İşıq qorxusu - Fərid Muradzadədən yeni hekayə
Ümidlə yuxu isə Siam əkizləridir-biri öləndə, o biri də yaşamır.
Y.Səmədoğlu "Qətl günü"
Onun yuxuları da ümidləri kimi ölmüşdü. Gecələr dərman atıb yatırdı ki, daş kimi düşüb yatsın, yuxu görməsin. Son illər neyro-psixoloji vəziyyəti daha da pisləşmişdi. Bəzən adi söz, adi bir hərəkət, ən çox da sayrışan işıqlı maşınlar görəndə ürəyi ağzına gəlirdi. İllah da sayrışan işıqlı maşın görəndə başı kəsilmiş toyuq kimi titrəyə-titrəyə çabalayırdı. Yorğun ayaqlarının üstündə divanə ruhunun sığındığı taqətsiz cismini sanki özününki deyilmiş kimi sürüyə-sürüyə gedirdi. Həyətə girəndə gözləri böyüdü.
Həyətdə işıqları sayrışan Təcili Tibbi Yardım maşınını görən kimi bütün vücudu əsməyə başladı. Ağlından min fikir keçdi. Kəkələməyi tutmuşdu deyə yaxınlaşıb sürücüdən hansı ünvana gəldiklərini soruşa bilmirdi. Bayaqkı yorğunluğu yoxa çıxmışdı. Hövlank özünü bloka atdı. Liftin düyməsini basdısa da gözləməyə hövsələsi çatmadı.
Ürəyi uçunurdu. Altıncı mərtəbəyə qaçaraq çıxdı. Qapını hiss etmədən zərblə döyürdü. Qapını açan anası gözləri böyümüş oğlunu görəndə içindən bir sızıltı keçsə də gülümsəməyə çalışdı. "Narahat olma. Hamı yaxşıdır. Keç içəri. Get yuyun, rahatlaş. Təcili Yardımı biz çağırmamışıq"dedi. Bu sözlərdən sonra azacıq toxtayıb divara söykəndi ,sanki çiyinlərində tab gətirə bilməyəcəyi bir yük varmış kimi ağır-ağır aşağı çökdü. İllər ötüb yaşlansa da özündəki psixoloji gərginlikdən qurtula bilmirdi.
Lap gənc yaşlarında aldığı psixoloji zədə ondan əl çəkmirdi və yəqin elə ömrünün son anına qədər də özünün əkiztayı olan, ondan qopmaq istəməyən və elə özü də ondan qopmaq istəmədiyi psixoloji zədəsi onunla bir qəbir evinə gedəcəkdi. Ondan sonrası da Allah kərimdir. Hələ ki, o tərəfdən dönüb qayıdan olmayıb…
Gecəni demək olar ki, yatmamışdı. Yuxusuz olsa da sərin duşdan sonra özünü gümrah hiss edirdi. Pərdəni çəkib pəncərəni açdı. Şıltaq yay günəşinin isti şüaları içəri "hücum " çəkdi.( pəncərə günçıxan tərəfə idi) Mətbəxə keçib anasının hazırladığı səhər yeməyindən bit-iki tikə aldıqdan sonra hazırlaşmağa başladı. Bu gün diplom müdafiəsi idi. Təkcə oxuduğu fakultədə deyil, ümumən universitetdə də xüsusi hörmət qazanmışdı. Fəzli adına layiq gənc idi. Çox yaxşı oxuyurdu.
Eyni zamanda ingilis və fransız dillərini də yaxşı bilirdi. Universitetə xarici qonaqlar gələndə rektorluq bütün tədbirlərdə xarici qonaqların yanında onu görmək istəyirdi. Ancaq bir həqiqət də vardı ki, onun paxıllığını çəkənlər də çox idi. Fəzli sözü üzə deyən adam idi. Heç kimdən və heç nədən qorxmazdı. O hər zaman həqiqət tərəfdarı olmuşdu.Öldürsən də haqqı nahaqqın ayağına verməzdi. İnadkarlığına görə hərdən ən yaxın dostları da onu qınayardılar.
Amma o heç vaxt işinin xatirinə kimisə pis vəziyyətdə qoymazdı. Mərdanəliyinə, təmkinli olmağına, qabiliyyətinə görə ona hamı hörmət edərdi. İşləri yaxşı gedirdi ta ki təzə dekan gələnə qədər. Özündən razı, pullu, orta yaşlı, gözləri oyur-oyur oynayan bu adamdan ilk baxışdan xoşu gəlməmişdi. Tədricən onu tanıdıqca haqlı olduğunu görürdü. Dekan da onu sevməzdi. Əmr verməyə, qarşısındakıları əzməyə öyrənmiş, az qala hamının ona sitayiş etməsini istəyən dekanla Fəzlinin ulduzu barışmırdı. Ziddiyyətlər gündən-günə artırdı.
Qış imtahanlarının başlanmasına az qalmışdı. Nədənsə bu il onlara yenidən "Mülki müdafiə" keçilirdi. Səbəbi məlum deyildi. Yeni gələn dekan çox "arxalı" adam idi. Hətta söz-söhbət gəzirdi ki, universitetin həlim, üzügülər, savadlı, ziyalı rektorunu tezliklə bu adam əvəzləyəcək. Deyəsən heç nə boşuna deyilmirdi. Adamın arxayınlığı, hərkətlərindəki sərbəstlik, heç kimlə hesablaşmamaq, hamını özündən asılı vəziyyətə salmaq istəməsi və.s kimi hərəkətləri deyilənlərin isbatı idi.
Onu dekanlığa çağırmışdılar. Səbəbini bilmirdi, amma çağırılmışdı. "Əlahəzrət"dekan təcili gəlməsini tələb etmişdi. İçəri keçdi. Keçmiş dekanın katibəsi yorğun görünürdü. Münasibətləri yaxşı idi. Yorğun baxışlarından onun da tezliklə bura ilə vidalaşacağı oxunurdu. Yeni dekan onu hara gəldi buyururdu. İndi də hardansa gəlirdi. -"Xeyir ola? -səni niyə çağırıb?" -Bilmirəm-deyə Fəzli cavab verdi. Yavaşca qapını taqqıldatdı. Əvvəl"gəl! "sonra isə "bir dəqiqə! " deyildi. Amma bu "bir dəqiqə " gec oldu. Çünki Fəzli qapını açmışdı. Dekanla "Mülki Müdafiə" müəlliməsi qol-boyun idilər.
Fəzliyə indi nə üçün yenidən "Mülki-müdafiə" dən imtahan verəcəkləri aydın oldu. Bu bisavad, müəllim adını daşımağa yaramayan, nazlı-qəmzəli gənc qadın heç nə yox imiş kimi əndamını yırğalaya-yırğalaya sanki acıq verirmiş kimi ağır-ağlr gəlib onun yanından ötdü. Qadının üzündə aşkar bir əda vardı. Sanki Fəzliyə -"indi gördün mən kimin adamıyam" deyirdi. Fəzli keçən həftə dərs zamanı yaxşı oxuyan tələbələrdən birini azacıq gecikdiyinə görə təhqir edən, ağzının danışığını bilməyən bu gənc, özündənrazı qadınla sözləşmişdi.
O zaman qadın -"özünə çox da güvənmə! Səni peşman edəcəyəm! Hələ kiminlə danışdığını bilmirsən"- demişdi. Hər şey aydın idi. Qadın müəllimə adı ilə universitetə gətirilmiş hansı yollasa diplom almış məşuqə idi. Ali tədris ocağında tədris yerinə eşq macərası yaşanırdı. Həm də açıq-aşkar.(dekanın kabinetindəki şərait bunu təsdiqləyirdi) Fəzlinin fikirləri itkin düşmüşdü. Beynində hər şey bir-birinə qarışmışdı.Başı ağrımağa başladı. Elə bil Fəzlini hündür bir yerdən dərin çalaya atmışdılar. Dekan ağzını açıb elektrik dəyirmanı kimi sürətlə üyüdürdü. Onun nə dediyini anlamırdı daha doğrusu Fəzli onu dinləmirdi.
Dekanlıqdan çıxanda ala gözləri həyəcandan böyüyən, incə, yaraşıqlı vücudu, albalı dodaqları həyəcandan titrəyən Xatirəni gördü. Qızın ağ bənizi bir az da ağarmışdı. Gözlərini Fəzliyə dikib məlul-məlul baxırdı. Onun bu halından Fəzli çox narahat oldu. Çünki Xatirə narahat olanda səhhəti pisləşirdi. Onlar bir il idi ki bir-birini dəlicəsinə sevirdilər. Əvvəl Xatirə Fəzlidən(o ümumiyətlə bütün oğlanlardan qaçırdı) qaçır, onun məhəbbətinə biganə yanaşırdı. Fəzli iki ilə yaxın onun hər hərəkətini gizli və aşkar qarabaqara izləmişdi.
Qızın könül verdiyi bir kimsənin olmadığından əmin olduqdan sonra ona məhəbbəti daha da artmışdı. Əzəldən Fəzlini niyyəti saf idi. Əslində Xatirə də elə ilk görüşdən onu bəyənmişdi. Ucaboy, qədd-qamətli, zövqlə geyinən, yaxşı oxuyan, savadlı, səlis nitq qabiliyyəti ilə demək olar ki, hər kəsdən seçilən, gəncliyinin ən gözəl çağlarını yaşayan, qızların sevimlisi olan Fəzli qızın ürəyini çoxdan ovsunlamışdı. Amma Xatirə onu xəyal qırıqlığına uğratmaq, könül dağı ilə imtahan etmək istəmirdi.
İnsanlar üzdən bəzən xoşbəxt, məsum, dərdsiz-qəmsiz görünsələr də əslində hərənin bir dərdi, hərənin bir imtahanı vardı bu gidi dünyada. Xatirənin də bir dərdi vardı. Illərdir ki, o epilepsiya xəstəliyinə tutulmuşdu. Ailəsi və həkimlər onun oxumasına qarşı çıxsalar da o inadla ali təhsil alacağını bəyan etmişdi. Zehni yorğunluq və həyəcan onun səhhətinə pis təsir edirdi. Xatirənin ən böyük arzusu idi pedoqoq olmaq. Hələ uşaq yaşlarından sevimli müəlliməsi Nazilə müəlliməni özünün idealı bilmiş və hər zaman onun kimi peşəkar, işini sevən, öyrətməkdən yorulmayan bir müəllimə olmağın xəyallarını qurmuşdu.
15 yaşına kimi hər şey əla idi. Amma günlərin birində hardan və necə gəldiyi bəlli olmayan bu xəstəlik onu haqladı. Uzunmüddətli müalicə də normal effekt vermədi, amma Xatirə hər şeyə rəğmən təhsildən qalmadı. Xəstəlikdən sonrakı yorğunluq, süstlük, dili qatlanandan sonrakı can qorxusu belə onu peşə və təhsil sevgisindən ayrı sala bilmədi. İndi onun şəfaya, mərhəmətə, diqqətə möhtac xəstə ürəyinə sevda odu da düşmüşdü və o bu adamı yandıran, haldan-hala salan, gah güldürən, gah ağladan, acıları, iztirabı belə şirin olan bir oda qalanmışdı. Xatirə həyatında heç kəsi sevməmişdi(onun belə macaralara vaxtı da olmamışdı) amma indi Xatirə bütün varlığıyla sevirdi, lakin bu sevgini dilinə gətirə, bu sevgini biruzə verə bilmirdi. Bacardıqca özünü laqeyd göstərməyə çalışırdı.
O canından artıq sevdiyi Fəzliyə müsibət yaşatmaq istəmirdi, amma həqiqi sevgi qarşısıalınmaz bir hissdir. Nə qədər buxovlasan da mütləq üzə çıxacaq.O, Fəzliyə aralarında sevgi münasibətlərinin imkansızlığından danışsa da təklikdə bu hissdən, qəlbində cücərən sevgi tumlarından olduqca məmnun idi. Artıq onu görməyəndə ,səsini eşitməyəndə olduqca narahat olurdu. Xatirə könül qapısını qəfil döyən sevgiyə yenilmişdi. Fəzlinin inadkarlığı, hisslərinin saf olması onu təslim bayrağı qaldırmağa vadar etdi. Artıq hər kəs onların saf məhəbbətlərini bilirdi. Beləcə onların film kimi rəngarəng sevgi dolu , qayğı dolu günləri başladı. Xarirə Fəzlinin yanında olanda özünü çox xoşbəxt hiss edirdi. Təklikdə isə…
Azca yubanmışdı. Xatirə üçün təzə-tər qızılgül buketi sifariş etmişdi.Çünki bu gün onun Xatirəsi də diplom müdafiəsində idi. O qədər gözəl xəyallar qurmuşdular ki! Ürəyi uçunurdu. Həm sevincli idi, həm də ürəyinə təlaş dolmuşdu. Nədənsə tez Xatirəni görmək istəyirdi və bu həyəcanlı, təlaşlı istək səhrada qum fırtınası kimi qəfil başlayıb onun bütün ürəyini dağıdırdı.
Universitetin qarşısında böyük bir izdiham yaranmışdı. Təcili Yardım maşınlarının işıqları yanıb sönürdü. Ağlayan tələbə qızlar ona tanış gəldi. Aman Allah! Bu ki, Xatirənin tələbə yoldaşı Firəngizdir! Ona nə olub? Bəs Xatirə hanı? İrəli yüyürdü. Ürəyi sürətlə döyünürdü. Firəngizin ağlamaqdan şişib nəlbəki boyda olan gözlərinə baxanda dünya başına fırlandı. Qız Fəzlinin Xətrini çox istəyirdi. Firəngizin nitqi də tutulmuşdu. Danışa bilmirdi.
Gözlərini Fəzlidən yayındırıdı. Xatirənin bütün tələbə yoldaşları ağlayırdı. Kimdən Xatirəni soruşurdu, cavab verə bilmirdilər. "Mülki Müdafiə"müəlliməsi əlləri qoynunda qorxaq bir görkəmdə küncə qısılmışdı. Titrəyirdi. Bayaqdan ağzını bıçaq açmayan Firəngiz onu görən kimi qəfil bağırmağa başladı"Ay bisavad! Bizə ağıl öyrətməyə çalışan qanmaz! Sən ona ilkin yardım göstərə bilərdin. Onu yersiz suallarla həyəcanlandırıb sən öldürdün! Qatil!!!
Uşaqlar birtəhər Firəngizi oradan uzaqlaşdırdılar. Xərəkdə uzanıb əbədi yuxuya gedən Xatirənin cansız bədənini görəndə hər şey aydın oldu.
Epilepsiya xəstəsi olan qız sonuncu imtahanını verib dünyadan köçmüşdü. Xatirə Fəzlinin unuda bilməyəcəyi, ruhuna qədər hopmuş əbədi xatirəyə çevrilmişdi. Qızın həyəcandan dili qatlananda imtahan götürən dekanın məşuqəsi olan müəllimə savadsızlığı , bacarıqsızlığı ucbatından qıza ilkin tibbi yardım göstərə bilməmiş, həyəcandan kənarda dayanıb baxmış və təcrübəsiz gənclərin müdaxilə edə bilməməsi nəticəsində Xatirə ölmüşdü. O gündən Fəzlinin psixoloji problemləri yaranmış, uzun müddət müalicə almış və ailə qurmamışdı.
Onun üçün sadəcə Xatirə vardı və o bu dünyada öz yanında başqa bir qadın təsəvvür edə bilmirdi. 22 il idi ki, Fəzli sayrışan işıqlı Təcili Tibbi Yardım maşını görəndə o müdhiş günlərdə keçirdiyi sarsıntıya bənzər sarsıntı keçirirdi. Sayrışan işıqlar Fəzlinin ürəyinə həmişə ölüm sayrışan işıq kimi gəlirdi. İşıq nurdur, amma sayrışan işıqlar Fəzlinin qəlbinə, ruhuna qaranlıq gətirirdi.
Hamamdan çıxandan sonra öz otağına keçib qapını bağladı. Yuxusu gəlirdi. Elə yatmaq istəyirdi. Ən qəribəsi də bu idi ki, Fəzli yuxu görmək istəyirdi. Yuxu basmış gözlərini dolandırıb ətrafına diqqətlə baxmağa başladı. Xatirə onu çağırırdı.
Ürəyində ümid qığılcımı baş qaldırmışdı. Sanki həqiqətən yatsa Xatirəni görəcəkdi və buna o qədər inanırdı ki, komodun üstündən tərtəmiz silinmiş, par-par yanan Xatirənin böyüdülüb səliqəli çərçivəyə salınmış şəklini götürüb qucaqladı və yerinə uzandı. Gözlərinə qaranlıq çökməyə başladı. Zülmət qaranlıqda yenə sayrışan işıqlı maşınlar vardı, amma bu dəfə o sayrışan işıqlardan qorxmurdu.
24.04.2022