Niyə teatra getməliyik? - Orxan Adıgözəl yazır
Rus filosofu və yazıçısı Aleksandr İvanoviç Gertsen deyirdi:
“Teatr — həyatı vacib sualların cavab tapıldığı yüksək instansiya və məkandır”.
Bəli, biz teatra getməklə öz həyatımıza aid bir çox suala cavab tapa bilərik.
Teatr mənim üçün nəinki tamaşa yeri, o, həm də bir ritual, yəni, müqəddəs ayin və mərasim sayılır. Qətiyyən şişirtmirəm. Teatr mənim üçün bayramdır. O, ən sevimli əyləncə vasitələrimdən biridir.
Özünü kiçik hadisələrlə xoşbəxt etməyi bacaran biri kimi deyə bilərəm ki, yeni kitab əldə edəndə, harasa səyahət etdikdə və teatra gedəndə çox xoşbəxt oluram. Qanımda sevinc hormonları yaranır, həyatı daha da sevirəm. Teatra getməyə hazırlaşarkən sanki çox füsunkar və cazibədar qadınla romantik görüşə gedirmiş kimi çalışıram.
Yaşadığımız dövrün qayğı və problemlərindən az da olsa yaxa qurtarmaq üçün teatr ideal məkandır. Teatrda nümayiş olunan tamaşanı izləyərkən insan özünü bir başqa cür hiss eləyir. Həmçinin öz xarakterində yeni çərçivələr aşaraq, prosesdən həzz alıb, həyat üfüqlərini genişləndirir.
Teatr - həm də, gözəlliyə toxunmağın, bir başqasının həyatını aydın hiss etməyin, dramaturqun yazıb yaratdığı həyatı, bir növ öz həyatın kimi duymağın və aktyorların oyunundan həzz almağın üçün çox sadə və əlçatan üsuldur. Bununla sən sanki hər dəfə yeni həyat yaşamış olursan.
Deyə bilərsən, “teatra getmirəm, ancaq evdə oturub televizor və ya kompüterdə film izləyirəm. Bu da sənətdir də”. Hə, film də sənətdir. Səninlə razıyam və mən bu sənəti də çox sevirəm, ancaq, bir məsələ var ki, teatrda canlı emosiyalar olduğu halda, filmdə bu yoxdur. Ona görə də teatr- canlı sənətdir.
Hərçənd, tamaşa da, qabaqcadan hazırlanır, yaradılır amma o, bizim gözümüz önündə doğulur. Əsərin tam dünyaya göz açması məhz ilk dəfə tamaşaçılar önündə baş verir. Film montaj sənətidir, teatr isə canlı yaradıcılıq nümunəsidir.
Tamaşa yalnız sənin onu izlədiyin an mövcuddur. Filmi isə diskə köçürüb və ya internetdən neçə dəfə istəsən dala-qabağa edərək baxa da bilərsən. Düzdür, filmlərdə maraqlı efferktlər var, ancaq o, yenə də canlı nümayişin yerini verə bilməyəcək.
Sən, teatra gedərkən əylənməklə bərabər, həm də inkişaf etmiş olacaqsan. Ölkəmizdə teatra gedənlər arasında qadınlar üstünlük təşkil edir. Hə, bu, sirr deyil, qadınlarımız özlərini inkişaf etdirməyə daha çox meyillidilər.
Teatr dünyagörüşünün zənginləşməsi üçün bir vasitədir. Onun insana təsir etmə effekti daha güclüdür. Teatr həm də həyat məktəbi sayılır. Biz tamaşaları izləyərək nəinki estetik zövqümüzü formalaşdırır, həm də həyatdakı öz şəxsi problemimizin həlli yolunu da tapa bilərik.
Teatra gedən şəxs yerli və dünya ədəbiyyatında olan əsərlərin tamaşasını izləyərək də, onlar barədə məlumatlı olacaq. Bu, həm də mədəni dəyərlərin formalaşması, daxili estetik kultun yaranması sayılır. Teatra getmək həmçinin sənə dost-tanışlarınla danışmaq və müzakirə etmək üçün də maraqlı mövzu vermiş olacaq.
Bəhs etdiyim şeylərlə, sənin niyə teatra baş çəkməyinə səbəblər göstərməyə çalışdım. Teatr sənə düşünmək, sevmək və ləyaqətli insana çevrilib, düşünən beyinlərdən olmaq üçün daha çox səbəb göstərəcək.
Orxan Adıgözəl