İndi nə o ev var, nə də ki...
İlk dəfədir ki, yazı yazmaqda çətinlik çəkirəm. Fikirlərimi cəmləyib dost haqqında keçmiş zamanda yazmaq çox çətin imiş sən demə. O da ola Abdulkadir Özkan kimi bir dost - Azərbaycan ədəbiyyatının sevdalısı, yazıçı, şair, tərcüməçi.
İllər əvvəl mən onu ilk olaraq tərcüməçi kimi tanımışam. Onun haqqında mənə, mənim haqqımda da ona ilk məlumat verən, bizi bir-birimizlə qiyabi tanış edən yazar dostum Təranə xanım Musayeva olub.
Oxumaq üçün məndən xəbərsiz Təranə xanımın ona göndərdiyi bir neçə hekayəmlə tanış olandan sonra, Abdulkadir barəmdə yazıçı Aslan Quliyevdən soruşub, maraqlananaraq mənimlə vatsap bağlantısı yaratdı və beləliklə həmin gündən bizim ilk əvvəl yaradıcılıq əlaqəmizin, sonra isə dostluğumuzun təməli qoyuldu...
Ta ki... Bu dostluq əlaqəmiz 06-02-2023-cü ilin hamımızı silkələyən və dəhşətə gətirən zəlzələ xəbərinin yayılması anına qədər davam etdi.
Əslində 06 fevral mənim doğum günümdür, buna baxmayaraq, 2011-ci ildən bəri bu günün olmasına heç sevinmədim, bir dəfə də olsun həmin gün bizim evimizdə qeyd edilmədi, mənim ailəmin şəxsi faciəsindən xəbərsiz olan bəzi insanlardan təbrik zəngi və ya bu tip mesajları almayım deyə, telefonumu bir gün əvvəldən və bir gün sonraya qədər həmişə söndürdüm.
Çünki sevmirəm bu günü, hətta həmin tarixi günə nifrət edirəm desəm daha doğru olar. Həmin gün mənim yaddaşımda çox ağır və üzücü bir gün kimi qalıb. Belə ki, Sankt Peterburq şəhərində təhsil alan 21 yaşlı Cavidimin faciəli ölümü məhs həmin gündə baş verib...
06-02-2023-cü il. Bu da ikinci zərbə, həmin günün yeni bir ağır zərbəsi. Bu acı zəlzələ hadisəsini mənə adətim üzrə söndürməyi nədənsə unutduğum telefon vasitəsi ilə yazıçı dostum Aslan Quliyev xəbər verəndə işdəydim. Eşitdiyimə şok oldum, əvvəl inanmaq istəmədim, onun hıçqırtısını eşidəndən sonra isə telefon əlimdən düşdü. Aləm başıma fırlandı. Bu da doğum günümün mənə yeni “hədiyyəsi”. İşçilərimin təəssüflə mənə dikilən baxışlarının altında acı göz yaşlarıma hakim ola bilmirdim, əslində heç hakim olmaq da istəmirdim, bağırmaq, hayqırmaq istəyirdim, 2011-ci ildə olduğu kimi. Kitablarımın tərcüməçisi kimi tanıdığım və sonradan bu tanışlığımızı öz mehriban xasiyyəti ilə dostluğa çevirməyi bacaran bir yazıçının, oğlum qədər mənə əziz olan bir insanın, xətrini istədiyim gənc Abdulkadirin ölümünə inanmaq istəmirdim.
Yazıçı dostlarım Aslan Quliyev, Eyvaz Zeynalov, Firuz Mustafa və Qalib Şəfayətlə birgə Türkiyədə keçirilən kitab fuarlarında iştirak edən zaman onunla dəfələrlə ünsiyyətdə olmuşduq. Bir otellərdə qalmışdıq.
Mehriban, gülərüz və istiqanlığı ilə hamımızın sevimlisinə çevrilmişdi. Öz şəxsi maşını ilə bizim qulluğumuzda dayanmaqdan yorulmurdu. Elazığ, Malatiya və Kahramanmaraş şəhərlərinin görməli yerlərini bizə göstərməkdən zövq alırdı. Öz doğulduğu Kahramanmaraşda yaşayan bir çox yazıçı və şairlərlə bizi – Azərbaycandan gələn yazıçı dostları ilə tanış etməkdən qürurlanırdı.
2022-ci ilin may ayında Kahramanmaraşda keçirilən kitab fuarının sonuncu günü yazıçı Aslan Quliyevi, şair Qalib Şəfaəti və məni öz yaşadığı evə qonaq dəvət etdi. Evləri şəhərin mərkəzində tikilmiş yeni hündürmərtəbəli binanın yeddinci qatında yerləşirdi. Abdulkadir üç otaqdan ibarət geniş və yaraşıqlı evdə bizi gülərüzlə qarşılayan atası, anası və bacısı ilə birgə yaşayırdı.
Abdulkadirin iş otağında divar boyu yerləşən kitabxanası bizi heyran etdi. Türk, Azərbaycan, Avropa və dünya klassiklərinin bir çoxlarının əsərləri rəflərdə səliqə ilə sıralanmışdı. 32 yaşlı bir gəncin altmışa yaxın tərcümə etdiyi kitabların ayrıca bir rəfdə yerləşdirməsini və həmin kitabların arasında bizim də kitablarımızın olduğunu görmək, əlbəttə ki, qürurverici idi.
Abdulkadir Azərbaycan ədəbiyyatını, folklorunu sevdiyi qədər, bizim milli musiqimizin də vurğunu idi. O, intelektual səviyyəli bir gənc idi, geniş təfəkkürə malik olan bu cavan oğlanla ünsiyyət qurmaq olduqca maraqlı idi. Evlərində olduğumuz zaman türk sazında milli musiqimizi gözəl ifası ilə bizi heyran etməyi də bacardı. Gecə yarısı “Allah qismət eləsin gələn il bu evə Abdulkadirin toyuna gələk!” duası ilə ata-anasına arzumuzu bildirib otelə yollandıq...
Onunla son görüşüm 2022-ci ilin 19 oktyabrında oldu. Həmin gün Kahramanmaraşda keçirilən kitab fuarının sonuncu günü idi. Səhər saatlarında mən Ankarada keçiriləcək kitab fuarında iştirak etmək üçün yola düşməyimlə əlaqədar olaraq oteldə dincəlirdim. Gün ərzində Abdulkadiri görməmişdim. O, başqa şəhərdə yerləşən universetlərin birində sonuncu imtahanını vermək üçün səhər o başdan Kahramanmaraşdan yola çıxmışdı.
Amma onu da deyim ki, imtahanlar arası vaxt tapıb zəng eləmiş və axşama kimi mütləq gəlib çıxacağını söyləmişdi. Artıq saat 23-00-da onun gəlmədiyini görüb yatmağa hazırlaşırdım ki, telefonuma zəng gəldi. Zəng edən Abdulkadir idi. Geyinib aşağıya enməyimi xahiş edirdi.
Endim, maşınına əyləşən kimi, “Üzür dilərəm, Hocam. Qüsura baxmayın, görüşmədən yata bilməzdim. Sabah daha bir imtahanım olduğundan, mən səhər tezdən universitetə geri dönməliyəm.” dedi. "Sən yorğunsan, o baş-bu başa 300 km yol sürmüsən. Nə vacib idi ki?! Ömürlük ayrılmırıq ki, onsuzda fevralda Bakıya gələcəksən, orda görüşəcəydik”. Sanki, bu bizim üz-üzə canlı olaraq son görüşümüz olacağını duyurmuş kimi, "Görüşməliydim Hocam, sonra nə olar, nə olmaz?!” dedi və maşını Kahramanmaraşın yüksək və mənzərəli bir guşəsində yerləşən restoranların birinə sürdü.
Gözəl bir çay süfrəsi ətrafında əyləşdik və telefonun diktafonunu qurub məndən Kahramanmaraş radiosuna müsahibə almaq istədiyini bildirdi. “Elə gözlənilmədən oldu ki, mən "hazırlıqsız necə müsahibə verim?” söylədim. “Müsahibə almaq üçün yazıçıya zaman vermək olmaz Hocam, yoxsa cavablar bəzəkli və ütülü olar ki, məncə də bu dinləyicilərə maraqlı gəlməz.” dedi. Gecə saat ikiyə qədər söhbətimiz davam etdi. Nə suallar verdiyini, necə cavablar verdiyimi düzü heç xstırlamıram, yadımda qalmayıb. Diktafonu söndürdükdən sonra aramızdakı dialoqumuzu isə indiyə qədər unuda bilmirəm.
-Hocam, üç gün bundan qabaq sənin “Qatarda” hekayənin əlyazmasını oxudum və orda olan Gültəkin adı mənim çox xoşuma gəldi.
-Gültəkin adı xanımlara yaraşan addır, gül özü sevgi, məhəbbət rəmzidir. Gül təkin ətirli olmaq, saf, pak və gözəl görünmək isə, təbiidir ki, hər bir xanımın arzusudur. Gültəkin adını mən də çox sevdiyimdən, hekayəmdə istifadə etmişəm.
-Bilirmisən, Hocam, mənim də Gültəkinim var. Onun adı Enrodur. Amma mən ona Gülüm deyə səslənirəm və bu onun çox xoşuna gəlir.
-Gülün varsa, bəs onda nədən evlənmirsən? Artıq 32 yaşın var.
-Hocam, qoy subaylığın soltanlığnı bir qərinə yaşayım. Hələ ki, görüləcək işlərim çoxdur. Söz verirəm 33 yaşımın tamamında evlənəcəm. Hocam, mənim toyuma gələrmisən?
-Sən təki toy elə. Kim gəlməsə də yazıçı dostlarımız Aslan, Eyvaz, Əlabbas və mən sənin toyunda iştirak etmək üçün mütləq sevə-sevə Azərbaycandan Kahramanmaraşa gələcəyik...
Bu yazını yazmaq üçün Abdulkadirlə birgə keçirdiyimiz günlərin xatirəsini əks etdirən fotolara baxıram. Fotoların içində iki şəkil diqqətimi daha çox cəlb edir. Onunla sonuncu dəfə Kahramanmaraşda müsahibə verdiyim son məkan və dostlarla birgə onun evində olduğumuz anlar... Və içimi dağıdan ağrı, belə bir ağı ilə içimdən çıxıb qulaqlarımda səslənir... Biz sənin toyuna gəlməyəcəyik Abdulkadir. İndi nə o ev var, nə də ki... Rahat uyu Abdulkadir, məkanın cənnət olsun!
Amma biz dostlar toyunda iştirak etmək üçün yox, sənin qəbrini ziyarət etmək üçün Kahramanmaraşa mütləq gələcəyik! Təəssüflər olsun...
ARİF ƏRŞAD
10-02-2023-cü il.