manera.az
manera.az

Səni niyə belə sevdim? - Pərvanə Bayramqızı yazır

Səni niyə belə sevdim? - Pərvanə Bayramqızı yazır
Səni niyə belə sevdim? - Cəmi dörd kəlmədi… dərinliyində isə minlərlə tale dayanır.

Adi sözlərdir. Şair ruhunu sözlərə nəfəs edib. O nəfəslə çoxunun yaşadığı hopub misraya. Oyatdığı duyğuları ifadə etmək ürəyi açıb tökmək deməkdir.

Belə istədim niyə?

Asan sual sanmayın, çarəsizlikdən doğur, özünü mühakimə etməyə başlamağın hazırlığıdır. Məclislərdə söz demək istəyinə bənzəyir: “mikrofonu verin, deyəcəklərim var”. Kürsüyə qalxırsan, ən böyük səhvindən (səhvindənmi?) sənə diqqət kəsilənləri agah etmək istəyirsən, qoy danlasınlar, qınasınlar, lap tənə etsinlər, onsuz da cavab tapan olmayacaq: – Belə istədin niyə? – deyib öz sualını özünə qaytaracaqlar. “Onu niyə belə sevdin?” soruşmayacaqlar, sənə tərəf: – “onu niyə sevdin?” daşını atacaqlar. Başını qaçırmazsan: qoy dəysin, onsuz da bu eşq əvvəldən səni başqalarının məzəmmətinə sürükləyirdi.

Səni niyə belə sevdim? – nə özün bilirsən, nə də özgə. Heç O da bilmir.

Şəxs, sual, işarə əvəzliklərinin cəmi bircə feilə qoşulması fəlakət yarada bilərmiş. – Səni niyə belə sevdim? Ən sadə sözlər ən böyük hissləri ifadə edə bilir. Ən xırda duyğular bəslənəndə ali istəklərə çevrilir. Ən dinc günün birində ən narahat məqamlar dolur ömrünə. Qəlbindən uzaq tutduğun qığılcımı taleyin küləyi qəfil yaxınına gətirir. Od götürürsən, birdən-birə alışırsan. Sonu kül olacağını bilə-bilə alovundan canına dolan istidə soyuq ürəyini qızdırırsan. Soyuqda donmaq olduğu kimi istidə də yanmaq var. Od özü boyda yer yandırmır ki… oddan od törəyir. Yandıqca yandıracağın qorxusundan da bir yandan alışırsan. Alışdıqca yenə soruşursan: – Səni niyə belə sevdim?

– Bilmirəm… – cavabından sonra reallığı özün ifadə edirsən:

Belə olmalıydı, yəqin ki, belə
Çiynimə bu yükü götürməliydim.
Ağlımın hökmünü mən bilə-bilə
Qəlbimin hökmündə itirməliydim.


Sakitləşmirsən… gözlərini bir nöqtəyə zillənir, pıçıldayırsan:

İlahi, sonuncu sınaqdımı bu?
Ömrün qürubunda nəydi bu sevda?
Könlümün min ildi xaraba qalan
Sınıq qapısını döydü bu sevda.

Ürəyim qurumuş bir çay yatağı,
Necə tab gətirsin bu selə indi?
Gözümdən süzülən iki damla yaş
Dönəcək sinəmdə bir gölə indi.


İlahi də susur… düşünüb, düşünüb üzünü bəndəyə tutub gileylənirsən:

Gör hansı fəsildə durub gəlmisən –
Üşüyən budaqlar gün axtaranda…
Quşların hamısı köçüb gedəndə,
Sərçələr soyuqda dən axtaranda.

Ürəyim sonuncu yarpaqtək əsir,
Nə həsrət istəyir, nə sevgi gəzir.
İllərlə yolunda durdum müntəzir,
Bəs niyə gəlmədin mən axtaranda?


Bir az da məzəmmətə oxşayır. Qınadığın adamın tale yolları çınqıllı olsa da, topuq çalan dili olur. Çiyinlərini çəkir:

– “Əlimdən nə gələndi?”
“Cavab gəldi misralardan…”
-Demək, qismət beləymiş,
Gəl, küsənmə baxtına.
Niyə düşüb bu sevgi
Saçımın qar vaxtına?
Min ildi yol gəlirəm…
Çoxmu gözlədin məni?
Tələsmə, bir-bir danış,
İndi olub keçəni.

Uzaqdanmı gəlirsən?
Dayan, nəfəsini dər.
Deyəsən yorulmusan?
Saçını sinəmə sər…
Gün keçdi, ay tələsdi,
Ömrü yelə sovurdum.

Təşnə olanlar üçün
Sevgi-sudur bir udum…
Dönüb bir əfsanəyə
Ölən deyil qu eşqi.
Quruyub dodaqların,
Çək başına bu eşqi…


Bilirsiniz, ağlımdan nə keçdi? Oxuduğunuz mətn yox, veriliş kimi hazırlansaydı efir rejissorunun göstərdiyi səmtə baxıb çıxışa belə başlayacaqdım:

Ömrün, günün bu vaxtı
Bəlkə də, sevmək günahdı.
Sevdim səni
bir qorxunun kölgəsində,
qadağalar ölkəsində
sevdim səni.


“Ömrün, günün bu vaxtı…” misrasını eşidən kimi “Var olsun şeirimiz, şairlərimiz”, “Danışır şeir” adlı mətnləri xatırladınız. Bilirsiniz, niyə əminəm? Birinci yazını “Şeir sevənlərin himni” adlandırmışdınz, ikincini isə alqışlaya-alqışlaya paylaşır, oxumağı bir-birinizə tövsiyə edirdiniz. Ötən verilişdə (mətnimdə) söhbət açdığım gecikmiş sevgi mövzusuna təkrar qayıtmaq poeziya sevgimdən irəli gəlir. Məhz bu mövzuda gözəl şeirlər çox olduğundan bir verilişə sığmadığından hissə-hissə hazırlamağı qərara aldım. Yox, veriliş lazım deyil, ağlayıb-eləyən olar, yaxşı budur, elə yazıçı kimi çıxış edim. (vörddə “çıxış”)

İmzasız oxuyasan, vərəqə kimin qələminin mürəkkəbinin yayıldığını, sözlərin kimin kompüterinin monitorunda sıraya düzüldüyünü bilməyəsən. Müəllifinin adına sığınmaya… səni sənə göstərə, elə biləsən özün yazmısan. Budur poeziya. Oxuyub zövq alanda kimin yazdığı önəmli olmur. Sözə sığınırsan, misra-misra sökülüb, bənd-bənd yığılırsan. Təki şeir kimi şeir olsun, ruhunu oxşasın.

Müəllifinə “nankor çıxan” şeirləri sevirəm. İndi bu “nankorun” müəllifini tapın görüm:

Bir ömürdə –
Bir gizli sevgi yaşadılar…
Görüşdülər gizli,
Bu dünyanın sevincini, qəmini
Bölüşdülər gizli.
İki qəlbin çırpıntılarını
Eşitdilər, duydular gizli.
Oğrun-oğrun keçdilər
İnsanların axınından.
Nə məclislərdə birgə göründülər,
Nə küçədə, yolda birgə addım atdılar.
Nə toya, nə şənliyə getdilər,
Nə birlikdə şəkil çəkdirdilər.
Vaxt oldu, sübhədək
O burda, bu orda yatmadılar,
Hamını aldatdılar.
Təkcə ürəklərini aldatmadılar
Bu məhəbbət oğruları…


İki taleyin hekayəsi şairin qələmində… tanış ömürdür deyilmi?

Mövzu baxımından zəncirvari şeirlərdən süjet qurub sözlərin köməyi ilə gecikmiş sevgiləri oxşayaq.

Gec olsa da sevgi sevgidir, sevmək də sevmək. Sevənlərə haqq qazandıraq:

Sən hardan biləsən nə yazıb yazan…
Çox şeylər ağlınla-başınla gəlmir.
Vaxtını bilmirsən qarşılayasan
Məhəbbət qatarla maşınla gəlmir.
Gəzirsən küləktək sərgərdan səfil
İşləyir xəncəri hər dəm dərinə
Şaha əymədiyin başını qəfil
Əyir öz mübarək qədəmlərinə


Şair haqlıdır. Vaxtsız sevənlər də haqsız sayılmazlar. Nifrət etməkdən ki yaxşıdır. Təki sonu nifrətə gedib çıxmasın, təki zərəri olmasın. Qəbahətini anlayan şairsə belə deyir:

Ömrə-günə bax,
Hansı yaşdı bu? –
Əllərin, dizlərin qabar vaxtıdır.
Alnın qırış salan,
gözün yol çəkən,
neçə xatirənin qübar vaxtıdır.

Amma eşqə təslim olub sakitləşir:

Mən bu zülmət qaranlıqda
Bir ümidin fənəriylə,
Bir az dovşan qorxusuyla,
Bir az aslan hünəriylə
Gəzdim səni… tapdım səni.

Gözün gözü görmədiyi
Bu zülmətdə çıraq kimi,
Çat-çat olan dodağıma
Səhrada bir bulaq kimi
Gəzdim səni… tapdım səni


Uzaqlar çəkici olur, daim oraya can atır insan… Uzaqların sevincisə uzaq olur.

Uzaqlardan qorxur adam…
amma ürəyi də uçunur yaxınlaşmağa.
Bizim başqa nəyimiz var
Görüş üçün səbirdən başqa daşmağa
Ötdü bağ dövrü, bostan çağı
Qalan ömrümü keçirirəm uralarda
Bəlkə belə yaxışıdır
Sən uzaqlarda mən buralarda.
Ah uzaqlar…


Könlümə həyatda yaxından yaxın,
Ömrümə uzaqdan uzağım sənsən.


Təzadlı yaşantılar, qarışıq hisslər, ərköyün ürək… Dərin təəssüf hissi böyük peşmanlıq nə vaxt fayda verib ki?

Vaxtında gəlmədin…Mən məndim onda,
Qanadım yerində,
qolum yerində.
Mən onda eşqimin ağ otağında
olsam da, olardım qurum yerində.

Vaxtında gəlmədin. Bir çıxaq yola,
bir gedək bir ömrün sonuna kimi.
Yollarda yorulaq, yolları yoraq,
qəlbimiz baş-başa sönənə kimi.

Mən də çox ürəyə od dartdım, hədər,
Heç vaxta sığmadı havalı vaxtım.
Caynaqdan, qaynaqdan uzaqdı hələ
O mənim abırlı, həyalı vaxtım.

Ha dedim özümə özündən əl çək,
Uysan hər havaya, oynamaq asan…
Taleyin dalınca gedirsən, gərək
Qovrulsan, sovrulsan qayıtmayasan.

Danışsaq çıxacaq dərd bir-bir üzə,
Qəlbimiz külü boz külqabı kimi.
Biz indi gərəyik bir-birimizə
Gərəksiz nəsihət kitabı kimi.

Səni kim yolladı ömrümə qonşu,
Qayıt, cəhlimini, yolumdan ayır.
Mən indi yol azan bir səhra quşu,
Səsim də, sözüm də sözə baxmayır…

Vaxtında gəlmədin…
Vaxt köhlən atdı!
Vaxtında yalına yatanlar udur,
Yer göyə tulladı, göy yerə atdı,
Budur gecikənin töhfəsi, budur!


Buna bənzər başqa bir tale…

Bu da qismətdi, bəlkə də,
mən səni gec tapdım belə.
Heyif ki, səni tapanda
ömrümü vermişdim yelə…
İndi küləklər dənləyir
saçımdakı ağ dənləri.
Xatırlamaq da zülümdü,
bilirsənmi, ötənləri…
Eh…gözüm yumulsun, onda
bəs səni görmədim niyə?
O gündən bükdüm baxtımı
öz əlimlə göy əskiyə.
Mən çoxdan keçib getmişəm
indi sən gələn yolları.
gözlərimə baxıb da gör
qəlbimə düşən xalları…
Mən necə yaşayım indi,
bilə-bilə səndən uzaq.
sən köksünü ötür elə,
nə olsa, mənə olacaq.


Vəziyyəti bir qədər konkret izah edən başqa bir şeir:

Bu dünyada ən çətin iş
gizli sevməkdi birini.
Bir kimsə bilməsin deyə
suya demirsən dərdini.

Harda eşitsən adını
o saat səni tər basır…
Əllərin səndən xəbərsiz
yenə ona “salam” yazır.
Bu gecəni içib bitir,
sərxoş-sərxoş ovut dərdi.
Birini gizlicə sevmək,
vallah, ölümdən betərdi.


Cəsarətli şair sevgisiylə öyünər:

Mən ölüm qoxusu gələn sevginin
Və ölüm qoxusu olan istəyin
Yolunda ərənlər ərəni oldum


“Həyat qorxunun bitdiyi yerdə başlanır…”

Mən cəbr, mən həndəsə
Tanrı da hə desə
Bu iş tamamdır.
Həyatdanmı qorxursan ?
Günahdanmı ?
Divarları yıxaq
-Küncləri burax,
Çevrəmiz var .
Gəl həyatı yenidən öyrənək,
Gəl birlikdə ödəyək
Gör nə qədər cəriməmiz var ?
“Bu yaşımda heç bilmədim
Niyə,
necə
sevdim səni”.


Hekayəlik misradır, çox əvvəllər yazılmış başqa bir şeirləri xatırladır:

“Sən elə bir vaxtda rast gəldin mənə…”
“Sən yubandın, mən tələsdim
Ay gecikən məhəbbətim!”
Hər kəs öz taleyini yaza bilər.
“Yan-yana
yerlər tutulub,
dolub bütün aralar da.
Yaranandan bir yerdəyik,
Ayrı-ayrı
sıralarda…”
Şərh etməyəcəm…
“Sevdiyi qadın gətirir
kişini dünyaya
ikinci dəfə…
doğub-eləmədən…”


Şərh etməyəcəm. Misra özü deyir hər şeyi.

Qaranlığın sonunda işığın görünməsinin sevincini özünüz bilirsiniz. Ömürə gələn gecikmiş səadətin qoxusu duyulur.

Daş lələ çevrilmir, almaza dönmür,
Gül-gülə bənzəmir, yaz-yaza dönmür,
Gəlintək bəzənib qarşına çıxan,
Yasəmən gözündə kol kimi qalır.
Alıb qanadına aparmır səni,
Yol da cansıxıcı yol kimi qalır.
Sevgi olmayanda heç nəyin olmur,

Sevgiyə can atır həyatda hər kəs,
Hər ucuz fikirdə azmağa dəyməz.
Sevgini heç bir şey əvəz eləmir,
Sevgi olmayanda yazmağa dəyməz.


Bəzən də:

Mən əldən ayaqdan düşən bir qışam,
Sən gülü burnunda mürgülü yazsan
… yazan olur.

Sevib itirmək qorxusuyla yaşamaq da var… Dua edirsən, itirməyəsən.

Bu gecikən sevgim
Gəlməsin gözə.
Hazırdır sevgi məktubum da
Təkcə nöqtəsi qoyulmayıb
…oxuyub doymaq olar
Nöqtəyə nə var
Göz yaşıyla da qoymaq olar.


Heyif ki, çox vaxt heç nə arzulanan kimi qalmır. Qorxduqlarını yaşayırsan. Demək, əvvəldən hiss edirsən olacaqları.

Mən bu ayrılığa hazırlaşırdım,
Mən bu məhəbbətin bilirdim sonun…
Bilirdim…
Doğulub özümdən böyük
Bilirdim doğulub sözümdən böyük…
Qəlbimdə boy tutan bu kiçik sevgi
Bilirdim açılıb solmaq üçündür,
Bilirdim, bilirdim bu qara sevgi
Bir tufan qoparıb keçmək üçündür.


Gecikmiş sevgi yaşayanlar özlərini danlamasınlar. “Elə necə olmalıydısa, elə də olur”.

Gərək belə olmayaydı deyirəm hərdən
Gərək “gərək” ömür keçdi
əlli də oldu…
Gərək nədi bu gərəksiz düşüncələrdən?
Elə necə olmalıydı elə də oldu.


Təki Yer üzünün ən böyük günahı sevmək olsun. Sevənləri bağışlamaq olar.

“Eşq məhəbbət yaşayırsa tükənməyib bəşər hələ…” Dünyanı sevgi xilas edəcək. Elə ömrü qışdan da sevgi yaza çıxaracaq.

Sən gəldin,
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan?
Səni gözləmişdim ömrüm boyu mən,
Söylə, bəs hardaydın sən bu vaxtacan?

Keçib göy dərəni, yaşıl çəməni,
Elə yaxın gəldin, elə uzaqdan!
Bəlkə min il əvvəl görmüşdüm səni,
Sərin su içəndə sən buz bulaqdan!

Elə bil üzləşdim ilahi sirlə,
Bu nə möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət ölçülmür illə, əsrlə,
Məhəbbət ölçüsü əbədiyyətdir.

Zöhrə ulduzu tək yanıb obaşdan,
Üfüqlər aşırdın xəyallarımda.
Sən hələ dünyaya göz açmamışdan,
Küsüb-barışırdın xəyallarımda.

Sən gəldin ömrümün
qarlı qışında,
Ruhumda ehtiras, ürəyimdə qəm.
Cənnət qapısının elçi daşında,
Hazırdım min il də səni gözləyəm.

O nəydi?
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan!
Səni axtarırdım ömrüm boyu mən,
Söylə bəs hardaydın sən bu vaxtacan?


Ümid, inam, yaşamaq həvəsi… insanı həyata bağlayan eşq. O ki ömrü gözəlləşdirir, ruha sağlıq verir qoy gəlsin. Qəlbin gəncləşməsi, hisslərin saflaşması niyə qınanılsın ki?

İlahi, ümidlər tumurcuqlayıb,
Uzanıb yolları qucaqlayacaq.
Yarpağı saralan payız ömrümü
Baharın qolları qucaqlayacaq…

Bahara doğru! Yolunuz açıq olsun.

P.S: Yazıda adları qeyd olunan müəlliflərə istinad edilib: Sabir Yusifoğlu, Sabir Sarvan, Taleh Həmid, Ayaz Arabaçı, Orxan Bahadırsoy, Sərvaz Hüseynoğlu, Bəhruz Niftəliyev, M.Araz, Cabir Novruz, Yafəs Türksəs, Nəbi Xəzri, Süleyman Abdulla, Hüseyn Arif, Mahir Mehdi, Oşo

Pərvanə BayramqızıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930