manera.az
manera.az

Tanımaq istəsəz, oxuyun məni! - Nübar Eldarqızının şeirləri

Tanımaq istəsəz, oxuyun məni! - Nübar Eldarqızının şeirləri

MANERA.AZ "Bölgələrdən səslər" layihəsində Nübar Eldarqızının şeirlərini təqdim edir:

Yağacaq...

Qaçammadım, yenə düşdüm yağışa,
Çətir tutub yerisəm də yağacaq.
Dost-düşmən var, sil gözünü, - deyirsən,
Zorla, güclə kirisəm də, yağacaq...

Külək əsir, yarpaqlara toy tutur,
Uğultuya tülkü, çaqqal züy tutur.
Bir bu qədər buludu ki, göy tutur,-
Biri məndə, biri səndə yağacaq...

Heç nə itmir, hər şey şəkil dəyişir,
Torpaq belə fəsil-fəsil dəyişir,
Öldün, -bitdi!.. Üstündə il dəyişir,
Altında sən çürüsən də yağacaq!

Qələm yenə dara çəkir Nübarı,
Rəngli yox, ağ-qara çəkir Nübarı,
Arxasınca hara çəkir Nübarı?-
O buludu görürsən də...
Yağacaq!!!
15.01.22

Qoca

-Canına nə qədər maya qoyursan?
Maya quduranda can gedir, qoca!
Bir dərdi qurtarır, biri başlayır,
Bir də baxırsan ki, yan gedir qoca...

Salır zarafata atmacaları,
Pozulub ömrünün son hecaları,
Qəlbində aparır ən ucaları,
Yumağa dönsə də, -tam gedir qoca!..

Gənckən düz bilirdi, dağı, dərəni,
Getmir ayaqları, yola dirənir...
Dünən gözübağlı gördüklərini,
Görməkçün əlində şam gedir qoca.

Çoxunu tükədib, qalıb bir azı.
Daha nə üsyanı, nə etirazı,-
Nədənsə narazı, nədənsə razı
Baş əyib taleyə, ram gedir qoca.

Rezini çəkilən sapanda dönüb,
Tükü tükdən seçən o gözlər sönüb.
Kölgəsi dalınca zorla sürünür,
Korun-korun yanır, vam gedir qoca...

Qayıdır fikrində cavanlığına,
Nə günah edibsə,ver xamlığına..
Şirin xəyal qoşur yavanlığına,
Damağında duzlu tam gedir qoca...

Bu günü unudur, -dünən yadında!
Keçmişdən nə desən, denən, -yadında!
Ağlı kəsməyənlər eynən yadında:
-Oppaya gedəkmi?
"Nam"gedir qoca...
14-11-21

Qələbəyə az qalmışdı...

Fəslin adı-Müharibə!
Növü-Ədalətli!
İli-2020!
Dözmək üçün 30 il bəs deyilmi?!
-Heç kəs müharibəyə gedəndə özünü düşünmürdü...
Vuruşurdu-Vətən üçün,
Döyüşürdü, -Torpaq! -deyə...
Qalan hər şey yalan,
Hər şey-hekayə!..
O torpaqlarda neçə əsgər,
"könüllü"-özü qaldı...
Qolunu qoyub gələn,
Qıçını itirən,
Ayaqsız qalan...
Eləsi vardı,özü öldü,
Alnındakı yazı qaldı:-İgid,
Qəhrəman,
Şəhid!
Əsgər vardı, -körpə ana uşağı,
Güllə dəydi,
Qucaqladı torpağı,-
Anasını sevən kimi...
Geydi əyninə "vətəni" kəfən kimi...
Analar yatmırdı, -kabus görər deyə,
Analar yatmırdı, -namaz üstündəydi,
Yatsa-oğluna güllə dəyər, -deyə...
-Döyüş gedən yerlərdən
Quşlar düşmüşdü pərən-pərən...
Arxa cəbhədə Qələbə xəbəri gözləyirdik,
-"Ən böyük əsgər"dən!..
Bütün səsləri batırmışdı
güllə səsləri,
Mərmi vıyıltısı...
Səngərdə bir əsgər sağ əliylə ürəyini qucaqlamışdı...
-Bağışla, qoruya bilmədim səni...
-Snayper gülləsi tutmuşdu qəlbindəki qızı...
Qələbəyə az qalmışdı...
Oktyabr, 2021

Və.s.

Bir şair vardı;
Millətin dərdini ürəyində daşıyıb,
Kağıza boşaldardı...
Yediyi, içdiyi qələmdən ayrı getməzdi.
Qazancı ödəncinə yetməzdi...
Odla suyun arasında,
Dünyada gedən min türlü oyun
arasında,
Səhər, axşam,
İki öyün arasında...yazardı!
Nə adı vardı, nə titulu...
Nə arxası, nə də pulu...
-Allahın ver günündə,
Dünyaya sürgünündən,
Həsb-halından,
Həbs halından,
Şair ruhunun qəsb halından
yazırdı...
Son vaxtlar çat düşmüşdü ürəyinə,
Dərd bayıra sızırdı...
Xalqdan yazdı;
-Xalq şeir oxumurdu;
Xalqın çörəkdi dərdi!..
Xalq necəydi,
Şair də o təhərdi!
-yəni acdı...
Şaha yazdı;
-Şah şairi tanımırdı...
Şah məddahları sevərdi,
Və bir də şahınki bad-xəracdı!..
Allaha yazdı;
-Allah da insanlardan üz döndərib çəkilmişdi inzivaya.
Şairi də unutmuşdu...
Unutmasa nə olacaqdı?
-Adının qarşısında "şair" yazmışdı ya?!..
Təkcə torpaq sahib çıxdı ona...
Adı yalnız baş daşında yaşayan şairə!!!
...Bir şair vardı:
-"Böyük" şairlərdən sonra
gələrdi adı-
və sairə...
2022

Verəcəm

Mürəkkəbi qurumamış bu şe(i)ri,
Şansı yoxdu,yarımamış bu şe(i)ri,
Heç bir işə yaramamış bu şe(i)ri,
İndi cırıb küləklərə verəcəm!

-Adam bilib birin sevdim,yanıldım,
Yoldaş deyib bir sal daşa yan aldım,
Can vermədi, bu eşq məndən can aldı,
Ta sevgimi köpəklərə verəcəm!

-Gülməyim yox, məni Allah güldürsün,
Atəş açın, sinəmdə bir gül dursun!
Qoy ildırım çaxıb məni öldürsün,
-Mən odumu şimşəklərə verəcəm!

Qara-qara düşüncələr içində,
Nələr öldü, nələr, nələr içimdə!..
Yazmadığım sözlər qalar içimdə;
-Qələmimi mələklərə verəcəm!

Gedim

Bir ağrı var, dartır məni,
Dağa-daşa atır məni.
Ya yaz, -deyir,qurtar məni,
Ya da boşla çıxım gedim.

Üz tuturam bəxtə sarı,
Keçilməzmiş bəxt hasarı...
-Qoy qəlbimə yaxınları,
Ürəyimə yığım gedim.

Ləpirlərim yarpaq-yarpaq,
Məndən sonra saralacaq...
-Quraqlıq çəkməsin torpaq,
Gözlərimi sıxım gedim...

Söz bazarı

Bu gün söz bazarına getdim.
Bir tərəf qələbəlikdi.
Ucuz söz qalmamışdı;
O cümlədən, pislər belə...
Məsələn :-yaltaq", "qorxaq"...
"Binamus", "biqeyrət",
"Vicdansız" tək sözlər hamsı
alınmışdı.
Bir ucdan alıcı gəlirdi,
Hər zümrədən...
Hara getdim, -
hər yerdə növbə...
Bir söz vardı,
Almaq istəyən ən çox qocalardı:
-"Tövbə!"
"Qəddarlığ"ı alan çox,
"Nankorluğ"u alan "N" qədər!..
Bəzi sözlər vardı ki,
Tələb təklifdən çox geriydi.
"Təmənnasız", "minnətsiz"...
"Yaxşılıq"da onlardan biriydi...
Burdakı satıcıdan soruşdum:
Sizdə vəziyyət
necədi?
-Kasadlıqdı, -dedi.
-Burda ən ucuz söz "insan"
Ən baha söz,
"Azadlıq"dı...

Ölən kimi de...

Sözlərin ağzında şəkil dəyişir,
Dəyişmə, içindən gələn kimi de!
Alışıq deyilsən, utanırsansa,
Filankəs deyirdi, filan...-kimi de.

Bir qədər başına dolan, gəz sözü,
Əgər sərtsə bir az yumşalt, əz sözü,
Bəzəyib, düzəyib, o mərəz sözü,
Dərdə əlac kimi, dərman kimi de!

Mən səni bilirəm, təmizdir için,
Di gəl ki, sözlərin od-alov saçır,
Elə kəskindi ki, iynədən keçir,
Səs tonunu dəyiş, gülən kimi de.

"Can" deyənə "can"la qarşılıq versən,
Həm sən gün verərsən, həm gün görərsən,
-Qaçhaqaç olanda nə götürərsən? -
Əlində, ovcunda qalan kimi de!

Uşaq da deyilsən, durum nə deyim,
Götür-qoy edirəm, görüm nə deyim,
Keçib ta, axırda birin də deyim,
-Elə bil ölmüşəm, ölən kimi de!

Məktub yazarsan

Elə yorğun, elə halsız gedirəm,
Dönüb mənə baxır gedən adamlar.
Arasında bir doğmam yox soruşa,
-Niyə belə pis gündəsən, nəyin var?

Biri gedir, biri baxır, hamsının,
Gözlərində maraq görür gözlərim.
-Niyə belə pis gündəsən, nəyin var?
-Suallara cavab verir gözlərim...

Qəşəng, cavan, bir az da sırtıq biri,
Baxıb gülür...hələ məni anlamaz...
Boyu qədər, yaşı qədər yük çəkən
ürəyimlə nə danışsam, dinləməz...

Dağ təpədi, təpə düzdü, - bu yaşda!
Sanırsan ki, dünya səninçün dönür!
Boyun çıxır, -başın çıxmır heç nədən,
Həyat sənə çox gülməli görünür!

-Mənə baxma, -işinə bax, ay bala,
Önünü gör, birdən çaşıb azarsan.
Düz get, yolun qocalığa çıxacaq,
Gedib ordan mənə məktub yazarsan!...
May,2022

"N"qədər...

Qocadır, cavandır? -deyib durmayın,
Tanımaq istəsəz, oxuyun məni!
-Bizim nəyimiz var sözdən savayı,
Kimiksə, sözümüz qədərik, yəni...

-Şeirdə şairin yaşı bilinir,
Azca diqqət etsən boyu görünür.
Yazı, yayı, güzü, qışı bilinir,
Ruhu, xasiyyəti, huyu görünür...

Daşdan çıxarmaya çörəyin gərək,
O zərif ruhuna qələm yaraşır.
Şairlər yarışan söz meydanına
Beynilə, qəlbiylə gələn yaraşır.

Dilsizə dil olur, dilliyə dilmanc,
Sözü bayraq edir yeri gəlincə!
Sənə də, ona da, elə də çatar,
Şair "quyusunda"su var, ölüncə...

Vətən deyiləndə axar çay durur,
Sözün ən gözəli, sətrin başıdır!
Sənədin, sübutun neynirsən onun,
Dağıdır, düzüdür, - "vətən-daşıdır!"

Bir beytdə dediyi romana bədəl,
Vəhydən gələn Quran ayəsi kimi.
Yaxşı söz- sinəndən qəlbini çalır,
Cərrah tutan bıçaq tiyəsi kimi!

Yazılan yazıya pozu olarmı?
Şair demə ona, -Rəbbin mirzəsi!
Söz özü dünyanın ən böyük sehri,
Şair sözü, -onun şah möcüzəsi!

Onun yaşına yox, sözünə baxın,
O sözü yazmaqçün nə çəkib, bilin!..
"Fəsli-güldə" yağan gözünə baxın,
Vərəqlərdəki qan izini silin...

Yanır, tonqalını görənə minnət,
Soyulur, sözündən dönmür ki, şair!
Bilir ki, daş-qalaq eləyəcəklər,
Bilir güllələnmə, Sibir, sürgün var,-
Sözün zirvəsindən enmir ki, şair!

Onun mükafatı sənsən, oxucu!
Sənsən duya bilən, anlayan onu,
Ürəyi ağrısa həkimə getmir,
Bilir dərmanının sən olduğunu...

-Yaşımı öyrənmək istəmə məncə,
Yaşım şeir qədər, -tap neçə ildir?
Filankəs -əridir, filankəs-oğlu,
Belə anılırsa şair deyildir!

Mütəvazi olmaq işə yaramır,
Hər daşın altından çıxasan gərək!
"Nəzm ki, xar olub",doğru söz desən,
Gərək döyüşəsən...qələm çəkərək!

İnsana gün sayın Allahdır yazan,
Şairin ömrünü...oxucu bilər...
Nizami, Füzuli...hələ yaşayır,
Dövrün şairləri hanı?
Ölülər...

-Mən kimə yazıram, əgər olmasan,
Bu boyda dərd-səri kimlə bölüşüm?
Sən oxusan(!) məni şair edərsən,
Yoxsa ki, mən kiməm? -
Şair ölmüşü...

Öyrənmək istəmə yaşımı, aqil,
Başım çəkənlərlə yaşım "N"qədər!
Nə boyda şairəm, -atıb-tutsam da,
Böyüyəm, sən məni gördüyün qədər!
11.05.2022

Qulağım səsdədi...

Bəlkə də ölmüşəm, zalım balası,
Niyə bircə dəfə aradığın yox?
Barı bu havada bir çətir açıb
Yağışdan, doludan qoruduğun yox!..

Bu nə il, bu nə yaz, nə gündü, -gedir,
Qərarlı, qərəzli sürgündü, -gedir!
Qəlbimdə uçqun var, söküntü gedir,
Təmirə, bərpaya yaradığın yox...

Tutalım, beləcə ayrılıb getdik,
Hər kəsdən, hər şeydən yorulub getdik,
Nazilib, incəlib, qırılıb getdik,
Əl atıb yamayıb, quradığın yox!

Qulağım səsdədi, səsin də gəlmir!..
Yol gəlir...yolla bir kəsim də gəlmir.
Narahat etməyə üzüm də gəlmir,
Di gəl, üz vurmasam, soracağın yox...
May, 2023

Tale varmış...

Anam öləndən sonra
evlənmək istədi atam.
- Neyləsin yazıq adam,
7 il iflic qadını üçün
dua eləmişdi Allaha...
Cavanlardan kim eşitdi,
dedi, nahaq,
Neynir o yaşda kişi evlənməyi?
Ən çox evdəki bacım
üsyan edirdi bu qərara.
Anamın axirətliyi qonşu qadın,
Bir kəlmə demişdi ki,
Kişi arvadsız qala bilməz,-
Bacım az qalmışdı onu
evdən qovub çıxara...
Sonra...
Daha heç kəs qarışmadı...
-Anam nə qədər ki, sağdı,
Ruzidi, oddu, ocağdı,-
Evdə hər şey yolundaydı.
Yaxşı da olmasa, babatdı...
Yaşını bəhanə eləyib iş yeri
atamı işdən çıxartdı,-
Anamdan sonra...
Atam, onsuz az danışandı,
Daha da dinməz oldu,
Süstləşdi...
Arıqladı,
Səhhəti pisləşdi...
Atamızın ən ağır vaxtlarını
ən çox o bacım görmüşdü.
Danışır ki, bir dəfə həyətimizin iti
adamı tanımayıb hürmüşdü...
O zaman mən, qonşu kənddə,
"Sürgündə" yaşayırdım.
Çətin şəraitdə, dar gündə yaşayırdım...
Bir çətən külfət vardı o evdə...
Sevgidən çox nifrət vardı o evdə...
Müharibə, yoxluq, qıtlıq...
Söz-söhbətdən bezirdik...
- Nə qədər uzatsam da "iki addımlıqdan"əlim çatmırdı atam evinə...
Adam ata evinə gedəndə sevinər,
Anasız evdə sevinc nə gəzirdi?!
- Bu gün hamı siyasətdən danışır.
Sizlərdən kim bilir, -ən böyük siyasətçi fələkdi!?
- Bacım illər sonra iki uşaqlı dul kişiyə ərə gedəcəkdi...

Varmı mənə bir yoldaş?

Göylər sancı çəkir, yağış,- hazırdı başlamağa...
Tarixdə bir mağara var,
yaxşıdı qışlamağa...
Xanlar, bəylər, hanı, gedək ov edib, quş quşlamağa...
-Ağ daş, qara daş,
Varmı mənə bir yoldaş?

Yaşamaqçün səbəb gərək,-
Səbəbsiz də ölürlər...
Şərəfsiz doğulanlar
...şərəfsiz də ölürlər.
İntihar dəbə düşüb...və dəbsiz də ölürlər,
-Ağ daş, qara daş,
Varmı mənə bir yoldaş?

Bəla - düzün, kim deyir ki, zaval yoxdu doğruya?
Ağlımızı başdan alır, -dirənmirik oğruya,
İtib gedən başımızçün, -qorxuruq ki, ağrıya!
-Ağ daş, qara daş,
Varmı mənə bir yoldaş?

Torpağa toxum atırsan, canlı, diri qayıdır,
Ürəyindən mini gedir, ancaq biri qayıdır,
Hər əməlin bumeranqdır, gedir,- geri qayıdır,
Ağ daş, qara daş,
Varmı mənə bir yoldaş?!

Ada

Şax dayanıb -darıxmazsan,
- Bədənin də öz dili var.
Ürəyimi çəngələyir,
Bu darıxmağın əli var?!

Başımdan tökülür yağış
Ayaqlarım su içində...
Özümdən nəm çəkmişdilər,
Buludlar burdan keçəndə...

Nə yer tutur, nə göy məni,
Dörd yan boşluq, mən arada...
Dönüb dolanıb ağlayıb,
Ada olmuşum burada...

Sabirabad

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728