manera.az
manera.az

“Yaxşı müəllim” necə olmalıdır? – ADPU-nun Quba filialının tələbələri cavablandırır

“Yaxşı müəllim” necə olmalıdır? –  ADPU-nun  Quba filialının tələbələri cavablandırır

Manera.az Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Sinif müəllimliyi” ixtisası üzrə təhsil alan (qrup: 2101, 2102) tələbələr arasında keçirilən “Sizcə, yaxşı müəllim kimdir?” adlı sorğuda verilən cavabları olduğu kimi təqdim edir:

- Düşünürəm ki, müəllim - bu günümüzü, gələcəyimizi işıqlandıran şəxsdir. Müəllim yalnız nəzəri bilik verən yox, həm də, hər bir şagirddə insanı keyfiyyətləri formalaşdıran şəxsdir. Əsl müəllim öz şagirdlərinin qayğısına qalan, insanların irqinə, dininə, dilinə, cinsinə, ailə vəziyyətinə, mənsubiyyətinə görə ayırmayan, onlarla dost, valideyn münasibəti göstərən, eyni zamanda işini vicdanla yetirəndir. Təəssüf ki, bəzi müəllimlər yalnız maaş xatirinə işləyirlər… Onlara isə əsl müəllim demək olmaz. Müəllim elə olmalıdır ki, şagird onun dərsini səbirsizliklə gözləsin. Dərsdə dəqiqələri saymasın, dərsin bitdiyinə təəssüflənsin. Müəllim gülərüz, bəzən də sərt olmalıdır.
Zümrüd Bədəlova

***

Mənim fikrimcə, nəinki müəllim, hər kəs insani keyfiyyətlərə malik olmalıdır. Necə ki valideylər övladları ilə dost olmalıdır, həmçinin müəllimlər də təhsilanlarla dost ola bilməlidir. Çox insan bu peşəyə sahib ola bilər, amma hərkəs bu peşəni layiqincə yerinə yetirə bilməz. Müəllim gülərüz və xoşxasiyyət olmalıdı. Müəllim nə qədər səmimi, istiqanlı olsa, bir o qədər şagirdləri ilə arasında güclü bağ yaranar. Eyni zamanda, müəllim şagirdi təhqir etməməli, şagirdə hədə-qorxu gəlməməlidir.
Müəllim örnək olmalı, davranışlarına diqqət etməlidir.
Yaxşı müəllim - yaxşı insandır, yaxşı dostdur, yaxşı psixoloqdur, yaxşı valideyndir. Xülasa yaxşı müəllim hərşeydir!..
Şahanə Qasımova
***

Müəllimlik ən şərəfli peşələrdən biridi. Hər bir müəllim bu adın "ağırlığını" dərk etməlidir. Bu peşəyə yalnız "çörək ağacı","qazanc mənbəyi" və s. kimi baxmamalıdır. Müəllim sinfə girib “ dərs saatını bir təhər yola verib, ayın sonu maaşımı alım” düşüncəsində olmamalıdır. Əsl müəllim öz çiyinlərinə düşən məsuliyyəti ciddi şəkildə dərk etməlidir. O, unutmamalıdır ki vətənin, xalqın, dövlətin gələcəyi onun təhsil verdiyi şəxslərdən asılıdır. Buna görə də, hər bir müəllim öz peşəsini layiqincə yerinə yetirməli, gələcəyimiz olan uşaqların savadlı kadr kimi yetişdirilməsində əllərindən gələni etməlidir.
Müəllim xüsusilə də, uşaqların psixologiyasını, onların fərdi xüsusiyyətlərini nəzərə alıb onlara fərdi şəkildə yanaşmalıdır. Bu günümüzdə də elə müəllimlər var ki zəif oxuyan şagirdləri "sən savadsızsan, "sən heç bir işə yaramırsan" ,"səndən heç nə olmayacaq" kimi psixoloji təsir edən sözlərlə incidirlər. Əsl müəllim belə hallara yol verməməlidir, əksinə, belə uşaqlara daima motivasiya verməlidir. Çünki motivasiya ən önəmli məsələlərdən biridir.
Seyfullayeva Nəsibə
***

Fikrimcə, yaxşı müəllim peşəsini sevən, fəaliyyəti boyunca vicdanla çalışan, şagird və tələbələrinə hörmətlə yanaşan, bilik və bacarıqlarını daim inkişaf etdirən olmalıdır. Bunlarla yanaşı yaxşı müəllim şagird və tələbələrinə örnək olmağı və onları hər zaman yeni uğurlara həvəsləndirməlidir. Yaxşı müəllim şagird və tələbələrindən dərs tələb etməklə yanaşı, onlarda müxtəlif bacarıqların formalaşmasında da maraqlı olmalıdır.
Məmmədova Səbinə
***

Müəllim - ilk növbədə, uşaqları sevən insandır, onlarla ünsiyyətdən şad olur. O, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər. Uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə hiss edə bilir, uşağın qəlbini oxuya bilir. Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, ona vurğunluqla onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir, o elmin problemlərindən də xəbərdardır. Belə müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünyagörüş şagirdlər qarşısında elmin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər. Yaxşı müəllim öz peşəsinin ustası olmalıdır.
Əfsanə Şirinova
***

Müəllimlik müqəddəs bir peşədir! Öncə biz bu ada layiqli şəkildə fəaliyyət göstərməli, işimizi layiqincə yerinə yetirməyə çalışmalıyıq.
Günümüzdə “Müəllim” xitabının müəyyən yerlərdə - fərqli sahənin adamları üçün istifadə edilməsi fikrimcə, heç də xoşagələn hal deyil. Əsrlər boyu müəllim cəmiyyətdə sayılıb-seçilən insanlarlan olub. Bu gün də müəllimlər öz vəzifələrinin məsuliyyətini, çətinliyini, müqəddəsliyini dərk edir və gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşımağa imza ataraq bu yolda heç bir çətinlikdən qorxmayan, zəhməti, fədakarlığı hesabına özünə inanan insanlardır.
Sərvan Bayramov
***

Əsl müəllim hər bir uşağa fərdi yanaşmalı, onun problemlərini dinləməli və ona düzgün yol göstərməlidir. Uşaq səhv edəndə ona həmin səhvi başa salmalı, eyni zamanda ona qayğı və nəvaziş göstərməlidir. Müəllim uşağa nəzəri biliklərdən əlavə, ona əsl insan olmağı öyrətməlidir. Məktəb ikinci ev olduğu kimi müəllim də ikinci ana/ata olmağı bacarmalıdır.
Rəna Abdulağayeva
***

- Mənim fikrimcə, yaxşı müəllimin pedaqoji fəaliyyət prosesində uğur və nailiyyətlərinin göstəriciləri xüsusi meyarlarla ölçülməli, tələb olunan standartlara cavab verən səviyyədə olmalıdır. Müəllim öz qabiliyyəti, davranışı, geyim, danışıq tərzi, tədrisdə seçdiyi üsul və vasitələri, öyrənməyə həvəs göstərməsi ilə şagirdi cəlb etməlidir. Yaxşı müəllim hər zaman şagirdlərin sevimlisi olmalı, şagirdlər hər mövzuda o müəllimdən örnək götürə bilməlidir.
Mahirə Fərhadova
***

Düşünürəm ki, yaxşı müəllim şagirdlərinə və ya tələbələrinə qayğı ilə yanaşan, onların fikrinə önəm verən və keyfiyyətli təhsil verməyi bacaran şəxsdir. Yaxşı müəllim tədris etdiyi fənni çox yaxşı bilməlidir və həmişə öyrənməyə maraqlı olmalıdır. Öz məsuliyyətini dərk edən müəllim də, yaxşı müəllimdir. Müəllim şagirdlərinə örnək olmağı bacarmalıdır. Şagirdlərin tərbiyəsi ilə də məşğul olmalıdır; çünki müəllim onları gələcəyə hazırlayır.
Nərmin Əliyeva
***

"Mən dünyada müəllimdən yüksək ad tanımıram" Ümummilli lider Heydər Əliyev
Əsl müəllim bu adın haqqını verməyi bacarmalıdır. Sadəcə şagirdlərə müəyyən bilik aşılamaqla yaxşı müəllim olunmur. Yaxşı müəllim - millətin gələcəyinin məhz onunla bağlı olduğunu bir an belə unutmamalı, hər dəfə dərsdən çıxdıqdan sonra "Mən bugün öz vəzifəmi layiqincə yerinə yetirə bildimmi?"sualına öz vicdanı qarşısında cavab verməlidir. Çünki millət öz gələcəyini məhz ona həvalə edir…
Səbinə Bağırova
***

Müəllim - hər zaman öyrənməli və öyrətməlidir. Özündə ən ali keyfiyyətləri əks etdirməlidir. Ayrıseçkilik xüsusiyyətinə malik olmamalıdır. Hər bir təhsilalana məlumatları onun anlaya biləcəyi şəkildə - hər bir şəxsin fərdi xüsusiyyətlərini nəzərə almaqla, yəni fərqli metodlarla anlatmalıdır. Səhv edən şagirdi cəzalandırmaq yox, mülayim dillə başa salmalıdır.
Vəfa Vəliyeva
***

Yaxşı müəllim - öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Çünki bir uşağın tərbiyəsi, təhsili müəllimdən asılı olur. Bu gün təhsilalanların yaxşı tərbiyə olunması həm də, gələcəkdə cəmiyyətin inkişafı deməkdir. Müəllim dərk etməlidir ki bü gün parta arxasında oturanlar sabah həyatın, cəmiyyətin, gələcəyin qurucuları ola bilərlər. Müəllim öz qabiliyyəti, davranışı, geyimi, danışıq tərzi, tədrisdə seçdiyi üsul və vasitələri, öyrənməyə həvəs göstərməsi ilə şagirdi cəlb etməlidir. Ən əsası da, şagirdlər arasında fərq qoymamalıdır.
Mustafayeva Nərmin
***

Mənə görə, yaxşı müəllim öncə öz keçdiyi fənni yaxşı bilməlidir. Uşaqlarla yaxşı ünsiyyət qurmalı, onları bir-birindən ayırmamalıdır. Bizim ixtisasımız ibtidai sinif müəllimliyidir. Uşaqların ilk əlindən tutan, onlara bilik, bacarıqları öyrədən bizlər olacağıq. Ona görə də, işimizdə daha çox məsuliyyətli olmalıyıq. Müəllimlik çətin peşədir. Yaxşı müəllim bütün çətinliklərin üstəsindən gəlib, uşaqların qəlbində yer tutmağı bacarmalıdır.
Aysel Seyidəliyeva
***

Zənnimcə, müəllimlik sənətini açıqlayan ən yaxşı ifadə “beynin və qəlbin vəhdətini tələb edən peşə” olmasıdır. Çünki müəllim savadlı, hazırlıqlı bir o qədər də mərhəmətli, səbrli, iradəli olmalı və ən əsası "önyarğılı" olmamalıdır. Müəllimlik həm də, psixoloqluqdur. Şagirdlərin çoxu sinifdən çıxdıqda yeni biliklər əldə etməli, eyni zamanda, özünü və həyatını sorgulamalıdır. Buna səbəb müəllim olmalıdır.
Məmmədova Səkinə
***

Məncə, əsl müəllim demokratik olmalıdır. Șagirdlərə azadlıq verməlidi. Yalnız öz bildiyini doğru hesab etməməli, şagirdlərin də fikirlərinə hörmətlə yanaşmalıdır. Həmişə öyrənməyə açıq olmalıdır. Șagirdlərin fikirlərinin nəzərə alınması sonrakı dərslərdə şagirdləri daha araşdırmaçı olmağa sövq edəcək. Yaxşı müəllim dərsə marağı olmayan şagirdləri də, öz nitqi, yeni metodları ilə dərsə maraq yaratmalıdır.
Məmmədova Səhər
***

Mənə görə, yaxşı müəllim öncəliklə, gülərüz və təvazökar olmalıdır. Yaxşı müəllim olmaq üçün peşəmizə və ümumiyyətlə, insanlara xas olan bir çox xüsusiyyətlərə sahib olmalı, malik olduğumuz bu xüsusiyyətləri də hər gün artırmalı və çox üstün bir şəkildə peşəmizi təmsil etməliyik. Çünki bizim hər şeyimiz: malımız, dövlətimiz, canımız,qanımız və s. şagirdlərimiz olmalıdır.
Hüseynova Gülcan
***

Zənnimcə, öncə insani keyfiyyətləri və mənəvi dəyərlərə malik şəxs, şagirdin yaş və fərdi xüsusiyyətlərini, meyl və maraqlarını nəzərə alan pedaqoq, daha sonra ixtisası üzrə mütəxəssis əsl müəllimdir.
Ömərova Ülviyyə
***

Əsl müəllim şagirdlərinə qayğı göstərməlidir ki, şagird müəllimə doğmalıq hiss etsin. Müəllim yeri gəldikdə, şagirdə dost, ana, ata, qardaş, bacı olmalıdır. Öz uşaqlarına qayğı göstərənə ana/ata başqalarının da uşaqlarına qayğı göstərən insana isə əsl müəllim deyilir. Müəllim ən gözəl keyfiyyətləri özündə əks etdirməlidir.
Baloğlan Rəcəbli
***

Yaxşı müəllim - Bu o deməkdir ki, müəllim öz peşəsini sevsin, ona dəyər versin, şagirdlərə tədris etdiyi fənnə qarşı maraq yaratsın. Dərsi rəngarəng keçsin, şagirdlərə qayğı ilə yanaşsın, bir valideyn, dost kimi, yaxşı müəllim öz şagirdlərini də sevməlidir, məncə yaxşı müəllim belə olmalıdır.
Cəbrayılova İlahə
***

Müəllim ilk növbədə öz peşəsini sevməlidir. Öz şagirdlərini tədris etdiyi fənlərə dərin məhəbbət duymalıdır. Dövlətə qarşı vətənpərvərlik hissi aşılamaqdır. O verdiyi biliklərlə şagirdlərə yaxşı vərdişləri təbliğ etməli, pis vərdişlərdən uzaqlaşmağa səbəb olmalıdır. Böyüklərə hörmət, kiçiklərə şəfqət hissi aşılamalıdır. Bir sözlə, həyatı onlara sevdirməyə çalışmalıdır.
Allahverdiyev Yusif
***

Mənim fikrimcə, yaxşı müəllim şagirdləri arasında fərq qoymayan,şagirdləri ilə yalnız müəllim şagird münasibəti deyil, dost kimi münasibət qurandır. Uşaqların səhvlərini onları incitmədən başa salan, hər bir fikrə hörmətlə yanaşandır, yaxşı müəllim!
Abaslı Ülkər
***

Demokratik qərarlar qəbul edib, öz hüquq və azadlıqlarını dərk edən düşüncələri vətənə və ailəyə yararlı bir şəxsiyyət yetişdirə bilən şəxsə müəllim deyilir. Hamı müəllimlik adını ala bilər, amma sözün əsl mənasında müəllim olmağı çoxu insan bacarmır.
Disterverqin dediyi kimi, məktəb sanki bir arabaya bənziyir onu, hərəkətə gətirən isə məhz müəllimdir. Nəsrəddin Tusi belə müəllimin haqqını ata haqqında daha ustun tutmuşdur. O deyirdi ki, "ata uşağa həyat verir, müəllim isə bu fani həyatda usağı mənəviyyatini zənginləşdirir, pis xislətlərden uzağlaşdırır."
Hacağayeva Fidan

Sorğunu təqdim etdi:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında
“Müəllim ixtisasına giriş” fənnini tədris edən
Şəhla İbişova


MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30