manera.az
manera.az

"Əsarəti cəsarətə çevirən qadınlar" |MANERA.AZ

"Əsarəti cəsarətə çevirən qadınlar" |MANERA.AZ
Tamaşa başladı...

Və biz repressiya illərinə qayıtmalı olduq... İstəsək də istəməsək də tarixi faktların yaddaşlarımıza həkk etdiyi hadisələr, acımasız hökmlər, şər və böhtanlar burulğanında boğula-boğula hər şeyin hansı nöqtəyə varacağını gözlədik.

Və.... Görəcəklərimiz gözlədiklərimizdən daha dəhşətli oldu...

GTT – da Res. əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi "Kod adı V.X.A" tamaşasına növbəti baxış oldu. Səhnə əsəri sovet sürgünlərində əzab çəkən Orta Asiyanın düşərgəsində min bir zillətlə mübarizə aparan qadınların taleyinə həsr olunub.

Əvvəla qeyd edim ki, belə bir monumental tamaşanı ərsəyə gətirmək zərif qadın çiyinləri üçün çox çətin və məsuliyyətlidir. Amma nəzərə alsaq ki, rejissor bu günə qədər bir çox tarixi və psixoloji layihələrə imza atıb o zaman məsələ bir az həfifləyər. Aktyor seçimi, mizanlar, dekor, səhnə tərtibatı, müasir texnikadan istifadə və s. bütün bunlar rejissor tərəfindən gördüyümüz qədər öz uğurlu həllini tapmışdı. Səhnə tərtibatını xüsusi
vurğulamaq istərdik ki, bu da tamaşanın ümumi gedişatında çox vacib faktorlardan biridir.
"Əsarəti cəsarətə çevirən qadınlar" |MANERA.AZ
Rejissor işi:

Açığını desək bu tək tamaşa deyil. Bu tariximizə, onun repressiyaya məruz qalan, sürgün edilərək min bir məşəqqətə düçar olan qadınların faciəsini özündə əks etdirən bir layihədir.

Bir rejissor olaraq Mehriban Ələkbərzadə bu günkü zamanla ayaqlaşaraq müasir texnikanın tamaşada istifadə olunmasını labüd sayaraq tamaşaçının daha böyük marağına səbəb olur. Səhnədə qurulan dekorlar, ümumi səhnə tərtibatı, musiqi kompozisiyası hər şey uğurlu nəticəyə təkan verir. Rejissor müxtəlif metaforalardan istifadə edir. Aktyor plastikasının yetərincə üzə çıxmasına şərait yaradır və ara sıra musiqinin təsiri ilə gərgin ortamı yumşaltmağa çalışır.

Yeri gəlmişkən onu da qeyd edim ki, belə böyük və ağır bir tamaşa üçün musiqidən daha çox istifadə oluna bilərdi ki, bu da tamaşaçının səhnə ilə harmoniyasını daha çox artırardı.

Aktyor seçiminə gəldikdə baş rolun ifaçısı Kəmələ Müzəffər - Şükriyyə nə qədər ön planda olsa da o biri aktrisalar da bir o qədər diqqətdə qalmağı bacardılar.
"Əsarəti cəsarətə çevirən qadınlar" |MANERA.AZ
Aktyor oyunu:

Respublikanın Əməkdar artisti Kəmalə Müzəffər "Şükriyyə"ni bizə öz oyunu vasitəsi ilə sevdirməyi bacardı. Nəzərə alsaq ki, aktrisa demək olar ki, əksər obrazlarında öz emosionallığı ilə tez seçilir ki, bu da ona xas bir keyfiyyətdi, və bu tamaşada da bunun daha qabarıq şahidi olduq. Şükriyyənin çəkdiyi əzab onun özünəməxsusluğu ilə seçilir və tədricən obrazın tam xarakteri önümüzdə açılır.

Daha bir obraz "Ayna Sultanova" - Günel Məmmədova haqqında xüsusi danışmaq istəyirəm. Aktrisa səhnəyə ilk gəlişindən sona kimi bir növ öz istedadı ilə hamıya meydan oxudu. Hətta bir anlıq düşündüm ki, baş obraz məhz onunkudur. Baxın, aktrisa o qədər rolunun mahiyyətini dərk edərək yola çıxdı ki, səhnədə bir cəsarət simvoluna çevrildi və gözlərimiz önündə əsarəti cəsarətə çevirən mükəmməl bir qadın obrazı yarandı. Açıq deyək, o öz ifası ilə səhnədə bir çoxlarını kölgədə qoydu.

Düşünürəm ki, aktrisa yetərincə istedada malikdir və hələ qarşıda yüzlərlə obrazlara mükəmməl həyat verəcək bir potensialı var.

Teatrın istedadlı aktrisaları Şəfəq Əliyeva, Qəmər Məmmədova, Mehriban Abdullayeva, Nübar Novruzova, Nəsibə Eldarova, Gülər Nəbili, Təhminə Məmmədova, Simuzər Ağakişiyeva, Zenfira Əbdülsəmədova, Leyli Vəliyeva, Sevinc Əziz, Xalidə Əliməmmədova və s. illərin təcrübəsinə arxalanaraq obrazları vasitəsi ilə bizə qadın olmanın çətin psixoloji durumunu incə ştrixlərlə anlatdılar. Və tamaşaçının obraza inanması üçün bütün istedadlarını ortaya qoydular. Nəticədə mükəmməl qadın obrazları yarandı. Teatrda yüzlərlə obraza həyat verən bu aktrisalar, tamaşaçı ilə çox asan təmasa girə bildilər.
"Əsarəti cəsarətə çevirən qadınlar" |MANERA.AZ
Daha bir istedadlı aktrisa Yasəmən Malik yenə bizi təəccübləndirməyi bacardı.

Aktrisa, obrazı vasitəsilə maraqlı performans sərgilədi, təkrardan uzaq, özunəməxsus oyun tərzi ilə zəngin bir qadın xarakteri yaratmağa müvəffəq oldu. Nəticədə aktrisanın rola qeyri adi yanaşma tərzi obrazın yadda qalmasına şərait yaratdı.

Gənc aktrisalar Səbinə Məmmədova, Asya Atakişiyeva və Aygün Fətullayeva da yetərincə teatrda obrazlara həyat veriblər ki, bu yeni tamaşada da yaddaqalmağı bacardılar.

Və nəhayət iki sevimli aktyor barədə danışmaq istəyirəm. O, səhnəyə tamaşanın sonlarında gəlsə də sevgimizi elə ilk dəqiqələrdən qazandı. Res. Xalq artisti Naibə Allahverdiyeva necə deyərlər bir gəldi, pir gəldi.

Açığı niyə görə onu səbirsizliklə gözləyirdim? Çünki xeyli vaxt idi ki, teatrda yeni obrazı yox idi. Və mən onun bir aktrisa kimi nələrə qadir olduğunu çox gözəl bilirəm. Tamaşaçı da bunu yaxşı bilir və sevir.

Aktrisanın obrazı, yaşadığı iyrənc həyatın qurbanıdır və özü dediyi kimi qəlbi hər kəsə bağlıdır. Amma onun monoloqundan bəlli olur ki, hələ də insanlığını tam itirməyib, mərhəməti var. Aktrisa bu mərhəməti öz təbirincə bizə ötürməyə bacardı və biz onun da taleyinə güzgü tutduq.
"Əsarəti cəsarətə çevirən qadınlar" |MANERA.AZ
Naibə Allahverdiyeva, aktrisa olaraq xarizmatik bir qüvvəyə malikdir ki, bu da tamaşaçı diqqətindən yan keçmir. Məhz bu obrazla da aktrisa səhnədən öz mesajını tamaşaçıya layiqincə ötürməyi bacardı. Onun obrazının bir qadın olaraq xüsusi şirinliyi var... Tamaşaçı istəsə belə, obraza tam nifrət edə bilmir... Aktrisa elə məharətlə rolunu canlandırır ki, tamaşaçı düşünməyə vadar olur... Düşdüyü həyatın qurbanı olan bu qadın özü də bəzən özünə nifrət edir ki, monoloqunda bunu ifadə edir... Aktrisaya ünvanlanan alqışlar bir növ tamaşaçının ona ötürülən “darıxmışıq!” mesajı kimi səslənir. Ümid edirik ki, yubiley ərəfəsində olan aktrisa, hələ uzun müddət bu alqışların sədası altında səhnədə yaşayacaq, yaradacaq !

Digər sevilən aktyorumuz Respublikanın Xalq artisti Yasin Qarayev isə səhnəyə gəlişi ilə rəng qatdı.

Təcrübəli aktyorun hər kiçik jesti belə böyük sevgiyə səbəb oldu. Arzuluyaq ki, sevilən aktyoru tamaşalarda tez tez görək.

Tamaşada iştirak edən kişi aktyorları da ayrıca qeyd edək... Əvvəla sevilən

Aktyor, əməkdar artist Şövqi Hüseynovun səhnədəki özunəməxsus xarizması bu dəfə də bizi ovsunladı. Təcrübəli aktyorun hər çıxışı maraq doğurur desək yanılmarıq.

Aktyor Kərəm Hadızadənin oyununu çox bəyəndim... Belə ki, obrazı ilə hər dəfə tamaşaçını inandırmağa müvəffəq olan bu aktyor, obrazı ilə yenidən sevildi.

Digər aktyorlar : İlham Əsədov, Elşən Hacıbabayev, Elnur Kərimov, Nofəl Vəliyev, Anar Seyfullayev, Rəşad Səfərov, Bəhram Əliheydər, Ədalət Əbdülsəməd, Vüqar Məmmədəliyev, Ramil Məmmədov və s. obrazlarının öhdəsindən layiqincə gəldilər ki, hər birini təbrik edirik !
"Əsarəti cəsarətə çevirən qadınlar" |MANERA.AZ
Tamaşaçı qeydləri:

Təbii ki, bir çox rejissorlar tamaşaçı fikrini əsas tutmayaraq öz müəyyənləşdirdiyi yol ilə addımlayır və düşünür ki, tamaşanı teatrsevərlər lazımınca qiymətləndirəcək. Amma mənə görə teatr kütlə üçün əlçatan olmalıdır. İstər mənəvi istər maddi baxımından. Çünki sağlam gələcəyin təməlini qoymaq istəyiriksə buna fikir verməliyik.

Tamaşaya baxan tamaşaçını izləyirəm: ağlayanı da var, düşünəni də, yorulanı da...Təbii insanlıq halı...

Sonra fikirlərlə tanış oluram : əksəriyyəti çox bəyəndiyini deyir, yorulduq deyəni də var, qəti bəyənmədim deyəni də... Səhnədə aktyorların min bir məşəqqətini görüb acıyanı da...

Bu da normaldır. Baxın, tamaşa Əhməd Cavadın 130 illiyinə həsr olunub və onun hər bir azərbaycanlı üçün nə qədər dəyərli töhfə olduğunu vurğulamağa ehtiyac belə yoxdur.

Bu həm də gənc nəsil üçün çox vacib və baxılması gərək olan bir layihədir.

Tamaşada bəzi məqamlar var ki, onlara toxunmaq istəyirəm.

Məncə tamaşanın daha lakonik olması mümkün olardı.. Tamaşada səs küy, bağırtıya biraz çox yer verilib. Bunu da azca həfiflətmək olardı. Yəni baxın, teatra gələn tamaşaçı onsuz da problemlər məngənəsindən qopub gəlir və mənən, ruhən zövq almaq onun da haqqıdır. 4 saat gərgin anların tüğyan etməsini içindən keçirə keçirə şahidlik edən tamaşaçı və bu əzabları az qala realistcəsinə yaşayan, aktyorları gördükcə, bir az da gərginlik artır nəticədə insan beyni yorğunluğa məruz qalır...

Təsəvvür etsək ki, bu aktyorlar bunu ərsəyə gətirmək üçün məşqlərə canını, qanını qoyub məncə onlara ən böyük mükafat düşür...

Əlbəttə bu mənim subyektiv fikirlərimdir ki, hər bir yaradıcı insan bunları söyləməkdə azaddır.

Ümumilikdə isə bütün kollektivə rejissorundan, aktyorundan tutmuş fəhləsinə qədər hər kəsə təşəkkür edirik. Tariximizə, qürurlu Azərbaycan qadınına, işıqlı dühalara verdiyi dəyərdən dolayı!

Əsarəti cəsarətə çevirən qadınlar, ruhunuz şad olsun!!!

Təranə Feyzullayeva
"Əsarəti cəsarətə çevirən qadınlar" |MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30