manera.az
manera.az

Səyyar dələduz - Yeni hekayə

Səyyar dələduz - Yeni hekayə
Onu xeyli vaxtdır görmürəm, beş-altı il olar. Elə tanışlığımızın da müddəti bu qədər olar. Açığnı deyim ki, unutmuşdum. Əgər üç gün əvvəl qarşıma əcaib bir görkəmdə çıxmasaydı, bəlkə heç yadıma da düşməzdi.

Nimdaş, cır-cındır bir polis formasında qarşıma çıxdı. Çiynində poqonları olmadığından aydın bilinirdi ki, polis deyil, bu köhnə paltarı haradansa tapıb əyninə keçirib. Qoltuğunda da elə paltarı kimi nimdaş bir portfel. Gülə-gülə mənə yaxınlaşdı, ədəblə salam verdi.

Gözləri hədəqəsindən çıxmışdı, bəbəkləri dayanmadan sağa-sola səyriyirdi. Psixi durumunun yerində olmadığı halından bəlli idi. Dedi ki, sahə müvəkkiliyəm, bu tərəflərin “palajeniyasına” baxıram, nə sözün olsa mənə de. Sonra da siqaret istədi. Səhəri gün köhnə bir kostyumda, az qala dizlərinə düşən qalstukda gördüm. Bu dəfə “JEK” müdiri olduğunu dedi. Bu gün isə qarşıma general cildində çıxdı. Hərbi şalvarın böyrünə ta kəmərdən balağa qədər enli qırmızı lent tikmişdi.

Onu tanıyanda bu şəhərə təzə gəlmişdim. Jurnalların birində ədəbiyyat şöbəsinin redaktoru işləyirdim. Tanışım az olduğundan istirahət günləri kirayədə qaldığım məhəllənin çayxanasında tək otururdum. Bəzən yay aylarında axşam işdən gələndə o çayxanada bir pivə içirdim. Onu da elə o çayxanada tanımışdım. O vaxt sağlamlığında ciddi problem hiss olunmasa da, hərəkətlərindəki qəribəlik diqqətimdən yayınmamışdı. Bu qəribəlikləri bəlkə də başqaları görmürdü, mənim yazıçı həssaslığım və insanları müşahidə etmək həvəsim bu cavan oğlanı diqqət mərkəzimdə saxlayırdı.

Məhəllə çayxanasında həmişə eyni adamlar otururdu. O da hamı ilə ünsiyyətdə idi, hamı ilə zarafatlaşır, ayrı-ayrı təbəqədən olan adamların masasında əyləşir, çay içir, özü oynamasa da, stolüstü oyunlara azarkeşlik edirdi. Gah polislərin, gah müəllimlərin, gah bank işçilirənin, gah alverçilərin, canım sənə desin, ev ustalarının, maşın ustalarının... masasında onu görmək olurdu. Elə bil hamının işi ilə onun da bir bağlılığı vardı. Mənə də ən çox qəribə görünən bu idi. Bir gün müəllimlərdən kimisə kənara çəkib xosunlaşır, bir gün polisin birinin qoluna girib uzaqlaşır, bir gün bank işçisi ilə, bir gün maşın ustası ilə məxfi söhbət edirdi.

Söhbət edən iki adamın çənəsinin dibinə qədər yeriyirdi. İkisinin arasında dayanıb gah onun, gah bunun üzünə baxırdı. Əvvəl elə bilirdim kim danışsa onun üznə baxır, sonra gördüm ki, hətta monoloq söyləyən olanda da gah danışanın, gah dinləyənin üzünə baxır. Sanki dinləyən adamın da mimikasından fikirlərini oxumaq istəyir. Bu məqamlarda onun başı dönmə rejiminə qoyulmuş sərinkeşin yuxarı hissəsi kimi sağa-sola dönürdü. Sanki qızğın söhbət edənləri növbə ilə sərinlətmək istəyirdi. Arada bir gözünün altıyla məni də süzürdü, bilirdim ki, bir gün mənə də yaxınlaşacaq.

Yayın cırhacır vaxtıydı, işdən tez çıxmışdım. Hələ gün batmadığından çayxanada heç kim yox idi. Kölgədə bir masa seçib oturdum, bir bakal pivə sifariş verdim. Hardansa qəfil peyda oldu, salam verib dəvət gözləmədən mənimlə üzbəüz oturdu. Haqqımda xeyli məlumat toplamışdı, işimi, doğulduğum rayonu, kitablarımın sayını, hətta iş yerimin ünvanını da bilirdi. Ard-arda suallar verməyə başladı:

- Müəllim, yazı-pozuda pul var?
- Şükür, dolanırıq?
- Quru maaşdır, yoxsa çak-çuk da olur?
- Hər ikisi olur.
- Hə, onda yaxşıdır.

Söhbətə pul məsələsindən başlamağı xoşuma gəlmədi, üzümü yan tutub bir siqaret yandırdım, sonra telefonu qurdaladım...

- Bu telefonlar mənlik deyil da, işlədə bilmirəm. İnternetdən-zaddan başım çıxmır. Mənimki dədə-baba telefonlarıdır – deyib cibindın köhnə metal rəngli, hinduşka yumurtasına oxşayan bir telefon çıxrıb masaya qoydu. “Dədə-baba telefonu bu imiş” deyə düşündüm. Sonra da yadıma düşdü ki, bu telefonların dəb vaxtı mənim mobil telefonum yox idi. Bir şey də mənə çox qəribə gəldi.

Necə olur ki, 25-30 yaşlı bu gənc internetlə maraqlanmır. Əksinə, indiki gəncləri onlayn həyatdan aralana bilmədikləri üçün qınayırlar. Düşündüm ki, bu, nadir nüsxədir, mənim üçün yaxşı hekayə obrazı ola bilər. Elə bu səbəbə özümdən uzaqlaşdırmamağa qərar verdim. Çox suallar verdi.

Gördüm jurnalistika sahəsinin sirlərini məndən öyrənmək istəyir. Anladım ki, müxtəlif sənət sahibləriylə ünsiyyət qurub həmin sahələr haqqında müəyyən məlumatlara sahib olub. Ən çox öyrənməyə çalışdığı isə hansı sahədə qeyri-qanuni gəlir əldə etməyin yolları idi. Məni də bir xeyli qurdaladı. Soruşdu ki, idarə müdirlərindən pul alırammı? Dedim ki, yox, mən xəbər sahəsində işləmirəm, mənimki şeirləri, hekayələri redaktə etməkdir. Bu dəfə “redaktə” sözü ilə bərk maraqlandı. Sonralar da fikir verdim ki, yeni eşitdiyi sözlərin mənasını öyrənir, yadında saxlayır, sonra həmin sahələrin adamlarıyla ünsiyyətdə istifadə edir.

Mən də onun harada işləməsiylə maraqlandım.

- Müəllim, hər gün ən azı yüz manat qazanmasam, bu əlimi kəsərəm - deyib sol əlini sağ biləyinə dəhrə kimi endirdi. Məlum oldu ki, hazırda heç yerdə işləmir, ancaq böyük vəzifəyə hazırlaşır.

Demək olar ki, hər gün olmasa da, həftədə üç dəfə görüşürdük. Bir gün JEK müdiri olacağını, bir gün yol idarəsinə müdir gedəcəyini, bir gün uşaq bağçalarının ərzaq təminatı ilə məşğul olacağını deyirdi. Hansı sahədə işə girəcəyindən danışırdısa, o sahənin əyri yollarını xüsusi diqqətə çatdırırdı. Demək olar ki, bütün sahələrdəki maxinasiya üsullarını bilirdi. Düşünürdüm ki, bu harada işə girsə, bir aya həbs olunar. Bir şakəri də vardı. Sovet dövrünü görməsə də, o vaxtların nostalgiyası ilə yaşayan qocalar kimi danışırdı.

Ən çox üstünlük verdiyi sovet dövründə internet, vahid onlayn sistem olmadığından saxta yollarla sənəd düzəltməyin, yeyinti eləməyin daha asan olması idi. Bu söhbətləri də o vaxt müxtəlif vəzifələrdə işləmiş babasından eşitmişdi. Bir gün dedim ki, Sovet dövrünün həsrətiylə yaşamaqdansa, müasir dövrlə ayaqlaş. Cavan oğlansan, kompyuteri öyrən, internetlə maraqlan, vokant iş yerləri ilə tanış ol. Məsləhətimə kinayə ilə güldü. İndiki savadlı gənclərin fərasətsiz olduğunu, o yollarla tapılan işlərin qazancsız olduğunu dedi:

- Ay müəllim, guya bilmirsən? Gərək ya adamın ola, ya pulun. O vakant yerlər-filan hamısı boş şeydi. O yolla işə girənlər quru maaşa baxırlar. Mən bircə gün də quru maaşa işləmərəm.

Sonralar gördüm ki, dostum doğrudan da hər gün pul qazanır . Birinə saxta attestat satır, birinə saxta diplom düzəldir, bir başqasının bankdan kredit götürməsinə kömək edir, digərinə pensiya düzəldir və s.

Və bir gün dostum iş yerimə də gəldi. Bir-iki kəlmə hal-əhval tutandan sonra dərhal mətləbə keçdi:

- Müəllim, bir şair tanışım var, yaxşı yazır, jurnalınızda onun da şeirlərini verə bilərsiniz?

“Aha, deyəsən, dostum məim əlimlə də pul qazanmaq istəyir” deyə ürəyimdən keçirmişdim ki, dedi:

- Yaxşı da pul verən əli var.

Məni gülmək tutdu. Özümü birtəhər ələ alıb:

- Şeirləri yaxşı olsa, çap edərik - dedim
- Zəif yerlərini də redaktə edib düzəldərsən

O gün məndən öyrəndiyi “redaktə” sözü dostumun karına gəlmişdi. Çap üçün verdiyi şeirlər poetik olmasa da, sınıq-salxaq da deyildi. Birini seçib çap etmək olardı. Mən şeirləri varaqladıqca dostum ağzını ayırıb, gözünü də üzümə zilləyib cavab gözləyirdi. Müəllifin fotoşəklini istədim. O dəqiqə qoltuq cibindən bir şəkil çıxarıb masamın üzərinə qoydu. Şeirləri çap edəcəyimi hiss etmişdi, bayaqdan sual dolu nəzərlərlə üzümə baxan gözlərində bic bir sevinc vardı.

Bu dəfə əlini şalvarının cibinə atdı. Bir “əllilik” çıxarıb masamın üstündəki kağızın altına itələdi. Pulu israrla özünə qaytarmaq istədim, gütürmədi, otaqda “dartmayaxamcırıldı” düşmüşdü. Mən pulu ona sarı atırdım, o da yenidən stolun üstünə tullayırdı. Axır ki, qaytara bildim. Bu dəfə mənə qonaqlıq söz verdi. Dedi ki, mən halal adamam, şairdən pul almışam, sən də bu işi görürsən, tək yeyə bilmərəm, sənin haqqını verməliyəm. Qonaqlığa dildə razılaşsam da, ürəyimdə dedim ki, hər dəfə dəvət edəndə bir bəhanə tapıb imtina edərəm. Gətirdiyi fotoşəklin üstünə də “photoshop”la şeir yazılmışdı. Redaksiyanın dizaynerini çağrıb fotonun üstündəki yazını silməsini xahiş etdim. Dostumu dərhal maraq götürdü:

- Onu necə siləcək?
- Gedək, özün bax.

Dizaynerin otağına keçdik. Prosesi maraqla izlədi, sonra qolumdan tutub məni həyəcanla öz otağıma dartı. İçəri girən kimi o tərəf-bu tərəfə döyüküb başqa adamın olmadığına əmin olduqdan sonra dedi:

- Ayə, öyün yıxılmasın, burda bilirsən nə qədər pul var? Mən mətbəələrdə attestat, diplom çap etirməyə bir ətək pul verirəm. Hazır sənədi gətir ver sizin bu işçiyə, yazıları silsin, peçatı saxlasın, sonra da istədiyin adamın adını yaz ver, pulunu da al qoy cibinə.
- Bəs o sənədlərin cildini hardan alacaqsan?
- Sən fil qulağında yatmısan ki, o qədər attestatını beş-on manata satan narkoman, alkaş var ki. O sənədlərin içini soyursan burda çıxartıdığn kağızı da yapışdırırsan onun içinə.

İstədim gətirdiyi şeirləri də qoltuğuna verib otaqdan qovam, sonra yadıma düşdü ki, axı bu adam mənim hekayə qəhrəmanım olacaq, qoy hələ bir az da müşahidə edim.

İki-üç gündən sonra yenə redaksiyaya gəldi. Onun ardınca da təqaüddə olan qocaman jurnalist içəri girdi. Qoca jurnalist də mənim daimi qonaqlarımdan idi. Yaxşı köşələr yazırdı. Maraqlı da söhbətləri vardı. Gətirdiyi yazını masanın üstünə qoyandan sonra yenə söhbətə başladı. Bəlkə də mininci dəfə ermənistanlı olduğunu, 88-ə qədər orada qəzetdə işlədiyini, erməni dilini təmiz bildiyini, o zamanlar hətta ermənicə yazılar yazdığını nağıl elədi.

Gənc dostum maraqla dinləyirdi. Söhbət ermənicə yazı yazmağın üzərinə gələndə yerində qurcalandı, əllərini ovuşdurdu, gözləri alacalandı. Bildim ki, gənc dostumun ağlına nə isə təzə bir ideya gəlib. Amma heç nə demədi. Axırda qoca jurnalistə “Ağsaqqal, siz bir xəzinəsiniz” deyib kişinin qoluna girdi. “Gedək” deyərək onu tələm-tələsik otaqdan çıxartdı. Fikir məni götürdü: “Axı bu kişinin ermənicə yaza bilməsi bu gədənin nəyinə lazımdır?”

Bu hadisədən sonra gənc dostumu gec-gec görürdüm. Rastlaşanda da işgüzar görkəm alıb tələsdiyini bildirirdi. Qocaman jurnalist də gözə dəymirdi.

Bir neçə aydan sonra qoca jurnalist təlaşla otağıma girdi, salamsız-kəlamsız dedi:

- Ağrın alım, ölmüşəm, məni yerdən götür.
- Nolub, a kişi?

Həmişə təmkinli, ağır oturub batman gələn qoca dostum bu gün elə bil od üstə oturmuşdu, əlləri əsirdi, üzünün dərisi səyriyirdi.

- Daha nə olacaq? Sənin yanında tanış olduğum oğlan məni zibilə salıb. O vaxt burdan çıxanda mənim nömrəmi götürdü, ünvanımı öyrəndi. Sonra hər axşam bizim evin yanındakı çayçıya gəlirdi, mənimlə çay içib ordan-burdan danışırdı. Bir gün əlində bir əmək kitabçası gətirib dedi ki, buna ermənicə yazı yazmaq lazımdır. Sən demə bir vaxt Ermənistanda mədən işlərində çalışan “yeraz”lara ağır işdə işlədikləri üçün yüksək məbləğdə pensiya düzəltmək olurmuş. Cibimə də iki yüzlük basdı. Sonra da “trudovoy”a erməni möhürü vurdu. Möhürü də Gürcüstanda düzəltirib gətirdiyini dedi. Bu minvalla hər gün bir ermənistanlının sənədini gətirir, əmək kitabçası yazdırıb mənə də pul verirdi. Mən də öz qohumlarıma xəbər verdim.

Bizim qohumlardan da on nəfərə sənəd yazdıq. Hərəsindən üç min manat pul aldı, söz verdi ki, işləri yaxın vaxtlarda düzələcək. Bir həftədir telefonuna zəng çatmır, axşam öyrənmişəm ki, xeyli adamdan pul alıb, işi də düzəldə bilməyib, qaçıb “Urset”ə. İndi yaxam qalıb qohumların əlində. Başına dönüm, onun yerini bilsən mənə xəbər elə.

Sonralar eşitdim ki, qocaman jurnalist koronavirusdan ölüb. Gənc dostum isə hər gün bir arzusuna çatmaqdadır. Bir gün polis olur, bir gün “JEK” müdiri, bir gün general...

03.05.2023

Elşən ƏZİMБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930