manera.az
manera.az

Tortun üstünə yazılan yazı... - Mehman Qaraxanoğlu gənc yazardan yazır

Tortun üstünə yazılan yazı... - Mehman Qaraxanoğlu gənc yazardan yazır
Aytəkinin doğum günündə tortun üstünə yazılan o yazıdan heç xəbərim yoxdu, sadəcə, on doqquz yaşlı bir qızın o yazıya bu cür “asi” olması məni çox ilgiləndirdi və bu “aqressiv” ritorikanı hər cür süni dekora, qeyri-təbii parıltıya, imitasiyaya bir etiraz kimi qəbul elədim.

Yox, bu, ilkin təəssüratdır və aldadıcı da ola bilər. Məsələ orasındadır ki, Aytəkin təkcə o yazıya deyil, zamana, özünə, yaddaşına, unutqanlığına qarşı çıxır və sanki ad günü də bu ziqzaqlı düşüncələr arsenalını “bombalamaq üçün” bir bəhanə funksiyasını daşıyır:

Ömrümün sadəcə, bir günündə yox,
Ötən hər günündə çoxalır yaşım.
Zaman pis öyrəşib, nankor olub çox,
Elə yorub məni itib yaddaşım.


Aytəkin Əziz Lənkəran Dövlət Universiteti filologiya fakültəsinin III kursunda oxuyur. Ona “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” fənnindən dərs deyirəm. Elə ilk seminarda özünəməxsusluğunu görüb biliyini ən yüksək balla qiymətləndirmişəm.

Şeir yazdığını bilirdim, təkid eləsəm də nədənsə utanıb, bəlkə də ədəbiyyata çox ciddi rakursdan baxdığımı bildiyindən çəkinib oxumağa vermirdi mənə. Nəhayət, seminarların birində Aytəkin müstəqillik dövrü vətəndaşlıq poeziyamızın ən tanınmış simalarından biri olan Xanəli Kərimli haqda danışarkən müəlliflə birbaşa onlayan kontakt öz səmərəsini verdi. Heç buna qabaqcadan hazırlıq da görülməmişdi. Şairin böyük coşqu və səmimiyyətlə şeirlər oxuması auditoriyanı silkələdi, sürəkli alqışlardan sonra kürsüdən aralanan Aytəkin qəfil öz şeirlərindən birini deməyə başladı. Yenə də auditoriyaya sükut çökdü. Şeir bitəndən sonra tələbə dostları onu da alqışladılar…

Qarşımda əsl istedad durduğundan qəlbim fərəhlə dolmuşdu və həm də əmin oldum ki, Aytəkin şeirlərini mənə oxumağa verəcək. Və növbəti mühazirədə belə də oldu…

Desəm ki, şeirlərini birnəfəsə ictimai nəqliyyatda oxudum, şişirtmə olmaz… Yox, qoy şişirtmənin yerini özüm sizə deyim, biləsiniz, hər bir şeirdən sonra nəfəsimi azca dərib, maşının şüşəsindən qaçan yaşıl otlara ağaclara, adamlara baxır və Aytəkinin dumduru, tərtəmiz, pak zamanı ilə onlar arasında simvolik paralellər aparmaq istəyirdim. Gördüm ki, yox, nə varsa, onun zamanı ilə tərs mütənasibdir…

Aytəkin çoxunun bildiyi həqiqəti bir daha təsdiqləyir: İstedad, Tanrının bizə bəxş etdiyi yeraltı və yerüstü sərvətlərimizdən heç də az qiymətli deyildir, bəlkə də daha çox qiymətli və dəyərlidir. Və “bəlkə”siz belədir!

Və bir də:

"Sevinin" dünyaya gəldiyim günə,
Siz cavan görürsüz indi bu qızı.
Mənim yaşım deyil tortun üstünə
On doqquz yerinə yazılan yazı...


Əgər tortun üstündəki o yazı olmasaydı, Aytəkinin şeirlərini oxuyanlar, yəqin ki, onun on doqquz yaşında olmasına inanmayacaqdılar...
Buyurun, özünüz oxuyun, özünüz baxın…

Manera.az-a dərin hörmət və sayğıyla:
Mehman Qaraxanoğlu




AYTƏKİN

İçimdəki ölülər...

Ölənlə ölmək olur, "ölənlə ölmək" nədir,
Ölüsünün qəbrinə özün atanlar bilər.
Qalanla qalmaq olmur, bizi qalmaq məhv edir...
Dirilərlə “diri”nin canı çətin dirilər.

Cəhənnəm deyiləndə tez o dünyanı anma,
Cəhənnəmdir bura da, yaşayaraq yanırsan.
O dünyada ölüdən kimsə utanmaz, amma
Bu dünyada yaşayan "ölüdən" utanırsan.

Qəlbimdə qəbirlərin tərpənir azı, çoxu,
Üstünə torpaq atdım qorxumdan ki, dirilər.
Necə əzab, çəkmiyim, necə yanmayım axı,
Hər gün qarşıma çıxır içimdəki ölülər...

Hanı bu ölənlərin çiçək açdığı anlar?
Hər qəbirin üstünü ot-ələf basıb indi...
Məni öz ürəyimdə dəfələrlə asanlar
Özlərini gözümdə ömürlük asıb indi...

Yazdığım şeirləri niyə silə bilmirəm?
Mənə qələm verildi, pozanı verilmədi.
Ölülərin üzünə baxıb gülə bilmirəm,
Onların ki, içimdə əzanı verilmədi...

Noğul

Lap uşaq vaxtından başımı mənim
Şəkərlə, noğulla aldadardılar...
Nə qədər əlimdə noğul var idi,
Uşaqlar yanımda elə vardılar.

Hamı mehribandı, üzlərdə gülüş,
Ta ki, bir oyuncaq itənə kimi...
Hamı dost olardı mənimlə, ancaq
Əlimdə noğullar bitənə kimi.

Bir noğul yaşadıb bunları mənə,
Mən əzəldən bəri belə görmüşəm.
Nə zaman birinin qəlbini qırsam,
Alıb o adama noğul vermişəm.

Sən demə yalanmış noğul söhbəti,
Hər dəfə yalanla aldanırmışam...
Məni aldatdılar, mən də onunla
Alıb başqasını aldadırmışam...

Ay babam, ay nənəm, qardaşım, bacım,
İçimdən keçəni deyirəm indi:
Verdiyiniz şirin noğul yerinə
Həyatın şilləsin yeyirəm indi.

Mən körpə deyiləm, böyüdüm artıq,
Böyümüşəm deyə belə demirəm.
Amma, noğul alıb verməyin mənə,
Mən o noğullardan daha yemirəm!
2 iyul 2022

Mənim yaşadıqlarım özü ədəbiyyatdı...

Bəzən göz önündədir gözünlə görmədiyin,
Gedənləri gəzirsən qalanların içində.
Uzaqda axtardığın həqiqəti tapırsan,
Yaxında görmədiyin yalanların içində.

Hər xoş sözə inanma, sənə "can" deyənlərin
Söyləyib etdikləri başdan-başa təzaddı.
Bilmirəm, qəlbimizi qəmə dustaq edənin
Niyə qəlbi kədərdən, qəmdən elə azaddı?!

Gözlərin kor olmasın, yada vermə ehtimal!
Sən əkdiyin ağacın meyvəsin bilən dərər.
Kimsəyə sorma ünvan, özün yolu tapmasan,
Ya yol göstərən olmaz, ya yolu səhv göstərər...

Niyə heyran olurlar sözlərimə bu qədər?
Mən ki şair deyiləm, şair olan həyatdı.
Bir misrayam sadəcə həyatın şeirindən,
Mənim yaşadıqlarım özü ədəbiyyatdı...
4 mart 2023

Mən niyə düşünmədim niyə doğulduğumu...

Kim olduğun bilmirəm, bu gün dalaşdığım kəs
"Sən axı kimsən?"-dedi, "Sən ki nəçisən?"-dedi.
Ömrümü sirkələdi güclə duyulan bu səs,
Həqiqətən, mən kiməm? İşimin adı nədi?

Mən küncdən baxmaz ikən, onun baxdığı küncəm,
Gözümdə bir ildırım çaxdı ki, qan-tər oldum.
Həmin anda oyandı mürgüləyən düşüncəm,
Mən ki söz silahından kimliyimlə vuruldum.

Xırdaca suallara yaman həvəsli idim,
Dünya boyda cavablar verdiyim zaman mən də
Acıdım öz halıma, cavab tapa bilmədim
Özüm boyda sualı bu gün mənə verəndə.

Səhra qumları kimi nə qurutdu beynimi?
Mən niyə düşünmədim axı kim olduğumu?
Düşünəndə yeməyi, düşünəndə əynimi,
Mən niyə düşünmədim niyə doğulduğumu?!

Hər gecəni yatanda xəyallar qurdum elə,
"Mən hər şeyi düşündüm niyə alınmır?"- dedim.
"Dünya mənə nə verdi?" düşündüm durdum elə
"Mən dünyaya nə verdim?" deyə heç düşünmədim.

Hansı budağı tutdum, qırılıb məndən tutdu ,
Bəxtinə üsyan etdi dua etmiyən hirsim.
Mən elə düşünürdüm "Allah məni unutdu",
Mən Allaha nə verdim, Allah da mənə versin?!

Düşünmədim Allahın borcun necə ödərəm,
Mən dua da etmədim, mən namaz da qılmadım.
Hərəkət də etmədim, dedim dua edərəm,
Mən hazır istəməkdən axı heç utanmadım...

Gərək elə düşünəm, mənim düşüncələrim
Nə ki düşünməmişəm hamısını əritsin.
Elə bir zamandayam düyünlənib əllərim,
Zamanında nə etdim, zaman mənə nə versin?

Yediyim azmış kimi yedirdim hər yetənə,
Mən vətənə dərd oldum, vətən olmadı dərdim.
Doğulandan deyirəm canım qurban vətənə,
Bax hələ yaşayıram, hələ də can vermədim...
27 mart 2023

Mənim yaşım deyil...

Bu cavan ömrümün yenə ağappaq
Təqvimindən qopdu sarı yarpağı.
Məndən uzaqlaşan hər sarı yarpaq,
Mənə yaxın edir qara torpağı.

Bəlkə fikirlərim vaxtı çaşdırır,
Bəlkə də vaxt məni yanıldır yaman...
Hamını, hər kəsi cavanlaşdırır
Məni öz içimdə qocaldan zaman...

Ömrümün sadəcə bir günündə yox,
Ötən hər günündə çoxalır yaşım.
Zaman pis öyrəşib, nankor olub çox,
Elə yorub məni, itib yaddaşım.

Yaman unutqanam, vaxt gedən kimi
Vaxt dala çəkilmir xatirə yığım.
Keçən yaş ömrümü tərk edən kimi,
Məni tərk edə kaş unutqanlığım...

"Sevinin" dünyaya gəldiyim günə,
Siz cavan görürsüz indi bu qızı.
Mənim yaşım deyil tortun üstünə
On doqquz yerinə yazılan yazı...
12 aprel 2023

Bilirəm...

Dedilər ki, hər yara sağalarmış zamanla,
Hamını aldatdılar "zaman" adlı yalanla.
Aldığın hər yaranın izi qalacaq, anla,
Mən də öz ürəyimdə qalanlardan bilirəm...

Dedilər ağlayanın yanında çox şən olma,
Qoy saçların ağarsın saça düşən dən olma...
Quru ol ki, yaş kimi yanan tərəf sən olma!
Hər qurunun oduna yananlardan bilirəm...

Təmənna olub başı həm toyun, həm də yasın
Gərək indi bir kəsdən adam nəsə almasın.
Qarşılıq ummamışam belə yalan olmasın,
Mən də öz verdiyini alanlardan bilirəm...

Atalar doğru deyib söyləyirik biz, amma
Hər atalar deyən də doğru çıxacaq sanma.
"Yalan ayaq açdısa çox yeriməz", inanma!
Məndən daha bərk qaçan yalanlardan bilirəm...

Sənə yandığın kimi bir yanan olmayacaq,
Qaranlıqda səninlə dayanan olmayacaq,
Ağlasan yuxusundan oyanan olmayacaq,
Bütün olmayanları olanlardan bilirəm...
27 fevral 2023

Şairlərdən başqa heç kəs şairlərin dilin bilmir...

Əzəldən haqq yolundayam, yola sonra gəlməmişəm,
Amma bu "haqq" deyilənin özün yolda görməmişəm.
Gəzib onu diyar-diyar mən də tapa bilməmişəm,
Haqqı elə basdırıblar kimsə onun yerin bilmir...

İnsanların arasında təklik elə yaman olur,
Nə olursa elə sənin tək qaldığın zaman olur...
Gündüz gülən adamların gecə beyni duman olur,
Rahat-rahat danışanlar birin bilir, birin bilmir...

Mən deyərəm anlamazlar, ən yaxşısı susum, gedim,
Susanların səslərinə bir-bir qulaq asım, gedim.
Qoy yanmasın, ürəyimə bir dənə daş basım, gedim,
Şairlərdən başqa heç kəs şairlərin dilin bilmir...
3 aprel 2023Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930