hər cür inayəti layiqdi, aşıq, - demişdi. – Nə vaxt dara düşsən dərgahıma gəl, Allahın köməyilə nicat taparsan”. Sonralar Şahın yolu Ərdəbilə, Xoya, Mərəndə, Səraba, Marağaya, Nəqşivana, Qarabağa düşəndə aşığı xatırlayır, ondan xəbər tutmağı buyururdu” (N.Əbdülrəhmanlı. Taclı. Bakı, “Qanun”, 2017, səh. 91-92).

Sultaniyyədə Taclı Bəyimin hüzuruna çiynində saz olan ahıl aşıqla gətirirlər. Bazarda bir dəstə adamı başına yığıb, dastan söyləyib-oxuyan aşıq sazını köynəyindən çıxarıb kökləyə-kökləyə “Şah İsmayılla Taclı Bəyimin dastanı”nı söyləmək istədiyini deyəndə onun gözləri dolur: “Aşıqsa artıq ustadnamə oxuyurdu, səsi pəs, yanıqlı, ağrı-acılıydı, görünür, taleyi çətin olmuşdu. Ustadnamə Cənnətməkan Şahın Ucan yaylağından ona göndərdiyi nəfəsiydi: “Xeyli vaxtdı dostdan ayrı düşəli, /Gəlməz bir salamın, bilməm nədəndi. /Ciyərim də eşq odunda bişəli,/Tükənməz əfkarın, bilməm nədəndi.” Bu sətirləri qələmə alanda vətən sevdasında bişən ciyərinin ona bu qədər tez xəyanət eləyəcəyini, məhbubundan ayrı salacağını bilmirdi. “İnsaf et, sevdiyim, çəkdiyim yetər, /Alışdım-tutuşdum, tütünüm tütər, /Ayrılıq, yoxsulluq, hicran besbetər, /Yığışdı başıma, bilməm nədəndi.” – Aşığın səsindəki ağrı Taclı Bəyimin amanını elə kəsmişdi, həmin məqamda Gülbahara söykənməsəydi, yəqin, yıxılacaqdı”.

Yazıçının mətnə gətirdiyi bu dastan Çaldıran vaqeəsindən sonra baş verir, həmin əhvalatda Taclı Bəyim Əbdi bəy Şamlunun qızı, Durmuş xanın bacısıdır, olub-keçənlərdə Aləmşah Bəyimlə yanaşı, Mənsur bay və Salman Xəlifə də var. Şah yenildiyini başa düşəndə qoşuna geri çəkilmək əmri verir, öz atı öldürüldüyünə görə, Mənsur bəyin atını minir, amma o at da yolda bataqlığa düşür, Şah nə qədər çalışırsa, bataqlıqdan çıxa bilmir, bu vaxt yaxınlıqdan keçən Xəlil xan Zülqədəri görüb səsləyir, amma namərd xan özünü görməzliyə vurub aradan çıxır, bu məqamda da hökmdar üməranın nakəsliyini görüb Allaha yalvarır, Xızır Əlinin tərifini söyləməyə başlayır: “Min bir adı vardır, biri də Xızır, /Harada axtarsan, orada hazır, /Əli padişahdı, Məhəmməd vəzir, /Özünü şir edən Əli deyilmi?” Həmin məqamda Xızır Peyğəmbər onun köməyinə yetişir, kəmənd atıb Şahı bataqlıqdan çıxarır; Şah razılığını bildirəndən sonra Mənsur bəydən atını istəyir, Xızır Ağa da atı ona verir, hökmdar atı minir, başında yeddi yüz atlı Qaradaş qalasına gedir; Aləmşah Bəyim onu qalada gözləyir.

Şah gəlib çıxır, amma sevdiyi Taclı Bəyim hələ qayıtmadığına görə, çox narahat olur; Aləmşah Bəyim sazı götürüb sinəsinə basır, “Mən Allahdan dua edib istərəm, /Sənə yetə o dilbəri, ağlama!” – deyib təsəlli verir. Bu vaxt Taclı Bəyim yaralı halda qardaşı Durmuş xanla birgə gəlir. Taclı Bəyim Şahın ağladığını görəndə dözə bilmir, sazı götürüb könül sultanına ürək-dirək verir: “İranın şahısan, Türküstan xanı, /Mürşidi-Kamilsən, canımın canı. /Əbdi bəyin oldu Şahın qurbanı, /Taclı Bəyim sənə qurban, ağlama!” Sonra Şah sazı götürüb üzünü Taclı Bəyimə tutur: “İstədiyim səndin, Allah gətirdi, /Oldu könlüm üstə külü yetirdi. /Düşmənimi aramızdan götürdü, /Əbdi bəydən ötrü, Taclım, ağlaram.” Sonra Salman Xəlifə, Durmuş xan da Şaha təsəli verirlər. Bu məqamda Taclı Bəyim Cənnətməkan Şahın nəyə görə son nəfəsində Xızır Ağanı soruşduğunu dərk elədi: görünür, ömrünün sonunacan onu bataqlıqdan çıxaranın, dardan qurtaranın Xızır ağa olduğuna inana bilmirdi, bunu ancaq Xızır Peyğəmbər eləyə bilərdi. Amma Xızır bu dəfə gecikir, bir daha da köməyinə yetə bilmir. “Taclı Bəyim aşığın oxuduğu son bəndə qulaq asa-asa fikirləşdi, xalq öz Şahının yenilgisini də dastan eləyirsə, deməli, ona sevgisi tükənməzdi - dərgaha ziyarət eləyəndə bunu könül sultanının ruhuna söyləyəcək. Dastan bitəndə aşığı yanına çağırdı, hardan gəlib, hara getdiyini soruşdu... Sonra Taclı Bəyim Şahverdi Sultana aşığı yedirib, yəhərli-yüyənli at verib yola salmağ buyurdu...” (Yenə orada, səh. 451-453).

Astral təsəvvürlər və əsatiri görüşlər, məişət və mərasimlər, təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlı inanclar inanclar xalqımızın folklor yaddaşında özünə yetərincə möhkəm yer tutmuşdur. Bu inancların İslam və ya digər dinlərlə heç bir əlaqəsi yoxdur, çünki kökünü araşdıranda tarixinin daha qədimlərə gedib çıxdığını görürük. Təbii ki, həmin inancların bədii mətnlərə yansıması da təəccüblü sayıla bilməz. Bu mənada, Nəriman Əbdülrəhmanlının XII yüsilin sonu – XIII yüzilin birinci yarısında yaşamış böyük mütəfəkkir və sufi, Mövlana Cəlaləddin Ruminin mürşidi Şəmsəddin təbrizin ömür yolunu işıqlandıran “Şəms” romanı da xalqın yaddaşından qaynaqlanan inanclar, rəvayətlər, əfsanələrlarla zəngindir.

Oxucu əsərdə Haqq adamına sayğısız münasibət göstərən kəsin partlamaya düşməsi, qəlbində İlahi Eşq yaşadanın Göyə ucalması, nahaq hücuma məruz qalanın başını öz qoltuğuna vurub getməsi kimi mifik əlamətlər daşıyan hallarla qrşılaşır. Şəms kəramətinin gücüylə bir günlük yolu bir göz qırpımında qət edə, inamının qüdrəti ilə hücrənin pəncərərəsindən mıxıb Göy üzünə ucala, qrşısındakı adamın nitqini quruda, şikəstləri sağalda bilir. “Təbrizli Şəms əmr eləyib ki, dur, get mürşidinin yanına ona filankəsin gəldiyini yetir, biçarə mürid də yazıq-yazıq deyib, bəs, gedə bilmirəm, gözlərim kor, əllərim şikəst, ayaqlarım da topaldı, dərviş də bunu eşitcək, qurşağından əsasını sıyırıb (elə bu cür də dedi!) binəvanın gözünə, əllərinə, ayaqlarına sürtüb, dərhal müridin gözləri açılıb, əlləri sağalıb, qıçları tutub...” (N.Əbdülrəhmanlı. Şəms. Bakı, “Qanun”, 2022, səh. 538).

Nəriman Əbdülrəhmanlı bədii nəsrində tarixi və folklor yaddaşımızın, Sözün alt qatlarına baş vurur, getdikcə dərinlərə dalır, bu zaman da əsərlərinin süjet xətti, folklor motivləri və dili daha da zənginləşir. Fikrimizcə, o, təsvir etdiyi hadisələrin psixoloji dərinliklərinə yalnız bu zənginlik sayəsində enə bilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031