Dəyanət Osmanlının şeirlərində İman işığında Ölümə meydanoxuma
İyirminci yüzilin 90-cı illərdən üzü bəri Azərbaycan modernist və neorealist şeir aləmində Öz Sözünü demiş, tanınmış qələm ustası Dəyanət Osmanlının “Nəfəsimin qatili” kitabı Olum, Ölüm və onlar arasındakı Həyatı, Yaşam və Ölüm mücadiləsini əks etdirən bir-birindən maraqlı, dərin məzmuna malik, düşündürücü şeirlər ilə yüklənmiş bir kitabdır.
Onun çəkdiyi tablolar öz tərzi ilə seçilir, diqqəti cəlb edir, düşündürür, həm mistika, həm də natura və gerçək var.Olum (doğulmaq), həyat, yaşam tərzi, sevgi, qorxu, yuxu aləmi, son mənzil həm şairi, həm də insanları düşündürən vacib məqamlardır. Bu mövzular hamıya tanışdır, doğmadır, həm sevindirir, həm də üzür, həm pərişan edir, həm də rahatlıq verir. Bir sözlə, bir-biri ilə harmoniya yaradır ki, bu da insanın avtobioqrafiyasına dəng gəlir.
İlk öncə Kitabın adına diqqət edək: Nəfəsimin qatili
İlk baxışda sadə səslənə bilər. Hər söz ayrı-ayrılıqda özünəməxsus bir yük daşıyır.
Bu, Allahın Sözə verdiyi Önəmdən xəbər verir. Adəmi yaradan Allah ilk öncə ona Nəfəsindən üfürdü. Nəfəs müqəddəsdir və ruh anlayışı kimi yaşamı, həyatı təmsil edir). İnsan bədəni ət və sümükdən (yəni torpaq maddəsindən) ibarətdir. Bu Maddə öz-özünə hərəkət etmək, nəsə yaratmaq qabiliyyətinə malik deyil. Onu hərəkətə gətirən Yaradana məxsus Əbədi və Ölməz RUH dur.
Qatil isə Sonuc, Əzrail, fiziki Ölümü simvolizə edir.
Müşahidələri əsasında müxtəlif insan taleləri ilə rastlaşan narahat ruhlu şairin düşüncələri Allahın müqəddəs saydığı Qələmindən süzülərək müxtəlif şəkillər alır. O, özünü də yaddan çıxarmır “İlan ilinə etiraz” edir:
Bir-birinizin haqqını
sevə-sevə tapdadız,
sonra da bir-birinizə sarılıb,
qızıl qanınızı sordunuz.
Arabir məni də xatırlayıb,
lənət oxudunuz adıma.
Müəllif öz doğulduğu 1965 ilə işarət edir. Şərq təqviminə görə, həmin il İlan ilidir: Yəqin ki, hər kəs onun nə demək istədiyini başa düşdü. Şərhə ehtiyac yoxdur.
Ana isə baş tacıdır. Onun o biri dünyaya köçü belə obrazlanır:
Dilim ağrıyır deyim:
köhnə evin virandı
rəfdə salamat qalan
şəkillər və Qurandı.
Yetər “Anama son sözüm budur”:
Dünya durduqca qismət dəyişməz
Yazı pozulsa da nağıl bitməz.
İnsan doğulandan ölənə kimi Həyat adlı məsafəni anla qət edir, Hər Can Bir Ruh daşıyır. Bədən (Can) bir geyim kimi Ruhumuzu sarır.
Sən yeriyirsən və yeyirsən
acıyırsan və hirslənirsən.
Bir qədər sonra insan:
Mənim acılarımı çəkib
varliğima sevinirsən
ölümümə heyfislənib
yaşamaq istəyirsən.
- yəni yaşam qaydası ilə həyatını davam etdirirsən.
Tanış hisslərdir. Deyilmi?
Həyat öz qanunlarını bizə istəsək də, istəməsək də diqtə edir.
Bəlkə ümidin ritminə həsrət qaldığın
bir doğma səsədir,- deyir şair.
Doğma səs insana şəfqət, mehribanlıq, yaşam gücü verib rahatlıq gətirən səsdir. O doğma səsi isə ritmik çırpınan Ürək təyin edir. Eyni tezlikdə, eyni ritmdə çırpınan ürəklər isə bir-birinə doğma, tanış və dostdur.
Yuxuların əlində “əsir” qalan o:
Sərsəm oyanıb
sonra özünü sağ görüb
bir salavat çevirirsən.
-deməyə məcbur olur.
Yuxular bizim Ruh halımızdır. Yuxu kiçik ölümdür. Ruh bədəni kiçik zaman kəsiyində tərk edir və mükəlləf yerə təslim olur. Insan dərk etmədiyi, yorumlaya bilmədiyi yuxuları isə əndişə və narahatlıqla qarşılayır, bəzən ona verilən mesajları anlayır, bəzən isə müəmma içində narahat olur, salavat çevirərək iki cahan sultanı sevgili Peyğəmbərimizə Salam göndərir, hər şeyi Allaha həvalə edir. Inam və iman yaradılışın son güman yeridir.
Həyatın oyunlarına öyrəşən insan yaşamağa və yaşatmağa məcbur olduğu üçün öz yaralarını sarıb sevgi ilə həyatdan tutunmalıdır:
Kimsə varmı yer üzündə
acısını, ağrısını
yarasını sevməsin,
axır günün zəhmindən çaşmasın...
Həqiqət, gerçəklik daha üşəndirici və qorxuludur:
Gerçək görüb bayılar
xəyal susar
nə ağlım bir şey kəsər
nə də ruhum tərpənər...
Bu həqiqətdir. İnsan həqiqətə təslim olub, gerçəkliklə barışmalıdır.
Əks halda:
Yerin qulağına pıçıldayıram:
bir səfər üstündə ölməyim gəlir.
Sümüyə dirənib qından çıxıram,
bir haqsız bəlaya düşməyim gəlir.
- deyərək sanki incilklik ifadə edir.
Və yaxud:
Həyatın ləkəsini
Ölüm tək-tək təmizlər
Qan ağladar dirisini,
ölüsünü əzizlər.
Bu Həyatın başqa bir reallığı, gerçək üzüdür. Əzizini itirmiş insanlar, ölünün yaxınları və ya sağlığında onu sevənləri daha çox yanıb-yaxılır, hər yerdə onu axtarırlar.
Çətinə düşən, ağır sınağa məruz qalanda, yəni:
Zor anlarımda
Tanrıya nə ünüm
Nə əlim yetməyəndə
məcbur qalıb
imdada çağırmaq istərkən
səsim boğazımda ilişib qalar.
Bu hiss kimlərəsə tanış gəldi: İnsanın əlacsız halı, qəhərindən boğulduğu an:
Hələ heç nəyin,
heç kimin
dözülməz itkisindən
sarsılmaz könül,
sarsılıb öfkələnməz öz aqibətinə.
Həyat öz gerçəklərini bir-bir göstərir və şair üçün:
Ən betəri
ümidlərin tək-tək qırılması,
dostların ayaqları altında
xırçıltıyla əzilib
qanı havayı axıtmasıdı.
Nə olursa olsun inam:
Və hər şey yaxşı olar inamı
dar macalda gizlicə
yenidən doğular.
- Hissinə qapılan zaman, yenə də ən betəri doğulmuş inamın:
İmdada yetişmədən
hirsindən çatlayar hər gün, -lə üzləşməkdir.
Hər bir insan, bir fərd, bir şəxsiyyətdir.
Uca Yaradan hər kəsə çəkə biləcəyi yükdən artığını yükləməz.
Hər nəfs ölümü dadacaq.
Biz Röya Aləmində yaşayırıq, Ölüncə ayılacağıq.
Əsas Məsələ Ruh nəfəslə boğazdan çıxarkən Allahın: Mənim üçün nə gətirdin”,- deməsidir. Aqibətiniz xeyirli olsun.
Afət Şahid